Ğafir (Mömin) Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Ğafir surəsi, 1-3-cü ayələr
Ğafir surəsi, 1-3-cü ayələr
بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ
حم .١
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ .٢
غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ لَا إِلَهَ إِلَّا هُوَ إِلَيْهِ الْمَصِيرُ .٣
Ayələrin tərcüməsi.
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ha, Mim.
2\. Bu kitab qüdrətli, elmli Allah tərəfindən nazil edilmişdir.
3\. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, nemətləri çox olan Allah (tərəfindən)! Ondan başqa məbud yoxdur. Dönüş təkcə Ona doğrudur.
Ayələrin təfsiri.
Ümidverici xüsusiyyətlər.
Bu surənin əvvəlində də (müqəttəə), yəni "kəsik, tək-tək” hərflərlə rastlaşırıq və burada bu hərflərin yeni növünü müşahidə edirik: (ha) və (mim).
Bu hərflərin təfsiri barədə "Bəqərə", "Ali-İmran", "Əraf” və digər surələrin əvvəlində geniş bəhs etmişik. Burada yalnız bu məqam əlavə edilməlidir ki, bəzi rəvayətlərdə, həmçinin bir çox müfəssirlərin sözlə- rində bu surənin iki başlanğıc hərfləri Allahın bu iki hərflə başlanan adlarına təfsir olunub. Necə ki İmam Sadiqdən (ə) nəql olunan hədisdə bunlar Allahın "Həmid" və "Məcid” adlarına təfsir olunub.
Bəziləri də (ha) hərfini (Həmid), (Həlim) və (Hənnan) kimi adlara, (mim) hərfini isə (Məlik), (Malik) və (Məcid) kimi adlara təfsir ediblər.
Belə bir ehtimal da vardır ki, (ha) hərfi “hakimiyyət”, (mim) hərfi isə "malikiyyət” sözünə işarədir.
İbn Abbasdan nəql olunan hədisdə deyilir ki, (ha-mim) Allahın böyük adlarındandır.
Aydındır ki, bu təfsirlər bir-birinə zidd deyil və ayə bütün bu mənalara təfsir oluna bilər.
Növbəti ayədə Quranın öz metoduna uyğun olaraq "müqəttəə" hərfləri qeyd edildikdən sonra Qurani-Kərimin əzəmətindən söhbət açılır və işarə olunur ki, bu kitab bütün əzəməti ilə əlifbadakı sadə hərflərdən düzəlib. Bu böyüklükdə bina məhz belə kiçik materiallardan əmələ gəlib və bunun özü Quranın möcüzə olduğuna dəlildir.
Əvvəlcə buyurulur: "Bu kitab qüdrətli, elmli Allah tərəfindən nazil edilmişdir”.
( تَنزِيلُالْكِتَابِمِنَاللَّهِالْعَزِيزِالْعَلِيمِ)
Onun izzət və qüdrəti səbəb olmuşdur ki, kimsə Ona tay olmasın. Elmi isə səbəb olmuşdur ki, onun (elminin) məzmunu kamilliyin ən ali dərəcəsində olsun və təkamül yolunda insanların bütün ehtiyaclarını əhatə etsin.
Sonrakı ayədə Allah bəziləri ümidverici, bəziləri isə qorxuducu olan daha beş sifəti ilə vəsf edilir:
“Allah günahları bağışlayandır”. (Ğafiriz-zənb)
“Tövbələri qəbul edəndir". (Qabilit-təvb)
“Cəzası şiddətlidir”. (Şədidul-iqab)
"Nemətləri çoxdur". (Zit-tǝvl)
“Ondan başqa məbud yoxdur”.
“Dönüş təkcə Ona doğrudur”.
Əlbəttə, yalnız belə xüsusiyyətlərə və sifətlərə malik olan varlıq ibadət olunmağa, mükafata və cəza verməyə layiqdir.
İncəliklər:
1\. Yuxarıdakı iki ayədə (2-3-cü ayələr) "Allah" adı qeyd edildikdən sonra və məad haqqında fikir, yəni (Dönüş təkcə Ona doğrudur) qeyd edilməzdən əvvəl Allahın sifətlərindən yeddisinin adı sadalanır. Bu sifətlərdən bəziləri "zati sifətlər", bəziləri də "feili sifətlər”dir. Bütün bu sifətlər “tövhid", "elm", "qüdrət”, “rəhmət” və "qəzəb”dən ibarət olan bir məcmuəni təşkil edir. (əziz) (çox hörmətli) və (əlim) (hər şeyi bilən) sifətləri bu səmavi kitabın nazil olması üçün bir əsasdır. “Günahları bağışlamaq”, “tövbələri qəbul etmək”, "şiddətli cəza" və "nemətlər bəxş etmək” nəfslərin tərbiyə olunması üçün bir müqəddimə və Ondan başqa heç bir tanrının olmadığı tək olan Allaha pərəstiş etməkdir.
2\. Bu sifətlər arasında əvvəlcə (qabilit-təvb) (tövbələri qəbul edən), sonda (Zit-təvl) (nemətləri çox olan) və bu ikisinin arasında isə (şədidul-iqab) (cəzası şiddətli olan) sifəti yerləşdirilmişdir.
Əslində, Onun qəzəbi iki rəhmətin arasında qərar tutub. Bundan əlavə, Allahın qəzəbindən xəbər verən bu sifətin kənarında Onun rəhmətini ifadə edən üç sifəti də sadalanır. Bütün bunlar "Onun rəhmətinin qəzəbindən irəli olduğuna" sübutdur.
Necə ki məşhur bir duada deyilir: "Ey rəhməti qəzəbindən irəli olan”.
3\. (Dönüş təkcə Ona doğrudur) cümləsi sadəcə Qiyamətdə hər kəsin Ona tərəf qayıdacağını bildirmir, həm də cümlənin mütləq olması bunu ifadə edir ki, bu dünyada və Qiyamətdə bütün işlərin dönüşü yalnız Ona doğrudur və bütün varlıqların silsiləsi Onun əlindədir.
4\. Diqqətəlayiq haldır ki, sonuncu vəsf olaraq deyilmiş və "übudiyyət (bəndəlik) tövhidi”ni və Ondan qeyrisinin pərəstişə layiq olmadığını ifadə edən (Ondan başqa məbud yoxdur) cümləsi son nəticə olaraq bəyan edilib. Bu səbəbdən də İbn Abbasdan nəql olunan bir hədisdə deyilir: “O, (Ondan başqa məbud yoxdur) deyən kəs üçün (ğafiriz-zənb) (Günahları bagışlayandır). (Ondan başqa məbud yoxdur) deyən kəs üçün (qabilt-təvb) (Tövbələri qəbul edəndir)," " (Ondan başqa məbud yoxdur) deməyən kəs üçün (şədidul-iqab) (Şiddətli cəza verəndir), Ondan başqa məbud yoxdur) deyən kəs üçün (Zit tǝvl) (Nemətləri çox olan və ehtiyacsızdır)”.
Beləliklə, bütün bu sifətlərin əsas mehvəri tövhidə iman gətirənlər, sözdə və əməldə bu əsas ilahi xətdən yayınmayanlardır.
5\. Quranda bağışlanma səbəbləri.
Quranda bağışlanmanın və günahların aradan getməsinin səbəbi olaraq çoxlu məsələlər təqdim olunmuşdur ki, aşağıda onların bəzilərinə işarə olunur:
1) Tövbə:
يَاأَيُّهَاالَّذِينَآمَنُواتُوبُواإِلَىاللهِتَوْبَةًنَصُوحًاعَسَىرَبُّكُمْأَنيُكَفِّرَعَنكُمْسَيِّئَاتِكُمْ
"Ey iman gətirənlər! Allaha xalis və səmimi tövbə edin. Ümid var ki, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri xar etməyəcəyi gündə Rəbbiniz günahlarınızdan keçsin".
2) İman və saleh əməl:
وَالَّذِينَآمَنُواوَعَمِلُواالصَّالِحَاتِوَآمَنُوابِمَانُزِّلَعَلَىمُحَمَّدٍوَهُوَالْحَقُّمِنرَّبِّهِمْ
كَفْرَعَنْهُمْسَيِّئَاتِهِمْ
“İman gətirib yaxşı işlər görənlərin, Rəbləri tərəfindən Muhəmmədə nazil edilən və tamamilə haqq-həqiqət olana inananların isə (Allah) günahlarından keçir”.
3) Təqva:
إنتَتَّقُواْاللّهَيَجْعَللَّكُمْفُرْقَانَاوَيُكَفِّرْعَنكُمْسَيِّئَاتِكُمْ
"Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla nahaqı ayırmaq üçün bir vasitə (sayəsində haqla batili bir-birindən ayıra biləcəyiniz bəsirət) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar".
4) Hicrǝt, cihad və şəhadət:
فَالَّذِينَهَاجَرُواوَأُخْرِجُواْمِندِيَارِهِمْوَأُوذُوافِيسَبِيلِيوَقَاتَلُواْوَقُتِلُوالأَكَفِّرَنَّ
عَنْهُمْسَيِّئَاتِهِمْ
"Allah yolunda hicrət edənlərin, evlərindən çıxarılanların, Mənim yolumda çətinliyə məruz qalanların, vuruşanların və öldürülənlərin günahlarını, əlbəttə, bağışlayacaq".
5) Gizli xeyriyyəçilik:
إنتُبْدُواالصَّدَقَاتِفَنِعِمَّاهِيَوَإِنتُخْفُوهَاوَتُؤْتُوهَاالْفُقَرَاءِفَهُوَخَيْرٌلَّكُمْوَيُكَفِّرُ
عَنكُممِّنسَيِّئَاتِكُمْ
"Yoxsullara aşkarda sədəqə versəniz, yaxşıdır. Əgər onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər (Allah yolunda bağışladığınıza görə bağışlanacaqsınız).”
6) Gözəl borc vermək:
إنتُقْرِضُوااللهَقَرْضًاحَسَنًايُضَاعِفَهُلَكُمْوَيَغْفِرْلَكُمْ
"Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar".
7) Böyük günahlardan çəkinmək kiçik günahların bağışlanmasına səbəb olar:
إِنتَجْتَنِبُواكَبَائِرَمَاتُنْهَوْنَعَنْهُنُكَفِّرْعَنكُمْسَيِّئَاتِكُمْ
"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik”.
Beləliklə, Allahın məğfirət və bağışlanma qapıları hər tərəfdən bəndələrin üzünə açıqdır və Quranın yeddi ayəsinə əsasən, həmin yeddi qapı yuxarıda qeyd olundu. Bəndələr istədikləri qapıdan daxil ola bilərlər. Nə yaxşı olar ki, hər qapıdan daxil olaq.