İmam Həsən Əskəri əleyhissalam buyurur:
جعلت الخبائث فی بیت و الکذب مفاتیحها
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
Nəzhətun-nazir və tənbihul-xəvatir 145-ci səhifə
.
Düzlük və doğruluq nə qədər dəyərlidirsə, yalan da bir o qədər pis və çirkindir.
Yalan, insanları aldatmaqdır, yalançını camaatla düşmən edir, cəmiyyətdə onun etibarını azaldır, ictimai rabitəsini süstləşdirir, riyakarlığa səbəb olur. Yalan o qədər pisdir ki, hətta yalançı da onun cəmiyyət içində yalançı kimi tanınmasını istəmir, ona görə də danışdığı sözün yalan olduğu camaat tərəfindən başa düşüləndə öz yalanını ört-basdır etmək üçün başqa bir yalana əl atır.
Bundan əlavə düz sözlərin içinə yalan qarışanda da həmin sözlər öz dəyərini itirir. Bir çox adamların çıxış, xütbə, moizə və nəsihətlərinin insanların qəlbinə girə bilməməsi məhz bu səbəbdəndir. Yalan, murdar və nəcisə bənzədilmişdir. Təsəvvür edin, evdə bir qazan süd var, ana həmin südün bir az soyumasını gözləyir ki, evdəkilər o süddən içsinlər, elə bu zaman o qazanın içinə bir damcı nəcis düşür. Beləliklə həmin südün hamısı atılmalı olur.
Şəxs moizə edir, moizəsini “bəzəkli və maraqlı” etmək üçün yalan hadisələrdən və uydurulmuş yuxulardan danışır. Bununla da moizəsini nəcis edir və ona qulaq asan insanların heç birinin qəlbi o nəcisi həzm etməyə razı olmur.
Dostlarla və ya iş yoldaşları ilə görüşə gecikir, gecikdiyini boynuna alaraq onlardan üzür istəmək əvəzinə yalan danışmaq ilə özünü haqlı çıxarmağa çalışır, “tıxacda qalmışdım” , “yol polisi saxlamışdı” və ilaxır yalanlar danışır.
Pisliklər evinin açarlarından birinin yalan olduğu ona görədir ki, insanlar öz səhv və xatalarını yozmaq və günahkar olduqları halda özlərini haqlı çıxarmaq üçün yalan danışmaqla camaata kələk gəlir və onları aldadırlar. Mağazada pis malı satmaq üçün onu yalan ilə tərifləyirlər, yalan sözlərlə camaata ürək yandırdıqlarını iddia edirlər.
İnsanar müxtəlif yerlərdə özlərini haqlı və dürüst çıxarmaq üçün o qədər “yalan”dan istifadə edirlər ki, öz həyatlarını yalansız təsəvvür edə bilmirlər, “yalansız həyamı olar?” deyirlər.
Unutmayaq ki, belə iddia ilə çıxış edən insanlar ilk öncə sevimli Peyğəmbərimizə (s), məsum İmamlara (ə) və kamil insanlara şər atmış olur. Bəli, yalansız həyat mümkündür, özü də nəinki mümkündür, elə əsil təmiz, saf, şirin, xoşbəxt və şən həyat yalnız doğruluq və dürüstlüklədir.