Əl-Əraf Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Əraf surəsi, 1-3-cü ayələr
Əraf surəsi, 1-3-cü ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
المص .١
كِتَابٌ أُنْزِلَ إِلَيْكَ فَلَا يَكُنْ فِي صَدْرِكَ حَرَجٌ مِنْهُ لِتُنْذِرَ بِهِ وَذِكْرَى لِلْمُؤْمِنِينَ .٢
اتَّبِعُوا مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَا تَتَّبِعُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ قَلِيلًا مَا تَذَكَّرُونَ .٣
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə
1\. Əlif, Lam, Mim, Sad.
2\. Bu, (insanları doğru olmayan inancların və davranışlarının acı aqibətindən) qorxutmaq, möminlərə xatırlatmaq üçün sənə nazil edilən bir kitabdır. Ona görə də ürəyində bir sıxıntı və narahatlıq olmasın!
3\. Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa rəhbərlərə və məbudlara tabe olmayın. Siz öyüd-nəsihətlərə az qulaq asırsınız!
Ayələrin təfsiri.
Təhdid və xatırlatma kitabı.
Bu surənin də əvvəlində müqəttəə, yəni Əlif, Lam, Mim, Sad hərfləri ilə rastlaşırıq. Bu hərflərin təfsiri barəsində "Bəqərə” və “Ali- İmran" surəsinin əvvəlində geniş şəkildə bəhs etmişik. Bu surədə isə sözügedən mövzu ilə əlaqədar diqqəti cəlb edən növbəti təfsiri bəyan etməklə mövzunu daha da təkmilləşdirmək istəyirik.
Müqəttəə hərflərin yazılma məqsədlərindən biri eşidənlərin diqqətini cəlb etmək, onları sakitliyə və dinləməyə səsləmək ola bilər.
Çünki sözün əvvəlində bu kimi hərflərin gəlməsi ərəb dilçiliyində yeni və qeyri-adi bir məsələ idi. Bu üslub tərəfin marağını cəlb edir, nəticədə, ilk dəfə belə bir qəribəliklə qarşılaşan şəxs diqqət kəsilirdi. Təsadüfi deyil ki, müqəttəə hərflərlə başlayan əksər surələr Məkkədə nazil olmuşdur. Bilirik ki, müsəlmanlar əvvəlcə azlıq təşkil edirdilər. Bu zaman inadkar düşmənlər nəinki Peyğəmbərin (s) sözlərini dinləmək istəmir, hətta bəzən elə səs-küy qoparırdılar ki, Peyğəmbərin (s) səsi bu hay-küy arasında itib-batırdı. Quranın bəzi ayələrində, o cümlədən "Fussilət” surəsinin 26-cı ayəsində bu məsələyə toxunulmuşdur.
Xatırladaq ki, Əhli-beyt (ə) vasitəsilə bizə çatmış bəzi rəvayətlərdə bu hərflər Allah-taalanın adları ilə əlaqədar rəmz və işarələr kimi qeyd olunmuşdur. Məsələn: Əlif, Lam, Mim, Sad ilə başlanan bu surənin müqəttəə hərfləri başa salır ki “ان االلهُ الْمُقْتَدِرُالصادق” “Mən güclü və doğruçu Allaham.”
Göründüyü kimi, dörd hərfdən hər birisi Allah-taalanın bir adının qısa rəmzidir.
Past Sözlərin geniş şəkildə deyil, ixtisar şəklində söylənilməsi ta qədim zamanlardan mövcud olmuşdur. Nitqin sürətli və asan olması üçün abreviaturadan bizim dövrümüzdə çox geniş bir formada istifadə olunur. Belə ki bir çox uzun sözlər, müəssisə və ya təşkilat adları ixtisar olunaraq qısa ifadələrlə qeyd edilir.
Bir məsələni də qeyd etmək lazımdır ki, müqəttəə hərflərin barəsindəki bu cür müxtəlif təfsirlərin bir-biri ilə heç bir ziddiyyəti yoxdur.
Ayənin davamına nəzər salaq: “Bu, sənə nazil olmuş bir kitabdır və bu kitab barəsində qəlbində heç bir narahatlıq, nigarançılıq olmamalıdır”.
Lüğətdə sıxıntı və hər növ narahatlıq (hǝrǝc) kəlməsi ilə ifadə olunsa da, əslində, bir-birinə qarışmış qalın ağac toplusu deməkdir.
Sonradan bu söz geniş anlam kəsb edərək bütün növ sıxıntılara şamil edilmişdir.
Yuxarıdakı cümlə Peyğəmbərə (s) təsəlli kimi qeyd olunur ki, bu ayələr Allah tərəfindəndir. Odur ki, öz ürəyinə heç bir nigarançılığın daxil olmasına imkan vermə. Nə öhdənə götürdüyün ağır risalət yükünə, nə inadkar düşmənlərin ayələr müqabilində göstərdiyi əksül- əmələ, nə də bu risalətin təbliğindən gözlənilən nəticə və məqsədə görə nigaran ol.
Bu surə “məkki" surələrindəndir və Peyğəmbərin (s) qarşısındakı problemlər tamamilə anlaşılandır. Doğrudur, biz bu gün Peyğəmbərin (s) həyatındakı təfərrüatı və Məkkə mühitindəki dostlarının, eləcə də İslamın əvvəlindəki problemlərin vəziyyətini çox çətinliklə təsəvvür edə bilirik. Bir həqiqəti nəzərdə saxlamaq lazımdır ki, Peyğəmbər (s) belə bir dəhşətli mühitdə və son dərəcə geridə qalmış insanlar arasında bütün sahələrdə inqilabi bir sıçrayış yaratmalı, həm də bütün bunları qısa müddətdə həyata keçirməli idi. Bunları diqqətə aldıqda, Həzrətin (s) önündəki problemləri qismən olsa da, anlamaq mümkündür.
Ona görə də Allah-taalanın təsəllisi, onu nigarançılıqdan çıxarması və işinin nəticə verəcəyinə tamamilə ümid verməsi anlaşılandır.
Növbəti cümlədə əlavə olunduğu kimi: "Bu kitabı göndərməkdə məqsəd insanları düşüncə və əməllərinin acı sonluğundan xəbərdar edib qorxutmaqdan ibarətdir. Eləcə də bu kitab doğruçu möminlərə bəzi məsələləri xatırlatmaq üçün göndərilmişdir”.
Gördüyünüz kimi, bu cümlədə (inzar) ümumi bir əmr kimi göndərilmiş, (təzəkkür) isə yalnız möminlərə ünvanlanmışdır. Səbəb odur ki, haqqa doğru dəvət və azğınlıqlara qarşı mübarizə ümumi xarakter daşıyır. Lakin yalnız iman gətirənlər bu dəvətdən faydalanacaq, inadkar şəxsləri özlərindən uzaqlaşdıraraq haqq qarşısında təslim olacaqlar.
Eynilə bu ifadə "Bəqərə” surəsinin əvvəlində də rast gəlinir:
"Bu kitabda heç bir şəkk-şübhə yoxdur və bu kitab təqvalıların hidayət olunmasına səbəbdir."
Daha sonra da bütün insanlara üz tutaraq buyurulur: "Rəbbiniz tərəfdən sizə nazil olanlara tabe olun”.
Beləliklə də, söhbət Peyğəmbərdən (s), onun missiyasından başlayaraq xalqın vəzifəsi ilə tamamlanır.
Ayənin davamında təkid olaraq vurğulanır: “Allahdan qeyrisinə tabe olmayın və Ondan başqasını sahibiniz kimi seçməkdən uzaq olun”.
Yekun olaraq da nəsihət, və xatırlatmadan faydalanan, eləcə də haqq qarşısında tamamilə təslim olanların sayının azlığına görə ayəni belə bitirir: “Çox az xatırlayırsınız."
Yeri gəlmişkən, bu ayədən anlaşılır ki, insan iki yol ayrıcındadır: Ya Allah-taalanın vilayət və hakimiyyətini qəbul edəcək, ya da başqalarının vilayət və hakimiyyətinə daxil olacaqdır. Birinci yolu qəbul edən şəxslərin vəlisi də, ağası da yalnız Allahdır. Allahdan uzaqlaşan, digər vilayət və hakimiyyətə sığınan fərdlər isə hər gün bir başqasının yükünü daşımalı və yeni-yeni ağalar seçməli olacaqlar. (vəliyy) sözünün cəmi olan (övliya) sözü də bu məsələyə işarə edir.