Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Casiyə Surəsinin Ayələrinə Qayıt →
Əl-Casiyə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Casiyə surəsi, 1-6-cı ayələr

Casiyə surəsi, 1-6-cı ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


حم .١


تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ .٢


إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِلْمُؤْمِنِينَ .٣


وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِنْ دَابَّةٍ آيَاتٌ لِقَوْمٍ يُوقِنُونَ .٤


وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِقَوْمٍ يَعْقِلُونَ .٥


تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ .٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ha mim!

2\. Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir.

3\. Şübhəsiz, göylərdə və yerdə möminlər üçün nişanələr vardır.

4\. Sizin yaradılışınızda və yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün nişanələr vardır.

5\. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən bərəkət endirib, onun vasitəsilə yerə ölümündən sonra həyat bəxş etməsində, habelə küləklərin əsməsində düşüncəli insanlar üçün nişanələr vardır.

6\. Bunlar Allahın nişanələridir. Biz onu sənə haqq olaraq oxuyuruq. Onlar Allahın sözünə və ayələrinə inanmadıqdan sonra, daha hansı sözə inanacaqlar?!

Ayələrin təfsiri.



Hər tərəf Onun nişanələridir.

Dedik ki, bu surə "Hamim" kimi müqəttəə hərflərlə başlayan altıncı surədir. Bundan sonra gələcək olan surə, yəni “Əhqaf” surəsi ilə "Həvamim" adlanan yeddi surə tamamlanır.

"Müqəttəə hərflərin" təfsiri barəsində “Bəqərə”, “Ali-İmran”, “Əraf”” və "Hamim" hərfləri ilə başlanan bütün surələrin əvvəlində dəfələrlə bəhs etmişik. Məşhur müfəssir Təbərsi bu surənin əvvəlində belə yazır: "Ən yaxşı söz odur ki, "Hamim" sözü bu surənin adı olsun." Sonra isə bir sıra müfəssirlərdən belə nəql edir:

"Surənin "Hamim" adlanmasının səbəbi Quranın başdan-başa ecazkarlığına baxmayaraq, əlifba hərflərindən təşkil olunmasıdır."

Bəli, bu nur və hidayət olan, bələdçi, yol göstərən kitab, yəni İslam Peyğəmbərinin (s) əbəbi möcüzəsi sayılan Quran məhz həmin sadə hərflərdən yaranmışdır. Bu isə onun əzəmətinin zirvəsini göstərir. Çünki belə bir mühüm möcüzə bu qədər sadə vasitələrdən əmələ gəlmişdir.

Bəlkə də, bu səbəbdən davamında dərhal Quranın əzəməti qeyd olunur. Ayədə deyilir: "Bu kitab əziz və həkim Allah tərəfindən nazil olunmuşdur”.

(تَنزِيلُالْكِتَابِمِنَاللَّهِالْعَزِيزِالْحَكِيمِ)


Əziz qüdrətli və məğlubedilməz, həkim isə hər şeyin sirrini bilən, bütün əməllərini dəqiq hesablama, dəqiq hikmət əsasında görən şəxsə deyilir.

Məlumdur ki, belə bir kitabı nazil etmək üçün sonsuz hikmətə və qeyri-məhdud qüdrətə malik olmaq lazımdır. Bu ikisi isə Allah-taaladan başqa heç kəsdə yoxdur.

Maraqlısı budur ki, bu ayə eynilə Quranın dörd surəsinin əvvəlində gəlmişdir. Onlardan üçü "Həvamim” surələri ("Mömin”, “Casiyə” və “Əhqaf” surələri) biri isə "Həvamim" olmayan surələrdəndir. (“Zumər” surəsi). Bu təkrarın səbəbi odur ki, Allah-taala hamının diqqətini Quran sirlərinin dərinliyinə və məzmununun əzəmətinə cəlb etmək istəyir. İstəyir ki, heç kəs Qurandakı heç bir ifadəni sadə şəkildə qəbul etməsin.

Bircə kəlmənin belə hesablanmamış deyildiyini düşünməsin və onu dərk edərkən müəyyən çərçivə ilə kifayətlənməsin.

Bir məsələ də diqqəti cəlb edir, belə ki bəzən (əziz) sifəti Quranın özünə də şamil olunur. Məsələn: "Fussilət” surəsinin 41-ci ayəsində deyilir:

إِنَّهُلَكِتَابٌعَزِيزٌ


"Quran məğlubedilməz bir kitabdır.”

Boş-boş danışanların əlləri Quranın ətəyinə uzanmaz və zamanın keçməsi onun dəyərini azaltmaz. Qurandakı həqiqətlər köhnəlməz. Onu təhrif edən şəxslər rüsvay olar. Quranın buyurduğu istiqamətdə gedən daim öndər olar.

Bəzi ayələrdə isə Quranı nazil edən “Əziz” adlandırılmışdır və hər iki ifadə səhihdir.

Bundan sonra Allahın həm üfüqlərdə, həm insanın daxili aləmindəki nişanələrinin və əzəmət nümunələrinin izahına başlanılaraq buyurulur: “Göylərdə və yerdə çoxlu nişanələr vardır və bunlar iman əhli olub, haqqı tələb edənlər üçündür”.

(إِنَّفِيالسَّمَاوَاتِوَالْأَرْضِلَآيَاتٍلِّلْمُؤْمِنِينَ)


Göylərin əzəməti milyonlarla il keçməsinə baxmayaraq, kosmik aləmin dəyişilməyən, dəqiq proqramla və tam qanunauyğun şəkildə hərəkəti, eləcə də yerin quruluşu onun ecazkarlığı – bir sözlə, bütün bunların hər biri ilahi nişanələrdəndir.

Bəzi alimlərin fikrinə əsasən, Yer kürəsinin 14 istiqamətdə hərəkəti vardır. Yer başgicəlləndirici bir sürətlə öz oxu ətrafında fırlanır. Təxminən eyni sürətlə də Günəşin ətrafında dolanır. Qalaktika ilə birlikdə, yəni Günəş sisteminin bir üzvü olaraq hərəkətdədir və sonsuz bir səfərə çıxmış yolçuya bənzəyir. Bütün bunlara baxmayaraq, o qədər sakin, o qədər rahatdır ki, həm insanların, həm də bütün canlıların beşiyinə çevrilmişdir. Heç kəs iynə ucu qədər belə hiss etmir ki, Yer kürəsi hərəkətdədir.

Münbitdir və əkinçilik üçün lazımi imkanlara malikdir. Yəni torpağı çox möhkəm deyil. Həm əkin əkmək, həm də ev tikmək olur, eyni zamanda sabitliyi pozan miqdarda yumşaq da deyil.

Yer kürəsində müxtəlif mədənlər, yeraltı sərvətlər, yaşayış üçün vacib olan vasitələr vardır. Bütün bunlar həm keçmişdəki, həm indiki, həm də gələcəkdəki milyardlarla insana görə təmin edilmişdir. O qədər gözəllikləri vardır ki, insanı sehirləyərək öz gözəlliklərinə məftun edir. Yer kürəsindəki dağlar, dəryalar, buradakı mühit, həmçinin bütün bunlardan hər birisi sirlərlə dolu bir ayə, sirlərlə dolu bir nişanədir. Lakin Allahın tövhid və əzəmət nişanələrindən yalnız möminlər, başqa ifadə ilə desək, haqq axtarıb, Allah yolunun yolçuları olanlar faydalana bilirlər. Cahil və məğrur insanlar, yəni qəlbən kor olanlar bunları dərk etməkdən məhrumdurlar.

Növbəti ayədə dini terminlə desək, üfüqlərdəki və nəfslərdəki nişanələr belə təqdim edilir: "Sizin və bütün yerdə səpələnmiş olan digər canlıların yaradılışında yəqin əhli olanlar üçün nişanələr vardır.”

(وَفِيخَلْقِكُمْوَمَايَبُثُمِندَابَّةٍآيَاتٌلِّقَوْمٍيُوقِنُونَ)


Əmirəlmöminin Əliyə (ə) mənsub edilən məşhur bir ifadədə deyil- diyi kimi, "İnsan özündə böyük bir aləmi gəzdirən kiçik bir cisimdir." İnsanın xasiyyətləri canlı varlıqların hamısında mövcud olan xasiyyətlərdən yaranmış bir məcundur və bir növ böyük aləmdəki bütün hadisələrin kompleksi insanın xilqətində qoyulmuşdur.

Onun bir hüceyrəsinin quruluşu böyük bir texniki şəhərin sirli quruluşu qədər qəlizdir. Onun bir tükünün yaradılışı elm və bilik pǝncəsi ilə kəşf olunan müxtəlif özəlliklərə və xüsusiyyətlərə malikdir. Bütün bunlar ilahi ayələrin nümunələridir.

Minlərlə kilometr irili-xırdalı damarlar, onun bədənindəki çox zərif, eyni zamanda incə tükdən də nazik kiçik damarlar, min kilometr əlaqə sinirləri, əsəb sistemləri – bir sözlə, bütün bunların qərargah mərkəzi ilə rabitəsi həddindən artıq qəliz, həddindən artıq sirli, həmçinin insan beynində çox qüdrətli və güclüdür. Bədənin daxilindəki hər bir orqanın iş sistemi, qəfil hadisələr zamanı bu orqanın bir-birilə heyrətamiz hormoniyası, xarici amillər qarşısında bədəndəki qoruyucu qüvvələrin dönməz möhkəm müdafiəsi ilahi nişanələrdir. Bunlar insana aid idi.

İnsandan əlavə, yüz minlərlə canlı növü vardır. Mikroskopla görünən heyvanlardan tutmuş nəhəng heyvanlara qədər, bütün bunların müxtəlif və rəngarəng özəllikləri, quruluşları vardır. Bəzən bir canlı növünün araşdırılması üçün bir qrup alim bütün ömrünü sərf edir. Canlıların yaradılış sirləri barədə minlərlə kitab yazılmasına baxmayaraq, hələ də onların barəsində bildiklərimiz bilmədiklərimiz ilə muqayisədə çox azdır. Bunların hər biri öz növbəsində ilahi nişanə, Allahın elm və hik- mətini, böyük Yaradanın sonsuz qüdrətini göstərən bir nümunədir.

Bəs görəsən, nə üçün insanlar on illərlə bu nişanələr arasında yaşamalarına baxmayaraq, bunlardan, hətta birisini belə dərk etmirlər?! Bunun səbəbi Quranın dili ilə desək, aşağıdakı kimidir:

“Bu ayələr iman, eləcə də yəqin tələb edənlər, habelə təfəkkür və düşüncə sahibləri üçündür.” Öz qəlb qapılarını açan, bütün varlığı ilə yəqin, elm və bilik teşnəsi olan şəxslər ən kiçik hərəkəti, ən kiçik varlığı belə diqqətdən kənarda saxlamır, onun barəsində saatlarla düşünür, Allaha doğru qalxmaq üçün onu bir nərdivana çevirirlər. Hər bir varlıq onlar üçün Allahı tanımaq yolunda bir kitabdır. Onlar Allah ilə razu- niyaz edir, qəlb kasasını onun eşq badəsi ilə doldururlar. Bəli, bütün bu ayələr məhz yəqin əhli üçündür.

Sonrakı ayədə üç böyük nemətdən söz açılır. Bunlardan hər biri və digər canlıların həyatında da mühüm rol oynayır. Hər birisi ilahi bir ayədir. Onlar nur, su və havadan ibarətdir. Ayədə deyilir: "Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən bərəkət endirib, onun vasitəsilə yerə ölümündən sonra həyat bəxş etməsində, habelə küləklərin əsməsində düşüncəli insanlar üçün nişanələr vardır."

Nur və zülmət sistemi xüsusi bir nizam-intizamla biri digərini əvəz edən gecə ilə gündüzün dəyişilməsi, çox dəqiq hesablanmış heyrətamiz bir fenomendir. Əgər həmişə gündüz və ya günlər çox uzun olsaydı, istilik bütün varlıqları yandıracaq qədər yüksələrdi. Gecə həmişəlik və ya çox uzun olduqda isə bütün canlılar soyuqdan donardı.

Ayənin başqa bir təfsiri də vardır. Bu ehtimala əsasən, ayədəki müxtəliflik gecə ilə gündüzün bir-birini əvəz etməsi deyil, fəsillərə görə dəyişilməsidir. Bu dəyişilməinin nəticəsində müxtəlif məhsullar, bitkilər, meyvələr yetişir. Qar, yağış yağır, insanlara digər bu kimi bərəkətlər nazil olur.

Alimlərin qələmə aldıqları maraqlı faktlar var: Belə ki Yer kürəsinin müxtəlif coğrafiyalarında gecə ilə gündüzün uzunluğu fərqli olsa da, ilin günlərini hesabladıqda görürlər ki, Yer kürəsinin bütün hissələri Günəş nurundan eyni miqdarda faydalanır!

İkinci mərhələdə həyat bəxş edən səmavi ruzidən, yəni yağışdan söz açılır. Yağışın tərkibinin zülallığı şübhəsizdir və onun canlandırma qüdrətində söz yoxdur. Yağış hər yerdə həyatın, təravətin və gözəlliyin nümunəsidir.

Niyə də belə olmasın?! Axı insan bədəninin, eləcə də bir çox başq canlıların və bitkilərin əsas hissəsini su təşkil edir!

Üçüncü məqamda isə küləklərin əsməsindən söz açılır. Küləklər oksigen dolu havanı bir yerdən başqa yerə aparır və canlıların sərənca- mina verir. Karbonla zəhərlənmiş havanı isə təmizləmək üçün çöllərə, meşələrə və səhralara qovur. Bu havalar təmizləndikdən sonra, yenidən onları şəhərlərə və abadlıqlara ötürür. Təəccüblüdür ki, bu iki canlı aləm, yəni heyvanlar və bitkilər bir-birinin tamamilə ziddidirlər. Birincilər oksigeni udub, karbonu, ikincilər isə karbonu udub, oksigeni buraxır. Beləliklə, həyatın tənzimlənmə normativləri bərpa olunur. Zaman keçməsinə baxmayaraq, Yer kürəsindəki faydalı hava qaynaqları məhv olmur.

Küləklərin əsməsi bütün bunlardan əlavə, bitkilərin tozlanmasını da təmin edir. Onlar müxtəlif toxumları müxtəlif diyarlara aparır, təbiət aləmini bəsləyir, meşələri canlandırır, okeanların dərinliyində dalğalar əmələ gətirir. Bu dalğalar okeanlara və dənizlərə həyat, hərəkət bəxş edir. Orada yığılmış suları üfunət və fəsaddan qoruyur. Elə həmin küləklər gəmilərin nəhəng okeanlarda hərəkətə gəlməsinin təminatçısıdır.

Maraqlıdır ki, yuxarıdakı ayələrdə əvvəlcə göy və yer nişanələrindən söz açılır. Sonda isə buyurulur: "Bunlarda "möminlər" üçün bir sıra nişanələr vardır." Lakin daha sonra yerdəki varlıqların yaradılışından danışılır və belə deyilir: "Burada "yəqin əhli” üçün nişanələr vardır."

Nəhayət, növbəti mərhələdə nur, zülmət, yağış və külək belə xarakterizə edilir. Bunlarda “ağıl əhli” üçün nişanələr vardır.

Bu ifadələrin fərqinin səbəbi insanın mərifətullah yolunun üç mərhələsinin göstəricisi olması ola bilər. İnsan məqsədə çatmaq üçün əvvəlcə təfəkkür həddinə çatır. Sonra yəqin və elm. Növbəti dəfə isə iman mərhələsinə nail olur. İman mərhələsi terminlə desək, qəlbin bağlantısıdır. Dəyər baxımından iman birinci mərhələ, yəqin ikinci mərhələ, təfəkkür isə üçüncü mərhələdir. Bu sıralama ayələrdə qeyd olunmuşdur. Əlbəttə, xarici vücud baxımından məsələ əksinədir. Yəni əvvəlcə təfəkkür sonra yəqin, sonra iman gəlir. Başqa ifadə ilə desək, iman əhli olanlar ilahi ayələri müşahidə edərək bu ali mərhələyə yüksəlirlər. Lakin bu mərhələyə çatmayanlar, ən azından, yəqin və ya təfəkkür həddinə çatırlar.

Müfəssirlər başqa ehtimallar da vermişlər. Amma ən münasib bizim qeyd etdiyimizdir.

Mövzumuzun sonuncu ayəsində ötən bəhslərdən ümumi bir nəticə alınır və Quran ayələrinin əzəməti, onların əhəmiyyəti qeyd olunur. Ayədə deyilir: “Bunlar ilahi ayələrdir və Biz onu haqq olaraq sənə tilavət edirik”.

تلْكَآيَاتُاللهِنَتْلُوهَاعَلَيْكَبِالْحَقِّ)


Buradakı (tilkə) sözünün Quran ayələrinə və ya ötən ayələrdə İşarə olunan üfüqlərdəki və nəfslərdəki nişanələrə aid olması barədə deməliyik ki, müfəssirlər hər iki ehtimalı yazmışlar.

Lakin zahirən görünən odur ki, tilavət ifadəsini əsas tutsaq, söhbət Quran ayələrindən gedir. Əlbəttə, Quran ayələri məhz varlıq aləmindəki ilahi nişanələrin izahını verir. Bunu əsas tutsaq, hər iki təfsiri cəm etmək olar.

(tilavət) sözü (tilv) kökündəndir. Yəni bir sözü digər sözdən sonra söyləmək. Deməli, Quran ayələrinin tilavət olunması ayələrin dalbadal oxunmasıdır.

(həqq) ifadəsi isə bu ayələrin məzmununa, eyni zamanda Peyğəmbərin (s) nübüvvətinin və ilahi vəhyin həqqaniyyətinə işarədir. Başqa ifadə ilə desək, bu ayələr o qədər bəlağətli və məntiqlidir ki, həm özünün, həm də onu gətirənin haqlı olmasının sübutu elə bu ayələrin daxilində var.

Əgər onlar bu ayələrə iman gətirməyəcəklərsə, bəs nəyə iman gətirəcəklər?! Ona görə də sonuncu ayədə deyilir: "Bu kafir dəstə Allahın sözündən və ayələrindən sonra hansı sözə iman gətirəcəklər?"

(فَبأيحديثبَعْدَاللَّهِوَآيَاتِهِيُؤْمِنُونَ)


Təbərsi "Məcməül-bəyan"da deyir ki, bu ayədə keçən “hədis” sözü keçmiş xalqların ibrətamiz əhvalatlarına işarədir. Halbuki "ayələr” ifadəsi haqqı batildən ayıran dəlillərə deyilir və Quran ayələri hər iki mövzunu təqib edir.

Bəli, həqiqətən, Qurani-Kərim məntiq və tövhid dəlilləri, habelə öyüd-nəsihət baxımından elə güclü məzmuna malikdir ki, azacıq hazırlığı olan hər bir qəlb, haqq coşqusu olan hər bir baş onunla Allaha, təqvaya və paklığa doğru dəvət oluna bilər. Əgər bu aşkar ayələr kiməsə təsir göstərməsə, artıq onun hidayətinə heç bir ümid yoxdur.