Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Maidə Surəsinin Ayələrinə Qayıt →
Əl-Maidə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Maidə surəsi, 1-ci ayə

Maidə surəsi, 1-ci ayə



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ أُحِلَّتْ لَكُمْ بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنْتُمْ حُرُمٌ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ .١


Ayənin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ey iman gətirənlər! Əhdlərə (müqavilələrə) sadiq olun. (Aşağıda) adları çəkiləcək heyvanlar istisna olmaqla, dördayaqlı heyvanlar (və onların dölləri) sizə halal edildi. Ehram zamanı ov etməyi halal bilməyin. Allah istədiyini hökm edər!

Ayənin təfsiri.



Əhdə vəfa etməyin zəruriliyi.

İslami rəvayətlərdən və böyük təfsir alimlərinin sözlərindən belə anlaşılır ki, bu surə Peyğəmbərə (s) nazil olan sonuncu surədir (və ya surələrdəndir).

“Əyyaşi” təfsir kitabında İmam Baqirdən (ə) nəql olunub ki, Həzrət Əli ibn Əbutalib (ə) belə buyurdu: "Maidə” surəsi Peyğəmbər (s) vəfat etməzdən iki və ya üç ay əvvəl nazil olmuşdur”.

Bəzi rəvayətlərdə bu surənin nasix olub, mənsux olmaması barədə fikirlər də bu mövzuya işarədir.

Surənin Peyğəmbərə (s) nazil olan sonuncu surǝ olması məsələsi "Bəqərə" surəsinin 281-ci ayəsinin təfsirində qeyd etdiyimiz "Rəvayətlərə əsasən, bu ayə (yəni "Bəqərə" surəsi, 281-ci ayə) Peyğəmbǝrǝ (s) nazil olan sonuncu ayədir" fikrinə zidd deyil. Çünki burada surədən söhbət getdiyi halda, orada bir ayədən danışılır.

Bu surədə - elə bu xüsusi mövqeyinə görə - bir sıra islami məfhumlara, son dini proqramlara, ümmətə rəhbərlik və Peyğəmbərin (s) canişini məsələsinə təkid olunur və bəlkə də, buna görə sözügedən surə ǝhd-peymana vəfa etməyin vacibliyi məsələsi ilə başlanıb.

Hər halda, ilk cümlədə buyurur: “Ey iman gətirənlər! Əhdlərə (müqavilələrə) sadiq olun”.

Və bu vasitə ilə imanlı şəxsləri keçmişdə Allahla bağladıqları və ya hazırkı surədə işarə olunan əhd-peymana əməl etməyə vadar edir.

Sanki səfərə çıxmağa hazırlaşan şəxs vidalaşma anında öz yaxınlarına və davamçılarına təkidlə bildirir ki, onun tapşırıqlarını və tövsiyələrini unutmasınlar və onunla bağladıqları müqavilələrə sadiq qalsınlar.

Diqqət edilməlidir ki, (üqud) sözü (əqd) sözünün cəmidir və əslində, “möhkəm bir şeyin ətrafını toplamaq" mənasındadır, elə bu səbəbdən də ipin iki tərəfini və ya iki ipi bir-birinə düyünləməyə də (ǝqd) deyirlər.

Bundan sonra fiziki və intuitiv mənadan mənəvi mənaya nəql olunub və istənilən əhd və müqaviləyə (ǝqd) deyilib. Lakin bir qrup fəqih və təfsir alimlərinin qəti fikrinə əsasən, (əqd) ǝhd- peymandan daha məhdud mənaya malikdir. Çünki (ǝqd) kifayət qədər möhkəm olan əhd-peymanlara deyilir.

Bəzi rəvayətlərdə və ibarələrdə “əqd" və "əhd"in eyni mənada işləndiyini görürüksə, bunun dediyimizlə heç bir təzadı yoxdur, çünki burada bu iki kəlmənin detallarını deyil, ümumi şərhini bəyan etmək nəzərdə tutulub.

“əl uqud” kəlməsi terminlə desək, “əlif və lam ilə bəzədilmiş cəm" olduğu və ümumi məna kəsb etdiyi, həmçinin cümlənin özü tamamilə mütləq və konkret olduğu üçün yuxarıdakı ayə insanların öz aralarında və insanlarla Allah arasında bağlanan "əhdə vəfa etməyin və sadiq qalmağın” vacibliyinə sübutdur.

Beləliklə, bütün ilahi və insani peymanları, bütün siyasi, iqtisadi, ictimai, ticari, evlilik və bu kimi müqavilələri və əhdləri əhatə edir. O cümlədən tamamilə geniş bir mənası vardır ki, əqidə və əməldən tutmuş insan həyatının bütün hissələrinə aiddir. Burada fitri və tövhidi peymanlardan tutmuş insanların həyatın müxtəlif məsələləri üzündən bir-biri ilə bağladıqları əhd və peymanlara qədər hər şeyi əhatə edir.

"Ruhul-mǝani" təfsir kitabında Rağibdən belə nəql olunub: Tǝrǝf- lərin vəziyyətini nəzərə aldıqda (əqd) üç növə bölünür:

\- Bəzən ǝqd Allahla bəndə arasındadır;

\- Bəzən insanla özü arasında;

Bəzən də özü ilə digər bəşər övladları arasında bağlanır' (Doğrudur, bütün bu üç növ "əqd"in iki tərəfi var, lakin özü ilə əhd etdikdə özünü müqavilənin tərəfləri olan iki şəxs olaraq fərz edir).

Hər halda, ayənin məfhumu o qədər genişdir ki, müsəlmanların qeyri-müsəlmanlarla bağladıqları ǝhd-peymanlara və müqavilələrə də şamil olunur.

Sonra əhdə vəfa etmək barədə (bu tapşırıq bütün ilahi əhkamlara və əhd-peymanlara şamil olunur) tapşırığın ardından bir sıra İslam hökmlərini bəyan edir ki, onların birincisi, bəzi heyvanların ətinin halal olması barədədir. Allah-taala buyurur: “Dördayaqlı heyvanlar (və onların rüşeymləri) sizə halal edildi”.

(ǝnam) sözü (nəəm) sözünün cəmi olub, dəvə, inək və qoyun mənasındadır?

(bəhimə) kəlməsi (buhmət) kökündən olub, əslində, “möhkəm daş” mənasındadır və dərk edilməsi çətin olan hər şeyə (mubhəm) deyilir. Həmçinin danışmaq qabiliyyəti olmayan bütün heyvanlara "bəhiməh" deyilir. Çünki onların səsləri anlaşılmazdır, lakin adətən bu kəlmə yalnız dördayaqlılar barədə işlənilir, yırtıcılara və quşlara isə şamil olunmur.

Heyvanların dölləri də anlaşılmaz olduqları üçün "bəhiməh" adlanır.

Buna görə də “بَهِيمَةُالأَنْعَامِ", yəni “halaldır" dedikdə ya (bundan sonra ayədə qeyd olunanlar istisna olmaqla) bütün dördayaqlıların, ya da əti halal olan heyvanların bətnlərində olan balalaların (yaradılışı tamamlanan, bədənlərində tük və yun bitən döllərinin) halal olması nəzərdə tutulur.

Dəvə, inək və qoyunun halal olması bu ayədən əvvəl insanlara bəlli olduğu üçün hazırkı ayədə həmin heyvanların döllərinə işarə olunduğu ehtimal edilir.

Lakin daha real təfsir budur ki, ayənin geniş mənası vardır və burada həm bu kimi heyvanların, həm də onların döllərinin halal olduğu bəyan edilir. Bundan əvvəl bu heyvanların halal olduğu məlum idisə də, burada sonrakı istisnalar üçün giriş olaraq təkrar olunub.

Bu cümlənin təfsirində dediklərimizdən aydın oldu ki, bu hökmün əhdə vəfa etməyin vacibliyinin ümumi prinsipi ilə rabitəsi bu cəhətdəndir ki, bu ümumi prinsip Allahla bəndələr arasında bir müqavilə olan ilahi hökmlərə təkid edir.

Daha sonra bir sıra hökmlər bəyan olunub ki, bu hökmlərdən biri də bəzi heyvanların ətinin halal, bəzilərinkinin isə haram olması barədədir.

Bundan sonra ayənin davamı olaraq dördayaqlıların ətinin halal olması hökmündə iki istisnanı qeyd edərək buyurur: “(Aşağıda) adları çəkiləcək heyvanlar istisna olmaqla”.

Və "Ehram (təməttö və ya ümrə həccini yerinə yetirmək üçün hazırlaşdığınız) zamanı ov etmək haramdır".

Və sonda buyurur: “Allah istədiyini hökm edər!"

Yəni O, hər şeyə agah və hər şeyin sahibi olduğu üçün bəndələrinin xeyrinə və məsləhətinə olan və hikmətin tələb etdiyi har bir hökmü verir.

İncəliklər:



1\. "اصالة اللزوم في العقود", yəni müqavilənin icrasının vacibliyi prinsipi Bu ayə İslam hüquqları məsələlərində fiqhin başdan-başa ona istinad və ondan istifadə etdiyi ayələrdəndir və buradan mühüm bir fiqhi qayda "اصالة اللزوم في العقود" alınır. Yəni iki tərəf arasında əşyalar və ya işlər barədə bağlanan istənilən əhd-peyman və müqavilənin icrası vacibdir. Və hətta bu ayə bəzi tədqiqatçıların da qeyd etdiyi kimi - günümüzdə və keçmişdə mövcud olan, yaxud gələcəkdə doğru qaydalar çərçivəsində ağıllı insanlar tərəfindən yaranacaq müxtəlif şirkətlər, müqavilələr və əməkdaşlıqlara şamil olunacaq və ayə onların hamısını səhih hesab edir və edəcək (Əlbəttə, bu, İslamın müqavilələr üçün nəzərdə tutduğu ümumi qaydaları nəzərə almaqla mümkündür).

Lakin ayǝyǝ fiqhi bir qayda olaraq yanaşmağımız onun bəndələrlə Allah arasında bağlanan və ya Peyğəmbərin (s) rəhbərlik və imamlıq barədə insanlardan aldığı əhd-peymana şamil olmadığına dəlil deyil. Əksinə, ayənin çox geniş məfhumu var və bütün bu işləri əhatə edir.

Bir məqam da qeyd edilməlidir ki, ikitərəfli müqavilələrə əməl etmək bu müqavilə tərəflərdən biri tərəfindən pozulmadığı vaxtadək vacibdir. Lakin bir tərəf pozsa, qarşı tərəf ona əməl etməyə borclu deyil. Bu məsələ əhd və müqavilənin mahiyyətində vardır.

2\. Əhd-peymana vəfa etməyin əhəmiyyəti.

Hazırkı ayədə xüsusilə vurğulanan ǝhd-peymana vəfa etmək məsələsi ictimai həyatın əsas şərtlərindəndir və onsuz heç bir ictimai əməkdaşlıq mümkün deyil. Bəşər bunu əldən verməklə ictimai həyatı və onun təsirlərini praktik olaraq əldən verəcəkdir. Buna görə də islami mənbələrdə bu məsələyə çox təkid olunub və bəlkə də, bu qədər geniş yayılan nadir mövzulardandır. Çünki onsuz cəmiyyətin ən böyük bəlalarından olan hərc-mərclik və ümumi etimadın olmaması bəşər arasında yayılacaq.

“Nəhcül-bəlağə”də Malik Əştǝrǝ verilən fərmanda belə oxuyuruq:

"İstisnasız olaraq bütün insanlar Allahın vacib buyurduqları içərisində əhdə vəfa etməyi uca tutmaq kimi heç nə barəsində yekdil deyildirlər. Müşriklər də müsəlmanlardan qabaq öz aralarında əhdə vəfa etməyi zəruri bilirdilər. Çünki əhdi pozmağın xoşagəlməz və pis nəticələrini başa düşmüşdülər”.

Həmçinin Həzrət Əlidən (ə) nəql olunub:

“Allah Öz bəndələrindən yalnız saleh əməl, şərtlərə və əhdlərə vəfa etmək qəbul edər.

Həmçinin Peyğəmbər (s) buyurub: “Əhdə vəfa etməyənin dini də olmaz".

Bu səbəbdən də əhdə vəfa etmək məsələsi insanlar arasında heç bir fərq qoyulmayan məsələlərdəndir, müqavilə tərəfi istər müsəlman, istərsə də qeyri-müsəlman olsun. Terminlə desək, bu, din qardaşları hüquqlarından deyil, ümumi insan hüquqlarındandır.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə oxuyuruq:

“Üç şey vardır ki, Allah onları tərk etməyi heç kəsə icazə vermir:

\- İstər yaxşı, istərsə də pis insanın əmanətinə xəyanət etmək;

– İstər yaxşı, istərsə də pis insana verilən vədə xilaf olmaq;

\- İstər yaxşı, istərsə də pis valideyinə qarşı pislik etmək". Hətta Əmirəlmöminin Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir ki, əgər kimsə işarə ilə də olsa, bir şeyi öhdəsinə aldısa, ona vəfa etməyə borcludur. O Həzrət (ə) buyurur:

"Əgər müsəlmanlardan biri işarə və eyhamla müşriklərdən birinə aman versə və o, gizləndiyi yerdən çıxıb gəlsə, amandadır".