Əd-Duxan Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Duxan surəsi, 1-8-ci ayələr
Duxan surəsi, 1-8-ci ayələr
بسم الله الرَّحْمنِ الرَّحِيم
حم .١
وَالْكِتَابِ الْمُبِينِ .٢
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ إِنَّا كُنَّا مُنْذِرِينَ .٣
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ .٤
أَمْرًا مِنْ عِنْدِنَا إِنَّا كُنَّا مُرْسِلِينَ .٥
رَحْمَةً مِنْ رَبِّكَ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ .٦
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إِنْ كُنْتُمْ مُوقِنِينَ .٧
لَا إِلَهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ .٨
Ayələrin tərcüməsi.
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ha, Mim!
2\. And olsun bu aydınlaşdırıcı kitaba!
3\. Biz onu bərəkətli bir gecədə nazil etdik. Biz hər zaman qorxudan olmuşuq.
4\. O gecədə hər bir iş hikmət üzrə ayırd edilir.
5\. Quranın nazil edilməsi Allah tərəfindən verilən bir əmr olmuşdur. Biz Muhəmmədi göndərdik.
6\. Bunlar hamısı sənin eşidən və bilən Rəbbinin mərhəmətindəndir.
7\. Əgər əminliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.
8\. Ondan başqa məbud yoxdur, dirildir və öldürür. O sizin və əcdadlarınızın Rəbbidir.
Ayələrin təfsiri.
Quranın bərəkətli bir gecədə nazil olması.
Əvvəlki dörd surə, eləcə də sonra gələcək iki surə kimi (ümumiyyətlə, yeddi surə təşkil olunur) bu surənin də başlanğıcında müqəttəə hərflərlə rastlaşırıq. Müqəttəə hərflərin təfsiri barəsində ötən surələrdə kifayət qədər bəhs etmişik.
(ha-mim) sözü barəsində xüsusilə bəhs etmişik. Bu söz "Həvamim" surələrindən olan ilk surələrdə ("Mömin" və "Füssilət" surəsinin əvvəli) bəhs olunmuşdur.
Diqqət çəkən məsələ odur ki, bəzi müfəssirlər burada "Hamim" (ha-mim) sözünü and ədatı kimi təfsir etmiş və demişlər ki, davamında gələn and ilə birlikdə (Quranda and ilə birlikdə) ardıcıl iki and hesab olunur. (ha-mim) kimi əlifba hərflərinə və bu müqəddəs kitaba and içmək maraqlı üslubdur.
Surənin 2-ci ayəsində qeyd etdiyimiz kimi, Qurani-Kərimə and içilərək buyurulur: “And olsun bu aşkar kitaba."
Bu elə bir kitabdır ki, məzmunu aydın, maarifi aşkar, təlimatları həmişəyaşar, hökmləri islahatçı və proqramları dəqiqdir. Bu kitab özü öz haqlılığının sübutudur. Bir fars şairinin dili ilə desək, Günəş öz günəşliyinin sübutudur.
İndi gəlin görək, bu andın olunmasında məqsəd nədən ibarətdir? Növbəti ayə bu həqiqəti belə açıqlayır: “Şübhə yoxdur, Biz Quranı (yəni İslam Peyğəmbərinin (ə) haqlılıq sənədini) bərəkətli bir gecədə nazil etmişik”.
(إِنَّاأَنزَلْنَاهُفِيلَيْلَةٍمُّبَارَكَةٍ)
(mübarəkə) sözü (bərəkət) kökündən olub, faydalı, davamlı və əbədi deməkdir.
Əbədi faydaların və xeyirlərin mənşəyi olan bu gecə hansı gecədir? Əksər müfəssirlər onu Qədir gecəsi kimi təfsir etmişdilər. Qədir gecəsi Quranın nazil olması ilə və şəriət aləminin müqəddəratı, yeni bir formaya düşdüyü gecədir. Elə bir gecədir ki, məxluqatın taleyi bir il müddətinə təyin olunur. Bəli, Quran Peyğəmbərin (s) pak qəlbinə məhz belə bir həlledici gecədə nazil olmuşdur.
Bir nüansı qeyd etmək yerinə düşər. Ayənin zahiri odur ki, Quran bütövlükdə Qədir gecəsi nazil olmuşdur. Bəs bu nazil olmanın əsas məqsədi nə idi? Elə bu ayənin davamında işarə olunan şey Quranın hədəfidir: “Biz həmişə inzar edən və qorxudan olmuşuq.”
Bu bizim həmişəlik ənənəmizdir. Öz elçilərimizə zalımları və müşrikləri qorxutmaq əmri veririk. İslam Peyğəmbərini (s) bu aşkar kitabla göndərməyimizin də məqsədi bu silsilənin sonuncu halqasıdır.
Doğrudur ki, peyğəmbərlər həm qorxudur, həm də müjdə verirlər. Lakin onların dəvətinin əsasını zalım və günahkar xalqlara qarşı qorxutma mövqeyi təşkil edir. Odur ki, əsasən, bu mövzudan söz açılır.
Quranın birdəfəlik və tədrici nüzulu
1- Bildiyimiz kimi, Quran peyğəmbərin 23 illik nübüvvəti dövründə nazil olmuşdur. Bundan əlavə, Quranın məzmunu İslam tarixinin müxtəlif hadisələri ilə sıx əlaqədədir. Əgər müsəlmanların bu 23 illik tarixini nəzərə almasaq, Quran anlaşılmayacaq. Bəs Quranın Qədir gecəsində bütövlükdə nazil olması nə anlam kəsb edir?!
Bu suala cavab vermək üçün bəzi alimlər Quranın Qədir gecəsində nazil olmağa başlaması məsələsini önə çəkmişlər. Əgər belə olarsa, problem həll olur. Yəni Quran Qədir gecəsindən etibarən enməyə başlayır və 23 il müddətində proses davam edir.
Lakin dediyimiz kimi, bu təfsir sözügedən ayələrin, habelə Qurandakı digər ayələrin zahiri ilə uyğun gəlmir. Bu sualın cavabını tapmaq üçün buna diqqət yetirməliyik ki, ayədə belə bir ifadə var: “Quran mübarək gecədə nazil olmuşdur.
Digər tərəfdən isə “Bəqərə” surəsinin 185-ci ayəsində oxuyuruq:
شَهْرُرَمَضَانَالَّذِيَأُنزِلَفِيهِالْقُرْآنُ
"Sayılı günlərdə oruc tutmaq Ramazan ayındadır. Bu elə bir aydır ki, Quran insanları hidayət etmək üçün bu ayda nazil olmuşdur." Üçüncü məsələ isə budur ki, "Qədir” surəsində belə deyilir:
إِنَّاأَنزَلْنَاهُفِيلَيْلَةِالْقَدْرِ
"Biz onu (Quranı) Qədir gecəsi nazil etdik.”
Bu ayələri ümumilikdə nəzərə alsaq, açıq-aşkar görəcəyik ki, sözügedən ayədə işarə olunan mübarək gecə mübarək Ramazan ayındakı Qədir gecəsidir.
Əlavə olaraq, bir neçə ayədən belə anlaşılır ki, Peyğəmbərin (s) Quranın tədricən enməsindən öncə ondan xəbəri var idi. Məsələn: "Taha" surəsinin 114-cü ayəsidə deyilir:
وَلَاتَعْجَلْبِالْقُرْآنِمِنقَبْلِأَنيُقْضَىإِلَيْكَوَحْيُهُ
“Elə isə sənə olunan vəhylər bitməmiş Quranı tilavət etməyə tələsmə."
"Qiyamət" surəsinin 16-cı ayəsində də belə buyurulur:
لَاتُحَرِّكْبِهِلِسَانَكَلِتَعْجَلَبِهِ
"Dilini Quran oxumağa tələsmək üçün hərəkətə gətirmə."
Bütün bu ayələrdən belə nəticə almaq olar ki, Quran iki formada nazil olmuşdur. Birincisi, bütöv və birdəfəlik formada. Yəni Allah- taala tərəfindən Qurani-Kərim birdəfəlik Peyğəmbərin (s) pak qəlbinə Ramazan ayının Qədir gecəsində nazil olmuşdur. İkincisi isə tədrici nazil olmadır. Yəni 23 il müddətində müxtəlif şəraiti, hadisələri və ehtiyacları nəzərə alaraq, nazil olmuşdur.
Bu fikrin digər dəlili odur ki, bəzi Quran ayələrində enmə məsələsi (inzal), bəzilərində isə (tənzil) ifadəsi ilə qeyd olunmuşdur.
Müxtəlif lüğət kitablarına əsasən, (tənzil) ifadəsi bir şeyin tədricən və pərakəndə şəkildə enməsinə deyilir. (inzal) ifadəsi isə həm tədrici, həm də birdəfəlik enməyə şamil olur.
Maraqlıdır ki, Quranın mübarək Ramazan ayında və Qədir gecəsində nazil olmasından danışan yuxarıdakı bütün ayələrdə birdəfəlik enmə ilə uyğun gələn (inzal) ifadəsi işlədilmişdir. Tədrici enməsini bildirən digər məqamlarda isə, sadəcə olaraq, (tənzil) ifadəsi işlədilir.
Bəs Peyğəmbərin (s) qəlbinə bu "birdəfəlik nazil olma" necə baş vermişdir? Başqa ifadə ilə desək, Quranın gördüyümüz hazırkı vəziyyəti müxtəlif surə və ayələrlə birlikdə birdəfəlik Peyğəmbərin (s) qəlbinə nazil olmuşdurmu?! Yoxsa Qurani-Kərim ümumi həqiqətlər və məfhumlar formasında, yəni xülasə şəkildə nazil olmuşdur?!
Bu məsələlər dəqiq şəkildə aydın deyil. Yuxarıdakı ayələrdən bu qədər anlayırıq ki, Qurani-Kərim bir dəfə bir gecənin içində Peyğəmbərin (s) pak qəlbinə nazil olmuşdur. Növbəti dəfə isə tədricən 23 il müddətində nazil olmuşdur.
Bu fikrin növbəti dəlili yuxarıdakı ayədə keçən ifadələrin Quranı bütöv şəkildə nəzərdə tutmasıdır. Doğrudur ki, “Quran” sözü həm bu kitaba "bütöv” şəkildə, həm də müxtəlif hissələrə aid olur. Lakin inkar etmək olmaz ki, bu sözün zahiri mənası, əgər heç bir əlamətlə qeyd olunmasa, bütöv Quran deməkdir. Bəzi alimlər sözügedən ayəni Quranın enməyə başlaması kimi təfsir etmiş və bildirmişlər ki, Quranın ilk ayələri Ramazan ayı və Qədir gecəsi nazil olmuşdur. Onların bu sözü ayələrin zahiri ilə ziddiyyət təşkil edir.
Bu fikirdən də daha zəifi bəzi alimlərin dediyi aşağıdakı fikirdir: “Həmd” surəsi Quranın qısa xülasəsi olduğu üçün Qədir gecəsi nazil olmuşdur vı bu nazilolma “ إِنَّاأَنزَلْنَاهُفِيلَيْلَةِالْقَدْرِ “ kimi ifadə edilmişdir.
Bu ehtimalların hamısı Quranın zahirinə müxalifdir. Çünki Quranın zahiri onun bütöv şəkildə Qədir gecəsində nazil olduğunu göstərir.
Bir məsələ deyilməmiş qaldı: Əli ibn İbrahimin təfsirində İmam Baqir, İmam Sadiq və İmam Əbülhəsəndən (Musa ibn Cəfərdən) (ə) belə nəql olunur ki, onlar “إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْر” ayəsinin təfsirində belə buyurmuşlar:
# هِيَلَيْلَةُالْقَدْرِ،أَنْزَلَاللهُعَزَّوَجَلَّالْقُرْآنَفِيهَاإِلَىالْبَيْتِالْمَعْمُورِجُمْلَةًواحِدَةً،ثُمَّ
# نَزَّلَمِنَالْبَيْتِالْمَعْمُورِعَلَىرَسُولِاللهِ (صلىاللهعليهوآله) فِيطُولِعِشْرِيْنَسَنَة
"Bu mübarək gecə Qədir gecəsidir. Allah-taala Quranı həmin gecədə bütövlükdə "Beytül-Məmur'a nazil etdi. Sonra 23 il müddətində "Beytül-Məmur"dan Peyğəmbərin (s) qəlbinə tədricən nazil olundu." Diqqət etsək, görərik ki, burada da Quranın birdəfəlik enməsi (ənzələ) ifadəsi ilə, tədricən enməsi isə (nəzzələ) ifadəsi ilə verilmişdir.
"Beytül-Məmur"'un hansı ev olduğu və harada yerləşdiyi barəsində bir çox rəvayətlər vardır. O rəvayətləri “Tur” surəsinin 4-cü ayəsinin təfsirində izah edəcəyik, inşallah. Həmin rəvayətlərdə deyilir ki, “Beytül- Məmur" Kəbənin üzərində, göydə bir evdir və bu ev mələklərin ibadət yeridir. Hər gün 70 min mələk oraya daxil olur və Qiyamətə qədər geri qayıtmır.
"Beytül-Məmur”un hansı səmada yerləşməsi barəsində isə müxtəlif rəvayətlər vardır. Əksər rəvayətlərdə dördüncü səma, bəzilərində isə birinci səma (yəni dünya səması) qeyd olunur. Elə rəvayətlər də vardır ki, bu evin yeddinci səmada yerləşdiyini söyləyir. Mərhum Təbərsi "Məcməül-bəyan" təfsirində "Tur" surəsini təfsir edərkən Əlidən (ə) belə nəql edir:
# هُوَبَيْتُفيالسَّماءِالرّابعةبحيالالْكَعْبَهتَعْمَرَهُالْمَلائكَةبمايَكُونُمِنْهافيهمن
# الْعِبادَةِ،وَيَدْخُلُهُكُلَّيَوْمٍسَبْعُونَأَلْفَمَلَكَثُمَّلَايَعُودُونَإِلَيْهِأَبَداً
"O elə bir evdir ki, dördüncü səmada yerləşir və düz Kəbənin üstündədir. Mələklər öz ibadətləri ilə onu abad etmişlər. Hər gün 70 min mələk bu evə daxil olub, əbədi olaraq oradan geri qayıtmır."
İstənilən halda, Quranın Qədir gecəsi nazil olması və bütöv şəkildə "Beytül-Məmur"a enməsi Peyğəmbərin (s) onu bilməsi ilə ziddiyyət təşkil etmir. Çünki onun yalnız Allahın gizlin elm xəzinəsi olan Lövhi-Məhfuza yolu yoxdur. Başqa aləmlərdən isə agahdır.
Başqa ifadə ilə desək, ötən ayələrdən belə nəticə alırıq ki, Quran Peyğəmbərə (s) iki dəfə nazil olmuşdur. Bir dəfə Qədir gecəsi bütöv şəkildə, ikinci dəfə isə 23 il müddətində tədrici şəkildə. Bu məsələnin yuxarıdakı hədislə, yəni Quranın Qədir gecəsi "Beytül-Məmur”a nazil olduğunu bildirən hədislə ziddiyyəti yoxdur. Çünki Peyğəmbər (s) "Beytül-Məmur”dan agah idi.
Deyilən sualın cavabına diqqət yetirərkən başqa bir sualın da cavabı aydın olur. Belə ki əgər kimsə belə bir sual versə, əgər Quran Qədir gecəsi nazil olubsa, bəs nə üçün məşhur rəvayətlərə əsasən, Peyğəmbərin (s) Besətini Rəcəb ayının 27-si hesab edirik? - cavabı aydındır: Quran Ramazan ayında nazil olması ümumi xarakter daşımış- dır. Lakin ilk ayələr Rəcəb ayının 27-sində tədrici enmənin başlanğıcı olaraq nazil olmuşdur. Beləliklə, problem həll olur.
Növbəti ayədə Qədir gecəsi vəsf olunur və açıqlanır: “Qədir gecəsi elə bir gecədir ki, bütün işlər ilahi hikmətə əsasən, təfsilatı ilə açıqlanır”.
فِيهَايُفْرَقُكُلُّأَمْرٍحَكِيمٍ
(yufrǝqu) ifadəsi bütün həlledici məsələlərin məhz bu gecədə təyin olunduğunu göstərir. (həkim) ifadəsi isə bu ilahi dəyişilməz və həkimanə təyinatın möhkəm olduğunu bəyan edir. Ancaq bu sifət Quranda, adətən, Allah üçün işlədilir. Başqa məsələlər barəsində həkim ifadəsinin işlədilməsi ilə təkid xarakteri daşıyır."
Bu açıqlama bir çox rəvayətlərlə uyğundur. Belə ki rəvayətlərə görə Qədir gecəsində bütün insanların bir illik müqəddəratı təyin olunur. Onların ruziləri, ömürlərinin uzunluğu və başqa məsələlər məhz bu gecə təyin olunur.
Bu məsələnin izahı və Qədir gecəsi ilə əlaqədar digər məsələlər, eləcə də onların insanın azadlığı ilə ziddiyyətli olmamasının izahı “Qədir” surəsinin təfsirində geniş şəkildə veriləcəkdir. İnşallah.
Sonrakı ayədə Quranın Allah tərəfindən enməsini təkidlə vurğu- layır: "Quranın Qədir gecəsində nazil olması Bizim tərəfimizdən göstəriş idi və Biz İslam Peyğəmbərini təyin edib göndərdik.”
Davamında Quranın nazil olmasının Peyğəmbərin (s) göndəril- məsinin və Qədir gecəsinin təyinatlarının əsas səbəbini bəyan etmək üçün əlavə edilərək buyurulur: “Bütün bunlar sənin Rəbbin tərəfindən olan rəhmətə görədir”.
(رَحْمَةًمِّنرَّبِّكَ)
Bəli, Allahın sonsuz rəhməti tələb edir ki, bəndələri Allaha doğru təkamül yolunda hidayət olsunlar, - deyə onları özbaşına boşlamasın və müəyyən hidayət proqramı göndərsin. Çünki bu yol çox keşməkeşlidir. Ümumiyyətlə, bütün varlıq aləmi onun səxavətli rəhmətindən nəşət tapmışdır. Bu rəhmətə ən çox şamil olanlar isə insanlardır.
Ayənin davamında və növbəti ayələrdə Allah-taalanın tövhid məqamını təsvir edən yeddi vəsf sayır: “O eşidən və biləndir.”
Yəni bəndələrin xahişini eşidir və onların qəlbinin dərinliklərindəki sirləri bilir.
Sonra üçüncü vəsfi belə bəyan edir: "Allah göylərin, yerin və bu ikisinin arasında yerləşən varlıqların Rəbbidir. Əlbəttə, əgər sizin yəqininiz olsa”.
(رَبِّالسَّمَاوَاتِوَالْأَرْضِوَمَابَيْنَهُمَاإِنكُنتُممُّوقنين)
Əksər müşriklər bir neçə tanrıya inanır, məxluqatın hər növü üçün bir tanrı qəbul edirdilər. Ona görə də əvvəlki ayədə keçən (birəbbikə), yəni sənin Rəbbin ifadəsi onlarda bu təsəvvürü yarada bilərdi ki, Peyğəmbərin (s) Rəbbi digər varlıqların Rəbbindən fərqlidir.
Ona görə də bu ayədə
“رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا -
cümləsi ilə bu təsəvvürün üstündən xətt çəkərək isbat edir ki, bütün aləmlərin Rəbbi yeganə varlıqdır.
“əgər sizin yəqininiz vardırsa,” cümləsi şərti cümlə formasında işlədilmişdir. Ona görə də burada bir sual yaranır. Sual belədir: Aləmlərin Rəbbinin rübubiyyəti insanların yəqini ilə şərtlənmişdirmi?!
Lakin zahirdə görünən odur ki, bu cümləni qeyd etməklə iki mənanın hər ikisini və ya birisini bəyan etmək istəyir:
Birinci versiya belədir: "Əgər siz yəqinlik axtarırsınızsa, bilin ki, yəqinliyin yolu Allahın mütləq rübubiyyəti barəsində təfəkkür etməkdir."
İkinci versiya isə bu cür öz əksini tapır: "Əgər siz yəqin əhli olsanız, bilin ki, yəqin əldə etmək üçün ən yaxşı məqam elə bu məqamdır."
Allahın rübubiyyət izlərini bütün varlıq aləmində görən sizlər əgər hər bir zərrənin daxilinə baxsanız, bu rübubiyyətdən orada bir iz görəcəksiniz. Əgər siz Onun rübubiyyətinə yəqin tapmasanız, aləmdə nəyə iman və yəqin tapmaq istəyərdiniz?!
Dördüncü, beşinci və altıncı təsvirdə deyir: “Ondan başqa məbud yoxdur. O dirildir, O da öldürür."
Sizin həyatınız da, ölümünüz də Onun əlindədir. O, sizin və bütün aləmdəkilərin Rəbbidir. Deməli, Ondan başqa məbud olmamalıdır. Heç bir rübubiyyət məqamına, həyat və ölümə malik olmayan varlıq məbud ola bilərmi?!
Nəhayət, sonuncu, yeddinci təsvirdə deyir: "O, sizin və ilk əcdadlarınızın Rəbbidir”.
ربُّكُمْوَرَبُّآبَائِكُمُالْأَوَّلِينَ
Siz deyə bilərsiniz ki, bütlərə əcdadlarınız sitayiş etdiyi üçün sitayiş edirsiniz. Lakin bilin ki, onların da Rəbbi yeganə Tanrıdır. Əcdadlarınıza olan məhəbbətiniz tək Allahdan başqasına baş əyməməyi tələb edir. Əgər əcdadlarınızın başqa bir yolu olmuşsa, şübhəsiz səhv etmişlər.
Aydındır ki, həyat və ölüm Allahın idarəetmə məqamındandır. Bu iki məsələnin xüsusilə qeyd olunmasının səbəbi, həm fövqəladə əhəmiyyətinə görə, həm də üstüörtülü şəkildə məad məsələsinə işarə etməsinə görədir. Qurani-Kərimin həyat və ölümün üzərində dayanması burada ilk dəfə deyil. Bir çox Quran ayələrində bu iki məsələnin Allaha məxsus əmrlərdən hesab olunması qeyd olunmuşdur. Çünki insanların həyatında ən həlledici məsələ, eyni zamanda varlıq aləminin ən qəliz məsələlərindən, habelə Allahın qüdrətinə dəlil olan aşkar sübutlardan biri elə bu həyat və ölüm məsələsidir.
İncəlik:
Quran ilə Qədir gecəsinin əlaqəsi
Diqqətəlayiq məsələ odur ki, yuxarıdakı ayələrdə işarə formasında, "Qədir" surəsində isə açıq-aydın deyilmişdir ki, Quran Qədir gecəsi nazil olmuşdur. Bu söz çox mənalıdır.
Çünki Qədir gecəsi bəndələrin müqəddəratının həll olunduğu və ruzilərinin təyin edildiyi gecədir. Qurani-Kərimdə Peyğəmbərin (s) pak qəlbinə məhz belə bir gecədə nazil olur. Bu da o deməkdir ki, bizim taleyimiz bu səmavi kitabın məzmunu ilə sıx bağlıdır.
Bu sözün mənası o deyilmi ki, bizim təkcə mənəvi həyatımız deyil, həm də fiziki həyatımızın Quranla sıx əlaqəsi var?! Allah bizə demək istəyir ki, sizin düşmənlər üzərində qələbəniz, başıuca olmanız, azadlığınız, müstəqilliyiniz və şəhərlərinizin abadlığı – bir sözlə, bütün həyatınız Quranla sıx əlaqədardır.
Bəli, müqəddəratın həll olunduğu bu gecədə Qurani-Kərim nazil olmuşdur!