Quran TəfsiriQURANI KƏRIM

“Nur” surəsi

“Nur” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. (Bu,) Bizim nazil edib (əməl edilməsini sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız.
  2. Zinakar qadının və zinakar kişinin hər birinə yüz şallaq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, o ikisinə qarşı şəfqətiniz Allahın hökmünü icra etməyinizə mane olmasın. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.
  3. Zinakar kişi yalnız zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.
  4. İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən şallaq vurun və onların şahidliyini əsla qəbul etməyin. Onlar fasiqlərdir.
  5. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
  6. Arvadlarını (iffətsizlikdə) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər biri doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutmalıdır.
  7. Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” – deməlidir.
  8. Qadın da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutmaqla (zina) cəza(sı)nı ondan (özündən) dəf edə bilər.
  9. Beşinci dəfə: “Əgər bu kişi doğru danışanlardandırsa, Allah ona (kişinin dediyi həmin işi görənə, yəni qadının özünə) qəzəb etsin!” – desin.
  10. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və hikmət sahibi olmasaydı (sizlərin çoxunuz Allahın lənətinə gələrdiniz).

——————————————————————————————-

“Nur” surəsinin ümumi məzmunu: Bu surəni iffət, ismət və cinsi günahlarla mübarizə surəsi hesab etmək olar[1].

2-9. Ümumi iffəti qorumaq üçün dörd hökm: Bu ayələrdə Allahın dörd hökmünə işarə edilmişdir. Bu hökmlərin mərkəzində zina (bir-birinə məhrəm olmayan qadınla kişinin qeyr-qanuni münasibətləri) durur. Biz burada həmin dörd hökm haqqında ümumi məlumat verəcəyik: Zina etmş kişi ilə qadının cəzasından danışan 2-ci ayə üç əmri ehtiva edir: 1. Zina edən qadınlarla kişilərin cəzalandırılması. Əlbəttə, ümumi səciyyə daşıyan bu hökmün istisnaları da vardır. Zina etmiş evli kişi və ərli qadının cəzası bütün şərtlər daxilində edamdır. 2. Allahın bu qanununu icra edərkən şəfqət və mərhəmət göstərlməməsinə əmr edilir. Əlbəttə, Allahın hökmünü icra edərkən şəfqət və mərhəmət yolverilməz olduğu kimi, ifrata varmaq, kobudluq göstərmək və həddi aşmaq da yasaqdır. 3. Bir qrup möminin cəza meydanında iştirak etməsinə göstəriş verilmişdir. Çünki burada məqsəd təkcə günahkarı cəzalandırmaq deyil, həm də digərlərinin ibrət götürməsidir. Quranda edamın, mütləq, hamının gözü önündə yerinə yetirilməsi əmr edilməmişdir. Ayrı-ayrı şərait və məsləhətlərdən asılı olaraq bəzən üç və ya daha artıq adamın iştrakı kifayət edir[2]. 3-cü ayədə zinakar qadınla zinakar kişinin ailə qurması qadağan edilmişdir. Əlbəttə, hədislərdə bu hökmün həmin əməllə tanınan və tövbə etməyən kişi və qadınlara aid olması qeyd edilmişdir. Yəni bu əməllər ilə tanınmasalar, keçmiş əməllərini tərk etsələr, pak və təmiz olmaq qərarına gəlsələr, tövbələrini əməlləri ilə göstərsələr, onlarla ailə qurmağın heç bir maneçiliyi yoxdur[3]. 4 və 5-ci ayələrdə iftira və böhtanın cəzasından bəhs edilir. Belə ki, əvvəlki ayələrdə zina etmiş kişi və qadınların ağır şəkildə cəzalandırılması bəyan edilmişdir. Bu da təqvasız və qərəzli insanların bu vasitə ilə təmiz insanlara böhtan və iftira atmasına səbəb ola bilər. Buna görə də zina edən kişi və qadınının ciddi şəkildə cəzalandırılacağı bəyan edildikdən sonra bu hökmdən sui-istifadə etmək istəyən iftiraçıların ağır cəzalandırılacağı bildirilmişdir. Bununla da təmiz və iffətli ailələrin heysiyyəti, şərəf və ləyaqəti qorunur və qərəzli insanlar camaatın şərəf və ləyaqətini ləkələməyə cürət etmirlər. Quranda bu cür insanlara 80 şallaq cəza müəyyən edilir, şahidliklərinin qəbul edilməməsi və fasiq kimi tanınmaları elan edilir. İffətli ailələrn qorunması məsələsində göstərilən bu ciddiyyət təkcə bu mövzu ilə məhdudlaşmır, İslam təlimlərinin çoxunda öz əksini tapır. Bütün bunlar İslam təlimlərində imanlı, iffətli kişi və qadınların heysiyyətinin qorunmasına çox böyük önəm verilməsindən xəbər verir. Əlbəttə, bir nəfər başqasına namus böhtanı atarsa, hökmün icrasından sonra tövbə edərsə, böhtan atdığı şəxsdən halallıq alarsa, tövbə ilə şahidliyi gələcəkdə məqbul sayılar və İslamın bütün hökmlərində fasiqlik hökmü onun üzərindən götürülər[4]. 6-9-cu ayələr böhtan mövzusunun istisna və qeydini bəyan edir. Belə ki, ər öz arvadını iffətsizlikdə günahlardırarsa, onun yad bir adamla haram münasibətdə olduğunu iddia edərsə, ona böhtanın cəzası (80 şallaq)  tətbq edilmir. Əlbəttə, onun da iddası dəlilsiz və şahidsiz qəbul edilmr. Çünki onun yalan və ya doğru deməsi məlum deyil. Bu zaman Quran məsələni ən yaxşı və ən ədalətl şəkildə həll edəcək bir yol təklif etmişdir. Bunu da onunla izah edirlər ki, kişinin belə bir hadisəyə susması mümkün deyil, qeyrət buna icazə vermir. Əgər o, hakimin yanına gedib şikayət etsə, dərhal haqqında hökm çıxarılacaq. Çünki hakim onun yalan və ya doğru dediyini bilmir. Əgər dörd şahid tələb etsə, bu mövzu da onun şərəf və ləyaqəti ilə düz gəlməz və bununla da məsələ bitər. Digər tərəfdən, yad insanlar bir-birini daha çox ittiham etdikləri halda, ərlə arvad bir-birini daha az ittiham edir. Əlbəttə, bu hökm qadının əl-qolunu bağlamır, 8 və 9-cu ayələr onun üçün çıxış yolu qoyur. Bu hökmdə həm qadın, həm də kişi İslam hakimi qarşısında Allahı şahd tutduğu, yalan deyəcəyi təqdirdə Allahın lənət və qəzəbini üzərlərinə götürdüyü üçün əksər insanlar belə bir səhv hərəkətə yol vermir[5].

  1. Şübhəsiz ki, o böyük iftiranı atanlar özünüzdən olan bir dəstə idi. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. Etdikləri bu günahda onların hər birinin öz payı vardır. İçərilərindən günahın böyük hissəsi üzərinə düşən şəxsi böyük bir əzab gözləyir.
  2. Nə üçün siz bunu (bu iftiranı) eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biri haqda yaxşı fikirdə olmadılar və “bu, açıq-aydın bir böhtandır!” – demədilər?
  3. Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.
  4. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, etdiyinz bu günaha görə sizə böyük bir əzab yetişərdi.
  5. Yadınıza salın, bir zaman siz bu şayiəni bir-birinzin dilindən eşitdiniz, əmin olmadığınız sözü danışdınız və onu əhəmiyyətsiz bir şey hesab etdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.
  6. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz?
  7. Əgər möminsinizsə, Allah sizə bir daha bu cür hərəkətləri heç vaxt təkrar etməməyi nəsihət edir.
  8. Allah ayələri sizə izah edir. Allah biləndir, müdrikdir.
  9. Möminlər arasında iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bilmirsiniz.
  10. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı (böyük bir əzaba düçar olardınız).

————————————————————————————–

  1. Allah rəsulunun (s) ailəsinə böhtan atılması və Allahın Peyğəmbər (s) ailəsini müdafiə etməsi: Bu ayələrdə böyük böhtana işarə edilmişdir. Sünni hədislərində böhtan atılan şəxsin Aişə xanım, şiə hədislərində isə onun qibti Mariya olduğu qeyd edilmişdir. Qibti Mariyanı Peyğəmbərə (s) Misir şahı hədiyyə etmişdi. Peyğəmbərin (s) 18 ay yaşayandan sonra vəfat etmiş oğlu İbrahimin anası da məhz Mariya olmuşdur. Hədislərə gəlincə, hər iki məzhəbin hədislərində onları sual altına alacaq məqamlar var. Buna görə də sözügedən hədislərin müzakirəsinə lüzum görmürük. Hədislərin ümumi məzmunundan belə başa düşülür ki, bu ayələrdə işarə edilən iftira Peyğəmbərin (s) ailə üzvlərindən birinə atılmışdır. Bu, Aişə də ola bilər, qibti Mariya da. Ayələrdən göründüyü kimi, bir qrup şəxs Peyğəmbərin ailə üzvlərindən birinə iffətsizlik ittihamı atmış, münafiqlər və qəlbində mərəz olanlar böhtanın insanlar arasında yayılmasında maraqlı olduqları üçün onun yayılmasına köməklik göstərmiş, nəticədə, sözügedən böhtan ağızdan-ağıza dolaşmışdır. Allah-taala bu ayəni nazil edərək peyğəmbərini müdafiə etmiş və şayiə yayanları ciddi şəkildə məzəmmət etmişdir[6].
  2. Böhtan hadisəsi bir tərəfdən acı olsa da, digər tərəfdən faydalı idi: Bu ayədə iffətli bir şəxsə atılmış böhtandan çox narahat olan möminlərə təsəlli verilir: Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. Əslində, bu hadisə özlərini müsəlman kimi göstərənlərin çirkin niyyətlərinin üstünü açmışdır. Cəmiyyətin fitnəkar və azğın fərdlərinin tanınması, bu vasitə ilə dürüst insanların daha ayıq olması və cəmiyyətin çirkin üzvlərini islah etməyə başlaması islaholunma yolunu tutmuş bir cəmiyyətin xoşbəxtliklərindəndir[7].
  3. Cəmiyyət arasında çirkin davranışları yaymaq və günah odunu körükləmək: İnsan ictimai varlıq olduğu üçün mənsub olduğu cəmiyyət onun evi, cəmiyyət üzvlərinin namusu onun namusu hesab edilir. Cəmiyyətin təmiz olması fərdin təmiz olmasına, cəmiyyətin günaha bulaşması fərdin bulaşmasına səbəb olur. Bu səbəbdən də İslam ictimai mühiti bulaşdıran hər bir davranışa qarşı qətiyyətlə mübarizə aparır. İslamda qeybətlə mübarizə və eyiblərn örtülməsinə göstəriş verlməsinin bir dəlili də günahın ümumiləşməsinin qarşısını almaqdır. İmam Rza (ə) hədislərinin birində belə buyurmuşdur: “Günahı yayan şəxs xar olar, günahı gizləyən şəxs Allah tərəfindən bağışlanar.” Əvvəlki ayələrdə günahın yayılmasının ciddi şəkildə məzəmmət edilməsinin səbəbi də budur. Ümumyyətlə, günah od kimidir. Bu od cəmyyətin bir yerində şölələnərsə, onu söndürməyə, heç olmasa yayılmasının qarşısını almağa çalışmalıyıq. Əgər odu körükləsək, onu bir yerdən başqa bir yerə daşısaq, od hər tərəfi bürüyəcək və artıq qarşısıalınmaz olacaq. Bundan əlavə, cəmiyyətin zahirini günah çrkabına bulaşmaqdan qorumağın özü fəsad qarşısında bir sədd hesab edilir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Çirkin bir işi yayan şəxs ilk dəfə dünyada bu iiş görən şəxs kimidir.” Bir gün bir nəfər İmam Kazimə (ə) deyir: “Sənə fəda olum, din qardaşlarımdan biri xoşlamadığım bir sözü danışdı. Özündən soruşdum, inkar etdi. Halbuki etimad edilən bir qrup şəxs də bu sözü həmin adama istinad edərək danışır”. İmam (ə) buyurur: “Müsəlman qardaşının qarşısında gözünə və qulağına inanma. Hətta əlli nəfər onun bu işi gördüyünə and içsə, ittiham edilən şəxs həmin işi görmədiyini desə, sən əlli nəfərin deyil, həmin adamın sözünü qəbul et. Onun eyibinin üstünün açılmasına, utanmasına və şəxsyyətinə xələl gəlməsinə səbəb olacaq bir hərəkətini camaat arasında yayma. Yoxsa Allah-taalanın “iyrənc şayiələrin yayılmasını istəyənlər…”, – deyə buyurduğu şəxslərdən olarsan.” Əlbəttə, bu məsələnin məhkəmədə şahidlik etmək və pis işlərdən çəkindirməkdən ötrü bir nəfərin eyiblərinin üstünün açılmasından başqa çarə olmadığı kimi istisnaları vardır[8].
  4. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim Şeytanın izi ilə getsə, (Şeytan onu haqq yoldan sapdırar, çünki o,) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir.
  5. Aranızdan (mal cəhətdən) üstün olanlar və yaxşı yaşayanlar (mallarını) qohumlar, miskinlər və Allah yolunda hicrət edənlərdən əsirgəməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsiniz? Allah bağışlayandır, rəhmlidir.
  6. (Heç bir çirkinlikdən) xəbəri olmayan ismətli mömin qadınları günahlandıranlar dünyada və axirətdə Allahın rəhmətindən uzaqdırlar. Onları böyük bir əzab gözləyir.
  7. Həmin gün dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
  8. O gün Allah onların həqiqi cəzasını tam verəcək və onlar Allahın aşkar haqq olduğunu biləcəklər.
  9. Napak qadınlar napak kişilərə, napak kişilər isə napak qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və qiymətli ruzi gözləyir.
  10. Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə xatırlayasınız.

——————————————————————————————

  1. Əgər Allahın lütf və mərhəməti olmasaydı, heç kəs heç vaxt təmizə çıxmazdı: Şübhəsiz ki, insanlar Allahın lütf və mərhəməti sayəsində çirkinlik, azğınlıq və günahlardan xilas olurlar. Belə ki, Allah insanlara həm ağıl, həm peyğəmbərlk nemətini bəxş etmş, həm də vəhy vasitəsilə hökmlərini nazil etmişdir. Bu nemətlərlə yanaşı, tutumu və potensialı olan insanlara qeybdən yardımlar göstərməsi paklanma və təmizlənmənin mühüm amillərindəndir. “Kimi istəsə” ifadəsi Allahın səbəbsiz istəyini ifadə etmir. Bəndələrin öz səy və fəaliyyətləri olmasa, Allah tərəfindən yönləndirmə və nemət də bəxş edilməz. Allah bu yolu istəyən, onda addım atan şəxsin əlindən tutur, şeytanların vəsvəsələrindən qoruyur, mənzil başına çatdırır. Başqa sözlə desək, Allahın lütf və mərhəməti bəzən ixtiyari səciyyə daşıyır, peyğəmbərlərin seçilməsi, səmavi kitabların göndərilməsi, hökmlərin göndərilməsi, müjdə və təhdid vasitəsilə baş verir, bəzən isə ixtiyardan kənar səciyyə daşıyır, ilahi və mənəvi yardımlar vasitəsilə həyata keçir. Ayənin nəzərdə tutduğu sasən ikinci vasitədir[9]. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Heç kəs (təkcə) öz əməli ilə xilas olmayacaq” Hədisin ravisi: “Ey Allahın rəsulu (s)! Hətta siz də?”, – deyə soruşduqda Peyğəmbər (s) buyurur: “Əgər Allah Öz rəhmət və lütfünü mənə şamil etməsə, hətta mən də.”[10]
  2. İslama görə cəzalandırmada orta hədd: Bir qrup təfsirçi bu ayənin nazilolma səbəbi haqqında belə yazmışdır: Böhtan hadisəsindən sonra səhabələrin bir dəstəsi qərara gəlir ki, bu hadisədə iştirak edən, böhtanda payı olanlara maliyyə yardımı göstərməsin, heç bir halda onlara qarşı mərhəmətli olmasınlar. Bu ayə nazil olur və onlara bu qədər kəskin mövqedə olmamaq, kəskin mövqedən əl çəkmək və əvf etmək göstəriş verir. Quran həm böhtan atanlara sərt reaksiya göstərir, həm də ifratçıların həddi aşmaması üçün bir-birindən cəlbedici üç kiçik cümlə ilə emosiyalara sərhəd qoyur: Əfv etməyi, güzəştə getməyi əmr edərək ardınca buyurur: “Allahın sizi bağışlamasını istəmirsinizmi?” Elə isə, siz də bağışlamalısınız. Bundan sonra əmri daha da gücləndirməkdən ötrü Allah-taalanın “bağışlayan və rəhmli” olduğu qeyd edilir. Allah-tala bununla insanlara ilahi əmrin hədlərini aşmamağı xatırlatmış olur. Bu hökmün əsl sahibi olan Allah bağışlayan və rəhmlidir. Yardımların kəsilməməsini O əmr edir, sizin bu danışmağınız haradan qaynaqlanır? Şübhəsiz ki, böhtan məsələsində müsəlmanlar arasına təfriqə düşməsi öncədən düşünülmüş bir hiylənin nəticəsi deyildi. Özlərini müsəlman kimi göstərən bəzi insanlar bu işi təşkil etmiş, müsəlmanlardan bir qrupu da bu fitnəyə aldanmışdı. Əlbəttə, hər iki dəstə müqəssir olsa da, onlar arasında fərq var idi, digər müsəlmanlar onların hamısı ilə eyni cür davranmamalı idilər. Bu ayə bütün müsəlmanlar üçün böyük bir dərsdir. Bəziləri günah işlətdiyi zaman cəza tətbiqində həddi aşmaq, onları cəmiyyətdən təcrid etmək, tamamilə tənəzzül etməmələri və düşmən sıralarında yer almamaları üçün bütün qapıları üzlərinə bağlamaq olmaz. Bu ayələr, əslində, İslama xas olan cəzbetmə və dəfetmə balansının bir təsviridir. İnsanların namusuna böhtan atanların ciddi şəkildə cəzalandırılmasından bəhs edən ayələr dəfetməni, əvfdən, bağışlamadan, Allahın bağışlayan və mərhəmətli olmasından bəhs edən bu ayə isə cəzbetməni göstərir[11].
  3. Zinakarla evlənməyin haramlığı: İmam Baqir (ə) və İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə buyurulur: “Bu ayə “zinakar kişi yalnız zinakar və müşrik qadınla evlənsin” ayəsi kimidir. Çünki bir dəstə kişi əxlaqsız qadınlarla ailə qurmaq istəyirdi. Allah-taala bunu onlara qadağan edir və bu işin bəyənilməyən bir iş olduğunu buyurur.”[12]
  4. Əgər orada heç kəsi tapmasanız, sizə izn verilməyincə oraya girməyin. “Qayıdın!” – deyilsə, qayıdın. Bu, sizin üçün daha təmizdir. Allah etdiklərinizdən xəbərdardır.
  5. Yaşayış olmayan və istifadə edə biləcəyiniz evlərə daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
  6. Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
  7. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Görünən miqdar istisna olmaqla zinətlərini göstərməsinlər; baş örtüklərini sinələrinin üstünə salsınlar (boğazlarını və sinələrini onunla örtsünlər); zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadın dindaşlarından, yaxud sahib olduqları kölələrdən, yaxud qadına meyli olmayan əqli qüsurlulardan, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha qayıdın ki, nicat tapasınız.

————————————————————————————–

27-28. Evlərə daxil olarkən icazə almağın səbəbi: Şübhəsiz ki, insan fərdi və sosial olmaqla iki yönə malikdir. Buna görə də şəxsi və ümumi olmaqla ikili həyat sürmək məcburiyyətindədir. Bu həyat tərzlərinin hər birinin özünə xas olan xüsusiyyətləri, ədəb qaydaları var. İctimai mühitdə insan geyim, davranış, yol yerimək və sair baxımdan bir çox qaydalara riayət etməlidir. Ancaq bütün gün boyu bu qaydalara riayət etmək yorucu və bezdiricidir. O, sutkanın bir hissəsini azad olmaq, bütün kompleksləri bir kənara qoyub istirahət etmək, ailə üzvləri ilə şəxsi söhbətlər etmək, mümkün olduğu qədər bu sərbəstlikdən faydalanmaq ehtiyacı duyur. Buna görə də şəxsi evinə gedir, qapısını başqalarının üzünə bağlayır, bir neçə saat özünü ictimai həyatdan təcrid edir, ictimai mühitdə qatlaşmaq məcburiyyətində qaldığı komplekslərdən azad olur. Buna görə də bu mühit kifayət qədər sərbəst və əmin-aman olmalıdır. Əgər hər ürəyi istəyən bu mühitə daxil olsa, artıq azadlıq, sərbəstlik, istirahət və rahatlıqdan əsər-əlamət qalmaz. Bu cəhətdən də qeyd olunan məsələ ilə bağlı xüsusi qaydalar mövcuddur. Peyğəmbər (s) kiminsə qapısına gedərkən qapısı ilə üzbəüz dayanmazmış, qapının ya sağ, ya da sol tərəfində durub “əssəlamu ələykum”, – deyə salam verərmiş. Həmin vaxt qapıdan pərdə asmaq hələ adət deyilmiş[13].

  1. Yaşayış olmayan evlər: Yaşayış olmayan evlər deyilərkən qeyri-daimi yaşayış üçün tikilmiş və içində yaşamaq üçün lazımi vasitələri olan evlər nəzərdə tutulur. Buna görə də insanlar həmin evlərdə təbii şəkildə məskunlaşmırlar. Mehmanxanalar, hamamlar, karvansaralar və sairəni buna misal göstərmək olar. Bu binalar ümumi istifadə xarakteri daşıdığı üçün hər kəsin oraya daxil olmasına icazə verilir[14].

30-31. Hicabın fəlsəfəsi: Çılpaqlıq və cinsi azadlıq adlandırılan müasir dövrdə qərbləşmə xəstəliyinə tutulanlar qadın və kişilərin istənilən komplekssizliyini azadlığın tərkib hissəsi hesab edirlər. Hicabdan danışmaq bu insanların əsla xoşuna gəlmir, bəzən onu keçmişlərə aid əfsanələrin qalıqları hesab edirlər. Ancaq bütün bu qeyd-şərtsiz azadlıqlar sayəsində meydana gələn saysız-hesabsız fəsadlar, gün-gündən artmaqda olan problemlər yavaş-yavaş hicab sözünü dinləmək üçün qulaqlar tapılmasına səbəb olmuşdur. Eşitmə, baxma və toxunma zövqünü və həzzini təmin etmələri üçün qadınlar bütün kişilərin ixtyarına verilməlidir, yoxsa bu zövqlər yalnız onların həyat yoldaşlarına məxsusdur? İslama görə baxma, dinləmə və toxunma da daxil, bütün cinsi zövqlər həyat yoldaşlarına məxsusdur. Bütün bunlar başqaları üçün günahdır. Hicabın fəlsəfəsi elə də müəmmalı bir iş deyil. Çünki: 1. Qadınların çılpaqlığı, bəzənib-düzənməsi, işvəli hərəkətləri və s. kişiləri, xüsusilə gəncləri davamlı təsir altında saxlayır. Bu vəziyyət onların əsəb sisteminə təsir göstərir, əsəb gərginliyi kimi xəstəliklərin yaranmasına, psixoloji xəstəliklərin meydana çıxmasına səbəb olur. 2. Statistika göstərir ki, dünyada çılpaqlığın artması boşanmaların və ər-arvad bağlarının qırılmasının davamlı artımına səbəb olur. 3. Əxlaqsızlığın və qeyri-qanuni uşaqların sayının artması hicabsızlığın acı nəticələrindəndir. Bu acı nəticələr qərb cəmiyyətlərində özünü daha qabarıq şəkildə göstərir[15].

  1. Subay kişilərinzi və subay qadınlarınızı, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah Öz lütfü ilə onları ehtiyacsız edər. Allah genişləndirən, biləndir!
  2. Evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. (Azad olmaq üçün) yazılı məktub istəyən kölələrinizdə bir xeyir görürsünüzsə, onlarla müqavilə bağlayın. Allahın sizə verdiyi maldan onlara verin. Əgər kənizləriniz pak və ismətli qalmaq istəsələr, dünya həyatının keçici malından ötrü onları öz bədənlərini satmağa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (sonra peşman olsa), Allah onların bu məcburiyyətindən sonra bağışlayan və rəhm­ edəndir.
  3. Biz sizə bir çox həqiqətləri bəyan edən ayələr, sizdən əvvəl yaşamış insanlardan bəhs edən əhvalatlar və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
  4. Allah göylərin və yerin nurudur. Allahın nuru, içində çıraq olan bir çıraqdana bənzəyir; bu çıraq ulduz kimi bərq vuran parlaq və şəffaf bir şüşənin içindədir. Bu çıraq nə şərqə, nə də qərbə aid olan mübarək zeytun ağacının yağı ilə yandırılır. (Bu yağ o qədər şəffafdır ki,) od toxunmadan belə, sanki işıq saçır. Nur üstünə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir.
  5. (Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər.

—————————————————————————————-

  1. Evlənmək Allahın qanunudur: Sağlam evlənmə insan nəslinin davam etməsi, insanın cismani və ruhani rahatlığını təmin edən, problemlərinin həlli üçün ehtiyac duyduğu, yaradılış qanunu ilə uyğunluq təşkil edən fitri bir qanundur. Yaradılış qanunları ilə uyğunluq təşkil edən İslam dini bu həqqəti maraqlı ifadələrlə bəyan edir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Evlənən adam dininin yarısını qorumuşdur. Digər yarısında isə təqvalı olmalıdır.” Cinsi istək təklikdə digər istəklərə bərabər olan ən güclü və ramolunmaz instinktdir. Bu istək yanlış istifadə insanın imanının yarısının təhlükəyə düşməsinə səbəb olur. Buna görə də aidiyyəti olan ayə və hədislərdə müsəlmanlardan evlənmələri üçün subaylara yardım göstərmələri istənilmişdir. İmam Kazim (ə) Qiyamət günü Allahın ərşinin kölgəsində olacaq üç zümrədən birinin müsəlman qardaşların evlənməsinə yardım göstərən şəxslər olduğunu buyurmuşdur[16]. Bu məsələdə ataların üzərinə daha böyük məsuliyyət düşür. Peyğəmbər (s) buyurmuşdur: “Yetkinlik yaşına çatmış övladını evləndirməyə imkanı çatan valideyn övladını evləndirməzsə, nəticədə övlad günaha düşərsə, etdiyi günah hər ikisinə yazılar.” Subayların evlənməsinə problem yaranmasın deyə mehriyyə və sair evlənmə xərclərinin yüngül tutulmasına göstəriş verilmişdir. Buna görə də hədislərdə mehriyyənin çoxluğu qadının ağırayaqlığı və nəhsliyinin əlaməti hesab edilmişdir. Evlilikdən və ailə qurmaqdan boyun qaçırmaq üçün hamının yeganə bəhanəsi yoxsulluq və imkansızlıq olduğu üçün Quran kasıbçılığın maneə ola bilməyəcəyini, əksinə, onun ehtiyacsızlığa səbəb olacağını açıq şəkildə bəyan etmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Ruzi həyat yoldaşı və ovladla birlikdədir.” Şübhəsiz ki, insani vəzifəsini yerinə yetirmək və öz təmizliyini qorumaq üçün evlənmək istəyən şəxsə Allah yardım edir[17].
  2. Nur ayəsi: Allahın pak və ulu zatını bu dünyanın hiss olunan varlıqlarından hansınasa bənzətmək istəsək, bunun üçün nurdan başqa bir varlıq tapa bilərikmi? Allah dünyaya işıq bəxş edir. Əgər Öz lütfünü bir anlığa kainatdan əsirgəsə, varlıq aləmi fəna və yoxluq zülmətinə qərq olar. Hər bir varlıq Ondan mövqeyinə və münasbət dərəcəsinə uyğun işıq alır. Quran nurdur, çünki Allahın kəlamıdır. Peyğəmbərlər nurdurlar, çünki Allahın elçiləridirlər. Əgər nur sözünü “zatı aşkar olub başqalarını aşkara çıxaran” mənasında götürsək, o zaman nur sözü Allah haqqında işlədilmiş bənzərlik səciyyəsini itirəcək. Çünki kainatda Allahın zatıdan aşkar heç nə yoxdur. Allahdan başqa nə varsa, Onun nuru ilə aşkardır. Quran gözəl bir misalla ilahi nuru izah edir. Belə ki, möminin qəlbindəki iman nuru işıqlı çırağın malik olduğu dörd funksiyaya malikdir: 1. Çıraq möminin qəlbində aşkar olan və ətrafa hidayət nuru yayan iman şölələridr. 2. Şüşə imanı möminin varlığında nizama salan qəlbdir. 3. Çıraqdan möminin sinəsi və ya onu hadisələr girdabından qoruyan şəxsiyyəti və ayıqlığıdır. 4. Mübarək zeytun ağacı möminin imanını şölələndirən və son dərəcə pak olan ilahi vəhydir. Allah göyləri və yeri işıqlandıran nurdur; möminlərin qəlbindən baş qaldırıb onların bütün varlıqlarını işıqlandırır. Onlar özlərinin öz ağılları ilə əldə etdikləri dəlilləri vəhy nuru ilə çulğalaşdırıb “nur üstünə nur”un nümayəndəsinə çevrilirlər. Beləliklə, ilahi nuru qəbul edəcək qabiliyyətə malik qəlb sahibləri hidayət tapır və Allahın “Allah dilədiyini Öz nuruna yönəldir” cümləsində nəzərdə tutduğu şəxslər olurlar. Bu vəhy nuru kin-küdurətlərin yaranmasına səbəb olan şərq və qərb meyillərinin fəsadlarından uzaq tutulmalıdır. Vəhy nuru istənilən sapmadan elə uzaq tutulmalıdır ki, heç nəyə ehtiyac duymadan insan varlığının bütün qüvvələrini səfərbər edərək “od toxunmadan belə, sanki işıq saçır” cümləsinin ehtiva etdiyi subyektə çevrilsin[18].
  3. Ticarət və alış-verişin Allahı xatırlamaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxarlar.
  4. (Bu işləri ona görə görürlər) ki, Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın və lütfü ilə mükafatlarını artırsın. Allah dilədiyinə hesabsız ruzi verir.
  5. Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir. Susuz insan uzaqdan onun su olduğunu zənn edir, yaxınlaşdıqda isə heç nə tapmır. Əməllərinin yanında hesab-kitabını tam edən Allahı tapar. Allah tez haqq-hesab çəkəndir.
  6. Yaxud (onların əməlləri) dərin və böyük bir dənizdə dalğa ilə örtülmüş, dalğa üzərini dalğa, onun üstünü də qara bulud almış qaranlıqlara bənzəyir. Beləliklə, (onların əməlləri) bir-birini örtən qaranlıqlardır! Elədir ki, əgər əlini çıxartsa, onu görməzlər. Allahın nur vermədiyi adamın nuru olmaz.
  7. Göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz namazını və tərifini bilir. Allah onların nə etdiklərini bilir.
  8. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Dönüş də Allahadır.
  9. Allahın buludları aramla qovduğunu, sonra onları bir-birinə qovuşdurduğunu, sonra da onları bir yerə topladığını görmürsənmi? Sən onun arasından yağmur çıxdığını görürsən. Göydən, oradakı dağlardan (dağlara bənzər buludlardan) dolu yağdırır. İstədiyinə onun vasitəsilə ziyan vurur, istədiyindən də bu ziyanı uzaqlaşdırır. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.

————————————————————————————–

  1. Ürəklərin və gözlərin çevriləcəyi gün: Quran ayələrindən belə məlum olur ki, Qiyamət həqiqətlər üzərindəki pərdələrin kənara çəkilərək həqiqətin aşkar olacağı gündür. “Biz pərdəni sənin gözündən kənara çəkdik və bu gün sənin gözün iti görür” ayəsi də bunu təsdiq edir. (Qaf surəsi – 22). Ümumiyyətlə, həmin gün qəlblər və gözlər Allahdan qeyrisinə dikilmiş, Allahı unutmuş və həqiqətin üzərini örtmüş dünya baxışından çevriləcək, başqa bir şəkil alacaq. O gün görmək yalnız iman və ağıl nuru ilə mümkün olacaq. Dünyada bu nuru öz daxillərində qorumuş möminlər onun zahir olmuş işığı ilə öz yollarını tapacaq, Rəblərinin lütf və kəramətinə baxacaqlar. Ayələrin birində Allah-taala belə buyurur: “Bir gün işıqları önlərindən və sağ tərəfindən sürətlə hərəkət edən mömin kişi və qadınlara baxarsan” (Hədid – 12). Başqa bir ayədə belə buyurur: “O gün o üzlər sevinib şadlanar, Rəblərinə baxarlar” (Qiyamət – 22-23). Bu dünyada sözügedən işıqdan məhrum olmuş kafirlər kor olacaqlar. Allah-taala “İsra” surəsinin 72-ci ayəsində belə buyurur: “Bu dünyada kor olmuş şəxs axirətdə də kor olacaq”. Qəlblərin və gözlərin çevriləcəyi gün həm möminlər, həm də kafirlər üçündür. Ancaq ayədə işarə edilən Allah adamları bu çevrilmənin ikinci formasından qorxurlar[19].

39-40. Səhrada ilğım və ya dənizdə qaranlıqlar: Allah-taala əvvəlki ayələrdə möminlərin vəziyyətinin necə olacağını bəyan etdikdən və onların aqibətnin yaxşı olacağını buyurduqdan sonra bu ayələrdəiki misalla möminlərin vəziyyəti və aqibəti ilə kafirlərin vəziyyəti və aqibətini müqayisə edir. 39-cu ayədə kafirlərin şirkə bulaşmış əməlləri və ibadətləri ilğıma, özləri isə su istəyən, yanındakı şirin və dadlı sudan üz döndərən, onun xeyrini istəyib həmin sudan içməyə dəvət edən rəhbərə baxmayan susuz adama bənzədilir. O, ilğımı su zənn edib ona doğru hərəkət edir. Digər tərəfdən, əməllərin sona yetdiyi ölüm vaxtı belə təsvir edilir: həmin susuz adam ilğımı gördüyü yerə çatdıqda su tapmır, ancaq həmin yerdə onu şirin suya doğru istiqamətləndirən xeyirxah şəxsi görür. Kafirlər Allahı xatırlamaq, onları ilahi nura və xoşbəxtliyə nail edəcək saleh əməllər əvəzinə bütlərə və şirkə bulaşmış əməllərə üz tutur və bu əməllərin onları xoşbəxt edəcəyini düşünürlər. Bu həyat tərzini ömürlərinin sonuna qədər davam etdirirlər, nəhayət ölüm saatları çatır, axirət evinə köçürlər. Həmin gün bütlərdən heç bir əsər-əlamət qalmır, əllərində onları xoşbəxt edəcək hər hansı əməlin olmadığını görür, aqibətlərinin Allahın əlində olduğunu başa düşürlər. 40-cı ayədə kafirlər əməl cəhətdən zülmət qaranlıqlar içində böyük bir dənizdə səfərə çıxmış şəxsə bənzədilmişdir. Dənizin üzərinə qara buludlar və qorxulu dalğalar elə qaranlıq salmışdır ki, günəş, ay və ulduzlar görünmür. Yolçu belə bir qaranlıq içində yol gedir, onu sahilə çıxaracaq heç bir işıq belə görünmür. Günah və cahillik pərdələri də belədir; kafirlərin qəlbini elə bürüyür, onları maarf işığından elə məhrum edir ki, qəlbə işıq düşməsinə az da olsa yer qoymur. (Kafirlərin əməllərinin cəzasının necə olacağı ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: İbrahim surəsi, 18-ci ayə)[20]

  1. Mövcudatın Allaha tərif, həmd-səna deməsi: Bu barədə “İsra” surəsinin 44-cü ayəsində məlumat vermişik.
  2. Göydəki dağlar: Bu ayədəki “dağlar” sözü ilə bağlı bir neçə fikir mövcuddur. Daha ağlabatanı göydəki bulud topalarının dağlara bənzəməsidir. Aşağıdan onlara baxdıqda onların hamar olması təsəvvürü yaransa da, təyyarə ilə uçanlar buludların dağlar və dərələr, hündür və alçaqlıqlarla müşayiət olundğunu, yerdəki kimi orada da göyün hamar olmadığını öz gözləri ilə görürlər. Buna görə də onların dağ adlandırılması tam yerinə düşür[21].
  3. Allah gecə və gündüzü dəyişir. Bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
  4. Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi qarnı üzərində hərəkət edır, bəzisi iki ayaq, bəzisi də dörd ayaq üzərində yol yeriyir. Allah istədiyini yaradır. Çünki Allah hər şeyə qadirdir.
  5. Biz aydınlıq gətirən ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldir.
  6. “Allaha və Peyğəmbərə inanır, itaət göstəririk!” – deyirlər. Bu iddiadan sonra onlardan bir dəstəsi üz çevirir. Onlar mömin deyillər.
  7. Aralarında hökm vermək üçün Allahın və Onun elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir.
  8. Əgər haqlı olsalar, təslim olub sürətlə ona doğru gələrlər.
  9. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun elçisinin onlara haqsızlıq edəcəklərindənmi qorxurlar? Xeyr, onlar özləri zülmkarlardır.
  10. Aralarında hökm çıxarması üçün Allah və Onun elçisinin yanına çağırıldıqlarında möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!” – demələridir. Bunlar, məhz həqiqi nicat tapanlardır.
  11. Allaha və Onun elçisinə itaət göstərənlər, Allahdan qorxub əmrinə qarşı çıxmaqdan çəkinənlərdir məhz həqiqi qaliblər.
  12. Onlar son dərəcə təkidlə Allaha and içdilər ki, əgər sən onlara əmr etsən, onlar, mütləq, (evlərindən) çıxacaqlar (və canlarını ixlas tabağına qoyub təqdim edəcəklər). De: “And içməyin! Səmmiyyətlə itaət göstərin. Allah nə etdiyinizdən xəbərdardır”.

—————————————————————————————-

  1. Su canlıların ilk maddəsidir: Ayədə “ma” sözü ilə hansı suya işarə edilməsi təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. İrəli sürülən fikirlər arasında ikisinin daha düzgün olduğu görünür: 1. Su deyilərkən nütfə nəzərdə tutulur. Bu yozumun problemi bütün canlıların nütfədən yaranmamasıdır. Belə ki, təkhüceyrəli canlılar və bəzi heyvan növləri nütfədən deyil, hüceyrələrin parçalanmasından əmələ gəlir. Bu problem öz həllini iddianın ümumi deyil, növ prinsipinə əsaslanaraq irəli sürüldüyü qənaəti ilə tapa bilər. 2. Su deyilərkən ilk varlığın meydana gəlməsi nəzərdə tutulur. Bəzi hədislərə görə də Allahın ilk yaratdığı varlıq su olmuşdur. Allah insanları daha sonra həmin sudan yaratmışdır. Müasir elmi ehtimallara əsasən də ilk həyat cücərtiləri məhz dənizlərdə meydana gəlmişdir[22].

47-50. Münafiqlər Allah və Peyğəmbəri (s) qarşısında itaət göstərmək deyil, öz mənfəətlərinin axtarışındadırlar: Təfsirçilər bu ayələrlə bağlı iki nazilolma səbəbi qeyd etmişlər: 1. Minafiqlərdən birinin bir yəhudi ilə mübahisəsi düşür. Yəhudi zahirən müsəlman olan bu münafiqlə mübahisələrinə son qoyması üçün ona Peyğəmbərin (s) yanına getmələrini təklif edir. Lakin o qəbul etmir, əvəzində yəhudi olan Kəb ibn Əşrəfin yanına getmələrini təklif edir. Bəzi hədislərdə yazılanlara görə hətta o, açıq şəkildə bildirir ki, Mühəmməd bizim məsələdə ədalətli davranmaya bilər. Bu ayə nazil olur və bu cür şəxslər ciddi şəkildə məzəmmət edilir. 2. İmam Əli (ə) ilə səhabələrdən biri arasında mübahisə düşür. Mübahisəyə səbəb səhabənin Əlidən (ə) aldığı torpaq sahəsində çoxlu daşların olması olur. Alıcı bunu bəhanə edərək torpaq sahəsini geri qaytarmaq istəyir, ancaq Əli (ə) qəbul etməyib deyir: Mənimlə sənin aranda Allahın rəsulu (s) hökm çıxarsın. Münafiqlərdən olan Həkəm ibn Əbülas alıcıya deyir: Razılaşma. Çünki onun əmisi oğlunun yanına getsən, şübhəsiz ki, onun xeyrinə hökm çıxaracaq. Bu ayə nazil olur və həmin şəxs ciddi şəkildə məzəmmət edilir[23]. Şiələrdən biri İmam Baqirin (ə) yanına gəlib deyir: Əgər borc və irs məsələsi ilə bağlı iki şiə arasında mübahisə yaransa, zalım hökümətin hakiminə müraciət edə bilərlərmi? İmam buyurur: “Xeyr, onun hökmü zalımın hökmüdür. Əgər onun çıxardığı hökm doğru olsa belə, ona əməl etmək haramdır.” Həmin şəxs deyir: Bəs belə olan halda nə edək? İmam buyurur: “Bizim halal və haramlarımızda nəzər sahibi, hökmlərimizdən xəbərdar olan bir həmməzhəbinizin yanına gedin. Onun hökm çıxarmasına razı olun. Çünki mən onu sizin üçün hakim təyin etmişəm. Bu cür adamdan imtina edən şəxs bizdən imtina etmiş kimidir, eyni zamanda sanki Allaha şərik qoşmuşdur.” Bu hədisdən də bütün şərtləri özündə cəm etmiş müctehidin hökmünün eynilə imamların hökmü olduğu qənaətinə gəlirik. Deməli, onların çıxardıqları hökmdən imtina etmək olmaz. Digər tərəfdən isə, bütün şərtləri özündə cəm etmiş müctehiddən başqasının hökmünə tabe olmaq vacib deyil[24].

  1. Həqiqi qalib: Hədislərinin birində İmam Baqir (ə) “bu ayədə Əli (ə) nəzərdə tutulmuşdur”, – deyə buyurmuşdur. Şübhəsz ki, həzrət Əli (ə) ayənin ən bariz nümunəsdir, ancaq bu nümunə ayənin ümumi məzmununa əsla xələl gətirmir[25].
  2. De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər boyun qaçırsanız, (bilin ki,) o, ancaq öz əməllərinə cavabdehdir, siz də ancaq öz əməllərinizə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar çatdırmaqdır.
  3. Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi, onları da yer üzünün hakimləri edəcək, möminlər üçün bəyəndiyi dini möhkəmləndirəcək, qorxularını arxayınçılıq və rahatlıqla əvəz edəcəkdir. (Belə ki,) yalnız Mənə ibadət edəcək və heç nəyi Mənə şərik qoşmayacaqlar. Bundan sonra kafir olanlar fasiqlərdir.
  4. Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin.
  5. Kafirlərin yer üzündə Allahın əzabından yaxa qurtara biləcəklərini zənn etmə. Onların məskənləri oddur. Ora nə pis yerdir!
  6. Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayan uşaqlarınız üç vaxtda sizdən izn istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və işa namazından sonra. Bu üç xüsusi vaxt sizin üçündür. Qalan vaxtlarda (onların icazə almadan sizin yanınıza girməsində) sizə və onlara heç bir günah yazılmaz, bir-birinizin ətrafına dolanın. Allah ayələri sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir.

—————————————————————————————

  1. İmam Mehdinin (ə) zühur edəcəyi dövr Allah dininin mütləq hakim olacağı və Allaha tam ixlasla ibadət ediləcəyi dövrdür: Təfsirçilər bu ayədə kimlərə işarə edildiyi, hansı hökumətdən danışıldığı ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri ayədə Peyğəmbərin (s) səhabələrinə işarə edildiyini iddia etmişlər. Onlar hesab edirlər ki, Allahın vədi gerçəkləşmiş, möminlər yer üzünə hakim olmuşlar. Bu hökmranlıq özünü Peyğəmbərin (s) vəfatından sonra, Raşidi xəlifələri dövründə İslamın əldə etdiyi güc və qüdrətdə ifadə edir. Bəziləri bu ayənin bütün İslam ümmətinə şamil olduğunu iddia etmişlər. Onlar hesab edirlər ki, hökmranlıq deyilərkən İslam dininin qüdrətinin artması, müsəlmanlar üçün əmin-amanlıq yaranması, Peyğəmbərdən (s) sonra İslam xəlifələrinin hökmranlığı, İslam düşmənlərinin məğlubiyyətə uğraması nəzərdə tutulur. Əhli-beyt imamlarından (ə) təvatür həddə nəql edilmiş hədislərə əsaslanan bir çox təfsirçilər hesab edirlər ki, Allahın vədi deyilərkən həzrət Mehdinin (ə) əli ilə qurulacaq cahanşümul İslam dövləti nəzərdə tutulur. O həzrətin səyi nəticəsində bütün dünya, onu sarmış zülmdən azad olacaq, yerini ədalət tutacaq. Təfsirçilərin irəli sürdüyü fikirlər arasında ən düzü sonuncu fikirdir. Çünki bu ayəni tam şəkildə incələdikdə məlum olur ki, Peyğəmbərin (s) seçildiyi vaxtdan günümüzə qədər qeyd olunan yüksək və müqəddəs xüsusiyyətləri özündə ehtiva edən bu cür pak və təmiz cəmiyyət hələ formalaşmamış, dövlət qurulmamışdır. Allah-taala bu ayədə əməlisaleh möminlərə vəd verir ki, tezliklə sözün əsl mənasında saleh olan, küfr, nifaq və günah ləkəsi olmayan, fərdlərinin inanc və əməllərinə yalnız haqq dinin hakim olduğu, əmin-amanlıq içində yaşayan, daxili və xarici düşmənlərdən qorxusu olmayan bir cəmiyyət gətirəcəkdir. Belə bir cəmiyyət nümunəsi həzrət Mehdinin (ə) zühurundan sonra olacaq. Çünki Peyğəmbər (s) və imamların (ə) belə bir cəmiyyətin təşkil olunacağından bəhs edən təvatür həddə olan hədisləri də ayənin məzmunu ilə üst-üstə düşür. İmam Səccad (ə) bir dəfə bu ayəni oxuduqdan sonra belə buyurmuşdur: “And olsun Allaha! Onlar biz Əhli-beytin şiələridir. Allah-taala bu vədi bizdən olan bir kişi vasitəsilə gerçəkləşdirəcək. O, bu ümmətin Mehdisidir. O, həmin adamdır ki, Allah rəsulu onun haqqında “əgər dünyanın sonuna bircə gün də qalmış olsa belə, Allah həmin günü o qədər uzadacaq ki, nəslimdən mənimlə adaş olan bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalətlə dolduracaq”, – deyə buyurmuşdur.”[26]
  2. Ata və anaya aid olan xüsusi yerlərə girərkən icazə alınması: İctimai fəsad mənbələrinin, iffət və ismətə zidd olan əməllərin və bu kimi digər fəsadların kökünü kəsmək üçün cəza tədbirlərinin görülməsi və şallaq vurulması kfayət etmir. Onların qarşısı tərbiyəvi üsullarla, mədəni əxlaqi təlimlərlə alınmalıdır. Öncə sağlam mühit yaradılmalıdır. Cəza tədbiri məhz bu amillərlə yanaşı nəzərdə tutulur. Elə buna görədir ki, əslində, iffətdən bəhs edən bu surə zinakar kişi və qadınların şallaq cəzası ilə cəzalandırılmasından başlamış, sağlam ailə vasitələrinin təmin edilməsi, İslam hicabına riayət edilməsi, gözlərin harama baxmasının qadağan edilməsi, uşaqların ata və analara aid olan otaqlara girərkən icazə alması kimi mövzularla davam etdirilmişdir. Xidmətçilər də ev sahibinin otağına daxil olarkən icazə almalıdırlar. Yetkinlik yaşına çatmamış uşaqlara da öyrədilməlidir ki, ən azı üç vaxt icazə almadan ata və analarının otağına daxil olmasınlar. Bəzi sadəlövh psixoloqların iddialarının əksinə olaraq sübuta yetmişdir ki, uşaqlar bu mövzuda çox həssasdırlar. Bəzən elə olur ki, ata və ananın səhlənkarlığı, uşaqların görməli olmayacaqları mənzərə ilə qarşılaşması, bəzən onların əxlaq pozuntusuna, bəzən isə psixoloji xəstəlik tapmasına səbəb olur. Ata və analar bu məsələdə çox ciddi olmalıdırlar, uşaqları otağa girərkən icazə almağa adət etdirməlidirlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Uşaq beşikdən sizə baxarkən məbada cinsi əlaqədə olasınız.”[27]
  3. Sizin uşaqlar da həddi-buluğa çatanda özlərindən əvvəlkilər izn istədikləri kimi izn istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir.
  4. Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara camaat qarşısında özlərini bəzəmədən paltarlarını çıxarmalarının heç bir günahı yoxdur. Əgər özlərini örtsələr, onlar üçün daha xeyirli olar. Allah eşidəndir, biləndir.
  5. Kor, çolaq, bir də xəstəyə (sizinlə oturub çörək yedikləri üçün) günah yazılmaz. Sizin özünüzə də (xüsusi bir icazə olmadan) öz evlərinizdə (övladlarınız və həyat yoldaşlarınızın evləri də sizin eviniz sayılır), yaxud ata­­larınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, ya­­xud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları ixtiyarınızda olan evlərdə, yaxud dostlarınızın evlərində bir yerdə və ya ayrı-ayrılıqda yemək yeməkdə heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və pak bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.

——————————————————————————————

  1. Yaşlı qadınlar üçün hicab hökmü: Bu qrupun hicab hökmündən istisna edilməsi məsələsi İslam alimləri arasında mübahisə mövzusu deyil. Çünki Quranda bu məsələ aydın şəkildə qeyd edilmişdir. Amma irəli sürülən fikirlər onun xüsusiyyətləri ilə bağlıdır. Bütün fikirlər isə bir həqiqətə işarə edir. O da budur ki, qadınlar elə bir yaş həddinə çatırlar ki, həmin yaş həddində ümumiyyətlə, ailə qurmurlar. Təbii ki, nadir hallar üçün istisnaların olması danılmazdır. Yaşları ötmüş bu qadınlar bədənlərinin icazə verlən miqdarını örtməyə bilərlər. Hədislərdə bu hissələrə müxtəlif ifadələrlə işarələr edilsə də, Quranda üstüörtülü şəkildə onların üst paltarlarını çıxarmalarına açıq şəkildə icazə verildiyinin şahidi oluruq. Buna isə onlar bəzək-düzəkdən istifadə etmədikləri halda icazə verilir. Digər tərəfdən, onlara gizli zinətlərini də örtmələri və diqqət cəlb edən dəbdəbəli paltarlar geyinməmələri də vacibdir[28].
  2. Yemək yeyilməsinə icazə verilən evlər: Bu ayənin bəzi cümlələrinin izah edilməsinə ehtiyac var: 1. Kor, çolaq, bir də xəstəyə (sizinlə oturub çörək yedikləri üçün) günah yazılmaz. Mənbələrin yazdığına görə İslamdan əvvəl Mədinə camaatı kor, çolaq və xəstələrə onlarla bir süfrə arxasında oturmağa icazə verməz, onlarla yemək yeməz, buna nifrət edərmiş. Ancaq İslam gəldikdən sonra da bəzi insanların bu cür adamlarla bir yerdə yemək yeməməsinin səbəbi Cahiliyyət dövründə olduğu kmi nifrət deyil, etik və əxlaqi dəyərlər idi. Onlar hesab edirdilər ki, sözügedən şəxslərlə birlikdə yemək yedikləri zaman kor yeməyin yaxşı hissəsini görə bilmədiyi halda, onlar görür, çolaq və xəstə adam geri qaldığı halda, onlar daha tez-tez yeyə bilər ki, bu da onlara qarşı haqsızlıq olar[29]. 2. Sizin özünüzə də (xüsusi bir icazə olmadan) öz evlərinizdə…, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah yoxdur. Bu ayə möminlərə qohumları, ya onlara tapşırılmış evlər və ya dostlarının evlərindəki yeməklərdən onların özlərindən icazə almadan ehtiyac duyduqları qədər israfa yol vermədən yemək icazə vermişdir[30]. Çünki icazə verdikləri təqdirdə hər kəsin yeməyindən yemək icazəlidir. Ev sahibinin razı olacağı ehtimalı da bunun üçün yetərlidir. 3. Bir yerdə və ya ayrı-ayrılıqda yemək yeməkdə heç bir günah yoxdur. Mənbələrin yazdığına görə Cahiliyyət dövründə təklikdə yemək yemək ayıb sayılarmış. Hətta bəzən elə olurdu ki, kimsə möhkəm acdıqda yeməyini özü ilə gəzdirib, birlikdə yemək yeyib su içmək üçün adam axtarırdı. Ancaq İslam hər iki formaya icazə verir. Sözügedən ayə bu səbəbdən nazil edilmişdir[31].
  3. Hər hansı evə daxil olduğunuzda özünüzə salam verin: Burada evə daxil olarkən evdə olan hər kəsə salam verilməsi nəzərdə tutulur. Ayədə “ev əhlinə salam verin”, – deyə buyurulmamışdır. Ayə müsəlmanların bir olduğunu çatdırır. Hamı insandır, Allah hamını bir kişi və bir qadından yaratmışdır. Bundan başqa hamısı da mömindir, onların bir yerə toplaşmasına imanları səbəb olmuşdur. Möminlərin iman əlaqəsi ailə və sair əlaqələrdən daha güclü və möhkəmdir[32]. Bəzi təfsirçilər burada sakini olmayan evlərə işarə edildiyini bildirmişlər. Yaxşı olar ki, insan mənzilə daxil olarkən özü-özünə “əssəlamu aləyna və alə ibadillahissalihin” (bizə və Allahın saleh bəndələrinə salam olsun) – deyərək salam versin. Salam haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər “Nisa” surəsinin 86-cı ayəsinə baxa bilərlər[33].
  4. Həqiqi möminlər Allaha və Onun elçisinə iman gətirən, mühüm bir işdə onunla (Peyğəmbərlə) birlikdə olduqları vaxt onun icazəsi olmadan heç yerə getməyən şəxslərdr. Səndən icazə alanlar, həqiqətən, Allaha və Onun elçisinə iman gətirənlərdir. Elə isə əgər onlar bəzi mühüm işlər üçün səndən izn istəsələr, onlardan istədiyin kəsə izn ver və onlar üçün Allahdan bağışlanma dilə. Allah bağışlayandır, rəhimlidir.
  5. Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan başqalarının arxasında gizlənib biri digərinin arxasınca qaçanları bilir. Elə isə Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar.
  6. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və Onun hüzuruna qaytarılacağınız günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.

—————————————————————————————–

[1] Nümunə, c.14, səh.353

[2] Nümunə, c.14, səh.359

[3] Nümunə, c.14, səh.361

[4] Nümunə, c.14, səh.369

[5] Nümunə, c.14, səh.380

[6] Əl-Mizan, c.15, səh.90

[7] Əl-Mizan, c.15, səh.91

[8] Nümunə, c.14, səh.405

[9] Nümunə, c.14, səh.413

[10] Nümunə, c.14, səh.232

[11] Nümunə, c.14, səh.414

[12] Əl-Mizan, c.15, səh.108

[13] Nümunə, c.14, səh.429

[14] Əl-Mizan, c.15, səh.110

[15] Nümunə, c.14, səh.442

[16] Nümunə, c.14, səh.457-463

[17] Nümunə, c.14, səh.464

[18] Nümunə, c.14, səh.474

[19] Əl-Mizan, c.15, səh.128

[20] Əl-Mizan, c.15, səh.131

[21] Nümunə, c.14, səh.504

[22] Nümunə, c.14, səh.508

[23] Nümunə, c.14, səh.512

[24] Ətyəbül-bəyan, c.9, səh.548

[25] Nümunə, c.14, səh.523

[26] Əl-Mizan, c.15, səh.154

[27] Nümunə, c.14, səh.544-546

[28] Nümunə, c.14, səh.546

[29] Nümunə, c.14, səh.549

[30] Əl-Mizan, c.15, səh.164

[31] Nümunə, c.14, səh.554

[32] Əl-Mizan, c.15, səh.165

[33] Nümunə, c.14, səh.553

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir