Həzrət Fatimənin (ə) insanlarla şəfqətli davranışı
.
Xanım Fatimə əleyhasalamın möminlərə və şiələrə məhəbbət bəsləməyi atasından irs qalmışdı. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih bütün ömür boyu heç vaxt insanlara aşağı gözlə baxmadı, onları sevdi. Dost üçün də mehriban idi düşmən üçün də. Camaatın cahillik və nadanlıqları Peyğəmbəri (s) ruhdan salmadı. Allah qarşısında camaatın cahilliklərindən şikayət etmədi, əksinə onların bağışlanmasını və düz yola gəlmələrini istədi. İstər yaşadığı yerdə istərsə də səfərdə olarkən hamı ilə mehribanlıqla rəftar etdi. Müharibədə də mehriban idi, sülhdə də.
Odur ki, Allah Taala həzrət Muhəmmədi (s) Qurani-kərimin Tövbə surəsinin 128-ci ayəsində belə vəsf edir:

لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ

“Həqiqətən sizə özünüzdən olan bir Peyğəmbər gəldi, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır. O sizin arzularınıza çatmağınızı çox istəyir. Möminlərə mehriban və mərhəmətlidir.”
Bəli, Zəhra (ə) da atasına oxşamışdı, hətta sanki atasının özü idi. Peyğəmbərin (s) “Fatimə məmin canımın parasıdır” kəlamı bunun açıq-aşkar sübutudur.
Həzrət Fatimənin (ə) insanlara qarşı olan mehriban və şəfqətli davranışını o xanımın rəftar üslubunda və əməlində asanlıqla görmək olur. O xanım öz Məbudu ilə, yəni aləmlərin Rəbbi ilə gecənin xəlvət saatlarında və ən həssas dəqiqələrdə müsəlmanları özündən və ailəsindən qabağa salaraq onların xeyirlərinə, xəstələrinin şəfa tapmaqlarına, pis insanların şərlərindən qurtulmalarına və ilaxır dua edirdi.
O Xanımın övladı imam Həsən əleyhissalam buyurur: “Gecənin bir aləmində yuxudan ayıldım, anamın ibadət mehrabında əllərini göyə qaldırıb dua etdiyini gördüm, dualarında yalnız qonşuları bir-bir dua edirdi, bir qədər qulaq asdıqdan sonra dedim: -Anacan! Bəs bizi niyə dua etmirsən?! Anam Fatimə (ə) buyurdu: Oğlum! Əvvəl qonşular (üçün dua edirəm) sonra ev (üçün dua edəcəyəm).”
Həzrət Fatimənin (ə) buradakı fədakarlığını tam mənada dərk edə bilmək üçün qonşuların kimlərdən ibarət olduğunu bilmək gərəkdir. Əgər bir nəfərin qonşuları ona yaxşılıqlar edirsə, yaxud qonşulardan ona heç vaxt bir pislik dəyməyibsə insanın belə bir qonşuları üçün gecə yarısı dua etməsi kimlərisə təəccübləndirməyə bilər. Lakin xanım Fatimənin (ə) qonşuları bu iki qismin heç birindən deyildilər.
Həzrət Fatimənin (ə) qonşuları necə insanlar idilər?!
Onlar həmin insanlardırlar ki, xanım (ə), atasının (s) vəfatı bir tərəfdən, ərinin -İslamın həqiqi xəlifəsinin haqqının tapdalanması başqa bir tərəfdən və sair bəla və müsəbətlərə görə ağlayıb sızlayaraq, həzrət Muhəmmədin (s) ümmətə Əhli-beyti tapşırdığını hər kəsə söyləyərkən bu qonşular öz etiraz səslərini ucaltdılar. Onlar Əhli-beytin haqqını danmışdılar və bu azmış kimi əmirəlmöminin Əli əleyhissalamın yanına gəlib dedilər: Fatimə (s) ağlamaqları və hədislər söyləməsi ilə bizi narahat edir. Ya onu sükuta vadar et, ya da onu buradan (öz evindən) uzaqlaşdır. Həzrət Əli əleyhissalam Bəqi qəbirsanlığında xanım Fatimə (s) üçün bir otaq tikdi. Xanım hər səhər gün çıxan kimi Həsən (ə) və Hüseynin (ə) əlindən tutaraq o ibadət otağına gedir, gün batana qədər orada ibadət edib ağlayır, matəm saxlayırdı. Həmin otaq tarixdə “beytul əhzan”, yəni “qəm evi” adı ilə məşhurdur.
Baxın, xanım Fatimənin (ə) fədakarlığı bundadır!
Belə bir qonşular üçün, onu evindən uzaqlaşdıran insanlar üçün gecənin həssas vaxtında, hamının şirin yuxuda olan anında öz evinin bir küncündə əllərini göyə qaldırıb Allaha dua edirdi.
Biz nə dərəcədə Fatiməni (ə) sevə bilmişik?!
Bu sualın cavabı üçün baxaq görək xanım Fatiməyə (ə) az da olsa oxşaya bilirkmi? Bizə pislik edənlərə, nəinki pislik, hətta bizə yaxşılıq etməyənlərə, yaxud hansısa sadə məsələlərə görə incidiyimiz və küsdüyümüz adamların xeyirinə gecənin yarısında xəlvətdə dua edə bilərikmi? Belə bir qüdrətimiz varmı?!


RZA ƏZİZOĞLU İRƏVANİ