Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Əhqaq Surəsinin Ayələrinə Qayıt →
Əl-Əhqaq Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Əhqaf surəsi, 1-3-cü ayələr

Əhqaf surəsi, 1-3-cü ayələr



بسم الله الرَّحْمنِ الرَّحِيم


حم .١


تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ .٢


مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنْذِرُوا مُعْرِضُونَ .٣


Ayələrin tərcüməsi.



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ha mim!

2\. Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir.

3\. Biz göyləri, yeri və bu ikisi arasında olanları yalnız haqq olaraq, məlum bir zaman üçün yaratdıq. Kafirlər isə qorxudulduqları şeylərdən üz döndərdilər.

Ayələrin təfsiri.



Bu aləmin yaranması haqqa əsaslanır.

Bu surə "Həvamim" adlanan yeddi surənin sonuncusudur. Müqəttəə hərflərin təfsiri barəsində, xüsusilə "Hamim" kəlməsi ilə əlaqədar “Bəqərə”, “Ali-İmran", "Əraf” və “Hamim”lə başlayan ötən surələrin əvvəlində kifayət qədər məlumat vermişik. Odur ki, təkrara ehtiyac duymuruq. Yalnız bu qədər demək istəyirik ki, bu insanı titrədən, hərəkət yaradan və məzmunlu Quran ayələri sadə əlifba hərflərindən, yəni “Hamim” və sair bu kimi hərflərdən əmələ gəlmişdir. Belə bir əzəmətli tərkibi bu qədər sadə materiallardan yaradan Allahın əzəmə- tinin böyüklüyü üçün bu, kifayət edər ki, Qiyamətə qədər Quran sirləri barəsində düşünməklə yenə bir çox mətləblər deyilməmiş qalır.

Bəlkə, məhz buna görə də dərhal belə əlavə edilir: "Bu kitab əziz və hakim (qadir və bacarıqlı) Allah tərəfindən endirilmişdir.

Bu cümlə "Hamim" surələrindən olan üç surənin, yəni “Zumər”, "Casiyə" və "Əhqaf” surələrinin başlanğıcında işlədilmiş ifadənin eynisidir.

Məlumdur ki, belə bir kitabı nazil etmək üçün məğlubedilməz qüdrət və sonsuz hikmət tələb olunur.

Ayənin davamında "yazılı kitab”dan "təkvin kitabı”na keçir və göylər ilə yerin əzəmət, habelə həqiqətindən belə söz açır: "Biz göyləri, yeri və bu ikisinin arasında olanları yalnız haqq olaraq yaratdıq."

خَلَقْنَاالسَّمَاوَاتِوَالْأَرْضَوَمَابَيْنَهُمَاإِلَّابِالْحَقِّ


Nə asiman kitabında haqqa zidd bir şey tapmaq olar, nə də yaradılış aləmində nizamsız, haqq ilə müxalif olan bir şey görmək. Bütün aləm nizamlı hesablanmış, harmoniyalı və haqqa uyğundur.

Lakin bu yaranışın əvvəli olduğu kimi, sonu da var. Odur ki, ayənin davamında deyilir: "Biz onun üçün müəyyən bir əcəl qərar vermişik”.

(وَأَجَلٍمُّسَمًّى)


Bu əcəlin çatması ilə dünya fani olacaq. Ancaq bu dünya haqq ilə birgə və müəyyən hədəfə malik olduğu üçün onun ardınca təbii olaraq, digər bir dünya gəlməlidir. Həmin dünyada da əməllərin nəticəsi araşdırılmalıdır. Deməli, bu dünyanın haqq olması özü-özlüyündə məadın varlığına bir dəlildir. Əks-təqdirdə, dünya puç və əbəs olar, saysız hesabsız zülm və haqsızlıqla dolardı.

Quranın və xilqət aləminin haqq olmasına baxmayaraq, inadkar kafirlər təhdid olunduqları şeylərdən üz döndərirlər.”

Quran ayələri ardıcıl olaraq, onları təhdid edir ki, önünüzdə böyük bir məhkəmə var. Digər tərəfdən isə xilqət aləmi özünəməxsus sistem və nizam-intizamla bir hesablamanın orada olduğunu göstərir, eyni zamanda da xəbərdarlıq edir. Lakin bu nadan qafillər nə ona baxırlar, nə də buna.

(muʻrizun) ifadəsi (iʻraz) kökündəndir. Bu ifadə demək istəyir ki, əgər təkvin ilə, yəni yaradılış, habelə yazılı ayələrdə üzləşsələr, həqiqətləri dərk edərlər. Lakin onlar da bunlardan üz çevirirlər. Onlar haqdan qaçırlar. Qorxurlar ki, əgər haqqa yönəlsələr, onların kor-koranə təqlidlərinin, təxəyyüllərinin və həvəsbazlıqlarının istiqamətində dəyişiklik olar.