“Səff” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, yenilməz qüdrət sahibidir, müdrikdir.
- Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri danışırsınız?
- Əməl etmədiyiniz şeylərdən danışmağınız Allah dərgahında qəzəbə səbəb olur.
- Allah Onun yolunda dəmir bina kimi dayanıb döyüşənləri sevir.
- Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim, Allahın sizə göndərdiyi elçisi olduğumu bildiyiniz halda, nə üçün məni incidirsiniz?!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
—————————————————————————————
- Qadınların beyət şərtləri: Təfsirçilərin yazdıqlarına əsasən bu ayə Məkkə fəth edildiyi gün nazil olmuşdur. Peyğəmbər (s) Səfa dağında olduğu vaxt kişilərdən beyət alır. Məkkənin iman gətirmiş qadınları beyət etmək üçün gəldikdə bu ayə nazil olur və onların beyət forması izah edilir. Peyğəmbər (s) içində su olan bir qab gətirilməsini göstəriş verir. Peyğəmbər (s) əlini qabın bir tərəfindən suya salır, qadınlar isə əllərini qabın digər tərəfindən suya salırlar. Bu ayə İslamdan xəbəri olmayan və ya İslamın insanların yarısına aid olduğunu, qadınlara heç bir dəyər tanımadığını, onlarla hesablaşmadığını iddia edən qərəzli insanlara cavab verməklə yanaşı, qadınlarla ən mühüm məsələlərdə də hesablaşıldığını göstərir. Belə ki, bu beyətdə qadınlar kişilərlə çiyin-çiyinə iştirak etmiş, hətta kişilərlə müqayisədə daha çox şərt qəbul etmişlər. Bu şərtlər qadının insanlıq kimliyinə həyat vermiş, onu dəyərsiz mal və ya kişilərin ehtiraslarını söndürən vasitə olmaqdan xilas etmişdir.[1]
“Səff” surəsinin ümumi məzmunu: Bu surə iki əsas prinsipi ehtiva edir: 1. İslam bütün səmavi dinlərdən üstündür. Allah onun əbədi yaşayacağına zəmanət vermişdir. 2. Bu dinin qorunması və inkişaf etdirilməsi yolunda cihad etmək zəruridir.[2]
2-3. Nə üçün əməl etmədiyiniz sözləri danışırsınız? Təfsirçilər bu ayələrin nazilolma səbəbi ilə bağlı müxtəlif fikirlər təqdim etmişlər. Ancaq hamısının ümumi məzmunundan belə başa düşülür ki, bir qrup mömin cihad və döyüş meydanına getməklə bağlı hökm nazil olmazdan əvvəl deyirmiş ki, “əgər belə bir hökm nazil olsa, onu canla-başla qəbul edəcək və cihad meydanından qaçmayacaqlar”. Ancaq onlar əməldə başqa bir söz deyirmişlər. Əlbəttə, bu ayə daha geniş məna daşıyır, istər cihad meydanındakı mətanət olsun, istərsə də başqa bir müsbət davranış olsun, bütün əməlsiz danışıqları tənqid edir. İnsan cəmiyyətlərinin başına gələ biləcək ən böyük müsibətlərdən biri əminliyin olmamasıdır. Bunun isə ən başlıca səbəbi danışıqla əməlin üst-üstə düşməməsidir. Sözü deyib əməl etməyən insanlar əsla bir-birindən əmin ola və problemlər qarşısında bir ola bilməzlər. Onların arasında qardaşlıq və səmimiyyət yaranmaz, onları heç bir dəyər bir-birinə bağlaya bilməz, heç bir düşmən onlarla hesablaşmaz. Şam ordusunun soyğunçularının İraq sərhədlərini çapıb talaması ilə bağlı xəbər İmam Əliyə (s) çatdıqda çox narahat olur, İraq camaatına xütbə oxuyaraq belə buyurur: “Ey bədənləri bir, istəkləri müxtəlif olan camaat! Cəsurluqdan danışanda sözləriniz möhkəm daşları yumşaldır, halbuki davranışlarınız düşmənlərinizi tamaha salır. Məclisdə əyləşdikdə cəngavərlikdən dəm vurursunuz, döyüş üzünü göstərdikdə isə ondan qaçırsınız.”[3] İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Camaata ədalətdən dəm vurub özü ədalətli olmayan şəxsin Qiyamət günü həsrəti böyük olacaq. … Təəssüflənəcək ki, nə üçün Allahın əmrlərinə qarşı laqeydlik göstərib.”[4]
- Dəmir bina kimi döyüşənlər: Allah bu ayədə demək istəyir ki, haqq yolunun döyüşçüləri bir və möhkəmdirlər. Sanki hamısı bir-birinə birləşmiş və aralarında heç dəlik də yoxdur. Allah düşməni dağıdıcı selə bənzədir, onun qarşısını yalnız polad bəndlə almaq olar. Əfsuslar olsun ki, İslamın bu böyük təlimi bu gün unudulub, müsəlmanların polad bənd şəklini almamaları bir tərəfə qalsın, parça-parça olaraq bir-birinə qarşı dayanıblar, hər birinin başında bir xəyal, ürəyində bir arzu var. Bir neçə yüz milyonluq İslam dünyasının parçalanmasının acı nəticəsini bu gün görməməzliyə vurmaq yanlış olar. Sionistlərin kiçik bir qruplaşması İslam torpaqlarını işğal edib, gün-gündən də İslama və müsəlmanlara qarşı təhqirlərini, haqsızlıqlarını, təzyiqlərini davam etdirirlər.[5] Ayədə nəzər nöqtəsi olan ifadə göstərir ki, İslam cihadı əslində, müdafiə xarakteri daşıyır. Çünki sədlər tarixin sellərinin hücümlarının qarşısını alan müdafiə baryerləridir, heç bir sədd hücum üçün nəzərdə tutulmur.[6]
- Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş kitabı (Tövratı) təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” O (Əhməd) onlara açıq-aydın dəlillər və möcüzələr gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” – dedilər.
- İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.
- Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
- Müşriklərin xoşuna gəlməsə də, dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz elçisini hidayət və haqq dinlə göndərən Odur.
- Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi?
- Allaha və Onun elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
- (Əgər belə etsəniz,) O, sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və əbədi Cənnətin tərtəmiz məskənlərə daxil edər. Bu, böyük qurtuluşdur.
- Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bu böyük qələbə ilə) müjdələ.
- Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!” – demişdilər. Bu zaman İsrail oğullarından bir qrup iman gətirdi, digər bir qrup isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və sonda onlar qalib gəldilər.
——————————————————————————-
- Həzrət İsa (s) İslam peyğəmbərinin (s) gələcəyini müjdə vermişdir: Bu ayədə sözügedən müjdənin İsaya (ə) göndərilən səmavi kitabda olduğu qeyd edilməsə də, Quranın başqa ayələrində (Əraf-156) onun məhz İncildə olduğu qeyd edilmişdir. Əlbəttə, bu gün yəhudi və xristianların əlində olan İncil və Tövrat heç də Musa (ə) və İsaya (ə) göndərilmiş səmavi kitablar deyil. Əslində bu gün mövcud olan İncil və Tövrat adıçəkilən peyğəmbərlərin dostları və ya onlardan sonrakı dövrlərdə yaşamış insanların yazdığı kitabların toplusudur. Bu topluya ümumi şəkildə nəzər saldıqda iddiamızın doğruluğunun heç bir şübhə doğurmadığının şahidi oluruq. Yəhudi və xristianlar özləri də bunu danmırlar. Bununla belə, şübhəsiz ki, Musa (ə) və İsaya (ə) öyrədilənlərin, eyni zamanda səmavi kitablarda yer almış məzmunların bir qismi adıçəkilən peyğəmbərlərin davamçıları tərəfindən həmin kitablarda yazıya alınmışdır. Buna görə də Əhdi-ətiq (Tövrat) və Əhdi-cədiddə (İncildə) yazılanların hamısını nə qəbul, nə də inkar etmək olar. Bu kitablarda Musa (ə) və İsaya (ə) göndərilmiş təlimatlar başqalarının fikir və düşüncələri ilə qarışdırılmışdır. Bu gün mövcud olan kitablarda da böyük bir peyğəmbərin gələcəyi ilə bağlı çoxlu müjdələrin verildiyinin şahidiyik. Həmin müjdələr isə yalnız İslam peyğəmbərinə aiddir. Bir nüansı da qeyd etməliyik ki, bu kitablarda yer almış və əvvəlki peyğəmbərlərin dilindən olan qabaqcadan verilmiş xəbərlər və onların İslam peyğəmbərinin (s) əlamətləri ilə üst-üstə düşməsi ilə yanaşı, İohanın incilinin üç yerində işlədilmiş və mənası “təsəlli verən” olan “Farqlit” sözü xüsusi diqqət çəkir. Belə ki, yunanca orijinaldan götürülmüş siryani dilindəki incillərdə “təsəlli verən” sözünün yerinə yunanca mənası “təriflənən və ya tərifəlayiq” olan “Parqlit”, yunanca orijinalda “Pirkletus” sözləri işlədilmişdir. Bu sözün ərəbcə qarşılığı isə Mühəmməd (s) və ya Əhməddir (s). Kilsə rəhbərləri bu cür tərcümələrin onların təşkilatlarına güclü zərbə vuracağını gördükdə “Pirkletus” sözünün əvəzinə tərcüməsi “təsəlli verən” olan “Parakletus” sözünü yazmış, kobud bir təhrifə yol verərək bu canlı sənədi dəyişmişlər. Qeyd olunan təhrifə baxmayaraq, həmin kitablarda gələcəkdə böyük bir zühurun baş verəcəyi ilə bağlı aşkar bir müjdə də yer almaqdadır. Əhməd İslam Peyğəmbərinin (s) məşhur adlarından biridir. O, həyatda olarkən bu adla şöhrət tapmışdır. Buna görə də sözügedən ayələr nazil olanda düşmənlərinin heç biri onun adının Əhməd olmasına etiraz etməmişlər. Çünki bu ad artıq hamıya məlum idi.[7]
10-12. İman və cihada daha çox önəm verilməsi: Allah-taala bu ayələrdə iman və cihad prinsiplərini önə çəkir, incə təsvirlərdən isitfadə edərək insanın ruhunda ilahi hərəkət stimulu yaradır. Ayənin xitab obyekti möminlərdir. Ayə onları iki prinsipə – iman və cihada səsləyir. Ola bilsin, Allah-taala başa salmaq istəyir ki, quru və səthi iman kifayət deyil, insana fədakarlıq və cihad mənbəyi ola biləcək xalis və dərin iman lazımdır. Bu və digər ayələrə əsasən deyə bilərik ki, canla edilən cihadı malla edilən cihaddan ayırmaq olmaz. Çünki bütün cihadların imkan və vasitələrə ehtiyacı var, maliyyə yardımları ilə təmin olunmalıdır. Elə olur ki, bəziləri onların hər ikisi, bəziləri yalnız malları, bəziləri isə canları ilə cihadda iştirak etmək imkanına malik olurlar.[8]
- Yaxın qələbə: Təfsirçilərin çoxu burada Məkkənin fəthinin, bəziləri Bizans və İranın fəthinin, bəziləri iman gətirdikdən az sonra müsəlmanların əldə etdikləri bütün İslam fəthlərinin nəzərdə tutulduğunu iddia etmişlər. Ancaq ayənin xitab obyekti təkcə səhabələr deyil, tarix boyu mövcud olmuş və olacaq möminlər olduğu üçün qələbənin mənası daha böyükdür, qələbə müjdəsi onların hamısına aiddir. Baxmayaraq ki, Peyğəmbərin (s) zamanında və bu ayələrin nazil olduğu vaxt bu ayənin ən parlaq nümunəsi Məkkənin fəthi olmuşdur.[9] Bəzi hədislərdə həzrət Mehdinin (ə) son qələbəsi və fəthinin bu ayənin nümunələrindən biri olduğu qeyd edilmişdir.[10]
[1] Nümunə, c.24, səh.44
[2] Nümunə, c.24, səh.57
[3] Nümunə, c.24, səh.60
[4] Təfsiri-mövzui, c.11, səh.155
[5] Nümunə, c.24, səh.64
[6] Pəyame-Quran, c.10, səh.338
[7] Nümunə, c.24, səh.73; Əl-Mizan, c.19, səh.261
[8] Nümunə, c.24, səh.87
[9] Nümunə, c.24, səh.91
[10] Əl-Mizan, c.19, səh.272