Əl-Həşr Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Həşr surəsi, 1-5-ci ayələr
Həşr surəsi, 1-5-ci ayələr
بسماللهالرَّحْمنِالرَّحِيمِ
سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .١
هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ .٢
وَلَوْلَا أَنْ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ .٣
ذَلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ وَمَنْ يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ .٤
مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَى أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.
2\. Kitab əhlindən kafir olanları (müsəlmanlarla) ilk qarşılaşmada evlərindən çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahın əzabından qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu və dəhşət saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
3\. Əgər Allah onlara vətənlərini tərk etmək hökmünü yazmış olmasaydı, onlara elə bu dünyada əzab verərdi. Axirətdə onlar üçün od əzabı hazırlanmışdır.
4\. Bu, onların Allah və Onun elçisi ilə düşmənçilik etmələrinə görədir. Kim Allahla düşmənçilik etsə, (bilsin ki,) Allah şiddətli cəza verəndir.
5\. Hər hansı qiymətli xurma ağacını kəsməyiniz, yaxud hansınasa toxunmamağınız Allahın əmri ilədir. Bu, fasiqləri xar və rüsvay etməsi üçün idi.
Ayələrin nazilolma səbəbi
Təfsir, hədis və tarix alimləri sözügedən surənin ayələrinin nazil- olma səbəbləri haqqında geniş məlumatlar qeyd etmişlər. Xülasəsi bundan ibarətdir:
Mədinədə üç yəhudi qəbiləsi yaşayırdı: “Bəni-Nəzir”, “Bəni- Qüreyzə" və "Bəni-Qeynuqa”. Hər üç qəbilə, əslində, Hicaz əhalisindən deyildi. Öz kitablarında sonuncu peyğəmbərin Mədinə şəhərindən zühur edəcəyini oxumuşdular. Məhz bu səbəbə görə Mədinəyə köç edib gəl- mişdilər və belə bir zühurun intizarında idilər. Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdikdə yəhudilərlə əminlikdə yaşamaları üçün əhd- peyman bağladı. Lakin yəhudilər yaranmış hər bir fürsətdə bu əhd- peymana qarşı çıxıb qarşıdurma yaradırdılar. O cümlədən “Ühüd” müharibəsindən sonra (hicrətin üçüncü ili) Kəb ibn Əşrəfin başçılığı ilə qırx atlı Məkkəyə gəlib həzrət Peyğəmbərə (s) qarşı mübarizə apar maq üçün müşriklərlə əhd-peyman bağladı. Sonra Əbu Sufyan qırx nəfərlə, Kəb ibn Əşrəf də qırx nəfərlə Kəbə evinin kənarında bu əhd- peymana sadiq qalmaları üçün söz verdilər. Bu xəbər vəhy vasitəsilə həzrət Peyğəmbərə (s) çatdırıldı.
Yəhudilərin məkirli planlarından biri bu idi: Bir gün həzrət Pey- ğəmbər (s) bir neçə səhabəsi ilə Bəni-Amir qəbiləsindən öldürülən iki nəfərin diyəsini (qan pulunu) ödəməkdən ötrü yəhudilərdən borc və yaxud kömək istəmək üçün Mədinə kənarında yaşayan Bəni-Nəzir qəbiləsinə getdi. Digər bir tərəfdən, həzrət Peyğəmbər (s) Bəni-Nəzir yəhudilərinin vəziyyətindən və müsəlmanlara qarşı fikirlərindən xəbərdar olmaq istəyirdi. Elə bu zaman yəhudilər arasında səs-küy qopdu. Onlardan bir nəfər dedi: "Bizim üçün gözəl şans yaranıb və bu kişi öz ayağı ilə bura gəlib. Bir nəfər qalanın damına qalxıb yekə bir daşla onu qətlə yetirsin.” Əmr ibn Cihaş adlı yəhudi bu işi öz üzərinə götürdü.. Həzrət Peyğəmbər (s) yəhudilərin bu planından vəhy vasitəsilə agah oldu və oranı tərk edib Mədinəyə qayıtdı. Yəhudilərin bu kimi məkirli planlarından sonra həzrət Peyğəmbər (s) onların niyyətlərindən xəbərdar oldu və müsəlmanlara yəhudilərlə mübarizə etmək üçün hazır olmaq əmri verdi. Bəzi rəvayətlərdə Bəni-Nəzir şairlərindən bir nəfərin həzrət Peyğəmbərə (s) qarşı şeirlər yazdığı qeyd olunub. Elə bunun özü də bir növ qarşıdurma yaratmaqdan ibarət idi. Həzrət Peyğəmbər (s) yəhudilərə qəfil sarsıdıcı zərbə vurmaq üçün Kəb ibn Əşrəfin tanışlarından olan Məhəmməd ibn Müslimə onu (Kəb ibn Əşrəfi) qətlə yetirmək əmrini verdi. Kəbin qətlə yetirilməsi yəhudilərdə qorxu hissi yaratdı. Bunun ardınca həzrət Peyğəmbər (s) Bəni-Nəzir yəhudiləri ilə mübarizə etmək əmri verdi. Yəhudilər qorxudan qaçıb öz qalalarına sığındılar. O Həzrət (s) qalanın ətrafında olan xurma ağaclarının kəsilib yandırılmasına əmr verdi. Ola bilsin ki, yəhudilər öz mallarına, bağlarına bağlı olduqlarına görə qaladan çıxmaları üçün və yaxud müsəlmanların döyüş manevrinə maneə törətdiyi üçün belə bir göstəriş verilmişdi. Yəhudilər ağacların kəsilib yandığını gördükdə fəryad edərək dedilər: "Ey Peyğəmbər! Sən həmişə bu işləri (ağaclara xəsarət yetirməyi) qadağan edirdin, indi bu, nə işdir görürsən?" "Həşr" surəsinin beşinci ayəsi nazil oldu və Həzrət (s) bu işin ilahi əmr olduğunu buyurdu. Yəhudilər bir neçə gün mühasirədə qaldılar. Qan tökülməsin deyə həzrət Peyğəmbər (s) yəhudilərə Mədinəni tərk etmək əmri verdi. Onlar da çarəsiz qalıb bu təklifi qəbul etdilər. Var-dövlətlərindən bacardıqları qədərini götürüb bəziləri Şam diyarına, bəziləri Xeybər, bəziləri isə Hirə diyarına köç etdilər. Onlar köç etməzdən öncə tərk etdikləri evlə- rin bağlarını öz əlləri ilə viran etdilər ki, müsəlmanlara qismət olmasın.
Bu hadisə “Ühüd” müharibəsindən altı ay sonra, bəzilərinə görə isə "Bədr" müharibəsindən altı ay sonra baş verib.
Ayələrin təfsiri
Mədinədə yaşayan Bəni-Nəzir yəhudilərinin məkirli əməllərinin sonu
Bu surǝ Allaha həmd-səna etməklə, Onun əzəmətli hikmətinin bəyan olunması ilə başlayır: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.”
Əslində, sözügedən ayə Allahı tanımaqda şübhələrə qapılan, öz güclərinə güvənən və İslam Peyğəmbərinə (s) qarşı məkirli planlar quran Bəni-Nəzir yəhudilərinin başlarına gələcək acı aqibətin müqəddiməsidir.
Yerlərdə və göylərdə olan varlıqların, mələklərin, insanların, heyvanların, bitkilərin və s. Allahın şəninə tərif deməsi ola bilsin ki, ağızdakı dil vasitəsilə, ola da bilsin mövcud durumları ilə baş verir. Çünki varlıq aləmindəki kiçik zərrələrin mövcud durumu belə Allahın hikmət əzəmətinə dəlalət edir. Hətta bəzi alimlərin dediyinə görə, hər bir yaranmış varlığın ağıl, dərketmə və şüur qabiliyyəti vardır. Düzdür, bizim bunlardan xəbərimiz olmasa da, qulaqlarımız eşitməsə də, bütün bu xəlq olunmuş varlıqlar Allahın şəninə təriflər deyir. Dünyada olan kiçik zərrəcik molekullardan tutmuş nəhəng varlıqlara kimi, hamısı Allaha həmd-səna edir. Biz bu kimi məsələlərə naməhrəmik, amma bəsirət sahibləri olan övliya və ariflər dünyanın bütün varlıqlarının sirlərindən agahdırlar və su ilə gülün nitqini rahatlıqla eşidirlər. Bu haqda daha ətraflı “İsra” surəsinin 44-cü ayəsində məlumat vermişik.
Növbəti ayədə “Bəni-Nəzir" yəhudilərinin evlərindən didərgin düşməsinə işarə olunaraq deyilir: "Kitab əhlindən kafir olanları (müsəlmanlarla) ilk qarşılaşmada evlərindən çıxardan Odur."
أَخْرَجَالَّذِينَكَفَرُوامِنْأَهْلِالْكِتَابِمِندِيَارِهِمْلِأَوَّلِالْحَشْرِ
(həşr) sözünün mənası “kütlənin məskunlaşdığı yerdən döyüş meydanına hərəkət etməsi, çıxarılması" deməkdir. Ayədə isə "yəhudi- lərin sığındıqları qalaya müsəlmanların Mədinədən hərəkət edib gəlməsi” mənasındadır. Ola da bilsin ki, yəhudilərin kütləvi şəkildə müsəlman- lara qarşı mübarizə aparması mənasında işlənmişdir. Bu mübarizə yəhudilərin birinci kütləvi mübarizəsi olduğu üçün ayədə (ilk qarşılaşma) ifadəsi ilə bəyan olunmuşdur. Bununla da Bəni-Nəzir və Xeybər yəhudilərinin sonradan da qarşıdurma yaratdıqları ayədə incə şəkildə bəyan olunmuşdur.
Bəzi təfsir alimləri ayənin məna və məzmunu ilə uyğun gəlməyən izahlar da qeyd etmişlər. O cümlədən (həşr) sözünü Qiyamət günü qəbirlərdən (həşr olmaq) dirilmək mənasına, bəziləri isə Qiyamət günü məhşərin yəhudilərin köç etdikləri Şam diyarında baş verəcəyi mənasına təfsir etmişlər. Bu təfsirlərin hər ikisi yanlışdır. Çünki sözü- gedən ayədə (həşr) “kütləvi hərəkətetmə” mənasında işlənmişdir. Necə ki "Nəml” surəsinin 17-ci ayəsində oxuyuruq:
وَحُشِرَلِسُلَيْمَانَجُنُودُهُمِنَالْجِنِّوَالْإِنسِوَالطَّيْرِفَهُمْيُوزَعُونَ
"Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu onun üçün toplandı. O qədər çox idilər ki, bir-birinə qoşulmaq üçün dayanmalı idilər."
Həmçinin həzrət Musanın (ə) sehirbazlarla mübarizəsini müşahidə edənlər haqqında deyilir:
# وَأَنيُحْشَرَالنَّاسُضُحًى
“Bir şərtlə ki, gün qalxdığı vaxt hamı bir yerə toplaşsın.
Ayənin davamında deyilir: "Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahın əzabından qoruyacaqdır”.
# مَاظَنَنتُمْأَنيَخْرُجُواوَظَنُّواأَنَّهُممَّانِعَتُهُمْحُصُونُهُممِّنَالله
Yəhudilər möhkəm qalalarına sığınaraq öz gücləri və bu qalanın heç zaman fəth olunmayacağı ilə qürurlanırdılar. Ayənin zahiri mənasından bəlli olur ki, yəhudilər Mədinədə geniş maddi rifah və imkan, kifayət qədər güc-qüdrətə malik şəraitdə yaşayırdılar. Belə ki nə yəhudilər, nə də başqaları onların məğlub olacağına inanmırdılar. Amma Allahın istək və iradəsi müqabilində heç bir güc və qüdrət davam gətirə bilməz. Məhz Allahın istəyi nəticəsində müharibə baş vermədən yəhudilər yaşadıqları yerdən didərgin düşdülər. Elə ayənin davamında da buna işarə olunaraq deyilir: “Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu və dəhşət saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar”.
Allahın gözə görünməyən qorxu və müdhiş qoşunu bir çox müharibələrdə müsəlmanların imdadına yetişib. Hətta qorxunun dəhşətindən düşmən gözünü qırpmağa macal belə tapmayıb. Yəhudilər müsəlmanlarla mübarizə etmək üçün qoşun tədarükü görmüşdülər, amma Allahın gözə görünməyən qoşununun onları mühasirəyə almasından xəbərsiz idilər. Yəhudilər qəlblərinə hakim olmuş qorxu nəticəsində öz əlləri ilə evlərini dağıtmağa başladılar. Kəb ibn Əşrəfin bu hadisədən öncə öldürülməsi onları qorxuya salan ilk amil idi. Amma ayənin mənasını bəzi təfsir alimlərinin iddia etdiyi tək bu səbəbə şamil etmək olmaz. Çünki bir çox müharibələrdə Allahın qeybdən gələn köməyi müsəlmanların imdadına yetişib. Maraqlısı budur ki, müsəlmanlar qalaya daxil olmaq üçün bayır tərəfdən qalanın divarlarını uçururdular, yəhudilər isə canlarını götürüb qaçmaq üçün içəridən qalanın divarlarını uçururdular. İkitərəfli həmkarlıq nəticəsində yəhudilərin möhkəmliyi ilə qürurlandıqları qala uçulub viran oldu.
Onlar evlarini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar)" cümləsi haqda daha bir neçə təfsir var. O cümlədən:
\- Ayədəki bu cümlə ironiya xarakterlidir. Belə ki yəhudilər nadanlıq, kin-küdurət və təəssübkeşlik üzündən öz həyatlarını alt-üst etdilər.
\- Yəhudilər qalanın daxilindəki evlərini dağıtmaqla qaladan küçələrə çıxış yollarını bağladılar.
\- Evlərdən bəzisini xarab etməklə mübarizəni qalanın daxilinə çəkmək üçün yol açdılar. Çünki müsəlmanlara qalaya daxil olmaqla onlara hər tərəfdən hücum etmək şansı yaranırdı.
Yəhudilər məğlub olduqdan sonra özləri ilə apara biləcək qiymətli əşyaları götürüb, apara bilməyəcəklərini uçurub dağıtdılar.
Amma birinci təfsir ayənin mənası ilə daha uyğun gəlir. Ayənin sonunda deyilir: "İbrət götürün, ey ağıl sahibləri!"
يَاأُولِيالْأَبْصَارِ
Baş vermiş hadisələrdən nəticə çıxartmağa “ibrət” deyilir. Çünki hadisələr insanları bir çox təcrübələrdən xəbərdar edir.
(ey ağıl sahibləri) cümləsi hadisələrdən düzgün nəticə çıxardan şəxslərə şamil olunur. Qurani-Kərimin bəzi ayələrində baş vermiş hadisələrdən düzgün nəticə çıxartmaq tövsiyə və xəbərdarlıq olunub.
Güc-qüdrət sahibi olan və möhkəm qalaya sığınan yəhudilərin zəif gücə malik olan müsəlmanlara məğlub olması, həqiqətən, ibrət götürüləsi bir hadisədir. Hətta bu qarşıdurmada müsəlmanlar silahdan İstifadə etmədən yəhudiləri məğlub etdilər və yəhudilər öz əlləri ilə evlərini dağıdıb Mədinədən didərgin düşdülər. Çünki yəhudilər öz dini kitablarından əldə etdikləri xəbərə əsasən, sonuncu peyğəmbəri qarşı- layıb ona beyət etmək üçün qədim zamanlardan Mədinədə yurd-yuva salmışdılar. Amma öz kitablarının və düşüncələrinin əksinə addım atdılar.
"İbrət" haqqında İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuş hədisdə deyilir:
# كَانَأَكْثَرَعِبَادَةِأَبِيذَرِّرَحِمَهُاللهُالتَّفَكُرُوَالْإِعْتِبَارُ
“Əbuzərin ən çox ibadəti təfəkkür və ibrətdən ibarət idi.”
Amma əfsuslar olsun ki, bəziləri hadisələrin acı sonluğunu yaşamayınca, məğlubiyyəti dadmayınca baş verən hadisələrdən nəticə Çıxartmaq istəmir.
Həzrət Əli (ə) buyurmuşdur:
# السَّعِيدُمَنْوُعظَبغيره
"Xoşbəxt o kəsdir ki, başqalarının başlarına gələnlərdən ibrət götürsün."
Növbəti ayədə deyilir: "Əgər Allah onlara vətənlərini tərk etmək hökmünü yazmış olmasaydı, onlara elə bu dünyada əzab verərdi.”
# أنكَتَبَاللهُعَلَيْهِمُالْجَلَاءلَعَذَّبَهُمْفِيالدُّنْيَا
Şübhəsiz ki, bir ömür sərmayə qoyduqdan sonra vətəndən didərgin düşmək özü bir əzabdır. Ayənin mənası bundan ibarətdir ki, əgər vətəndən didərgin düşmək əzabı yəhudilərə hökm olunmasaydı, onlar müsəlmanların əli ilə qətlə yetirilib əsir düşmək bəlasına düçar olacaqdılar. Allah onların bu dünyada didərgin düşməsini istəmişdir. Hər dəfə onlar keçmiş rifahlı günlərini, ev-eşiklərini, bağlarını xatırladıqca əzab hissi keçirəcəklər. Allah bu məğrur, əhd-peymanı pozub qarşıdurma yaradan qövmü belə acı sonluqla cəzalandırdı. Bu, onlara verilmiş yalnız dünya əzabı idi, ayənin sonunda axirət əzabına işarə olunaraq deyilir: “Axirətdə onlar üçün od əzabı hazırlanmışdır."
Məğrur olub haqdan üz çevirənlərin dünyası da, axirəti də belə əzablı olacaqdır. Dünya durduqca hər hansı bir qövm və ya hər hansı bir fərd Bəni-Nəzir yəhudilərinin əməllərinə bənzər naxələfliyə mürtəkib olsa, Allah və Peyğəmbərinə (s) qarşı çıxsa, müxtəlif əzablı müsibətə giriftar olacaqdır. Odur ki, növbəti ayədə daha geniş bəyan tərzi ilə deyilir: “Bu, onların Allah və Onun elçisi ilə düşmənçilik etmələrinə görədir. Kim Allahla düşmənçilik etsə, (bilsin ki,) Allah şiddətli cəza verəndir”.
# ذَلِكَبِأَنَّهُمْشَاقُوااللهَوَرَسُولَهُوَمَنيُشَاقٌاللهَفَإِنَّاللهَشَدِيدُالْعِقَابِ
(şaqqu) feilinin mənası “iki şey arasında ayrılıq salmaq” deməkdir. Düşmən tərəfi həmişə özünü haqq cərgəsindən ayrı saldığı üçün gördüyü əməllər (şiqaq) adlanır. Sözügedən ayənin təfsirinə azacıq fərqlə “Ənfal” surəsinin 13-cü ayəsində də rast gəlmək olar.
Həmin ayədə də müriklərin "Bədr" döyüşündə məğlub olmasından sonra geniş və ümumi məna bəyan olunmuşdur.
Sözügedən ayəyə diqqət yetirsək, görərik ki, ayənin əvvəlində Allah və Peyğəmbəri (s) ilə düşmənçilik etməyə işarə olunmuşdur, davamında isə yalnız “Allahla düşmənçilik etmək” deyilir. Deməli, Peyğəmbərlə (s) düşmənçilik etmək, elə Allahın Özü ilə düşmənçilik etmək deməkdir.
الراحمين "إِنَّاللَّهَشَدِيدُالْعِقَابارْحَمالرَّاحِمين
Allah şiddətli cəza verəndir) sifəti ilə (rəhm edənlərin ən Mərhəmətlisi) sifəti arasında heç bir ziddiyyət yoxdur. Çünki rəhm olunan yerdə Allah Öz mərhəmətini nazil edir, əzab olan yerə də Allah bəlanı nazil edir. Duaların birində oxuyuruq:
# وَأَيقَنْتُأَنَّكَأَنْتَأَرْحَمُالرّاحِمِينَفِىمَوْضِعِالْعَفْوِوَالرَّحْمَةِوَأَشَدُّالْمُعَاقِبِينَفِيمَوْضِعِالنَّكالوَالنَّقمَةَ
"İlahi, Sən bağışlayıb əfv etdikdə mərhəmətlilərin ən Rəhimlisisən, bəla göndərdikdə ən şiddətli cəza verənsən."
Ayələrin nazilolma səbəbində də qeyd etmişdik ki, həzrət Peyğəmbər (s) ağacların kəsilib yandırılmasını əmr etdikdə Bəni-Nəzir yəhudiləri bu işin vaxtı ikən onun (s) tərəfindən qadağan olunmasını dilə gətirərək o Həzrətə (s) etiraz etmişlər. Bəhsimizin sonuncu ayəsində Bəni-Nəzir yəhudilərinin iradedici sualına tutarlı cavab verilǝrǝk deyilir: “Hər hansı qiymətli xurma ağacını kəsməyiniz, yaxud hansınasa toxunmamağınız Allahın əmri ilədir. Bu, fasiqləri xar və rüsvay etməsi üçün idi”.
مَاقَطَعْتُممِّنلَّينَةٍأَوْتَرَكْتُمُوهَاقَائِمَةًعَلَىأُصُولِهَافَبِإِذْنِاللهِوَلِيُجْزِيَالْفَاسِقِينَ
(linǝt) sözü (ləvn) kökündəndir və ən üstün xurma növü olan ağacın adıdır. Bəzi dilçilər bu sözün (leyn) kökündən yaran- dığını və yumşaq budaqlı xurma ağacı olduğunu demişlər. Müsəlmanlardan bəziləri ağacların kəsilməsinə və yaxud yandırılmasına razı olduğu halda, bəziləri bu işin görülməsinə müxalif idilər. Sözügedən ayənin nazil olması ilə bu işin ilahi əmr olduğu bəyan olunmaqla müsəlmanlar arasında fikir ayrılığına son qoyuldu."
Bəzi təfsir alimlərinin dediyinə görə, sözügedən ayə səhabələrdən iki nəfərin arasında yaranmış ixtilafa görə nazil oldu. Belə ki həmin səhabələrdən biri yəhudiləri qəzəbləndirmək üçün çoxlu bəhər verən yekə xurma ağaclarını kəsirdi, digəri isə bəhər verməyən kiçik xurma ağaclarını kəsir, bəhərli ağacları isə sonradan meyvəsindən istifadə olunması üçün kəsmirdi. Bu səbəbə görə o iki səhabə arasında ixtilaf yarandı və sözügedən ayənin nazil olması ilə yaranmış ixtilafa son qoyuldu. Digər bir təfsirə görə, müsəlmanlar ağaclardan bəzilərini kəsib digərlərinə toxunmamaqla yəhudilərə bu işin nəfsani istəklər üzündən deyil, ilahi əmr olduğunu bildirmək istəyirdilər.
İslam dininə görə, düşmənə hücum etdikdə heyvanların öldürülməsi, ağacların kəsilməsi, əkin sahələrinin yandırılması qadağan olunub. Yalniz Quranın bu ayəsi istisna təşkil edir. Bu işin özü də yəhudilərin qaladan çixarılması üçün manevr xarakterli bir addım idi. Hər bir işdə zəruri hallar yarandıqda istisnaedici amillər meydana gəlir. Bütün qanunlarda bu kimi hallara rast gəlmək olar. Məsələn, şəriətə görə, murdar heyvanın ətini yemək haramdır. Amma zərurət yarandıqda, aclıqdan ölümlə üz-üzə qaldıqda bir miqdar yeyilməsinə (ölümdən nicat tapmaq üçün) izin verilmişdir.
Sözügedən ayənin sonuncu ayəsindən də bəlli olur ki, bu işin görülməsinin əsas hədəflərindən biri də düşmənin alçalıb xar olması idi.
İncəliklər:
1\. Allahın gözə görünməyən qoşunları
Dünya əhli qələbə əldə etmək üçün zahiri və maddi imkanlarına güvəndiyi halda, Allah bəndələri, möminlər Allahın gücünə və yardı- mına güvəniblər. Bəni-Nəzir yəhudilərinin qəlblərinə hakim olmuş dəhşət və qorxunu buna misal gətirmək olar. Sözügedən ayələrdən də bəlli oldu ki, Bəni-Nəzir yəhudilərinin məğlub olmasının əsas və başlıca səbəblərindən biri Allahın onların qəlblərində qorxu icad etməsi idi. Məhz bu qorxu nəticəsində onlar öz əlləri ilə evlərini uçurdub, mallarına göz yumub canlarını götürərək qalanı tərk etdilər. Bu hadisənin bənzəri Qurani-Kərimin digər ayələrində də bəyan olunub. O cümlədən “Əhzab” müharibəsindən sonra Bəni-Qüreyzə yəhudiləri ilə müsəlmanlar ara- sında qarşıdurma yaranmasına ayələrin birində işarə olunaraq deyilir:
وَأَنزَلَالَّذِينَظَاهَرُوهُممِّنْأَهْلِالْكِتَابِمِنصَيَاصِيهِمْوَقَذَفَفِيقُلُوبِهِمُالرُّعْبَ
فَرِيقًاتَقْتُلُونَوَتَأْسِرُونَفَرِيقًا
"Allah kafirləri ürəkləri qəzəblə dolu halda heç bir nəticə hasil etmədən geri qaytardı. Allah möminləri döyüşdən ehtiyacsız etdi (və onlara qələbə nəsib etdi). Allah yenilməz güc və qüvvət sahibidir.” Bu hadisənin bənzərinə "Bədr" müharibəsində də rast gəlmək olar:
سألقيفيقُلُوبِالَّذِينَكَفَرُواالرَّعْبَ
“Mən kafirlərin ürəklərinə qorxu salacağam.
Möminlər döyüşdə ölsələr və yaxud düşməni məhv etsələr, hər iki halda özlərini qalib hesab edərlər və bu əqidə və məntiqə əsaslanan şəxslərin ürəklərinə qorxu hakim ola bilməz. Tarix boyu bu qəbildən olan hadisələr təkrarlanıb. Güclü ordusu olan qüdrətli dövlətlər zəif gücə malik olan əqidəli insanların qarşısında qorxuya düşüblər. Həzrət Peyğəmbərdən (s) rəvayət olunmuş hədislərin birində deyilir:
# نُصِرْتُبِالرُّعْبِمَسِيرَةَشَهْرٍ
"Allah düşmənlərin ürəklərinə bir aylıq fasilə müddətində qorxu salmaqla mənə yardım edib."
Hədisin izahi bundan ibarətdir ki, döyüş meydanlarında düşmənlərin qəlbinə qorxu hakim olmaqla yanaşı, o Həzrətlə (s) bir aylıq məsafəsi olanların da qəlblərində qorxu hakim olurdu.
Həzrət İmam Məhdinin (ə.c) qoşunu haqqında hədislərin birində deyilir:
"O Həzrətə (ə.c) mələklər, möminlər və qorxu-vəhşətdən ibarət üç qoşun növü imdad edəcək.”
Allah düşmənlərə gözləmədiyi yerdən zərbə endirməklə onları məhv edib. Təbii ki, gözlənilməyən yerdən endirilən zərbənin əzabı da ağır olur.
2\. Yəhudilərin hiylələri
Mədinəyə köç edib məskunlaşan yəhudilərin bir arzu-amalı var idi. O da sonuncu Peyğəmbərin (s) zühurunu gözləmək və o Həzrətə (s) iman gətirmək. Amma onlar əqidələrinin tam əksinə addım atdılar. Mədinə ətrafında yaşayan yəhudilər İslam dini meydana gəldikdən sonra hər bir fürsətdə bu dinə zərbə vurmaq niyyətində olublar və öz niyyətlərini dəfələrlə əməli surətdə həyata keçirtmək istəyiblər. Lakin Allahın yardımı və həzrət Peyğəmbərin (s) uzaqgörənliyi nəticəsində onların məkirli planlarının qarşısı alınıb. Bəni-Nəzir, Bəni-Qüreyzə yəhudiləri güc nümayiş etdirmələrinə baxmayaraq əqidəli mömin- lərin qarşısında hər zaman məğlubiyyətə uğrayıblar. Əqidəsi möhkəm olan haqq əhlinin qarşısında düşmən tərəf hər zaman məğlub olmağa məhkumdur.