Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Qiyamə Surəsinin Ayələrinə Qayıt →
Əl-Qiyamə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qiyamət surəsi, 1-6-cı ayələr

Qiyamət surəsi, 1-6-cı ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


لَٓا اُقسِمُ بِيَوْمِا الْقِيٰمَةِ .۱


وَ لَٓا اُقسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ.٢


۳. اَيَحْسَبُ الْاِنْسَانُ اَلَّنْ نَجْمَعَ عِظَا مَه


بَلَىقَادِرِينَعَلَىأَنتُسَوِّيَبَنَانَهُ.٤


بَلْيُرِيدُالْإِنسَانُلِيَفْجُرَأَمَامَهُ.٥


يَسْأَلُأَيَّانَيَوْمُالْقِيَامَةِ.٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun Qiyamət gününə!

2\. And olsun ayıq vicdana, tənə edən nəfsə (ki, Qiyamət haqdır)!

3\. İnsan elə zənn edir ki, Biz onun sümüklərini yığmayacağıq?!

4\. Xeyr, Biz onun barmaqlarının uclarını(n hətta xətlərini də) bərpa etməyə qadirik.

5\. (İnsan məada şəkk etmir) sadəcə, o, bütün ömrü boyu günah etmək istəyir.

6\. (Buna görə də) o: “Qiyamət günü nə vaxt olacaq?!” – deyə soruşur.

Ayələrin təfsiri



And olsun Qiyamətə və qınayan vicdana!

Bu surə iki mənalı and ilə başlayır: "And olsun Qiyamət gününə!"

(لَاأُقْسِمُبِيَوْمِالْقِيَامَةِ)


(وَلَاأُقْسِمُبِالنَّفْسِاللوَّامَةِ)


“And olsun ayıq vicdana, tənə edən nəfsə (ki, Qiyamət haqdır)!”

Bu iki ayədəki (la) ədatının qrammatik baxımdan “artıq” və təkid məqsədi daşıyan ədat (bu halda o, andı inkar etməyəcək, əksinə ona təkid edəcək), yoxsa inkar ədatı (bu halda isə onun mənası belə olacaq: bu məsələ o qədər mühümdür ki, ona and içmirəm)³ olması haqda təfsirçilər arasında fikir ayrılığı var.

Təfsirçilərin çoxu birinci ehtimalı seçib. Amma ikinci ehtimalın da tərəfdarları var. Onların fikrincə, ərəb dili qrammatikası baxımından artıq sayılan "la" ədatı cümlənin əvvəlində işlənmir, ancaq cümlənin ortasında gəlir.

Birinci təfsir daha münasib görünür. Çünki Allah-taala Qiyamətdən də mühüm məsələlərə, məsələn, Allahın pak zatına and içib. Buna görə də burada, qeyd edilən səbəbdən Qiyamətə and içilməməsi əsassızdır. Artıq "la" ǝdatının cümlənin əvvəlində işlədilməsinə gəldikdə, ərəb ədəbiyyatında bunun nümunələri var. Məsələn, məşhur ərəb şairi İmruul- Qeysin bəzi şeirlərinin əvvəlində artıq “la” ədatından istifadə etdiyi məlumdur.⁴

Bizim nəzərimizcə, “la” ədatının artıq, ya inkar ədatı olmasından danışmaq elə də mühüm deyil. Çünki onların hər ikisinin nəticəsi eynidir və bu, barəsində and içilən məsələnin əhəmiyyətidir.

Əsas məsələ bu iki and (Qiyamətə and içilməsi ilə ayıq vicdana and içilməsi) arasında hansı əlaqənin olmasını müəyyənləşdirməkdir.

Əslində, məadın dəlillərindən biri insanın canında "vicdan məhkəmə”sinin olmasıdır. İnsan yaxşı iş görəndə o, insanın ruhunu sevincə qərq edir və onu bu yolla mükafatlandırır. Həmçinin əksinə, pis iş görəndə, ya cinayət törədəndə onun ruhunu sıxır, cəzalandırır və ona elə işgəncə verir ki, vicdan əzabından qurtulmaq üçün intihara əl atır. Yəni vicdan onun barəsində edam hökmü çıxarır və bunu onun öz əli ilə həyata keçirir.

Qınayan nəfsin insanın vücuduna təsiri böyükdür və o, ən müxtəlif cəhətlərdən araşdırılmalı mövzulardandır. Biz “İncəliklər” bəhsində bu barədə daha ətraflı izah verəcəyik.

Əgər bu "kiçik aləm”də, yəni insanın vücudunda kiçik məhkəmə varsa, o əzəmətdə “böyük aləm”də böyük məhkəmə olmaya bilərmi?!

Beləcə, biz əxlaqi vicdanın mövcudluğundan Qiyamətin mövcudluğunu başa düşürük. Elə buradan bu iki and arasında hansı əlaqənin olması aydın olur. Başqa sözlə desək, ikinci and birinci andın dəlilidir.

Ayənin ərəbcə orijinalında işlənmiş (ən-nəfs əl-ləvvamə) ifadəsinin⁵ mənasının nə olması barədə təfsirçilər müxtəlif nəzərlər irəli sürüblər.

Məşhur təfsirlərdən biri öncə qeyd etdiyimiz təfsirdir. Yəni həmin ifadə dünyada pis iş görəndə insanı məzəmmət edən, onu yanlışını düzəltməyə sövq edən əxlaqi vicdana işarədir.

İkinci təfsirə əsasən, o, Qiyamətdə bütün insanların özlərini qınamasına işarədir. Belə ki möminlər özlərini az yaxşı iş gördükləri üçün, kafirlər isə küfr, şirk və günah yolu ilə getdikləri üçün məzəmmət edəcəklər.

Üçüncü təfsirə görə, həmin ifadə ancaq kafirlərin nəfsini nəzərdə tutur. Yəni kafirlərin nəfsi Qiyamətdə onları pis əməllərinə görə məzəm- mət edəcək, qınayacaq.

Amma bundan əvvəlki və sonrakı ayəni nəzərə alanda birinci təfsirin daha münasib olduğunu görürük.

Bəli, “vicdan məhkəməsi" o qədər böyük və şərafətlidir ki, Allah- taala ona and içib, onu hörmətlə yad edib. O, həqiqətən böyükdür. Çünki o, insanın mühüm qurtuluş amillərindən biri sayılır. Əlbəttə, o şərtlə ki, vicdan ayıq olsun, günahın çoxluğundan zəifləməsin, ölməsin.

Maraqlı nüanslardan biri bu iki mühüm və dəyərli andın ardınca andın içilmə səbəbinin qeyd edilməməsidir.

Bunun səbəbi məsələnin sonrakı ayənin məzmunundan məlum olmasıdır. Buna görə də sözügedən ayələrin mənası belə olur: and olsun Qiyamətə, ayıq vicdana, tənə edən nəfsə ki, Qiyamətdə siz hamınız dirildiləcək və əməllərinizin qarşılığını alacaqsınız.⁶

Daha bir maraqlı incəlik də Qiyamətin mövcud olması barədə elə Qiyamətin özünə and içilməsidir. Çünki Qiyamət o qədər qəti hesab edilib ki, ona hətta onu inkar edənlərin qarşısında and içmək olar.

Sonrakı ayədə Allah-taala ritorik sual cümləsi ilə soruşur: “İnsan elə zənn edir ki, Biz onun sümüklərini yığmayacağıq?!”

نَجْمَعَعِظَامَهُ


"Xeyr, Biz onun barmaqlarının uclarını(n hətta xətlərini də) bərpa etməyə qadirik”.

بَلَىقَادِرِينَعَلَىأَنتُسَوِّيبَنَانَهُ


Hədislərin birində belə nəql edilib: Həzrət Peyğəmbərin (s) qonşuluğunda Əli ibn Əbi Rəbiə adlı bir müşrik yaşayırdı. O, bir gün Həzrət Peyğəmbərin (s) yanına gəlib Qiyamət günü barəsində sual necə və nə vaxt olacağını soruşdu, sonra dedi: “Əgər mən həmin günü hətta öz gözlərimlə görsəm, yenə sənə iman gətirmərəm! Allah bu sümükləri bir yerə necə toplaya bilər?! Bu inanılmazdır!"

Həmin vaxt sözügedən ayələr nazil oldu və ona cavab verdi. Həzrət Peyğəmbər (s) həmin inadkar şəxs barəsində belə buyurub:

# اللهُمَّأَكْفَنِيشَرَّجَارِىالسُّوءِ


“Allahım, bu şər qonşumun şərini məndən uzaq et!"⁷

Bunun bənzəri Quranın digər ayələrində də var. Məsələn, “Yasin” surəsinin 78-ci ayəsində buyurulur ki, məadı inkar edənlərin biri əlinə çürümüş bir sümük parçası götürərək Həzrət Peyğəmbərə (s) belə deyib:

“Çürüdükləri halda bu sümükləri kim dirildər?”

Ayənin ərəbcə orijinalında işlənmiş (yəhsəbu) sözündən (onun kökü “حسبان” sözü, mənası “zənn etmək”dir) belə məlum olur ki, məadı inkar edənlərin heç özləri öz dediklərinə inanmayıblar və onların bu barədə istinad mənbəyi ancaq əsassız güman olub.

Bəs görəsən, konkret sümüyün qeyd edilməsinin səbəbi nədir? Bunun bir neçə səbəbi ola bilər:

Birincisi, sümüklərin möhkəmliyi digər üzvlərdən daha çoxdur. Buna görə də çürüyəndən, torpağa çevriləndən və zərrəcikləri havaya sovrulandan sonra onların yenidən geri qaytarılması ehtimalı məsələyə səthi yanaşan şəxslərin nəzərində daha zəif olur.

İkincisi, sümük insan bədəninin mühüm sütunlarındandır. Çünki bədənin sütunları sümükdən ibarətdir və bədənin bütün hərəkət, fəaliyyət və yerdəyişmələri sümüklər vasitəsi ilə həyata keçir. İnsan bədənində sümüklərin çoxluğu, rəngarəngliyi, forma və ölçülərinin müxtəliyi yaradılışın heyrətamizliklərindən sayılır. İnsanın kiçik bir fəqərə sümü- yünün dəyəri o, yararsız hala düşəndə və bütün bədən iflic olanda bilinir.

Lüğət kitablarında (bənan) sözünün mənası həm “barmaq”, həm də "barmağın ucu" kimi qeyd edilib. Hər iki halda onun çatdırmaq istədiyi məna budur ki, Allah nəinki sümükləri bir yerə toplayıb ilk halına qaytarmağa qadirdir, bundan əlavə, barmaqların xırda və incə sümüklərini də öz yerinə oturda, hətta barmaqların ucunu tam dəqiq- liyi ilə ilkin halına qaytara bilər.

Ola bilsin ki, bu ifadə insanların barmağının ucunda olan izlərə işarə edir. Deyilənlərə görə, yer üzündə barmaq izləri bir-biri ilə düz gələn çox az adam tapmaq mümkündür. Başqa sözlə desək, hər bir insanın barmağının ucunda olan incə, eyni zamanda mürəkkəb izlər onun bənzərsiz şəxsiyyətinin göstəricisidir. Buna görə də barmaq izlərinə görə identifikasiya texnologiyası yaşadığımız əsrdə xüsusi bir elmi sahədir; cinayətkarların çoxu onun vasitəsi ilə tutulur, cinayətlərin çoxunun üstü ondan istifadə etməklə açılır. Hər hansı bir oğrunun otaq və ya evə daxil olanda əlini qapının dəstəyinə, otağın şüşəsinə, kilid və seyfə toxundurması kifayətdir. Çünki həmin vaxt onun barmaq izi həmin əşyanın üstünə düşür və həmin izi dərhal götürməklə oğru cinayətkarların barmaq izi bazasında axtarış aparılır və cinayətkar müəyyən olunub tapılır.

Sonra Qurani-məcid məadı inkar etməyin başqa bir səbəbinə işarə edərək buyurur: Əslində insan Allahın sümükləri bir yerə toplamaq və ölüləri diriltmək qüdrətinə malik olmasına şəkk etmir, "sadəcə, o, bütün ömür boyu günah etmək istəyir”.

بَلْيُرِيدُالْإِنسَانُلِيَفْحُرَأَمَامَهُ


O, mǝadı yalan çıxarmaq və danmaqla şəhvətpərəstlik, zülm, haqsızlıq və günah etmək istiqamətində azadlıq əldə etmək, bu yolla həm öz vicdanını aldatmaq, həm də Allahın bəndələri qarşısında məsuliyyəti boynundan atmaq istəyir. Çünki məad, Qiyamət və ilahi ədalət məhkə- məsinə iman bütün günahlar qarşısında böyük səddir. O, bu yüyəni boynundan çıxarmaq, bu səddi uçurmaq və azad şəkildə istədiyini etmək arzusundadır.

Bu, təkcə keçmişə aid məsələ deyil, elə bu gün də materializmə yönəlmənin, yaradılışın əvvəlini və məadı inkar etməyin, günah etmək üçün azadlıq əldə etməyin, məsuliyyətdən boyun qaçırmağın, bütün ilahi qanunları pozmağın səbəblərindən biri budur. Yoxsa ki, ilk yaradılış və dirilmənin dəlilləri tam aydındır.

Əli ibn İbrahimin təfsirində ayənin şərhi barədə belə buyurması nəql edilib:

# يقَدَّمُالذَّنْبَوَيَوَخَّرُالتَّوَبَةِوَيَقُولُسَوْفَأَتُوبُ


"Ayə günahı qabağa, tövbəni təxirə salan və "sonra tövbə edərəm” deyən şəxsə işarədir”.⁸

Bəziləri də söyləyiblər ki, burada “günah etmək” deyəndə təkzib etmək nəzərdə tutulur. Bu halda ayənin mənası belə olacaq: insan qarşısında olan Qiyaməti inkar etmək istəyir.

Amma birinci təsfir daha münasibdir.

Onun ardınca Allah-taala buyurur: “(Buna görə də) o: “Qiyamət günü nə vaxt olacaq?!” - deyə soruşur".

Bəli, o, məsuliyyət və vəzifələrdən boyun qaçırmaq üçün kinayə ilə Qiyamətin nə vaxt olacağını soruşur ki, öz günah işlərini davam etdirməyə yol açsın.

Qeyd etmək lazımdır ki, onlar Qiyamətin nə vaxt bərqərar olacağını onun özünə inanıb, vaxtını dəqiqləşdirmək üçün soruşmurdular. Onlar bu sualla Qiyaməti inkar etməyə zəmin hazırlamaq istəyirdilər. Bu, birinin səfərə getmiş şəxs barəsində: “Filankəs səfərdən qayıdacaq”, - deməsinə, amma onun qayıtmasında gecikmə baş verəndə və o, gəlməyəndə həmin müsafirin qayıdacağını əvvəldən inkar edən bir başqasının kənardan: "Bəs bu müsafir nə vaxt gələcək?" - deməsinə bənzəyir.

İncəliklər:



1\. Vicdan məhkəməsi, yaxud kiçik Qiyamət Qurani-məciddən belə məlum olur ki, insanın ruh və nəfsinin üç mərhələsi var:

1) "Nəfsi-əmmarə”, yəni insana daim pis və çirkin işlər görməsini əmr edən, onun gözündə nəfsi istək və günahları gözəl göstərən itaətsiz və azğın ruh. Bu, Misir hökmdarının vəzirinin zövcəsinin öz çirkin əməlinin sonunu görəndən sonra dediyi şeydir:

وَمَاأُبَرِّينَفْسِيإِنَّالنَّفْسَلَأَمَّارَةٌبالسُّوءِ


"Mən özümə əsla bəraət qazandırmıram. Çünki nəfs pis işləri əmr edər”.⁹

2) Sözügedən ayələrdə buyurulan “nəfsi-ləvvamə”. O, günah qar- şısında hələ tam qoruna bilməməsinə, ara-sıra büdrəyib günah çalasına düşməsinə baxmayaraq, bir az sonra ayılıb tövbə edən, səadət yoluna qayıdan ayıq və nisbətən agah ruhdur. Onun sapma ehtimalı olsa da, bu, daimi deyil, müvəqqətidir. O, günah edir, amma bu, çox keçmədən öz yerini peşmançılıq, qınaq və tövbəyə verir.

“Əxlaqi vicdan" adlandırılan şey də elə budur. O, bəzi insanlarda güclü, bəzilərində isə çox zəif olur. Hər halda, o, hamıda mövcuddur, amma ola bilər ki, kimsə çox günah etməklə onu tam işdən salsın.

3) "Nəfsi-mütməinnə", yəni xatircəmlik mərhələsinə çatmış, itaət- siz nəfsi ram etmiş, kamil təqva və məsuliyyət hissi məqamına ucalmış kamil ruh. Onun asanlıqla sapması mümkün deyil.

"Fǝcr" surəsinin 27-28-ci ayələrində Qurani-məcid buyurur:

يَاأَيَّتُهَاالنَّفْسُالْمُطْمَئِنَّةُارْجِعِيإِلَىرَبِّكِرَاضِيَةًمَّرْضِيَّةً.


"Ey arxayın olan ruh! Sən Ondan, O da səndən razı halda öz Rəbbinə tərəf dön!"

Öncə də qeyd etdiyimiz kimi, “nəfsi-ləvvamə” hər bir insanın daxilində olan “kiçik Qiyamət”dir. İnsan yaxşı, ya pis bir iş görən kimi onun daxilində dərhal məhkəmə qurulur və onunla haqq-hesab çəkilir. Buna görə də insan bir yaxşı və mühüm iş görəndə elə daxili rahatlıq hiss edir, ruhu elə sevincə qərq olur ki, onun həzzini nə dil, nə də qələm ilə ifadə etmək mümkündür.

Həmçinin əksinə, bir əyri iş, ya cinayət insan üçün elə qorxulu kabusa çevrilir, elə qəm-qüssə tufanı yaradır, insan içindən elə yanır ki, həyatdan bezir və hətta bəzən bu narahatlıqlardan canını qurtarmaq üçün könüllü şəkildə məhkəmə orqanlarına müraciət edir və özünü dar ağacına təslim edir.

Bu daxili məhkəmənin Qiyamət məhkəməsinə oxşarlığı çoxdur:

1) Burada hakim, şahid və icraçı eynidir. Bu, Qiyamətdə də belədir:

عَالَمَالْغَيْبوَالشَّهَادَةِأَنتَتَحْكُمُبَيْنَعِبَادِكَ


"Ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında hökmü Sən verəcəksən!"¹⁰

2) Vicdan məhkəməsində tapşırıq, rüşvət, tanış və saxta ittihamlar irəli sürmək mümkün deyil. Quran Qiyamət məhkəməsi barədə belə buyurur:

وَاتَّقُوايَوْماًلاتَجْرِينَفْسٌعَننَّفْسٍشَيْئًاوَلَايُقْبَلُمِنْهَاشَفَاعَةٌوَلَايُؤْخَذُمِنْهَا


عَدْلٌوَلَاهُمْيُنصَرُونَ


“Qorxun o gündən ki, heç kəs digərinin cəzasını üzərinə almır, heç kəsdən şəfaət qəbul olunmur, heç kəsdən əvəz alınmır və onlara heç bir kömək göstərilmir".¹¹

3) Vicdan məhkəməsində ən böyük işlərə qısa müddətdə baxılır, qısa müddətdə hökm oxunur və onda ay və illərlə süründürməçilik yoxdur. Bu, Qiyamət məhkəməsində də eyni ilə bu cürdür:

وَاللَّهُيَحْكُمُلَامُعَقِّبَلِحُكْمِهِوَهُوَسَرِيعُالْحِسَابِ


"Allah hökm verir. Onun hökmünün qarşısını heç kəs ala və ya inkar edə bilməz. O, sürətli haqq-hesab çəkəndir".¹²

4) Dünyada olan rəsmi məhkəmələrin verdiyi cəzadan fərqli olaraq, onun cəzaları qəlb və ruhun dərinliklərindən qığılcımlanır və sonra çölə sirayət edir. O, əvvəlcə insanın ruhunu incidir, sonra onun nişanələri özünü cisimdə, üzdə, yuxu və yemək proqramının pozulmasında büruzə verir. Quran Qiyamət məhkəməsi barədə belə buyurur:

نَارُاللهِالْمُوقَدَةُالَّتِيتَطَّلِعُعَلَىالْأَفْئِدَة


"Allahın yandırdığı oddur. (O od) ki, ürəklərdən qalxacaq”. ¹³ Vicdan məhkəməsində şahidə elə də ehtiyac yoxdur. İttiham olunan insanın öz məlumatları onun lehinə, ya əleyhinə şəhadət verən şahid kimi qəbul edilir. Qiyamət məhkəməsində də insanın bədəninin zərrəcikləri, hətta əl, ayaq, dərisi, onun əməllərinə şahidlik edəcək. Buyurulur:

حَتَّىإِذَامَاجَاؤُوهَاشَهِدَعَلَيْهِمْسَمْعُهُمْوَأَبْصَارُهُمْوَجُلُودُهُمْ


"Oraya çatdıqları zaman qulaqları, gözləri və dəriləri şahidlik edəcəkdir" ¹⁴

Bu iki məhkəmə arasındakı heyrətamiz bənzərlik məad məsələsinin fitri olmasının nişanələrindəndir. Əzəmətli varlıq aləmi qarşısında kiçik bir damcı olan insanın vücudunda belə bir haqq-hesab və sirli məhkəmənin olmasına, amma bu böyük aləmdə heç bir haqq-hesab və məhkəmənin olmamasına inanmaq olarmı? Bu, inandırıcı iş deyil!¹⁵

2\. Qiyamətin Qurandakı adları

Bildiyimiz kimi, Quran təlimləri və onda olan ǝqayid məsələləri- nin böyük hissəsi Qiyamətə aid məsələlər ətrafında dövr edir. Çünki o, insanın tərbiyə edilməsi və onun təkamül mərhələləri barədə ən mühüm təsirə malik məsələlərdəndir.

Quran bu böyük gün barəsində danışanda çoxlu adlardan istifadə edib və onların hər biri onun bir cəhətini bəyan edir, onun haqqında bir çox məsələlərə aydınlıq gətirir. Mərhum Feyz Kaşaninin “Məhəccətul- beyza" kitabında qeyd etdiyi kimi, bu adların hər birinin altında bir sirr yatır, onların hər biri mühüm bir məna ifadə edir. Buna görə də həmin mənaları dərk etmək, həmin sirləri üzə çıxarmaq lazımdır.

Mərhum Feyz Kaşani Qiyamətin yüzdən artıq adını qeyd edib. Onların hamısı, ya əksəriyyəti Qurandan götürülmüş adlardır. Onlara misal olaraq “yaumul-həsrət”, “yaumun-nədamət”, “yaumul-muhasibə”, “yaumul-məsələ”, “yaumul-vaqiə”, “yaumul-qariə”, “yaumur-racifə”, “yaumur-radifə”, “yaumut-təlaq”, "yaumul-firaq", "yaumul-hesab", "yamut-tǝnad”, “yaumul-əzab", "yaumul-firar”, "yaumul-həqq", "yaumul-hökm”, “yaumul-fəsl”, "yaumul-cəm", "yaumud-din", “yaumə tubləs-sərair”, “yaumə la yəğni maula ən maula şəyən”, “yaumə yəfirrul-məri min əxihi”, “yaumun la yənfəu malun və la bənun”, “yaumut-təğabun” və sairəni göstərmək olar.¹⁶

Amma onun ən məşhur adı “yaumul-Qiyamət”dir. Bu ad Quranda yetmiş dəfə təkrar edilib və o, bəndələrin hamısının dirildilməsi və qəbirlərdən qaldırılması mənası ifadə edir. İnsanın bu məsələyə diqqət etməsi dünyada ayağa qalxıb boynuna düşən vəzifələri yerinə yetirməsinə, Qiyamət üçün çalışmasına səbəb olur.

İnsanın qəflət yuxusundan oyanması, təkəbbürdən uzaqlaşması, azğın nəfsini cilovlaması, təlim-tərbiyə ilə məşğul olması üçün Qiyamətin adlarının mənası barədə fikirləşməsi, hamının Allahın hüzurunda dayanacağı, pərdələrin kənara çəkiləcəyi, sirlərin açılacağı, Cənnətin zinətlənəcəyi, Cəhənnəmin alışdırılacağı, hamının ilahi ədalət məhkəməsinə gətiriləcəyi həmin böyük gündə öz vəziyyətini gözünün qabağına gətirməsi kifayətdir. (İlahi, həmin gün bizi Öz pənahında saxla!)