“Munafiqun” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən həqiqətən, Allahın elçisisən!” – deyirlər. Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, münafiqlər yalançıdırlar.
  2. Onlar insanları Allah yolundan döndərmək üçün andlarını sipər ediblər. Çox pis işlərlə məşğuldurlar!
  3. Bu, ona görədir ki, onlar öncə iman gətirib sonra kafir oldular. Buna görə də onların qəlbinə möhür vuruldu, onlar həqiqəti dərk etmirlər.
  4. Sən onlara baxdıqda zahiri görünüşləri səni heyrətləndirir, danışanda dediklərinə qulaq asırsan. Halbuki onlar divara söykədilmiş quru odunlar kimidirlər. Hər bir səs-küyün onlara qarşı olduğunu sanırlar. Onlar sənin əsl düşmənlərindir. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!

—————————————————————————————–

  1. Həftənin ən böyük dini-siyasi toplantısı: Cümə namazı hər şeydən əvvəl böyük və ictimai bir ibadətdir, ruh və canı gözəlləşdirən, qəlbi günah bulaşığından yuyub təmizləyən, günah pasını qəlbdən silib aparan ibadətlərin ümumi təsirini özündə ehtiva edir. Bu böyük əməl İslam dünyasında illik həcc əməlindən sonra ən böyük həftəlik toplantıdır. Allah rəsulunun (s) bir hədisində belə deyilir: “Cümə namazı yoxsulların həccidir”. Bu hədisdə İslamın böyük həcc əməlinin bir çox bərəkətlərinin Cümə namazında da olduğuna işarə edilmişdir. Hədislərdə bu mövzuya çox böyük önəm verilmişdir. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “İmanı üzündən Cümə namazında iştirak edən insan əməlini yenidən başlamışdır.”[1]

Bəziləri hesab edir ki, bu namaz məsum imam və ya onun xüsusi nümayəndəsinin vəzifələrindəndir. Başqa sözlə desək, yalnız məsum imamın olduğu vaxta aiddir. Halbuki tədqiqatçıların çoxu Cümə namazının hər bir insana tək-tək vacib olması, bu şərtin ixtiyari vacibliyinin olmamasıı, qeyb dövründə də Cümə namazının qılına və zöhr namazı ilə əvəz edilə biləcəyi qənaətindədirlər.[2]

“Munafiqun” surəsinin ümumi məzmunu: Bu surənin əsas məzmununu ikiüzlülük və münafiqlərə aid mövzular təşkil edir.[3]

1-4. Münafiqlər İslamın ən böyük düşmənləridir: İkiüzlülük və münafiqlik problemi Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən, İslamın əsasları gücləndikdən və qələbəsi aşkara çıxdıqdan sonra ortaya çıxmışdır. Düşmənçiliyi büruzə vermək çətin, hətta qeyri-mümkün olduğu üçün məğlubiyyətə uğramış İslam düşmənləri destruktiv – dağıdıcı proqramlarını həyata keçirmək üçün simalarını dəyişib özlərini üzdə müsəlman kimi göstərib müsəlmanların sırasında yer alırlar, ancaq xəlvətdə öz mənfur əməllərini davam etdirirlər. Hər bir inqilab aşkar qələbəsindən sonra münafiqlər ordusu ilə qarşılaşır, dünənin qatı düşmənləri dost libası geyinib özlərini dost kimi göstərməyə çalışırlar. Buna görə də münafiqlərə aid olan ayələrin hamısının Məkkədə deyil, Mədinədə nazil olmasının səbəbini başa düşmək olar.[4] Bəzi təfsirçilər münafiqliyin İslamın ilk vaxtlarından mövcud olduğunu qeyd edirlər. Hesab edirlər ki, bəziləri Məkkədə müsəlmanların çətinliklərinin həddən artıq çox olmasına baxmayaraq İslamı qəbul edir və Peyğəmbərə (s) yardımlar göstərirdilər. Ümid edirdilər ki, Peyğəmbər (s) düşmənlərinə qalib gələcək və onlar da Peyğəmbərdən (s) sonra hakimiyyəti ələ alacaqlar.[5] Ümumiyyətlə, tarix boyu İslam ən böyük zərbəni münafiqlərdən almışdır. Buna görə də Quranda ən ağır cümlələr onların haqqında işlədilmişdir. Hətta açıq düşmənlər belə münafiqlər qədər hədəfə alınmamışdır. Allah rəsulu (s) buyurmuşdur: “Mənim ümmət üçün mömin və müşrik tərəfdən qorxum yoxdur. Çünki Allah mömini imanına görə qoruyur, müşriki də şirkinə görə xar və rüsvay edir. Ancaq sizin üçün qorxum ürəyində münafiq, dildə alim olan tərəfindəndir. O, sizin xoşunuza gələn sözlər danışır, ancaq xoşlamadığınız işlər görür”. Unutmaq olmaz ki, nifaq sözünün mənası genişdir, insanın istənilən növ daxili və zahiri ikiliyini ifadə edir. Bu ikiliyin ən bariz nümunəsi etiqad ikiliyidir. Münafiqlərə aid ayələrdə adətən bu məsələ diqqət mərkəzində olur. Münafiqlər üzdə özlərini mömin kimi göstərib, şirk və küfrlərini ürəklərində gizlədirlər. Əməli ikilik batində müsəlman olub aşkarda bu inanca zidd hərəkət etməyə deyilir. Bu da onların daxili və zahiri simasının ikili olduğunu göstərir. Məsələn, əhd sındırmaq, yalan danışmaq, əmanətə xəyanət etmək və sairəni buna misal göstərmək olar. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Üç xüsusiyyət kimdə olsa – hər nə qədər namaz qılan, oruc tutan, özünü müsəlman hesab edən adam olsa belə, o, münafiqdir: Əmanətə xəyanət, yalan, vədə xilaf çıxmaq.” İmam Səccad (ə) belə buyurmuşdur: “Münafiq insanları çirkinlikdən çəkindirir, ancaq özü onu tərk etmir, insanları yaxşı əmələ çağırır, ancaq özü onu etmir.” Münafiqliyin ən mühüm formalarından biri riyakarlıqdır. Hədislərdə bu haqda çox məlumat verilmişdir.[6]

 

  1. Onlara: “Gəlin Allahın elçisi sizin üçün bağışlanma diləsin!” – deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq sözlərindən üz döndərdiklərini görürsən.
  2. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları əsla bağışlamayacaqdır. Çünki Allah fasiq adamları doğru yola yönəltməz.
  3. Onlar həmin adamlardır ki, “Allahın elçisinin yanında olan adamlara heç nə verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
  4. Onlar deyirlər: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən acizləri oradan çıxardacaqlar!” Halbuki qüdrət yalnız Allaha, Onun elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.
  5. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizə Allahı xatırlamağı unutdurmasın! Bunu edənlər ziyana uğrayanlardır.
  6. Sizlərdən birinə ölüm gəlməzdən və siz də: “Ey Rəbbim! Nə üçün ölümü bir az təxirə salmadın ki, sədəqə verib əməlisalehlərdən olum?!” – deməzdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin.
  7. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.

———————————————————————————–

5-8. Ayələrin nazilolma səbəbi: Bu ayələrin nazilolma səbəbinin böyük bir hadisə ilə bağlı olduğu qeyd edilmişdir. Həmin hadisənin xulasəsi belədir: Hicrətin altıncı ilində baş vermiş Bənu-Müstələq müharibəsindən sonra Qədid adlanan yerdə biri ənsar, digəri mühacirlərdən olan iki müsəlman quyudan su çıxararkən mübahisə edirlər. Minafiqlərin məşhur başçılarından olan Abdullah ibn Übeyy ənsardan olan müsəlmana arxa çıxır, onların arasında çox ciddi söz davası yaranır. Abdullah çox qəzəblənir. Tayfasından bir dəstə adam da orada olur. Onların qarşısında and içir ki, Mədinəyə qayıtdıqdan sonra qüdrətlilər zəifləri şəhərdən çıxaracaq. Qüdrətlilər deyərkən özü və ardıcıllarını, zəif və acizlər deyərkən mühacirləri nəzərdə tutur. Sonra üzünü yandakılara tutub deyir: “Bu, sizin öz başınıza açdığınız bəlanın nəticəsidir. Əgər bunlara öz şəhərinizdə yer verməsəydiniz, mallarınızı onlarla bölüşdürməsəydiniz, yeməklərinizin artığını bu adam kimilərinə verməsəydiniz, boynunuza çıxmazdılar”. Bu vaxt hələ gənc olan Zeyd ibn Ərqəm üzünü Abdullaha tutub deyir: “And olsun Allaha, aciz və zəif sənsən, Mühəmməd (s) Allahın izzət və qüdrət bəxş etdiyi, müsəlmanların məhəbbət bəslədiyi şəxsdir”. Abdullah deyir: “Sən sus, sən gərək indi oyun oynayasan uşaq!” Zeyd ibn Ərqəm Allah rəsulunun (s) yanına gedib əhvalatı ona danışır. Peyğəmbər (s) Abdullahın yanına adam göndərib buyurur: “Bu nədir, mənim haqqımda demisən?” Abdullah deyir: And olsun səmavi kitabı sənə göndərən Allaha, mən heç nə deməmişəm, Zeyd yalan danışır. Sonra Peyğəmbər (s) həmin gün bütün gündüzü və gecəni yol getməyi əmr edir. Nəhayət, Mədinəyə çatırlar. Zeyd ibn Ərqəm böyük qəm-qüssə içində evə çəkilib çölə çıxmır.[7] Faktlar Zeydin doğru, Abdullahın isə yalan danışdığını deməyə əsas verirdi, ancaq şərait Peyğəmbərin (s) üzdə Abdullahı təkzib etməməyi və vəhy gələnə qədər gözləməyi tələb edirdi.[8] Bu vaxt “Munafiqun” surəsi nazil olur, Zeydin doğru, Abdullahın isə yalan danışdığı təsdiqini tapır. Peyğəmbər (s) buyurur: “Ey gənc! Allah sənin sözünü təsdiq etdi və sənin söylədiklərinlə bağlı ayələr nazil etdi”. Bu ayələr nazil olduqdan və Abdullahın yalanı üzə çıxdıqdan sonra bəziləri ona deyirlər: “Peyğəmbərin (s) yanına get, Allahdan sənin bağışlanmağını istəsin”. Abdullah başını yellədir və xoşagəlməz sözlər deyir. Bu zaman “gəlin Allahın elçisi sizin üçün…” ayəsi nazil olur.[9]

  1. Mallarınız və övladlarınız Allahı xatırlamağı sizə unutdurmasın: Münafiqliyin ən mühüm amillərindən biri dünyaya, mal-dövlət və övladlara qarşı ifrat sevgidir. Bu ayə möminləri bu cür sevgidən çəkindirir. Mal-dövlət və övladlar Allahın nemətləridir, ancaq onlar Allah yolunda irəliləməkdə və xoşbəxtliyə nail olmaqda insana yardım göstərməlidirlər. Əgər onlara qarşı ifrat sevgi insanla Allah arasında sədd yaradarsa, ən böyük bəla hesab edilərlər. İmam Baqirin (ə) bir hədisində bu məna daha aydın şəkildə təsvir edilmişdir: “İki yırtıcı canavar biri öndən, biri də arxadan çobansız sürüyə sərvətpərəstlik və şöhrətpərəstliyin möminin dininə vurduğu qədər zərər vura bilməzlər.”[10] İmam Əli (ə) səhabələrindən birinə məktub yazıb ona nəsihətlər verir. Həmin nəsihətlərin birində belə deyilir: “Dünyanı boşla ki, dünya sevgisi gözü kor, qulağı kar, dili lal, boyunları isə bükük edir. Ömrünün qalan hissəsində keçmişini yu, “bunu sabah və ya o biri gün edərəm” demə. Çünki sizdən əvvəl arzular qurmaqla, bu gün-sabah etməkləri üçün həlak olan şəxslər olub.”[11]
  2. Allah yolunda xərcləmək insanın islah olması və axirətdə xilas olmasında rol oynayan mühüm amildir: Bəziləri burada xərcləmək əmrini zəkat verməyin vacibliyi kimi izah etmişlər. Ancaq məlumdur ki, bu ayədə insanın qurtuluşuna səbəb olacaq istənilən növ həm vacib, həm də müstəhəb xərcləmək nəzərdə tutulmuşdur. Ayənin son hissəsində belə buyurulmuşdur: “Sədəqə verib əməlisalehlərdən olun”. Bu cümlə sədəqənin insanın əməlisaleh olmasında çox böyük rol oynadığını göstərir.[12]

 

[1] Nümunə, c.24, səh.133

[2] Nümunə, c.24, səh.129

[3] Nümunə, c.24, səh.143

[4] Nümunə, c.24, səh.146

[5] Əl-Mizan, c.19, səh.300

[6] Nümunə, c.24, səh.146-177

[7] Nümunə, c.24, səh.156

[8] Mənşuri-cavid,c.4, səh.85

[9] Nümunə, c.24, səh.158

[10] Nümunə, c.24, səh.172

[11] Pəyame-Quran, c.1, səh.323

[12] Nümunə, c.24, səh.173