Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Mümtəhinə Surəsinin Ayələrinə Qayıt →
Əl-Mümtəhinə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Mumtəhənə surəsi, 1-3-cü ayələr

Mumtəhənə surəsi, 1-3-cü ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ تُلْقُونَ إِلَيْهِمْ بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءَكُمْ مِنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ أَنْ تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِنْ كُنْتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاءَ مَرْضَاتِي تُسِرُّونَ إِلَيْهِمْ بِالْمَوَدَّةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنْتُمْ وَمَنْ يَفْعَلْهُ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ .١


إِنْ يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُمْ بِالسُّوءِ وَوَدُّوا لَوْ تَكْفُرُونَ .٢


لَنْ تَنْفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Haqq tərəfindən sizə gələni inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi şəhərinizdən, yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq üçün hicrət etmisinizsə (onlarla dostluq etməyin). Onlarla gizlində dostluq edirsiniz. Halbuki Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də hər kəsdən yaxşı bilirəm. Sizlərdən bu işi kim tutsa, doğru yoldan sapmış olar.

2\. Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin küfrə dönməyinizi istəyərlər.

3\. Qohumlarınız və övladlarınız sizə Qiyamət günü heç bir fayda verməyəcək, (Allah) aranıza ayrılıq salacaq. Allah nə etdiklərinizi görür.

Ayələrin nazilolma səbəbi



Əksər təfsirçilərin qeyd etdiyinə görə, bu ayələr (və ya ilk ayə) Hatib ibn Əbu Bəltəə haqqında nazil olmuşdur. (Əlbəttə, sözügedən nazilolma səbəbi ayrı-ayrı şərhlərdə cüzi fərqlərlə qeyd olunmuşdur.) Biz aşağıda mərhum Təbərsinin “Məcməül-bəyan”da nəql etdiklərini diqqətinizə çatdırırıq:

Məkkə qəbilələrindən birinə mənsub olan Sara adlı bir qadın Mədinəyə Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbər (s) ondan soruşdu: "Buraya İslamı qəbul edib gəlmisən?"

Sara dedi: "Xeyr!"

\- Hicrət etmisən?

\- Xeyr!

\- Bəs nə üçün gəlmisən?

\- Siz bizim qəbiləmiz, tayfamız idiniz. Mənim qəyyumlarım hamısı getdi və indi mən çox ehtiyac içində yaşayıram. Gəlmişəm ki, mənə kömək edəsən. Paltar və minik verəsən.

Məkkə gənclərinə nə olub ki? (Qadın müğənni idi və Məkkə gəncləri üçün müğənnilik edirdi.)

– Bədr döyüşündən sonra heç kim məni müğənni kimi dəvət etmir. (Bu, Bədr döyüşünün Məkkə müşriklərinə necə ağır zərbə vurduğunu göstərir.)

Peyğəmbər (s) Əbdülmüttəlib övladlarına onu paltar və miniklə təmin etməyi tapşırdı. Bu, Peyğəmbərin (s) Məkkəni fəth etməyə hazır- laşdığı zamana təsadüf edirdi.

Bu zaman Hatib ibn Əbu Bəltəə (Bədr döyüşündə və Rizvan beyətində iştirak etmiş məşhur müsəlmanlardan biri idi) Saranın yanına gəldi. Məktub yazıb ona verdi və Məkkə əhalisinə çatdırmasını istədi. Qarşılığında on dinar (bir nəqlə görə, on dirhəm) və kətan parça bağışladı.

Hatib məktubda Məkkə əhalisinə yazmışdı: "Allahın Rəsulu (s) sizə doğru gəlmək istəyir. Müdafiəyə hazır olun”.

Sara məktubu götürüb, Mədinədən Məkkəyə doğru yola çıxdı. Cəbrail hadisəni Peyğəmbərə (s) çatdırdı. Peyğəmbər (s) Əliyə (ə), Əmmara, Ömərə, Zübeyrə, Təlhəyə, Miqdada və Əbu Mərsədə Məkkəyə doğru yola düşməyi əmr etdi və buyurdu: “Yolda bir qadına rast gələcəksiniz. Hatibdən müşriklərə bir məktub aparır. Məktubu ondan alın".

Onlar yola düşdülər. Peyğəmbərin (s) dediyi yerdə ona çatdılar. And içdi ki, onda heç bir məktub yoxdur. Onun səfər yükünü axtardılar. Bir şey tapa bilməyib geri dönməyi qət etdilər.

Amma İmam Əli (ə) buyurdu: “Nə Peyğəmbər (s) bizə yalan deyib, nə də biz yalan deyirik”. Qılıncını çəkdi və dedi: “Məktubu gətir, yoxsa, Allaha and olsun ki, boynunu vuracağam”. Sara məsələnin ciddi oldu- ğunu görüb məktubu saçının arasından çıxartdı. Onlar məktubu alıb, Peyğəmbərin (s) hüzuruna gəldilər.

Peyğəmbər (s) Hatibi çağırtdırıb soruşdu: “Bu məktub sənə tanışdırmı?"

Hatib dedi: "Bəli!"

Buyurdu: "Bunu etmənə nə səbəb oldu?”

Dedi: "Ey Allahın Rəsulu (s)! Allaha and olsun ki, İslamı qəbul edəndən bir an belə kafır olmamışam. Əsla sənə xəyanət etməmişəm. Müşriklərdən ayrılandan onların dəvətini heç vaxt qəbul etməmişəm. Amma məsələ bundan ibarətdir ki, bütün mühacirlərin Məkkədə ailələrini müşriklərdən qoruyacaq kimsəsi var. Amma mən onların arasında qəribəm. Ailəm onların çəngindədir. Bu yolla onların üzərində bir haqqım olmasını istədim ki, ailəmi narahat etməsinlər. Halbuki Allahın sonda onları məğlub edəcəyinə əminəm və məktubun onlara bir faydası olmayacağını bilirəm”.

Peyğəmbər (s) onun üzrünü qəbul etdi. Amma Ömər ayağa qalxıb dedi: “İcazə ver, bu münafiqin boynunu vurum".

Həzrət (s) buyurdu: “O, Bədr döyüşçülərindəndir. Allahın onlara xüsusi lütfü var”. (Bu zaman yuxarıdakı ayələr nazil oldu və müsəlmanlara müşriklər və Allah düşmənləri ilə dostluq etmək məsələsilə bağlı mühüm dərs verdi.

Ayələrin təfsiri



Allah düşmənlərinə dost münasibətin sonu.

Nazilolma səbəbində dediyimiz kimi, müsəlmanlardan birinin tutduğu iş casusluq olmasa da, İslam düşmənlərinə xoş münasibət hesab olunmuşdu. Buna görə də yuxarıdakı ayələr nazil oldu və müsəlmanlara xəbərdarlıq etdi ki, gələcəkdə bu kimi işləri təkrar etməkdən çəkinsinlər. Allah-taala öncə buyurur: "Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın!”

Yəni onlar yalnız Allahın düşmənləridirlər ki, sizə də ədavət bəsləyirlər. Belə olan halda onlara necə dost münasibət bəsləyə bilərsiniz?

Sonra əlavə edir: “Onlar Haqq tərəfindən sizə gələni inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi şəhərinizdən, yurdunuzdan qovub çıxardırlar.

Onlar həm sizin əqidənizə qarşıdırlar, həm də sizinlə əməli mübarizə aparırlar. Onlar sizin ən böyük fəxriniz olan Rəbbə inanmanızı sizin üçün ən böyük günah hesab edirlər. Buna görə də sizi şəhərlərinizdən və yurdlarınızdan çıxardırlar. Belə bir vəziyyətdə onlara sevgi göstərməyiniz, İslam qoşununun əli ilə veriləcək ilahi cəzadan xilas olmalarına çalışmağınız doğrudurmu?

Sonra Müqəddəs kitab daha ətraflı izah üçün əlavə edir: "Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq üçün hicrət etmisinizsə onlarla dostluq etməyin”.

إنكُنتُمْخَرَجْتُمْجِهَادًافِيسَبيلِيوَابْتِغَاءمَرْضَاتي


Əgər həqiqətən, Allaha dost olmaqdan danışırsınızsa, Ona görə şəhərinizdən, yurdunuzdan hicrət etmisinizsə, Allah yolunda cihad etməyə və Onun razılığını qazanmağa həvəslisinizsə, bu, Allah düşmənləri ilə sazişə getməklə üst-üstə düşmür.

Sonra Quran daha çox izah üçün əlavə edir: “Onlarla gizlində dostluq edirsiniz. Halbuki Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də hər kəsdən yaxşl bilirəm”.

سِرُّونَإِلَيْهِمبِالْمَوَدَّةِوَأَنَاأَعْلَمُبِمَاأَخْفَيْتُمْوَمَاأَعْلَتُمْ


Allah qeybi bildiyi halda, gizlində iş görməyin nə xeyri var?

Ayənin sonunda Allah-taala kəskin bir təhdid olaraq buyurur: “Sizlərdən bu işi kim tutsa, doğru yoldan sapmış olar”.

O, həm Allahı tanımaq yolundan sapmış və bəzi şeylərin ondan gizli qalacağını güman etmişdir, həm iman, ixlas və təqva yolunu azmış, Allah düşmənlərinə xoş münasibət bəsləmişdir, həm də öz həyatının kökünü qazmış, sirlərini düşməninə bildirmişdir. Bu, mömin bir şəxsin iman mənşəyinə qovuşduqdan sonra düçar ola biləcəyi ən pis sapmadır.

Növbəti ayədə Allah-taala daha çox izah və təkid üçün əlavə edir: "Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edərlər”.

(إنيَفْقَفُوكُمْيَكُونُوالَكُمْأَعْدَاءوَيَبْسُطُواإِلَيْكُمْأَيْدِيَهُمْوَأَلْسِنَتَهُمبِالسُّوءِ)


Siz onlara can yandırırsınız. Halbuki onların sizinlə düşmənçiliyi çox köklüdür. Əgər sizi ələ keçirsələr, heç bir şeydən çəkinməyəcəklər. Sizi öz əlləri və dilləri ilə möhkəm incidəcəklər. Belə bir topluma can yandırmağa dəyərmi?

Daha pisi isə budur ki, onlar “sizin küfrə dönməyinizi istəyirlər”.

(وَوَدُّوالَوْتَكْفُرُونَ)


Bu, onların sizə vurmaq istədiyi ən üzücü zərbədir.

Haqqında danışdığımız son ayədə Peyğəmbərin (s): "Nə üçün Məkkə müşriklərinə sirr verirsən?" - sualına cavab olaraq: “Məkkədə qalan qohumlarım kafirlərin əlindədir, onlara bir ziyan verəcəklərindən qorxuram", - deyən Hatib ibn Əbu Bəltəə kimilərə cavab verilir və buyurulur: "Qohumlarınız və övladlarınız sizə heç bir fayda verməyəcək”.

لَنتَنفَعَكُمْأَرْحَامُكُمْوَلَاأَوْلَادُكُمْ


Çünki övladlar və qohumlar imansız olsa, nə bu dünya üçün abır və sərmayə olacaq, nə də axirətdə nicat vasitəsi olacaq. Elə isə, nə üçün imanlı şəxslər onlara görə Allahın qəzəbinə səbəb olan və Onun övliyaları ilə aranı pozan işlər görürlər?

Sonra Quran əlavə edir: “(Allah) Qiyamət günü aranıza ayrılıq salacaq”.

(يَوْمَالْقِيَامَةِيَفْصِلُبَيْنَكُمْ)


İman əhli Cənnətə doğru, küfr əhli isə Cəhənnəmə doğru gedir. Bu, həqiqətdə öncə deyilənlərin dəlilidir. Yəni bir-birinizdən ayrılacaqsınızsa, aranızdakı bağlar tamamilə qopacaqsa, onların sizə nə faydası dəyəcək?

Bu ayə, əslində, “Əbəsə” surəsinin 34-36-cı ayələrində yer alan mətləblərə bənzəyir. Belə ki buyurulur:

يَوْمَيَفِرُّالْمَرْءُمِنْأَخِيهِ. وَأُمِّهِوَأَبِيهِ،وَصَاحِبَتِهِوَبَنِيهِ.


"O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından!"

Ayənin sonunda bir daha xəbərdarlıq edir: "Allah nə etdiklərinizi görür”.

(وَاللهُبمَاتَعْمَلُونَبَصِيرٌ)


Həm sizin niyyətlərinizdən, həm də gizlində gördüyünüz işlərdən xəbərdardır. Bəzi hallarda sizin (məsələn, Hatib ibn Əbu Bəltəənin) sirlərinizi ifşa etmirsə, bilmədiyindən deyil, məsləhət belə olduğu üçündür.

Əslində, Allahın qeybi və görünəni, sirri və aşkarı bilməsi insan tərbiyəsi üçün təsirli vasitədir. Belə ki bütün hallarda özünü Onun dər- gahında görür, bütün kainatı Onun hüzuru hesab edir. Danışığında və davranışında, hətta niyyətlərində ehtiyatlı olur. Buna görə də deyirik ki, Allahı tam olaraq tanımaq, dərk etmək təqva əmələ gətirir.