“Zariyat” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- And olsun (buludları) hərəkətə gətirən küləklərə!
- And olsun ağır (yağış) yükü daşıyan buludlara!
- And olsun asanlıqla hərəkət edən gəmilərə!
- And olsun işləri paylaşdıran mələklərə!
- Sizə vəd olunanlar əlbəttə, həqiqətdir.
- Şübhəsiz ki, əməllərin əvəzinin veriləcəyi mütləqdir!
——————————————————————————-
39-40. Dörd vaxt Allaha tərif demək: Təfsirçilər ayədə dörd vaxt Allaha tərif söylənməsi (gün doğmazdan əvvəl, qürubdan əvvəl, gecə və səcdələrdən sonra) məsələsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəzi böyük təfsirçilər belə yazırlar: Gün doğmazdan əvvəlki tərifi sübh namazı kimi başa düşmək olar. Yəni həmin ifadə ilə sübh namazı nəzərdə tutulmuşdur. Qürubdan əvvəlki tərifi əsr namazı və ya zöhr və əsr namazları, gecənin bir hissəsinin tərifini isə məğrib və işa namazları kimi başa düşmək olar. Səcdədən sonranın tərifinin namazlardan sonrakı təriflərə aid olduğunu deyə bilərik. Səcdə namazın hər bir rükətinin sonunda gəldiyi və namazlardan sonra edilən dualar da namaz bitdikdən sonra yerinə yetirildiyi üçün bunu belə izah edə bilərik.[1]
“Zariyat” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi mövzuları beş bölmə üzrə ümumiləşdirmək olar: 1. Surənin əsas hissəsini məad mövzusu təşkil edir; 2. Yaranış sistemində Allahın varlığını və Allahın tək olduğunu göstərən əlamətlər; 3. İbrahimə qonaq olmuş və Lut qövmünün yaşadığı şəhərləri məhv etməyə ezam olunmuş mələklər; 4. Musa (ə), Ad qövmü, Səmud və Nuh (ə) qövmünün başına gələnlərdən fraqmentlər; 5. İnadkar qövmlərin keçmiş peyğəmbərlərə qarşı mübarizələri, qatı müxaliflərlə qarşı-qarşıya dayanmış İslam peyğəmbərinə (s) təskinlik verilməsi, onu dözümlü olmağa çağırmaq.[2]
1-4. Ayədə qeyd edilən andların izahı: Ayələrdə diqqətləri bir məsələyə yönəltmək üçün bir-birinin ardınca bir neçə and qeyd edilmişdir. Həmin məsələ insana etdiyi əməllərin əvəzinin verilməsindən ibarətdir. Birinci ayədə buludları ətrafa yayan (toxumları və zərrələri yer üzünə yayan) küləklərə and içilmişdir. İkinci ayədə ağır yağış yükünü daşıyan buludlara, sonra asanlıqla hərəkət edən gəmilərə, dördüncü ayədə Allahın əmrlərini yerinə yetirən, Onun əmrlərini vəzifə və səlahiyyətlərinə uyğun olaraq bölüşdürən mələklərə and içilmişdir. Allahın dünyanın yaranışı və idarəçiliyi ilə bağlı əmri birdir. Ancaq bu əmr ayrı-ayrı vəzifə daşıyan mələklərə çatdıqda bölüşdürülür. Bu təsnifat kainatın ən kiçik işlərini görməyə ezam edilmiş mələklərə qədər davam etdirilir. Allahın dünyanın idarə edilməsi ilə bağlı fərmanı mələklərə çatdıqda hər bir mələk öz vəzifəsinə müvafiq olaraq davranır və dünyanın ayrı-ayrı hissələrinin idarəçiliyi ilə məşğul olur. Gördüyümüz kimi, bu dörd ayədə dünyanın bütün hissələrinə işarə edilmişdir. “Hərəkətə gətirən küləklər” ifadəsi ilə quruya aid bəzi hadisələrin idarəçiliyinə, “asanlıqla hərəkət edən gəmilər” ifadəsi ilə dənizlərin idarə edilməsinə, “yağış yağdıran buludlar” ifadəsi ilə göylərin idarəçiliyinə, “işləri bölüşdürən idarəedici mələklər” ifadəsi ilə isə kainatın digər idarəçiliyinə işarə edilmişdir. Deməli, bu dörd ayədə Allah-taala bizə bunları bəyan edir: “And olsun dünyanın idarəçiliyində rol oynayan bütün bu vasitələrə, sizə verdiyim vəd doğrudur, əməllərin əvəzi veriləcək.” Sünni və şiə mənbələrində bu ayənin qeyd olunan formadakı təfsiri İmam Əliyə (ə) aid olan bir hədisə istinad edilir.[3]
- And olsun gözəl qatları olan səmaya!
- Sizin (Qiyamətlə bağlı) sözləriniz ziddiyyətlidir.
- Ona iman gətirməkdən (yalnız) haqdan boyun qaçıran dönər.
- Ölüm olsun yalançılara –
- cəhalət və qəflət içində batanlara!
- Onlar dayanmadan soruşurlar: “Haqq-hesab günü nə vaxt olacaq?”
- Həmin gün onları odda yandıracaqlar.
- (Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tələsdiyiniz şey budur!”
- Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
- öz Rəblərinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
- Onlar gecələrin az bir hissəsini yatırdılar.
- Səhərlər isə bağışlanma diləyirdilər.
- Onların mal-dövlətində dilənçi və yoxsullar üçün pay vardır.
- Yəqinlik axtarışında olanlar üçün yer üzündə nişanələr vardır.
- Sizin öz varlığınızda da (nişanələr vardır.) Məgər görmürsünüz?
- Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
- Göyün və yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi həqiqətdir.
- İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatıbmı?
- Onlar onun yanına daxil olub: “(Sənə) salam olsun!” – dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad adamlarsınız!” – dedi.
- Sonra xəlvətcə ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzov gətirdi
- və onların qarşısına qoydu. (Yeməyə əl uzatmadıqlarını görüb təəccüblə) soruşdu: “Yemək yemirsiniz?”
- Onlardan qorxdu. Dedilər: “Qorxma! (Biz Allahın elçiləriyik)”. Ona elmli bir oğlunun olacağını müjdə verdilər.
- Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
- Onlar dedilər: “Sənin Rəbbin belə deyib. O, müdrikdir, biləndir!”
—————————————————————————————-
- Göyün qatları: “Hubk” sözünün çox mənası, o cümlədən yollar, küləklər nəticəsində səhranın qumları üzərində yaranan qatlar, suyun üzərində yaranan ləpələr və buludlar üzərində yaranan qırışlar mənası var. Buruq saçlara da “hubk” deyilir. Bəzən bu söz gözəllik, nizam-intizamlı və səliqəli mənasında da işlədilir. Bu sözün əsl mənası isə bağlamaq və məhkəmlətməkdir. Bu mənaların hamısının bir mənbədən qaynaqlandığını deyə bilərik. Həmin mənbə dalğalar, buludlar, qumlar və saçda yaranan buruqlardır. Bu mənanın səmaya aid edilməsinə gəlincə isə, bu, ulduz yığınının müxtəlif formaları, planetlərin vəziyyətləri və göydəki buludların qəribə şəkilləri ilə bağlı ola bilər. Buludlar bəzən o qədər gözəl olur ki, insan uzun müddət gözünü onlardan çəkə bilmir. Bu məna qalaktiklarda saç buruqlarını xatırladan böyük kütlələrin forması ilə də bağlı ola bilər. Alimlərin teleskoplar vasitəsilə qalaktikalardan əldə etdikləri görüntülər burulmuş saçları xatırladır. Bu izaha əsasən Allah insanların hələ görə bilmədikləri səmaya və böyük qalaktikalara and içir. Bu mənaların bir-biri ilə təzad təşkil etmədiyini nəzərə alsaq, onların hamısının bu andda nəzərdə tutula biləcəyini deyə bilərik. “Muminun” surəsinin 17-ci ayəsində belə deyilir: “Biz sizin yuxarınızda yeddi yol yaratdıq.” Burada göylərin, planetlərin, qalaktikaların və müxtəlif aləmlərin çoxluğuna işarə edilmişdir. Bir məsələni də qeyd etmək lazımdır ki, “hubk” sözü göylərin möhkəmliyinə və Günəş sisteminə daxil olan planetləri bir-biri ilə olan əlaqələrin sarsılmazlığına işarə ola bilər.[4]
22-23. Sizin ruziniz göydədir: Bəzi ayə və hədislərdə hər bir canlının ruzisinin Allaha aid olduğu qeyd edilmişdir. İndi ortaya belə bir sual çıxır: əgər belədirsə, o zaman ruzi qazanmaq və yaşayışı təmin etmək üçün çalışmağın və əziyyət çəkməyin, cəmiyyətin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün proqramlar hazırlamağın nə mənası var? Ruziyə Allah tərəfindən zəmanət verilməsi, onun bölünməsi və sair deyilərkən ona potensiallar – insanın özündə və özündən kənar potensialların yaradılması nəzərdə tutulur. Bu ikisi birləşdiyi zaman insan öz ruzi payını əldə edə bilir. Bir nüansı da yaddan çıxarmamalıyıq ki, insanın səbəblər aləmi içində itib batmaması, ruzinin yalnız səy və fəaliyyətlərin nəticəsi olduğunu düşünməməsi üçün Allah bəzən insanlara heç bir zəhmətsiz ruzi yetirir, bəzən isə həddən artıq zəhmətkeş olan bir adamı ruzidən məhrum edir. Bunu bütün səbəblər üzərində başqa bir qüdrətin hökmran olduğunu başa salmaq üçün edir. Əgər bizim ruzimizə zəmanət verilibsə, bəs nə üçün bəzi adamlar acdır? Bu suala cavab vermək üçün bir neçə məqama diqqət yetirmək lazımdır: 1. Ruziyə zəmanət və təminat vermək o demək deyil ki, o, ağlı olan insana zəhmətsiz verilməli, qapısının ağzına aparılmalı, tikə edilib ağzına qoyulmalıdır. “Zəmanət” deyilərkən potensial və zəmin yaradılanması nəzərdə tutulur. İnsanın səy və fəaliyyətləri bu potensialların reallaşmasının əsas şərtidir. 2. Bir qrup insanın keçmişdə və indi başqalarının hüquqlarını əlindən alması, zorla ruzisinə sahib olması ruzinin Allah tərəfindən təmin edilməməsi kimi başa düşülməməlidir. 3. İnsanın qidalanması üçün Yer kürəsində çox zəngin mənbələr var, insan ağlını və beynini işlədərək onlardan faydalanmalıdır. Əgər insan səhlənkarlıq edirsə, təqsirkar o özüdür. 4. Hədislərdə ruzinin artmasına səbəb olan bir çox amillər göstərilmişdir. Həmin amillərdən bir neçəsi bunlardır: Qohumlara baş çəkmək, evin, bədənin və paltarın təmizliyi, müsəlman qardaşlarla qarşılıqlı yardımlaşma, səhər tezdən ruzi dalınca çıxmaq, nemətin şükrünü etmək, tamahı tərk etmək, yalandan and içməyi tərgitmək, bağışlanma diləmək, günahlara görə tövbə etmək, işlərdə yaxşı niyyətdə olmaq, qonşulara yaxşılıq, Allaha diqqət. Bu faktorların hər biri cəmiyyətin sağlam olmasında, iqtisadi hədəflərin inkişaf etdirilməsində və ruzinin artmasında böyük rol oynayır.[5]
- (İbrahim) dedi: “Siz hansı işdən ötrü ezam edilmisiniz, ey elçilər?”
- Dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
- üstlərinə gildən daşlar yağdıraq –
- həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
- Biz o şəhərlərdə olan möminləri (əzab nazil olmazdan əvvəl) çıxartdıq.
- Amma orada bir ailədən başqa müsəlman tapmadıq.
- Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
- Musanın həyatında da (nişanə və ibrət dərsi) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
- Ancaq o, bütün varlığı ilə ondan üz çevirib dedi: “Bu ya sehrbazdır, ya dəli!”
- Buna görə də Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
- Ad (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman Biz onların üstünə yağışsız bir külək göndərmişdik.
- O (külək) üstündən keçdiyi hər bir şeyi çürümüş sümüklər kimi etdi.
- Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Qısa müddət bəhrələnin!” – deyilmişdi.
- Onlar öz Rəblərinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
- Yerə elə yıxıldılar ki, ayağa qalxa və kimdənsə kömək istəyə bilmədilər.
- Onlardan Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
- Biz göyü qüdrətlə yaratdıq və sürəkli olaraq onu genişləndiririk.
- Yeri də açdıq. Nə gözəl genişləndirənik!
- Biz hər şeydən cütlər yaratdıq ki, bəlkə xatırlayasınız.
- Elə isə, “Allaha tərəf qaçın! Mən onun tərəfindən sizi açıq-aşkar qorxudanam!
- Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən Onun tərəfindən sizi açıq-aşkar qorxudanam!”
———————————————————————————
- Göylərin davamlı olaraq genişlənməsi: Bəzi təfsirçilər bu genişlənməni Allahın bəndələrə yağış vasitəsilə göndərdiyi ruzini genişləndirməsi kimi izah etmişlər. Bəzilərinə görə burada ruzinin hər cəhətdən genişlənməsi nəzərdə tutulmuşdur. Bəziləri onu Allahın ehtiyacsız olması kimi izah etmişlər. Çünki Onun xəzinələri o qədər genişdir ki, məxluqata ruzi verməklə əsla tükənmir və azalmır. Ancaq həm əvvəlki ayədə göylərin yaranması, həm də müasir dövr alimlərinin dünyanın genişlənməsi ilə bağlı kəşfləri, bu kəşflərin intuitiv müşahidələr vasitəsilə də təsdiqinə nəzər salsaq, ayənin daha incə məna ifadə etməsi qənaətinə gələ bilərik. Belə ki, Allah göyləri yaradıb və onları davamlı olaraq genişləndirir. Müasir elmi nailiyyətlər təkcə Yer kürəsinin kosmik maddələri cəzb edərək tədricən ağırlaşdığını deyil, göylərin də sürəkli olaraq genişləndiyini təsdiq edir. Belə ki, müşahidələr bir qalaktikaya aid olan ulduzların sürətlə həmin qalaktikanın mərkəzindən uzaqlaşdığını göstərir. “Biz genişləndirənik” ifadəsi göstərir ki, bu genişlənmə hər zaman olmuş və indi də davam edir. Müasir alimlər artıq belə bir qənaətə gəliblər ki, planetlər və qalaktikalar başlanğıcda vahid mərkəzdə bir yerdə olublar. Sonra böyük bir partlayış baş verib. Həmin partlayışın ardınca dünyanın hissələri parçalara ayrılaraq planetlər formasını alıblar. İndi də genişlənməkdə və geriləməkdədirlər.[6]
- Bütün yaradılmışların cüt yaradılması: Təfsirçilərin çoxu “cüt” sözünün burada müxtəlif siniflər mənasında olduğunu yazmış və ayədə bu dünyada mövcud olan varlıqların cüt formasını almış müxtəlif siniflərinə işarə edildiyini qeyd etmişlər. Buna gecə və gündüz, işıq və qaranlıq, dəniz və səhra, günəş və ay və sairəni misal göstərmək olar. Bu cür ayələrdə “cüt” sözünü daha dəqiq mənaya aid etmək olar. Çünki bitki və heyvanat aləmindən asılı olmayaraq, “cüt” sözünü adətən, dişi və erkək cinsinə aid edirlər. Əgər bu sözün məna yükünü bir qədər də genişləndirsək, bütün müsbət və mənfi yüklü zərəciklərə də şamil olduğunu görərik. Quranın bu ayəsində “hər şeydən” ifadəsinin işlədildiyini nəzərə alsaq, deməli, burada canlı və cansız olmasından asılı olmayaraq, bütün mövcudatın müsbət və mənfi zərrələrdən təşkil olunmasına işarə edildiyini başa düşərik. Müasir elm atomların müxtəlif hissələrdən, o cümlədən elektron adlanan mənfi, proton adlanan müsbət yüklü hissələrdən təşkil olunduğunu sübuta yetirmişdir. Buna görə də “şey” sözünü heyvan və bitki, “cüt” sözünü də sinif mənasında izah etməyə lüzum yoxdur. Bu iki mənanı birlikdə götürmək də olar.[7]
- Allaha doğru qaçmaq: “Fərar” (qaçmaq) sözü burada çox gözəl və incə bir mənanı ifadə edir. İnsan qorxulu bir varlıq və ya hadisə ilə qarşılaşdıqda sürətlə uzaqlaşaraq sığınacaq bildiyi təhlükəsiz yerə qaçır. Müşriklər də qorxulu inanc olan şirk və bütpərəstlikdən həqiqi təhlükəsiz və əmin-aman yer olan xalis tövhidə doğru qaçmalıdırlar. Buna görə də ayədə hər kəsin Allahın əzabından rəhmətinə, günahdan tövbəyə doğru, çirkinliklərdən, pisliklərdən, imansızlıqdan, cəhalət qaranlıqlarından, əbədi əzabdan Allahın rəhmətinə, bağışlanmaya və əbədi xoşbəxtliyə doğru qaçmasını göstəriş verir. İmam Sadiqin (ə) bir hədisində “Allaha doğru qaçmaq” deyilərkən həcc və Allah evini ziyarətin nəzərdə tutulduğu qeyd edilmişdir. Məlumdur ki, Allah evini ziyarət Allaha doğru qaçmağın parlaq nümunələrindən biridir. Çünki həcc insanı tövhid, tövbə və bağışlanma diləməyin həqiqəti ilə tanış edir, Allahın lütf və mərhəmət dolu sığınacağına daxil edir.[8]
- Belədir, bunlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.
- Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
- İndi ki belədir, artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
- Sən dayanmadan xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
- Mən cinləri və insanları ancaq Mənə ibadət etmələri üçün yaratdım.
- Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
- Allah ruzi verəndir, qüdrət və qüvvət sahibidir.
- Zülm edənləri həmtaylarının payı kimi böyük bir əzab payı gözləyir. Buna görə də tələsməsinlər!
- Onlara vəd olunmuş gündən ötrü vay kafirlərin halına!
————————————————————————————
[1] Əl-Mizan, c.18, səh.364
[2] Nümunə, c.22, səh.303
[3] Pəyame-Quran, c.2, səh.356
[4] Nümunə, c.22, səh.312
[5] Pəyame-Quran, c.2 ,səh.356
[6] Nümunə, c.22, səh.373
[7] Nümunə, c.22, səh.376
[8] Nümunə, c.22, səh.377