Ət-Tövbə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Tövbə surəsi, 1 və 2-ci ayələr.
Tövbə surəsi, 1 və 2-ci ayələr.
بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ .١
فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ .٢
Ayələrin tərcüməsi
1\. (Bu,) Allah və Peyğəmbəri tərəfindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıqdır.
2\. Yer üzündə dörd ay sərbəst gəzib dolaşın (haraya istəyirsiniz gedin, düşünün) və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəndir.
Ayələrin təfsiri.
Müşriklərin razılaşması ləğv edilir.
İslamın dəvət mühitində müxtəlif qruplar mövcud idi ki, Peyğəmbər (s) onların hər biri ilə öz mövqeyinə uyğun rəftar edirdi. Bəzi qruplar var idi ki, nə onların Peyğəmbərlə (s) hər hansı bir razılaşması, nə də Peyğəmbərin (s) onların qarşısında bir öhdəliyi var idi. Elə dəstələr də var idi ki, Hüdeybiyyə və sair məkanlarda Peyğəmbərlə (s) düşmənçiliyə son qoymaq barədə müqavilə bağlamışdılar. Razılaşmalardan bəziləri müddətli, bəziləri isə müddətsiz idi.
Bu arada Peyğəmbərlə (s) saziş bağlamış, yəhudi tayfalarına mənsub Bəni-Nəzir və Bəni-Qüreyzə qəbilələri kimi bəzi qruplar birtərəfli olaraq və heç bir səbəb olmadan İslam düşmənləri ilə aşkar həmkarlıq, yaxud Peyğəmbəri (s) ortadan götürmək fikrinə düşdüklərinə görə razılaşmanın şərtlərini pozdular. Peyğəmbər də (s) qarşılıqlı olaraq sərt davranıb onların Mədinəyə girişini qadağan etdi. Lakin hələ də bəzi müddətli və müddətsiz sazişlər öz qüvvəsində idi.
“Tövbə” surəsinin ilk ayəsi bütün müşriklərə (bütpərəstlərə) müsəlmanlarla bağladıqları razılaşmaların ləğv olunacağını elan edərək buyurur: “(Bu,) Allah və Peyğəmbəri tərəfindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıqdır”.
بَرَاءةٌمِّنَاللهِوَرَسُولِهِإِلَىالَّذِينَعَاهَدتُّممِّنَالْمُشْرِكِينَ
Daha sonra onlara düşünüb öz mövqelərinə aydınlıq gətirmək üçün yer üzündə dörd ay sərbəst gəzib dolaşmaq fürsəti verilir. Bu müddət (dörd ay) başa çatdıqdan sonra ya bütpərəstlikdən əl çəkməli, ya da döyüşə hazır olmalı olduqlarını çatdırıb buyurur: "Yer üzündə dörd ay sərbəst gəzib dolaşın (haraya istəyirsiniz gedin, düşünün)."
“Və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz."
“və yenə də bilin ki, Allah kafirləri rüsvay edəndir.”
İncəlikllər:
1\. Sazişin birtərəfli pozulması doğrudurmu?
Bildiyimiz kimi, İslamda (hətta kafirlər və düşmənlər qarşısında) ǝhd-peymana sadiq qalmağa böyük əhəmiyyət verilmişdir. Bu səbəbdən sual yaranır ki, nə üçün Quran müşriklərlə bağlanmış sazişin birtərəfli ləğvinə göstəriş verir?
“Tövbə” surəsinin 7 və 8-ci ayələrində bildirilir ki, saziş müqaviləsinin pozulması heç də əsassız deyildir. Çünki müşriklərin əməllərində sazişin şərtlərini pozacaqları barədə əlamətlər açıq şəkildə görünürdü. Belə ki müsəlmanlarla əldə etdikləri razılaşmaya baxmayaraq, mümkün olan təqdirdə sarsıdıcı zərbə endirməyə hazır idilər. Bu cəhətdən, düşmənin sazişi pozmağa hazırlaşdığı, eyni zamanda onun əlamətləri kifayət qədər aşkar olunarsa, qəfil hücuma məruz qalmazdan əvvəl razılaşmanı ləğv etmək tamamilə məntiqə uyğundur.
2\. Xüsusi şəraitdə saziş bağlamaq məcburiyyətində qalan qövm, yaxud millətlərin gücləndikdən sonra çarəsiz bağladıqları razılaşmanı birtərəfli pozmasında nə müşkül vardır?
Bütpərəstlik nə bir məzhəb, nə də bir əqli məktəb idi. O, təhlükəli, həm də mövhumat dolu bir təriqət idi ki, sonunda cəmiyyətdən silinməli idi. İslamın başlanğıcında bütpərəstlər ərəb yarımadasında böyük gücə malik olduğundan Peyğəmbərin (s) onlarla saziş bağlaması gücləndikdən sonra məcburi imzaladığı məntiq və ağla sığmayan sazişə sadiq qalmasına dəlil ola bilməzdi.
Sazişin ləğvi yalnız müşriklərə məxsus idi. Kitab əhli və eləcə də Hicaz yarımadasının ətrafında yaşayan və Peyğəmbərlə (s) saziş bağlayan sair qövmlərin razılaşması Peyğəmbərin (s) ömrünün sonuna qədər öz qüvvəsində qaldı.
Həmçinin, müşriklərin razılaşmasının ləğvi qəfil baş vermədi. (Ayədə göstərildiyi kimi) onlara dörd ay möhlət verildi və Hicazın ictimai toplantı mərkəzində, yəni Qurban bayramı günü Kəbə evinin kənarında kütlə qarşısında elan edildi. Yəni qəfil hücum edərək onların düşünmək fürsəti əllərindən alınmadı. Allah onların yaxşı-yaxşı düşünmək imkanı əldə etmələri üçün dörd ay möhlət verdi ki, düşünüb cəhalət və pisliyin mənbəyi olan mövhumatlardan ək çəksinlər. Yox, əgər fikirlərindən əl çəkməyib müqavimət göstərmək üçün tədarük görməyə ehtiyacları varsa, həmin vaxt ərzində öz tədarüklərini görsünlər.
Göründüyü kimi, gənc dövrünü yaşayan İslam dövləti doğruluğa və düzlüyə əsaslanmasaydı, heç bir möhlət vermədən basqın edib hər kəsi həlak edərdi. Məhz bu səbəbdən bəzi bütpərəstlər verilmiş dörd aylıq fürsətdən istifadə edib İslam təlimatları ilə tanış olduqdan sonra bu dini qəbul etdilər.
3\. Dörd aylıq möhlət nə zamandan başlayır.
Bu barədə təfsirçilər arasında müxtəlif fikirlər olsa da, ayələrin məzmunundan görünür ki, Qurban bayramı (zilhiccə ayının 18-i) günündən etibarən başlayıb növbəti ilin rəbiüssani ayının onunda başa çatmışdır. İmam Sadiqdən (ə) nəql olunmuş hədis də bu məsələni təsdiqləyir.