İslam peyğəmbərin (s) səkkizinci canişini, onun pak sülaləsindən gələn şəxsiyyət, şiələrin səkkizinci imamı, İmam Əli ibn Musa Rzanın (ə) bərəkətli doğumunun il dönümündə qərarlaşmışıq. O həzrət (ə), hicri-qəməri tarixlə 148-ci ildə, zilqədə ayının 11-i, Mədinə şəhərində dünyaya göz açmışdır. Şübhəsiz, siyasi şərait və ictimai mühitdən asılı olaraq, məsum imamların (ə) həyat yolunun spesifik keyfiyyətləri vardır və onların izahı İslam ictimaiyyəti, xüsusilə də İslamın yeni sivilizasiyası yönündə təkrarsız nümunələr kimi nəzərdə tutula bilər.
Odur ki, İmam Əli ibn Musa Rzanın (ə) xeyirli və bərəkətli mövludu ərəfəsində olmaq bizə fürsət verir ki, Ayətullah Məkarim Şirazinin ideya və düşüncələrindən bəhrələnərək, o həzrətin həyat yolunda, xüsusilə ömrünün üçüncü hissəsində, yəni onun İslamın xəlifəliyinin vəli-əhdi olaraq, İran torpağında olduğu müddətdə üslubunda yer alan vacib faktorları siz möhtərəm istifadəçilərə çatdıraq:
Müqəddimə
Sözsüz ki, İmam Əli ibn Musa Rzanın (ə) həyatının fərqli aspektləri vardır. Bu mühüm aspektlərdən biri də, İmamın (ə), ayrı-ayrı din və təriqətlərin İslamın prinsip və qanunlarına kəskin hücumlarından dövrünün tələblərinə uyğun onun etiqad pramidasını mühafizə edən mədəni və elmi aspektidir. İmamın (ə) ilahi vilayətindən qaynaqlanan bu elmi aspektini yaşadığımız şəraitdə araşdırmaq müxtəlif din və məktəblərlə üzləşmədə olduqca yaradıcı, həlledici, incə və dəqiq məsləhətləri ehtiva edəndir (1).
Abbasilərin hökumətinin formalaşması
İlk növbədə qeyd etmək lazımdır ki, iranlıların, xüsusilə Əbu Müslimin sərkərdəliyi ilə xorasanlıların qiyamından sonra bu xəbis ağacın – “Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir.” (2) – nümunəsi olan Əməvilər kökündən çıxarılaraq tarixin zibilliyinə atıldı (3). Növbə Bəni-Abbasa – Abbasilərə çatdı… Onlar Bəni-Üməyyəyə qarşı İslam və xalq inqilablarının qəti və sabit şüarı olan “Ali-Məhəmmədin (ə) Rzası” şüarı ilə hökumət başına gəldi (4), (5).
Ancaq, Abbasilər az bir müddətdə niqablarını çıxartdılar və yerlərini rahatlayıb möhkəmlətdikdən sonra hökumətlərində eynilə Bəni-Üməyyənin istibdadi və boğcucu siyasətini davam etdirdilər. Hətta, bir çox cinayətlərdə Bəni-Üməyyədən önə keçdilər! (6), (7).
Amma tez bir zamanda müsəlman xalq bunun mahiyyətinə vardı və (8) bu riyakar qruplaşmanını əleyhinə, xüsusilə də İranda yeni inqilab toxumları səpildi, İslam və xalq qiyamlarının toxumu elə Xorasan torpağında, Əbu Müslimin doğulduğu diyarda cücərdi (9).
Məmun və ”Elmmehvərlik” – “Ssientizm” şüarı ilə Əhli-beytə (ə) qarşı
Nəhayət, növbə Məmuna çatdı. O, güclü siyasətçi, zirək və zəkalı, eyni halda qəddar və daşqəlbli biri idi. Bu inqilabların qarşısını almaq üçün dərhal hökumət mərkəzini dəyişdi. Bağdaddan Xorasana köçdü ki, hədə-qorxu, rüşvət və bəxşişlər verməklə inqilabın mühüm mərkəzini çökdürüb yaxından vəziyyətə nəzarət etsin (10), (11).
Digər tərəfdən o vaxt bütün gözlərin İmam Əli ibn Musa Rzaya (ə) dikildiyini və bu böyük inqilaba rəhbərlik edəcək yeganə şəxsin o olduğunu bilirdi. Odur ki, xalq işlərin müqəddiməsini tədarük görməmiş, İmamın (ə) ətrafına toplaşmamış, həzrəti Xorasana gəlməyə məcbur etdi. Zahirdə vəliəhd kimi ehtiram göstərsə də, daxildə onu ciddi nəzarətə götürdü (12), (13).
Məlumdur ki, İslamın elmsevərlik təbiəti (14), başqalarının; Yunanıstandan tutmuş Misirədək, Hindistandan tutmuş İran və Rumadək elmi kitablarının İslam (ərəb) dilinə tərcüməsi, İslam cəmiyyətində elmi inkişafın sürətlənməsinə zəmin yaratdı (15).
Amma nigarançılığa səbəb, tərcüməçilər arasında digər dinlərin zərdüştlər, sabeinlər, nəsturilər, rumlular və brahmanlar kimi təəssübkeş və inadkar nümayəndələri yer almışdı və xarici elmləri yunan, fars, süryani, hind, latın və digər dillərdən ərəbcəyə tərcümə edirdilər. Şübhəsiz, hər birinin bu işdə xoş niyyəti yox idi, onlardan bir dəstəsi fürsətdən öz xeyirlərinə istifadə etmək, yad elmləri İslama gətirmək istəyirdilər. Öz yanlış və xətərli etiqadlarının nəşri üçün bundan gözəl fürsət olmazdı. Məhz bu səbəbdən, xurafi etiqadlar, yanlış düşüncələr, İslamdan kənar fikirlər zahirdə elmi olan kitablar arasında İslam mühitinə sızdı və bir qrup gənclərin, sadə insanların təfəkkürünə nüfuz etdi (16), (17).
Lakin bütün bu vəziyyətlə yanaşı, Məmun tərəfindən bəzi elmi münazirələr təşkil edilir, elmi məsələləri cavablandırmaq üçün İmam Rzanı (ə) da həmin məclislərə çağırırdı. Məmun bu elmi müzakirələrdən müxtəlif məqsədlər güdürdü, o cümlədən, elm və bilik tərəfdarı olduğunu qabardıb imtiyaz qazanmaq (18), ictimai problemlər və siyasi gərginliklər qarşısında xalq üçün bir növ əyləncə yaratmaq (19), İslam dünyasının alim və mütəfəkkirlərinin diqqətini özünə cəlb etmək və nəticədə öz hökumətini möhkəmlətmək istəyirdi (20). Odur ki, mövcud atmosferin fikri və mədəni spesifikliyi İmam Əli ibn Musa Rzanın (ə) öhdəsinə ağır yük qoyurdu. O dövrdə yaşayan dəyərli İmam Rza (ə) (21) bu təhlükəli vəziyyətdən tam xəbərdar idi. Buna görə də fədakarlıq göstərərək, dərin fikri inqilab yaratdı və ağır dalğaların, təhlükəli qasırğaların qarşısında İslam cəmiyyətinin orijinallığını qorudu. Nəhayət, bu ləngər vurmaqda olan gəmini təhlükəli azğınlıq bataqlığında qərq olmaqdan saxladı (22), (23).
İmaməti sual altına aparmaq məqsədilə elmi müzakirələrin təşkili
Bildiyimiz kimi Məmun vəliəhd məqamını İmam Əli ibn Musa Rzaya (ə) təhmil etdikdən sonra öz mövqeyini qoruyub xəlifəliyini sabit saxlamaqdan ötrü İmamı (ə) Mədinədən Tusa çağırdı. İmam Rza (ə) Xorasana gəldikdən etibarən, (24) böyük münazirə məclisləri təşkil edərək, dinindən asılı olmayaraq dövrün ən görkəmli alimləri bu məclislərə dəvət etdi.
Sözsüz ki, bu dəvətlər zahirdə İmamın (ə) müxtəlif elmlər, elm məktəbləri, İslam məktəbləri ixtisasları üzrə ali məqamını göstərmək xarakterli olsa da, daxildə başqa və gizlin məqsədlər daşıyırdı (25). Həmin məqsədlərə işarə edə bilərik:
a) İmamətin sıradan çıxarılması və təhqir edilməsi
Məmunun yeganə hədəfi – əlbəttə, öz gümanına görə – İmam Rzanın (ə) yüksək məqamına xalqın gözü qarşısında, xüsusilə məsum Əhli-beytə (ə) hədsiz bağlılığı olan iranlılar arasında xələl gətirmək və bu məqamı aşağı salmaqdı (26).
b) İmamətin təhrifi – sekulyar İslama rəvac
O, səkkizinci İmamın (ə) ali məqamını yalnız onun elmi səciyyəsində xülasələşdirmək və tədricən siyasi arenadan kənarlaşdırmaq istəyirdi; bununla İmamın (ə) yalnız alim biri olduğunu, siyasi məsələlərə qarışmadığını göstərməyə çalışırdı. Bu tərtiblə, “din siyasətdən ayrıdır” şüarını həyata keçirmək məqsədi güdürdü (27).
c) Hökumətin zəif nöqtələrini gizlətmək
Məmun öz siyasi fəaliyyətlərini rahat davam etdirmək, bu münazirə və müzakirələrlə hökumətinin zəif nöqtələrini örtmək istəyirdi (28).
İmam Rzanın (ə) elmi münazirələrinin mahiyyətinə dərin baxış
İmam Əli ibn Musa Rzanın (ə) münazirələrinin sayı həddən çox olsa da, onlar arasında yeddi münazirənin xüsusi yeri vardır.
1. Casiliqlə (Katolikoslə) münazirə (29), (30).
2. Rəsul-Calutla münazirə (31).
3. Hürbüz Əkbərlə münazirə (32).
4. İmran Sabii ilə münazirə (33).
Bu dörd münazirə Məmun və bir qrup Xorasan alimlərinin iştirak etdiyi bir məclisdə baş vermişdi.
1. Süleyman Mərvəzi ilə münazirə
2. Əli ibn Məhəmməd Cəhimlə münazirə
3. Bəsrədəki müxtəlif məzhəb başçıları ilə münazirə
Bu münazirələrin hər biri dərin və maraqlı məzmuna malikdir, hətta bu gün o tarixdən təqribən 1200 il keçməsinə rəğmən, həm məzmun, həm də münazirə, bəhsə daxilolma-çıxma baxımından olduqca həlledici, aydınlıq gətirən, öyrədici və mənadoludur (37).
Bu yazıda həmin münazirələrdən yalnız seçmə məqamlara işarə edilir:
Məsihilərin böyük alimi Casiliqlə münazirə
İmam Əli ibn Musa Rza (ə) Məmunun yanına gəldikdən sonra, Məmun xüsusi vəziri Fəzl ibn Səhlə (38) əmr edir ki, Casiliq (katolikos – məsihilərin dahi alimi), Rəsul-Calut (yəhudilərin böyük rəhbəri), sabeinlərin lideri, Hürbüz Əkbər (zərdüştlərin böyük ruhanisi) və Nistas Rumi (xristianların alimi) kimi müxtəlif məktəb və din ardıcıllarını (39), eləcə də kəlam elmi üzrə digər alimləri dəvət etsin və İmam Rza (ə) ilə onlar arasında münazirə gerçəkləşsin (40).
İmamla (ə) digər məktəb nümayəndələri məclisə daxil olduqdan sonra İmam Rza (ə) sözə başlayıb buyurdu: Ey məsihi! Etiqad bəslədiyin İncillə sənə dəlil gətirirəm… (41).
Casiliq soruşdu: İsa ibn Məryəmin həvarilərindən xəbər ver, onlar neçə nəfər idi və İncil alimləri neçə nəfərdi?
İmam buyurdu: Bilən birindən soruşdun. Sonra buyurdu: Həvarilər on iki nəfər idi, ən elmlisi və üstünü də Lukas idi. Nəsaranın böyük alimləri üç nəfər idi: Bax torpağından böyük İohann, Qirqisadan olan kiçik İohann və Ricazdakı İohann Deyləmi, hansı ki, Peyğəmbərin (s), Əhli-beytinin (ə) və ümmətinin adı onun yanında idi, İsa ümmətinə və Bəni-İsrailə bunları müjdə vermişdi (42).
Münazirə sırasında İmam (ə) Rəsul-Calut (yəhudilərin böyük rəhbəri), sabeinlərin lideri, Hürbüz Əkbər (zərdüştlərin böyük ruhanisi) və Nistas Rumidən (xristianların alimi) də cavabları üçün təsdiqlər alırdı. Belə ki, sonda Casiliq etiraf etdi: İncildən nəql etdiklərinə etiraf edirik (44).
Sonra İmam Rza (ə) İncil, ilkin İncilin məhv olması, sonra Markos, Lukas, İohann və Matvey (hal-hazırda xristianların əlində mövcud İncillər) tərəfindən İncilin yazılması haqqında suallar verdi və Casiliqdən ziddiyyətli cavablar aldı (45).
Davamında İmam Rza (ə) Rəsul-Calut, sabeinlərin lideri, Hürbüz Əkbər və Nistas Rumi, xüsusən də İmran Sabii (materialist) ilə müxtəlif elmi müzakirələr apardı, qeyd edilən şübhələrə onların öz qaynaqlarından cavab verdi.
İmam Rzanın (ə) (materialist) İmran Sabii ilə münazirəsi
Əhəmiyyətindən dolayı İmam Rza (ə) ilə İmran Sabiinin münazirəsinə də işarə etmək lazımdır. Çünki, münazirədə Allahşünaslıq, Allahın zat və sifətlərinə dair bəhslərlə bağlı bir sıra şübhələr qeyd edilir və İmam Rza (ə) heç birini cavabsız qoymur (46). Həmçinin, İmam (ə) bu münazirədə, əslində bir həqiqət, üç ünvan olan “yaratmaq”, “məşiyyət” və “iradə” məhfumlarına aydınlıq gətirdi və ilk yaradılışdan danışdı. Maraqlı burasındadır ki, İmam (ə) ilk ilahi yaradılışı “əlifba hərfləri” ilə əlaqələndirilmiş, bütün sözlərin onlardan təşkil olunduğunu, təklikdə heç bir məna daşımadıqlarını qeyd etmişdi (47).
İmran mütəmadi olaraq, İmamdan (ə) artıq izahlar istəyirdi. Elmin feyz çeşməsi olan İmam Rza (ə) cavabları ilə onu qane edirdi.
Nəhayət, İmam (ə) buyurdu: Dediklərimi yaxşı dərk etdinmi ey İmran?
Məclisdəkilər təəccübdə qaldığı halda, İmran dedi: Bəli, yaxşı başa düşdüm və şəhadət verirəm ki, Allah siz vəsf etdiyiniz və təkliyini isbat etdiyiniz kimidir. Həmçinin, şəhadət verirəm ki, Məhəmməd (s) hidayətdən və haqq dindən ötrü elçi olaraq göndərilən bəndəsidir. Sonra üzü qibləyə doğru səcdə edib müsəlman oldu. Məhz burada təəccübdən ağızlar açıq qalməşdı (48).
Bəsrədəki ayrı-aryı məktəblərin nümayəndələri ilə münazirə
Qütb Ravəndinin “əl-Xəraic” kitabındakı geniş hədisinə istinadən, Bəsrədə fitnə odu alışdığı, müxtəlif təriqət və məktəblərin oranı fəaliyyət mərkəzi qərar verməsindən sonra İmam Əli ibn Musa Rza (ə) fitnə alovunu söndürmək üçün kiçik bir fürsətdə Bəsrəyə gəldi, müxtəlif dəstə və qruplaşmalarla qarşılıqlı söhbətlər apardı və onların hamısını; məsihi alimlərdən tutmuş yəhudi və digərlərinədək – bir məclisdə iştiraka dəvət etdi. Sonra İncilin müxtəlif fəsillərini və İslam peyğəmbərinə (s) dair müjdələrin orada, eləcə də Tövrat və Zəburun müxtəlif “sifir”lərində – kitablarında gəldiyini bir-bir bəyan etdi.
Ardınca üzünü ora toplaşan müsəlman cəmiyyətinə tutub çıxışı sırasında bunları buyurdu: Ey camaat! Öz müxaliflərinə onların öz din və şəriət kitablarından dəlil və sübut gətirən kəs, hamıdan insaflı deyilmi?
Dedilər: Əlbəttə!
Buyurdu: Bilin ki, həzrət Məhəmməddən (s) sonra imam olacaq yeganə kəs, onun plan və proqramlarını gücləndirəndir, imamət məqamına layiq tək şəxs bütün ümmət və dinlərin nümayəndələri ilə onların öz kitabları əsasında müzakirə aparandır; məsihilərlə İncillə, yəhudilərlə Tövratla, müsəlmanları Quranla qane edən, bütün lüğətləri bilən, hər millətlə öz dilində danışan və bütün bunlarla yanaşı təqvalı və hər eyb və nöqsandan uzaq olandır. Həmçinin, ədaləti rəhbər tutmalı, insaflı, hikmət sahibi, mehriban, sevgi dolu, düz danışan, canıyanan, yaxşı işlər görən, əmanətcil, işində düz və tədbirli olmalıdır (50). Bu minvalla, İmam (ə) bəsrəlilərə dəlili tamamlayıb onlara bəhanə yeri qoymadı və İslamın müdafiəsi mövzusunda öz vəzifəsini yerini yetirdi (51).
Son söz
İmam Rzanın (ə) elmi həyat yolu – dərslər və mesajlar
1. Bir sözlə, qeyd etmək lazımdır ki, İmam Rzanın (ə) digər dinlərlə münazirələri tövhid və peyğəmbərlik mehvərində mərkəzləşmişdi. Həzrət İsanın (ə) ilahiliyinə etiqadın batil edilməsi və “farqlita” təbiri ilə İslam peyğəmbərinə (s) şəhadət vermə, xüsusilə də, İmam Rzanın (ə) yəhudilərin rəhbəri Rəsul-Calutla münazirəsi, atəşpərəstlərin rəhbəri ilə münazirəsində ədalət və insaf, Allahın yeganəliyi, (kəlam alimi) Süleyman Mərvəzi ilə münazirədə Allahın iradə və elmi, imamın görüb-eşidən olması, Allahın iradə və feili, tövhidin və Allahın işlərində “bəda” kimi sünnələrin isbatı o həzrətin elmi həyat yolunda gözə dəyən mühüm məqamlardandır (52).
2. İmam Əli ibn Musa Rzanın (ə) münazirələri tarixi və keçmişə dair bir məsələ deyil, əksinə İslamın və məktəb xəttinin müdafiəsi nöqteyi-nəzərindən bu gün və hər zaman üçün olduqca hərtərəfli, əhəmiyyətli bir nümunədir (53).
3. Xatırlatmaq lazımdır ki, o dövrdə kütləvi informasiya vasitələri indiki kimi geniş deyildi, amma İmam Rza (ə) Məmunun sarayındakı münazirə toplantılarından o günün kütləvi informasiya vasitəsi kimi yetərli bəhrəni götürdü. Ona görə ki, bu toplantıların xəbərləri oraya hakim spesifik şəraitə əsasən, başdan-başa İslam ölkələrinə yayılırdı. İmam (ə) bu yolla, Məmunun təxribatlarını neytrallaşdırmaqla qalmadı, həm də onu nakam qoydu. Dahası, qeyd edilən dəlillərə əsasən intellekt və mədəniyyət baxımından olduqca həssas atmosferdə yaşayan o dövrün İslam cəmiyyətini azğınlıqdan qurtardı (54).
4. O həzrətin müxtəlif məktəb ardıcılları ilə davranışı da bir neçə cəhətdən bizə örnək və ilhamvericidir. O cümlədən, İslamın digər dinlərin nümayəndələri ilə münasibəti hər şeydən öncə məntiq əsasında olmalıdır. Müsəlmanlara silah doğrultmadıqları müddətcə, silaha əl atmamalı, məntiq və dəlilə göz yümmamalıdırlar (55).
5. İslam məntiqi digər məktəblərin məntiqindən əsla vahimələnməyəcək qədər güclüdür. Buna əsasən, İslam tarixində hər kəsə öz əqidəsini bəyan etmək və cavabını almaq icazəsi verilmişdir. Hətta, Allaha və peyğəmbərlərə imanı olmayanlara münazirə sərbəstliyi verilirdi (56).
6. İslam alimləri hər zaman və hər məktəb və dindən xəbərdar olmalı, qarşı tərəfin məntiqi əsasında onlarla danışmalı İslamın digər məktəblərə üstünlüyünü isbat etməlidirlər (57).
7. İslam alimləri arasında dünyanın mövcud dillərini bilən kəslər olmalı və lazım gəldikdə, tərcüməçilərin – hansı ki, bəzən bilməməzlikdən, bəzən də şəxsi mənfəət üzündən məsələləri təhrif edirlər – rolu olmadan başqa dildə danışmağı bacarmalıdır (58).
8. İslam alimləri dünyada mövcud KİV-dən maksimum yararlanmalı, İslamın səsini və Quran təlimlərini aləmə çatdırmalıdırlar (59).
Sonda xatırlatmalıyıq ki, İmam Rzanın (ə) elmi təlimləri və maarifi ilə maraqlananlar o həzrətin elmi həyat yoludan daha çox bəhrə götürmək üçün, Məkarim Şirazi cənablarının dəyərli “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri” adlı əsərinə müraciət edə bilərlər.
Araşdırma, hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 7
2- “İbrahim” surəsi, 26-cı ayə
3- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 14
4- “İslam sivilizasiyası tarixi”, c. 1, səh. 125
5- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 15
6- Abbasilərin etdiyi zülmü, heç vaxt Bəni-Üməyyə etməmişdi. Şairlərdən biri belə deyir: “Allaha and olsun ki, Bəni-Üməyyə, Abbasilərin Ələvilərə etdiyi zülmün onda birini rəva görməmişdilər.” (Əbu Firasın “Mimiyyə”sinin şərhi, səh. 119)
“تاللهِ ما فعلت أمى فيهمُ معشارَ ما فعلت بنو العبّاس!”
7- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 15
8- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 17
9- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 18
10- Tarix belə yazır: “Məmun bir qrup məmurunu (Mədinədə məskunlaşan) Əbitalib ailəsinin yanına göndərdi. Onlar da əmrə əsasən, Əli ibn Musa Rza (ə) ilə birgə Mədinədən Xorasana (Məmunun yanına) yola düşdülər. Məmun göstəriş vermişdi ki, karvanı Bəsrə yolu ilə gətirsinlər. Onları Mədinədən Xorasana gətirməklə vəzifələndirilən şəxs Cəludi adlı şəxs idi. O, karvanı Məmunun sarayına gətirdi, Məmun da onları qarşılayıb öz evinə apardı. İmam Rzaya (ə) xüsusi bir ev ayırdı və çox ehtiram göstərdi (“İrşad”, səh. 290)
11- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 18
12- Məmun, o həzrətə (ə) xəlifəlik məsələsini təklif etdi. İmam Rza (ə) isə bu təklifi kəskin şəkildə rədd etdi. Məmun dedi: Belə isə, vəliəhdliyi sənə həvalə edirəm. İmam Rza (ə) buyurdu: Məni bu işdə də üzrlü bil!
“فقال له المأمون كلاما فيه كالتهديد له على الامتناع عليه و قال فى كلامه: ان عمر بن الخطاب جعل الشورى فى ست احدهم جدك امير المؤمنين على بن ابى طالب عليه السلام و شرط فيمن خالف منهم ان يضرب عنقه و لابد من قبولك ما اريده منك، فانى لا اجد محيصاً عنه”
“Məmun hədələyici sözlər dilə gətirdi və söhbəti əsnasında dedi: Ömər ibn Xəttab altı nəfərlik şura təyin etdi. Onlardan biri cəddin Əmirəl-möminin Əli ibn Əbitalib (ə) idi. Ömər bu altı nəfərdən boyun qaçıranın boynunu vuracağını şərt qoydu. Sən də çarəsiz mənim istəyimi qəbul etməlisən. Mənim başqa yolum yoxdur.” (“İrşad”, səh. 290)
13- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 19
14- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 20
15- Yenə orada
16- Misirli kor alim doktor Taha Hüseyn müsəlmanların əcnəbi mədəniyyətlərlə, xüsusilə yunan mədəniyyəti ilə tanış olmasının xoşagəlməz nəticələri barəsində yazır: Sonra, çox keçmədi ki, yad mədəniyyətlərlə, xüsusilə də, yunan mədəniyyəti, dahası yunan fəlsəfəsi ilə tanış oldular. Bütün bunlar müsəlmanlar üzərində təsir qoydu və onları özlərinə dini müdafiə vasitələri seçdilər. Sonra bir addım önə gedib bəşərin qüsurlu ağlını hər şeyə hakim bildilər. Güman etdilər ki, bilik qaynağı yalnız ağıldır və tədricən özlərini vəhy qaynağına möhtac bilmədilər. Ağıla hədsiz iman onları aldatdı, hədlərini aşdıqlarına və haqdan kənar düşdüklərinə görə çətinliyə düşdülər. İxtilaf qapılarını onların üzünə açan da, bu səhv idi. Hər bir cəmiyyət saxta dəlillərə üz tutdu, nəticədə təriqətlərinin sayı yetmişi ötdü. (“İslam dini”, səh. 266)
17- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 27
18- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 23
19- Yenə orada
20- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 24
21- Yenə orada, səh. 27
22- Xüsusilə, yunan və süryani dilindən bir çox fəlsəfi, elmi kitablar ərəb dilinə tərcümə olunduğu üçün camaat əqli və məntiqi elmlərə üz tutmuşdu. Bundan əlavə, Abbasi xəlifəsi Məmun (195-218 h.q.) bəzilərini etiqadına görə mötəzilə məzhəbindən idi və dinlər daxili əqli dəlillərə əlaqə göstərirdi. Nəticə etibarı ilə, o dönəmdə əqli müzakirələr geniş rəvac tapmışdı.
23- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 28
24- Yenə orada, səh. 29
25- Yenə orada, səh. 30
26- Yenə orada, səh. 30
27- Yenə orada, səh. 34
28- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 34
29- Casiliq (hər hansı bir şəxsin adı deyil) yunan sözüdür və yepiskopların lideri, məsihilərin öndəri mənasındadır. Həmçinin xristian alimlərinə verilən böyük ləqəbdir. (“əl-Müncid” lüğət kitabı). Bəlkə də, katolik sözünün ərəbcə formasıdır.
30- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 36
31- Rəsul-Calut yəhudi xalqının rəhbərinin, aliminin ləqəbidir (bu da şəxs adı deyil).
32- Hürbüz Əkbər və ya Hirbed Əkbər zərdüştlərin liderinin ləqəbidir. Mənası isə, dinin böyük öndəri, zərdüşt qazı və atəşgah xadimidir.
33- Adından göründüyü kimi İmran Sabii, sabeinləri müdafiə edirdi (sabeinlər özlərini Yəhya (ə) peyğəmbərin ardıcılı sanırlar, amma iki qrupa; təkallahlı və müşrikə bölünürlər. Dəstənin biri ulduzpərəstliyə üz tutduğu üçün bəzən onları “ulduzpərəstlər” adlandırırlar. Daha öncə mərkəzləri İraqın Hərran şəhəri olsa da, sonradan İraqın digər şəhərlərinə və Xuzistana üz tutdular. Onlar öz etiqadlarına əsasən, daha çox böyük çay kənarlarında məskunlaşırlar. Hal-hazırda onlardan bir qrupu Əhvazda və digər bölgələrdə yaşayır.
34- Süleyman Məruzi Məmunun dövründə Xorasanda kəlam elminin ən məşhur alimi idi. Məmun ona çox ehtiram göstərirdi.
35- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 37
36- Əli ibn Məhəmməd ibn Cəhim nasibi, yəni Əhli-beyt (ə) düşmənlərindən idi. Şeyx Səduq, Əli ibn Məhəmməd ibn Cəhimdən bir hədis nəql edir. Bu hədisdən onun İmam Rzaya (ə) məhəbbət bəslədiyi anlaşılır. Lakin Şeyx Səduq həmin hədisin altında qeyd edir: “Əli ibn Məhəmməd ibn Cəhim nasibi, yəni Əhli-beyt (ə) düşmənlərindən idi.”
“هذا الحديث غريب من طرق على بن محمّد بن الجهم مع نصبه و بغضه و عداوته لاهل البيت عليهم السلام”
(“Uyunu əxbarir-Riza”, c. 1, səh. 195-204). “Camiur-ruva”nın müəllifi də həmin mətləbi onun tərcümeyi-halında qeyd etmişdir. “Camiur-ruva”, c. 1, səh. 596-597)
37- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 38
38- Fəzl ibn Səhl (154-202 h.q). Məmunun məşhur vəziridir. Elə uşaq yaşlarından xilafət sarayına yol tapmışdı. Hicri tarixlə 190-cı ildə Məmunun əli ilə məcusluğu (zərdüştlüyü) buraxıb müsəlman oldu. O, “zur-riyasəteyn” (iki vəzifə sahibi) ləqəbi ilə məşhurlaşdı. Siyasət və savaş adamı olan Fəzl, nəhayət 202-ci ildə Sərəxs hamamında qətlə yetirildi (“Vəfəyatul-əyan”, c. 1, səh. 413). Bəzi tarixçilərin etiqadına görə, Əli ibn Musa Rzanı (ə) vəliəhd seçməyə o, Məmunu vadar edib. Bu mənada ki, İmam Rzanın (ə) vəliəhdliyi Məmunun boynuna iranlıların Fəzl ibn Səhl vasitəsilə siyasi-ictimai təzyiqlər nəticəsində qoyulmuşdu (“Beyhəqi” tarixi, səh. 141). Lakin mövcud göstəricilər belə olmadığını deyir.
39- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 38
40- Yenə orada, səh. 39
41- Müraciət edin: “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 44
42- Yenə orada, səh. 47
43- Yenə orada, səh. 39
44- Yenə orada, səh. 50
45- Yenə orada, səh. 51
46- Yenə orada, səh. 63
47- Bu ifadə bəlkə də, Allah başlanğıcda, varlıq aləminin əlifbası hökmünü daşıyan aləmin ilkin maddəsini yaratmasına işarədir. Bu maddələr ayrı-ayrılıqda müəyyən nəzm və sistemin göstəricisi deyirlər. Lakin onların bir-birilə tərkibindən müxtəlif mövcudlar yaranırlar. Necə ki, hərflərin tərkibindən müxtəlif sözlər yaranır.
48- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 64
49- Yenə orada, səh. 93
50- “əl-Xəraicu vəl-Cəraih”, səh. 204-206 (ixtisarla)
51- Yenə orada, səh. 94
52- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 36-97
53- “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 64
54- Yenə orada, səh. 95
55- Yenə orada, səh. 96
56- Yenə orada, səh. 96
57- Yenə orada, səh. 97
58- Yenə orada, səh. 97
59- Yenə orada, səh. 97