Əl-Cümə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Cümə surəsi, 1-4-cü ayələr
Cümə surəsi, 1-4-cü ayələr
بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ
يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ .١
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ .٢
وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .٣
ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ .٤
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Göylərdə və yerdə olanların hamısı (bütün aləmlərin) sahibi, hər bir eyib və nöqsandan uca, qüdrətli, müdrik Allahın şəninə təriflər deyir.
2\. Savadsız cəmiyyətə özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyur, onları (pis əməllərdən) təmizləyir, onlara kitabı və hikməti öyrədir. Şübhəsiz ki, onlar daha öncə açıq-aydın azğınlıq içində idilər.
3\. (Habelə) hələ (müsəlmanlara) qoşulmamış başqalarına da (elçi göndərmişdir). O, qüdrətlidir, müdrikdir.
4\. Bu, Allahın lütfüdür, onu istədiyinə (layiq gördüyünə) verir. Allah böyük lütf sahibidir.
Ayələrin təfsiri
Peyğəmbərin (s) göndərilməsinin məqsədi
Bu surə də Allahın şəninə təriflə başlayır. Onun bəzi camal və cəlal sifətlərinə, gözəl adlarına toxunur. Bu, əslində, gələcək bəhslər üçün müqəddimədir.
Buyurur: “Göylərdə və yerdə olanların hamısı (bütün aləmlərin) sahibi, hər bir eyib və nöqsandan uca, qüdrətli, müdrik Allahın şəninə təriflər deyir”.
يُسَبِّحُلِلَّهِمَافِيالسَّمَاوَاتِوَمَافِيالْأَرْضِالْمَلِكِالْقُدُّوسِالْعَزِيزِالْحَكِيمِ)
Beləliklə, öncə Quran maliklik və hakimlik üzərində dayanır. Daha sonra Onun hər cür zülm və nöqsandan pak olmasına təkid edir. Çünki şahların və özünü hər şeyin maliki sananların zülmü o qədər çox olmuşdur ki, (məlik) sözü insanda qeyri-müqəddəslik təəssüratı doğurur. Buna görə də (quddus) sözü ilə bu yanlış anlaşılmanı aradan qaldırır.
Digər tərəfdən isə, hakimiyyətin iki əsas təməli olan qüdrət və elm vurğulanır. Görəcəyimiz kimi, sözügedən sifətlər bu surənin gələcək bəhsləri ilə yaxın əlaqəlidir və Quranın müxtəlif ayələrində Haqqın sifətlərinin seçilməsi dəqiq hesablanmışdır, nizama və xüsusi bir əlaqəyə dayanır.
Dünyada məxluqatın ümumi təsbihi haqqında öncə geniş söhbət açmışıq.
Tövhidə və Allahın sifətlərinə bu qısa işarədən sonra Müqəddəs kitab İslam Peyğəmbərinin (s) göndərilməsindən və Allahın yenilməz, hikmətli və müqəddəs olması ilə əlaqəli olan besətin məqsədindən söhbət açır və deyir: "Savadsız cəmiyyətə özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyur”.
Bu oxuma işığında "Onları (pis əməllərdən) təmizləyir, onlara kitabı və hikməti öyrədir"
Çünki “Şübhəsiz ki, onlar daha öncə açıq-aydın azğınlıq içində idilər”.
(وَإِنكَانُوامِنقَبْلُلَفِيضَلَالٍمُّبِينٍ)
Quran İslam Peyğəmbərinin (s) möcüzədən başqa heç bir şeylə izah edilməsi mümkün olmayan besətini Allahın var olmasının dəlillərindən biri hesab edir və bildirir ki, Allah sizə belə bir peyğəmbər göndərən, yaradılışda belə bir şah əsəri meydana gətirən kəsdir.
(ummiyyin) sözü (ummi) sözünün cəmidir və təhsilsiz deməkdir. (umm) – ana – sözünə mənsubdur. Yəni ana qucağından başqa məktəb görməmişdir.
Bəziləri onu Məkkə sakini kimi vermişlər. Çünki Məkkəni (ummul-qura) – abadlıqlar anası adlandırırdılar. Amma bu, olduqca zəif ehtimaldır. Çünki nə İslam Peyğəmbəri (s) yalnız Məkkə əhalisi üçün göndərilmişdi, nə də “Cümə” surəsi Məkkədə nazil olmuşdu.
Bəzi təfsirçilər isə onu yəhudi və digər ümmətlərə qarşı ərəb ümməti kimi izah etmiş və “Ali-İmran” surəsinin 75-ci ayəsini buna dəlil kimi göstərmişlər:
قَالُوالَيْسَعَلَيْنَافِيالْأُمِّيِّينَسَبِيلٌ
"Onlar (yəhudilər): “Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq” - dedilər”.
Əgər bu təfsiri qəbul etsək belə, buna səbəb yəhudilərin özlərini kitab əhli və savadlı, ərəbləri isə savadısız və təhsilsiz sanmaları idi. Demək, birinci təfsir daha uyğundur.
Qeyd etmək lazımdır ki, ayədə bildirilir: İslam Peyğəmbəri (s) təhsil almamış, oxumamış zümrənin içindən çıxmışdır ki, onun peyğəmbərliyinin əzəməti aydın görünsün və haqq olmasına sübut olsun. Çünki Quran kimi bu qədər dərin məzmunlu bir kitabın və İslam mədəniyyəti kimi bir mədəniyyətin insan fikrinin məhsulu olması qeyri-mümkündür. Həm də elə bir insanın ki, nə təhsil alıb, nə də elm və bilik mühitində böyüyüb.
Bu, zülmətdən qalxan bir nurdur. Səhranın içindən baş çıxaran yamyaşıl bağdır. Bunun özü aşkar möcüzə və onun haqq olmasına sübutdur.
Yuxarıdakı ayədə bəsətin məqsədi üç məsələdə xülasə olunmuşdur. Onlardan biri müqəddimə xarakteri daşıyır və bu, ilahi ayələri oxumaqdır. Digər ikisi, yəni (pis əməllərdən) təmizləmək və kitabla hikməti öyrətmək isə yekun məqsədlərdir.
Bəli, bu peyğəmbər insanları həm elm və bilik, həm də əxlaq və əməl sahəsində inkişaf etdirməyə və bu iki qanadla səadət səmasına ucaltmağa gəlmişdir. O gəlmişdir ki, insanlar Allah yolunu tutsunlar və Ona yaxınlıq məqamına nail olsunlar.
Bunu da qeyd etmək lazımdır ki, bəzi Quran ayələrində “təmizlənmə” sözü "təlim" sözündən, bəzilərində isə “təlim" sözü “təmizlənmə” sözündən öncə verilmişdir. Yəni dörd ayədən üçündə tərbiyə təlimdən qabaq, birində isə təlim tərbiyədən əvvəl qeyd edilmişdir.
Bu ifadə göstərir ki, məlum iki məsələ bir-biri ilə qarşılıqlı təsirdədir. (Əxlaq elmdən törəyir, necə ki elm də əxlaqdan törəyir.) Həmçinin əxlaqın birinciliyini göstərir. Əlbəttə, burada həqiqi elmdən söhbət gedir, elm donunu geyinmiş çeşid-çeşid terminologiyadan yox.
"Kitab" və "hikmət” arasında fərq nədən ibarətdir? Ola bilər ki, birincisi Qurana, ikincisi isə Peyğəmbərin (s) sözlərinə, onun “sünnə" adlanan təlimlərinə işarə olsun. Bu da ola bilər ki, "kitab” – İslam göstərişlərini, "hikmət" isə onların fəlsəfə və sirlərini bildirsin.
Bunu da qeyd etmək lazımdır ki, “hikmət", əslində, islah etmək məqsədi ilə qoyulan qadağadır. Cilova da “həkəmə” deyilir. Çünki heyvanın qarşısını alır və onu doğru yola yönəldir.
Demək, onun mənası əqli dəlillərdir və buradan aydın olur ki, kitab və hikmətin bir-birinin ardınca qeyd olunması, çox güman ki, iki böyük mənbəyə – vəhy və ağla işarədir. Yaxud başqa sözlə, səmavi hökmlər və İslam təlimləri ilahi vəhydən başlanğıc almaqla yanaşı, ağıl tərəzisi ilə də anlaşıla, dərk oluna bilir. (Ümumi hökmlər nəzərdə tutulur.)
Ayənin sonunda ərəblərin keçmişi ilə bağlı bəyan olunan üstüörtülü, lakin dolğun “açıq-aydın azğınlıq” ifadəsi onların cəmiyyətini büsbütün bürüyən cahiliyyət çağına işarədir. İnsanın özünün daşdan və taxtadan yonduğu bütǝ sitayiş etməsindən, problemlə qarşılaşdıqda bu şüursuz varlıqlara sığınmasından pis və aşkar azğınlıq ola bilərmi? Qızlarını öz əlləri ilə diri-diri basdırmaq bir yana, hələ üstəlik bununla fəxr edir və “Namusumuzun yad əllərə düşməsinə imkan vermirik”, - deyirdilər. Onların namaz və ibadət mərasimi Kəbə ətrafında əl və fit çalmaq idi. Hətta qadınlar lüt-üryan Allah evinin ətrafında təvaf edir və bunu ibadət sanırdılar.
Onların düşüncələrinə müxtəlif cür xurafatlar hakim idi. Müharibə, qarət etmək və qan tökməklə öyünürdülər.
Qadınlar onların arasında dəyərsiz bir əmtəə idi. Hətta qadını qumara qoyurdular. Qadınlar ən ibtidai insani hüquqlardan məhrum idilər.
Kin və ədavətləri ataları miras olaraq övladlarına ötürürdü. Buna görə də qan tökmək, qətl-qarət adi və sıradan bir iş sayılırdı.
Bəli, Peyğəmbər (s) gəldi və onları bu açıq-aydın azğınlıqdan kitab və hikmətin köməyi ilə xilas etdi. Onlara təlim və tərbiyə verdi. Doğrusu, belə bir azğın cəmiyyətə bunca nüfuz etmək özü İslamın əzəmətinin dəlillərindən biri və Peyğəmbərimizin aşkar möcüzəsidir.
Amma İslam Peyğəmbəri (s) yalnız bu “ummi” qövm üçün yox, əksinə, bütün bəşəriyyət üçün göndərildiyinə görə Quran növbəti ayədə buyurur: "(Habelə) hələ (müsəlmanlara) qoşulmamış başqalarına da elçi göndərmişdir)”
وَآخَرينَمِنْهُمْلَمَّايَلْحَقُوابهم
İslam Peyğəmbərinin (ə) səhabələrindən sonra dünyaya gələn, Peyğəmbərin (s) təlim-tərbiyə məktəbində yetişən, Quran və Peyğəmbər (s) sünnəsi bulağından su içən digər qövmlər də bu böyük dəvətin çevrəsinə aiddirlər.
Beləliklə, yuxarıdakı ayə Peyğəmbərin (s) səhabələrindən sonra meydana çıxan bütün qövmlərə – istər ərəblərə, istərsə də əcəmlərə şamil olur.
Bir hədisdə oxuyuruq:
Peyğəmbər (s) bu ayəni tilavət edəndə ondan soruşdular: “Bunlar kimlərdir?" Həzrət (s) əlini Salmanın çiyninə qoyub buyurdu:
# كانَالايمانُفِيالثَّرَيَّالَنَالَتْهُرِجالٌمِنْهؤلاءِلَوْ
"Əgər iman Ülkər ulduzunda (nə qədər uzaq) da olsa, bunlardan (iranlılardan) olan kişilər onu əldə edərlər”.
Bütün bu məsələlər öz mənşəyini Allahın qüdrət və hikmətindən götürdüyü üçün ayənin sonunda buyurulur: “O, qüdrətlidir, müdrikdir”.
(وَهُوَالْعَزِيزُالْحَكِيمُ)
Sonra Quran bu böyük nemətə, yəni əziz İslam Peyğəmbərinin (s) besətinə və onun təlim-tərbiyəsinə toxunaraq əlavə edir: “Bu, Allahın lütfüdür, onu istədiyinə (layiq gördüyünə) verir. Allah böyük lütf sahibidir”.
(ذَلِكَفَضْلُاللَّهِيُؤْتِيهِمَنيَشَاءوَاللَّهُذُوالْفَضْلِالْعَظِيمِ)
Əslində, bu ayə "Ali-İmran" surəsinin 164-cü ayəsi ilə eyni məzmunu bölüşür. Belə ki orada oxuyuruq:
قَدْمَنَّاللَّهُعَلَىالْمُؤْمِنِينَإِذْبَعَثَفِيهِمْرَسُولًامِنْأَنْفُسِهِمْيَتْلُوعَلَيْهِمْآيَاتِهِوَيُزَكِّيهِمْويُعَلِّمُهُمُالْكِتَابَوَالْحِكْمَةَوَإِنْكَانُوامِنْقَبْلُلَفِيضَلَالٍمُبِينِ
"Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu (böyük bir nemət bəxş etdi). Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər".
Bəziləri ehtimal etmişlər ki, “Bu, Allahın lütfüdür” ifadəsi peyğəmbərlik məqamına işarədir. Belə ki Allah bu məqamı layiq bildiyi insana verir.
Amma birinci təfsir daha uyğundur. Hərçənd hər iki ehtimalı bir yerə toplamaq olar. Həm Peyğəmbərin (s) rəhbərliyi ümmət üçün ilahi lütfdür, həm də peyğəmbərlik məqamı özü Peyğəmbər (s) üçün bir lütfdür.
Qeyd edək ki, “Onu istədiyinə (layiq gördüyünə) verir” ibarəsinin mənası heç də Allahın öz mərhəmət və lütfünü ölçüb-biçmədən hər kəsə verməsi deyil. Əksinə, burada istək hikmətlə yanaşıdır. Necə ki bu surənin ilk ayəsində Allahın yenilməz və hikmət sahibi olaraq vəsf edilməsi bunu aydınlaşdırır.
İmam Əli (ə) bu böyük ilahi lütfü belə izah edir:
# فَانْظُرُواإِلىمَواقِعِنِعَمِاللهِعَلَيْهِمْ،حِينَبَعَثَإِلَيهِمْرَسُولاً،فَعَقَدَبِمِلَّتِهِطَاعَتَهُمْ،وَجَمَعَعَلىدَعْوَتِهِأَلْفَتَهُمْ،كَيفَنَشَرَتِالنِّعْمَةُعَلَيهِمْجَناحَكَرامَتِهَا،وَأَسَالَتْلَهُمْجَدَاوِلَنَعِيمِها،وَالْتَفَّتِالْمِلَّةُبِهِمْفِيعَوائِدِبَرَكَتِهافَأَصْبَحُوافِينِعْمَتِهَاغَرِقِينَ،وَفِيخُضْرَةعَيشهافَكهينَ
“Allahın bu ümmətə bəxş etdiyi nemətlərə baxın. Elçisini onlara doğru göndərəndə onların itaətini öz dininə cəlb etdi. Dəvəti ilə onları birləşdirdi. Baxın görün, bu böyük nemət öz səxavət qol-qanadını onlara necə açdı. Öz nemət çaylarını onlara doğru necə axıtdı. Haqq din bütün bərəkətləri ilə onları əhatə etdi. Onlar nemətlərin arasında qərq olmuş və xoş həyatlarında şəndirlər”.
İncəlik:
İlahi lütf hesabsız deyil
Bir hədsidə oxuyuruq: Bir qrup yoxsul Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Ey Allahın Rəsulu! Zənginlərin Allah yolunda xərcləməyə malı var. Bizim isə heç bir şeyimiz yoxdur. Həccə getməyə imkanları var. Bizim isə yoxdur. Kölələri azad etməyə imkanları var. Bizim isə yoxdur".
Peyğəmbər (s) buyurdu: “Yüz dəfə “təkbir” demək bir kölə azad etməkdən daha üstündür. Yüz dəfə Allahın şəninə tərif demək (“Subhanəllah” demək) yüz atı cihada hazırlamaqdan daha üstündür. Yüz dəfə “La ilahə illəllah” deyənin əməli – əgər ondan daha çox deyən olmayıbsa – bütün insanların o günkü əməlindən daha üstündür”.
Bu söz zənginlərin qulağına çatdı. Onlar da bu zikrləri deməyə başladılar. Yoxsullar Peyğəmbərin (s) hüzuruna gəlib dedilər: “Sizin sözünüz zənginlərin qulağına çatdı. Onlar da bu zikrləri deməklə məşğuldurlar”. Həzrət (s) buyurdu:
# ذَلِكَفَضْلُاللَّهِيُؤْتِيهِمَنيَشَاءوَاللَّهُذُوالْفَضْلِالْعَظِيمِ
“Bu, Allahın lütfüdür, onu istədiyinə (layiq gördüyünə) verir. Allah böyük lütf sahibidir”.
(Yəni bu, sizin kimi Allah yolunda xərcləməyə həvəsli olan, amma imkanı olmayanlar üçündür. Onlar imkanlı olduqları üçün ilahi lütfə nail olmaq yolu sərvətlərini Allah yolunda xərcləməkdən keçir.)
Bu hədis yuxarıda Allahın lütfünün hesabsız olmaması ilə bağlı dediklərimizi bir daha təsdiq edir.