Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əz-Zümər Surəsinin Ayələrinə Qayıt →
Əz-Zümər Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Zumǝr surəsi, 1-3-cü ayələr.

Zumǝr surəsi, 1-3-cü ayələr.



بسماللهالرَّحْمنِالرَّحِيمِ


تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ .١


إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَهُ الدِّينَ .٢


أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Bu, yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindən nazil edilmiş bir kitabdır.

2\. Biz kitabı sənə haqq olaraq nazil etmişik. Elə isə, Allaha ibadət et və dinini Onun üçün xalis et!

3\. Bilin, xalis din Allaha məxsusdur. Allahdan qeyrisini özlərinə rəhbər seçənlər: "Biz onlara ancaq bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik” – (deyirlər.) Allah Qiyamət günü onların ixtilafda olduqları şey barəsində hökm verəcəkdir. Allah yalançı və kafiri doğru yola yönəltməz.

Ayələrin təfsiri.



Dinini hər növ şirkdən xalis et!

Bu surənin ilk iki ayəsi Quranın nazil olmasına həsr edilmişdir. Birinci ayədə Quranın Allah tərəfindən nazil olduğu bildirilir. İkinci ayədə isə onun ehtiva etdiyi məzmuna işarə edilir. İlk olaraq belə buyurulur: "Bu, yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindən nazil edilmiş bir kitabdır”.

(تَنزِيلُالْكِتَابِمِنَاللَّهِالْعَزِيزِالْحَكِيمِ)


Hər bir kitabı onu nazil edən və ya müəllifi ilə tanımaq lazımdır. Bu əzəmətli və səmavi kitabın tükənməz qüdrəti qarşısında heç nəyin çətin olmadığı və heç nəyin Onun elmindən gizli qalmadığı Allah tərəfindən nazil olduğunu bildikdə onun məzmununun nə qədər önəmli olduğunu başa düşürük. Əlavə şərhə ehtiyac duymadan bu ilahi kitabın hikmətlə dolu, içindəkilərin nur, hidayət mənbəyi və haqq olduğunu anlayırıq.

Yeri gəlmişkən, surələrin başlanğıcındakı belə ifadələr möminlərə bu həqiqəti aşılayır ki, bu sözlər Həzrət Peyğəmbərin (s) deyil, Allah- taalanın kəlamıdır. Hərçənd Peyğəmbərin (s) də kəlamı olduqca qiymətlidir.

Növbəti ayədə bu səmavi kitabın ehtiva etdiyi məzmuna toxunularaq buyurulur: “Biz kitabı sənə haqq olaraq nazil etmişik”. Quranda haqdan başqa heç nə görməzsən. Buna görə də haqq axtarışında olanlar məhz onun ardınca gedərək haqqı axtarıb taparlar.

Quranı nazil etməkdə məqsəd insanlara xalis dini təqdim etmək olduğu üçün ayənin davamında belə buyurulur: "Elə isə, Allaha ibadət et və dinini Onun üçün xalis et!”.

“فاعبد اللهَ مُخلصًا لَّهُ الدِّين”

Çox güman ki burada “din” dedikdə “Allaha ibadət” nəzərdə tutulmuşdur. Çünki ayədə “elə isə, Allaha ibadət et" deyilir. Bu nöqteyi-nəzərdən yanaşdıqda “dinini Onun üçün xalis et" cümləsi “Allaha heç bir şərik qoşmadan, riyakarlığa yol vermədən ibadət etmək” mənasında başa düşülür. Bunu nəzərə aldıqda “din” sözü daha geniş bir məfhum olub, həm ibadət, həm digər əməllər, həm də inancları ehtiva edir. Başqa sözlə desək, din insanın maddi-mənəvi həyatını əhatə edir. Allahın həqiqi bəndələri bütün işlərini Ona xatir xalis etməli, qəlbində, əməlində, sözündə Ondan qeyrisinə yer verməməlidirlər. Yalnız Onu düşünməli, yalnız Ona xatir dostluq etməli, hər hansı bir əməli yalnız Ona xatir etməlidirlər. Dinin xalis olması məhz bu deməkdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda ayənin məzmununu Allahın təkliyinə şəhadət verməklə ("La ilahə illəllah” deməklə) məhdudlaşdırmaq, yaxud ayədə yalnız ibadətin nəzərdə tutulduğunu deməyə lüzum qalmır. Əslində, bunun heç aşkar bir dəlili də yoxdur.

Daha sonra bir daha ixlas məsələsinə təkid olunaraq buyurulur:

(للهالدِّينُالْخَالص)

"Bilin, xalis din Allaha məxsusdur“

Bu cümlə iki mənanı çatdırır. Biri odur ki, Allah yalnız xalis dini qəbul edir. Onun əmrlərinə qeyd-şərtsiz tabe olmaq lazımdır. Heç bir şirk və riyakarlığa yol verilməməlidir. İkincisi isə odur ki, xalis din yalnız Allahın göndərdiyi dindir. Ondan qeyriləri insan beyninin məhsulu sayıldığından xəta və yanlışlarla qarışıqdır. Lakin surənin ilk ayəsində deyilənləri nəzərə aldıqda birinci məna daha məqsədəuyğun görünür. Çünki birinci mənaya əsasən, ixlasın obyekti insanlardır. Ayədə də söhbət insanların ixlaslı olmasından gedir. Həzrət Peyğəmbərdən (s) nəql edilmiş aşağıdakı hədis də dediyimizi sübut edir: "Bir kişi Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir:

"Ya Rəsuləllah, camaat arasında adımız qalsın deyə, mal-dövlətimizdən başqalarına da bağışlayırıq. Buna görə bizə savab yazılırmı?” Peyğəmbər (s) cavab verdi ki, xeyr. Həmin kişi soruşur: “Ya Rəsuləllah, bəzi vaxtlar həm Allah rizası üçün, həm də camaatın arasında adımız qalsın deyə, mal-dövlətimizdən başqalarına bağışlayırıq. Buna görə bizə savab yazılırmı?” Həzrət Peyğəmbər (s) buyurdu: “Allah-taala yalnız Ona xatir görülən işi qəbul edir". O Həzrət (ə) bunu deyib "bilin, xalis din Allaha məxsusdur" ayəsini oxudu".

Bu ayə, əslində, əvvəlki ayədə deyilən fikrin dəlilidir. Əvvəlki ayədə buyurulurdu ki, Allaha ibadət et və dinini Onun üçün xalis et! Bu ayədə isə bildirilir ki, Allah yalnız xalis əməli qəbul edir.

Quran və hədislərdə ixlas məsələsinə həddən artıq təkid edilmiş- dir. Xüsusilə də sözügedən ayənin diqqəti cəlb etməkdən ötrü işlədilən (ǝla) ǝdatı ilə başlaması da bu məsələnin əhəmiyyətindən xəbər verir.

Ayənin davamında ixlas yolunu tərk edib şirk azğınlığına düşmüş müşriklərin məntiqinin puç olmasına işarə edilərək buyurulur: "Allahdan qeyrisini özlərinə rəhbər seçənlər: "Biz onlara ancaq bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik” – (deyirlər.) Allah Qiyamət günü onların ixtilafda olduqları şey barəsində hökm verəcəkdir”.

Bu cümlə müşriklər üçün bir təhdiddir. Bildirilir ki, bütün mübahisəli məsələlərə son qoyulacaq Qiyamət günü Allah-taala müşriklərin arasında hökm verməklə onları həm öz əməllərinin cəzasına çatdıracaq, həm də onları hamının qarşısında rüsvay edəcək. Burada bütpərəstlərin məntiqi açıq şəkildə bəyan edilmişdir.

Bəzi tədqiqatçıların fikrincə, insanın bütpərəstliyə yönəlməsinin əsas amillərindən biri odur ki, bəziləri ağıl və düşüncənin Allah-taalanı dərk etməkdən aciz olduğunu, buna görə də Ona bilavasitə ibadət etməyin düzgün olmadığını düşünürdülər. Bu səbəbdən onlar öz düşüncələrinə əsaslanaraq dünya işlərinin Allah tərəfindən öhdəsinə buraxıldığı varlıqlara ibadət etməyi məqsədəuyğun hesab edib, onları özləri ilə Allahın arasında vasitəçi qərar verirdilər. Onlar Allaha yaxınlaşdır- maq məqsədilə həmin varlıqları "tanrılar" olaraq qəbul edirdilər. Bu insanların tapındığı tanrılar mələklər, cinlər, bir sözlə, dünyanın müqəddəs varlıqları idi. Lakin həmin müqəddəs varlıqlara da əlləri çatmadığına görə simvolik olaraq onları xatırladan bütlər, heykəllər düzəldib onlara sitayiş edirdilər. Bütlərlə onların xatırlatdığı müqəddəs varlıqlar arasında bir bağlılıq olduğunu əsas gətirərək bütləri də tanrılar adlandırırdılar. Beləliklə, onların fikrincə, tanrılar aləmlərin Rəbbi tərəfindən yaradılmış, lakin Ona yaxın olan və Onun əmri ilə dünya işlərini idarə edən varlıqlar, Allah isə tanrılar tanrısı, yəni aləmlərin Rəbbi idi. Təbii ki, bütpərəstlərdən çox az adam dünyanın bütlər və ya onların simvolizə etdiyi müqəddəs varlıqlar - mələklər və s. tərəfindən yaradıldığını düşünürdü.' (Qalanları dünyanın Allah tərəfindən yara- dıldığını çox yaxşı bilirdi.)

Bütpərəstliyə yönəlmənin digər səbəbləri də vardır. O cümlədən peyğəmbərlərə və övliyalara ifrat dərəcədə ehtiram bəzi hallarda onunla nəticələnirdi ki, ardıcılları onların ölümündən sonra heykəllərini düzəldib onlara ehtiram edirdilər. Zaman keçdikcə həmin heykəllər "müstəqilləşir", ehtiram isə ibadətə çevrilirdi. Məhz bu səbəbdən İslam dinində heykəltəraşlıq qəti şəkildə qadağan edilmişdir.

Tarixdə o da qeyd edilmişdir ki, ərəblər Məkkəyə, xüsusilə də Kəbəyə olan həddən artıq sevgi və ehtiram üzündən bəzi vaxtlar digər yerlərə gedərkən oranın daşından bir parça götürüb özləri ilə apararmışlar. Tədricən bu ehtiram da ibadətin bir formasına çevrilmişdir. Bu ehtimalların Əmr ibn Ləhiyy adlı bir ərəbin Məkkəyə büt gətirməsi fikri ilə heç bir ziddiyyəti yoxdur. Adıçəkilən şəxs Şama səfəri zamanı bütpərəstliyi orada görmüş və özü ilə bir büt götürüb Hicaz ərazisinə gətirmişdir. Hicazda bütpərəstlik məhz o vaxtdan başlamışdır.

Hər halda, yuxarıda qeyd etdiklərimiz bütpərəstliyin yayılma amilləri sayılır və şamlıların da bütə ibadət etməsi həmin amillərdən biri ilə bağlı olmuşdur. İstənilən halda bunlar bütpərəstlərin əsassız düşüncələri olub insanları allahıtanıma yolundan uzaqlaşdırmışdır. Quran insanın Allah-taala ilə arada heç bir vasitə olmadan ünsiyyət qura biləcəyini, Onunla danışmasının, ehtiyaclarını Ondan istəməsinin və tövbə diləməsinin mümkünlüyünü xüsusi şəkildə vurğulayır. Bütün bunlar məhz Allahın ixtiyarında olan işlərdir. “Fatihə” surəsi də bu həqiqəti bəyan edir. Bəndələr gündəlik namazlarda həmin surəni oxumaqla öz Allahı ilə ünsiyyət qurur, arada heç bir vasitə olmadan bütün diləklərini Ondan istəyirlər. İslam dinində tövbə və hədislərdə nəql edilmiş dualar da göstərir ki, Allah-taala ilə bəndə arasında heç bir vasitǝyǝ ehtiyac yoxdur. Tövhidin mahiyyəti də elə budur. Hətta şəfaət və övliyalara təvəssül etmək də Allahın izni ilə mümkündür ki, bu da bir daha tövhidə təkiddir.

Təbii ki, Allah-taala ilə bəndə arasında mütləq belə bir əlaqə olmalıdır. Çünki O, bizə özümüzdən daha yaxındır. Necə ki Qurani- Kərimdə buyurulur:

"Biz ona şah damarından da yaxınıq".

ونَحْنُأَقْرَبُإِلَيْهِمِنْحَبْلِالْوَريد


وَاعْلَمُواأَنَّاللَّهَيَحُولُبَيْنَالْمَرْءِوَقَلْبه


Başqa bir ayədə isə belə deyilir:

"Bilin ki, Allah insanla onun qəlbi arasına girər".

Nə biz Ondan uzağıq, nə də O, bizə uzaqdır ki, arada vasitəyə ehtiyac duyulsun. O, bizə hamıdan yaxındır, hər yerdə var, hətta qəlbimizin içindədir. Buna görə də istər mələklər və cinlər, istərsə də daşdan, taxtadan yonulmuş bütlər olsun, onlara ibadət etmək əsassız bir əməldir. Üstəlik, onlara ibadət etmək Allahın nemətlərinə qarşı nankorluq deməkdir. Çünki ibadətə belə cansız və ya ehtiyac içində olan varlıqlar deyil, bütün nemətləri verən varlıq layiqdir. Buna görə də sözügedən ayənin sonunda buyurulur: "Allah yalançı və kafiri doğru yola yönəltməz”.

إِنَّاللَّهَلَايَهْدِيمَنْهُوَكَاذِبٌكَفَّارٌ


Allah yalançı va kafir olan insanları nə bu dünyada doğru yola, nə də axirətdə Cənnət yoluna yönəldər. Çünki hidayət qapılarının bağlanması üçün onlar özləri şərait yaratmışlar. Allah-taala hidayət üçün o yerdə zəmin hazırlayır ki, insan onu qəbul etməyə layiq və hazır olsun. Allah-taala şüurlu şəkildə hidayət qapılarını üzünə bağlamış qəlblərdə belə bir zəmin yaratmaz.

İncəliklər:



Quranın tədrici şəkildə və birdəfəyə nazil olması.

Bu surənin ilk ayəsində (kitabın nazil olunması) ifadəsi işlədilmiş, ikinci ayəsində (Biz kitabı sənə haqq olaraq nazil etdik) deyə buyurulmuşdur. Diqqət yetirdiyiniz kimi, hər iki ayədə "nazil olmaq" mənası nəzərdə tutulsa da, birinci ayədə bu, (tənzil), ikinci ayədə isə (inzal) (qeyd edək ki, (ənzəlna) feili də məhz (inzal) məsdərindən düzəlmişdir) ifadəsi ilə verilmişdir. Görəsən, ayələrdəki bu ifadə fərqi nədən irəli gəlir? Lüğət kitablarından belə məlum olur ki, (tənzil) sözü tədricən nazil olmağa deyilir. (inzal) sözü isə daha geniş mənaya şamil olunub, həm tədrici nazilolmanı, həm də birdəfəlik nazilolmanı ehtiva edir. Bəzi leksikoqraflar isə bu iki sözü bir-birinin antonimi hesab edərək bildirmişlər ki, (tənzil) sözü tədrici şəkildə, (inzal) sözü isə birdəfəyə nazil olmağa deyilir.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, bu iki fərqli ifadə Quranın iki cür nazil olması ilə əlaqədardır. Belə ki Quran bir dəfə Qədr gecəsində bütünlüklə, yəni birdəfəyə Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmuşdur. Necə ki bu barədə Quranda buyurulur:

إِنَّاأَنزَلْنَاهُفِيلَيْلَةِالْقَدْرِ


“Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!”

Başqa bir ayədə oxuyuruq:

إِنَّاأَنزَلْنَاهُفِيلَيْلَةٍمُّبَارَكَة


“Biz onu (Quranı) bərəkətli bir gecədə nazil etdik”.“

Həmçinin buyurulur:

شَهْرُرَمَضَانَالَّذِيأُنزِلَفِيهِالْقُرْآنُ


"Quranın nazil edildiyi Ramazan ayı...”.

Diqqət yetirdiyiniz kimi, hər üç ayədə (inzal) məsdərindən düzəlmiş (ənzəlnahu) və (unzilə) feilləri işlədilmişdir.

Quranın digər nazil olması isə tədrici şəkildə, yəni iyirmi üç il ərzində baş vermişdir. Həzrət Muhəmmədin (s) iyirmi üç illik peyğəmbərliyi dövründə bu və digər hadisə ilə əlaqədar müxtəlif ayə və surələr nazil olmuş, müsəlmanlar mərhələ-mərhələ, tədrici şəkildə mənəvi dəyərlərə doğru istiqamətləndirilmişdir. Bu barədə “İsra” surəsinin 106-cı ayəsində belə buyurulmuşdur:

وَقُرْآناًفَرَقْنَاهُلِتَقْرَأَهُعَلَىالنَّاسِعَلَىمُكْثٍوَنَزَّلْنَاهُتَتِرِيلاً


"İnsanlara hissə-hissə oxuyasan deyə, ayələrini bir-birindən ayırdığımız Quranı tədriclə nazil etdik”.

Maraqlı burasıdır ki, ayələrdən birində hər iki ifadə birlikdə işlədilmişdir. Belə ki “Muhəmməd” surəsinin 20-ci ayəsində buyurulur:

وَيَقُولُالَّذِينَآمَنُوالَوْلَانُزِّلَتْسُورَةٌفَإِذَاأُنزِلَتْسُورَةٌمُّحْكَمَةٌوَذُكِرَفِيهَاالْقِتَالُ


رأَيْتَالَّذِينَفِيقُلُوبِهِممَّرَضٌيَنظُرُونَإِلَيْكَنَظَرَالْمَغْشِيِّعَلَيْهِمِنَالْمَوْتِ


"Möminlər: “Nə üçün (cihada dair) bir surə nazil olmur?!" deyirlər. Ancaq döyüşdən bəhs edən açıq-aydın bir surə nazil olan kimi qəlbində xəstəlik olan münafiqlərin sənə ölüm ayağında olan adam kimi baxdığını görərsən”.

Bu ayədən belə başa düşülür ki, möminlər hər hansı bir surədən yaxşı xəbərdar olsunlar deyə, sanki onun tədricən nazil olmasını istəmişlər. Lakin müxtəlif məsələləri, məsələn, cihadı özündə ehtiva edən bir surənin tədrici şəkildə nazil olmasından sui-istifadə edən qəlbində xəstəlik olan münafiqlər surənin birdəfəyə nazil olmasını istəmişlər.

Bu iki ifadə arasındakı fərq barədə bunları demək kifayətdir. Lakin yuxarıdakı təfsirin istisna yerləri də vardır. O cümlədən “Furqan” surəsinin 32-ci ayəsində buyurulur:

وَقَالَالَّذِينَكَفَرُوالَوْلَانُزِّلَعَلَيْهِالْقُرْآنُجُمْلَةٌوَاحِدَةًكَذَلِكَلِنُثَبِّتَبِهِفُؤَادَكَ


وَرَتَّلْنَاهُتَرْتِيلًا


"Kafirlər dedilər: “Nə üçün Quran ona birdəfəyə nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün sənə tədricən oxuduq". Həm tədrici, həm də birdəfəyə nazilolmanın hər birinin özünəməxsus təsir və faydaları vardır ki, öz yerində buna işarə edilmişdir.