“Rəhman” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Rəhman Allah
  2. Quranı öyrətdi.
  3. İnsanı yaratdı,
  4. ona danışmağı öyrətdi.
  5. Günəş və Ay müəyyən bir ölçü ilə fırlanırlar.
  6. Bitkilər da, ağaclar da Ona səcdə edir.
  7. Göyü ucaltdı, tərəzi və qanun qoydu ki,
  8. çəkidə həddi aşmayasınız.
  9. Tərəzidə insafla çəkin və çəkini əskiltməyin.
  10. O, yeri məxluqat üçün yaratdı.
  11. Orada meyvələr və gül-çiçkli xurma ağacları vardır.
  12. Saman şəkli alan gövdəli və yarpaqlı dənli bitkilər və xoş ətirli bitkilər də vardır.
  13. Elə isə (ey insanlar və cinlər,) Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  14. O, insanı saxsı kimi quru gildən yaratdı,
  15. cinləri də qarışıq və hərəkət edən oddan yaratdı.
  16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

—————————————————————————————-

“Rəhman” surəsinin ümumi məzmunu: Bu surədə Allahın insanlara bəxş etdiyi müxtəlif maddi və mənəvi nemətlərdən danışılır. Buna görə də bu sürəni mərhəmət və ya nemət surəsi də adlandırmaq olar.[1]

  1. Bəyan etmək insanın ən mürəkkəb davranışıdır: “Bəyan” sözü leksik baxımdan geniş məna yükünə malikdir. Bu sözü istənilən açıqlayıcı və aşkarediciyə şamil etmək olar. Buna görə də təkcə danışığa deyil, yazmağa, müxtəlif və mürəkkəb mövzuları ifadə edən rasional və məntiqi əsaslandırmalara şamil olur. Bütün bunlar “bəyan” ifadəsində toplaşır. Baxmayaraq ki, bu kompleksin indeksi danışmaqdır. Adət etdiyimiz üçün biz danışmağı sadə bir proses hesab etsək də, əslində o, insanın ən mürəkkəb incə davranışlarındandır. Bəlkə də deyə bilərik, belə bir zərif, eyni zamanda mürəkkəb davranış yoxdur. Çünki səs orqanları müxtəlif səsləri yaratmaq üçün bir-biri ilə əməkdaşlıq edir: ağ ciyər havanı özünə çəkir, sonra yavaş-yavaş onu qırtlaqdan xarıc edir. Sonra səs telləri səslənir, bəzisi razılıq, bəzisi qəzəb, bəzisi yalvarış, bəzisi sevgi, məhəbbət və ya ədavət ifadə edən müxtəlif səslər meydana gəlir. Ardınca bu səslər dil, dodaq, dişlər və ağız boşluğu vasitəsilə əlifba hərflərini xüsusi incəliklə ərsəyə gətirir. Başqa sözlə desək, qırtlaqdan xaric olan monoton səs fərqli forma və ölçülərdə kəsilərək hərf şəkli alır. Nəticədə, dillərin yaranması prosesi meydana gəlir. İnsan maddi və mənəvi ehtiyaclarını ödəmək üçün malik olduğu təfəkkürünü inkişaf etdirərək müxtəlif dillər yaradır. Maraqlıqdır, dil yaradılışında insana mane ola biləcək heç nə yoxdur. Dünyada mövcud olan dillər o qədər çoxdur ki, onları saymaq olmur. Hətta tədricən yeni-yeni dillər formalaşır. Bunlardan əlavə, nitqin insanların inkişafı və təkamülü, mədəniyyətlərin meydana gəlməsi və tərəqqisindəki rolunu nəzərə alsaq, məlum olar ki, əgər bu nemət olmasaydı, insanlar öz təcrübələrini, elmlərini asanlıqla gələcək nəsillərə ötürə, elm, mədəniyyət, din və əxlaqın inkiafına nail ola bilməzdirlər. Əgər bu böyük nemət insandan bir günlüyə alınsa, insan cəmiyyəti geriləyər. Əgər “bəyan” sözünü daha geniş mənada götürsək, yəni yazı və incəsənəti də buraya aid etsək, onun insan həyatında nə qədər mühüm rol oynadığı tam aydın olar. Buna görə də Rəbbin insanlara bəxş etdiyi nemətlər məcmusunu ehtiva edən bu surədə nə üçün insanın yaradılışından sonra danışıq nemətinə yer verildiyini başa düşərik.[2]
  2. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Allah-taala bu cümlə ilə insanları Allahın bəxş etdiyi nemətlər haqqında düşünməyə, öz-özlərindən “bu nemətlərdən hansınısa inkar etmək olarmı? Əgər olmazsa, nə üçün nemət verəni tanımayaq? Nə üçün Onu tanıyıb nemət verənə şükür etməyək? Nə üçün müqəddəs dərgahında təzim etməyək?” – deyə soruşmağa sövq edir. Bu cümlənin təkrarı fəsahətlə nəinki təzad təşkil etmir, əksinə özü bir fəsahət yaradır. Sanki ata unutqan oğluna xitab edərək deyir: Uşaqlıq və aciz olduğun vaxtı unudursan? Xəstələndiyində sənin üçün ən yaxşı həkimləri gətirdiyimi və sənin müalicən üçün hansı zəhmətlərə qatlaşmağa hazır olduğumu unudursan? Gənclik yaşına çatdığında, ailə qurmaq istədikdə yaxşı bir həyat yoldaşı seçdiyimi unutdunmu? Ev və yaşamağa ehtiyac duyduğun vaxt sənin üçün hər şey etdiyimi unutdunmu? Bəs bu itaətsilik nədəndir? Allah-taala da müxtəlif nemətlərini bu unutqan insanlara xatırladır, bu nemətlərin hər birindən sonra soruşur ki, bunlardan hansını inkar edə bilərsən?[3] Cəhənnəmliklərin bəzi əzabları qeyd edildikdən sonra da bu cümlə təkrar edilmişdir. Əslində onların əzablarından sonra qeyd edilən bu xatırlatma da bütün insanlar və cinlər üçün bir nemətdir.[4]
  3. O, iki məşriqin və iki məğribin Rəbbidir.
  4. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  5. O, iki müxtəlif dənizi təmas halında bir-birinin yanında qərarlaşdırdı.
  6. Onların arasında maneə vardır, onu keçə bilməzlər.
  7. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  8. Onlardan mirvari və mərcan çıxır.
  9. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  10. Düzəlmiş gəmilər də Onundur – dənizdə hərəkət edir, dağ kimidirlər.
  11. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  12. Yer üzündə olan hər kəs fani olacaq.
  13. Təkcə Rəbbinin əzəmətli və uca zatı əbədidir.
  14. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  15. Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir iş görür.
  16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  17. Tezliklə ancaq sizinlə məşğul olacağıq, ey insanlar və cinlər.
  18. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  19. Ey cin və insan tayfası! Əgər bacarırsınızsa, göylərin və yerin hüdudlarını aşın! Yalnız qüdrət və qüvvətlə keçə bilərsiniz.
  20. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  21. Üstünüzə tüstüsüz alov və qalın tüstü göndəriləcək və siz heç kəsdən kömək diləyə bilməyəcəksiniz.
  22. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  23. Göy yarılıb ərimiş yağ kimi çəhrayı olduğu vaxt (elə qorxulu hadisələr baş verəcək ki, tab gətirə bilməyəcəksiniz).
  24. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  25. O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır (hər şey aydın olacaq).
  26. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

—————————————————————————————-

  1. O, hər gün bir işdədir: Bu ayə geniş məzmuna malikdir, istənilən yeni yaradılışa, dünyada baş verən dəyişikliklərə şamil olur. Allah daim yaradır və yaratmaqda davam edir. Onun ehtiyaclıların və diləyənlərin ehtiyaclarına cavab verməsi də belədir, hər gün yeni forma yaradır. Bir gün bir xalqa qüdrət bəxş edir, başqa bir gün onları qara torpaq üzərinə oturdur, bir gün sağlamlıq və təravət bəxş edir, başqa bir gün zəiflədir, bir gün qəm-qüssəni ürəkdən yuyub aparır, başqa bir gün qəm-qüssə üçün bir şərait yaradır. Xülasə, hər gün gözəl yaradılış sisteminə, nizam-intizamına uyğun olaraq yeni bir hadisə, yeni bir varlıq yaradır. Bu həqiqət bir tərəfdən bizim Allaha daim ehtiyaclı olduğumuzu göstərir, digər tərəfdən ümidsizlik pərdəsini qəlbimizdən kənara çəkir, başqa bir tərəfdən təkəbbür və qəfləti yuyub aparır. O, hər gün bir iş görür. İmam Əli (ə) belə buyurmuşdur: “Həmd və tərif əsla ölməyən, yaratdığı sisteminin qəribəlikləri heç zaman bitib tükənməyən Allaha məxsusdur. Çünki O, hər gün bir iş görür, heç zaman olmamış yeni bir məzmun yaradır.” Peyğəmbərin (s) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə buyurulur: “Onun işlərindən biri budur ki, hansısa günahı bağışlayır, narahatlığı və çətinliyi aradan qaldırır, bir dəstəni yüksəldir, başqa bir dəstəni aşağı endirir.” Bu ayə ümidverici, təkəbbür sındıran, yaradılışın davamlı olduğunu göstərən ayələrdəndir. Buna görə də məsum imamlar insanlarda ümid yaratmaq üçün bu ayəyə xüsusi önəm vermişlər. Belə ki, Əbuzərin Rəbəzəyə sürgün qərarı verildikdən sonra İmam Əli (ə) onu ötürməyə gedir və çox dərin mənalı kəlamları ilə ona təsəlli verir. Sonra İmam Həsən (ə) onu əmi deyə çağırır, atasının sözlərinə əlavələr edir. Ondan sonra İmam Hüseyn (ə) belə buyurur: “Ey əmi! Allah-taala bu şəraiti dəyişə bilər. O, hər gün yeni bir iş, vəziyyət yaradır. Bu zümrənin dünyası sənin haqqı deməyinə mane oldu, sənin dinin isə onların yanlışına mane oldu… Elə isə Allahdan səbir və qalibiyyət dilə.” Bir məsələni də qeyd etməliyik ki, “gün” deyilərkən burada gündüz mənası deyil, uzun sürən dövrlər, saatlar, anlar nəzərdə tutulmuşdur. Yəni Allah hər zaman, hər an bir iş, bir vəziyyət yaradır.[5]
  2. Əgər bacarırsınızsa, göylərin və yerlərin hüdudlarını aşın: Bu ayənin dünyaya, yoxsa Qiyamətə, ya da hər ikisinə aid olması təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Əvvəlki və sonrakı ayələr axirət dünyasına aid olduğu üçün bu ayənin Allahın ədalətindən qaçışa aid olduğunu söyləyə bilərik. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah Qiyamət günü bəndələri bir yerə toplayacaq, göyün mələklərinə yerə enmələrini əmr edəcək, sayları yer üzünün insan və cinlərinin sayından iki dəfə artıq olan mələklər yerə enəcək. Sonra sayları bu saydan iki dəfə çox olan ikinci göyün mələklərinə enmələrini əmr edəcək. Bu ardıcıllıqla yeddi göyün mələyi yerə enəcək, bir-birini əhatə edən yeddi örtük kimi insanları və cinləri əhatə edəcəklər. Bundan sonra carçı car edərək deyəcək: “Əgər bacarırsınızsa, göylərin və yerin hüdudlarını aşıb keçin. Yalnız qüdrət və qüvvətlə keçə bilərsiniz.” Bu zaman onları yeddi qrup mələyin əhatə etdiyini görəcəklər.”[6]
  3. Qiyamətdə sorğu-sual yoxdur? Bu ayənin ilk baxışda Qiyamətdə sorğu-sual olunacağından bəhs edən ayələrlə təzad təşkil etməsi təəssüratı yarana bilər. Ancaq Qiyamətin uzun bir gün olacağını nəzərə alsaq, bu problem öz həllini tapar. Həmin gün insan dayanıb keçidlərdən keçməli, hər dayanacaqda bir müddət dayanmalıdır. Bəzi hədislərə görə əlli dayanacaq olacaq, onların bəzisində ümumiyyətlə sorğu-sual olmayacaq, “üzün rəngi daxili sirlərdən xəbər verəcək”. Bəzi dayanacaqlarda insanın dilinə möhür vurulacaq, bədən üzvləri şahidlik edəcək. Bəzi insanlar həqiqətən sorğu-sual olunacaqlar, bəziləri höcətləşəcək, mübahisə edəcək, özünü müdafiə etməyə qalxacaq. Xülasə, hər bir səhnənin öz şərtləri olacaq, hər bir səhnə digərindən daha qorxulu olacaq.[7]
  4. Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar (və Cəhənnəmə atılacaqlar).
  5. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  6. Budur günahkarların inkar etdikləri Cəhənnəm!
  7. Bu gün onlar onunla qaynar su arasında get-gəldə olacaqlar.
  8. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  9. Rəbbinin hüzurundan qorxanları iki Cənnət bağı  gözləyir.
  10. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  11. İkisində də növbənöv nemətlər və təravətli ağaclar vardır.
  12. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  13. İkisində də hər zaman axan iki bulaq vardır.
  14. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  15. İkisində də hər meyvədən iki növ vardır.
  16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  17. Onlar orada astarları atlas və ipəkdən olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
  18. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  19. O Cənnət bağlarında yalnız öz həyat yoldaşlarını sevən, onlardan əvvəl heç bir insan və cinin toxunmadığı Cənnət qadınları vardır.
  20. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  21. Onlar sanki yaqut və mərcandırlar.
  22. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  23. Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?
  24. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  25. Bu ikisindən açağıda iki Cənnət bağı da vardır.
  26. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  27. Hər ikisi yamyaşıldır.
  28. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  29. İkisində də fəvvarə vuran iki bulaq vardır.
  30. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

—————————————————————————–

  1. Cəhənnəmlə qaynar su arasında: “An” sözünün kökü mənası vaxt olan “ina” sözüdür. “An” sözü burada yüksək hərarət və qaynar mənasında işlədilmişdir. Yəni qaynar su artıq ən son mərhələsinə yetişmişdir. Cəhənnəm sakinləri Cəhənnəmin yandırıcı şölələrində yanıb susayacaqlar, su içmək istədikdə isə onlara qaynar su veriləcək, ya da üzərlərinə töküləcək. “Ğafir” surəsinin 71-72-ci ayələrinə əsasən qaynar Həmim bulağı Cəhənnəmin yanındadır. Cəhənnəmlik insanları birinci oraya tökəcək, sonra Cəhənnəm oduna salacaqlar: Həmin vaxt onları boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüyüb qaynar suya tökəcəklər; sonra odda yandırılacaqlar. Nəzər nöqtəsi olan ayə də oxşar məzmunu ifadə edir.[8]
  2. Bu iki Cənnət qorxanların yolunu gözləyir: Təfsirçilər “Allahın hüzurundan qorxurlar” deyilərkən hansı mənanın nəzərdə tutulması ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Bəzi Quran ayələri və hədislərin də təsdiq etdiyi bir təfsirə əsasən, burada Allahın elmi, qüdrəti və bütün insanlara daimi nəzarətindən qorxmaq nəzərdə tutulmuşdur. “Rəd” surəsinin 33-cü ayəsində belə buyurulur: “Hər kəsin başı üzərində olan (hər kəsə nəzarət edən), hamının əməllərini görən (bu xüsusiyyətlərə malik olmayanla eynidirmi?)” İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə deyilir: “Bir adam Allahın onun etdiklərini bildiyini, dediklərini eşitdiyini, xeyir və pis əməllərindən xəbərdar olduğunu bilirsə, bu diqqət onu çirkin işlərdən çəkindirir. Bunlar Rəblərinin hüzurundan qorxan və özlərini nəfslərinin istəklərindən saxlayanlardır.”[9]
  3. İki Cənnət bağı: İki Cənnət bağı ilə bağlı çoxlu versiyalar irəli sürülmşüdür. Birinci Cənnət maddi və cismani Cənnət, ikinci Cənnət isə Cənnət sakinlərinin Allahın təsəvvür edilə bilməyəcək razılığından zövq aldığı mənəvi və ruhani Cənnət ola bilər (Ali-İmran-15). Birinci Cənnət onların əməllərinin nəticəsi, ikinci Cənnət Allahın əlavə lütfkarlığı ola bilər (Nur-38). Biri itaət, digəri isə günahdan çəkinməyə, biri iman və əqidə, digəri saleh əməllər və sairəyə görə verilə bilər. Xitab obyekti insanlar və cinlər olduğu üçün bu cənnətlərin hər biri onlara ayrı-ayrılıqda aid ola bilər. Əlbəttə, bu versiyaların heç biri xüsusi arqumentə əsaslanmır, ancaq eyni zamanda, hamısının bu ayədə toplana biləcəyi mümkün haldır. Dəqiq məlumdur ki, Allah Cənnət sakinlərinin ixtiyarına çoxlu bağlar verəcək. Cəhənnəm sakinləri odla qaynar su arasında get-gəldə olduqları halda, Cənnət sakinləri Cənnət bağlarında gəzib dolanacaqlar.[10] 62-ci ayədən sonrakı ayələrdə qeyd olunan iki Cənnətdən aşağı olan digər iki Cənnət barəsində söz açılmışdır. Yəqin ki bu Cənnət məqamı iman və Allahın hüzurundan qorxmaq baxımından əvvəlkilərdən geri qalan insanlara məxsusdur. Məqsəd iman və saleh əməl tənasübünü göstərməkdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Qızıldan olan iki Cənnət, məqamları çox yüksək, Allah dərgahına daha yaxın olan insanlar üçündür. Gümüşdən olan iki Cənnət isə bir qədər aşağı məqamda olan sağ tərəfin səhabələri üçündür.”[11] Əla ibn Səyabə adlı bir nəfər İmam Sadiqə (ə) deyir: “Biz bir dəstə Cəhənnəmdən çıxıb Cənnətə daxil olur” dedikdə camaat bizə təəccüblə baxır və deyirlər ki, siz demək istəyirsiniz ki, onlar Cənnətdə Allahın dostları ilə bir yerdə olurlar? İmam (ə) buyurur: “Ey Əla, Allah-taala “onlardan aşağıda iki Cənnət bağı vardır”, – deyə buyurmuşdur. And olsun Allaha, Allah dostları ilə bir yerdə deyillər…”[12]
  4. Onlarda çoxlu meyvələr, xurma və nar ağacları vardır.
  5. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  6. Orada xoşxasiyyətli, gözəl qadınlar vardır.
  7. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  8. Çadırlarda təkcə öz ərlərinə aid olan hurilər vardır.
  9. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  10. Onlardan əvvəl heç bir insan və cinin toxunmadığı (qadınlar vardır).
  11. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  12. Onlar yaşıl rəngli gözəl parçalarla üzlənmiş taxtlara dirsəklənəcəklər.
  13. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  14. Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!

 

[1] Nümunə, c.23, səh.91

[2] Nümunə, c.23, səh.99

[3] Nümunə, c.23, səh.113

[4] Əl-Mizan, c.19, səh.102

[5] Nümunə, c.23, səh.138

[6] Nümunə, c.23, səh.149

[7] Nümunə, c.23, səh.155

[8] Nümunə, c.23, səh.158

[9] Nümunə, c.23, səh.160

[10] Nümunə, c.23, səh.162

[11] Nümunə, c.23, səh.175

[12] Məcməül-bəyan, c.9, səh.351