Aşura inqilabının əsas fəlsəfəsi: İMAMƏT və VİLAYƏT
Aşuradakı zülm Səqifədən və şayəd də daha öncədən başlamışdı. Buna görə Peyğəmbər (s) hər fürsətdə İmam Əlinin (ə) imaməti və vilayəti məsələsinə (vəsi, vəzir, xəlifə) toxunurdu və hər bir məsələdə onun bu işə (imamət, vilayət və ilahi xilafət) ən layiqli olduğunu önə çəkirdi. Aşuranın da əsas hədəfi Peyğəmbərin (s) arzusunu reallaşdırmaq, məcrasından çıxmış dini öz məcrasına qaytarmaq və müsəlmanların işlərini və xilafəti İlahi tərəfindən təyin edilmiş məsum rəhbərin ixtiyarına verilməsi idi.
Buna görə də Peyğəmbərdən (s) sonra baş verən hadisələrdə və Kərbəla qiyamı günlərində məsumlar və Əhli-Beytin (ə) məşhur simaları tərfindən edilən çıxışları diqqətlə incələsəniz görəcəksiniz ki, bu çıxışların hamısı Həzrət Peyğəmbərin (s) Qədir-Xum xütbəsinin üzərində fokuslanıb və həmin xütbənin davamıdır. O cümlədən, Həzrət Zəhranın (ə) məlum hadisələrdəki çıxışları (Fədəkiyyə xütbəsi), İmam Əlinin (ə) hadisələr baş verən zamanda, 6 nəfərlik şurada və xilafət dövründəki bir çox xütbələri, İmam Həsənin (ə) sülh macərası, İmam Hüseynin (ə) beyət etməməsi, İmam Hüseynin (ə) Mina xütbəsi, Ərəfə duası, Mədinədən Kərəblaya qədərki söhbətləri, Həzrət Zeynəbin (s) Kufə və Şamda xütbəsi və İmam Zeynül-Abidinin (ə) Şam xütbəsi və digər bu kimi çıxışların hamısı bir nöqtəyə vurur: İMAMƏT və VİLAYƏT.
Çünki imamət və vilayətdən uzaq düşmüş insanlar həqiqətdə nübüvvət və risalətdən və nəticədə Allahdan uzaq düşüblər.
Buna görə də düşünürəm ki, Məhərrəm və Səfər aylarının mənbərlərinin əsas mövzusu İMAMƏT olmalıdır. İnsanlara İMAMƏT və VİLAYƏT məsələsi dəqiq izah edilməli və bu məsələnin zəruriliyindən danışılmalıdır. AŞURA mənbərləri ariflərinin yuxusunu danışmaq və həmişə danışlan əxlaqi mənbərlər üçün deyil, bu mənbərlərdə məhz İMAMƏT və vilayətdən danışmalıdır.
AŞURA hərəkatı üçün müxtəlif fələsəfələr (əmr be məruf və sair kimi) deyiblər, danışıblar və bu mövzuda çıxışlar davam edir, bunlar öz yerində. Amma Kərbəla inqilabının əsas hədəfi Peyğəmbərin (s) vəfatından sonrakı 50 ildə dinin əsas məcrasından azdırılmış insanların İMAMƏT və VİLAYƏT məktəbinə geri qaytarılması idi və bu gün də bundan danışmalı və bu məsələ Həzrət İmam Mehdinin (ə) zühuru məsələsinə calaq edilməlidir. Çünki düşmən də bu gün əsasən bunu (Əhli-Beytin vilayət və imaməti) bizdən almağa və cavanlarımızı min hiylə ilə bu məktəbdən uzaqlaşdırmağa və ya bu məsələdə onları təhrifə çəkməyə çalışır.
Mirməhəmməd Bəşir
t.me/mirmehemmed_beshir