“Nuh” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Biz Nuhu öz qövmünə göndərib dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməzdən əvvəl qorxut!”
- O dedi: “Ey qövmüm! Mən sizin üçün açıq-aşkar qorxudanam!
- Allaha ibadət edin, Ona qarşı çıxmaqdan qorxun və mənə itaət edin!
- Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Çünki Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmayacaq. Kaş biləydiniz!”
- O dedi: “Ey Rəbbim, mən qövmümü gecə də, gündüz də dəvət etdim.
- Amma dəvətim yalnız onların haqdan qaçmalarını artırdı.
- Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və inadkarlıqla təkəbbürlənirdilər.
- Sonra mən onları uca səslə dəvət etdim.
- Sonra mən onlara aşkarda, həm də gizlində bəyan edib
- dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! O, çox bağışlayandır!
————————————————————————————
- Gündoğanların və günbatanların Rəbbi: Quranın ayələrində bəzən gündoğan və günbatan, (Bəqərə-115), bəzən iki gündoğan və iki günbatan (Rəhman-17), bəzən də bu ayədə olduğu kimi gündoğanlar və günbatanlar ifadəsi işlədilmişdir. Bu da onunla bağlıdır ki, günəş hər gün yeni bir nötədən çıxıb yeni bir nöqtədə batır. Buna görə də ilin hər gününə uyğun olan günçıxan və günbatan vardır. Digər tərəfdən, bu gündoğanlar və günbatanlar arasında ikisi daha seçkindir: biri yayın əvvəli, yəni günəşin şimal dairəsində ən yüksək zirvəyə qalxdığı, digəri isə qışın əvvəli, yəni günəşin cənub dairəsinə ən çox yaxınlaşdığı vaxtdır. Onların birinə “əqrəb”, digərinə isə “oğlaq başı” deyilir. Bu ikisi tam qabarıq olduğu üçün onlara daha çox təkid edilmişdir. Bundan əlavə “bərabər günbatan və gündoğan” adlandırılan daha iki gündoğan və günbatan da vardır (yazın və payızın əvvəli. Bütün dünyada gecə ilə gündüzün bərabərləşdiyi vaxt). Buna görə də “Rəhman” surəsinin 17-ci ayəsində “iki gündoğan və iki günbatanın Rəbbi” deyilərkən bu fakta işarə edildiyi qeyd edilmişdir. “Günbatan və gündoğan” ifadəsinə gəlincə isə, bu mənanın ümumilikdə nəzərdə tutulduğu bildirilir.[1]
- Sanki bütlərinə doğru tələsirlər: Ayədə müşriklərin Qiyamət günü Allahın ədalət məhkəməsinə qaçışı təsvir edilmişdir. Onların bu qaçışları bu dünyada şənlik və matəm vaxtları bütlərinə doğru qaçışlarına bənzədilmişdir. Ancaq bu hara, o hara?! Bu, əslində, dünyada puç inanclar üzərində həyat qurub onlar üçün yaşayan insanları məzəmmətdir.[2]
“Nuh” surəsinin ümumi məzmunu: Bu surədə həzrət Nuhun (ə) peyğəmbərlik fəaliyyətindən, qövmünün ona mənfi cavab verməsindən, Nuhun (ə) onlara nifrin etməsindən, kafirlərin məhv, möminlərin isə bağışlanıb xilas olmasından danışılır.[3]
5-9. Təbliğat metodu: Bu surədə Nuhun (ə) çağırışından bəhs edən ayələr Peyğəmbər (s) və Məkkədə ona qoşulmuş azsaylı möminlərə təsəlli xarakteri daşımaqla yanaşı Allah yolunun təbliğatçıları üçün də ümumi bir proqram rolunu oynayır. Nuh (ə) camaatın onun çağırışına müsbət cavab verəcəyini, şəhərin mərkəzində toplaşıb onu dinləyəcəyini, gözlərini onun ağzına dikib sakitcə qulaq asacağını gözləmirdi. Ayələrin məzmunundan belə başa düşülür ki, o, bəzən evlərə gedir, bəzən küçə və bazarlarda uca səslə çağırış edir, hövsələ, qayğı və sevgi ilə təbliğat aparır, bəzən isə bayram və matəm məclislərinə gedir Allahın fərmanını uca səslə və aşkarcasına onlara çatdırırdı. Ancaq həmişə xoşagəlməz reaksiyalarla, təhqirlərlə qarşılaşır, döyülür, xəsarət alırdı. Bununla belə, işindən əl çəkmirdi. Bu heyrətamiz hövsələsi, qayğısı, misilsiz səbir və dözümü onun haqq dinə dəvət yolundakı sərmayəsi idi. Ən təəccüb doğurun cəhət də budur ki, təbliğat apardığı doqquz yüz əlli il müddətində ona cəmi səksən nəfər iman gətirmişdi. Əlbəttə, insanlara yalnız o adam yaxşı rəhbər, öndər, lider və yolgöstərən ola bilər ki, vəzifəsini sevsin, insanlara ürəyi yansın, onlara məhəbbət bəsləsin. Əgər ata və ananın övladlarına qarşı sevgisi olmasaydı, onlar övladlarının təlim-tərbiyə çətinliklərinə əsla qatlaşmazdılar. Əgər peyğəmbərlər insanların doğru yola yönəlməsini istəməsəydilər, bu işin ömür tükədən çətinliklərini qəbul etməz və bu yolun təhlükələrini üzərlərinə almağa razı olmazdılar.[4]
- O, göydən sizə ardıcıl bərəkətli yağışlar göndərər,
- var-dövlət və oğul-uşaqla sizə yardım edər, ixtiyarınıza yamyaşıl bağlar və axar çaylar verər.
- Nə üçün siz Allahın əzəmətini qəbul etmirsiniz?
- Halbuki O sizi müxtəlif mərhələlərlə yaratdı.
- Məgər Allahın yeddi göyü bir-birinin üstündə necə yaratdığını bilmirsiniz?
- Ayı göylərin arasında bir nur, günəşi də parlaq çıraq etmişdir.
- Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
- Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
- Allah yeri sizin üçün açılmış bir xalı etdi.
- (Belə etdi) ki, oradakı geniş yollar və dərələrlə hərəkət edəsiniz”.
- Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövlətləri, övladları özlərinə zərərdən başqa bir şey artırmayan adamlara tabe oldular.
- (Bu yolunu azmış rəhbərlər) böyük bir hiylə işlətdilər
- və dedilər: “Öz məbudlarınız və bütlərinizdən əl çəkməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
- Artıq onlar çoxlarını azdırmışlar. Ey Rəbbim! Zalımlara azğınlıqdan başqa bir şey artırma”.
- Onlar öz günahlarına görə (suya) qərq edildilər və Cəhənnəm oduna daxil oldular. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
- Nuh dedi: “Ey Rəbbim, kafirlərdən heç birini yer üzündə sağ buraxma!
- Çünki Sən onları (sağ) qoysan, qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törəyəcəklər.
- Ey Rəbbim! Məni, atamı, anamı, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
—————————————————————————————–
10-12. Allahdan bağışlanma diləməklə abadlığın əlaqəsi: Quranın bu və digər ayələrindən belə başa düşülür ki, Allahdan bağışlanma diləməklə nemət bolluğu, abadlıq, şad-xürrəm həyat, müsibətlərin aradan qalxması, problemlərin öz həllini tapması arasında xüsusi əlaqə var. Zülm və fəsadla nemətlərin əldən çıxması və problemlərin meydana gəlməsi arasında da birbaşa əlaqə vardır. Əlbəttə, bu əlaqə yalnız mənəvi əlaqəyə aid deyil, mənəvi əlaqə ilə yanaşı çox aydın maddi əlaqə də vardır. Küfr və inamsızlıq məsuliyyətsizlik hissinə, qanun pozuntusuna, əxlaqi dəyərlərin unudulmasına, bunlar da öz növbəsində insanlar arasında vəhdətin pozulmasına, etibar və inam əsaslarının laxlamasına, insani və iqtisadi qüvvələrin itirilməsinə, sosial tarazlığın pozulmasına səbəb olur. Bu prinsiplərin hakim olmadığı cəmiyyət sürətlə geriləyir, süquta uğrayır, məhvə doğru gedir. Əgər biz hər hansı cəmiyyətin iman və təqvaya malik olmadığı halda, maddi cəhətdən nisbətən inkişaf etdiyini görürüksə, bunun özü də həmin cəmiyyətin bəzi əxlaq prinsiplərini az da olsa diqqət mərkəzində saxlaması ilə bağlıdır. İmam Əli (ə) buyurmuşdur: “Allahdan çoxlu bağışlanma dilə ki, ruzini özünə doğru cəlb edəsən.”[5]
- Vəd, Suva, Yəğus, Yəuq və Nəsr bütləri: Kontekstən belə məlum olur ki, bu bütlər həmin azğın camaatın nəzərində xüsusi imtiyaz sahibi olan bütlər sayılmışlar. Buna görə də fürsətdən maksimum istifadə edən rəhbərlər onlara ibadətə əsaslanırdılar. Bu beş bütün haradan peyda olması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəziləri iddia edir ki, bu beş büt Nuhdan əvvəl yaşamış beş əməlisaleh şəxsin adıdır. Onlar dünyalarını dəyişdikdən sonra Şeytanın təhriki ilə onlara heykəl düzəldib yadigar saxlamış, ehtiram göstərmişlər. Bu adət tədricən bütpərəstliyə çevrilmişdir. Bəziləri hesab edir ki, onlar Adəmin övladlarının adlarıdır. Hər biri dünyadan köçdükdən sonra xatirəsini əziz tutmaq üçün heykəlini düzəltmişdilər. Ancaq zaman keçdikcə əsl həqiqət unudulmuş və həmin heykəllərə sitayiş etməyə başlamışdılar. Həmin ənənə Nuhun (ə) dövründə zirvə nöqtəsinə çatmışdı. Bəziləri də hesab edir ki, bunlar elə Nuhun (ə) öz dövründə düzəldilmiş bütlərdir. Bunun səbəbi isə Nuhun (ə) insanlara Adəmin qəbrinə təvaf etməyi qadağan etməsi olmuşdur. Belə ki, bir qrup adam İblisin təhriki ilə onun yerinə heykəllər düzəltmiş və onlara sitayiş etməyə başlamışdılar. Həmin adlar Cahiliyyət dövrünün ərəblərinə qədər gəlib çıxmış, hər bir qəbilə öz bütü ilə yanaşı bu bütlərdən də birini seçib ona sitayiş etmişdir.[6]
26-27. Nuhun (ə) son nifrini: Həzrət Nuh (ə) bütün cəhdlərini etdikdən, qövmünün iman gətirməsi üçün əlindən gələn hər bir yolu sınaqdan keçirdikdən və yalnız az sayda adamın iman gətirməsinə nail olduqdan sonra qalanlardan ümidini kəsir və Allahdan istəyir ki, kafirlərdən heç birini sağ buraxmasın. Bu da onu göstərir ki, peyğəmbərlərin heç birinin, o cümlədən Nuhun (ə) nifrin etməsinin səbəbi qəzəb, kin-küdurət, intiqam hissi olmamışdır. Bu nifrinlərin bir məntiqi hesabı olmuşdur. Nuh (ə) elə də kəmhövsələ adam deyildi ki, kiçik bir hadisə ilə əzmkarlığından əl çəkib nifrinə əl atsın. Quranın buyurduğuna görə o, doqquz yüz əlli il dəvət, səbir, təmkin və əzmkarlıq göstərmiş, əzab-əziyyətlərə qatlaşmış, nəhayət tam naümid olduqdan sonra nifrinə əl atmışdır. Bu ayələrin ümumi məzmunundan belə başa düşülür ki, Allahın əzabları hikmətə əsaslanır.[7]
[1] Nümunə, c.25, səh.45
[2] Nümunə, c.25, səh.48
[3] Əl-Mizan, c.20, səh.29
[4] Pəyame-Quran, c.7, səh.62; Nümunə, c.25, səh.65
[5] Nümunə, c.25, səh.71; Əl-Mizan, c.20, səh.33
[6] Nümunə, c.25, səh.83
[7] Nümunə, c.25, səh.88