Quran TəfsiriQURANI KƏRIM

“Taha” surəsi xülasə təfsiri və tərcüməsi

“Taha” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ta, Ha.
  2. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.
  3. Onu yalnız (Allahdan) qorxanlara xatırlatma olsun deyə göndərdik.
  4. (Bu Quran) yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur.
  5. Ərşə hakim olan Rəhman (tərəfindən).
  6. Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.
  7. Sən açıq-aydın danışsan da (danışmasan da, fərqi yoxdur). O, sirləri, (hətta) daha gizli olanı da bilir.
  8. O, Özündən başqa tanrı olmayan Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur!
  9. Musanın xəbəri sənə çatıbmı?
  10. O zaman o, (uzaqdan) bir od görüb ailəsinə demişdi: “Ayaq saxlayın! Mən bir od gördüm. Bəlkə ondan sizə bir köz gətirdim, ya da bu od vasitəsilə bir yol tapdım!”
  11. Oda yaxınlaşdıqda bir səs gəldi: “Ey Musa!
  12. Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

—————————————————————————————

  1. İman və gözəl əməlin cazibəsi: İman və saleh əməl qeyri-adi cazibəyə malikdir. İnsanın ruhuna, fikrinə, danışığına və əməlinə yansıyan təkallahlıq inancı və peyğəmbərinə etiqad, yüksək əxlaq, təqva, təmizlik, paklıq, düzlük, dürüstlük, əmanət, şücaət, fədakarlıq, güzəşt formalarında təzahür edir, nəticədə, yüksək cazibə və çəkicilik yaradır. Hətta günaha aludə olmuş insanlar da pak insanlardan zövq alır, özləri kimi pak olmayanlara nifrət edirlər. Buna görə də özlərinə ortaq seçmək istədikdə ortaqlarının pak, nəcib, əmanətdar və dürüst insan olmasına üstünlük verirlər. Bu, təbii haldır, eyni zamanda Allahın mömin və saleh bəndəsinə bəxş etdiyi, bir ucu o dünyaya qədər uzanıb gedən ilk mükafatıdır. Bu ayənin nazilolma səbəbi ilə bağlı Peyğəmbərdən (s) nəql edilmiş çoxlu sayda hədis ayənin İmam Əli (ə) haqqında nazil olduğunu göstərir. Hədislərinin birində Peyğəmbərin (s) İmam Əliyə (ə) belə buyurduğu qeyd edilmişdir: “De: Ey Rəbbim! Mənim üçün dərgahında bir əhd təyin et və məhəbbətimi möminlərin qəlbinə sal!” Elə bu vaxt sözügedən ayə nazil olmuşdur. Bəlkə də İmam Əlinin (ə) aşağıdakı hədisinin məzmunu məhz elə bu həqiqətlə işarədir: “Əgər bu qılıncla bir möminin burnuna vursam, mənimlə düşmənçilik etməyəcək. Əgər məni sevməsi üçün bütün dünyanı münafiqə versəm, məni sevməz. Çünki Allahın hökmü təhsil almamış Peyğəmbərin (s) dilindən cari olmuş və o həzrət belə buyurmuşdur: Ya Əli, mömin səninlə düşmənçilik etməz, münafiq isə səni sevməz” Əlbəttə, bu ayənin Əli (ə) haqqında nazil olması onun məzmununun bütün möminləri əhatə etməsinə mane olmur[1].

“Taha” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu ümumiləşdirərək beş yerə bölmək olar: 1. Quranın əzəməti ilə bağlı qısa bir anotasiya, Allahın əzəmət və gözəllik bildirən dəlilləri; 2. Həzrət Musanın (ə) səksəndən çox ayəni əhatə edən əhvalatı; 3. Öldükən sonra dirilmə və dirilmənin xüsusiyyətlərinin bir hissəsi; 4. Quran və onun əzəməti; 5. Adəm və Həvvanın əhvalatı; 6. Bütün möminlərə ünvanlanmış ayıldıcı nəsihət[2].

  1. Ta, Ha: Müqəttəə hərfləri ilə bağlı “Bəqərə” surəsinin birinci ayəsinin təfsirində açıqlamalar vermişik. Təfsirçilər bu ayə ilə bağlı diqqət tələb edən fikirlər söyləmişlər. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Taha” Peyğəmbərin (s) adlarından biridir. Hərflərin simvolizə etdiyi məna belədir: “Talibul-həqq, əl-Hadi iləyh” (haqqı tələb edən, ona doğru yönləndirən). “Taha” da “Yasin” kimi tədricən İslam peyğəmbərinin adlarından birinə çevrilmişdir. Hətta Peyğəmbər ailəsinə (ə) də Taha ailəsi deyilmişdir. “Nüdbə” duasında həzrət Mehdi (ə) “ey Tahanın oğlu”, – deyə çağırılır[3].
  2. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən: Bu ayənin nazilolma səbəbini ehtiva edən çoxlu sayda hədislərdə bildirilir ki, Quran və vəhy nazil olduqdan sonra İslam peyğəmbəri (s) çox ibadət edirdi. Ayaq üstə dayanıb o qədər ibadət edir ki, ayaqları şişir. İbadətinə davam etmək üçün bəzən ağırlığını bir, bəzən də digər ayağının üzərinə salır, bəzən dabanı, bəzən də pəncəsi üzərində dayanır. Bu ayə nazil olur və Peyğəmbərə (s) özünü çox da əziyyətə salmamaq göstərişi verilir[4].
  3. Peyğəmbərliyə təyin edildiyi gecə Musanın (ə) vəziyyəti: Tarixi mənbələrin yazdığına görə Musa (ə) ilə Şüeybin (ə) razılaşması sona yetdikdən və Mədyəndə qalma müddəti başa çatdıqdan sonra həyat yoldaşını, övladını və qoyunlarını götürüb Misirə doğru yola düşür. Gecənin qaranlığında yolu itirir, qoyunları pərən-pərən düşür. Qızınmaq üçün ocaq qalamaq istəsə də, ocaq yanmır. Bu əsnada hamilə olan yoldaşının doğuş sancıları başlayır. Musa (ə) demək olar ki, bir-birinin üstünə gələn hadisələr burulğanına düşür. Bu vaxt diqqətini uzaqdan bir şölə cəlb edir. Əslində, ilahi nur olan bu şöləni od zənn edən Musa (ə) yolu tapmaq və od götürmək üçün həmin işığa doğru yola düşür[5].
  4. Mən səni seçdim. İndi sənə vəhy olunanı dinlə!
  5. Mən Allaham. Məndən başqa məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!
  6. Qiyamət, mütləq, gələcək! Hər kəsə səy və fəaliyyətinin əvəzi verilsin deyə, onu gizlədirəm.
  7. Ona inanmayan və nəfsinin istəklərinə uyan heç kimsə səni ondan yayındırmasın, yoxsa məhv olarsan!
  8. Ey Musa, sağ əlindəki nədir?”
  9. Dedi: “Bu, mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq tökürəm. Bu, mənə başqa işlər görmək üçün də lazım olur”.
  10. Buyurdu: “Onu (yerə) at, ey Musa!”
  11. Musa onu atdı və o, dərhal əjdaha olub sürətlə sürünməyə başladı.
  12. Buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.
  13. Əlini qoynuna sal ki, qüsursuz, bəmbəyaz çıxsın. Bu, başqa bir möcüzədir.
  14. (Belə etdik) ki, sənə ən böyük möcüzələrimizdən (bir neçəsini) göstərək.
  15. Fironun yanına get! Çünki o, həddini aşmışdır”.
  16. (Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!
  17. İşimi yüngülləşdir!
  18. Dilimdəki düyünü aç ki,
  19. sözümü anlasınlar!
  20. Mənə öz ailəmdən bir vəzir təyin et –
  21. Qardaşım Harunu!
  22. Onunla arxamı möhkəmlət!
  23. Onu işimə ortaq et ki,
  24. Sənə çoxlu təriflər deyək
  25. və Səni çox yad edək.
  26. Çünki Sən hər zaman bizdən xəbərdar olmusan!”
  27. Buyurdu: “Ey Musa! Dilədiyin sənə verildi.
  28. Sənə yenə də mərhəmət göstərib nemət bəxş etdik.

—————————————————————————————–

  1. Namaz xatırlama amilidir: Bu ayədə namazın mühüm fəlsəfələrindən birinə, yəni xatırlama amilnə işarə edilmişdir. Bu dünya həyatının unutqanlıq yaradan amillərinin əhatəsində insanın ona müxtəlf zaman fasilələrində Allahı, Qiyaməti, peyğəmbərlərin çağırışını, yaranışın məqsədini xatırladacaq, onu qəflət girdabında batmaqdan qoruyacaq bir vasitəyə ehtiyacı var. Namaz bu mühüm vəzifəni reallaşdıran bir vasitədir. İnsanı bu dünyanın bütün hər bir şeyindən təcrid edən yuxudan sonra qılınan sübh namazı, gündüz vaxtının iş-gücünün qızğın vaxtında qılınan günorta namazı, gündüz vaxtının iş və fəaliyyətindən sonra, istirahətə başlamazdan əvvəl qılınan axşam namazı insanı yaradana istiqamətləndirir, ona Allahı və yaradılışın məqsədini xatırladır[6].
  2. Qiyamət vaxtının gizli saxlanmasının səbəbi: Bu ayəyə əsasən Qiyamət günü hər bir kəsə göstərdiyi səy və fəaliyyətlərə uyğun əvəz verilməsi üçün gizli saxlanmışdır. Başqa sözlə desək, Qiyamət günü gizli saxlanmaqla hamıya bir növ sərbəst şəkildə əməl etmək imkanı yaranır. Digər tərəfdən, Qiyamət gününün vaxtı dəqiq məlum olmadığı, hər bir vaxt baş verə biləcəyi mümkün olduğu üçün daimi hazırlıq vəziyyətində olmaqla və ya tərbiyə proqramının daha sürətlə qəbul edilməsi ilə nəticələnir. Qədr gəcəsi də eynilə belədir. Bu gecə ona görə məxfi saxlanılır ki, insanlar ilin və ya Ramazan ayının bütün gecələrinə ehtiramla yanaşıb Allah dərgahına üz tutsunlar[7]. Eyni məntiq ölümə də aiddir. Qiyamət kimi, əcəl vaxtı da insanlara məlum deyil, hər an baş verə bilər. Onu bəlkə də hər bir kəsin Qiyamətinin başlanğıcı hesab etmək olar. Belə ki, hədislərin birində belə deyilir: “İnsan öldükdə Qiyaməti başlayır”[8].
  3. Ağappaq əl: Deyilənə görə Musa (ə) əlini yaxasına salıb çıxardıqdan sonra əli günəş kimi işıq saçırmış[9]. Ayədə ona görə “qüsursuz” sözü işlənib ki, əlin xəstəlik səbəbilə ağarması şübhəsi yaranmasın. Bu, bir anlıq meydana çıxıb sonra yox olan bir parıltı olmuşdur[10].
  4. Köksün genişliyi: Bu ayədə insanın köksü görünən və dərk edilənlərin tökülüb sirr kimi gizlədildiyi bir qaba bənzədilmişdir. İnsanın tab gətirə bilməyəcəyi böyük bir hadisə baş verdiyində köksü daralır, onun genişlənməsinə ehtiyac duyur. Musaya (ə) bu ağır missiya tapşırıldıqdan sonra o, Firon tərəfdarları, hətta öz qövmü qarşısında hansı çətinliklərlə qarşılaşacağını yaxşı bilirdi. Buna görə də Allahdan tutumunun daha böyük olmasını istəmişdir[11].

25-36. Ümmətə rəhbərlik etmək üçün dilənən dəqiq istəklər: Musanın (ə) bu ayələrdə Allahdan dilədiyi istəklər, yəni güclü iradə, söz demək qüdrəti, ilahi yardımlar, etibarlı bir dosta malik olmaq, azğın cəmiyyəti dəyişmək, mənəvi və humanist dəyərlərə malik bir cəmiyyət yaratmaq üçün açıq şəkildə ehtiyac duyulan faktorlardır. Bu, onu göstərir ki, hətta peyğəmbər təyin olunmazdan əvvəl belə, Musa (ə) çox ayıq bir adam olmuş, üzərinə düşən məsuliyyətin bütün yönlərindən xəbərdar olmuşdur. Sünni və şiə mənbələrində mövcud olan hədislərdə İslam peyğəmbərinin (s) də öz məqsədlərini həyata keçirmək üçün Allahdan eyni istəkləri dilədiyi qeyd edilmişdir. Sadəcə, Peyğəmbər (s) Harun (ə) adının yerinə Əlinin (ə) adını çəkmişdir[12].

33-34. Həzrət Musanın (ə) istəklərinin əsas qayəsi: Həzrət Musanın (ə) istəklərinin əsas qayəsini Allahı çoxlu-çoxlu yad etmək, ona tərif demək təşkil edir. Allaha tərif demək Allahın şirk və nöqsanlardan uzaq olduğunu ifadə etməkdən ibarətdir. Musanın (ə)  məqsədi “sübhanəllah” (Allah eyib və nöqsanlardan uzaqdır) cümləsini təkrar-təkrar demək deyil, onun şirkə bulaşmış inancları beyinlərdən yuması, şirk əlamətlərini cəmiyyətdən təmizləməsi, insanların etiqad və əməllərində Allahın xatırlanmasını diriltməsi olmuşdur[13].

  1. Anana lazım olanı vəhy etdiyimiz zaman belə vəhy etdik:
  2. “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (qullarım arasında) sənə məhəbbət oyatdım.
  3. Bacın gedib: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” dedyi zaman ananın gözü aydın olsun və qəm yeməsin deyə, səni ona qaytardıq. Sən bir nəfəri öldürdün. Biz səni qəm-qüssədən qurtardıq. Biz səni sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş vaxtda buraya çatdın, ey Musa!
  4. Mən səni Özüm üçün hazır etdim!
  5. Sən və qardaşın ayələrimlə gedin və Məni xatırlamaqda səhlənkarlıq etməyin.
  6. Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.
  7. Onunla yumşaq danışın. Bəlkə xatırlasın, yaxud da qorxsun!”
  8. Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizi qabaqlayacağından və ya həddini aşmasından qorxuruq”.
  9. Buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!
  10. Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz Rəbbin tərəfindən sənə aşkar əlamət gətirmişik. Doğru yolla gedənlərə salam olsun!
  11. Bizə vəhy olunub ki, əzab (Allahın ayələrini) yalan sayıb üz döndərənlərə veriləcəkdir!”
  12. (Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?”
  13. Dedi: “Rəbbimiz hər bir varlığa mövcud olması üçün lazım olan hər bir şeyi verib sonra da doğru yolu göstərəndir!”
  14. Dedi: “Bəs əvvəlki nəsillərin vəzyyəti necə olacaq?”

—————————————————————————————-

  1. Quranda vəhyin mənaları: “Vəhy” yavaş səsə, pıçıltıya və ya nəyinsə astadan və pıçıltı ilə deyilməsinə deyilir. Bu söz Quranda müxtəlif mənalarda – bəzən simvolik işarə (Məryəm – 11), bəzən instinktiv ilham (Nəhl – 68), bəzən genetik əmr (Zilzal – 5), bəzən peyğəmbər olmasalar belə, Allahın mömin bəndələrin qəlbinə göndərdiyi ilham mənasında işlənmişdir. Sözügedən ayədə “vəhy” sözü məhz sonuncu mənada işlədilmişdir. Ümumiyyətlə, “vəhy” sözünün Quranda işlədilən ən mühüm mənalarından biri peyğəmbərlərə aid olan ilahi ismarışlardır[14].
  2. Musa (ə) doğulduğu vaxt İsrail oğullarının kritik vəziyyəti: Quranın digər ayələrindən belə məlum olur ki, Firon İsrail oğullarının gücünün, qüdrətinin və ehtimal olunan üsyanının qarşısını almaq üçün onları ciddi təzyiq altında saxlayırdı. Bir qrup tarixçi və təfsirçinin yazdığına görə, Firon Bəni-İsraildə dünyaya gələcəyi və Firon hakimiyyətinə son qoyacağı öncədən xəbər verilmiş uşağın dünyaya gəlməsinin qarşısını almaq üçün oğlan uşaqlarının qətlə yetirilməsinə, qız uşaqlarının isə kənizlik etmələri üçün diri saxlanılmasına əmr vermişdi. Musa (ə) məhz belə bir şəraitdə dünyaya gəlmişdi. Anası övladına görə çox qorxurdu. Bu vaxt Musanı böyük inqilab üçün seçmiş Allah anasının qəlbinə belə bir ilham göndərir: “Bundan sonra onu bizə həvalə et, bax gör onu necə qoruyacaq və sənə geri qaytaracağıq”[15].
  3. Musaya qarşı hər kəsdə sevgi yaranması: Hədislərinin birində İmam Baqir (ə) belə buyurmuşdur: “Musa dünyaya gəldikdə və anası körpənin oğlan olduğunu gördükdə üzünün rəngi dəyişir. Mamaça: “Rəngin nə üçün dəyişdi?” – deyə soruşduqda deyir: “Oğlumun başının kəsiləcəyindən qorxuram”. Mamaça deyir: “Əsla qorxma!” Musa elə görkəmə malik idi ki, görənləri özünə məftun edirdi.” Onu Firon sarayında qoruyan da məhz bu məhəbbət olmuşdur[16].
  4. Allahın Musa (ə) haqqında buyurduğu ən sevgi dolu söz: “İstina” nəyinsə düzəlməsi və islah edilməsində israr edilməsinə deyilir. Əslində, ayənin mənası belə olur: Səni sanki Özüm üçün istəyirmiş kimi hər cəhətdən islah etdim. Bu, Allahın Musa (ə) haqqında buyurduğu ən sevgi dolu sözdür. Filosofların təbirincə desək, “Allah hər hansı bəndəni sevdiyində ona dostun-dosta bəslədiyi kimi rəğbət bəsləyir.”[17]
  5. Hətta düşmənlə də mülayim davranmaq: Quranın hökmünə görə azğın və günahkar olmalarına baxmayaraq, insanların qəlbinə nüfuz etmək üçün ilk öncə onlarla mülayim davranmaq lazımdır. Hətta bəzi hədislərdə Musaya (ə) Fironu ən yaxşı adı ilə çağırmaq göstərişi verildiyini görürük[18].
  6. Allahın tanıtdırılma dəlilləri: Musa (ə) bu ayədə yaradılış və varlıq aləminin iki əsas prinsipinə işarə etmişdir. Bu prinsiplərin hər biri Allahın tanıtdırılması üçün parlaq və müstəqil dəlildir. Birincisi budur ki, Allah hər bir varlığa ehtiyac duyduğu hər bir şeyi vermişdir. İkincisi, mövcudatın yönləndirilməsi və onlara rəhbərlik məsələsidir. Bu aspektin ehtiyacların təminindən sonrakı mərhələyə aid olduğunu ifadə etmək üçün cümlədə “summə” (sonra) zərfindən istifadə edilmişdir. Yəni Allah-taala mövcudata həyat üçün lazım olan bütün vasitələri bəxş etdikdən sonra onlara öz həyatlarını davam etdirmək üçün bəxş edilmiş güclərindən düzgün və dəqiq şəkildə necə istifadə etmək üsulu öyrədilmişdir. İnsanlar da bu genetik yönləndirilmə ilə təchiz edilmişlər. Ancaq insanlar ağıl, ixtiyar, vəzifə, məsulyyət və heyanların sahib olmadığı kamilləşmə proqramlarına sahib olduqları üçün genetik yönləndirilmə ilə yanaşı dini yönləndirilməyə də möhtacdırlar[19].
  7. Dedi: “Onlara aid olan məlumat Rəbbimin yanında olan bir kitabda qeyd edilmişdir. Rəbbim əsla xəta etmir və unutmur!”
  8. O, yer üzünü sizin üçün istirahət məkanı etmiş, orada sizin üçün yollar salmış və göydən müxtəlif növ bitkilər bitirdiyimiz su endirmişdir.
  9. Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Bunlarda başa düşənlərdən ötrü dəlillər vardır.
  10. Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytaracaq və bir daha oradan qaldıracağıq.
  11. Biz dəlillərimizin hamısını ona (Firona) göstərdik. O isə yalan sayıb qəbul etmədi.
  12. Dedi: “Musa! Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən?
  13. Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir məkanda olsun”.
  14. Dedi: “Görüş vaxtınız “Bəzək” (bayram) günüdür. Bir şərtlə ki, gün qalxdığı vaxt hamı bir yerə toplaşsın.”
  15. Firon məclisi tərk etdi, sonra da bütün hiylə və kələklərini toplayıb gəldi.
  16. Musa onlara dedi: “Vay olsun sizə! Allaha qarşı yalan uydurmayın, yoxsa O, sizi əzabla məhv edər. İftira yaxan məyus (və məğlub) olar!”
  17. Onlar öz aralarında davam edib-etməməklə bağlı mübahisə edib xəlvətcə söhbətləşdilər.
  18. Dedilər: “Bu ikisi doğrudan da sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və nümunəvi ənənənizə son qoymaq istəyir.
  19. Odur ki, bütün gücünüzü və hiylələrinizi birləşdirib (mübarizə meydanına) bir yerdə gəlin. Bu gün öz üstünlüyünü sübuta yetirən şəxs xilas olacaqdır”.

————————————————————————————

  1. Fironun şübhəsinə Musanın (ə) cavabı: Həzrət Musa (ə) 48-ci ayədə dirilmə, cəza və mükafat mövzularını açıq şəkildə bəyan edir. Dirilməni inkar edən digər müşriklər kimi Firon da təəccüblə soruşur: “Ölüb məhv olmuş, artıq heç bir əsər-əlamətləri qalmayan keçmiş nəsillərin vəzyyəti necədir? Yalnız quru adları qalmış və əfsanəyə çevrilmiş bu insanlar əməllərinin cəza və mükafatını necə görürlər?” Musa (ə) bu şübhəyə belə cavab verir: “Keçmiş nəsillərin mükafat və cəzasını vermək onlardan xəbəri olmayan üçün çətindir. Ancaq elmi bütün zaman və məkanları əhatə edən Allah üçün bu, çətin deyil, o, keçmiş və gələcəkdən xəbərdardır.”[20]
  2. Allahın dörd nemətinin qeyd edilməsi: Bu ayədə Allahın dörd nemətinə işarə edilmişdir: 1. İnsanın istirahət və rahatlıq məkanı olan yer. Cazibə qanunu və yeri əhatə edən böyük hava qatı sayəsində insan yer üzündə rahat və əmin-amanlıq içində yaşaya bilir. 2. Allahın yer üzündə yaratdığı yollar bütün regionları bir-birinə birləşdirir. Göylərə ucalmış dağların arasında dərələr və yollar mövcuddur. İnsanlar bu yollarla öz məqsədlərinə çata bilərlər. 3. Allah göydən həyat və bərəkət mənbəyi olan su endirmişdr. 4. Bir hissəsi qidalanmaq, bir hissəsi paltar üçün xammal, bir hissəsi dərman və sair vasitələr üçün yararlı olan müxtəlif bitkilər[21].
  3. İnsanın torpaqdan yaranmasına diqqət: Hamımızın torpağa qayıdışı və oradan qalxacağı tamamilə aydındır. Bizim torpaqdan necə yaranmağımızla bağlı iki yozum mövcuddur. Birincisi, biz hamımız Adəmdən (ə) törəmiş, o isə birbaşa torpadan yaranmışdır. İkincisi, hətta biz özümüz də torpaqdan götürülmüşük. Çünki özümüz və ata-analarımızın bədənini təşkil edən qida maddələrinin hamısı torpaqdan qaynaqlanır. Bu, bütün həddini aşmışlara və fironsifətlərə bir xatırlatmadır. Heç kəs haradan gəlib, haraya gedəcəyini unutmamalıdır. Dünən torpaq olmuş, sabah da torpaq olacaq bir varlığın bütün bu lovğalığı, təkəbbürü və həddini aşmasının səbəbi nədir? Bir gün bir nəfər İmam Əlidən (ə) namazların hər bir rükətində edilən iki səcdənin mənasını soruşdquda İmam (ə) buyurur: “Birinci səcdənin mənası budur ki, alnını səcdəyə qoyarkən demək istəyirsən ki, İlahi, mən ilk başlanğıcda bu torpaqdan yaranmışam. Başını qaldırdıqda demək istəyirsən ki, məni bu torpaqdan çıxarmısan. İkinci səcdənin mənası budur ki, məni yendən torpağa qaytaracaqsan. Başını səcdədən qaldırdıqda demək istəyirsən ki, məni yenidən bu torpaqdan qaldıracaqsan.”[22]
  4. Bəzək günü: Şübhəsiz ki, bu ifadə ilə vaxtı bizə dəqiq məlum olmayan bir bayram gününə işarə edilmişdir. Bizə məlum olan budur ki, insanlar həmin gün işləməz və bu mərasimdə iştirak etmək üçün hazırlanarmışlar[23].
  5. Firon tərəfindən insanların dini hisslərinin təhrik edilməsi: Firon ənənə deyərkən həmin vaxt Misirdə mövcud olan dualist dini inancı, daha çox da qibtilər tərəfindən məbud qəbul edilən tanrıları, xüsusilə də Fironu nəzərdə tuturdu. O, bununla insanların dini təəssübkeşliyini təhrik etmək istəyirdi. Çünki insanlar hər nə olursa-olsun atalarının dinini, xüsusilə də adət etdikləri, pak və səmavi olduğunu düşündükləri bu dini müqəddəs sayırdılar. Firon onlara böyüklüklərinin öz dinlərində olduğunu bəyan edir və bildirir ki, əgər Musanın sözlərini qəbul etsələr, əzəmətləri puç olacaq[24].
  6. (Sehrbazlar) dedilər: “Ey Musa! Əvvəl sən (əsanı) atırsan, yoxsa birinci atan biz olaq?!”
  7. Dedi: “Əvvəl siz atın!” Bu vaxt sehrləri sayəsində kəndirləri və əsaları elə təsir bağışlayırdı ki, sanki hərəkət edirdi.
  8. Musa ürəyində gizli bir qorxu keçirdi (ki, məbada insanlar yollarını azsınlar!)
  9. Dedik: “Qorxma, sən şübhəsiz ki, (qalib və) üstünsən!
  10. Sağ əlində olanı yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə hara gedirsə-getsin, xilas olmaz”.
  11. (Musa əlindəkini atdı və əsa onların bütün qurduqlarını uddu.) Sehrbazlar hamısı səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”
  12. (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl Ona iman gətirdiniz? Şübhəsiz ki, o, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!”
  13. Dedilər: “Bizi yaradana and olsun ki, səni bizə gələn bu aydın dəlillərdən əsla üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünya həyatında hökm verə bilərsən!
  14. Biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allah daha xeyirli və daha daimidir!”
  15. Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. Orada nə ölər, nə də yaşayar.
  16. Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –
  17. ağacları altından çaylar axan əbədi Cənnət bağları. Orada əbədi qalarlar. Bu, özlərini təmizləyənlərin mükafatıdır.

—————————————————————————————

  1. Fironun sehrbazları nə etdi? Təfsirçilərin çoxunun yazdığına görə sehrbazlar kəndir və əsaların içinə civə tökmüşdülər. Günəşin istisi altında civənin qızması kəndir və əsaların qeyr-adi çevikliklə hərəkət etməsinə səbəb olurdu. Şübhəsiz ki, bu hərəkətlilik həqiqi hərəkət deyildi. Sehrbazların insanlara etdiyi təlqinlər və burada yaratdıqları xüsusi mühit insanların gözündə onların canlanması və hərəkət etməsi təəssüratı yaradırdı. Ümumiyyətlə, sehr müxtəlif vasitələrlə, o cümlədən gözbağlıca və hiylə, təlqinlər, cisimlərin fiziki və kimyəvi xassələri, bəzən isə şeytanların yardımları vasitəslə həyata keçirilir. Əlbəttə, keçmişdə sehr və cadu kmi təqdim edilən davranışların çoxunun sirri bu gün açılmış və bu davranışlar artıq sehr və cadu hesab edilmir. Sehrin əsl həqiqətinə gəldikdə isə, onu inkar etmək olmaz. Sehr İslamda haram və böyük günahlardan hesab edilir. Əlbəttə, digər hallarda olduğu kimi, sehrin də istisnaları vardır. Belə ki, yalandan peyğəmbərlik iddiası edənlərin iddialarını puça çıxarmaq və ya sehr nəticəsində zərər çəkmiş insanları sehrdən xilas etmək üçün onu öyrənmək icazəli, hətta bəzi məqamlarda vacibdir[25].
  2. Musanın (ə) qorxusu nədən idi? Musanın (ə) ürəyində keçirdiyi qorxu hissinin səbəbi sehrbazların yaratdığı qorxulu səhnə deyildi. O, əslində, insanların bu qorxulu səhnənin təsiri altına düşəcəyindən və Musanın (ə) onları asanlıqla haqq yola qaytara bilməyəcəyindən, ya da Musa (ə) öz möcüzəsini göstərməyə macal tapmamış onların meydanı tərk edəcəklərindən, ya da haqqın aşkar olmasının qarşısını almaq üçün onların meydandan çıxarılacağından qorxurdu[26].

69-70. Sehrlə möcüzənin fərqi: O vaxta qədər belə bir səhnə ilə qarşılaşmamış, sehri sehr olmayandan ayırmağı bacaran sehrbazlar əmin oldular ki, Musanın (ə) göstərdiyi yalnız ilahi möcüzədir və Musa (ə) onları Allah yoluna dəvət etmək üçün göndərilmiş bir peyğəmbərdir. Buna görə də ruhlarında böyük bir çevriliş yarandı və Musanın (ə) dəvətini qəbul etdilər. Ümumiyyətlə, sehrbazın sərgilədiyi bacarığın əsasında məhdud insan qüvvəsi dayandığı halda, möcüzə sonsuz ilahi qüdrətdən qaynaqlanır. Sehrbaz məhdud çərçivədə işlər görə bilsə də, insan gücünün fövqündə heç nə edə bilməz. O, yalnız məşqlər vasitəsilə yiyələndiyi işləri reallaşdıra bilər. Bundan kənarda hər hansı hərəkəti göstərə bilməz. Peyğəmbərlərə gəldikdə isə, onlar Allahın sonsuz qüdrətindən bəhrələndikləri üçün istənilən xariqəni yarada bilərlər. Sehr azğınlıq və hiylə üzərində qurulduğu üçün sehrbazlar da hiyləgər və saxtakar insanlar hesab edilirlər. Halbuki ixlas, səmimiyyət, paklıq, dürüstülk peyğəmbərlərin möcüzələri ilə çulğalaşmış və onların gücünü artıran bir dəlildir[27].

  1. Sehrbazların Firon tərəfindən məcbur edilməsi: Bu ayədən belə məlum olur ki, Fron sehrbazları Musa (ə) ilə mübarzə aparmağa və sehr göstərməyə məcbur edirdi. Bu məcburiyyət ya onlar öz şəhər və məmləkətlərindən gətirilərkən, ya da Musa (ə) onlara xitab edib bəzilərinə təsir göstərdiyi, nəticədə, onların arasında mübahisə düşdüyü vaxt baş vermiş, nəhayət, Musa (ə) ilə mübarizə aparmağa məcbur edilmişdilər (62-ci ayə)[28].
  2. Ölüm və həyatın olmadığı yer: Cəhənnəmdə əzaba məruz qalanların bu əzabdan xilas olmasına səbəb olacaq ölüm olmayacaq. Belə ki, “Zuxruf” surəsinin 77-ci ayəsində belə buyurulmuşdur: “Onlar çağırıb deyəcəklər: “Ey Cəhənnəmin maliki! Rəbbinin canımızı almasını arzu edirik”. O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək.Habelə Cəhənnəm əhlinin orada ləzzət alacaqları, ixtiyar və qüdrət sahibi olacaqları bir həyat da mövcud deyil. Nə varsa, yalnız əzab-əziyyətdən ibarətdir[29].
  3. Biz Musaya: “Gecə vaxtı qullarımı özünlə apar və onlar üçün dənizdə quru yol aç. Nə onların təqibindən qorxacaqsan, nə də dəryada boğulmaqdan!”– deyə vəhy etdik.
  4. Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları tamamilə batırdı.
  5. Firon öz qövmünü haqq yoldan azdırdı və doğru yola yönəltmədi.
  6. Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfində sizinlə vədləşdik. Sizə “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) endirdik.
  7. Sizə verdiyimiz pak ruzilərdən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə tuş gəlmiş şəxs isə süquta uğrayar.
  8. Mən tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.
  9. “Ey Musa! Camaatının qabağına düşüb tələsməyinə nə səbəb oldu?”
  10. Dedi: “Ey Rəbbim! Onlar mənim arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim!”
  11. Buyurdu: “Səndən sonra camaatını sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”.
  12. Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey camaatım! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Mənim sizdən ayrı olduğum müddət uzunmü sürdü? Yoxsa mənə verdiyiniz vədə xilaf çıxıb Rəbbinizdən sizə bir qəzəb gəlməsini istədiniz?”
  13. Dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Biz o xalqın özümüzlə gətirdiyimiz zinət əşyalarını (oda) atdıq. Samiri bizə (azğın fikirlərini) beləcə təlqin etdi”.

——————————————————————————————–

  1. Musanın (ə) Fironla mübarizəsinin son mərhələsi: Bu və sonrakı ayədə Musanın (ə) Fironla olan mübarizəsinin son mərhələsinə, yəni İsrail oğullarının Misirdən çıxarılmasına işarə edilmişdir. İsrail oğulları vəd olunmuş torpaqlara (Fələstinə) doğru hərəkət etdlər. Ancaq Nilin sahilinə çatdıqlarında Fironun ardıcılları bundan xəbər tutdular. Firon böyük bir qoşunla onları təqib etməyə başladı. İsrail oğulları özlərini Nil ilə düşmən qoşunlarının mühasirəsində gördülər. Bir tərəfdə böyük Nil çayı, digər tərəfdə isə qana susamış qəzəbli və güclü düşmən ordusu dayanmışdı. Allahın istəyi isə fərqli idi. Allah zülmə məruz qalmış bu imanlı camaatın zalımların əlindən xilas, eyni zamanda zülmkarların məhv olmasını istəyirdi. Diqqət çəkən məqam ondan ibarətdir ki, Allah-taala “Nil çayında bir yol aç” deyil, məhz “dənizdə quru yol aç” – deyə buyurmuşdur. Bildiyimiz kimi, çay və ya dənizin suyu çəkildiyində su çəkilən yerdən bir müddət keçmək olmur. Ayə bunu göstərir ki, açılan yol Allahın əmri ilə quru olmuşdur[30].
  2. Mənn və səlva: Fironun qoşunlarının əlindən xilas olduqdan sonra İsrail oğulları səhrada nə edəcəklərini bilmədlər. Çox böyük ehtimalla mənn ətraf dağlarda olan təbii bal növü və ya həmin səhrada bitən ağaclardan süzülən xüsusi şirə növüdür. Səlva göyərçin quşuna bənzəyən əti halal olan bir quş növüdür.[31].
  3. İlahi rəhbərlərin rəhbərliyini qəbul etmək tövbə, iman və saleh əməlin qəbulunun şərtidir: Təfsirçilər “sonra doğru yol tutan” cümləsi lə bağlı müxtəlif fikirlər söyləmişlər. Bu fikirlərdən ikisi daha cəlbedicidir: Birincisi, təfsir budur ki, bu ayədə iman, təqva və saleh əməl yolunun davam etdirilməsinə işarə edilmişdir. Yəni tövbə keçmişin üstünü örtərək insanın xilas olmasına səbəb olur. Bir şərtlə ki, tövbə etmiş şəxs bir daha həmin şirk və günah dərəsinə enməsin, Şeytanın və nəfsin vəsvəsələrinə uymamaq, nəticədə, yenidən əvvəlki yola düşməmək üçün daim özünə nəzarət etsin. İkinci təfsirə görə ayədə Allah tərəfindən təyin edilmiş rəhbərlərin rəhbərliyinin qəbulunun zərurliyinə işarə edilmişdir. Çünki dinin sütunlarından biri Peyğəmbərin çağırışını, onun rəhbərliyini, ondan sonra isə canişinlərinin rəhbərliyni qəbul etməkdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Sonra doğru yola yönələn” deyilərkən biz Əhli-beytin rəhbərliyinə doğru yönəlmə nəzərdə tutulur.” Bu prinsipin tərk edilməsinin nə qədər ölümcül olduğunu başa düşmək üçün sonrakı ayələri araşdırmaq, rəhbəri tərk etdikləri, Musa (ə) və canişini Haruna (ə) itaət etməkdən boyun qaçırdıqları üçün İsrail oğullarının necə buzovpərəstlik, şirk və küfrə düçar olduqlarını görmək kifayətdir[32].

83-84. Musanın (ə) vəd olunmuş yerə çatmağa şövqü və tələsməsi: Musa (ə) Tövratın hökmlərini almalı və İsrail oğullarından olan bir qrupu özü ilə aparmalı idi ki, bu səfərdə onlar allahıtanıma və vəhylə bağlı yeni həqiqətlərin şahidi olsunlar. Allahla minacat etmək, vəhy səsini eşitmək şövqü Musanın (ə) qəlbinə elə od salmışdı ki, gözü ayağının altını görmürdü, yeməyi, içməyi, istirahət etməyi də unutmuşdu. Sürətlə gedib vəd olunmuş yerə hər kəsdən əvvəl çatmaq istəyirdi. İmam Sadiq (ə)  buyurmuşdur: “Müştaq nə yeməyə meyl edir, nə dadlı sudan ləzzət alır, nə rahat yata bilir, nə dostu ilə ünsiyyət yaradır, nə də evində rahatlıq tapır… Bir gün məhbubuna qovuşmaq ümidi ilə Allaha gecə-gündüz bəndəlik edir… Bu eşq elə həddə çatır ki, Allah İmran oğlu Musanın Allahla vədləşdirilmiş yerə olan eşqi haqqında belə buyurur: “Məndən razı qalasan deyə, Sənin yanına tələsdim![33]

  1. Onlar üçün buzov kimi böyürən bir buzov heykəli düzəltdi. (Bir-birinə dedilər): “Sizin də tanrınız, Musanın da tanrısı budur.” O, (Allahla bağladığı əhdi) unutdu.
  2. Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!
  3. Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bunun vasitəsilə sınağa çəkildiniz. Sizin Rəbbiniz Rəhman olan Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!”
  4. Onlar: “Musa yanımıza qayıdana qədər biz onun ətrafına dövrə vuracağıq (ona sitayiş edəcəyik!)”– dedilər.
  5. (Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman nə üçün
  6. mənə tabe olmadın? Əmrimə qarşımı çıxdın?”
  7. (Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan və saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğulları arasına təfriqə saldın və sifarişmə əməl etmədin!”– deyəcəyindən qorxdum.
  8. (Musa üzünü Samiriyə tutub) dedi: “Nə üçün belə etdin ey Samiri?”
  9. Dedi: “Mən onların görmədiklərini gördüm. Mən (Allahın göndərdiyi) elçinin qoyub getdiyinin bir hissəsini götürdüm, sonra onu atdım. Nəfsim məni bu işə sövq etdi”.
  10. (Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “(Sənə yaxınlaşmaq istəyənlərə) Mənə toxunmayın!”– deməli olacaqsan. Səni əsla dəyişilməyəcək bir vəd (ilahi əzab) gözləyir. Sən sitayiş etdiyin tanrına bax. Biz öncə onu yandıracaq, sonra da onu (külünü) dənizə tökəcəyik.
  11. Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. Onun elmi hər şeyi əhatə edir”.

—————————————————————————————–

  1. Kim unutdu? Unudan şəxs deyilərkən Samiri nəzərdə tutulur. Çünki Musa (ə) və Allahla olan əhd-peymanını unudan, bütpərəstliyə üz tutan məhz o, olmuşdur. Bəzilərinin yazdığı kimi, həmin şəxsin Musa olması fikri ayənin zahiri məzmunu ilə düz gəlmir[34].
  2. Musanın (ə) Haruna (ə) sərt reaksiya göstərməsi: Həzrət Harun (ə) qardaşının qəzəbini yatırtmaq üçün Musaya (ə) “anam oğlu” deyə müracət edir. Bununla demək istəyir ki, bizim ikimiz də bir ananın övladlarıyıq, bir nəfərin qucağında böyüyüb boya-başa çatmışıq, bir-birimizə qarşı bu şəkildə qəzəblənməməliyik[35]. Burada ortaya belə bir sual çıxır ki, Musa (ə) və Harun (ə) şübhəsiz ki, məsum və peyğəmbər olublar. O zaman Musanın (ə) bu cür sərt reaksiyası və Harunun özünü bu şəkildə müdafiə etməsi necə izah edilə bilər? Əslində, Musa (ə) qardaşının günahsız olduğunu dəqiq bilirdi. Ancaq bu davranışı ilə iki məsələni sübuta yetirməyə çalışırdı: Birincisi, İsrail oğullarına çox böyük günaha batdıqlarını, hətta peyğəmbər olan qardaşının da mühakimə olunmasına səbəb olan bir əməli törətdiklərini başa salmaq istəyirdi. Digər tərəfdən bu davranışı ilə Harunun günahsız olduğunu hər kəsin gözü önündə sübuta yetirir, nəticədə, peyğəmbərliyi dövründə onu ittiham olunmaqdan xilas edir[36].
  3. Samiri buzovu necə düzəltdi? Təfsirçilər bu ayə ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Onların arasında ayənin məzmununa daha uyğun gələn nəzər budur: Qövmün zinət əşyaları deyilərkən (87-ci ayə) Fironun qoşununa aid olan, Musanın (ə) göstərişi ilə camaatın topladığı və özləri ilə apardıqları zinət əşyaları nəzərdə tutulur. Bu ləl-cəvahirat Musanın (ə) və ya ona aid olduğu üçün “elçinin qoyub getdiyi” adlanmışdır. Samiri “mən (Allahın göndərdiyi) elçinin qoyub getdiyinin bir hissəsini götürdüm” deyərkən demək istəyir ki, mən yaxşı heykəl düzəldə bilirəm. Musanın malından bir hissəsini götürüb heykəl düzəltdim, mən camaatın bilmədiyini bilirəm. Əslində, nəfsim mənə elçinin qızıllarından götürüb heykəl düzəltməyi vəsvəsə etdi. Nəticədə, elçinin qoyub getdiyindən götürüb oda tökdüm, sonra səs verən bir buzov düzəltdim. Onu elə düzəltim ki, hər dəfə hava onun qarnından daxil olub ağzından çıxanda buzov səsi eşidilirdi[37].
  4. Musanın (ə) əmri ilə Samirinin cəzalandırılması: Bu ayədə Samirinin Musa (ə) tərəfindən cəzalandırılmasından danışılır. Samirinin cinayəti sübuta yetdikdən sonra Musa (ə) Samirinin cəmiyyətdən təcrid edilməsinə göstəriş verir. O, artıq heç kəslə ünsiyyət qura və kimsə də onunla əlaqə yarada bilməzdi. Ümumiyyətlə, Musa (ə) ömrünün sonuna qədər Samirinin tək-tənha yaşamasını əmr edir. Bunun özü ən ağır işkəncələrdən biri idi. Bu əmr daimi həsrət və sonsuz qorxu ilə nəticələnəcəkdi. Bəziləri bunun Musaya (ə) aid olan bir əmr deyil, nifrin olduğunu yazmışlar. Bu nifrin nəticəsində Samiri əlacsız dərdə düçar olmuş, heç kəs ona yaxınlşa bilməmişdir. Şiddətli qızdırmadan yanarkən kimsə yaxınlaşmaq istədikdə fəryad qoparıb “mənə yaxınlaşmayın!” deyərmiş. Bəzləri onun vasvasılıq dərdinə düçar olduğunu yazmışlar. Bu xəstəlik nəticəsində insanlardan qorxub hər kəsdən qaçar və “mənə yaxınlaşmayın”, – deyə fəryad qopararmış[38].
  5. Beləcə, əvvəlkilərin əhvalatlarından sənə danışırıq. Biz sənə Öz tərəfimizdən zikr verdik.
  6. Ondan üz döndərən hər kəs Qiyamət günü ağır bir günah yükü daşıyacaq.
  7. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onlar üçün nə pis yükdür!
  8. O gün sur üfürüləcək və o gün günahkarları bədənləri gömgöy göyərmiş halda bir yerə toplayacağıq.
  9. Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Siz (Bərzəxdə) cəmi on gün qaldınız!”
  10. Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı və əməl cəhətdən ən üstünü: “Siz cəmisi bir gün qaldınız!”– deyəcək.
  11. Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,
  12. sonra yer üzünü susuz, bitkisiz, hamar və boş düzəngaha çevirəcəkdir.
  13. Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən”.
  14. O gün hamı carçıya tabe olacaq, ona qarşı çıxa bilməyəcəklər. Rəhman Allahın qarşısında səslər kəsiləcək və yalnız pıçıltı eşidəcəksən.
  15. O gün Rəhman Allahın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.
  16. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu əhatə edə bilməz!
  17. (O gün) üzlər yaşayan, qəyyum olan Allah qarşısında zəlil bir görkəm alacaq. Kürəyində zülm-haqsızlıq yükü olan şəxs məyusdur.
  18. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də haqqının kəsiləcəyndən qorxmazlar.
  19. Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri xatırladıq ki, bəlkə təqvalı olsunlar və ya onlar üçün xatırlatma olsun.

—————————————————————————————-

  1. Sur: “Sur” haqqında “Zümər” surəsinin 68-ci ayəsində məlumat veriləcək.
  2. Günahkarlar gömgöy göyərmiş bədənlərlə: “Zurq” sözü “əzrəq” sözünün cəmidir, gözün göyərməsinə deyilir. Ancaq bəzən bədəni ağrı-acıdan gömgöy göyərmiş şəxsə də aid edilir. Belə ki, bədən ağrı-acı nəticəsində zəifləyir, öz təravətini itirir və göy rəngdə görünür[39].
  3. Qiyamətlə müqayisədə dünya və Bərzəx ömrünün qısa olması: Şübhəsiz ki, insanın Bərzəx həyatı uzun sürəcək. Ancaq Qiyamətlə müqayisədə çox qısa görünəcək[40]. Bəzi təfsirçilər hesab edirlər ki, bu ayədə insanların dirilişdən əvvəlki dünya və Bərzəx həyatlarının qısa olmasına işarə edilmişdir. İnsanlara əbədi yaşayacaqları məlum olduqda dünya və Bərzəx həyatının çox qısa olduğunu dərk edəcəklər[41].
  4. Bir günlük qalma: Şübhəsiz ki, nə bir gün, nə də on gün uzun müddət deyil. Sadəcə “bir” ən kiçik təkrəqəmli ədəd hesab edildiyi üçün “bir gün” sözü ilə ən qısa zaman ifadə edilir. Quranda bu sözü deyən şəxs davranış və fikir baxımından üstün şəxs adlandırılmışdır. Çünki bu sözün müəllifi zaman baxımından axirət həyatı ilə müqayisədə dünya və Bərzəx həyatının çox qısa, keyfiyyət baxımından isə çox dəyərsiz olduğunu ən kiçik ədədlə ifadə etmişdir[42].
  5. Carçı deyilərkən kim nəzərdə tutulmuşdur? Quranda carçının İsrafil və ya qeyrisi olması açıq şəkildə qeyd edilməmişdir. Ancaq kim olursa-olsun əmri heç kəsin çıxmağa cürət etməyəcəyi dərəcədə təsirli olan bir şəxs olacaq[43].
  6. Şəfaət ən yüksək tərbiyə məktəbidir: Bəziləri şəfaət haqqında yanlış təsəvvürlərə malikdirlər, şəfaəti dünya əlaqələrinə bənzədirlər. halbuki şəfaət İslam məntiqinə əsasən yüksək tərbiyə məktəbidir, öz səy və fəaliyyətləri ilə haqq yolda addımlayan, ancaq bəzən qüsur və xətaya yol verən şəxslər üçün bir dərsdr. Yol verdiyi qüsur və xətalar insanın qəlbində ümidsizlik yarada bilər. Məhz bu zaman şəfaət hərəkətverici bir qüvvə kimi insana yardım edir, ona məyus olmamağı, haqq yolunu davam etdirməyi, bu yolda səy və fəaliyyətdən əl çəkməməyi diktə edir. Əgər insan qüsura yol veribsə, ümumi mərhəməti hər kəsə şamil olan mərhəmətli Allahın icazəsi ilə insanlara yardım edən şəfaətçilər vardır. Şəfaət tənbəlliyə dəvət, məsuliyyət yükünün altından qaçmaq və ya günah qarşısında yaşıl işıq yandırmaq deyil, əksinə, insanı haqq yolda daha qətiyyətli olmağa, günahları azaltmağa səsləyən bir vasitədir[44].
  7. Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.
  8. Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda qətiyyət görmədik.
  9. Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O boyun qaçırdı (və səcdə etmədi).
  10. Dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O, sizi Cənnətdən çıxartmasın, yoxsa çətinliyə düşəcəksiniz.
  11. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.
  12. Sən orada nə susayacaq, nə də günəşin istisindən əziyyət çəkəcəksən!”
  13. Şeytan onu vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”
  14. Nəhayət, ikisi də ondan yedilər və ayıb yerləri göründü. Özlərini örtmək üçün Cənnət (ağaclarının) yarpaqlarından paltar tikdilər. Adəm Rəbbinə asi olub mükafatından məhrum oldu.
  15. Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və doğru yola yönəltdi.
  16. Buyurdu: “Bir-birinizə düşmən kəsilərək hər ikiniz buradan enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.
  17. Hər kəs Məni xatırlamaqdan üz döndərsə, həyatı sıxıntılı olacaq və Biz Qiyamət günü onu hüzurumuza kor olaraq gətirdəcəyik”.
  18. Deyəcək: “Ey Rəbbim! Mən ki görürdüm, nə üçün məni kor olaraq gətirdin?”

——————————————————————————————-

  1. Vəhy tamamlanmayınca oxunuşa tələsməmək əmri: Bu ayədən belə məlum olur ki, Allah rəsulu (s) vəhy olunandan xəbərdar olmuş, vəhy nazil olmağa başladığı vaxt onun tamamlanmasını gözləmədən Quranı oxumağa başlayırmış. Bu ayə Quranın bir dəfəyə nazil olduğunu ifadə edən hədisləri gücləndirən istinad mənbələrindəndir. Hədislərə əsasən Quran Peyğəmbərə (s) iki şəkildə nazil olmuşdur. Quran Peyğəmbərə (s) Qədr gecəsi tam şəkildə nazil olmaqla yanaşı, 23 il ərsində tədricən, şəraitə uyğun olaraq, ayə-ayə nazil olmuşdur. Əgər Peyğəmbərin (s) vəhyin məzmunundan xəbəri olmasaydı, Allahın ona: “Vəhy tamamlanmayınca oxumağa tələsmə”, – deyə buyurmasının heç bir mənası olmazdı. Hər halda Allah bu ayə vasitəsilə Peyğəmbərə (s) tələsməməyi əmr etmişdir[45]. Nəzərə almaq lazımdır ki, Peyğəmbərin (s) tələskənliyi hövsələsizlik və ya özünü göstərməkdən deyil, vəhyi qəbul etməyə, mənimsəyib insanlara çatdırmaq üçün olan eşqdən irəli gəlirdi. Peyğəmbər (s) bütün yönlərdə nümunə olmalı olduğu üçün hətta bu cür tələskənlik belə ona yasaq edilmişdir. Bununla da Allah insanlara başa salır ki, hətta vəhyin alınmasında belə tələskənliyə icazə verilməmişdir[46].
  2. Adəmin (ə) məsumluğu: Həzrət Adəmin (ə) məsum olması ilə bağlı “Əraf” surəsinin 23-cü ayəsində məlumat verilmişdir.
  3. Şeytanın Adəmin (ə) əbədiliyə meyilli olmasından sui-istifadə etməsi: Şeytan Adəmin (ə) nəyə meyl göstərməsi ilə bağlı müşahidə aparır, onun əbədi həyata və tükənməz bir qüdrətə meyilli olduğunu öyrənir. Buna görə də onu ilahi fərmandan çıxarmağa sövq etmək üçün bu iki faktordan istifadə edir. Başqa sözlə desək, Allah Adəmə (ə) Şeytanı özündən uzaqlaşdıracağı təqdirdə həmişəlik Cənnətdə qalacağını və əbədi Cənnət nemətlərindən bəhrələnəcəyini vəd verdiyi kimi, Şeytan da vəsvəsələrini həmin nöqtə üzərində cəmləmişdir[47].
  4. Sıxıntılı həyat Allahı unutmağın cəzasıdır: Təfsirçilər bu ayəni təfsir edərkən yazırlar ki, Allahı unudan və Onunla əlaqələrini kəsən adamın dünyaya bağlanmaqdan, bütün səy və fəaliyyətini dünyada daha yaxşı şəraitə nail olmağa sərf etməkdən başqa yolu yoxdur. O, dünya həyatını günbəgün yaxşılaşdırır və başı onun zövq və ləzzətinə qarışır. Ancaq bu ləzzətlər az və ya çox olmasından asılı olmayaraq ona rahatlıq gətirmir. Çünki nə əldə edirsə, yenə də əldə etmədiyinin dərdini çəkir, əldə etdiklərini xoşagəlməzliklər, ölüm, xəstəlik və sair nəticəsində itirəcəyindən narahat olur. Varlı və kasıb olmasından asılı olmayaraq Allahı unutmuş dünyapərəst insan hər zaman sıxıntı və təzyiq altında yaşayır. Ancaq allahtanıma və Onu xatırlama sayəsində o biri dünyanın olduğuna inanan, Allah yanında bütün istədiklərinin olduğunu, heç bir sıxıntı və ziyan olmayacağını bilən şəxs dünyanın isti və soyuğundan əsla qorxmur, az və ya çox olmasından asılı olmayaraq, Allahın müəyyən etdiyinə qane olur[48].

 

  1. Deyəcək: “Sənə ayələrimiz gəldiyi halda, sən onları unutduğun kimi, bu gün də sən unudulacaqsan!”
  2. Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə daha şiddətli və daha sürəklidir.
  3. Daha əvvəl məhv etdyimiz və (viran qalmış) məskənlərində gəzib dolaşdıqları neçə-neçə nəsillər onların doğru yola yönəlməsi üçün kifayət etmirmi? Həqiqətən, bunda ağıl sahibləri üçün parlaq əlamətlər vardır.
  4. Əgər Rəbbin tərəfindən əvvəlcədən təyin edilmiş qanun və müəyyən edilmiş bir vaxt olmasaydı, Allahın əzabı onları tezliklə yaxalayardı.
  5. Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.
  6. Onların bəzisinə verdiyimiz maddi nemətlərə göz dikmə. Bunlar sınamaq üçün onlara verdiyimiz dünya həyatının çiçəkləridir. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır.
  7. Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır.
  8. Dedilər: “Nə üçün o, Rəbbindən bizə bir möcüzə və əlamət gətirmir?” Məgər əvvəlki (səmavi) kitablarda olan açıq-aydın xəbərlər onlara gəlib çatmadımı?
  9. Əgər Biz onları bundan əvvəl (Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, (Qiyamətdə) deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”
  10. De: “Hamı gözləyir. İndi ki, belədir, siz də gözləyin. Ancaq tezliklə siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”

—————————————————————————————

  1. Günahkarların unudulacağı gün: Günahkarların o biri dünyada unudulması Allahın onları unutması kimi başa düşülməməlidir. Əslində, Allah onlarla unutmuş kimi davranacaq, onlara etina göstərməyəcək. Bu ifadə formasına dilimizdə də rast gəlinir. Məsələn, biri başqasına etinasızlıq göstərdikdə qarşı tərəf: “Nə üçün məni unutmusan?” – deyə şikayətlənir[49].
  2. Allahın qanunu və müəyyən edilmş vaxt: “Kəlimətun min rəbbik” (Rəbbin tərəfindən bir söz) ifadəsindəki “kəlmə” sözü Adəm (ə) Cənnətdən yerə endirilərkən Allah tərəfindən verilmiş əmri ifadə edir. Bu əmrə əsasən insanlar müəyyən edilmiş vaxta qədər yer üzündə yaşayacaq və bu müddət ərzində Allahın qəfil əzabına tuş gəlməyəcəklər. Onlar ilahi əzaba yalnız peyğəmbər gəldikdən sonra ona iman gətirmədikləri, onunla mübarizəyə qalxdıqları, möcüzə tələb edib möcüzənin şahidi olduqdan sonra yenə də iman gətirmədikləri təqdirdə məruz qalacaq və əzab nəticəsində məhv olacaqlar. İslam peyğəmbərinin (s) ümməti Allahın daha əvvəl verdiyi vədə əsasən qaçılmaz və əlacsız əzaba məruz qalmayacaq. Ancaq peyğəmbər göndərildiyi üçün ümmətin mömin və kafirləri arasında hökm çıxarılacaq, kafirlər məhv ediləcək. Quran ayələrinə əsasən kafirlərin əzabı müəyyən müddətə qədər təxirə salınır. “Müəyyən edilmiş vaxt” deyilərkən zamanı heç zaman dəyişməyən vaxt nəzərdə tutulur. Bu ümmətin kafirləri bu dünyada ilahi əzaba düçar olub məhv olacaqlar[50].
  3. Allaha tərif deməyin, Onu xatırlamağın insanın ruhiyyəsinə təsiri: Xüsusi vaxtlarda Allahı xatırlayıb Ona tərif deməklə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu fikrlər arasında ikisi daha ağlabatan görünür: 1. Bu ayədə Allahı xatırlamaq və Onu zikr etmək deyilərkən beş vaxt qılınan namaz nəzərdə tutulur. Bu ayə həmin namazların vaxtarına işarə edir. 2. Bu ayədə zikr, müstəhəb namazlar və sair olmasından asılı olmayaraq müəyyən zamanlarda oxunması tövsiyə edilmiş istənilən növ zikr və xatırlamaya işarə edilmişdir[51]. Həmd və zikrlə bağlı göstəriş ruhyyəni gücləndirmək və təsəlli xarakteri daşıyır. Çünki həmd, səna, zikr, gücə və gündüz namazları insanın Allahla olan bağlılığını möhkəmləndirir, nəticədə insan yalnız Allahı düşünür, çətinliklərdən qorxmur, belə bir arxa və söykənəcəklə düşməndən qorxu və vahiməsi olmur. Bu şəkildə rahatlıq və əminlik ruhuna və canına dolur. “Bəlkə razı qalasan” cümləsi də bu nüansa işarə edir[52].
  4. Ailənə namaz qılmağı əmr et: “Ailə” deyilərkən burada Peyğəmbərin (s) ailəsi nəzərdə tutulmuşdur. Bu surə Məkkədə nazil olduğu üçün Peyğəmbərin (s) ailəsi yalnız Xədicə (ə) və Əlidən (s) ibarət idi. Əlbəttə, bu cümlə Peyğəmbərin (s) digər yaxınlarına da şamil ola bilər. Çünki zaman keçdikcə Peyğəmbərin (s) ailəsi böyümüşdür[53]. Hədislərdə yazılana görə Peyğəmbər (s) bu ayəyə əməl etmək üçün uzun müddət Əli (ə) və Fatimənin (ə) evinə gedər, qapını iki tərəfdən də tutaraq deyərmiş: “Namaz! Allah sizə rəhm etsin. Allah çirkinliyi siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi tamamilə pak etmək istəyir.”[54]
  5. İbadətə Allahın deyil, insanın ehtiyacı var: Namaz Allahın əzəmətini artırmır, insanların kamilləşməsi üçün böyük bir sərmayə və böyük bir tərbiyə məktəbidir. Başqa sözlə desək, Allah özü və ətrafındakıların həyatını idarə etmək üçün öz millətindən bac-xərac yığan şah və hökmdalara bənzəmir. Allahın heç kimə ehtiyacı yoxdur, hamı Ona möhtacdır. Oxşar məzmuna “Zariyat” surəsinin 56-57-ci ayələrində də rast gəlmək olar: Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Deməli, ibadətin nətcəsi birbaşa ibadət edənin özünə aid olur[55].

 

[1] Nümunə, c.13, səh.144

[2] Nümunə, c.13, səh.153

[3] Nümunə, c.13, səh.156

[4] Nümunə, c.13, səh.156

[5] Nümunə, c.13, səh.167

[6] Nümunə, c.13, səh.174

[7] Nümunə, c.13, səh.171

[8] Ətyəbül-bəyan, c.9, səh.16

[9] Ətyəbül-bəyan, c.9, səh.21

[10] Nümunə, c.13, səh.180

[11] Əl-Mizan, c.14, səh.144

[12] Nümunə, c.13, səh.191-193

[13] Nümunə, c.13, səh.192

[14] Nümunə, c.13, səh.213

[15] Nümunə, c.13, səh.198

[16] Nümunə, c.13, səh.200

[17] Nümunə, c.13, səh.205

[18] Nümunə, c.13, səh.213

[19] Nümunə, c.13, səh.218

[20] Əl-Mzan, c.14, səh.169

[21] Nümunə, c.13, səh.222

[22] Nümunə, c.13, səh.222

[23] Nümunə, c.13, səh.231

[24] Əl-Mizan, c.14, səh.175

[25] Nümunə, c.13, səh.237

[26] Nümunə, c.13, səh.238

[27] Nümunə, c.13, səh.236

[28] Əl-Mizan, c.14, səh.181

[29] Ətyəbül-bəyan, c.9, səh.65

[30] Nümunə, c.13, səh.257

[31] Nümunə, c.13, səh.261

[32] Nümunə, c.13, səh.263; Əl-Mizan, c.14, səh.188

[33] Nümunə, c.13, səh.267

[34] Nümunə, c.13, səh.271

[35] Ətyəbül-bəyan, c.9, səh.88

[36] Nümunə, c.13, səh.283

[37] Əl-Mizan, c.14, səh.196

[38] Əl-Mizan, c.14, səh.196

[39] Nümunə, c.13, səh.297

[40] Nümunə, c.13, səh.298

[41] Əl-Mizan, c.14, səh.209

[42] Nümunə, c.13, səh.299

[43] Nümunə, c.13, səh.303

[44] Nümunə, c.13, səh.304

[45] Əl-Mizan, c.14, səh.214

[46] Əl-Mizan, c.14, səh.214

[47] Nümunə, c.13, səh.321

[48] Əl-Mizan, c.14, səh.224

[49] Nümunə, c.13, səh.331

[50] Əl-Mizan, c.14, səh.232

[51] Əl-Mizan, c.14, səh.234

[52] Nümunə, c.13, səh.339

[53] Nümunə, c.13, səh.242

[54] Əl-Mizan, c.14, səh.241

[55] Nümunə, c.13, səh.342

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir