Əl-Fəth Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Fəth surəsi, 1-ci ayə
Fəth surəsi, 1-ci ayə
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا .١
Ayənin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Biz sənə aydın bir qələbə verdik.
Ayənin təfsiri.
Aydın qələbə!
Bu surənin ilk ayəsində həzrət Peyğəmbərə (s) böyük müjdə verilir. Bəzi hədislərə əsasən bu müjdə həzrət Peyğəmbər (s) üçün bütün dünyadan əziz olub. Buyurur: “Biz sənə aydın bir qələbə verdik”.
(إِنَّافَتَحْنَالَكَفَتْحًامُّبِينًا)
Bu, elə bir qələbədir ki, İslamın inkişafına və müsəlmanların həyatına həm yaxın, həm də uzaq gələcəkdə öz müsbət nəticələrini göstərib və göstərməkdədir və İslam tarixində onun bənzəri ya çox az olub, ya ümumiyyətlə olmayıb.
Təfsirçilər ayədə “qələbə” deyəndə hansı qələbənin nəzərdə tutulması barədə müxtəlif nəzərlər irəli sürüblər. Təfsirçilərin əksəriy- yətinin nəzərincə o, Hüdeybiyyə sülhündən müsəlmanlara nəsib olan böyük qələbəyə işarədir.
Bəziləri isə onu Məkkənin fəthinə işarə hesab ediblər. Başqa bir dəstə isə onun Xeybər qalasının fəthini nəzərdə tutduğunu deyiblər. Həmçinin başqa bir dəstə onu İslamın güclü məntiq, tutarlı dəlil və aşkar möcüzələrlə bütün düşmənlərə qalib gəlməsinə işarə hesab edib. Və nəhayət bəzilərinin nəzərincə o, elmlərin sirlərinin Peyğəmbərə (s) açılmasına işarədir.
Lakin əldə olan çoxsaylı dəlillər Hüdeybiyyə sülhünün nəzərdə tutulduğunu deyən nəzərin daha üstün olduğunu göstərir. Bu ayələrin təfsirinin daha yaxşı aydın olması üçün hər şeydən əvvəl Hüdeybiyyə hadisəsinin müxtəsər tarixçəsinə nəzər salmaq lazımdır. Həmin hadisə bu ayələrin nazilolma səbəbi kimidir.
Hüdeybiyyə sülhü.
Hicrətin altıncı ilinin Zilqədə ayında həzrət Peyğəmbər (s) ümrə ziyarəti məqsədi ilə Məkkəyə doğru hərəkət etdi və bütün müsəlmanları bu səfərdə iştirak etməyə həvəsləndirdi. Onların bəzisi bu səfərdə iştirak etməkdən imtina etsə də, mühacir, ənsar və bədəvi ərəblərin böyük hissəsi o Həzrətlə (s) birlikdə Məkkəyə yola düşdü.
Sayı təxminən min dörd yüz nəfər olan bu dəstənin hamısı ehram paltarı geyindi. Onlar özləri ilə müsafir qılıncından başqa heç nə götürmədilər.
Onlar Məkkə yaxınlığındakı Əsfan bölgəsinə yetişəndə həzrət Peyğəmbərə (s) xəbər çatdı ki, Qüreyş onların Məkkəyə daxil olmasına mane olmaq istəyir. Peyğəmbər (s) Hüdeybiyyəyə çatdı. (Hüdeybiyyə Məkkənin 20 kilometrliyində yerləşən kənd idi. Oranın belə adlan- dırılmasının səbəbi orada yerləşən quyu, ya ağac ilə əlaqəli olub.) Peyğəmbər (s) buyurdu: “Burada dayanın!" Səhabələr dedilər: "Burada su yoxdur". Həzrət Peyğəmbər (s) möcüzəvi şəkildə orada olan quyudan səhabələri üçün su çıxartdı.
Həmin müddətdə problemin həll olması üçün Qüreyş ilə Pey- ğəmbər (s) arasında elçilər get-gəl edirdi. Nəhayət zəkalı şəxslərdən olan Ürvə ibn Məsud Səqəfi Qüreyş tərəfindən həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbər (s) ona belə buyurdu: "Mən müharibə etmək məqsədi ilə gəlməmişəm, yeganə məqsədim Allah evini ziyarət etməkdir”. Ürvə bu görüş zamanı həzrət Peyğəmbərin (s) dəstəmaz alma səhnəsini müşahidə etdi və gördü ki, səhabələr o Həzrətin (s) dəstəmaz suyunun bir damcısını da yerə düşməyə qoymurlar. O, Qüreyşin yanına qayıdanda belə dedi: "Mən Xosrovun, Kayzerin, Nǝcaşinin saraylarında olmuşam, amma heç vaxt öz tayfası arasında Muhəmməd kimi əzəmətli bir rəhbər görməmişəm. Əgər siz onların Muhəmməddən əl çəkəcəyini güman edirsinizsə, yanılırsınız. Siz belə fədakar şəxslərlə qarşı-qarşıyasınız. Buna görə də düzgün qərar qəbul edin”.
Peyğəmbər (s) Ömərə təklif etdi ki, Məkkəyə gedərək Qüreyşin böyüklərini bu səfərin məqsədindən xəbərdar etsin. Ömər dedi: "Qüreyşin mənimlə ədavəti var, onlardan qorxuram. Yaxşı olar ki, bu işə Osmanı göndərəsən”. Osman Məkkəyə getdi. Çox keçmədən müsəl- manlar arasında Osmanın öldürülməsi şayiəsi yayıldı. Peyğəmbər (s) ciddi addım atmaq qərarına gəldi və orada olan ağacın altında səha- bələri ilə bəyətini təzələdi. Sonradan bu beyət "beyəti-rizvan" adı ilə məşhurlaşdı. Həzrət Peyğəmbər (s) səhabələri ilə son nəfəsə kimi müqavimət göstərmələri barədə əhd-peyman bağladı. Lakin çox keçmədi ki, Osman qayıtdı. Qüreyş onun ardınca Süheyl ibn Əmri sülh müqaviləsi bağlamaq üçün həzrət Peyğəmbərin (s) yanına göndərdi və onların bu il Məkkəyə daxil olmasının əsla mümkün olmadığını bildirdi.
Uzun danışıqlardan sonra tərəflər arasında sülh müqaviləsi bağlandı. Müqavilənin bəndlərindən biri də bu oldu ki, müsəlmanlar bu il ümrə ziyarətindən vaz keçsinlər və Məkkəyə gələn il gəlsinlər. Amma onun da şərti bu oldu ki, Məkkədə üç gündən artıq qalmayacaq, özləri ilə müsafir silahından başqa silah gətirməyəcəklər. Müqaviləyə Mədinədən Məkkəyə gələn müsəlmanların mal və canlarının toxunulmazlığı, müsəlmanlarla müşriklər arasında on il müharibə olmaması, Məkkədəki müsəlmanların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdə azad olmaları barədə də bir sıra bəndlər daxil edilmişdi.
Əslində bu müqavilə hər iki tərəf üçün hərtərəfli toxunulmazlıq sazişi idi və müsəlmanlarla müşriklər arasındakı müharibəyə müvəqqəti də olsa son qoyurdu.
Bu sülh müqaviləsinin mətni yazılmağa başlayanda həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) göstəriş verdi ki, "Bismillahir rəhmanir rəhim" yazsın.
Müşriklərin nümayəndəsi olan Süheyl ibn Əmr dedi: "Bu cümlə mənə tanış deyil. “Bismikəllahummə” yaz!”
Peyğəmbər (s) buyurdu: "Bismikəllahummə” yaz!"
Həzrət Peyğəmbər (s) daha sonra belə yazmaq göstərişi verdi: "Bu, Allahın elçisi Muhəmməd ilə Süheyl ibn Əmrin razılığa gəldiyi sülh müqaviləsidir".
Süheyl dedi: “Əgər biz səni Allahın elçisi hesab etsəydik, səninlə vuruşmazdıq. Ancaq öz adını və atanın adını yaz!"
Peyğəmbər (s) buyurdu: “Eybi yoxdur, belə yaz: “Bu, Muhəmməd ibn Abdullahın Süheyl ibn Əmr ilə insanların asayişdə yaşaması üçün müharibənin on il tərk edilməsi barədə razılığa gəldiyi sülh müqaviləsidir".
Bundan əlavə: "Qüreyş qəbiləsindən kim qəyyumunun icazəsi olmadan Muhəmmədin yanına getsə (və İslamı qəbul etsə), geri qaytarılmalıdır. Amma Muhəmmədin yanında olanlardan kim Qüreyşin yanına getsə, onun geri qaytarılmasına lüzum yoxdur”.
"Bütün qəbilələr azaddırlar, onlardan kim istəsə Muhəmmədin, kim istəsə Qüreyşin sazişinə qoşula bilər.
Həmçinin tərəflər bir-birinə xəyanət etməmək (və bir-birinin can və malına hörmətlə yanaşmaq) barədə öhdəlik götürürlər.
Bundan əlavə Muhəmməd bu il Məkkəyə daxil olmayıb geri qayıdır, amma gələn il Qüreyş üç gün Məkkədən çıxacaq ki, o, öz səhabələri ilə ziyarətə gəlsin. Amma onlar Məkkədə üç gündən artıq qalmamalıdırlar (ümrə ziyarətini yerinə yetirib geri qayıtmalıdırlar). Əlbəttə, bu da o şərtlə olacaq ki, onlar özləri ilə müsafir silahından, yəni qılıncdan - o da qınında - başqa silah götürməsinlər.
Müsəlman və müşriklərdən bir dəstəsi bu müqaviləyə şahidlik edir. Bu müqavilənin katibi Əli ibn Əbu Talib (ə) olub"."
Mərhum Əllamə Məclisi "Biharul-ənvar" kitabında bu müqavilə- nin bəzi bəndlərini nəql edib, o cümlədən:
"Məkkədə İslam aşkar olmalıdır və heç kəs din seçimində məcburiyyətə məruz qalmamalı, müsəlmanlar incidilməməlidirlər”.
Bu mənaya müxtəsər şəkildə öncə də işarə edildi.
Həzrət Peyğəmbər (s) göstəriş verdi ki, müsəlmanlar özləri ilə gətirdikləri dəvələri elə orada kəssinlər, başlarını təraş etsinlər və ehramdan çıxsınlar.
Amma bu göstəriş bəzi müsəlmanlara ağır gəldi. Onlar düşünürdülər ki, ümrə əməllərini yerinə yetirmədən ehramdan çıxmaq mümkün deyil. Lakin Peyğəmbər (s) şəxsən özü qabağa düşdü və qurbanlıq dəvəsini kəsdi, ehramdan çıxdı və müsəlmanlara başa saldı ki, bu, ehram və qurbanlıq qanunlarında Allah tərəfindən müəyyənləşdirilmiş bir istisnadır.
Müsəlmanlar həzrət Peyğəmbərin (s) şəxsən özünün elə etdiyini görəndən sonra o həzrətə tabe oldular və onun göstərişlərini tam dəqiqliyi ilə yerinə yetirdilər. Onlar daha sonra Mədinəyə qayıtdılar. Amma onların qəlbində qəm-qüssə var idi. Çünki zahirdə bu hadisə və bu səfər məğlubiyyət kimi görünürdü. Lakin onlar Hüdeybiyyə sülhünün ardınca müsəlmanları və İslamın gələcəyini hansı qələbələrin gözlədiyini bilmirdilər. Həmin vaxt "Fǝth" surəsi nazil oldu və İslam Peyğəmbərinə (s) böyük qələbə müjdəsi verdi.
Hüdeybiyyə sülhünün siyasi, ictimai və dini nəticələri.
Əgər biz müsəlmanların hicrətin altıncı ilindəki (Hüdeybiyyə sülhü vaxtı) vəziyyəti ilə iki il sonra müşriklərin əhd-peymanlarını pozma- larına tutarlı cavab vermək üçün on minlik tam təchizatlı qoşunla Məkkəni fəth etmək məqsədi ilə hərəkət etdiyi və sonda heç bir hərbi qarşıdurma baş vermədən Məkkəni fəth etdiyi (və Qüreyş qəbiləsinin özündə zərrəcə müqavimət göstərmək qüdrəti hiss etmədiyi) vaxtdakı vəziyyətini müqayisə etsək, Hüdeybiyyə sülhünün nəticələrinin nə qədər böyük olduğunu görərik.
Müsəlmanlar bu sülh müqaviləsindən bir neçə mühüm imtiyaz və qələbə əldə etdilər. Biz müxtəsər şəkildə onların bəzisinə işarə edirik:
1\. Məkkədəki aldadılmış kütləyə əməli şəkildə göstərdilər ki, məqsədləri adam öldürmək deyil və müqəddəs Məkkə şəhərinə və Allahın evinə böyük hörmətləri var. Bu da çoxlarının İslama üz tutmasına səbəb oldu.
2\. Qüreyş ilk dəfə olaraq İslam və müsəlmanları rəsmi olaraq tanıdı və bu, onların Ərəbistan yarımadasındakı mövqelərinin güclənməsinə səbəb oldu.
3\. Hedeybiyyə sülhündən sonra müsəlmanlar istədikləri yerə gedib- gələ bilirdilər və həm can, həm də malları toxunulmaz idi. Həmçinin onlar müşriklərlə yaxından ünsiyyətdə olurdular və bu da müşrikərin İslamla daha yaxşı tanış olmalarına və İslama üz tutmalarına səbəb olurdu.
4\. Hüdeybiyyə sülhündən sonra Ərəbistan yarımadasının hər yerində İslamın yayılmasına qapılar açıldı, həzrət Peyğəmbərin (s) sülhsevərliyi İslam və Peyğəmbər (s) barəsində yanlış təsəvvürdə olan tayfaları onlar barəsində yenidən düşünməyə sövq etdi və təbliğat baxımından müsəlmanlar daha geniş imkanlar əldə etdilər.
5\. Hüdeybiyyə sülhü yəhudilərin İslam və müsəlmanlar üçün həm həmin vaxt, həm də gələcəkdə böyük təhlükə sayılan Xeybər qalasının fəth edilməsinə yol açdı.
6\. Ümumiyyətlə Qüreyşin həzrət Peyğəmbərin (s) heç bir döyüş silahı olmayan min dörd yüz nəfərlik qoşunu ilə qarşılaşmaqdan qorxması və sülh müqaviləsinin şərtlərini qəbul etməsi İslam tərəfdarlarının ruhiyyəsinin güclənməsi və onların düşmənlərinin məğlub olma amili idi və düşmənlərin müsəlmanlarla nə qədər hesablaşdıqlarından xəbər verirdi.
7\. Hüdeybiyyə hadisəsindən sonra Peyğəmbər (s) İran, Roma və Həbəşistan kimi böyük ölkələrin başçılarına, həmçinin dünyanın digər böyük padşahlarına çoxsaylı məktublar yazdı və onları İslama dəvət etdi. Bu, Hüdeybiyyə sülhünün müsəlmanların özünəinam hissini nə qədər gücləndirməsinin göstəricisi idi. Buna görə də onlar təkcə Ərəbistan yarımadasında deyil, dünya miqyasında özlərinə yol açmaq istəyirdilər.
İndi ayələrin təfsirinə qayıdaq.
Deyilənlərdən məlum oldu ki, Hüdeybiyyə sülhü İslam və müsəlmanlar üçün həqiqətən böyük fəth və qələbə olub. Buna görə də Quranın onu "aydın bir qələbə” adlandırması təəccüblü deyil.
Bu təfsiri qeyd edilənlərdən əlavə çoxsaylı digər dəlil və nişanələr də təsdiqləyir:
1\. Ayənin ərəbcə orijinalında işlənmiş (fətəhna) (qələbə verdik) sözünün keçmiş zaman feili formasında gətirilməsindən belə məlum olur ki, bu ayələr nazil olanda həmin iş artıq baş verib qurtarmışdı. Bildiyimiz kimi həmin vaxt Hüdeybiyyə sülhündən başqa bir iş baş verməmişdi.
2\. Bu ayələrin öncə qeyd edilən nazilolma tarixi, həmçinin Hüdeybiyyə hadisəsi zamanı möminlərin mədh, münafiq və müşriklərin isə məzəmmət edilməsi də qeyd edilən mənanı təsdiqləyir.
Bu surənin 27-ci ayəsində həzrət Peyğəmbərin (s) çin çıxan yuxusuna işarə edərək buyurur: "Allahın istəyi ilə, siz son dərəcə əmin-amanlıq içində, başlarınızı qırxdırmış və ya qısaltmış halda, heç kəsdən qorxmadan, çəkinmədən, hökmən, Məscidül-hərama daxil olacaqsınız”. Bu, aydın şəkildə sözügedən surənin Hüdeybiyyə sülhündən sonra və Məkkənin fəthindən qabaq nazil olmasına dəlalət edir.
3\. Müxtəlif hədislərdə Hüdeybiyyə sülhü "aydın bir qələbə” kimi təqdim edilib. O cümlədən:
“Cəvamiul-came” təfsirində belə nəql edilib: “Həzrət Peyğəmbər (s) Hüdeybiyyədən qayıdanda ("Fəth" surəsi nazil oldu və) səhabələrdən biri dedi:
# ماهذَاالْفَتْحُلَقَدْصُدِدْنَاعَنِالْبَيْتِوَصُدَّهَدْينا
"Bu necə fəthdir ki, Allah evini ziyarət etməyimizə mane oldular, qurbanlığımızın qarşısını kəsdilər?!"
Həzrət Peyğəmbər (s) buyurdu:
# بئْسَالْكَلامُهَذابَلْهُوَأَعْظَمُالْفُتُوحِ،قَدْرَضِيَالْمُشْرِكُونَأَنْيَدْفَعُوكُمْعَنْبلادهمبالرّاح،وَيَسْتَلُوكُمُالْقَضِيَّةَ،وَرَغَبُواإِلَيْكُمْفِيالآمَانِوَقَدْرَأَوْامِنْكُمْماكَرِهُوا!
"Bu, pis sözdür! Bəli, bu bizim böyük qələbəmiz idi. Çünki müşriklər sizi diyarınızdan zor tətbiq etmədən uzaqlaşdırmağa, sizə sülh təklif etməyə razı oldular və əvvəl məruz qaldıqları bütün narahatlıqlara baxmayaraq təcavüzü tərk etməyə meyl göstərdilər".
Sonra Peyğəmbər (s) onların Bədr və Əhzab müharibəsində qatlaşdığı narahatlıqları yada saldı, müsəlmanlar da bunun ən böyük qələbə olduğunu, lakin özlərinin nadanlıq üzündən yanlış mühakimə yürütdüklərini təsdiq etdilər.
Tabiilərin məhşur simalarından olmuş Zühəri deyir: "Hüdeybiyyə sülhündən böyük qələbə olmayıb. Çünki onda müşriklər müsəlmanlarla əlaqədə oldular və İslam onların qəlbində özünə yer etdi. Üç il ərzində xeyli adam İslamı qəbul etdi və müsəlmanların sayı artdı.
Hədislərdə Hüdeybiyyə sülhü nəticəsində müsəlmanlara nəsib olmuş bəzi imtiyazlara işarə edilib.
"Biz sənə aydın bir qələbə verdik" ayəsinin Məkkənin fəthindən sonra nazil olması İmam Əli ibn Musa Rzadan (ə) nəql edilmiş tək bir hədisdə qeyd edilib.
Lakin Hüdeybiyyə sülhü iki il sonra Məkkənin fəthi üçün müqəddimə xarakteri daşıdığı üçün bu hədisi yozmaq elə də çətin deyil. Başqa sözlə desək, Hüdeybiyyə sülhü yaxın gələcəkdə (hicrətin yeddinci ilində) Xeybərin fərhinə, uzaq gələcəkdə Məkkənin fəthinə, həmçinin dünyanın bütün səhnələrində qəlblərə nüfuz etmək baxımından İslamın qələbə çalmasına səbəb oldu. Bundan əlavə bu ayənin də Quranın bəzi digər ayələri kimi iki dəfə nazil olma ehtimalı var.
Bu ayə barəsində qeyd edilən dörd təfsirin hamısını bir-biri ilə uzlaşdırmaq da olar. Sadəcə onun əsas mehvəri Hüdeybiyyə sülhündən ibarətdir.