Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əş-Şura Surəsinin Ayələrinə Qayıt →
Əş-Şura Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Şura surəsi, 1-5-ci ayələr

Şura surəsi, 1-5-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


حم .١


عسق .٢


كَذَلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ .٣


لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ .٤


تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ha, Mim.

2\. Ayn, Sin, Qaf.

3\. Yenilməz qüdrət və hikmət sahibi olan Allah sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy edir.

4\. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, ucadır, böyükdür.

5\. Göylər az qalır yuxarıdan parça-parça olsun. Mələklər davamlı olaraq Rəblərinə həmd və təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Bilin, Allah bağışlayandır, rəhmlidir.

Ayələrin təfsiri.



Göylər az qalır parça-parça olsun.

Yenə də (müqəttəə), yəni "kəsik", "tək-tək” hərflərə və bu dəfə daha geniş - beş hərfdən ibarət olan (ha, mim, ayn, sin, qaf) formada rastlaşırıq.

Quranın yeddi surəsi ("Ğafir", "Fussilǝt", "Şura", "Zuxruf”, "Duxan", "Casiyə” və “Əhqaf” surələrində) (ha,mim) hərfləri ilə başlayır, lakin “Şura” surəsində (ayn, sin, qaf) hərfləri də ona əlavə olunub.

Dəfələrlə demişik ki, “müqəttəə” hərfləri barədə çoxlu sözlər danışılıb və hər bir müfəssir bu barədə geniş bəhslər edib. Böyük təfsir alimi mərhum Təbərsinin dediyinə əsasən, Quranın "müqəttəə" hərfləri barədə 11 təfsir mövcuddur. Bu təfsirlərin çox hissəsini biz "Bəqərə”, “Ali-İmran", "Əraf” və “Məryəm” surələrinin əvvəlində bəyan etmişik, lakin bəziləri önəmli olmadığı üçün onlara toxunmağı vacib bilmirik.

Lakin onların bəzilərini mülahizə etməyə dəyər və biz burada onlara toxunacağıq, hərçənd bu təfsirlərin isbatı üçün qəti dəlilə malik deyilik.

Bu təfsirlərdən biri də budur ki, "müqəttəə" hərfləri kafirləri susdurmaq və insanların diqqətini Quranın məzmununa yönəltmək məqsədilə nazil olmuşdur. Çünki inadkar müşriklər, xüsusilə bir-birinə tapşırırdılar ki, Peyğəmbər (s) Quran oxuduqda heç kim ona qulaq asmasın və səs-küy yaratmaqla o Həzrətin (s) səsinin insanların qulağına çatmasına mane olsunlar. Buna görə də Allah bir çox surələrin (29 surə) əvvəlində yeni bir metod sayılan və insanların diqqətini cəlb edən “müqəttəə” hərflərindən istifadə etmişdir.

Əllamə Təbatǝbai (Allah ondan razı olsun!) bu hərflərin açıqlanmasında 12-ci təfsir hesab olunacaq başqa bir ehtimal vermişdir, hərçənd onun özü bu təfsiri bir ehtimal olaraq bəyan etmişdir. Həmin təfsirin qısa xülasəsi belədir:

"Müqəttəə” hərfləri ilə başlayan surələri diqqətlə nəzərdən keçirdikdə görürük ki, eyni növ "müqəttəə” hərfləri ilə başlayan surələrdə mövzular oxşardır. Məsələn, (ha, mim) hərfləri ilə başlayan surələrdə ondan dərhal sonra “(Bu kitab Allah tərəfindən nazil edilmişdir) və ya bu mənaya yaxın bir ayə vardır. "Əlif, Lam, Ra" hərfləri ilə başlayan surələrdə bu hərflərin ardından (Bunlar kitabın ayələridir) və ya buna oxşar məzmun nəzərə çarpır.

“Əlif, Lam, Mim" hərfləri ilə başlayan surələrdə bu hərflərin ardından “ذلكَ الكتابُ لا رَيْبَ فيه” (Bu, heç bir şəkk-şübhə olmayan bir kitabdır) və ya buna oxşar məzmun nəzərə çarpır.

Belə ehtimal vermək olar ki, “müqəttəə” hərfləri ilə həmin surənin məzmunu arasında xüsusi bir əlaqə vardır. Hətta demək olar ki, “Əlif, Lam, Mim, Sad" hərfləri ilə başlayan “Əraf” surəsi “Əlif, Lam, Mim” hərfləri ilə başlayan surələrin və “Sad” surəsinin məcmu məzmununa malikdir. Doğrudur, ola bilər ki, bu əlaqə çox dərin və dəqiq olsun, adi düşüncələr bunu anlamasın.

Bəlkə də, bu surənin ayələrini bir-birinin yanına düzsək və bir-biri ilə müqayisə etsək, bu sahədə bizim üçün yeni fikirlər kəşf olunar.

Bundan əvvəl də qeyd etdiyimiz başqa bir təfsirə əsasən, bu hərflər Allahın adlarına və nemətlərinə işarə edən rəmzlər və sirlər ola bilər. Məsələn, hazırda müzakirə etdiyimiz “Şura” surəsində (ha) hərfin (Rəhman), (mim) hərfini (Məcid), (ayn) hərfini "(Əlim), (sin) hərfini (Quddus) və (qaf) hərfini (Qahir) kimi adlara aid təfsir ediblər.

Düzdür, bəziləri bu təfsirə irad bildiriblər ki, əgər bu rəmzlər başqalarının ondan agah olmaması üçün nəzərdə tutulubsa, bu məna “müqəttəə” hərflərə aid deyil, çünki Allahın bu böyük adları başqa ayələrdə açıq şəkildə bəyan edilib. Lakin diqqət edilməlidir ki, işarələr və rəmzlər həmişə məsələnin gizli saxlanması üçün deyil, bəzən ixtisara riayət edilməsi məqsədilə istifadə olunur. Keçmişdə də bundan istifadə olunub, indi də geniş şəkildə istifadə olunur. Belə ki çoxsaylı böyük müəssisələrin və təşkilatların adları qısaldılmış şəkildə və baş hərflərindən istifadə edilməklə düzəldilmişdir.

"Müqəttəǝ" hərflərdən sonra adəti üzrə vəhy və Qurandan söhbət açılmışdır. Belə ki buyurulur: "Yenilməz qüdrət və hikmət sahibi olan Allah sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy edir".

إِلَيْكَوَإِلَىالَّذِينَمِنقَبْلِكَاللَّهُالْعَزِيزُالْحَكِيمُ


Əslində, (kəzalikə) (belə) kəlməsi bu surənin ali və yüksək məzmununa işarə edir.

Vǝhy qaynağı hər yerdə eynidir və bu, Allahın elm və qüdrətidir. Vǝhyin prinsiplərdə və külliyyatda məzmunu da bütün peyğəmbərlərə nisbətdə eynidir, hərçənd onun xüsusiyyətləri zamanın və insanın təkamül yolunun tələbinə uyğun olaraq dəyişilir. Vəhyin prinsiplərdə və külliyyatda məzmunu da bütün peyğəmbərlərə nisbətdə eynidir, hərçənd onun xüsusiyyətləri zamanın və insanın təkamül yolunun tələbinə uyğun olaraq dəyişilir.

Diqqət edilməlidir ki, müzakirə olunan ayələrdə Allahın kamal sifətlərindən yeddisinə işarə olunub ki, onların hər biri müəyyən dərəcədə vəhy məsələsinə aiddir, o cümlədən hazırkı ayədə müşahidə etdiyimiz iki sifət: (yenilməz qüdrət və hikmət sahibi).

Onun yenilməz qüdrət və izzəti əzəmətli məzmunlu vəhy göndərməyə, hikməti isə bu vəhyin hikmətli və insanın təkamül tələblərinə uyğun olmasına imkan verir. (Vəhy göndərir) cümləsi indiki zaman formasında olduğu üçün vəhyin Adəmin (ə) xilqətindən başlayaraq sonuncu Peyğəmbərin (s) dövrünə qədər davam etməsinə sübutdur.

Sonra əlavə edilir: “Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, ucadır, böyükdür”.

لَهُمَافِيالسَّمَاوَاتِوَمَافِيالْأَرْضِوَهُوَالْعَلِيُّالْعَظِيمُ


Onun yerdə və göydə olanların maliki olması tələb edir ki, Öz məxluqlarına və onların taleyinə qarşı biganə qalmasın, əksinə, onların işlərini idarə etsin və ehtiyaclarını vəhy vasitəsilə aradan qaldırsın. Bu, qeyd etdiyimiz yeddi kamal isə sifətin üçüncüsüdür.

Allahın bu ayədə qeyd olunan dördüncü və beşinci sifətləri, yəni uca məqamı və əzəməti buna işarədir ki, bəndələrinin ibadətinə heç bir ehtiyacı yoxdur. Bəndələri üçün tənzim etdiyi və vəhy vasitəsilə onlara çatdırdığı ibadət proqramı da, əslində, ona görədir ki, onlara yaxşılıq etmiş olsun.

Sonrakı ayədə əlavə edilir: “(Bu böyük vəhyin böyük Allah tərə- findən nazil olmasına görə və ya müşriklərin və kafirlərin Onun müqəddəs zatına aid etdikləri və bütləri Ona şərik qərar verdikləri səbəbindən) göylər az qalır yuxarıdan parça-parça olsun”.

İşarə etdiyimiz kimi, bu cümlənin iki növ təfsiri mövcuddur və hər bir təfsir üçün sübut vardır:

Birinci təfsir əvvəlki ayələrin mövzusu olan vəhy məsələsi ilə əlaqədardır və əslində, "Həşr" surəsinin 21-ci ayəsinin məzmununa oxşardır. Belə ki həmin ayədə buyurulur:

لَوْأَنزَلْنَاهَذَاالْقُرْآنَعَلَىجَبَلٍلَّرَأَيْتَهُخَاشِعًامُّتَصَدِّعًامِّنْخَشْيَةِاللَّهِ


"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin”.

Bəli, bu Allahın kəlamıdır ki, səmalardan nazil olmaqla onları lərzəyə salır, az qalır onlar parçalansın və əgər dağlara nazil olsaydı, onları parça-parça edərdi. Çünki hikmətli Allah tərəfindən nazil olan çox böyük bir sözdür və yalnız bu inadkar və dikbaş insanın qəlbi ona təslim olmaq istəmir.

(yətəfəttərnə) sözü (fitr) kökündən olub, əslində, “uzununa parçalanmaq” mənasını verir.

İkinci təfsir isə bundan ibarətdir: "Az qalır səmalar ən rəzil varlıqları varlıq aləminin xaliqi ilə bir sıraya qoyan bu müşriklərin bütpərəstliyinə və şirkinə görə parça-parça olsun”.

Birinci təfsir müzakirə etdiyimiz hazırkı ayələrə uyğun olaraq vəhy barəsindədir. İkinci təfsir isə "Məryəm” surəsinin 90-91-ci ayələrinə uyğundur və orada kafirlərin Allahın övladı olması haqqında qeyri- normal sözləri nəql edildikdən sonra buyurulur:

“Bu sözə görə az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun - Rəhman Allaha övlad aid etdiklərinə görə!" Eyni zamanda bu iki təfsir arasında ziddiyyət yoxdur və hər ikisi ayənin məfhumunda cəmlənə bilər.

Cansız və sərt cisimlər olan səmaların və dağların vəhyin əzəməti və ya müşriklərin qeyri-normal sözləri qarşısında necə parça-parça ola biləcəkləri barədə çoxsaylı təfsirlər vardır ki, onların qısa xülasəsi belədir: Cansız əşyalar, bitkilər və qeyrilərindən ibarət varlıq aləmi bütövlükdə bir növ idraka və şüura malikdir, hərçənd biz onu dərk etmirik. Və buna görə də onlar Allaha həmd və təsbih deyir, Onun kəlamı qarşısında təvazökarlıqla baş əyirlər. Bu və "Məryəm" surəsindəki ayələr həmin sözə şahiddir.

Yaxud da bu ibarə mövzunun böyüklüyünü və əhəmiyyətini çatdırmaq üçün ironik deyilmişdir. Məsələn, hər hansı bir hadisənin əhəmiyyətini və böyüklüyünü çatdırmaq üçün deyirik: “Bu hadisə o qədər böyük idi ki, sanki səmanı və yeri başımıza uçurtdu”.

Sonra ayənin davamında əlavə edilir: "Mələklər davamlı olaraq Rəblərinə həmd və təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər”.

(وَالْمَلائِكَةُيُسَبِّحُونَبِحَمْدِرَبِّهِمْوَيَسْتَغْفِرُونَلِمَنفِيالْأَرْضِ)


Birinci təfsirə əsasən, bu cümlənin əvvəlki cümlə ilə rabitəsi belədir: Bu böyük səmavi vəhyi daşıyan mələklər daim Allaha həmd və təsbih deyir, Onu bütün kamillikləri ilə tərifləyir və nöqsanlardan uzaq sayırlar. Bu böyük vəhyin məzmununda bir sıra ilahi vəzifələr və öhdəliklər olduğuna baxmayaraq, möminlər üçün bəzi sapmalar yarana bildiyindən mələklər möminlərin köməyinə tələsər və onların azmamaları üçün Allahdan əfv diləyərlər.

Lakin ikinci təfsirə əsasən, mələklərin təsbih və həmdi Allahı Ona aid edilən şirklərdən uzaq hesab etmələri, onların bağışlanma diləməsi isə oyanıb iman gətirən, tövhid yolunu tapıb tək olan Allaha tərəf qayıdan müşriklər üçündür.

Mələklər bu böyük günaha görə möminlər üçün əfv dilədikləri bir halda daha güclü səbəbə əsasən, onların digər günahları üçün də bağışlanma diləyəcəklər və bəlkə də, ayənin qeyd-şərtsiz olması buna görədir.

Bu böyük müjdəyə oxşar müjdə "Ğafir” surəsinin 7-ci ayəsində də gəlib:

"Ərşi daşıyan və onun ətrafında öz Rəblərinə həmd edərək tərif deyən, Ona iman gətirən və möminlər üçün də bağışlanma diləyən mələklər (deyirlər): "Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə edib. Tövbə edib Sənin yolunla gedənləri bağışla!"

Bu ayənin sonunda vəhy məsələsinə toxunulur, həmçinin bu məsələnin möminlərin vəzifələri haqqında məzmun etibarilə uyğunluğu olan Rəbbin bağışlanma və rəhməti kimi altıncı və yeddinci sifətlərinə işarə edilərək buyurulur: "Bilin, Allah bağışlayandır, rəhmlidir”.

Beləliklə, Allahın ən gözəl adlarından ibarət kamil bir məcmuəni vəhy məsələsi ilə əlaqədar olaraq bəyan edir. Və mələklərin möminlər barədə etdikləri duanın qəbul olunduğuna incə bir işarə edir, nəinki bağışlayır, hətta Öz rəhmətini də ona əlavə edir, çünki Onun bəxşişi böyükdür.

Vəhyin həqiqəti barədə bu surənin sonunda - 51-52-ci ayələrin təfsirində danışacağıq.

İncəlik:



Mələklər hamı üçün bağışlanma diləyirlərmi?

Belə bir sual yaranır “وَيَسْتَغْفِرُونَ لِمَن فِي الْأَرْضِ” - (Yerdəkilər üçün bağışlanma diləyirlər) cümləsi burada mütləq və qeyd-şərtsiz deyilib və göstərir ki, mələklər mömin və kafir olmasından asılı olmayaraq, bütün yer əhli üçün bağışlanma diləyəcəklər. Bu söz düz ola bilərmi?"

Bu sualın cavabı "Ğafir" surəsinin 7-ci ayəsində verilib. Çünki orada deyilir; “وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا” (möminlər üçün bağışlanma diləyən).

Buna görə də bu duanın şərti iman gətirməkdir. Bundan əlavə, onlar məsum olduqlarına görə bağışlana bilməyənlər üçün heç zaman qeyri- mümkün bir şey istəməzlər.