Ya Muhəmməd! Canım və ruhum Sənə və Əhli-beytinə fəda olsun
Əziz İslam peyğəmbərinin (Allahın salam və salavatı olsun ona) yaşam tərzindən yüz xüsusiyyət:
1.Yol gedərkən, həmin yolu yavaş-yavaş və vuqarlı gedərdi.
2.Yol gedərkən, ayaqlarını yerə sürtməzdi.
3.Həmişə baxışlarını yerə dikərdi
4.Gördüyü hər insanla salamlaşardı və salam verməkdə, heç kim ondan önə keçə bilməzdi.
5.Bir insanla əl verib salamlaşan zaman, həmin insan əlini çəkməyincə, o da əlini çəkməzdi.
6.İnsanlarla elə davranırdı ki, ətrafındakılar özlərini peyğəmbərin ən əziz adamları sanırdılar.
7.Bir şəxsə baxdığı zaman, təkəbbürlü insanlarda olduğu kimi, gözünün ucu ilə baxmazdı.
8.Heç kimin üzünə, gözünü dikməzdi və kiməsə gözünü zilləyib baxmazdı.
9.Bir şeyi bildirmək istəyərkən, göz və qaşları ilə deyil, əli ilə işarə edərdi.
10.Uzun-uzadı sükuta qərq olar və ehtiyac olmadığı surətdə danışmazdı.
11 .Bir şəxslə həmsöhbət olduğu zaman, sözlərinə diqqətlə qulaq asardı.
12.Bir insanla danışan zaman, üzünü tamamilə ona çevirər və onla üz-üzə oturardı.
13.Biri ilə oturan zaman, qarşı tərəf durmasa idi, O, həzrət heç vaxt ondan öncə qalxmazdı.
14.Məclislərdə yalnız Allahı yada salmaqla, oturub qalxardı.
15.Bir məclisə daxil olarkən, məclisin baş tərəfində oturmaz və qapının yanında əyləşərdi.
16 .Məclisdə özünə xüsusi yer ayırmaz və bunu qadağan edərdi.
17.Camaat içində bir yerə söykənməzdi.
18 .Çox vaxt üzü qibləyə oturardı.
19.xoşagəlməz bir hadisə baş verdikdə, görməməzliyə vurardı.
20.Birinin xəta və səhvini başqalarına açıqlamazdı.
21.Heç kimi xətasına və danışığındakı səhvə görə məzəmmət etməzdi.
22.Heç kimlə cədəl və yersiz mübahisə etməzdi.
23.Batil və puç söz istisna olmaqla, heç kimin sözünü kəsməzdi.
24.Bir suala cavab verərkən, diqqət edərdi ki, verdiyi cavab qarşı tərəfdə çaşqınlıq yaratmasın.
25.Bir şəxsdən yanlış bir söz eşidən zaman: “Niyə filankəs belə dedi” deməz, əksinə “bəzi insanlara nə olub belə danışırlar?!” buyurardı.
26.Fəqirlərlə çox oturub-durar və onlarla birlikdə yemək yeyərdi.
27.Qul və nökərlərin dəvətlərini qəbul edərdi.
28.Bir içim süd olsa belə, hədiyyəni heç vaxt geri qaytarmazdı.
29.Qohum-əqrabanı hamıdan çox ziyarət edərdi.
30.Qohumlara yaxşılıq edər, ancaq onları başqalarından üstün hesab etməzdi.
31.Yaxşı işi tərif edib alqışlayar, pis işi isə pisləyər və ondan çəkindirərdi.
32.İnsanlara din və dünyaları üçün faydalı və məsləhətli olan şeyləri buyurar və dönə-dönə tapşırardı (bu sözləri) eşidənlər burda olmayanlara çatdırsın.
33.Üzr istəyənin üzrünü qəbul edərdi.
34.Heç kimi dəyərsiz hesab etməzdi.
35.Heç vaxt heç kimə pis söz deməz və pis ləqəblər ilə çağırmazdı.
36.Ətrafındakılara və qohumlarından heç kimə nifrin etməzdi.
37.Heç vaxt camaatın eybini axtarmazdı.
38.İnsanların şərindən həzər qılar, ancaq onlardan üz çevirməz və hamı ilə xoş rəftar edərdi.
39.İnsanları məzəmmət etməz və həddindən artıq tərifləməzdi.
40.İnsanların hörmətsizliyinə səbr edər və pisliyi yaxşlıqla cəzalandırardı (pisliyin müqabilində yaxşılıq edərdi).
41.Mədinə şəhərinin ən ucqar məntəqələrində olsa belə, xəstələrə baş çəkərdi.
42.Öz səhabə və dostlarını sorağlayar və həmişə onların vəziyyətləri ilə maraqlanardı.
43.Öz səhabələrini ən gözəl adları ilə çağırardı.
44.İşlərdə səhabələri ilə məşvərət-məsləhət edər və bu işə çox təkid edərdi.
45.Dostları ilə cəm olanda dairəvi şəkildə oturardı. Belə ki, əcnəbi onların yanına gələn zaman, hansının peyğəmbər (s) olmasını təyin edə bilməzdi.
46.Yoldaşları arasında ülfət və ünsiyyət yaradardı.
47.Əhd-peymana qarşı ən vəfalı şəxs idi.
48.Fəqirə bir şey bağışlayan zaman (vasitə ilə deyil) öz əlləri ilə verərdi, başqasına həvalə etməzdi.
49.Namaz qıldığı zaman kimsə onun yanına gəlsə namazını qısaldardı.
50.Namaz qıldığı zaman bir uşaq ağlasa namazını qısaldardı.
51.Xeyri başqalarına daha çox dəyən insanlar, peyğəmbərin yanında ən əziz insanlar idilər.
52.Heç kimi ümidsiz etməzdi və belə buyurardı: “Hacətini mənə çatdıra bilməyənin istəyini mənə deyin!”
53.İmkanı olduğu halda, ondan bir şey istəyənin istəyini rəva edər və mümkün olmadığı təqdirdə, xoş söz və vədə ilə onu gözəl formada razı salardı.
54.Günah iş istisna olmaqla, heç kimin xahişini rədd etməzdi.
55.Qocalara çoxlu hörmət bəsləyər və uşaqlara qarşı daha çox mehriban idi.
56.Qərib insanlara çox diqqət və qayğı göstərərdi
57.Pis və şərr insanlara yaxşılıq etməklə, onların qəlbində yer alar və onları özünə cəzb edərdi.
58.Həmişə gülərüz olardı, ancaq bununla yanaşı qəlbi, Allah qorxusu ilə dolu idi.
59.Şad olduğu zaman, gözlərini bir növ yumar və bu sevinci çox aşkar etməzdi.
60.Gülüşlərinin çoxu təbəssüm idi və gülməklə səsi ucalmazdı.
61.Zarafatcıl idi. Ancaq zarafat və güldürmək bəhanəsi ilə batil və bihudə söz danışmazdı.
62.Pis adları dəyişər və onları gözəl adlarla əvəz edərdi.
63.Səbr və hövsələsi həmişə qəzəbindən önə keçərdi.
64.Dünya işlərinə görə narahat olmaz və ya qəzəblənməzdi.
65.Allaha görə elə qəzəblənərdi ki, heç kim onu tanımazdı.
66.Heç vaxt özünə xatir başqasından intiqam almadı. Yalnız kimsə Allahın qərarlaşdırdığı hüdudları pozduğu zaman intiqam alardı.
67.Yalan kimi nifrət etdiyi başqa heç bir xüsusiyyət yox idi.
68.Sevinc və qəm-qüssə hallarında yalnız Allahı yad edərdi.
69.Özü üçün mal-dövlət yığmazdı.
70.Yemək və geyim baxımından, heç nəyi xidmətçilərindən çox deyildi.
71.Torpağın üzərində oturar və yerdə yemək yeyərdi.
72.Yerdə yatardı.
73.Ayaqqabı və paltarlarına özü yamaq vurardı.
74.Öz əlləri ilə süd sağar və dəvəsinin ayağını özü bağlayardı.
75.Onun üçün hazırlanan istənilən miniyə minər və onların növlərinə fərq qoymazdı.
76.Hara getsəydi, çiynindəki əbanı döşənəcək kimi yerə salardı.
77.Paltarlarının çoxu ağ rəngdə idi.
78.Yeni paltar geyinən zaman, köhnəni (bundan əvvəl olan paltarını) fəqirlərə bağışlayardı.
79.Ən gözəl paltarını cümə günü geyinərdi.
80.Ayaqqabı və paltar geyinərkən, çox diqqətlə fəqirlərin vəziyyətini nəzərə alardı.
81.Saçların dağınıq olmasını və həmçinin nizam-intizamsız olmağı bəyənməzdi.
82.Həmişə xoşətirli olar və hər şeydən çox ətirə pul xərcləyərdi.
83.Həmişə dəstəmazlı olar və dəstəmaz alarkən misvak vurardı.
84.Namaz gözlərinin nuru idi və rahatlıq və aramlığını namazda tapardı.
85.Hər (qəməri) ayın 13, 14 və 15-ci günləri oruc tutardı.
86.Heç bir neməti məzəmmət etmədi (hər bir nemətə şükr etdi).
87.Allahın az nemətini böyük hesab edərdi.
88.Heç bir yeməyi çox tərifləməz və ya pisləməzdi.
89.Yemək zamanı, nə hazırlasalar yeyərdi.
90.Süfrə başında öz qarşısından yemək yeyərdi.
91.Süfrədə hamıdan öncə hazır olar və hamıdan gec qalxardı.
92.Ac olmasa yemək yeməz və tam doymamış əlini yeməkdən saxlayardı.
93.Mədəsi özündə iki növ yemək cəm etmədi.
94.Yemək yeyərkən, heç vaxt gəyirmədi.
95Mümkün olduğu surətdə tənha yemək yeməzdi.
96.Yeməkdən sonra əllərini yuyar və üzünə çəkərdi.
97.Suyu üç qurtuma içərdi. Əvvəldə “Bismilləh”, sonda “Əlhəmdulilləh” deyərdi.
98.Tənhalığı seçmiş bakirə (həyalı) qızlardan daha həyalı idi.
99.Evə daxil olmaq istəyərkən 3 dəfə icazə alardı.
100. Evdə olduğu vaxtı üç hissəyə bölərdi: Allah, ailə və özü üçün. Özü üçün ayırdığı vaxtı həmçinin insanlarla bölərdi.
Mənbə: Əllamə Təbatəbai (r.ə); “Sunənun-Nəbi” kitabından
*Tərcümə edən:* Musa Hüseynli
*Redaktor:* Ceyhun Fikrət
Ya Rəsuləllah! Bu sadalananlar sənin böyük və əzəmətli əxlaqının bir zərrəsidir.
“Həqiqətən sən böyük əxlaq sahibisən”.* (Qələm 4)
Sənin kimi böyük əxlaq sahibinə hörmətsizlik edənlər yer üzünün ən mənfur və ən şərr insanlarıdır. Allahın və bütün lənət deyənlərin lənəti olsun islam düşmənlərinin üzərinə!
«Allahın Peyğəmbərini incidənlər üçün ağrılı bir əzab olacaqdır!».* (Tövbə 61)