Ən-Nisa Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Nisa surəsi, 1-ci ayə
Nisa surəsi, 1-ci ayə
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا .١
Ayənin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də dünyaya çoxlu sayda kişi və qadınlar gətirən Rəbbinizdən qorxun! Allahın adını çəkərək bir-birinizdən nəsə istəyəndə Allahdan qorxun, habelə qohumluq əlaqələrini kəsməkdən çəkinin! Çünki Allah üzərinizdə gözətçidir!
Ayənin təfsiri.
Parçalanma ilə mübarizə.
Surədə danışılan mövzulara bütün bəşər övladının ehtiyacı olduğu üçün ilk ayədə hər bir insana fərd olaraq xitab edilir. Daha sonra isə müqəddimə olaraq ictimai-mənəvi islahatların həyata keçməsi üçün zəruri sayılan təqva və pəhrizkarlıq mövzusu önə çəkilərək, insanlar ilahi təqvaya dəvət olunurlar. Həmçinin qarşılıqlı hüquqların bərpa olunması, ədalətli irs bölgüsünün aparılması, yetimlərin himayə olunması, ailə hüquqlarına riayət edilməsi və bu kimi bəşəriyyətin nicatına xidmət edən mövzuların praktiki olaraq həyata keçməsi yalnız ilahi təqvaya istinad etməklə mümkündür. Yəni ilahi təqva və mənəvi pəhrizkarlıq olmadan bu kimi ülvi işlərdə müvəffəqiyyət qazanmaq olmaz. Odur ki, surədə yuxarıda qeyd etdiyimiz hüquqi və insani mövzulardan daha çox danışıldığı üçün ayə ilahi təqvaya dəvətlə başlamışdır. İlk olaraq buyurur:
Ey insanlar! Rəbbinizdən qorxun!
Daha sonra isə insanın bütün əməllərinə nəzarət edən Allahı tanıtmaq üçün, Onun bəşəriyyətin ictimai vəhdətinin əsası olan sifətlərindən birinə işarə edərək buyurur: "Hansı ki O sizi tək bir şəxsdən xəlq etmişdir”.
Odur ki, bu gün ilahi qanunlara əsaslanmayan, bəşəriyyətin düçar olduğu təkəbbürə və yersiz qürurun əsas səbəbi sayılan hər növ irqi, milli və coğrafi ayrı-seçkiliklərə İslam dinində yer yoxdur. Müqəddəs İslam dini istər şəhər və kənd, istər dil, istərsə də milliyyət baxımından bütün öyünmələri rədd edərək bu kimi halları yolverilməz sayır. Çünki ayədə də deyildiyi kimi hər kəsin yaradılışı vahid ailəyə, bir ata və anaya, yəni Adəm və Həvvaya qayıdır.
Əgər Peyğəmbər (s) dönəminin sırf qəbilə quruluşu olmasını nəzərə alsaq, mövzunun ciddiyyətini və o zaman üçün nə qədər əhəmiyyət kəsb etdiyini diqqət mərkəzində saxlayarıq. Quranın qəbilə təəssüb- keşliyini rədd etməsinə digər ayələrdə də rast gəlirik. Yeri gəldikcə, o ayələr barəsində də danışacağıq.
Amma qayıdaq ayədəki "nəfsin vahidəh” ifadəsindən məqsədin nə olmasının izahına. Ayədəki "vahid nəfs" kəlməsi bir nəfərə aiddir, yoxsa bir cinsə (yəni kişi cinsinə mənsub bütün insanlara)?
Ayədəki "vahid nəfs" sözünün bugünkü insanların atası sayılan və Quranın bizə Adəm (ə) kimi təqdim etdiyi şəxsi nəzərdə tutduğuna şəkkimiz yoxdur. Həmçinin Quranın bəzi yerlərində insana “bəni- Adəm" deyilməsi bu mənanı özündə əks etdirir. Amma bu ayədəki “vəhdət” sözündən məqsədin yalnız kişi cinsinə aid olmadığı aydınlaşır. Çünki ayənin davamından oxuyuruq: “Ondan zövcəsini yaradan...”
( وَخَلَقَمِنْهَازَوْجَهَا)
Bəzi təfsirçilər bu ayəni Həvvanın Adəmin bədənindən yaradılması kimi təfsir edirlər. Hətta bu barədə etibarlı sayılmayan hədislər də var.
O cümlədən, bəzi saxta hədislərdə “Həvvanın Adəmin iki sol qabırğasından yaranması" da qeyd olunmuşdur. Tövratda ikinci fəsil, Yaradılış bölümündə bu mövzuya birbaşa işarə olunmuşdur. Amma Quranın digər ayələrinə istinad etdikdə bütün suallara cavab tapılır və şübhələr aradan qaldırılır. Ayədən əsas məqsəd Adəmin yoldaşının onun öz cinsindən olması, yəni digər yaradılışların deyil, məhz insan cinsindən olmasını çatdırmaqdır.
Rum surəsinin 21-ci ayəsindən oxuyuruq:
"Sizin üçün yanlarında rahatlıq tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun nişanələrindəndir".
Həmçinin "Nəhl" surəsinin 72-ci ayəsində də bu mövzuya işarə edərək deyir:
"Allah sizin üçün öz cinsinizdən zövcələr yaratdı”.
abi Yuxarıda qeyd etdiyimiz ayələrdə əsas məqsədin “sizin qadınlarınız sizin cinsinizdəndir" olması aydındır. Həmçinin ayə qadınların kişilərin əzasından deyil, cinsindən olmasını çatdırır.
Əyyaşinin təfsirində İmam Baqirdən (ə) nəql olunan hədisdə bu məsələ şiddətlə qınanaraq Həvvanın Adəmin (ə) qabırğasından yaranması təkzib olunmuş və onun Adəmin artıq qalan torpağından yaradıldğı buyurulmuşdur.
Növbəti cümlədə buyurulur: “Allah-taala onlardan (Adəm və Həvvadan) çox sayda kişi və qadın yaratdı”.
Bu ayədən yer üzündəki nəslin məhz Adəm və Həvvanın vasitəsi ilə olması və üçüncü şəxsin dəxalətinin olmaması başa düşülür və nəsil artımının ilk səbəbi aydınlaşır. Daha sonra sağlam cəmiyyətin əsas özülünü təşkil edən təqva məsələləri önə çəkilərək insanlar yenidən təqvalı və pəhrizkarlığa dəvət edilərək buyurulur: “Allahın adını çəkərək bir-birinizdən nə isə istəyəndə Allahdan qorxun".
Ayə daha sonra ictimai vəhdətin qorunub saxlanmasında mühüm amillərdən olan qohumluq əlaqəsinə diqqət yönəldərək buyurur: “Allahdan qorxun, habelə qohumluq əlaqələrini kəsməkdən çəkinin!”
Diqqəti özünə cəlb edən məsələlərdən biri də budur ki, ayədəki “وَالأَرْحَام” sözü “Allah” sözünə əlavə olunmuşdur. Əgər ərəb dili qrammatikasına müraciət etməsək, ayə əsl mahiyyətindən uzaq şəkildə tərcümə olunacaqdır. Amma bu mövzunu burada açmaqda əsas hədəflərimiz;
Birincisi, Quranın qohumluq əlaqələrinin möhkəmlənməsi barəsində belə təkidlə danışması mövzunun daha əhəmiyyətli olmasına dəlildir. Xüsusən bunu da qeyd edək ki, qohumluq əlaqələrinin möhkəmlənməsi barəsində Allahın adından sonra danışılmışdır.
“Allahdan qorxun, habelə qohumluq əlaqələrini kəsməkdən çəkinin!"
İkincisi, həmçinin, surənin əvvəlində gələn mövzuya bir daha diqqət çəkərək bütün insanların Adəm və Həvvadan əmələ gəldiklərini, yəni hamının eyni ata və anadan olduqlarını, bütün insanların bir-biri ilə qohumluq əlaqəsinin olmasını önə çəkir. Bu məsələyə diqqət çəkməklə bütün insanlara irqindən, millətindən və rəngindən asılı olmayaraq mehriban olmağı tövsiyə edir. Çünki mehriban olmaq üçün ulu babanızın bir olmasından gözəl misal ola bilməz. Ayənin sonunda buyurulur: “Çünki Allah üzərinizdə gözətçidir!”
Yəni sizin bütün niyyətlərinizdən xəbərdar olmaqla yanaşı, sizi görür, əməllərinizi seyr edir və bununla yanaşı hadisələr zamanı sizi qoruyur. Ayədəki (rəqib) sözünün lüğətdəki mənası uca və hündür yerdən vəziyyətə nəzarət edən şəxsə deyilir. Burada isə mühafiz, gözətçi və daim hazır olan şəxsə deyilir. Həmçinin gözətçi olmaq həm də nəzarət etmək deməkdir. Ayədəki (rəqib) sözünün “müəyyən uca məqamdan nəzarət etmək" mənasında olması, əsl mövzunun zahirini və mənəvi tərəfini çatdırması üçündür. Həmçinin ayədə (kanə) feilinin keçmiş zamanda işlənməsi mövzunun təkid olunduğunu çatdırır.
İncəliklər:
Həzrət Adəmin övladlarının evlənməsi hansı şəkildə olmuşdur? Yuxarıdakı ayədən oxuyuruq: “o ikisindən də dünyaya çoxlu sayda kişi və qadınlar gətirən...”
Bu sözdən ilk başa düşəcəyimiz məna bundan ibarətdir ki, Adəmin övladları bacı-qardaş bir-biri ilə evlənmişlər. Çünki o zaman yer üzündə onlardan savayı kimsə yox idi. Bundan əlavə, onlar başqası ilə evlənsəydilər, ayədə "" (minhuma) (o iki nəfərdən” ifadəsi işlənməzdi.
Bu məsələ həddən artıq ciddi mövzu olmasa da, bu barədə çoxlu hədislər və münazirələr mövcuddur. Həmçinin bir çox hədislərə əsasən, bu əməl o zaman mübah və haram edilməmiş hökmlərdən sayılırdı. Çünki o zaman bacı qardaşla evlənmənin haram olması əmri verilməmişdi.
Təbii ki, hər bir işin icazəli-icazəsiz, haram və ya halal olma hökmü Allah tərəfindən tənzimlənir. Yəni hansı əməlin icazəli və ya qadağan edilməsi hökmünü Allah verir. Odur ki, hansısa əməlin bir vaxt məsləhət olduğu üçün mübah və sonradan zərurət olmadıqda haram olmasına heç bir irad yoxdur. Amma bəzi hədislərdə yuxarıdakı nəzərin əksinə olaraq Adəmin (ə) övladlarının bir-biri ilə evlənməsi məsələsi rədd olunmuş və bu fikirdə olanlar şiddətli şəkildə qınanmışlar.
Mövzu ilə əlaqədar ziddiyyətli hədisləri Qurana əsasən seçməli olsaq, birinci dəstəyə aid olan hədislərə üstünlük verilməlidir. Çünki Quranın zahirinə əsasən, Adəm övladları bir-biri ilə evlənmişlər. Burada digər ehtimal da bundan ibarətdir ki, Adəmin övladları keçmiş nəsil olan insanların sağ qalanları ilə evlənmişlər. Çünki bəzi hədislərə əsasən, Adəm (ə) yer üzünün ilk insanı olmamışdır. Həmçinin bu gün elmi təcrübələr və arxeoloji qazıntılardan tapılan sümüklər milyon illər əvvəl yer üzündə insana bənzər məxluqların yaşamasını ehtimal verir. Halbuki Adəm (ə) peyğəmbərin yer üzündə yaşaması o qədər də qədim illərə qayıtmır. Odur ki, Adəmdən (ə) öncə yer üzündə yaşamış məxluqları da qəbul etməliyik. Amma Adəm (ə) yer üzünə gəldikdə onlar yox olmaq üzrə idilər.
Bu fikrə əsasən, Adəmin (ə) övladlarının keçmiş insanabənzər məxluqlarla evlənməsinin nə kimi müşkülü ola bilər? Amma bunu da nəzərdən qaçırtmayaq ki, yuxarıdakı nəzər ayənin zahiri mənası ilə uyğun deyil. Bunu da qeyd edək ki, bu mövzu haqda olduqca geniş tədqiqata ehtiyac olduğu üçün hazırkı təfsirdə buna çox geniş yer ayırmırıq. Sadəcə, mövzu ilə əlaqədar olan fikirləri qeyd etməklə üstündən keçirik.