Əl-Müddəssir Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Muddəssir surəsi, 1-10-cu ayələr
Muddəssir surəsi, 1-10-cu ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
يَاأَيُّهَاالْمُدَّثِّ .١
قُمْفَأَنذِرْ.۲
وَرَبَّكَفَكَبِّرْ .٣
وَثِيَابَكَفَطَهِّرْ .٤
وَالرُّجْزَفَاهْجُرْ .٥
وَلَاتَمْنُنتَسْتَكْثُرُ .٦
وَلِرَبِّكَفَاصْبِرْ .۷
فَإِذَانُقرَفِيالنَّاقُور .٨
فَذَلكَيَوْمَئِذٍيَوْمٌعَسِيرٌ .۹
عَلَىالْكَافِرِينَغَيْرُيَسِيرٍ .١٠
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ey yuxu libasına bürünmüş!
2\. Qalx və qorxut!
3\. Rabbini uca tut!
4\. Paltarını təmizlə!
5\. Pis şeylərdən uzaq dur!
6\. Daha artığına göz dikərək minnət qoyma!
7\. Rəbbin üçün səbir et!
8\. Sur üfürülərkən –
9\. həmin gün çətin bir gün olacaq.
10\. Kafirlərə asan olmayacaqdır.
Ayələrin təfsiri
Qalx və aləmdəkiləri qorxut!
Açıq qeyd edilməsə də, şübhəsiz, bu ayələr Həzrət Peyğəmbərə (s) xitab edilib. Ayələrdə mövcud olan nişanələr də buna dəlalət edir. Əvvəlcə Allah-taala belə buyurur: "Ey yuxu libasına bürünmüş!”
(يَاأَيُّهَاالْمُدَّثِّرُ)
"Qalx və qorxut!"
Yatmaq və istirahət vaxtı keçib, artıq ayağa qalxmaq və təbliğat aparmaq vaxtıdır. Həzrət Peyğəmbərin (s) həm “müjdə verən”, həm də "qorxudan" olmasına baxmayaraq, burada o Həzrətin "qorxudan" olmasının vurğulanmasının səbəbi qorxutmanın – xüsusilə işin əvvəlində – yatmış ruhların qəflət yuxusundan oyanmasına olduqca böyük təsir göstərməsidir.
Həzrət Peyğəmbərin (s) yataqda yatmasının və bu xitabın onu qalxmağa dəvət etməsinin səbəbi barədə təfsirçilər müxtəlif ehtimallar irəli sürüblər:
1\. Müşrik ərəblər həcc mövsümü başlamazdan öncə bir yerə toplaşdılar və onların Əbu Cəhl, Əbu Süfyan, Vəlid ibn Muğeyrə və Nəzr ibn Haris kimi başçıları Məkkədən kənar yerlərdən gələcək və İslam Peyğəmbərinin (s) zühuru barədə az-çox bəzi şeylər eşitmiş insanların suallarına nə cavab vermək barədə məsləhətləşməyə başladılar. Fikirləşdilər ki, əgər onlar camaatın suallarına ayrı-ayrılıqda cavab versələr və Peyğəmbəri (s) biri kahin, biri dəli, biri sehrbaz adlandırsa, fikir ayrılığı yaranacaq və bu, onların nüfuzuna mənfi təsir göstərəcək. Buna görə də onlar Peyğəmbərə (s) qarşı vahid fikirlə mübarizə apar mağı qərara aldılar. Uzun söhbətdən sonra o Həzrəti (s) "sehrbaz" adlandırmağın ən yaxşı yol olması qənaətinə gəldilər. Çünki sehrin xüsusiyyətlərindən biri insanlar, məsələn, ərlə arvad, ya ata ilə oğul arasında ayrılıq yaratmaqdır və Peyğəmbər (s) də İslam dinini gətirməklə belə bir iş görmüşdü.
Bu söz Peyğəmbərə (s) çatdı. O Həzrət (s) çox narahat oldu və xəstə adam kimi qəmgin halda evə gəlib yatağına uzandı. Həmin vaxt sözügedən ayələr nazil oldu və o Həzrəti ayağa qalxıb mübarizə apar- mağa çağırdı.
2\. Bu ayələr Həzrət Peyğəmbərə (s) nazil olmuş ilk ayələrdəndir. Çünki Cabir ibn Abdullah Həzrət Peyğəmbərdən (s) belə buyurmasını nəql edib: “Mən Hira dağında idim. Belə bir səs gəldi: “Ey Muhəmməd, sən Allahın elçisisən”. Sağa-sola baxdım, bir şey görmədim. Başımı qaldırıb yuxarı baxdım. Göylə yer arasında ərşdə bir mələk gördüm. Qorxdum və Xədicənin yanına gəlib dedim: “Üstümü örtün! Üstümü örtün! Üstümə soyuq su tökün!" Həmin vaxt Cəbrail nazil oldu və “Ey yuxu libasına bürünmüş!” ayəsini nazil etdi”.
Lakin surənin ayələrinin aşkar dəvətdən bəhs etdiyini nəzərə alanda belə məlum olur ki, bu ayələr, şübhəsiz, gizli dəvətdən üç il sonra nazil olub və bu, öncə qeyd edilən hədislərdə deyilənlərlə düz gəlmir. Əlbəttə, bu uyuşmazlığı həll etmək üçün belə demək olar ki, surənin əvvəlindəki bir neçə ayə Peyğəmbərin (s) dəvətinin əvvəlində, sonrakı ayələr isə bir neçə il sonra nazil olub.
3\. Həzrət Peyğəmbər (s) yatmış və üstünə paltarını örtmüşdü. Cəbrail nazil olub o Həzrəti oyatdı və bu ayələri ona oxuyaraq dedi ki, qalx, yorğan-döşəyi boşla və ilahi vəzifəni yerinə yetir!
4\. Ayədə "libasa bürünmək” deyəndə zahiri paltar geyinmək nəzərdə tutulmur, peyğəmbərlik libası nəzərdə tutulur. Məsələn, pəhrizkarlıq barədə də “təqva libası” ifadəsi işlədilir.
5\. Ayədəki (muddəssir) sözünün mənası “bir küncə tənhalığa çəkilmiş, guşənişinlik edən şəxs"dir. Buna görə də ayənin mənası budur ki, tənhalıqdan çıx və insanları qorxutmaq və Allahın bəndələrini hidayət etməklə məşğul ol.³
Bu təfsirlərin içində ən münasib təfsir birinci təfsirdir.
Qeyd etmək lazımdır ki, “qorxut” əmrinin nəyə aid olması, qorxutmanın hansı sahədə olması qeyd edilməyib. Bu, məsələnin ümumi olmasını bəyan etmək üçündür. Yəni bütpərəstlik, şirk, küfr, zülm, haqsızlıq, fəsad, ilahi əzab, haqq-hesab və məhşər barədə insanlara xəbərdarlıq et. (Başqa sözlə desək, onun əlaqəli olduğu sözün atılması mənanın ümumiliyinə dəlalət edir.) Bundan əlavə, o, həm dünya əzabına şamil olur, həm axirət əzabına, həm də insanın əməllərinin onu haqlayacaq nəticələrinə.
Qalxıb qorxutmaq göstərişinin ardınca Allah-taala İslam Peyğəmbərinə (s) başqalarına örnək olacaq beş mühüm göstəriş verir. İlk gös- təriş tövhid barəsindədir. Buyurur: “Rəbbini uca tut!”⁴
O, sənin sahibin və tərbiyə edənindir və malik olduğun hər şeyi O verib. Ondan başqasını unut, bütün yalançı məbudların üstündən qırmızı xətt çət, şirk və bütpərəstliyin bütün nişanələrini məhv et. (Rəbb) sözünün xüsusi qeyd edilməsi və onun mənanın məhdudlaşdırılması əlaməti olaraq (uca tut) sözündən qabaq qeyd edilməsi bu qısa ifadədə tövhidin dəlilini bəyan edir. Qısa bir cümlədə bu qədər dərin məna bildirən Quranın ifadələri həqiqətən çox maraqlı və dolğundur!
(fəkəbbir) sözünün mənası təkcə "Allahu-əkbər" demək deyil. Bəli, "Allahu-əkbər" demək də onun nümunələrindən biridir və buna hədislərdə də işarə edilib. Onun mənası Allahın həm etiqad, həm əməl, həm də söz baxımından uca tutulması, Onun camal sifətləri ilə vəsf edilməsi, hər hansı bir eyib və nöqsandan pak sayılmasıdır. O, tövsif edilməkdən üstün hesab edilməlidir. Əhli-beytdən (ə) nəql edilmiş hədislərdə də qeyd edilib ki, "Allahu-əkbər"in mənası Allahın vəsf edilməkdən, insanın zehninə sığışmaqdan böyük olmasıdır. Buna görə də “təkbir” sözünün mənası sadəcə eyib və nöqsanlardan paklıq mənası verən "təsbih" sözündən daha genişdir.
Tövhiddən sonra verilən ikinci göstəriş çirkdən təmizlik barədədir. Buyurulur: “Paltarını təmizlə!”
"Paltar” sözü insanın əməli barədə məcaz ola bilər. Çünki hər bir kəsin əməli onun paltarı kimidir və zahiri batinindən xəbər verir.
Bəziləri burada “paltar” sözünün insanın ruh və qəlbinə işarə olduğunu deyiblər. Yəni qəlbini bütün çirklərdən təmizlə. Əgər paltar təmiz olmalıdırsa, paltar sahibinin təmizlənməsi ondan qabaq olmalıdır.
Bəziləri də onu zahiri paltar mənasında yozublar. Çünki zahiri paltarın təmizlənməsi insanın şəxsiyyət, tərbiyə və mədəniyyətinin ən mühüm göstəricilərindəndir. Cahiliyyət dövründə təmizliyə az riayət edilir, insanlar çox çirkli paltarlar geyinirdilər. Xüsusilə, həmin dövrdə (müasir cahiliyyət kölələri arasında olduğu kimi) paltarın ayağını və aşağı hissəsini çox uzun saxlayırdılar, nəticədə paltar yerlə sürünür və bulaşırdı. Bəzi hədislərdə İmam Sadiqin (ə) belə buyurması nəql edilib: “Ayənin mənası “paltarını qısalt"dır”.⁵ Bu da həmin mənanı nəzərdə tutur.
Bəziləri də onu ər-arvad mənasında təfsir ediblər. Çünki Quran buyurur:
هُنَّلِبَاسٌلَّكُمْوَأَنتُمْلِبَاسٌلَّهُنَّ
"Onlar sizin, siz də onların libasısınız".⁶
Bu mənaların hamısını bir-biri ilə uzlaşdırmaq da olar.
Bu ayə həm də bu nüansa işarə edir ki, ilahi rəhbərlər bütün çirkinliklərdən uzaqlaşandan, təqvalı və pəhrizkar olmaları bütün cəhətlərdən təsbit ediləndən sonra söz və nüfuz sahibi ola bilərlər. Elə buna görə də qalxıb qorxutmaq əmrindən sonra paklıq və təmizlik əmri verilir.
Üçüncü göstəriş belədir: “Pis (və ilahi əzaba səbəb olan) şeylərdən uzaq du”.r
(وَالرُّجْزَفَاهْجُرْ)
"rucz" (pislik) sözünün mənasının geniş olması onun müxtəlif cür izah edilməsinə səbəb olub. Onu bəzən büt, bəzən hər hansı bir günah, bəzən pis və xoşagəlməz əxlaq, bəzən bütün səhv və günahların mənbəyi olan dünya sevgisi, bəzən şirk və günahın nəticəsi olan ilahi əzab, bəzən də insana Allahı unutduran hər şey mənasında təfsir ediblər.
Amma əslində (rucz) sözünün mənası “iztirab və səbatsızlıq"dır.⁷ Sonradan o, şirk, bütpərəstlik, şeytani vəsvəsə, xoşagəlməz əxlaq və insanın iztiraba düçar olması və düz yoldan sapmasına səbəb olan ilahi əzab mənasında işlədilib.
Amma bəziləri onun mənasının “əzab” olduğunu deyiblər.⁸ Şirk, günah, pis əxlaq və dünya sevgsi ilahi əzabın gəlməsinə səbəb olduğu üçün onların barəsində "rucz" sözündən istifadə edilib.
Qeyd etmək lazımdır ki, (ricz) sözü Qurani-məciddə daha çox əzab mənasında işlənib.⁹
Bəzilərinin nəzərincə, “rucz” sözü “çirkinlik” mənası verən (rics) sözü ilə sinonimdir.¹⁰
Bu üç məna bir-birindən fərqli olsa da, bir-biri ilə sıx bağlıdır. Hər halda, ayənin mənası genişdir və sapıntı, çirkin və nalayiq əməl, dünya və axirətdə Allahın qəzəbinə səbəb olan işlərin hamısına şamil olur.
Şübhəsiz, İslam Peyğəmbəri (s) hətta peyğəmbərliyindən qabaq bu işlərdən uzaq olub. Bunu o Həzrətin (s) həm dost, həm də düşmən tərəfindən təsdiqlənən həyat tarixindən də görmək mümkündür. Sadəcə o, burada Allaha dəvət yolunun əsas prinsipi, həmçinin ümumi örnək və meyar olaraq vurğulanıb.
Dördüncü göstərişdə Müqəddəs kitab belə buyurur: “Daha artığına göz dikərək minnət qoyma”.¹¹
( وَلَاتَمنُنتَسْتَكْثِرُ)
Minnət qoymaqdan və daha artığına göz dikməkdən çəkindirmənin nəyə aid olması barədə xüsusi şərt qeyd edilməyib və ayənin mənası ümumi və genişdir. O, minnət qoymağın bütün formalarına – həm yara- dana, həm də yaradılmışlara minnət qoyulmasına şamil olur. Yolunda cihad edib çalışdığın Rəbbinə minnət qoyma! Çünki sənə belə uca məqam əta etdiyinə görə Onun sənin boynunda haqqı var.
Həmçinin ibadət, itaət və yaxşı əməllərini çox sayma, özünü həmişə qüsur sərhədində hiss et, ibadət etməyi Allahın bəxş etdiyi böyük uğur say.
Başqa sözlə desək, sənin ayağa qalxıb insanları qorxutmağın, tövhidi yayıb Allahın əzəmətini təbliğ etməyin, paltarını təmizləməyin və bütün günahlardan çəkinməyin sənin Allaha minnət qoymağına, ya onları çox və böyük iş hesab etməyinə səbəb olmamalıdır. Onları Allah tərəfindən verilmiş böyük hədiyyə hesab etməli, onlara görə məmnun olmalısan. Əgər Onun eşq və məhəbbətinə qərq olsan, bu mühüm işləri kiçik və dəyərsiz sayacaqsan.
Həmçinin insanlara göstərdiyin xidmətlərin istər təbliğat və doğru yola istiqamətləndirmək kimi mənəvi cəhətlərdə olsun, istərsə də sədəqə, bəxşiş kimi maddi cəhətlərdə – heç biri minnət qoymaq, ya qarşılıq gözləmək niyyəti ilə həyata keçirilməməlidir. Çünki minnət yaxşı əməlləri puç edir:
يَاأَيُّهَاالَّذِينَآمَنُوالَاتُبْطِلُواصَدَقَاتِكُمبِالْمَنِّوَالأَذَى
"Ey iman gətirənlər! Sədəqələrinizi... minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”¹².
(la təmnun) sözünün kökü (minnət) sözüdür və bu kimi yerlərdə onun mənası “insanın birinə verdiyi nemətin mühümlüyünü ifadə edən söz deməsi”dir. Buradan da onunla "daha artığa göz dikmək" arasında hansı əlaqənin olması məlum olur. Çünki əgər insan başqasına göstərdiyi xidməti əhəmiyyətsiz hesab etsə, nəinki daha artıq, ümumiyyətlə heç bir qarşılıq gözləməz. Buna görə də minnət qoymaq həmişə daha artıq gözləməyin mənbəyi olur və o, neməti tamamilə dəyərdən salan bir əməldir.
Bazi hədislərdə ayənin mənasının - لاتُعْطِتَلْتَمِسُأَكْثَرَمِنْها “başqasına daha artığını umduğun şey vermək" olması qeyd edilib.¹³ Əslində bu, yalnız mübarək ayənin ümumi mənasının nümunələrindən biridir. Başqa bir hədisdə İmam Sadiqin (ə) bu ayənin təfsirində buyurduğu:
# لاتَسْتَكْثِرُمَاعَمِلْتَمِنْخَيرلله
“Allaha xatir yerinə yetirdiyin yaxşı işi əsla çox sayma!"¹⁴ - kəlamı da həmin ümumi mənanın nümunələrindəndir.
Sonrakı ayədə Quran bu barədəki son göstərişə eyham vuraraq buyurur: “Rəbbin üçün səbir et!”
Burada bir daha səbir, dözümlülük və təmkinin ümumi mənası ilə qarşılaşırıq və o, özündə hər şeyi ehtiva edir.
Yəni bu böyük ilahi vəzifənin yerinə yetirilməsində səbirli ol, müşriklərin, cahil və nadan düşmənlərin əzab-əziyyətləri qarşısında təmkin nümayiş etdir, Allaha bəndəlik və Onun əmrinə tabe olmaq yolunda möhkəm dayan, həm nəfsinlə, həm də döyüş meydanında düşmənlə cihadda səbirli ol!
Şübhəsiz, səbir bütün keçmiş proqramların icrasına zəmanət verir. Ümumiyyətlə, təbliğat və insanları doğru yola istiqamətləndirməyin ən mühüm sərmayəsi səbir və təmkindir. Buna görə də Qurani-məciddə dəfələrlə ona təkid edilib. Əmirəlmöminin Əli (ə) kəlamlarının birində belə buyurub:
# الصَّبْرُمِنَالْإِيمَانِكَالرَّأْسِمِنَالْحَسَدِ
“İmanla səbrin əlaqəsi baş ilə bədənin əlaqəsi kimidir”.¹⁵
Bu səbəbdən peyğəmbərlər və ilahi şəxsiyyətlərin ən mühüm proqramlarından biri səbir və dözümlülük olub. Onlar çətin və acı hadisələrlə qarşılaşdıqca səbirləri daha da artırdı.
Əziz İslam Peyğəmbəri (s) səbirli şəxslərin mükafatı barəsindəki hədislərinin birində belə söyləyib:
# قالَاللهُتعالى: إِذَاوَجَّهْتُإِلَىعَبْدِمِنْعَبِيدِيمُصِيبَةٌفِيبَدَنِهِأَوْمَالِهِأَوْوَلَده،ثُمَّاسْتَقْبَلَذَلِكَبِصَبْرجَمِيلَ،اسْتَحْيِيتُمِنْهُيوْمَالْقِيامَةِأَنْأَنْصِبَلَهُمِيزَانَاأَوْأَنْشْرَلَهُدِيوَاناً
"Allah-taala buyurur: “Əgər bəndələrimdən hər hansı birini bədən, mal, ya övladı ilə bağlı bəlaya düçar etsəm və həmin şəxs onu gözəl səbirlə qarşılasa, Qiyamət günü onun əməlini ölçmək üçün tərəzi qurmağa, ya əməl dəftərini açmağa həya edərəm”.¹⁶
Əvvəlki ayələrdə qalxmaq və qorxutmaq barədə göstərişlər verəndən sonra Allah-taala sözügedən ayələrdə daha israrlı və daha dolğun ifadə ilə qorxutmağa başlayaraq buyurur: "Sur üfürülərkən...”
“...həmin gün çətin bir gün olacaq".¹⁷
“Kafirlərə asan olmayacaqdır".
(naqur) sözünün kökü (nəqr) sözüdür və onun mənası "bir şeyi deşilənə kimi döyəcləmək”dir. Quşların dimdiyinə (minqar) deyilməsinin də səbəbi onların öz dimdikləri vasitəsi ilə əşyaları döyəcləyib deşik açmalarıdır. Həmçinin həmin səbəbdən şeypura “nafur” deyilir. Çünki onun səsi sanki insanın qulağının pərdəsini deşir və onun beyninə işləyir.
Quran ayələrindən belə məlum olur ki, dünyanın sonu və Qiyamətin başlanğıcında iki dəfə sur çalınacaq. Yəni iki dəfə olduqca qorxulu və sarsıdıcı səs ucalaq. Onların biri ölüm, ikincisi isə dirilmə sədası olacaq. Bu səslər bütün dünyanı bürüyəcək. Onların birincisinə “surun birinci üfürülməsi", ikincisinə isə "surun ikinci üfürülməsi" deyilir. Sözügedən ayə “surun ikinci üfürülməsinə” işarədir. Qiyamət onunla başlayacaq və o, kafirlər üçün çətin və ağır gün olacaq.¹⁸
Hər halda, bu ayələrdən belə məlum olur ki, Qiyamət surunun çalınması ilə kafirlər bir-birinin ardınca müxtəlif problemlərlə qarşılaşacaqlar. O, çox çətin və ağır bir gün olacaq və ən güclü insanları belə diz çökdürəcək.