Əş-Şərh (Əl-İnşirah) Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Şərh surəsi, 1-8-ci ayələr
Şərh surəsi, 1-8-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم
أَلَمْنَشْرَحْلَكَصَدْرَكَ .۱
وَوَضَعْنَاعَنكَوِزْرَكَ .٢
الَّذِيأَنقَضَظَهْرَكَ .٣
وَرَفَعْنَالَكَذِكْرَكَ.٤
فَإِنَّمَعَالْعُسْرِيُسْرًا.٥
إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا .٦
فَإِذَافَرَغْتَفَانصَبْ .٧
وَإِلَىرَبِّكَفَارْغَبْ .٨
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Məgər Biz sənin köksünü açmadıqmı?!
2\. Ağır yükünü səndən götürmədikmi?!
3\. Həmin yük belinə çox ağırlıq edirdi.
4\. Və Biz sənin adını ucaltdıq.
5\. Sözsüz ki, hər çətinliklə yanaşı, asanlıq var.
6\. Sözsüz ki, hər çətinliklə yanaşı, asanlıq var.
7\. Elə isə bir böyük işdən qurtaran kimi, başqa bir böyük işdən yapış
8\. Rəbbinə doğru üz tut!
Ayələrin təfsiri
Biz sənə çoxlu müxtəlif nemətlər əta etdik
Ayənin intonasiyası Allahın lütf və mərhəməti ilə qarışmış tondadır. Allah-taala bu ifadə tərzilə Peyğəmbərin (s) qəlbinə təsəlli və aramlıq verir.
Birinci ayədə Allahın Peyğəmbərə (s) əta etdiyi ən mühüm nemətlərindən birinə işarə olunaraq deyilir:
"Məgər Biz sənin köksünü açmadıqmı?"
Ayədəki (nəşrəh) sözü (şərh) kökündən götürülmüş- dür. Rağib İsfahani “Müfrədat” lüğətində bu sözə geniş izah vermişdir. İzahda deyilir:
Bu sözün bir mənası ət tikələrini "paylamaq" və "nazik vərəqlərin istehsalı” deməkdir. Digər mənası isə geniş sinədir. Hansı ki bu sinə Allah-taalanın nuru ilə genişləndirilmiş, aramlıq əta edilmiş və təskinlik verilmişdir. Həmçinin sözün başa düşülməyən gizlin məna- larına izah vermək və açıqlamaq mənasındadır.
Təbii ki, buradakı “sinəni genişləndirmək” ifadəsi həqiqi deyil, məcazi mənadadır. Yəni Allah tərəfindən Peyğəmbərin (s) ruhu, fikri və düşüncəsi genişlənmiş və bərəkət verilmişdir. Əlbəttə, bu “geniş”- liyin olduqca ətraflı bir izahı ola bilər. O cümlədən Peyğəmbərin (s) elminin vəhy ilə nübüvvətin vasitəsi ilə vüsət tapması, düşmənin hiylə, eləcə də itaətsizliyinin qarşısında səbir və təmkinli olması kimi məna- landırmaq olar.
Musa ibn İmran Allah-taala tərəfindən Fironun sarayına gedərək onu düz yola dəvət etmək tapşırığı aldıqda (- اذْهَبْإِلَىفِرْعَوْنَإِنَّهُطَغَى
Fironun yanına get! Çünki o, həddini aşmışdır.) bilafasilə dedi: Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! - İşimi yüngülləşdir!
Quranın digər ayəsində isə Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:
فَاصْبِرْلِحُكْمِرَبِّكَوَلَاتَكُنْكَصَاحِبِالْحُوتِ
“İndi ki belədir, sən öz Rəbbinin fərmanını gözlə və balıq sahibi (Yunus) kimi olma!”
Ayədəki "qəlbin genişliyi" (şərhi-sədr) ifadəsi "ziyqi-sədr" (qəlbin darlığı) sözünün antonimidir. Allah-taala “Hicr” surəsinin 97-ci ayəsində buyurur:
وَلَقَدْنَعْلَمُأَنَّكَيَضِيقُصَدْرُكَبِمَايَقُولُونَ
"Biz onların danışığından sənin qəlbinin daraldığını bilirik.” Ümumiyyətlə, heç bir rəhbər qəlb genişliyi olmadan həyati çətinliklərə qarşı mübarizə apara bilməz. Xüsusən də peyğəmbərlik məsuliyyəti bütün peyğəmbərlərdən üstün (həmçinin dini bütün dinlərin sonuncusu) olan şəxsin qəlb genişliyi daha çox olmalıdır. Okeanın dalğalı və sakitlik zamanı qəlbini bulandırmasın, çətinliklər dizini yerə vurmasın, düşmənlərin vədlərinə əməl etməməsi onu məyus etməsin və müxtəlif suallar onu yormasın deyə peyğəmbərin qəlbinin genişliyi mütləq şəkildə lazımdır. Bu, Allahın Rəsulallaha (s) olan ən böyük hədiyyəsidir. Həmçinin hədislərdən birində deyilir:
Peyğəmbər (s) buyurdu: Mən Allahdan istədim. Əlbəttə, bu duanı istəməyə də bilərdim. “Dedim ki, İlahi! Məndən öncə bəzi peyğəmbər- lərə küləyin idarəsi, bəzilərinə isə ölüləri diriltmək qüdrətini vermisən. Allah-taala mənə dedi: - Sən yetim olarkən sənə sığınacaq vermədim? Dedim:
– Bəli, mənim Sahibim!
Buyurdu:
\- Sənin qəlbini genişləndirərək arxanı möhkəmlətmədim? Dedim:
\- Bəli, ey mənim Pərvərdigarım!"
Bu dialoqdan belə başa düşülür ki, qəlbin genişlənməsi peyğəmbərlərə xas olan xüsusiyyətlərdən olmaqla yanaşı, həm də onların möcüzələrinin fövqündə dayanan məsələdir. Həqiqətən, əgər kimsə Peyğəmbərin (s) həyat yolunu, tarixi fəaliyyətini dəqiqliklə mütaliə etsə, onun necə çətin günlər keçirdiyini, çətinliklər zamanı necə sinə gərdiyini müşahidə edəcəkdir. Və buradan məlum olacaq ki, bu çətinliyi adi səbir və təmkinlə deyil, Allahın xüsusi lütfünün sayəsində üstələmək olar.
Bəziləri "şərhi-sədr”ə belə açıqlama verirlər: Bu, Peyğəmbərin (s) uşaq vaxtı başına gələn hadisəyə işarədir. Peyğəmbər (s) uşaq ikən asimandan iki mələk yerə enmiş, onun sinəsini açmış, qəlbini çıxararaq yarıb içini təmizləmişdir. Daha sonra isə elm, bilik, rəhmət və digər gözəlliklərlə dolduraraq yenidən qəlbini sinəsinə qaytarıb qoymuşlar.”
Təbii ki, bu hədisdə Peyğəmbərin (s) cismani qəlbindən söhbət getmir. Əksinə, bu söz tam bir məcazilik daşıyır. Yəni ilahi köməkliklərdən Peyğəmbər (s) daim yararlanmış və mənəvi dəstək almışdır. Bundan əlavə, Allah-taala tərəfindən qəlbi təmizlənmiş, bütün əxlaqi nöqsanlardan uzaq saxlanmış və şeytan vəsvəsələrindən uzaq olmuşdur.
Amma ayənin xüsusi olaraq, bu hadisəyə işarə etməsi haqqında əlimizdə ciddi dəlil yoxdur. “Şərhi-sədr” mövzusunun genişliyi isə ayəni bu hadisəyə bir nümunə olaraq qeyd kimi gətirməyə imkan verir. Böyük İslam Peyğəmbəri (s) peyğəmbərlik illərinin bütün çətinliklərinin, habelə peyğəmbərlik vəzifəsinin ən ali səviyyədə yerinə yetirilməsinin öhdəsindən məhz “şərhi-sədrin” vasitəsi ilə gəlmişdir.
Bu bəhsin davamında Peyğəmbərə (s) əta olunan digər böyük ilahi lütfdən danışılaraq buyurulur:
“Ağır yükünü səndən götürmədikmi?"
"Həmin yük belinə çox ağırlıq edirdi."
Ayədəki (vizr) sözünün mənası ağırlıq deməkdir. Vəzir sözü də bu sözdən götürülmüşdür. Çünki hakimiyyətin bütün ağır yükləri vəzirin öhdəsinə düşür. Bu mənaya əsasən, günahlara da vəzir deyilir. Çünki günahlar günahkarın boynunda ağır yükdür.
Həmçinin (ənqəzə) sözü (nəqz) sözündən götürülmüş və kəndirin ipinin açılması, ya bir-biri ilə sıx əlaqədə olan tikilinin ayrılması mənasındadır. O cümlədən (intiqaz) sözü tikilmiş binanın sökülüb-dağılması zamanı “çıxartdığı” səsə deyilir. Yəni bina dağılarkən eşidilən səsə intiqaz deyilir.
Bu minvalla yuxarıdakı ayənin tərcüməsi belə olacaqdır: "Allah- taala olduqca ağır və belsındıran yükü sənin üzərindən götürmədimi?”
Bu, hansı yük idi ki, Allah-taala onu Peyğəmbərin (s) öhdəsindən götürmüşdü? Ayədən başa düşülən cavab budur: Ağır yük dedikdə nübüvvət məqamının çətinliyi, insanları təkallahlılığa, tövhidə tərəf dəvət etmək məsuliyyəti, fəsadın amillərini və təsirlərini günahdolu ictimaiyyətdə aradan qaldırmaqdır. Təkcə bizim Peyğəmbər (s) deyil, bütün ilahi peyğəmbərlər (ə) bu kimi çətinliklərlə üzləşmişlər. Onlar bütün bu çətinliklərə yalnız Allahın köməyi ilə sinə gərmiş və uğur qazanmışlar. Amma bunu da qəbul etməliyik ki, fitnə-fəsad və cahillik baxımından İslam Peyğəmbərinin (s) zamanı digər peyğəmbərlərdən çox çətin idi.
"Vizr” sözü üçün başqa təfsirlər də var. Bəziləri “vizr” sözünü vəhyin ağırlığı kimi təfsir edirlər. Bəziləri də bu sözün müşriklərin azğınlığını və itaətsizliyini ifadə etdiyini söyləyirlər. Bəzi təfsirçilər isə hüzn ilinə işarə edərək Peyğəmbərin (s) əmisinin və vəfalı həyat yoldaşı Xədicənin vəfat etdiyi ilə işarə olunduğunu deyirlər.
Bu sözü ismət və paklıq mövzusuna aid edənlər də var. Çünki günah etmək qabiliyyətinə malik olan şəxsin günahdan çəkinməsi çətindir.
Amma ilk baxışdan birinci təfsirin daha uyğun olduğu görünür. Digər təfsirlər isə, sanki köklü bir ağacın yarpaq və budaqlarına bənzəyir.
Üçüncü lütf və məhəbbətin elanında buyurulur:
“Və Biz sənin adını ucaltdıq.”
Sənin adın İslam dini və Quranla bərabər dillərdə dolaşır. Sənin adın, ən başlıcası hər gün Allahın adı ilə yanaşı minarələrdən azan səsi ilə birlikdə ucalır. Sənin peyğəmbərliyinin haqq olmasına Allahın yeganəliyi ilə birlikdə şəhadət verilir. Və sənin adın hər hansı bir kəsin pak İslam dinində olmasını təsdiq edir.
Fəxr etmək üçün bundan üstün dəlil varmı? Ümumiyyətlə, bundan üstün dəlilin təsəvvür olunması mümkündürmü?!
Bu ayənin təfsirində Peyğəmbərin (s) öz dilindən olan hədisdən oxuyuruq:
Cəbrail mənə dedi: “Allah-taala deyir ki, Mənim adım zikr edilən zaman, sənin də adın çəkiləcəkdir. (Bu sənin əzəmətinin sübutu üçün kifayətdir)".
Ayədəki (”ləkə”-sənin üçün) ədat və işarə əvəzliyi “müşriklərin əhdlərinə sadiq qalmamasına baxmayaraq, sənin adını uca tutduq" deməkdir.
Burada belə bir sual ortaya çıxır: Əvvəldə qeyd etdik ki, surə Məkkə şəhərində nazil olmuşdur. Bəs necə olur ki, ayələrdə İslam dini- nin genişlənməsindən, dinə dəvətin çətinliklərindən, Peyğəmbərin (s) adının bütün dünyada ucalacağından danışılır? Axı bütün bunlar Mədinə şəhərində baş vermişdir.
Bəzi təfsirçilər sualın cavabında deyirlər ki, bütün bunlar barəsində Peyğəmbərə (s) öncədən xəbər verilmiş və bu vasitə ilə o Həzrətin (s) gələcək haqqındakı nigarançılığı və qəlbinin ağırlığı yüngülləşmişdi.
Bəzilərinin rəyinə əsasən isə ayənin keçmiş zaman feili ilə gəlməsi məsələni qrammatik üsullara əsasən, gələcək zamana aid etmişdir. Yəni bütün bu olacaqlar gələcək zamanda baş verəcəkdir.
Amma həqiqət bundan ibarətdir ki, bu hadisələrin çoxu Məkkə şəhərində, xüsusən peyğəmbərliyin on üçüncü ilinin sonlarında baş vermişdir. Peyğəmbər (s) bu zaman Məkkədə insanları dinə dəvət etməklə məşğul idi. İman nuru çoxlarının qəlbində parlamış, onların qəlblərinə aramlıq bəxş etmiş və digər çətinliklər nisbətən azalmışdı. Peyğəmbərin (s) səs-sədası artıq dillərdə və məntəqələrdə dolaşır, İslam dininin parlaq gələcəyi üçün şərait yaranmaqda idi.
Burada diqqəti cəlb edən nüanslardan biri də budur ki, məşhur ərəb şairi olan Həssan ibn Sabit bu ayənin məzmununa aid o dövrdə belə bir şeir nəzmə çəkmişdir:
# إذاقَالَفِيالْحَمْسِالْمُؤَذِّنُأَشْهَدُوَضَمَّالإِلهُاسْمَالنَّبِيِّإِلَىاسْمه
# وَشَقَّلَهُمِنْاسْمهليُجلَّهُ
# فَذُوالْعَرْشِ «مَحْمُودٌ»وهذا «مُحَمَّدٌ»
İsmi əzəmdən oxu eşq ilə Allahın adın Odur ǝrş sahibi, hər anımıza məbuddur. Qoşub öz adına xətmi-Rəsulullahın adın
Ki, şəhadətdə Muhəmməddir, özü Mahmuddur.
Növbəti ayə Peyğəmbərə (s) mühüm müjdə verərək o Həzrətin (s) mübarək qəlbinə aramlıq nuru səpir. Ayədə deyilir:
“Sözsüz ki, hər çətinliklə yanaşı asanlıq var.”
Daha sonra yenə də təkidlə buyurulur:
“Sözsüz ki, hər çətinliklə yanaşı asanlıq var.”
Qəm-qüssələr, çətinliklər, düşmənin xaincəsinə həyata keçirtdiyi hiylələr, iqtisadi sıxıntılar, maddi qıtlıq və müsəlmanların fəqirliyi bu şəkildə davam etməyəcək.
Düşmənin hiylələrinin puça çıxdığı, onların yersiz hay-küylərinin söndüyü gün bütün yollar hamarlaşacaq və təkamül yolunu keçmək daha asan olacaqdır. O zaman bütün bu çətinliklərə sinə gərən, baş verən tufanların qarşısında səbir edən hər bir müsəlman bu günlərin şirin meyvəsini dərəcəkdir. Artıq bütün çətinliklər geridə, inkişaf və səadət öndə olacaqdır.
Bəzi təfsirçilərin bu ayələri İslam dininin ilk illərində müsəlmanların iqtisadi çətinliklərinə işarə olunması kimi izah etmələrinə baxmayaraq, ayələr daha geniş mənanı ehtiva edir. Bu səbəbdən ayələrdə təkidlə qeyd olunan çətinliklər təkcə iqtisadi deyil, bütün çətinliklərə şamil olunur. Ayələr elə bir ahəngdə deyilmişdir ki, onu xüsusi ilə Peyğəmbərə (s) və o Həzrətin (s) zamanına aid etmək olmaz. Əksinə, öncəki mövzulardakı çətinliklərə baxmayaraq, bütün zamanlara aid ediləcək ümumi qayda olaraq nazil edilmişdir. Bununla da bütün xalis mömin və günahlardan çəkinən insanlara gələcəyə doğru ümid verilir.
Daim hər bir çətinliklə bərabər asanlıq vardır. Hətta ayədə hər bir çətin- likdən "sonra" deyil, çətinliklə yanaşı asanlığın olduğu vurğulanır.
Həqiqətən də, hər bir çətinlik asanlıqla, hər bir ağırlıq yüngüllüklə birgədir. Və bu iki zahiri təzadlar daim bir yerdə olmuş və olacaqlar. Ürəklərə nur və səfa bağışlamaq, qəlbləri ümidləndirmək və insan ruhunun səhifələrindən ümidsizliyi, toz-qubarı xoş müjdələrin vasitəsi ilə aradan aparmaq Allahın vədəsidir.
Allahın Rəsulu (s) buyurmuşdur:
# وَأَعْلَمْأَنْمَعَالْعُسْرِيُسْراً،وَأَنَّمَعَالصَّبْرِالنَّصْرَ،وَأَنَّالْفَرَجَمَعَالْكَرْبِ
“Bunu bil ki, çətinlik asanlıqla, səbr kömək və yardımla, qüssə- kədər isə xoş əhval-ruhiyyə ilə birgədir."
Möminlərin əmiri Əlidən (ə) nəql olunan hədisdə deyilir:
Bir qadın İmam Əliyə (ə) ərindən şikayət edərək gileylənir ki, o mənə heç nə ehsan etmir. Amma onun əri, həqiqətən də, kasıb və fəqir birisi idi. İmam onun ərini zindana salmaq əvəzinə, (qadının gözləntisinə əsasən) bu ayəni oxuyur: (Sözsüz ki, hər çətinliklə yanaşı asanlıq var.) Daha sonra qadını səbirli olmağa dəvət edir." Şair demişkən:
Qədim dost sayılır səbir ilə zəfər,
Səbir olan zaman zəfər yetişər.
Daha sonra, sonuncu ayələrdə belə buyurulur:
"Elə isə bir böyük işdən qurtaran kimi, başqa bir böyük işdən yapış”
(فَإِذَافَرَغْتَفَانصَبْ)
Heç vaxt bekar oturma, səy və çalışmalardan yorulma, müdam cəhdlər et və hər mühüm işin sonunda yeni bir mühüm işə başla. Bütün işlərində Allaha sığın və Ona təvəkkül et.
Sonuncu ayədə isə deyilir:
(وَإِلَىرَبِّكَفَارْغَبْ)
Rəbbinə doğru üz tut
Onun razılığını qazan! Onun razı olduğu əməlləri yerinə yetir və Onun dərgahına yaxın olmaq üçün tələs!
Yuxarıda deyilənlərə əsasən, ayənin genişmənalı olması aydınlaşır. Qeyd etdiyimiz kimi, hər bir mühüm işin sonu yeni bir mühüm işin əvvəlində xülasələşir. Ayə bütün həyati işlərdə uğur qazanmağın yolunu Allaha təvəkkül etməkdə gördüyü üçün məhz bu yolu tövsiyə edir. Nədənsə bəzi təfsirçilər bu ayə barəsində çox qısa danışıb təfsir etmişlər. Onların izahlarının hər birindən nümunə olaraq istifadə etmək mümkündür.
Əksər təfsirçilərin rəyinə əsasən ayədəki hikmət belədir: Vacib namazlarını bitirdikdən dərhal sonra əllərini duaya açaraq Allaha dua et və istəklərini dilə gətir. Hər nə dua etsən, sənə veriləcəkdir.
Vacib namazları bitirdikdən sonra gecə namazı üçün hazırlıq gör. Dünyaya etinasız olduqdan sonra axirət üçün çalış, Allaha tərəf dönərək ibadət və itaətlə məşğul ol.
Vacib namazları bitirdikdən sonra Allahın buyurduğu müstəhəblərə diqqət yetir.
Düşmənlə cihadı bitirdikdən sonra ibadətlə məşğul ol. Düşmənlə cihadı bitirdikdən sonra nəfsinlə cihada qalx.
Nübüvvətin işlərini bitirdikdən sonra şəfaət diləmək üçün qalx! Tanınmış sünni din mütəxəssislərinin dilindən nəql olunan bir çox rəvayətlərdə, o cümlədən Hakim Həskaninin "Şəvahidüt-tənzil" kitabında İmam Sadiqə (s) istinad olunan hədisdə deyilir: "Macal tap- dıqda Əlinin (ə) vilayətini elan et."\[10\]
Həmçinin Qurtubi də öz təfsirində belə nəql edir: Ayənin mənası bundan ibarətdir ki, işlərin sahmanda olarkən özündən sonra olan imamı yerinə təyin et.
Qeyd edək ki, ayədə əsas mövzu asudə vaxt və macal deyil. Həmçinin ayədən oxuduğumuz kimi, (fərəğtə) sözündən sonra (nəsb) sözündən götürülmüş (fənsəb) sözü gəlmişdir. "Fənsəb” sözü “zəhmət” və “əziyyətə düşmək” mənasındadır. Ayədə olduqca geniş məna kəsb edən mühüm mövzudan danışılır. Peyğəmbər (s) nümunəvi insan olduğu üçün Quran onu, (hətta önəmli işdən sonra) istirahət etməkdən çəkindirərək, həyatı boyunca davamlı səy göstərməsini və işlərinin ardınca olmasını istəyir.
Bu bütün izaha əsasən yuxarıdakı təfsirlər düzgün sayılsa da, ayənin bütün məna və məzmununu ehtiva etmir. Əksinə, geniş və ümumi mənadan bir nümunə qeyd olunur.
Ayədə böyük quruculuq proqramı, habelə kamal və qələbə simvolları gizlənmişdir. Adətən, bekarçılıq və işsizlik insanda tənbəllik, süstlük, heysizlik, həvəssizlik yaratmaqla yanaşı, həm də sonda depressiyanın yaranmasına səbəb olur. Bununla bərabər, bir çox hallarda da fəsada və digər günahlara yol açır. Statistik məlumatlara əsasən, iş və tədris yerlərinin tətil olması (bayramlar) zamanında baş verən ictimai qayda pozuntuları və fəsadın baş verməsi digər günlərlə müqayisədə yeddi dəfə artır.
Surənin ümumi məzmunu Allahın Peyğəmbərə (s) bütün çətinliklər zamanı arxa duracağından, onun bu çətinliklərdə zəfər qazanacağından və nübüvvət yolunun eniş-yoxuşlarından başıuca çıxacağından xəbər verir.
Surə ümumilikdə bütün insanlar, o cümlədən haqq yolunun yolçuları üçün ümidverici və olduqca həyatbəxşdir.
İncəlik:
Yuxarıda qeyd etdiyimiz kimi, bir çox hədislərdə buyurulur:
# فَاذَافَرَغْتَفَانْصَبْ
"Peyğəmbərlik əmri başa çatdıqdan sonra İmam Əlinin (ə) xilafətinin elan olunmasıdır."
Alusi "Ruhul-məani” kitabında yuxarıdakı məzmunu bəzi şiə alimlərindən nəql edərək deyir: “Onlar (fənsəb) sözündəki sad hərfini fəthə ilə deyil, kəsrə ilə, yəni “fənsib” oxuyurlar. Hətta "fǝnsib” oxunsa belə, ayə Əli ibn Əbutalibin (ə) Peyğəmbərdən (s) sonra imamlığa təyin olunmasına dəlalət etmir." Daha sonra Zəməxşəri və Kəşşafdan belə nəql edir: “Əgər şiələr üçün belə bir təfsir etmək imkanı olsa belə, nasibilər (İmam Əlinin düşmənləri) bundan sui-istifadə edib, bu hərfi fəthə ilə oxuyaraq ayəni İmam Əli (ə) ilə düşmənçilik kimi təfsir edə bilərlər."
Çünki (insǝb) feilinin əmr formasının mənası “özünü əzab- əziyyətə sal”, “cəhd et”, “çalış” mənalarındadır. Amma “sad” hərfindən sonra "i" hərfi olarsa, yəni (insib) sözünün mənası isə “yapış- dırmaq”, “yuxarı aparmaq” və “möhkəmləndirmək” mənalarındadır.
Yuxarıda rəylərini qeyd etdiyimiz təfsirçilər elə başa düşürlər ki, şiə ayəni vilayət mövzusuna aid etmək üçün oxunuşda dəyişiklik edir. Təbii ki, belə bir dəyişikliyə ehtiyac yoxdur. Məşhur və adəti üzrə olan oxunuş qaydası sözügedən ayəni təfsir etmək üçün kifayətdir. Çünki belə qeyd olunur: Nübüvvət məqamı kimi mühüm əmrin işlərindən azad olan zaman ikinci mühüm əmr, o cümlədən vilayət məsələsi üçün çalış. Bu təfsir geniş və ümumi məzmundan bir nümunədir.
Həmçinin məşhur “Qədir-Xum”, habelə bütün İslam alimlərinin kitablarında nəql olunan çox sayda hədislərdə Peyğəmbərin (s) vilayət məsələsinin isbatı üçün davamlı səy və çalışmalar yazılmışdır. Amma Zəməxşəri kimi böyük bir alimin İmam Əlini (ə) İslam ümmətinin Peyğəmbərdən (s) sonra dördüncü xəlifəsi sayması olduqca təsirlidir. Həmçinin özünə, “nasibilərə” haqq verməyə icazə verir. Belə olan təqdirdə, nasibilər də ayəni İmam Əliyə düşmənçilik kimi təfsir edəcəklərini və bu işdə onların haqlı olmasını qeyd edir. Necə də kobud və təsirlidir?! Həmçinin belə bir təfsirçidən bu sözü eşitmək çox acı- nacaqlıdır!!! Həqiqətən də, təəssübün belə çirkinlikləri varmış!
Tanınmış sünni alimlərindən, mötəzilə firqəsindən sayılan ibn Əbülhədid “Nəhcül-bəlağə”nin şərhində İmam Əlidən uzaqlaşıb müxaliflərin sırasına qoşulan Zübeyr ibn Bǝkkardan, o da Muğeyrə ibn Şöbənin oğlundan belə nəql edir:
Atam ağıl və zəka baxımından Müaviyəyə çox tövsiyələr vermiş və Müaviyənin fikirlərində ciddi dəyişikliklər etmişdir. Amma bir gecə Müaviyənin yanından evə döndükdə çox narahat və qəmli idi. Hətta Müaviyənin əleyhinə deyinirdi. Mövzunun nə olduğunu soruşduqda Müaviyənin dalınca danışaraq dedi:
“Bu gecə yanımızda kimsə olmayan zaman dedim: “Sən artıq istədiyin məqama yetişmisən. İndi isə ədalət və xeyir işlər görməyə tələs. Artıq yaşlanmısan. Bəni-Haşimə də çalışdığın qədər yaxşılıq et.
Şərh surəsinin sonu.