Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Qəmər Surəsinin Ayələrinə Qayıt →
Əl-Qəmər Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qəmər surəsi, 1-3-cü ayələr

Qəmər surəsi, 1-3-cü ayələr



بسماللهالرَّحْمنِالرَّحيم


اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ .١


وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ .٢


وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Qiyamət yaxınlaşdı və Ay bölündü.

2\. Onlar bir möcüzə və əlamət gördükdə üz döndərib: "Bu davamı olan bir sehrdir" deyirlər.

3\. Onlar (Allahın ayələrini) yalan hesab etdilər və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir işin qərarlaşdığı bir yer var.

Ayələrin təfsiri.



Ay parçalandı!

İlk ayədə iki mühüm hadisədən bəhs olunur: Dünyanın təlatümə uğraması ilə dünya aləminin zindanında olan bəşərin vəsf və dərk edə bilmədiyi yeni dünyanın başlanğıcı, yəni Qiyamət gününün yaxınlaşması.

Digər bir hadisə isə Allahın əzəmətli qüdrətini və Həzrət Peyğəmbərin (s) doğruluğunu sübut edən “şəqqül-qəmər” möcüzəsidir.

اقتربتالسَّاعَةُوَانشَقَّالْقَمَرُ


“Qiyamət yaxınlaşdı və ay bölündü“

Bu surədən əvvəldə olan “Nəcm” surəsi Qiyamət gününün yaxınlaşması mövzusu ilə “Yaxınlaşmalı olan yaxınlaşıb (Qiyamat günü yetişir) yetdi”. Bu surədə isə keçən bəhsin davamı olaraq yenidən bu mövzuya işarə olunur. Bu da öz növbəsində Qiyamətin yaxında olmasına təkiddir. Baxmayaraq, dünya ömrü ilə ola bilsin ki, Qiyamətin baş verməsi min illər çəksin, amma dünyanın bütün ömrünü cəmləsək, Qiyamət gününün müqabilində sürətlə ötüb keçən anlara bərabərdir.

Bu iki hadisənin birlikdə qeyd olunması təfsir alimlərinin söylədiklərinə görə Qiyamətin yaxınlaşmasının əlamətlərindəndir. Çünki əziz İslam Peyğəmbərinin (s) gəlişi ilə ilahi nübüvvətin missiyası tamamlandı. Hədislərin birində həzrət Peyğəmbər (s) buyurmuşdur:

# بُعِثْتُأَنَاوَالسَّاعَةُكَهَاتَيْن


"Mənim peyğəmbərliyə seçilməyimlə Qiyamətin baş verməsi buna (iki barmağına işarə edərək) bənzəyir."

Digər bir tərəfdən isə Ayın parçalanması Qiyamət günündə təbiət aləminin təlatümə uğrayıb məhv olmasına kiçik bir işarədir. Çünki Qiyamət baş verərkən Günəş, Ay, ulduzlar, kəhkəşanlar bütün bunlar hamısı dağılacaq. Əvəzində yeni əbədi axirət dünyası meydana gələcək.

Məşhur rəvayətlərin birində deyilir:

Müşriklər Həzrət Peyğəmbərin (s) yanına gəlib dedilər: “Əgər sən, həqiqətən, Allahın göndərdiyi peyğəmbərsənsə, onda bizim üçün Ayı iki yerə böl!" Həzrət (s) buyurdu: "Mən bu işi etsəm, siz iman gətirəcəksiniz?" Dedilər: "Bəli." Həmin gecə Ay on dörd günlük idi. Həzrət Peyğəmbər (s) Allahdan müşriklərin istədiyini ona verməsini istədi. Birdən Ay iki yerə bölündü. Həzrət Peyğəmbər (s) müşrikləri bir-bir səsləyib buyurdu: "Ayın iki yerə bölünməsinə tamaşa edin.”

Necə oldu ki, özlüyündə böyük planet olan Ay iki yerə bölündü? Ayın bölünməsinin Yer kürəsinə nə kimi təsirləri oldu? Ay bölündükdən sonra yenidən necə birləşdi? Dünya tarixində niyə bu haqda məlumat verilməyib? Bu qəbildən olan suallara Allahın iznilə “incəliklər” bəhsində cavab veriləcəkdir.

Qeyd etməliyik ki, bəzi təfsirçilər yanlış olaraq belə qənaətə gəlmişlər ki, İslam Peyğəmbərinin (s) Qurandan başqa möcüzəsi olmamışdır. Bu baxımdan onlar bu ayəni və nəql edilmiş çoxsaylı hədisləri möcüzəyə dəlalət etməyəcək hər hansı bir mənaya yozmaq məcburiyyətində qalmışlar. Həqiqət isə budur ki, Ayın parçalanması məhz möcüzə yolu ilə həyata keçmişdir. Növbəti ayələr də buna açıq şəkildə dəlalət edir. Yaxşı olardı ki, həzrət Peyğəmbərin (s) barəsində möcüzəni inkar edənlər öz fikirlərində düzəliş edib o Həzrətin (s) də möcüzələri olduğu qənaətinə gələrdilər. Qurani-Kərimdə o Həzrətin (s) möcüzə göstərməyəcəyinə dəlalət edən ayələrə gəldikdə isə burada müşriklər tərəfindən irəli sürülmüş möcüzələrin göstərilməməsi nəzərdə tutulmuşdur. Onlar haqqı qəbul etməməkdən ötrü bəhanə axtarırdılar və bu istəklərinə çatmaq üçün öz ağıllarına gələn möcüzələri tələb edirdilər. Onsuz da onlar haqqı qəbul edən deyildilər. Lakin haqqın aşkar olması üçün həyata keçirilmiş möcüzələr məqbul sayılır. Həzrət Peyğəmbərin (s) həyatında buna dair xeyli sayda nümunələr vardır.

Daha sonra Qurani-Kərim belə buyurmuşdur: “Onlar bir möcüzə və əlamət gördükdə üz döndərib: "Bu davamı olan bir sehrdir" deyirlər.”

(وَإِنيَرَوْاآيَةًيُعْرِضُواوَيَقُولُواسِحْرٌمُسْتَمِنٌ)


(davamlı olan) ifadəsi onu göstərir ki, müşriklər həzrət Peyğəmbərdən (s) çoxlu sayda möcüzə görmüşdülər. Ayın parçalanması da həmin möcüzələrin davamı olmuşdur. Sadəcə olaraq, onlar bütün bunları davamlı sehr adlandırırdılar. Bu isə, sadəcə, haqqı qəbul etməməkdən ötrü uydurulmuş bir bəhanə olmuşdur.

Bəzi təfsirçilər "davamlı olan" ifadəsini “güclü, möhkəm”, bəziləri isə "ötəri və davamsız" mənasına yozmuşlar. Lakin birinci ehtimal həqiqətə daha uyğun görünür.

Növbəti ayədə müşriklərin etirazına və bu etirazın acı nəticəsinə toxunularaq deyilir: “Onlar (Allahın ayələrini) yalan hesab etdilər və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir işin qərarlaşdığı bir yer var”.

(وَكَذَّبُواوَاتَّبَعُواأَهْوَاءهُمْوَكُلُّأَمْرٍمُّسْتَقِرٌّ )


Deməli, müşriklərin bu qədər möcüzəyə rəğmən İslam peyğəmbərini, habelə Qiyaməti inkar etmələrinin kökündə nəfsani istəklərinə tabe olmaları olmuşdur. İnadkarlıq və özündənrazılıq onlara haqqa təslim olmağa imkan vermirdi. Çünki onlar öz nəfslərinə uymuşdular və günahdan əl çəkə bilmirdilər. Bu, həmişə belə olmuş və bundan sonra da belə olacaq. Bəli, haqqın qarşısında duran ən böyük maneə məhz nəfsani istəklərdir.

“Halbuki hər bir işin qərarlaşdığı bir yer var” cümləsində o məna nəzərdə tutulmuşdur ki, hər bir əməl sahibi öz əməlinin qarşılığını görməlidir. Yaxşı insanlar öz mükafatlarını, pis insanlar isə cəzalarını almalıdırlar. Burada çox güman buna işarə edilmişdir ki, bu dünyada heç bir şey aradan getmir. Sahibləri öz nəticəsini əldə etməyincə həm yaxşı, həm də pis işlər sabit qalır. Belə bir ehtimal da verilmişdir ki, yalan ittihamlar heç vaxt haqqın qarşısını ala bilməz. Müəyyən müddət haqqın qarşısını ala bilsə də, gec-tez hər bir iş öz yerini tutmalı və həqiqət üzə çıxmalıdır. Bu, Allah-taalanın yaradılışdakı genetik bir qanunudur. Bu ehtimallar bir-biri ilə qətiyyən ziddiyyət təşkil etmir və hamısını ortaq bir məxrəcdə birləşdirmək mümkündür.

İncəliklər:



1\. Ayın parçalanması - İslam peyğəmbərinin (s) böyük bir möcüzəsi

Bəzi dardüşüncəli insanlar bu böyük möcüzəni İslam Peyğəmbərinin (s) möcüzəsi olmaması kimi təqdim etməyə çalışaraq demişlər ki, bu ayədə Qiyamətin əlamətlərindən olan bir hadisə haqqında məlumat verilmişdir. Lakin sözügedən ayədə bir sıra faktlar onun məhz Həzrət Peyğəmbərin (s) möcüzəsi olduğuna dəlalət edir. O cümlədən, feili xəbərin keçmiş zaman feili ilə verilməsi deyilənləri təsdiqləyir. Üstəlik, əgər bu iş həzrət Peyğəmbərə (s) aid olmasaydı, onda müşriklərin o Həzrəti (s) sehrdə ittiham etməsi mənasız olardı, həm də “onlar (Allahın ayələrini) yalan hesab etdilər və öz nəfslərinin istəklərinə tabe oldular" cümləsi ilə uyğun gəlməzdi.

Digər tərəfdən mötəbər hədis mənbələrində bu hadisə ilə bağlı o qədər hədis nəql edilmişdir ki, demək olar, təvatür həddinə gəlib çat- mışdır. Buna görə də bu hadisəni inkar etmək heç cür mümkün deyil. Aşağıda – biri sünni, digəri isə şiə məzhəbinin nümayəndəsi olmaqla – Fəxr Razı və Şeyx Təbərsinin fikirlərini diqqətinizə çatdırırıq.

Fəxr Razı deyir: “Bütün təfsirçilərin fikrincə, bu ayədə Ayın parçalanması nəzərdə tutulmuşdur. Bir çox səhih hədislər də buna dəlalət edir. Bu işin baş verməsi əqli dəlillər baxımından da mümkündür. Üstəlik, bu barədə doğru danışan Peyğəmbər də (s) xəbər vermişdir. Buna görə də onu qəbul etmək lazımdır. Deməli, bu işin möcüzə olma- ması və Ptolomey nəzəriyyəsinə görə, kainatda genişlənmənin baş verməsini iddia etmək əsassız iddiadan başqa bir şey deyil. Çünki bu işin baş verməsi elmi dəlillər vasitəsilə sübuta yetirilmişdir."

Mərhum Təbərsi "Məcməül-bəyan" təfsirində sözügedən ayənin təfsirində yazır: "Təfsirçilər bu ayəni həzrət Peyğəmbərin (s) dövründə baş vermiş Ay parçalanması hadisəsinə aid edirlər. Təfsirçilərdən yaln Əta, Həsən və Bəlxi bu fikrə qarşı çıxmışlar ki, onların da sözünə əhəmiyyət verilmir. Bəzi ravilər böyük səhabələrdən olmuş Hüzeyfənin Ayın parçalanması hadisəsini Mədain məscidində böyük bir toplumun qarşısında danışdığını və heç kəsin ona etiraz etmədiyini nəql etmişlər. Nəzərə almaq lazımdır ki, orada iştirak edənlərin əksəriyyəti Peyğəmbərin (s) bir çox səhabəsini görmüşdü. Bu hədis "Əd-Durrul-mənsur” və "Təfsiri-Qurtubi" kitablarında da nəql edilmişdir."

Yuxarıda deyilənləri nəzərə alaraq Ayın parçalanması hadisəsi nə Quran, nə də hədis baxımından inkar ediləsi bir məsələ deyil. Təbii ki, burada müəyyən qaranlıq məqamlar da vardır və irəlidə onlara aydınlıq gətirməyə çalışacağıq.

2\. Çağdaş elm nöqteyi-nəzərindən Ayın parçalanması

Burada qarşıya çıxan önəmli suallardan biri də odur ki, ümumiyyətlə, göy cisimlərində parçalanma mümkündürmü, yoxsa müasir elm bunu tamamilə inkar edir? Astronomiya sahəsində çalışan alimlərin araşdırma və kəşfləri nəticəsində bu suala cavab vermək elə də çətin deyil. Kəşflər nəticəsində məlum olmuşdur ki, bu iş nəinki mümkünsüz deyil, hətta dəfələrlə baş vermişdir. Baxmayaraq ki, bu, hər dəfə müəyyən amillər nəticəsində baş vermişdir. Başqa sözlə desək, Günəş sistemində, eləcə də digər göy cisimlərində müxtəlif partlayışlar olmuşdur. Aşağıda bunlardan bir neçəsi barədə məlumat veririk:

a) Günəş sisteminin meydana gəlməsi

Bütün alimlər yekdilliklə qəbul edirlər ki, Günəş sisteminə aid planetlərin hamısı əvvəlcə Günəşin bir parçası olmuş, sonra isə ondan ayrılmış, hər biri öz orbitində hərəkət etməyə başlamışdır. Lakin bu prosesin baş vermə səbəbi haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Laplasın fikrincə, Günəşin orbitindəki mərkəzdən qaçma amili buna səbəb olmuşdur. Belə ki, o vaxt sıxılmış yanar qaz halında olan Günəşin öz oxu ətrafında fırlanması və bu hərəkətin sürəti nəticəsində onun bəzi hissələri ondan ayrılaraq fəzada onun ətrafında hərəkət etməyə başlamışdır. Lakin Laplasdan sonrakı alimlərin tədqiqatları göstərdi ki, Günəşdəki bu partlayış nəhəng bir planetin Günəşin kənarından keçməsi nəticəsində onun səthindəki qabarma və çəkilmənin təsiri ilə baş vermişdir. Bu mülahizəni dəstəkləyən, lakin o dövr üçün Günəşin hərəkətini ondakı partlayış üçün yetərli hesab etməyən tədqiqatçılar belə bir fikir irəli sürmüşlər ki, bu qabarma və çəkilmə Günəşin səthində böyük dalğalar əmələ gətirmiş, yalnız bundan sonra parçalanmış hissələr bir-birinin ardınca Günəşdən ayrılaraq onun ətrafında hərəkətə gəlmişdir. Bu partlayışın hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bütün alimlər Günəş sisteminin müxtəlif parçalanmalar nəticəsində əmələ gəldiyini təsdiqləmişlər.

b) Böyük asteroidlər

Asteroidlər Günəş sisteminin ətrafında hərəkətdə olan nəhəng daş parçalarıdır. Onları bəzən ulduza bənzər kiçik planetlər də adlandırırlar. Bu daşların diametri 25 kilometrə çatsa da, adətən bu rəqəmdən kiçik olurlar. Alimlərin fikrincə, asteroidlər Marsla Yupiter planetlərinin arasında hərəkətdə olmuş və naməlum səbəblərdən partlayaraq parça- lanmış böyük bir planetin qalıqlarıdır. Bu günə qədər beş minədək asteroid kəşf və müşahidə edilmişdir. Onların ən böyüklərinə adlar qoyulmuş, həcmi və Günəş ətrafındakı hərəkət sürəti hesablanmışdır.

Bəzi tədqiqatçılar asteroidlərə olduqca böyük önəm vermiş, fəzada həddən artıq uzaq səfərlərə getmək baxımından onları dayanacaqlar kimi qəbul etmişlər.

c) Kiçik asteroidlər (şǝhablar)

Bu kiçik səma daşlarının bəzisinin diametri, hətta fındıq boyda olsa da, Günəşin ətrafında təsəvvür edilməyəcək sürətlə hərəkətdədir. Bəzi vaxtlar onların hərəkət marşrutu Yer kürəsinin hərəkət marşrutu ilə kəsişdiyi üçün yerin cazibə qüvvəsi onları özünə tərəf çəkir. Bu kiçik daşlar Yer kürəsini əhatə etmiş hava qatı ilə toqquşma nəticəsində yanıb alovlanır. Biz onları yerin ətrafında yanar bir xətt kimi müşahidə edirik. Bəzən onların həddən artıq uzaqda sönüb düşən ulduzlar olduğunu düşünürük. Əslində isə onlar bizə çox yaxın məsafədə alışıb yanan, axırda da külə çevrilən səma daşları - kiçik asteroidlərdir.

Kiçik asteroidlərin hərəkəti Yerin orbiti ilə iki istiqamətdə kəsişir. Buna görə də iki orbitin kəsişmə zamanı olan iyul-avqust və oktyabr- noyabr aylarında kiçik asteroidləri daha çox müşahidə edirik. Tədqiqatçıların fikrincə, kiçik asteroidlər naməlum səbəblərdən partlayışa məruz qalaraq parçalanmış quyruqlu ulduzun qalıqlarıdır.

Bu da göy cisimlərində parçalanmanın digər bir nümunəsidir. Deməli, göy cisimlərində parçalanma hadisəsi Ayın parçalanmasına qədər baş vermiş hadisələrdən olmuşdur və həzrət Peyğəmbərin (s) zamanında o Həzrətin bir möcüzəsi olaraq Ayın parçalanması heç də ilk astronomik hadisə olmamışdır. Diqqət yetirdiyiniz kimi, çağdaş elm də bu məsələni inkar etmir.

Ayın parçalandıqdan sonra yenidən birləşməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu, iki hissə arasındakı cazibə qüvvəsinin nəticəsində baş vermişdir. Baxmayaraq ki, Ptolomey nəzəriyyəsinə görə Günəş sistemi doqquz planeti ilə birlikdə soğan qabığı kimi bir-birini əhatə etmiş və onlarda hər hansı parçalanma və ya birləşmə qeyri-mümkün sayılmışdır. Buna görə də həmin nəzəriyyəni dəstəkləyənlər nə cismani meracı qəbul edirlər, nə də Ayın parçalanmasını. Lakin Ptolomey nəzəriyyəsinin tarixə qovuşduğu çağdaş dövrümüzdə bu problem də çözülmüşdür. Düzdür, Ayın parçalanması təbii yolla deyil, möcüzə vasitəsilə həyata keçmişdir, lakin unutmamalıyıq ki, möcüzə də yalnız gerçəkləşməsi mümkün olan işlərə şamil olur. (Diqqət edin!)

3\. Ayın parçalanması tarix nöqteyi-nəzərindən

Ayın parçalanması məsələsində digər bir irad da ondan ibarətdir ki, bəzi dardüşüncəli insanların fikrincə, əgər bu hadisə baş vermiş olsaydı, onun əhəmiyyətini nəzərə alaraq dünya tarixində, mütləq, qeyd edilməli idi. Halbuki tarixi mənbələrdə bu barədə heç bir məlumat verilməmişdir.

Bu iradın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaqdan ötrü mövzunu bir neçə cəhətdən araşdırmaq lazımdır:

a) İlk növbədə onu qeyd etməliyik ki, Ay eyni vaxtda bütün dünyada deyil, yerin yalnız bir yarımkürəsində görünə bilər. Bu baxımdan dünya əhalisinin yarısını bu məsələdə kənara qoymalıyıq.

b) Hadisənin gecə yarısı baş verdiyini nəzərə alsaq, Ayın görünə biləcək yarımkürədə yaşayan əhalinin böyük əksəriyyəti yuxuda olmuş- dur. Deməli, bu hadisədən ən yaxşı halda dünya əhalisinin dörddə biri xəbər tuta bilərdi.

c) Hadisənin baş verdiyi zaman Ayın görünə biləcək yarımkürədə göy üzünün buludlu olması da istisna edilmir. Belə olduqda hadisəni görə biləcək insanların faizi daha aşağı düşür.

ç) Göydə baş verən təbiət hadisələri insanların diqqətini o vaxt cəlb edir ki, ya şimşək və ildırım kimi səs-küylü və işıqlı olsun, ya da uzunmüddətli Günəş və Ay tutulması kimi tamamilə işığın qarşısını alsın. Təsadüfi deyil ki, qısamüddətli Günəş və Ay tutulmaları barədə qabaqcadan alimlər məlumat verməsə, çox az adam bu barədə xəbər tuta bilər. İnsanların əksəriyyəti isə bundan heç xəbərdar olmayacaq. Haqqında danışdığımız möcüzənin baş verdiyi dövrün əhalisinin göy cisimlərinə elə də önəm vermədiyini nəzərə alsaq, onda bu hadisənin bir çox insanın diqqətini cəlb etmədiyini, ümumiyyətlə, bu hadisədən xəbərdar olmadığını anlamaq elə də çətin olmaz.

d) Həmin dövrdə dünyada baş vermiş hadisələri qeyd etmək imkanı indikindən qat-qat aşağı səviyyədə olmuşdur. Unutmaq olmaz ki, sözügedən bölgədə adicə savadı olan insanlar barmaqla sayıla biləcək həddə olmuşlar. İndiki dövrün texnologiyasından isə xəbər yox idi.

Yuxarıda sadaladıqlarımızı nəzərə alaraq qeyri-müsəlman tarixi mənbələrdə bu hadisə barədə məlumatın olmadığına təəccüblənmək lazım deyil. Və bunu sözügedən hadisənin baş vermədiyinə dəlalət edəcək bir sübut kimi qəbul etməməliyik.

4\. Bu böyük möcüzənin baş verdiyi tarix

Ayın parçalanması möcüzəsinin Məkkədə, həzrət Peyğəmbərin (s) Mədinəyə hicrətindən əvvəl baş verməsində təfsirçilər və hədis raviləri arasında qətiyyən şübhə yoxdur. Lakin onun həzrət Muhəmmədin (s) peyğəmbərliyinin ilk illərindəmi, yoxsa hicrətə yaxın bir vaxtda baş verməsi mübahisəli məsələlərdəndir. Bu hadisə Mədinədən (o vaxt hələ Yəsrib adlanırdı) gəlmiş və həqiqət axtarışında olan, həzrət Pey- ğəmbər (s) ilə görüşən bəzi insanların xahişi əsasında baş vermişdir.

Bəzi hədislərdə belə nəql edilmişdir ki, Mədinədən gəlmiş şəxslər sehrin yalnız yerdəki işlərə şamil olunduğunu bildirmişlər. Buna görə də Peyğəmbərin (s) möcüzələrinin sehr olmadığından əmin olmaq üçün o Həzrətin göydə bir möcüzə göstərməsini xahiş etmişlər. Bu hadisəni görmüş bəzi inadkar müşriklər isə öz inadlarından əl çəkməyərək demişlər ki, bizim Şam və Yəməndə olan ticarət karvanlarımız geri dönüb bu hadisəni gördüyünü təsdiqləməyincə biz buna inanan deyilik. Həmin karvanlar geri dönüb belə bir hadisəni gördüyünü desə də, yenə də inadkarlar Peyğəmbərə (s) iman gətirməmişlər.

Sonda onu da qeyd etmək lazımdır ki, həzrət Peyğəmbərin (s) digər möcüzələri kimi bu möcüzəsi də tarix və hədis qaynaqlarında iki hissəyə parçalanmış Ayın bir hissəsinin yer üzünə gəlməsi kimi bir sıra mövhumatla qarışdırılmışdır. Həqiqət üzə çıxsın deyə bu cür mövhumatları yaxın buraxmaq olmaz.