Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Muhəmməd Surəsinin Ayələrinə Qayıt →
Muhəmməd Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Muhəmməd surəsi, 1-3-cü ayələr

Muhəmməd surəsi, 1-3-cü ayələr



بسماللهالرَّحْمنِالرَّحيم


الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ .١


وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَى مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ .٢


ذَلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ كَذَلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Kafirlərin və insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça çıxarır.

2\. İman gətirib, yaxşı işlər görənlərin, Rəbbi tərəfindən Muhəmmədə nazil edilən və tamamilə haqq-həqiqət olana inananların isə Allah günahlarından keçir, işlərini islah edir.

3\. Bu, ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə tabe olmuşlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir.

Ayələrin təfsiri.



Möminlər haqqın, kafirlər isə batilin davamçılarıdır.

Bu üç ayə dördüncü ayədə verilmiş mühüm bir döyüş tapşırığı üçün müqəddimə xarakteri daşıyır. Birinci ayədə kafirlərin, ikinci ayədə möminlərin vəziyyəti bəyan olunmuşdur. Üçüncü ayədə isə hər iki dəstə bir-biri ilə müqayisə olunmuşdur. Qoy bu istiqamətlərin şəffaflaşması ilə amansız və zalım düşmənlərə qarşı ideoloji müharibəyə daha yaxşı hazırlıq görülsün.

Öncə buyurulur: "Kafir olan və insanları Allahın yolundan saxlayanların əməllərini Allah məhv edir və itirir”.

Ayədə Məkkə müşriklərinin və küfür bayraqdarlarının vəziyyətinə işarə olunur. Onlar İslam əleyhinə olan döyüşlərin yaradıcıları idilər. Həm özləri kafir idilər, həm də başqalarını müxtəlif hiylə və planlarla Allahın yolundan saxlayırdılar.

Bəzi müfəssirlər, o cümlədən Zəməxşəri özünün “Kəşşaf” kitabında ayədəki (sədd) sözünü “imandan dönmək” kimi təfsir etmiş və bu ayəni iman haqqında söz açan digər ayənin müqabili kimi qələmə vermişdir. Lakin bu sözün Qurani-Kərimdə işlədildiyi digər mənaları nəzərə alaraq deməliyik ki, bu sözü elə orijinal mənası olan “maneə törətmək və kimlərinsə qarşısını almaq” anlamında qəbul etməliyik. ifadəsi əməllərin məhv olması anlamını verir. Çünki bir şeyi itirmək onu himayədarsız saxlamaq deməkdir. Bunun nəticəsi isə aradan getməkdir.

Bəzi müfəssirlər bu cümləni Bədr döyüşündə dəvələrini kəsib camaata infaq edənlərə işarə kimi qəbul edir. Bu döyüşdə Əbu Cəhl, Səfvan və Səhl ibn Əmr adam başına on dəvə olmaqla küfr qoşunu üçün otuz dəvə qurban etdi. Lakin bu əməllər şirk yolunda və şeytani planlar üçün baş verdiyindən nəticəsiz qaldı.

Ancaq görünən odur ki, ayənin hökmünü bu məzmunla məhdudlaşdırmaq olmaz. Əksinə, zahiri baxımdan yoxsullara yardım, qonaqpərvərlik və sair ünvanlarla edilmiş bütün əməllər imansızlığa görə tamamilə məhv olur.

Bundan əlavə, onların İslamı məhv etmək və müsəlmanları məğlubiyyətə uğratmaq üçün gördükləri işlər Allah tərəfindən məhv edilmiş və puç olmuşdur. Yəni onlar öz məqsədlərinə çata bilməmişdilər.

Növbəti ayə kafirlərin əks qütbü olan möminlər barəsindədir. Ayədə deyilir: “İman gətirib, saleh əməl edənlər Muhəmmədə (s) nazil olana və Allah tərəfindən göndərilmiş həqiqətə iman gətirənlər elə şəxslərdir ki, Allah onların günahlarını bağışlayar, işlərini dünyada da, axirətdə də islah edər”.

"İslam Peyğəmbərinə (s) nazil olanlara iman gətirmək” məsələsi mütləq şəkildə iman məsələsindən sonra qeyd olunmuşdur. Bu isə bu böyük Peyğəmbərin (s) proqramlarını təkidlə vurğulamaq üçündür. Başqa ifadə ilə desək, ümumi qanundan sonra xüsusi qanunu qeyd etmək xarakteri daşıyır. Bu ifadə göstərir ki, Peyğəmbərə (s) nazil olmuş həqiqətlərə iman gətirmədən Allaha iman məsələri əsla təkmil olmaz.

Digər ehtimal isə odur ki, birinci cümlə Allaha iman gətirməyə aiddir. Yəni bu cümlə etiqad xarakterlidir. İkinci cümlə isə İslamın məzmununa və Peyğəmbərin (s) təlimatlarına aid olan şeylərə iman gətirməkdir. Yəni əməli xarakter daşıyır. Başqa ifadə ilə desək, təkcə Allaha iman gətirmək kifayət etmir. Gərək (ona nazil edilənə) ifadəsinin tələblərinə də iman gətirilsin. Yəni Qurana, cihada, namaza, oruca və əxlaqi dəyərlərə iman gətirmək lazımdır. Bu elə bir iman olmalıdır ki, həm hərəkət və fəaliyyətin mənşəyi, həm də saleh əməllərə təkid olsun.

Diqqət çəkən məsələ odur ki, bu cümlədən sonra belə deyilir "Ona nazil olmuşlar həqiqətdir və Allah tərəfindəndir.” Yəni bu deyilənlərə iman gətirmək əsassız deyil. Çünki ona iman gətirənlər həqiqəti onda gördükəri üçün iman gətirmişlər.

"Min Rəbbihim” ifadəsi göstərir ki, həmişə haqq Allah tərəfindəndir. Ondan qaynaqlanır və ona qayıdır. Ayə bunu təkidlə bildirir.

Qeyd etmək lazımdır ki, Allah yolunu kəsən kafirlər üçün qeyd olunmuş iki cəzanın müqabilində əməli saleh möminlər üçün iki savab qeyd olunur. Birincisi, günahların örtülməsi və hər bir məsum olmayan insanın qaça bilmədiyi xətaların bağışlanması. İkincisi, əməllərin və işlərin islahı.

(bal) sözü müxtəlif mənalar kəsb edir və onlardan hal, iş, qəlb və sairlərini qeyd etmək olar. Rağib "Müfrədat" kitabında bu sözü “əhəmiyyətli vəziyyətlər” anlamına qəbul etmişdir. Deməli, ifadəsi insanın bütün tale yüklü məsələlərini və həyatındakı əməlləri qaydaya salmaq anlamını verir. Belə olduğu təqdirdə, təbii olaraq, həm dünyəvi qələbəyə, həm də uxrəvi xilasa şamil olunacaq. Bu məsələ kafirlərin aqibətinin tamamilə əksidir. Çünki ayəsinin hökmünə əsasən, onların bütün zəhmətləri onlara məğlubiyyətdən başqa heç nə verməyəcək.

Demək olar ki, günahların bağışlanması onların imanının nəticəsi, işlərin düzəlməsi isə saleh əməllərin bəhrəsidir.

Möminlər həm düşüncə baxımından aram və təmkinlidirlər, həm əməli proqramlarında qalibdirlər.

“اصلاح بال“ ifadəsi bütün bunlara şamil olunan geniş anlam kəsb edir. İnsanın rahat və sakit bir ruha, arxayın bir qəlbə, faydalı və islahatçı xarakterli proqramlara malik olmasından daha böyük nemət ola bilərmi?!

Sonuncu ayədə Qurani-Kərim bu qələbənin və məğlubiyyətin əsas səbəbini qısa, lakin məzmunlu müqayisə ilə belə bəyan edir: "Səbəb odur ki, kafirlər batilə, möminlər isə Allah tərəfindən olan haqqa tabe oldular."

ذلِكَبِأَنَّالَّذِينَكَفَرُواأَتَّبَعُواالْبَاطِلَوَأَنَّالَّذِينَآمَنُوااتَّبَعُواالْحَقَّمِن


Maraqlıdır ki, bu iki istiqamət, yəni iman və küfr, haqq ilə batil adlı iki istiqamətdən qaynaqlanır. Haqq, yəni əyani reallıqlar və bu reallıqların ən üstünü Allahın pak zatıdır. Sonra isə insanın həyatı, onun Allah ilə əlaqəsinə hakim olan qanunlar və bütün bunların bir-biri ilə əlaqəsinə bağlı həqiqətlər gəlir.

“Batil” isə gümanlar, xəyallar, hiylələr, mövhum əfsanələr, əbəs və məqsədsiz işlər - bir sözlə, varlıq aləminə hakim olan qanunların ziddinə olan bütün məsələlər deməkdir.

Bəli, möminlər haqqa tabedirlər. Kafirlər isə batilə. Odur ki, möminlər qalib, kafirlər məğlubdurlar.

Başqa ayələrdə deyilir:

وَمَاخَلَقْنَاالسَّمَاءِوَالْأَرْضَوَمَابَيْنَهُمَابَاطِلا


“Biz göyü və yeri, habelə bu ikisinin arasındakıları əbəs yaratmadıq.”

Bəzi müfəssirlər "batil" sözünü "şeytan", digərləri isə “əbəs” mənasında təfsir etmişlər. Ancaq dediyimiz kimi, batil sözü bütün bunları əhatə edən geniş anlam kəsb edir.

Ayənin sonunda deyilir: "Beləcə, Allah insanlar üçün onların həyatının misallarını bəyan edir”.

كَذَلِكَيَضْرِبُاللهُلِلنَّاسِأَمْثَالَهُمْ


Yəni bu ayələrdə mömin və kafir şəxslərin həyat istiqamətlərini onların inanc və əməl sahəsində proqramlarını, habelə işlərinin nəticələrini bəyan etdiyi kimi, aqibətlərini də müəyyənləşdirir.

Rağib "Müfrǝdat" kitabında yazır: (məsəl) sözü hər hansı bir şey haqqında onun bənzəri barəsində deyilən söz anlamını verir. Yəni bir söz digərini izah edir. Başqa ifadə ilə desək, (məsəl) təşbeh mənasına bənzər bir mənadır. Raqibin digər açıqlamalarında isə belə məlum olur ki, bu söz bəzən "təşbeh", bəzən isə "təsvir” anlamını verir.

Görünən odur ki, bəhsimizin ayəsindəki əsas fikir sonuncu məna- dan ibarətdir. Yəni Allah insanların vəziyyətini beləcə təsvir edir. Necə ki Muhəmməd (s) surəsinin 15-ci ayəsində deyilir:

مَثَلُالْجَنَّةِالَّتِيوُعِدَالْمُتَّقُونَ


"Təqvalılara vədə verilmiş Cənnətin təsviri belədir..."

İstənilən halda, bu ayədən gözəl şəkildə aydın olur ki, haqqa yaxın olduğumuz qədər imana yaxınıq. Bizim inanc və əməllərimiz batilə meyilli olduğu qədər iman həqiqətlərindən uzaqlaşıb küfrə yaxınlaşmış oluruq. Çünki iman ilə küfr, haqq ilə batil deməkdir.