Fussilət Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Fussilət surəsi, 1-5-ci ayələr
Fussilət surəsi, 1-5-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
حم .١
تَنْزِيلٌ مِنَ الرَّحْمَنِ الرَّحِيمِ .٢
كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ .٣
بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ .٤
وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ha, Mim
2\. Bu, rəhman və rəhim olan Allah tərəfindən nazil edilmiş bir kitabdır,
3\. ayələri anlaya bilən bir cəmiyyət üçün yerli-yerində qeyd edilmiş fəsahətli və rəvan bir kitab.
4\. O, həm müjdə verən, həm də qorxudandır. Lakin onların çoxu üz çevirdi. Buna görə heç nə eşitmirlər.
5\. Onlar dedilər: “Qəlbimiz sənin bizi dəvət etdiyinə qarşı qapalıdır, qulaqlarımızda ağırlıq (karlıq) vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən öz işində ol, biz də öz işimizdə olacağıq!”
Yenə də Quranın əzəməti barədə.
Hədislərdə nəql olunur ki, Peyğəmbər (s) müşriklərin haqq yoluna gəlməsi üçün davamlı olaraq bütləri tənqid edir və onlara Quran oxuyurdu, lakin onların bəziləri deyirdi: "Bu, Muhəmmədin (s) dediyi şeirdir". Bəziləri deyirdi: "Bu, kahinlikdir” (Yəni cinlərlə təmasda olur və onlardan qeyb xəbərlərini alır). Bəziləri isə deyirdi: "Bunlar onun oxuduğu (və adını Quran qoyduğu) gözəl xütbələrdir”.
Bir gün Əbucǝhl o dövrün tanınmış şəxsiyyətlərindən və insanların öz problemlərini və ixtilaflarını həll etmək üçün müraciət etdikləri şəxs olan Vəlid ibn Muğeyrədən soruşdu: “Ey Əbu Əbdüşəms! Muhəmmədin dedikləri nədir? Sehr, kahinlik və ya xütbədir?"
Vǝlid dedi: "İcazə ver, əvvəlcə sözlərinə qulaq asım, sonra deyərəm". Bu məqsədlə Peyğəmbərin (s) yanına gəldi və Hicri-İsmaildə oturub dedi: "Ey Muhəmməd! Şeirlərindən birini mənə oxu”. Peyğəmbər (s) buyurdu: “Oxuduqlarım şeir deyil, Allahın Öz peyğəmbərlərinə və elçilərinə göndərdiyi kəlamlardır". Dedi: "Nədirsə, oxu!"
Peyğəmbər (s) "Fussilǝt" surəsini oxumağa başladı.
Vəlid (Bismillahir-Rəhmanir-Rəhim) ayəsini eşitdikdə istehza ilə dedi: "Yəmamədə Rəhman adlı bir şəxs var, sanki onu çağırırsan". Peyğəmbər (s) buyurdu: “Xeyr, rəhman və rəhim olan Allahı çağırıram”.
Sonra davam etdi və aşağıdakı ayəni oxudu:
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةٌ مِثْلَ صَاعِقَة عَادٍ وَثَمُودَ
"Əgər onlar üz döndərsələr, de: "Mən sizi Ad və Səmud qövmünə göndərilmiş ildırıma bənzər bir ildırımdan qorxmağa çağırıram".
Bu zaman Vəlid qorxudan əsməyə başladı və bədəninin tükləri biz-biz oldu. Sonra ayağa qalxıb birbaşa öz evinə yollandı. Qüreyş qəbiləsinin böyükləri dedilər: "Ey Əbucǝhl! Deyəsən, Vǝlid ibn Muğeyrə Muhəmmədin (s) dininə meyilləndi. O, Muhəmmədin (s) sözlərinə qulaq asdıqdan sonra bizim yanımıza gəlmədən birbaşa evinə getdi”. Buna görə də qüreyşlilər çox qəmgin oldular.
Ertəsi gün Əbucǝhl onun yanına gəlib dedi: "Əmi (Vəlid Əbucǝhlin amisi idi), bizi başıaşağı və rüsvay etdin".
Vəlid soruşdu: "Nə olub, qardaşoğlu?”
Dedi: "Sən Muhəmmədin (s) dininə bağlandın?”
Vǝlid dedi: "Mən heç bir vəchlə onun dininə bağlanmadım, mən əcdadlarımızın dinindəyəm. Lakin mən ondan elə sözlər eşitdim ki, vücudumu lərzəyə gətirdi”.
Əbucǝhl soruşdu: "Şeirdir?"
Dedi: "Əsla şeir deyil".
Soruşdu: "Nəzmlə deyilən xütbələrdir?"
Dedi: "Xeyr, xütbə ardıcıl və eyni şəkildə olan kəlamdır, onun söylədikləri isə fərqlidir, qafiyəli deyil, lakin xüsusi parlaqlığa malikdir”.
Soruşdu: "Kahinlikdir?”
Dedi: "Xeyr".
Soruşdu: "Bəs nədir?”
Dedi: “İcazə ver, bu barədə düşünüm”.
Ertəsi gün soruşdular: “Vəlid, bir qərara gələ bildinmi?” Dedi: "Deyin, sehrdir, çünki qəlbləri ələ alır və özü ilə aparır”. Bu hadisədən sonra onun barəsində "Muddəssir" surəsinin bir hissəsi (11-30-cu ayələr) nazil oldu."
Qeyd edilən rəvayət aydın şəkildə onu göstərir ki, bu surənin ayələri nə qədər cazibəli və təkanverici olub, nəticədə, ərəblərin ən təəssübkeş aliminin belə bir reaksiyası ilə üzləşib.
Ayələrin təfsiri.
Bu surənin əvvəlində də "müqəttəə" hərfləri ilə rastlaşırıq. Artıq ikinci dəfədir ki, Quran surələrinin əvvəlində (ha-mim) hərflərinə rast gəlinir. “Müqəttəə” hərflərinin təfsiri barədə dəfələrlə bəhs etmişik və təkrara heç bir lüzum yoxdur.
Bir şeyi xatırladaq ki, bəziləri (ha-mim) hərflərini surənin adı olaraq və ya (ha) hərfini Allahın adlarından olan "Həmid”ə, (mim) hərfini isə Allahın adlarından olan "Məcid"ə təfsir ediblər.
Sonrakı ayədə Quranın əzəmətinə işarə edilərək buyurulur: “Bu, rəhman və rəhim olan Allah tərəfindən nazil edilmiş bir kitabdır”.
(تَنزِيلٌ مِّنَ الرَّحْمَنِ الرَّحِيمِ)
Allahın "ümumi rəhməti” ilə “xüsusi rəhməti” birləşərək dost və düşmən üçün rəhmət, Allahın övliyaları və dostları üçün isə xüsusi bərəkət və mərhəmət olan bu ayələrin nazil olmasına səbəb olmuşdur. Əslində, bu səmavi kitabın bariz xüsusiyyəti odur ki, gül ləçəklərinin hər biri ətir saçdığı kimi, Quranın da bütün ayələrində rəhmət vardır və bu rəhmət onun yolunu gedənlər və təlimlərindən ilham alanlar üçündür.
Sözügedən ayədə Quran barəsində qısa danışıldıqdan sonra növbəti ayədə onun haqqında ətraflı bəhs edilir və bu səmavi kitabın əsl simasını təsvir edən beş xüsusiyyəti qeyd edilir.
Əvvəlcə buyurulur: "Bu, ayələri aşkar olan, hər bir şeyi yerində bəyan edən və insanın bütün sahələrdə ehtiyaclarını ətraflı şəkildə şərh edən kitabdır”.
( كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ)
"Fəsahətli və rəvan kitabdır".
“Anlaya bilən və həqiqət axtaran bir cəmiyyət üçün.....”
Sonrakı ayədə buyurulur: “O, həm müjdə verən, həm də qorxudandır”.
(فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ)
"Lakin onların çoxu üz çevirdi. Buna görə heç nə eşitmirlər”.
Beləliklə, bu böyük səmavi kitabın birinci üstünlüyü odur ki, insanların möhtac olduğu müxtəlif məsələlər burada bəyan edilmişdir. Belə ki hər kəs təfəkkür səviyyəsinin və ruhi ehtiyacının hansı səviyyədə və mərhələdə olmasına baxmayaraq, özünün təfəkkür və ehtiyacı qədər ondan bəhrələnir.
Quranın başqa bir xüsusiyyəti tam bir məcmuə olmasıdır. Çünki (Quran) sözü (qiraət) kökündəndir və əslində, “sözün hissələrini cəmləşdirmək” mənasındadır.
Quranın üçüncü vəsfi olaraq onun xüsusi fəsahət və bəlağəti qeyd edilir. Belə ki həqiqətləri səlis, dəqiq, əyər-əskik olmadan və aydın formada, eyni halda gözəl və cəlbedici şəkildə əks etdirir.
Dördüncü və beşinci vəsf - müjdə verən və qorxudan - Qurani- Kərimin dərin tərbiyəvi təsirini bəyan edir. Bəzən onun ayələri əməli- saleh və təqvalı insanları təşviq etməkdə o qədər təsirli olur ki, insanın bütün vücudunu vəcdə gətirir, bəzən də fasiqləri və günahkarları elə təhdid edir ki, insanın tükləri biz-biz olur. Bu iki tərbiyəvi prinsip ayələrdə çiyin-çiyinə irəliləyir.
Çox təəssüf ki, inadkar təəssübkeşlərin eşidən qulağı yoxdur, onlar sanki kardır və heç bir şey eşitmirlər. Onların zahiri qulaqları sağlam olsa da, həqiqəti eşidən qulaqları xəstədir.
Bu qəlbi korların mənfi əməlləri bununla da bitmir. Belə ki onlar Peyğəmbəri (s) öz dəvətindən çəkindirmək və o Həzrəti (s) məyus etmək üçün çalışırdılar və ona sübut etmək istəyirdilər ki, boşuna əziyyət çəkmə, bu diyarda kimsə sənin sözlərinə qulaq asmayacaq və dəvətini qəbul etməyəcək. Necə ki sonrakı ayədə buyurulur: "Onlar dedilər: “Qəlbimiz sənin bizi dəvət etdiyinə qarşı qapalıdır, qulaqlarımızda ağırlıq (karlıq) vardır, sənin və bizim aramızdan pərdə çəkilmişdir”.
(وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِّمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقُرٌ وَمِن بَيْنَنَا وَبَيْنَكَ حِجَابٌ)
"İndi ki belədir, bizimlə işin olmasın, sən öz işində ol, biz də öz işimizdə olacağıq!”.
(فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ)
Bu, təmiz qəlbli həkimin əlindən özünü zorla qurtarmağa çalışan və bunun üçün hər bir vasitəyə əl atan cahil və nadan xəstənin rəftarına bənzəyir.
Əvvəlcə deyirdilər: “Sanki bizim ağlımız və təfəkkürümüz elə bir yerdə yerləşir ki, ora heç nə daxil olmur”.
Diqqət edin ki, (əkinnə) sözü (kənan) sözünün cəm forması olub, "örtük” mənasındadır. Əslində, adi bir örtük və geyim deyil, cəhalət və təəssübkeşlik, inadkarlıq və tərslik, kor-koranə təqlid örtüyü və s. Bu kimi şeylər isə onların qəlblərini örtmüşdü.
Onlar deyirdilər: “Ağlımızın bir şeyi dərk etməməsindən əlavə, qulaqlarımız da kardır və sənin dediklərini də eşitmirik. Yəni həm əsas mərkəz, həm də vasitələr sıradan çıxıb".
Bundan başqa sanki bizimlə sənin aranda qalın pərdə çəkilib və əgər hər hansı birimizin sağlam qulağı olsaydı belə, səsin qulaqlarımıza çatmazdı. Bəs nə üçün özünü bu qədər yorursan, qışqırıb ürək yandırırsan və gecə-gündüz təbliğ edirsən? Bizi özümüzə burax, sənin malına burada müştəri yoxdur. Sən öz dinində, biz də öz dinimizdə qalaq!
Bunlar həyasızlığın və cahilliyin son həddidir ki, insan bütün varlığı ilə beləcə haqdan qaçsın.
Əgər bir nəfər gündüz vaxtı parlaq əl möcüzəsini gətirsə. Bu, qəlbiqara insanların gözündə yalançı sübh çağı olar. Maraqlı məqam budur ki, onlar (Səninlə bizim aramızda pərdə çəkilmişdir) dedikdə cümləyə (min) (“dan-dən” şəkilçisi) əlavə etməklə bu mənaya daha çox təkid edirdilər və cümlənin əsl mənası belə olur: "Bizimlə sənin aranda olan bütün məsafəni pərdə doldurmuşdur”. Aydındır ki, bütün bu məsafəni doldura bilən pərdə çox qalın olmalıdır və belə bir pərdənin o tərəfinə söz eşitdirməyin heç bir təsiri olmaz.
(Sən öz işində ol, biz də öz işimizdə olacağıq!) cümləsi Peyğəmbəri (s) məyus etmək üçün kafirlər tərəfindən deyilə bilər, yəni sən öz proqramınla məşğul ol, biz də öz proqramımızla məşğul olacağıq.
Ola bilər, Peyğəmbərə (s) qarşı bir növ təhdid olsun ki, sən əlindən gələni et, biz də sənin və gətirdiyin dinin əleyhinə əlimizdən gələni edərik. Bu, onların inadkarlığının son həddini göstərir.