Quran TəfsiriQURANI KƏRIM

“Maidə” surəsi

“Maidə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey iman gətirənlər! Əhdlərə (müqavilələrə) sadiq olun. (Aşağıda) adları çəkiləcək heyvanlar istisna olmaqla, dördayaqlı heyvanlar (və onların rüşeymləri) sizə halal edildi. Ehram zamanı ov etməyi halal bilməyin. Allah istədiyini hökm edər!
  2. Ey iman gətirənlər! Allahın şüarlarına və müəyyən etdiyi hədlərə (həcc ayinlərinə), haram (hörmətli) aya (zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), əlamətsiz və əlaməti olan qurbanlıqlara, həmçinin Rəblərinin lütf və razılığını qazanmaq niyyətilə Allahın evinə gələnlərə hörmətsizlik etməyin! (Onların qarşısını almayın!) Ehramdan çıxdığınız zaman ov ovlaya bilərsiniz. Sizi Məscidül-hərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməklik göstərməyin. Allahdan qorxun. Allahın əzabı şiddətlidir!

——————————————————————————————

“Maidə” surəsinin ümumi məzmunu: Bu surə bəzi dini bilgiləri, hökm və vəzifələri ehtiva edir[1]. Bəlkə də deyə bilərik ki, əhd-peymanlara sadiq qalmağa çağırış bu surənin əsas vəzifəsidir[2].

  1. Əhd-peymanlara, müqavilə və sazişlərə vəfalı olmağın əhəmiyyəti: Bu surə əhdə vəfalı olmaq tövsiyəsi ilə başlayır. Təfsirçilər qeyd edirlər ki, “əhd-peymanlar və müqavilələr” deyilərkən insanın bağlaya və razılığa gələ biləcəyi bütün müqavilələr nəzərdə tutulur. Bu müqavilələr bəndənin Allahla, insanların peyğəmbər və imamlarla, şəxsin özünün özü ilə, insanların maliyyə, evlilik və sair mövzularda bir-biri ilə bağladıqları müqavilə şəkillərinə şamildir. İnsan cəmiyyətlərinə diqqətlə nəzər saldıqda, cəmiyyətin ən kiçik forması olan ailə strukturundan tutmuş dövlət kimi böyük strukturlarına qədər müqavilə və sazişlərin cəmiyyətlərin əsasını təşkil etdiyini görürük. Buna görə də Quranda əhd-peymanlara vəfalı olmağa israrla göstəriş verilmişdir. Hətta Məkkənin fəthi ilə iqtidar müsəlmanların əlinə keçdikdən və Quranda “müşriklər ya müsəlman olmalı, ya da qanları axıdılmalıdır!” hökmü verildikdən sonra belə, müqaviləsi olan müşriklərə müqavilə müddətləri başa çatana qədər möhlət verilməsi ilə bağlı əmr edildi. (“Tövbə” surəsinin ilk ayələri.) Əlbəttə, məlumdur ki, əhdə sadiq qalmaq qarşı tərəf o əhdi pozmayana qədər qüvvədə olur[3]. Məsum rəhbərlər (ə) də əhdə sadiq qalmağı israrla tövsiyə etmişlər. Peyğəmbər (s) buyurmuşdur: “Öz əhdinə sadiq qalmayanın dini yoxdur.” İmam Sadiq (ə) buyurmuşdur: “Üç mövzuda Allah insanın öhdəlikdən boyun qaçırmasına icazə verməmişdir: 1. Yaxşı və pis adam olmasından asılı olmayaraq, hər kəsin əmanətini qoruyub saxlamaq; 2. Yaxşı və pis adam olmasından asılı olmayaraq, hər kəslə əhd bağlanmışsa, ona sadiq qalmaq; 3. Yaxşı və pis adam olmasından asılı olmayaraq, ata və anaya qarşı yaxşı olmaq.”[4]
  2. Qarşılıqlı yardımlaşma və əməkdaşlığın meyarı: Bu ayədə İslamın bütün sosial, hüquqi, etik və siyasi məsələlərinə şamil olan ümumi bir qanundan söz açılmışdır. Bu qanuna əsasən müsəlmanlar yaxşı işlərdə bir-birinə yardım göstərməli, əməkdaşlıq etməlidirlər. Amma qeyd etməliyik ki, yanlış hədəflər, yanlış fəaliyyətlər, zülm və haqsızlıq üçün əməkdaşlıq etmək birmənalı olaraq qadağandır. Bu əməkdaşlığa dəvət edən adam insanın öz doğma qardaşı olsa belə, onun dəvətindən imtina edilməlidir. Qeyd olunan qanun Cahiliyyət dövründə tamamilə fərqli idi. Cahiliyyət dövrünün ərəbləri arasında belə bir qanun var idi: “Zalım və məzlum olmasından asılı olmayaraq qardaşına (dostuna və şərikinə) kömək et.” Həmin dövrlərdə eyni qəbilədən olan bir dəstə başqa bir qəbilədən olan digər dəstənin üzərinə hücum çəksəydi, qəbilənin digər üzvləri bu hadisədə kimin haqlı, kimin haqsız olmasını araşdırmadan onların müdafiəsinə qalxırdılar. Bu prinsip müasir dövrün beynəlxalq münasibətlərində öz əksini tapmışdır. Adətən tərəfdaşlıq müqaviləsi və ya ortaq maraqları olan dövlətlər böyük əhəmiyyət daşıyan beynəlxalq məsələlərdə ədalətli və haqsız, zalım və məzlum arasında fərq qoymadan bir-birinin müdafiəsinə qalxırlar. İslam bu nadan ənənənin üzərindən xətt çəkmiş, müsəlmanların günah, zülm və təcavüz deyil, yaxşı işlər, qurucu və faydalı proqramlarda əməkdaşlıq etməsinə göstəriş vermişdir. Hədislərdə bu məsələyə çox təkid edilmişdir. O cümlədən, Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Qiyamət günü olduqda çarçı car çəkərək deyəcək: “Haradadır zalımlar və havadarları, özlərini onlara bənzədənlər, hətta onlar üçün qələm yonub mürəkkəb tutanlar?” Onlar hamısı dəmir sandığa qoyulub Cəhənnəmin ortasına atılacaqlar.”[5]
  3. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvanın əti, qan, donuz əti, Allahdan başqasının adı söylənərək kəsilmiş, boğulmuş, işgəncə ilə öldürülmüş, yüksəklikdən düşərək ölmüş, başqa bir heyvanın buynuzu ilə vurulub öldürülmüş, yırtıcı heyvanların ovunun qalan hissəsi – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır – bütlər üzərində (və ya onların qarşısında) kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bütün bu əməllər günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən (Mənə qarşı çıxmaqdan) qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı qəbul etdim. Ancaq ac vaxtı başqa bir yemək tapmayan və günaha meyl etmək niyyəti olmayan şəxs (qadağan edilmiş ətlərdən yeyə bilər). Allah bağışlayandır, rəhm edəndir!
  4. Səndən nələrin onlara halal edildiyini soruşurlar, de: “Bütün pak nemətlər sizə halal edilmşdir. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz ov heyvanları və itlərinin ovladıqları da sizə halaldır. Onların sizin üçün (ovlayıb) saxladıqlarından yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız zaman) Allahın adını çəkin. Allahdan (Ona itaətsizlik göstərməkdən) qorxun. Allah sürətli haqq-hesab çəkəndir!
  5. Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. İsmətli müsəlman qadınları, həmçinin sizdən əvvəl kitab verilmişlərdən olan (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehriyyələrini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İman gətirilməli olanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!

——————————————————————————————-

  1. Əlinin (ə) rəhbərlyi dini kamil edir, neməti tamamlayır: Ayədə “əl-yaum” (gün, bu gün) sözünün iki dəfə təkrar edilməsi təfsriçilər arasında mübahisəyə səbəb olmuşdur. Mübahisəyə səbəb olan cəhət dörd hadisəni özündə cəmləşdirən günün hansı gün olmasıdır. Yəni o hansı gündür ki, həm kafirlər həmin gün məyus olmuş, həm din kamilləşmiş, həm nemət tamamlanmış, həm də Allah-taala həmin günü İslam dininin bütün bəşəriyyət üçün sonuncu din olduğunu elan etmişdir. Bu məsələ təfsirçilər arasında uzun-uzadı mübahisələrin yaranmasına səbəb olmuşdur. Ancaq həmin günün Peyğəmbərin (s) həyatında çox mühüm hadisəni ifadə etməsi heç bir şübhə doğurmur. Belə ki, bütün şiə təfsirçiləri həmin mühüm günün zilhiccə ayının 18-i, yəni Qədir-xum günü olması qənaətindədirlər. Həmin gün Peyğəmbər (s) möminlərin əmiri Əlini (ə) rəsmi olaraq öz canişini təyin etmişdir. Həmin gün idi ki, kafirlər məyusluq dalğaları arasında qərq oldular. Çünki onlar İslamın bir şəxsdən asılı olduğunu düşünür, Peyğəmbərin (s) vəfatı ilə vəziyyətin yenidən əvvəlki hala düşəcəyinə və İslamın tədricən məhv olacağına ümid bəsləyirdilər. Amma təqva, elm, güc və ədalət baxımından Peyğəmbərdən (s) sonra müsəlmanlar arasında misli olmayan bir şəxsin Peyğəmbərin (s) canişi təyin edildiyini, insanların onun canişinliyini qəbul etdiyini (ona beyət etdiyini) gördükdə ümidsizliyə qapılaraq başa düşdülər ki, din əsaslı və əbədi bir dindir. Bu, İslamın öz kamillik zirvəsinə çatdığı bir gün idi. Çünki Peyğəmbər (s) üçün canişin təyin edilmədən və müsəlmanların gələcək taleyi aydin olmadan bu din kamilləşməyəcəkdi. Məhz həmin gün Allahın neməti insanlara, onların gələcəyi üçün Əli (ə) kimi bir rəhbərin təyin edilməsi ilə tamamlandı. Habelə həmin gün İslam, proqramlarının təkmilləşməsi ilə Allah tərəfindən son və cahanşümül bir din kimi qəbul edildi. Hədislərin birində Peyğəmbərin (s) Qədir-xumda Əlini (ə) insanlara rəhbər təyin etdiyi, hələ insanlar dağılmamış “bu gün dininizi sizin üçün kamil etdim…” ayəsinin nazil olduğu qeyd edilmişdir. Həmin vaxt Peyğəmbər (s) buyurmuşdu: “Allahu əkbər, din kamilləşdi, Allahın neməti tamamlandı, Allah mənim peyğəmbərliyimdən və Əlinin rəhbərliyinə razı qaldı.” Sonra buyurmuşdur: “Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir. İlahi, onu sevəni Sən də sev, onunla düşmənçilik edənə Sən də düşmən ol! Ona yardım edənə Sən də yardım et, Ona yardım əlini uzatmayandan Sən də əlini çək!”

Burada cavablandırılması tələb olunan bir sual da ondan ibarətdir ki, nə üçün sözügedən ayənin Qədir-xum hadisəsinə aid hissəsi halal və haram ətlərdən bəhs edən bir mövzunun tərkibində gəlmişdir?

Qədir-xumla bağlı olan ayənin halal və haram qidalardan bəhs edən hökmlərin arasında yerləşdirilməsinin səbəbi ola bilsin ki, ayənin təhrif, ixtisar və dəyişiklikdən qorunması ilə bağlıdır. Çünki əksər hallarda diqqət çəkməməsi və nəticədə qorunması üçün nəfis və qiymətli bir əşya sadə şeylərin arasına qoyulur. Peyğəmbərin (s) ömrünün son saatlarında baş verən hadisələr, bir neçə nəfərin Peyğəmbərin (s) vəsiyyət yazmaq istəməsinə mane olması, hətta Peyğəmbərin (s) sayıqlamaqda ittiham edilməsi bəzi fərdlərin Peyğəmbərin (s) canişinliyi məsələsinə həssas yanaşmasından və onu inkar etmək üçün hətta sərhədləri də aşdıqlarından xəbər verir. Bu şərtlər xəlifəlik və onun gələcək nəsillərə ötürülməsi ilə bağlı sənədlərin qorunması üçün bu cür qabaqlayıcı tədbirlərin həyata keçirilməsini, inadkar müxaliflərin diqqətindən yayınması üçün sadə məzmunlarla qarışdırılmasını zəruri etmirdimi?! Bundan əlavə, Qədir-xum günü ilə bağlı olan sənədlər əksər sünni mənbələrində də qeyd edilmişdir[6].

  1. Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərə qədər yuyun! Başınıza və hər iki oynağa (ayağın üzərindəki qabarıq yerə) qədər ayaqlarınıza məsh çəkin. Əgər cünub olmusunuzsa (boynunuza cənabət qüslü gəlibsə), yuyunun (və qüsl edin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə (alnınıza) və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzə, bir dəfə də torpağa sürtərək əllərinizə məsh çəkin). Allah sizi çətinliyə salmaq istəməz, əksinə, O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!
  2. Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik”, – dediyiniz zaman sizdən aldığı əhdi unutmayın. Allahdan (əmrinə qarşı çıxmaqdan) qorxun ki, Allah kökslərdə olanları (qəlblərin sirrini) biləndir!
  3. Ey iman gətirənlər! Həmişə Allah üçün qalxın, ədalətli şahidlər olun. Hansısa bir toplumla olan düşmənçiliyiniz sizi günaha və ədalətsizliyə sövq etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır. Allahdan qorxun (Ona qarşı günah etməkdən çəkinin). Allah etdiklərinizdən xəbərdardır!
  4. Allah iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vədi vermişdir!

—————————————————————————————-

  1. Dəstəmazda əllərin yuyulma forması: Bu ayədə dəstəmaz, qüsl və təyəmmümdən bəhs edilir. Əlbəttə, bu üç əməlin ayrı-ayrı hökmləri və yerinə yetirilmə forması Əhli-beyt imamlarına (ə) aid olan hədislərdə müəyyən edilmişdir. Bu ayədə diqqət çəkən nüanslardan biri “əllərinizi dirsəklərə qədər yuyun” göstərişidir. Nəzərə almalıyıq ki, dəstəmazda əlin yuyulmasının vacib edildiyi miqdar “dirsəklərə qədər” ifadəsi ilə bəyan edilmişdir. “Mərafiq” sözü ərəb dilində “dirsək” mənasını verən “mirfəq” sözünün cəmidir. “Əllərinizi yuyun” deyilərkən əllərin biləngə qədər yuyulması da başa düşülə bilər. Çünki əllərimizi yuyarkən adətən bu hissəni yuyuruq. Buna görə də qeyd olunan anlaşılmazlığa aydınlıq gətirilməsi üçün “dirsəklərə qədər yuyun” cümləsindən istifadə edilmişdir. Deməli, bu izahla məlum olur ki, ayədə “ilə” (qədər) ədatı yumanın keyfiyyətini deyil, yuyulacaq olan hissənin miqdarını göstərmək üçündür. Əhli-sünnə məzhəbində də geniş yayıldığı kimi, bəziləri hesab edir ki, ayədə “dirsəklərə qədər yuyun” deyilərkən “barmaqların ucundan dirsəklərə qədər yuyun” mənası nəzərdə tutulmuşdur. Məsələ daha aydın olsun deyə bir misala baxaq: Divarını rənglətdirmək istəyən bir nəfər fəhləyə: “Divarı döşəmədən bir metr hündürlüyə qədər rənglə”, – deyə göstəriş verir. Təbii ki, burada göstəriş verənin məqsədi divarın aşağıdan yuxarıya doğru rənglənməsi deyil. Yəni o, demək istəmir ki, rəngi mütləq aşağıdan başlayıb yuxarıya doğru davam etdirməlisən. Göstəriş verənin məqsədi əslində, artıq və əskikliyə yol vermədən rənglənəcək olan hissənin miqdarını göstərməkdir. Deməli, ayədə yalnız əlin yuyulacaq olan miqdarı qeyd edilmiş, yuyulma qaydasını izah etmək isə Əhli-beyt (ə) imamları vasitəsilə bizə çatan Peyğəmbər (s) sünnəsinə həvalə edilmişdir. Sünnəyə görə də yuyulma forması yumanın dirsəkdən başlayaraq barmaqların uclarına doğru davam etdirilməsindən ibarətdir[7].
  2. Təyəmmümün torpağı: Allah-taala bu ayədə “təmiz torpaqla təyəmmüm edin”, – deyə buyurmuşdur. Bu da onu göstərir ki, təyəmmümün torpağı pak və təmiz olmalıdır. İslam öndərlərinin hədislərində də bu mövzuya təkid edilmişdir. Hədislərin birində belə qeyd edilmişdir: “İmam Əli (ə) yolların (çirkli) torpağı üzərinə təyəmmüm edilməsini qadağan etmişdir.”[8]
  3. Dəstəmazın mənəvi təsirləri: Dəstəmaz insan orqanizmi üçün gigiyenik cəhətdən faydalı olduğu kimi, mənəvi və tərbiyəvi cəhətdən də faydalıdır. Əlbəttə, bunun üçün dəstəmaz Allaha yaxınlaşma niyyəti ilə alınmalıdır. İmam Rza (ə) buyurmuşdur: “İbadətdən öncə dəstəmaz alınmasına ona görə göstəriş verilir ki, bəndələr Allah qarşısında durub Ona münacat edərkən çirkin deyil, pak və təmiz olsunlar. Bundan əlavə, dəstəmaz yuxu və tənbəlliyin təsirlərinin aradan qalxmasına, insanın qəlbinin və ruhunun Allah qarşısında tərtəmiz dayanmaq üçün hazır olmasına səbəb olur.”[9]
  4. Hökmlərin müəyən edilməsi və ilahi nemətin təkmilləşdirilməsi: Bu ayədə “nemət” deyilərkən Allahın dini nəzərdə tutulur. Ayədə buyurulur ki, Allah dinin bütün qanunlarını müəyyən etməklə, dini kamilləşdirmək və bəndələri üçün olan nemətini tamamlamaq istəyir. Dəstəmaz, təyəmmüm və qüsl dini hökmlərin bir hissəsini təşkil etdiyi üçün ilahi nemətin tamamlanmasında rol oyanyır[10].
  5. İsrarla bağlanmış əhd-peyman: Hədislərdən belə məlum olur ki, bu ayədə “əhd-peyman” deyilərkən Qədir-xum günündə insanlardan İmam Əlinin (ə) Peyğəmbərin (s) canişini, xəlifəsi və insanların rəhbəri olması ilə bağlı əhd alınması nəzərdə tutulmuşdur. Həmin gün Qədir-xumda olan hər kəs, hətta münafiqlər də bir nəfər kimi Əliyə (ə) sədaqətlə itaət edəcəklərinə söz verərək “eşitdik və itaət etdik” dedilər[11].
  6. Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
  7. Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın! Bir dəstə (düşmən) sizə əl qaldırmaq (sizi məhv etmək) istədiyi zaman Allah onlara maneçilik törətdi. Allahdan qorxun. Möminlər təkcə Allaha təvəkkül etsinlər!
  8. Allah İsrail oğullarından əhd aldı və Biz onlardan (onların arasından) on iki rəhbər seçdik. Allah (onlara) dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl borc versəniz (Allah yolunda ehtiyaclılara yardım göstərsənz), günahlarınızın üstünü örtər və sizi ağacları altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər hansınız kafir olsa, o, artıq doğru yoldan azmış olar!”
  9. Ancaq əhdlərini pozduqları üçün onları rəhmətimizdən uzaqlaşdırdıq və ürəklərini sərtləşdirdik (daşa döndərdik). Onlar sözlərin (Allahın sözlərinin) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla onların sənə etdikləri xəyanətlərdən həmişə xəbərdar olacaqsan. Bununla belə, onları bağışla, günahlarından keç. Allah yaxşılıq edənləri sevir!

——————————————————————————————-

  1. Kafirlərə mane olmaq Allahın böyük nemətidir: Bu ayənin məzmunu kafir və müsəlmanlar arasında baş vermiş bir sıra hadisələrə uyğun gəlir. Bədr, Ühüd, Əhzab və sair hadisələri buna misal göstərmək olar. Ayədə müşriklərin möminləri qırmaq, İslamı və təkallahlıq dinini məhv etmək üçün göstərdiyi bütün səylərə işarə edilmişdir[12].
  2. İsrail övladlarından olan rəhbərlər: “Nəqib” ərəb dilində hər hansı qrupun fəaliyyətini idarə etmək məsuliyyəti daşıyan şəxsə deyilir. Ayədə on iki rəhbər deyilərkən Bəni-İsrailin on iki qəbiləsinin başçısı nəzərdə tutulmuşdur. Bu rəhbərlərin hər biri sözügeədn qəbilələrə başçılıq və himayəçi vəzifəsi daşımışdır. (“Bəqərə” surəsi, 60-cı ayə, “Əraf” surəsi, 160-cı ayə.) Bu on iki rəhbərin həmin on iki qəbilədəki mövqeyi, imamların bu ümmətdəki mövqeyinə bənzəyir. Onlar dini və dünyəvi məsələlərdə insanların müraciət etdiyi mənbələr olmuşlar. Əlbəttə, onlara vəhy gəlməmiş və onlar ilahi hökmləri müəyyən etməmişlər[13]. Maraqlıdır ki, sünni mənbələrində yer almış bir çox hədis və rəvayətlərdə bu ayə ilə İslam peyğəmbərinin (s) on iki xəlifəsinə işarə edildiyi və Peyğəmbərin (s) də xəlifələrinin sayının Bəni-İsrail xəlifələrinin sayı qədər olduğu qeyd edilmidir. Məsələn, ən məşhur sünni imamı Əhməd ibn Hənbəl öz “Müsnəd” kitabında bir neçə vasitə ilə Məsruqa istinad edilən bir hədisi nəql etmişdir. Həmin hədisdə deyilir: “Abdullah ibn Məsuddan soruşdum: Bu ümmətə neçə nəfər rəhbərlik edəcək? İbn Məsud cavabında dedi: Biz eyni sualı Peyğəmbərdən (s) soruşduqda o dedi: “On iki nəfər – Bəni-İsrail rəhbərlərinin sayı qədər.”[14]
  3. Bəşəriyyəti həlak edən xəstəlik: “Qəsavət” sözünün leksik mənası bərkiməkdir və daş üçün istifadə edilir. Bu sözün qəlb üçün işlədilməsi haqqa qarşı inadkarlıq etməməyi və mərhəmət qarşısında təsirlənməməyi ifadə edir. Qəlbin daşlaşmasına Quranın bir çox yerində işarə edilmişdir. Bu ayədə əhdi pozan yəhudilərin cəzalarından birinin qəlblərnin daşlaşması olduğu göstərilmişdir. “Hədid” sirəsinin 16-cı ayəsində belə buyurulmuşdur: İman gətirənlərin qəlblərinin Allahın zikri və Haqdan nazil olan qarşısında yumşalmasının vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Uzun zaman keçdikdən sonra onların qəlbləri daşlaşmışdır. Onların çoxu günahkarlardır![15] Hədislərdə də insanın məhvinə gətirib çıxaran bu mənəvi xəstəlik haqqında xəbərdarlıq edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala Musaya (ə) vəhy edərək buyurmuşdur: “Ey Musa, sərvətinin çoxalmasına görə sevinmə, Məni heç vaxt unutma (zikrimdən heç vaxt əl çəkmə). Çünki sərvətin çoxalması adətən günahların yaddan çıxmasına, Məni xatırlamamaq isə qəlbin daşlaşmasına səbəb olur.” Möminlərin əmiri Əli (ə) buyurmuşdur: “Gözlərmizin yaşı yalnız qəlblərimizin bərkiməsi və daşlaşmasına görə quruyur. Qəlblərimiz yalnız günahların artmasına görə bərkiyər.”[16]
  4. Biz nəsranilik (İsaya yardım) iddiasında olanlardan əhd aldıq. Sonra onlar xəbərdar olunduqları şeyin mühüm bir hissəsini unutdular. Buna görə də aralarına Qiyamət gününə qədər davam edəcək ədavət və düşmənçilik saldıq. Allah onları gördükləri işlərdən (onların nəticələrindən) xəbərdar edəcək.
  5. Ey kitab əhli! Sizə kitabda gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, (onları ifşa etmək hələ məsləhət olmadığı üçün) bir çoxunun da üstünü vurmayan Peyğəmbərimiz gəldi. Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi.
  6. Allah razılığına uyğun davrananları onunla (Quranla) əmin-amanlıq yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!
  7. “Allah Məryəm oğlu Məsihdir”, – deyənlər, şübhəsiz ki, kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin hökmranlığı Allahın əlindədir. O, istədiyini (hətta İsa kimi atasız uşaq da) yaradar və hər şeyə qadirdir!

—————————————————————————————–

  1. Xristianlar arasında alovlandırılmış düşmənçilik və kin-küdurət odu: Həzrət İsa (ə) peyğəmbər idi və insanları sülh və səfaya dəvət edirdi. Onları axirət inancına səsləyir, dünyapərəstlikdən, dünyanın qiymətsiz sərvəti, iqtidarı və ləzzətləri üstündə mübahisə etməkdən, mübarizə aparmaqdan çəkindirirdi. Lakin ona tabe olduğunu iddia edənlər onun göstərişləri və nəsihətlərinin əksinə əməl edirdilər. Buna görə də Allah onların arasında İsanın (ə) dəvət etdiyi sülh və qardaşlıq yaratmaq əvəzinə düşmənçilik odu alovlandıraraq buyurdu ki, bu od Qiyamətə qədər davam edəcək. Əgər İsanın (ə) tarixini araşdırsaq, görərik ki, o, göylərə çəkildiyi vaxtdan həvarilərlə məsihiliyi təbliğ etdiyini iddia edənlər arasında ixtilaf düşdü və bu ixtilaf günbəgün bütün xristianlığı bürüdü. Bunlar həmin vaxtdan bir-birinin canına düşdülər, aralarında müharibələr, qətllər, qarətlər, sürgünlər baş verdi. İş bəşəriyyətin həyatına təhlükə olacaq dünya müharibələrinin baş verməsinə qədər gəlib çatdı. Bütün bunlar Allah yolundan imtina etməyin, dünyapərəstlik və şəhvətpərəstliyin nəticəsi idi[17]. Məlumdur ki, müsəlmanlar da xrstianların yolunu tutsalar, eyni aqibətə düçar olacaqlar[18].
  2. Xrstianların Allahla bağlı əsassız inancları: Bilməliyik ki, xristianların Allahla bağlı bir neçə əsassız iddiaları vardır. Birincisi, onlar üç tanrıya inanırlar. “Nisa” surəsinin 171-ci ayəsində bu mövzuya işarə edilmiş və yanlış olduğu qeyd edilmişdir. Həmin ayədə belə deyilir: “(Allah) üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu,) sizin üçün daha yaxşı olar. Allah yeganə məbuddur”. İkincisi, onlar kainatın yaradıcısını həmin üç tanrıdan biri hesab edir və onu “Ata Allah” adlandırırdılar. “Maidə” surəsinin 73-cü ayəsində bu inancın yanlış olduğu qeyd edilir. Həmin ayədə Allah belə buyurur: “Allah üç Allahdan biridir!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir məbud yoxdur.” Üçüncü və ən qəribə inancları budur ki, üç Allah çox olması ilə yanaşı vahiddir. Bu inanca görə, Allah həmin Məryəm oğlu İsa, Məryəm oğlu İsa (ə) isə həmin Allahdır və bu ikisi üç ayrı substansiyaya malik olduqları halda, müqəddəs ruhla birdirlər. Quran üçlüyün hər üç tərəfini qeyd edərək, onu qətiyyətlə rədd etmişdir[19]. İmam Rza (ə) xristian katolikosu ilə mübahisəsi zamanı belə buyurur: “And olsun Allaha, biz Mühəmmədə (s) iman gətirmiş İsaya inanırıq. Yalnız sizin İsanıza bir iradımız var. O da budur ki, az oruc tutub, az namaz qılırdı.” Katolikos deyir: “Biliyini zay etdin, özünü aciz vəziyyətə saldın. Mən sənin ən savadlı müsəlman olduğunu düşünürdüm.” İmam Rza (ə) buyurur: “Məqsədiniz nədir?” Katolikos deyir: “Sən deyəndə ki İsa az oruc tutub, az namaz qılırdı, düz danışmadın. Çünki İsa yemək yediyi bir gün, yatdığı bir gecə olmayıb. Bütün günlərini oruc tutmuş, bütün gecələrini ibadət etmişdir.” Bu zaman İmam Rza (ə) buyurur: “Ey katolikos, bəs İsa kimin üçün oruc tutub, kimə ibadət edirdi?” Katolikos İmamın (ə) sarsılmaz məntiqi ilə qarşılaşdığını görüb susmaqdan başqa çarə görmür.

Deməli, İsanın (ə) bütün həyatı ibadət və sitayişlə keçmişdisə, onu necə Allah hesab etmək olar? Çünki Allahın Özünün Özünə ibadət etməsinin heç bir mənası yoxdur[20].

  1. Yəhudilər və nəsranilər dedilər: “Biz Allahın övladları və (xüsusi) dostlarıyıq”. De: “Bəs onda nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. İstədiyini (layiq gördüyünü) bağışlar, istədiyinə (layiq olana) əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin hökmranlığı Allahın əlindədir və bütün varlıqların dönüşü Ona doğrudur!
  2. Ey kitab əhli! Elçilər arasında fasilə yarandıqdan sonra “(Qiyamət günü) bizə nə bir müjdə verən, nə də bir qorxudan gəldi”, – deməməyiniz üçün sizə həqiqətləri bəyan edən Peyğəmbərimiz (Mühəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!
  3. (Yadınıza salın) bir vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm, Allahın sizə olan nemətini xatırlayın, bir zaman sizə peyğəmbərlər göndərdi, sizi hökmdar və ixtiyar sahibləri etdi və heç bir bəşər övladına vermədiyini sizə verdi.
  4. Ay camaat! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin ki, ziyana uğrayarsınız!”
  5. Onlar dedilər: “Ya Musa, orada (güclü və) zülmkar adamlar var. Onlar oradan çıxmayınca biz oraya girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
  6. Allahdan qorxan və Allahın nemət (ağıl, iman və cəsarət) verdiyi iki nəfər dedi: “Siz onların şəhərlərinin darvazasından daxil olun. Daxil olduğunuz zaman qələbə çalacaqsınız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

——————————————————————————————-

  1. Peyğəmbərlər arasında fasilə: “Fətrət” sözünün mənası durğunluq, sakitlik olub iki hərəkat və ya iki inqilab, iki fəaliyyət arasındakı fasiləyə deyilir. Musa (ə) ilə İsanın (ə) peyğəmbərlik etdikləri dövrlər arasındakı zaman fasiləsində çox peyğəmbər və elçilər olduğu halda, İsanın (ə) peyğəmbərlik etdiyi dövrdən İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi dövrə qədər elə də çox peyğəmbər gəlməmişdir. Quranda bu dövr peyğəmbərlərin durğunluq dövrü adlandırılır. İsanın (ə) dövründən Mühəmməd (s) peyğəmbərin dövrünə qədər 600 ilə yaxın zaman fasiləsi var. Əlbəttə, “Yasin” surəsinin 14-cü ayəsinə və İslam təfsirçilərinin qənaətinə əsasən bu iki peyğəmbər arasında ən azı üç peyğəmbər olmuşdur. Hətta bəziləri onların sayının dörd olduğunu da qeyd edir. Hər halda həmin elçilərin vəfat etdiyi vaxtlar İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi vaxt arasında fasilə olduğu və habelə onların sayı İsadan (ə) əvvəlki peyğəmbərlərin sayından az olduğu üçün İsanın (ə) dövründən İslam peyğəmbərinin (s) dövrünə qədər olan zaman müddəti “durğunluq dövrü” adlandırılmışdır. Əlbəttə, bu dövrdə peyğəmbərlərin icraçı varisləri olmuşdur. Şiə inancına görə yer üzündə hər zaman ilahi rəhbər (höccət) olmuş və olacaqdır[21].
  2. Fironçulara nökərçilik utancından azad olmaq neməti: Təfsirçilər bu ayənin “sizi hökmdar və ixtiyar sahibləri etdi” cümləsini şərh edərkən bildirirlər ki, burada Allahın insanları fironçulara nökərçilik utancından, onların təcavüzlərindən, təzyiqlərindən azad etməsi nəzərdə tutulur. Çünki “mülk” sözünün mənası insanın özü, ailəsi və əmlakının idarəçiliyindəki müstəqilliyidir. İsrail övladları həzrət Musanın (ə) zamanında ən yaxşı sosal sistemə malik idilər, tövhid və təkallahlıq mühitində yaşayırdılar. Bu sistem onları Allah və peyğəmbərinə itaət etməyə vadar edirdi. Həmin vaxt cəmiyyət ədalətlə idarə edilirdi, digər xalqlara təcavüz edilmirdi, cəmiyyəti məhvə aparan sinfi ayrıseçkilik, rəiyyət və ərbab bölgüsü yox idi, onlara yalnız Musa (ə) rəhbərlik edirdi. Müsa (ə) Allahın peyğəmbəri və məsum bir şəxs idi, despot şah və hakimlərin yolunu getmirdi. Musa (ə) qövmündən Allahın onlara layiq gördüyü bu nemətini xatırlamalarını istədi: “Allahın sizi ixtiyar sahibləri etdiyi vaxtı xatırlayın!”[22]
  3. Allahın İsrail övladlarına bəxş etdiyi xüsusi nemətlər: Təfsirçilər bu ayənin “heç bir bəşər övladına vermədiyini sizə verdi” cümləsini təfsir edərkən bildirirlər ki, bu, Allahın İsrail övladlarına bəxş etdiyi açıq-aşkar və qətiyyətli möcüzələrlə müşayiət olunan nemətləri idi. Əgər onlar öz imanları üzərində möhkəm dayansaydılar, şübhəsiz ki, bu möcüzələr və nemətlər onların dünya və axirətdə ideal həyata nail olmasına səbəb olacaqdı. Bu diqqət və möcüzələr Misirdə olduqları vaxt və Fironun əlindən azad olduqları zamana qədər davam etdi. Əgər tarixə nəzər salsaq, görərik ki, İsrail övladlarından əvvəl mövcud olmuş heç bir xalqa belə diqqət ayrılmamış, bu qədər möcüzə göstərilməmişdir[23]. Fironçuların əlindən möcüzəli şəkildə azad olmaq, dənizin onlar üçün ikiyə ayrılması, səhrada didərgin düşdükdə qeyb aləmindən onlara “mənn” və “səlva” adlı xüsusi yeməklər göndərilməsi[24], düz yola yönəlmələri üçün onlara çoxlu peyğəmbərlər göndərilməsi[25], Firon və fironçuların məhv edilməsi, onların sərvətlərinin ələ keçirilməsi, hərəkət edərkən başları üzərində buludun hərəkət etməsi[26] və sair Allahın möcüzələrindən və nemətlərindən idi.
  4. (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedin (onlarla) vuruşun. Biz isə burada oturmuşuq”.
  5. (Musa) dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma ixtiyarım çatır. Sən bizimlə bu günahkar cəmiyyət arasına ayrılıq sal!”
  6. Allah (Musaya) buyurdu: “Bu torpaq qırx il onlara haramdır. Yer üzündə (bu səhrada) sərgərdan gəzib dolaşacaqlar. Bu günahkar camaata görə qəmgin olma!”
  7. Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Hər ikisi qurban gətirdiyi zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul edilməmişdi. (Qurbanı qəbul edilməyən qardaş o biri qardaşına) demişdi: “And olsun Allaha, səni öldürəcəyəm! (Qardaşı isə) belə demişdi: “ (Mənim nə günahım var?) Allah yalnız təqvalılardan qəbul edər!
  8. Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Çünki mən aləmlərin Rəbbindən qorxuram.
  9. Mən istəyirəm ki, sən həm mənim günahım (məni öldürməklə üzərinə götürdüyün günahla), həm də öz günahınla birlikdə qayıdasan və Cəhənnəm sakinlərindən olasan. Zalimların cəzası budur!”
  10. Üsyankar nəfsi yavaş-yavaş onu öz qardaşını öldürməyə sövq etdi, (nəhayət) onu öldürdü və ziyana uğrayanlardan oldu.
  11. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşələyən bir qarğa göndərdi. O dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmədim?” Artıq (rüsvayçılıq qorxusundan vicdanı qarşısında tutduğu işdən) peşman olmuşdu.

——————————————————————————————-

  1. Misiri tərk etdikləri vaxtdan səhrada didərgin qaldıqları vaxta qədər: Bu surənin 20-26-cı ayələri həzrət Musanın (ə) öz qövmünü Misirdən çıxardığı, İsrail övladlarının peyğəmbərləri tərəfindən göstərilən möcüzələri müşahidə etdikləri dövrə aiddir. Allah-taala onlara bir-birinin ardınca nemətlər bəxş edirdi. İsrail övladlarının bütün bunlardan sonra məskunlaşmaq və azad yaşamaq üçün bir əraziyə ehtiyacları var idi. Allah-taala bu neməti də onlara bəxş etdi. Əlbəttə, bunun üçün onlar cihad etməli və zəhmət çəkməli idilər. Ancaq İsrail övladları bəhanə gətirərək itaətsizlik göstərdilər və bununla da öz talelərini dəyişib qırx il didərgin qaldılar[27]. Bu ayənin ehtiva etdiyi bir neçə nüansa açıqlama gətirmək istəyirik: 1. “Müqəddəs torpaq” deyilərkən (21-ci ayə) hara nəzərdə tutulur? “Müqəddəs torpaq” deyilərkən böyük ehtimalla Suriya ərazisi nəzərdə tutulur. Bütün ehtimallar bu ərazidən yanadır. Çünki tarixi faktlar bu regionun ilahi peyğəmbərlərin beşiyi, böyük dinlər diyarı, uzun illər təkallahlıq və allahpərəstlik mərkəzi olduğunu sübuta yetirir. Buna görə “müqəddəs torpaq” deyilərkən məhz bu ərazinin nəzərdə tutulduğunu deyə bilərik. 2. “Zülmkar adamlar” deyilərkən iri və hündür cüssələri olan Əmaliqə tayfası nəzərdə tutulur. Samın nəslindən olan bu insanlar Ərəbistan yarımadasının şimalında, Sina səhrasının yaxınlığında yaşayırdılar. Onlar Misirə hücum etmiş və uzun müddət onu öz hakimiyyətləri altında saxlamışlar. Onların hakimiyyət müddəti 500 il davam etmişdir[28]. 3. Həzrət Musa (ə) “mənim təkcə özümə və qardaşıma ixtiyarım çatır” (25-ci ayə) deyərkən məqsədi təkcə özü və qardaşı Harunun (ə) iman gətirdiyini demək deyildi. O demək istəyirdi ki, “mən yalnız özümü və qardaşımı Sənə itaətkarlıq göstərməyə vadar edə bilərəm, digərlərinə bunu etməyə ixtiyarım çatmır.” Çünki bir tərəfdən həzrət Harun (ə) peyğəmbər və həzrət Musanın (ə) canişini idi. Digər tərəfdən isə, İsrail övladları arasında az da olsa, möminlər var idi. 22-ci ayədə işarə edilən iki mömini buna misal göstərə bilərik. Yəni Musa (ə) demək istəyirdi ki, onun yalnız özünə və qardaşına ixtiyarı çatır, digərlərinin (mömin və ya kafir) ixtiyarı öz əllərindədir. 4. Hədislərdə İsrail övladlarının 40 il başlı-başına qalması və didərgin düşməsi mövzusundan çox bəhs edilmişdir. Hədislərdə onların gecə-gündüz yol gedib heç bir bəlli məkana çata bilməmələri və həmin vaxt Musa peyğəmbərin (ə) vəfat etməsi məsələlərinə də işarə edilmişdir[29].
  2. Adəmin (ə) övladlarının qurbanlığı: Bu ayədən başlayaraq 31-ci ayəyə qədər Adəmin (ə) oğlanlarının birinin digərini öldürməsindən söhbət açılır. Hədislərə görə onların birinin adı Habil, digərininki isə Qabil olmuşdur. İmam Sadiqə (ə) aid olan bir hədisdə deyilir ki, Allahın göstərişi ilə Habil həzrət Adəmin (ə) canişini təyin edilmiş və ona Allahın əzəmətli adları öyrədilmişdir. Böyük qardaş olan Qabil özünün daha üstün və daha layiqli olduğunu düşünürdü. Buna görə də onlara qurban kəsmələri göstəriş verildi. Hansının qurbanlığı qəbul edilsəydi, həzrət Adəmin (ə) canişini də məhz o olacaqdı. Ancaq ixlas və təqvasına görə Habilin qurbanlığı qəbul edildi. Paxıl və inadkar olan Qabilin qurbanlığı isə rədd edildi. Qabil buna görə çox narahat oldu, qardaşını öldürmək kimi dəhşətli bir cinayət törətdi. Bu ayələrdə sözügedən hadisədən bəhs edilir[30].
  3. Qətlə yetirilənin günahlarının qatilin boynuna yüklənməsi: İmam Baqir (ə) bu ayəyə işarə edərək belə buyurmuşdur: “Bir nəfər başqasını öldürərsə, Allah qətlə yetirilənin bütün günahlarını qatilin hesabına yazar və öldürüləni bütün günahlardan təmizləyər.”[31]
  4. Buna görə də İsrail oğullarına bildirdik ki, qətl törətməmiş və yer üzündə fitnə-fəsada bulaşmamış bir insanı öldürən şəxs sanki bütün insanları öldürmüş kimidir. Bir insanı ölümdən xilas edən şəxs sanki bütün insanları diriltmiş kimidir. Bizim peyğəmbərlərimiz İsrail oğullarına açıq dəlillər gətirdilər. Ancaq bundan sonra da onların bir çoxu yer üzündə həddi aşıb israf etdi.
  5. Allaha və Peyğəmbərinə qarşı müharibəyə qalxanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların (silah götürüb insanların canına, malına və namusuna hücum çəkənlərin) cəzası ancaq öldürülmək, edam edilmək, dara çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərindən dörd barmaq və sol ayaqlarının) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
  6. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayan və rəhm edəndir!
  7. Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün bir vasitə axtarın. Onun yolunda cihad edin, bəlkə nicat taparsınız!
  8. Yəqin ki, yer üzündə olanların hamısı, üstəlik bir o qədər də onların əlində olsa, bunların hamısını Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə (cərimə) versələr, yenə də onlardan qəbul olunmayacaq. Onlar şiddətli bir əzaba düçar olacaqlar.

—————————————————————————————-

  1. Günahsız bir insanı öldürmək bütün insanları öldürmək kimidir: Təfsirçilər bu ayə ilə bağlı müxtəlif fikirlər səsləndirmişlər. Əllamə Təbatəbai bu ayəni təfsir edərkən belə qeyd edir: “Hər bir insan, insan olduğu üçün insanlıq adlanan bir həqiqətə malikdir. Bütün insanlar bu həqiqətdə ortaqdırlar. Bu cəhətdən fərdlər arasında heç bir fərq yoxdur. Allah ibadətinin yer üzündə əbədi qalması üçün bu həqiqətin əbədi qalmasını istəyir. Digər tərəfdən isə insanların ömrü qısa olduğu üçün insanlar biri digərinin ardınca yaşamalıdırlar ki, bu həqiqət davam etsin. İndi əgər bir nəfər heç bir səbəb (qisas və ya yer üzündə fəsadla mübarizə məqsədi) olmadan günahsız bir insanı qətlə yetirərsə, insanlığın həqiqətini təhlükə altında qoymuş və bununla da Allaha qarşı çıxmış olur. Çünki Allah insanlığın davam etdirilməsini istədiyi halda, bir nəfərin simasında da olsa belə, o, insanlığı öldürmüşdür. Buna görə də günahsız bir insanı öldürən şəxs sanki bütün insanları öldürmüş, bir insanı ölümdən xilas edən şəxs isə sanki bütün insanları ölümdən xilas etmişdir. Bu da onunla izah edilir ki, bir günahsız insanın öldürülməsi insanlıq həqiqətinin öldürülməsi və bir insanın ölümdən xilas edilməsi insanlıq gerçəyinə həyat bəxş edilməsidir. Əhli-beyt (ə) hədislərində də bu mövzu öz əksini tapmışdır. Hədislərdə qeyd eidilir ki, günahsız bir insanı öldürən şəxsin məkanı Cəhənnəmdir. Əgər bütün insanları da öldürmüş olsaydı, yenə də eyni məkanda olacaqdı. Əlbəttə, başqasını öldürən insanın Cəhənnəmdəki əzabı daha çox olacaq[32].
  2. Müharibəyə qalxmağın fiqhə aid olan bir neçə yönü: Bu və sonrakı ayə fiqh kitablarında geniş şəkildə araşdırılmış hökmlərə şamildir. Burada onların bir neçəsinə işarə edirik: 1. “Allah və Peyğəmbərlə (s) müharibəyə qalxmaq” deyilərkən kiminsə silah və ya təhdiddən istifadə edərək insanların canına və malına təcavüz etməsi nəzərdə tutulur. Burada şəhərdən kənarda keçidlərdə soyğunçuluq edən quldurlarla şəhər daxilndəki quldurların heç bir fərqi yoxdur. Buna görə də bu ayə insanların canına, malına və namusuna təcavüz edən insanlara da şamil olur. 2. “Əlin və ayağın kəsilməsi” deyilərkən oğurluq edən adamda olduğu kimi, əl və ayaqdan dörd barmağın kəsilməsi nəzərdə tutulur. 3. Müharibəyə qalxan şəxslər günahsız insanı öldürəcəyi təqdirdə onlara ölüm hökmü kəsilir. Silahla təhdid edib insanların malını qarət etdkdə isə əl və ayaq barmaqları kəsilir. Qətl törədib, eyni zamanda soyğunçuluq edənin cəzası edamdır. Edam edilən adamın cəsədi bir neçə gün dar ağacında saxlanılır. Başqasının üstünə silah çəkib heç bir xəsarət yetirməyənin, habelə silah çəkib soyğunçuluq etməyən şəxsin cəzası isə başqa bir şəhərə sürgündür[33].
  3. Təvəssül – Qurandan bir həqiqət: Təvəssülün mənası nəyəsə sevgi və istəklə yaxınlaşmaq istəyinə və ya yaxınlaşmağa deyilir[34]. Buna görə də bu ayədə işlənmiş “vasitə” sözünün mənası genişdir, insanı Allaha yaxınlaşdıran hər bir şeyə və hər bir əmələ şamil olur. Belə ki, İmam Əlinin (ə) bir hədisində “Allaha və Peyəmbərə (s) inam, Allah yolunda cihad, ixlas kəlməsi (lə iləhə illəllah), namaz, zəkat, ramazan ayının orucu, həcc, qohumlara baş çəkmək, aşkar və gizli sədəqə və bütün yaxşı işlər” vasitə hesab edilmiş və onların vasitə seçilməsi lazım bilinmişdir. Quran ayələri və məsum imamların (ə) hədislərinə əsasən saleh bir insanın Allah dərgahında vasitəçi seçilib Allahdan onun xatirinə nə isə istənilməsi heç bir halda qadağan deyil və tövhid inancı ilə qətiyyən təzad təşkil etmir. Belə ki, hədislərin birində belə qeyd edilmişdir: “İmam vasitəsilə Allaha yaxınlaşın!”[35]
  4. Onlar oddan çıxmaq istəyərlər, lakin oradan çıxa bilməzlər. Onlar üçün daimi əzab var!
  5. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah qüdrətlidir, hikmət sahibidir!
  6. Haqsızlığa yol verdikdən sonra tövbə edib özünü düzəldən şəxsin tövbəsini Allah qəbul edər (və onun bu cəzasını bağışlayar. Çünki) Allah bağışlayan və rəhm edəndir!
  7. Göylərin və yerin hökmranlığının Allaha məxsus olduğunu bilmirsənmi?! O, istədiyini (layiq olanı) cəzalandırar, istədiyini (layiq bildiyini) bağışlayar. Allah hər şeyə qadirdir!
  8. Ya Peyğəmbər! Küfr yolunda sürətlə irəliləyən, qəlbən inanmadıqları halda, dildə: “İnandıq”, – deyənlər, (habelə) səni yalançılıqda ittiham etmək üçün sözlərinə yaxşı-yaxşı qulaq asıb bəhanə tapmağa çalışan yəhudilər səni kədərləndirməsinlər. Onlar özləri sənin yanına gəlməyən başqa bir qrupun casuslarıdırlar. Onlar sözlərin əsas mənasını təhrif edib (bir-birinə) deyirlər: “Əgər sizə bu (bizim istədiyimiz) verilsə (və Mühəmməd sizin istəyinizə uyğun şəkildə hökm etsə), onu qəbul edin. Əks təqdirdə, ondan uzaqlaşın”. Ancaq Allahın (etdiyi günaha görə) cəzalandırmaq istədiyi şəxsi Ondan müdafiə edə bilməzsən. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir; dünyada onları rüsvayçılıq, axirətdə isə böyük bir əzab gözləyir!

—————————————————————————————–

  1. Oğurluğun cəzası: Quran bu hökmdə də digər hökmlərdə olduğu kimi, mövzunun əsasını qeyd etmiş, izahını isə Peyğəmbər (s) sünnəsinə həvalə etmişdir. Hədislərə əsasən, bu cəzanın (oğrunun əlinin kəsilməsi) icrası bir neçə şərtin olmasını tələb edir. Həmin şərtlər olmadan bu cəzanı icra etmək olmaz. Fiqh kitablarında həmin şərtlər haqqında geniş məlumat verilmişdir. Əlbəttə, İslamda oğurluğun istənilən növü forma və ölçüsündən asılı olmayaraq haramdır. Amma əlin kəsilməsi cəzası bütün şərtlər toplandıqdan sonra icra edilir. Bizim fəqihlərimizin məşhur rəyinə əsasən əlinin kəsilməsinə hökm verilmiş oğrunun sağ əlinin dörd barmağı kəsilməlidir. Bundan artığına icazə verilmir, baxmayaraq ki, sünni fəqihləri daha yuxarıdan kəsilməsinə fətva vermişlər[36].
  2. Tövbə etdiyi təqdirdə cəza oğrunun üzərindən götürülürmü? Şiə fəqihləri arasında ən məşhur nəzər budur ki, oğru, cinayəti İslam məhkəməsində sübuta yetməzdən əvvəl tövbə edərsə, cəzası götürülür. Lakin oğrunun cinayəti iki adil şəxsin şahidliyi ilə sübuta yetərsə, cəzanın icrası tövbə ilə qüvvədən düşmür[37].
  3. Peyğəmbər (s) yəhudilərin ləğv etdiyi zina cəzasını bərpa etdi: İmam Baqirin (ə) bu məzmunda bir hədisi var: Xeybər yəhudilərindən olan ərli bir zadəgan qadın həmin xalqın ailəli bir zadəgan kişisi ilə zina etmişdi. Yəhudilər Tövratın (daşqalaq) hökmünün onlara tətbiq ediləcəyindən çox narahat idilər. Bu hökmün onlara tətbiq edilməməsi üçün çıxış yolları axtarırdılar. Eyni zamanda elə davranmaq istəyirdilər ki, guya Allahın hökmlərinə bağlıdırlar. Buna görə də Mədinə yəhudilərinin bir qrup ağsaqqalı Peyğəmbərin (s) yanına getdilər. Bu vaxt zina etmiş ailəli qadının daşqalaq edilməsi ilə bağlı hökm nazil oldu. Lakin onlar dinlərində belə bir hökmün olmadığını bəhanə gətirərək hökmün icrasından boyun qaçırdılar. Peyğəmbər (s) buyurdu: “Bu hökm eynilə sizin Tövratda da mövcud olmuş hökmdür. Əgər razısınızsa, özünüzdən birini çaığırım və həmin adamın Tövratdan oxuduqlarını qəbul edin.” Dedilər: “Bəli”. Peyğəmbər (s) buyurdu: “Fədəkdə yaşayan İbn Suriya necə alimdir?” Dedilər: “O, Tövratı bütün yəhudilərdən yaxşı bilir.” İbn Suriyanın dalınca adam göndərdilər. Gəldikdən sonra Peyğəmbər (s) buyurdu: “Səni Tövratı Musaya nazil edən, sizi xilas etmək üçün dəryanı yaran, düşməniniz olan Fironu suda qərq edən, səhrada sizə Öz nemətlərini bəxş edən tək Allaha and verirəm, de görüm, sizə Tövratda bu mövzu ilə bağlı daşqalaq hökmü nazil olub, ya yox?” İbn Suriya dedi: “Mənə and verdiyin üçün demək məcburiyyətindəyəm. Bəli, Tövratda belə bir hökm var. Peyəmbər (s) buyurdu: “Nə üçün bu hökmü icra etməkdən boyun qaçırırsınız?” O dedi: “Doğrusu, biz keçmişdə bu cəzanı adi adamlara tətbiq edir, varlı və zadəganları cəzalandırmaqdan çəkinirdik. Buna görə də bu günah cəmiyyətin yuxarı təbəqəsində geniş vüsət aldı. İş o yerə çatdı ki, başçılardan birinin əmisi oğlu bu günahı etdi. Qaydaya uyğun olaraq ona cəza verilmədi. Amma bu əsnada adi adamlardan biri də bu günahı etd. Onu daşqalaq etmək istədikdə qohumları etiraz edərək bildirdilər ki, əgər hökm icra olunacaqsa, hər ikisi cəzalanmalıdır. Buna görə də biz daşqalaq qanunundan daha yüngül bir qanun qəbul etdik. O da bundan ibarət idi ki, onların hər birinə qırx şallaq vurmalı, üzlərini qaraltmalı, miniyin üzərində tərsinə otuzdurub küçə və bazarlarda gəzdirməli idik.” Bu zaman Peyğəmbər (s) hökm verdi ki, həmin kişi ilə qadın məscidin qarşısında daşqalaq edilsinlər! Elə bu vaxt bu ayələr nazil oldu və hadisə yığcam şəkildə bəyan edildi[38].
  4. Onlar sənin sözlərini yalana çıxarmaq üçün ona çox qulaq asır, çox haram yeyirlər. Əgər yanına gəlsələr, aralarında hökm et, ya da (məsləhət bilsən,) onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalətli insanları sevir!
  5. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edir, sonra da ondan üz çevirirlər? Onlar mömin deyildirlər.
  6. Biz Tövratı nazil etdik. Onda haqq yola yönləndirmə və nur var idi. Allahın əmrinə itaət göstərən peyğəmbərlər yəhudilər arasında onunla hökm edirdilər. Habelə din alimləri onlara tapşırılmış və şahidi olduqları bu kitab vasitəsilə hökm edərdilər. Buna görə (Allahın ayələri əsasında hökm çıxardığınız üçün) insanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi hökmlər əsasında hökm etməyənlər kafirdirlər!
  7. Biz orada (Tövratda) onlara (İsrail övladlarına) canın qisasının can, gözünkünün göz, burununkunun burun, qulağınkının qulaq, dişinkinin diş, yaranınkının yara olduğunu hökm verdik. Lakin kimsə bağışlasa, (qisasdan imtina etsə, günahlarının) kəffarəsi hesab edilər (günahları bağışlanar). Allahın nazil etdiyi hökmlərlə hökm etməyən şəxs zalımdır!

—————————————————————————————–

  1. Tövrat – təhrif olunmuş kitab: Bu kitabı İran şahı Kirin icazəsi ilə Əzra yəhudilər üçün toplamışdı. Bu iş Babilin Kir tərəfindən fəthindən, İsrail övladlarının sərbəst buraxılmasından, onların Fələstinə geri qayıtmalarına icazə verilməsindən, Heykəl məbədinin təmirindən sonra həyata keçirilmişdir. Bu, Peyğəmbər (s) zamanında yəhudilər arasında yayılmış və bu gün də mövcud olan həmin Tövratdır. Quran orada ilahi hökmlərin olduğunu, təhrifə və dəyişikliyə məruz qaldığını təsdiq edir. Quran və aparılan araşdırmalar əsasən müasir dövrdə mövcud olan Tövratda Musaya (ə) nazil olmuş orijinal Tövratın mətnləri olduğu, mətnlərə əlavələr edildiyi, ixtisarlar aparıldığı, sözlərdə dəyişikliklər edildiyi, söz və cümlələrin yerlərinin dəyişdirildiyi, təhriflərə məruz qaldığı məlum olur[39].
  2. Ədalətsiz hökm çıxarmaq küfrə bərabər bir davranışdır: Peyğəmbər (s) buyurub: “Allahın nazil etdiyi hökmlər əsasında hökm etməyənlər kafirdirlər!” ayəsi iki dirhəm üçün ədalətsiz hökm çıxaran və ittiham edilmiş şəxsi hökmü qəbul etməyə məcbur edən hakimə şamil olur.” Hədisin ravisi: Müttəhimi necə məcbur edir? Peyğəmbər (s): “İxtiyarında şallaq və həbsxana olan hakimin hökmündən sonra müttəhim hökmlə razılaşsa, heç, yox əgər razılaşmasa, onu şallaqlayıb həbs etdirməklə.” Yəni əgər hakim ədalətsiz hökm çıxararsa və hökmü icra etmək iqtdarına malik olarsa, kafir olmuşdur[40].
  3. Yəhudi dininə əsasən qisas hökmü: Bu ayə o dövrdə mövcud olan yolverilməz ayrıseçkiliyə son qoymuşdur. Bəzi təfsirlərdən belə məlum olur ki, o dövrdə Mədinə yəhudiləri arasında qəribə bir bərabərsizlik hökm sürürmüş. Məsələn, Bəni-Nəzir tayfasından olan bir şəxs Bəni-Qüreyzə tayfasından olan bir nəfəri öldürsəydi, qisas alınmazmış. Halbuki Bəni-Qüreyzə tayfasından bir nəfər qarşı tərəfdən birini öldürəndə hökm fərqli olarmış. İslam Mədinəyə gəldikdən sonra Bəni-Qüreyzədən olanlar bu barədə Peyğəmbərdən (s) soruşduqda Peyğəmbər (s) buyurur: “Qanbahalar arasında heç bir fərq yoxdur.” Bəni-Nəzir tayfası etiraz edir və tayfanın statusuna haqsızlıq edildiyini bildirir. “Maidə” surəsinin 45-ci ayəsi nazil olur və onlara təkcə İslamda deyil, yəhudilikdə də bu qanunun hamı üçün eyni olduğunu bildirir. Əlbəttə, İslamda qisas hökmü müəyyən şərtlərə və qaydalara malikdir. Fiqh kitablarında bu mövzu xırdalıqlarına qədər araşdırılmışdır[41].
  4. Qisasdan imtina etməyin mükafatı: “Lakin kimsə bağışlasa, (qisasdan imtina etsə, günahlarının) kəffarəsi hesab edilər (günahları bağışlanar)” cümləsi haqqında İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: “Yara və qeyri-yara xəsarətinin qisasından imtina edən (məhkumu bağışlayan) şəxsin günahları həmin xəsarət qədər bağışlanar.” Peyğəmbər (s) buyurmuşdur: “Əgər dişi sındırılmış və ya əli kəsilmiş və yaxud bədən üzvlərindən biri kəsilmiş, ya da bədəninə hər hansı xəsarət yetirilmiş şəxs qisasdan imtina edib günahkarı bağışlasa, dəymiş zərərə görə ala biləcəyi diyə miqdarında günahları bağışlanar. Əgər bağışladığı miqdar diyənin dörddə biri qədərdirsə, günahlarının dörddə bir, əgər diyənin üçdə biridirsə, günahlarının üçdə bir hissəsi bağışlanar. Əgər güzəştə getdyi tam diyədirsə, bütün günahları bağışlanar.”[42]
  5. Onların (əvvəlki peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı özündən qabaq göndərilmiş Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.
  6. İncil əhli (Məsihin ardıcılları) Allahın onda nazil etdiyi ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.
  7. Bu kitabı (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabları təsdiq edən və onları qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Onların istəklərinə uyub ilahi hökmlərdən üz çevirmə. Sizin hər biriniz üçün aydın bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin Allah sizi bu verdikləri ilə sınağa çəkmək (malik olduğunuz müxtəlif bacarıqları inkişaf etdirmək) istəyir. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!
  8. Onların arasında Allahın nazil etdiyi kitab əsasında hökm et. Onların istəklərinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (sənin çıxardığın hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə cəzalandırmaq istəyir. İnsanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!
  9. Onlar (səndən) Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Yəqin sahibi olan bir cəmiyyət üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!

————————————————————————————–

  1. 47. Quran nazil olana qədər İncilə tabe olmanın vacibliyi: Şübhəsiz ki, bu ayənin məqsədi İsanın (ə) ardıcıllarına indi də İncilin hökmlərinə tabe olmaq göstərişi vermək deyil. Çünki bu fikir Quranın digər ayələri və əvvəlki dinlərin qanuniliyinə yekun vurulduğunu elan edən Quranın mövcudluq prinsipi ilə təzad təşkil edir. Əslində, ayənin məzmunu Allah-taala İncili İsaya (ə) nazil etdikdən sonra ona əməl etməyi və onun əsasında hökm çıxarmağı göstəriş verdiyini ifadə edir[43].
  2. Allahın hökmünün müxtəlif yönləri: Diqqət çəkən cəhət budur ki, “Maidə” surəsinin 44, 45 və 47-ci ayələrində Allahın nazil etdiyi hökmlər əsasında hökm verməyənlər kafir, zalım və günahkar adlandırılmışlar. Bu üç ifadə fərqi hər hökmün üç yönə malik olması ilə izah edilə bilər. Hökmün bir yönü qanunverici (Allah), ikinci yönü qanunun icraçısı (hakim), üçüncü yönü, haqqında hökm çıxarılan insanla (müttəhimlə) bağlıdır. Ayələrdə qeyd olunan ifadələr arasındakı fərqlilik ehtimal ki, bu üç yönlə əlaqədardır. Çünki Allahın hökmünün ziddinə hökm çıxaran şəxs bir tərəfdən Allahın qanununu ayaqları altına alıb kafir olur, digər tərəfdən günahsız bir insana qarşı zülm və haqsızlıq edir, üçüncü bir tərəfdən isə öz vəzifə səlahiyyətlərini aşıb günahkara çevrilir[44].
  3. Allahın buyurduğuna uyğun şəkildə hökm çıxarmaq, yoxsa nadancasına qərar qəbul etmək? Allah-taala əvvəlki ayələrdə haqq və düzgün olan hökm və qanunların Allah tərəfindən endirildiyini aydın şəkildə çatdırdıqdan sonra bu ayədə belə buyurur: “Allahın hökmündən qeyri hökmlər nadanacasına verilmiş hökm və nəfsani istəklərə tabeçilikdir.” Bu ayədə hökm çıxararkən Allahın hökmlərinə və qanunlarına istinad etməyənlər məzəmmət edilir və onlara “nəyin axtarışındasınız?”, – deyə xitab edilir, Allahın hökmündən üz döndərəcəkləri təqdirdə cahil hesab ediləcəkləri bildirilir. İmam Sadiq (ə) buyurmuşdur: “Hökmlər iki cürdür: İlahi mənbəyə əsaslanan hökmlər; nadancasına verilmiş hökmlər. Allahın hökmlərini tərk etmiş şəxs əsasında nadanlıq dayanan hökmlərə boyun əymişdir.”[45] Tarixi mənbələrin yazdığına görə, Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra həzrət Fatimə (ə) Fədək bağını zorla ondan alan şəxslərin qarşısında dayanaraq bu ayəyə istinad etmiş, onların ilahi qanuna və Peyğəmbər (s) sünnəsinə əsaslanmayan hökmlərinin əsasında nadanlıq dayandığını vurğulamışdır[46]. Buradan da səmavi qanunları və hökmləri olduğu halda, başqa xalqların yaratdığı qanunların ardınca düşən müsəlmanların cahillik və nadanlıq yolunda irəlilədikləri aydın olur[47].
  4. Mühakimənin əsasları: Bu və əvvəlki ayələrdə daha çox mühakimə məsələsinə diqqət yetirilmişdir. Mühakimənin ən mühüm əsasları ədalət və elmdir. Mühakimə zamanı bunların biri və ya hər ikisi olmazsa, mühakimə məqbul sayılmaz. İmam Sadiq (ə) buyurmuşdur: “Hakimlər dörd qrupa bölünürlər: Onların üç qrupu odda, yalnız bir qrupu Cənnətdədir. Dörd qrup hakim bunlardır: 1. Haqqı bilə-bilə haqsız hökm çıxaran hakim oddadır; 2. Haqdan xəbəri olmadan haqsız yerə hökm çıxaran hakim də oddadır; 3. Doğru hökm çıxarmasına baxmayaraq, doğru hökmün nədən ibarət olduğunu bilməyən də oddadır. 4. Yalnız doğrunu bilib doğruya hökm edənin yeri Cənnətdir.”[48]
  5. Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost və arxa seçməyin! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!
  6. Amma qəlblərində xəstəlik olanların onlar(la dostluq etmək) üçün bir-birini qabaqladıqlarını və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq (bu zaman onlara ehtiyac duyacağımızı düşünürük)”, – deyən görərsən. Bəlkə Allah Öz tərəfindən (müsəlmanların xeyrinə) elə bir zəfər bəxş edər və elə bir iş qurar ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən peşman olarlar.
  7. İman gətirənlər isə deyərlər: “Sizinlə birlikdə olduqları barədə Allaha möhkəm andlar içən kəslər bunlardır? (Nə üçün belə oldu?)” Onların əməlləri puça çıxdı və (axirətdə) zərərçəkənlərdən oldular.
  8. Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (Allaha heç bir ziyan vurmaz) Allah elə bir cəmiyyət gətirər ki, (Allah) onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə (layiq gördüyünə) verər. Allah (Öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!
  9. Sizin haminiz və rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirən, namaz qılan və rükuda olduqları halda zəkat verənlərdir.
  10. Hər kəs Allah, Onun peyğəmbərləri və iman gətirənlərin rəhbərliyini qəbul edərsə, (qalib olar. Çünki) Allahın firqəsi qalibdir.
  11. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost və rəhbər seçməyin. Əgər möminsinizsə, Allahdan qorxun!

——————————————————————————————-

  1. Allahı sevənlər və Allahın sevdikləri: Ayədə kimlərin nəzərdə tutulması və Allahın bu şəkildə kimləri tərifləməsi ilə bağlı hədislər və təfsiçilər arasında fikir ayrılıqları mövcuddur. Sünni və şiə vasitəsilə rəvayət edilmiş çoxlu sayda hədislərdə bu ayənin Xeybərin fəthi zamanı İmam Əli (ə) haqqında nazil olması ilə bağlı fikir birliyi var. Həmin məlumatlarda bildirilir ki, Peyğəmbər (s) İslam ordusunun bir neçə sərkərdəsinin Xeybəri fəth edə bilmədiyini görüb, bir gecə üzünü orduya tutaraq buyurur: “And olsun Allaha, sabah bayrağı elə bir adama tapşıracağam ki, Allahı və Peyğəmbərini (s) sevir, Allah və Peyğəmbəri (s) də onu sevir. O, ardıcıl hücum edər və əsla onların qabağından qaçmaz. Allah onun əli ilə müsəlmanlara qələbə qismət etməyincə bu meydandan geri dönməz.” O, möminlərin əmiri Əlidən (ə) başqası deyildi. Hədislərin birində qeyd edilir ki, Peyğəmbərdən (s) bu ayə haqqında soruşulduqda əlini Salman Farsinin çiyninə qoyub: “Bu şəxs, onun dostları və həmvətənləri nəzərdə tutulmuşdur”, – deyə cavab verir. Deməli, bu hədisdə Peyğəmbər (s) iranlıların müsəlman olacağı, onların İslamın müxtəlif sahələr üzrə inkişafı istiqamətində səmərəli fəaliyyətlər göstərəcəyi ilə bağlı öncədən xəbər vermişdir. Sonra Peyğəmbər (s) buyurmuşdur: “Əgər din (başqa bir hədisdə elm) Sürəyya (Ülkər) ulduzundan asılı olsa, Farsdan (İrandan) olan kişilər onu əldə edəcəklər.” Bəzi hədislərdə bu ayənin həzrət Mehdinin (ə) dostları haqqında nazil olduğu qeyd edilmişdir. Onlar bütün gücləri ilə haqq dindən dönmüşlər qarşısında duracaq, dünyanı iman və haqq-ədalətlə dolduracaqlar. Əlbəttə, ayənin təfsiri ilə bağlı qeyd edilmiş bu hədislər bir-biri ilə təzad təşkil etmir. Çünki bu ayə geniş məzmun ifadə edir. Əli (ə) və Salman Farsi onun ən bariz nümayəndələridir. Ayə eyni zamanda bu proqramları davam etdirən insanlara da şamil olur, baxmayaraq ki, hədislərdə onlar qeyd edilməmişdir[49].
  2. Namazın rükusunda zəkat vermək: Bütün şiə təfsirçiləri və sünni təfsirçilərinin çoxu “iman gətirən, namaz qılan və rükuda olduqları halda zəkat verənlərdir” ayəsində şəxsən möminlərin əmiri Əli ibn Əbutalibin (ə) nəzərdə tutulduğunu bildirmişlər. İmam Baqir (ə) buyurmuşdur: “Müsəlman olmuş bir qrup yəhudi, Peyğəmbərin (s) yanına gəlib soruşdu: “Ey Allahın elçisi, həzrət Musa (ə) Yuşə ibn Nunu öz canişini təyin etdi. Bəs sizdən sonra sizin canişininiz və bizim rəhbərimiz kim olacaq?” Bu vaxt “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu. Peyğəmbər (s) buyurdu: “Qalxın!” Hamı qalxıb məscidə doğru yollandı. Məsciddən bir dilənçi çıxdı. Peyğəmbər (s): “Kimsə sənə nə isə verdi?”, – deyə soruşdu. Dilənçi “Bəli, bu üzüyü.” Peyğəmbər (s) soruşdu: “Onu sənə kim verdi?” Dilənçi İmam Əlini (ə) göstərib: “O namaz qılan kişi”, – deyə cavab verdi. Allahın elçisi soruşdu: “Onu sənə verəndə hansı vəziyyətdə idi?” Dilənçi: “Rükuda idi”, – deyə cavab verdi. Bu vaxt Peyğəmbər (s) təkbir dedi, məsciddəkilər də təkbir dedilər. Peyğəmbər (s) buyurdu: “Məndən sonra Əli sizin rəhbərinizdir!” Camaat dedi: “Şadıq ki, Allah Rəbbimiz, Muhəmməd Peyğəmbərimiz, Əli ibn Əbutalb (ə) mövla və rəhbərimizdir.” Sonra Allah-taala “Maidə” surəsinin 56-cı ayəsini nazil edərək buyurdu: “Hər kəs Allah, Onun peyğəmbərləri və iman gətirənlərin rəhbərliyini qəbul edərsə, (qalib olar. Çünki) Allahın firqəsi qalibdir.”[50] Diqqətdən qaçırmamalıyıq ki, 56-cı ayədə “iman gətirənlər” deyilərkən bütün iman gətirən şəxslər deyl, əvəvlki ayədə müəyyən xüsusiyyətlərlə vəsf edilmiş şəxs nəzərdə tutulmuşdur[51].
  3. Siz (azan deyib camaatı) namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyar, ələ salarlar. Bu, onların anlamaz olmalarındandır.
  4. De: “Ey kitab əhli! Bizə nöqsan tutmağınız yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin haqq yoldan çıxmasınamı görədir?!
  5. De: “Dərəcələri, cəzaları Allah yanında bundan daha pis olan şəxslər haqqında sizə xəbər verimmi? Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qəzəbləndiyi, meymunlara, donuzlara çevirdiyi, bütpərəst şəxslər dərəcə baxımından daha pis və doğru yoldan daha çox azanlardır!
  6. Yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!” – deyirlər. Halbuki onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir!
  7. Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!
  8. Nə üçün nəsrani və yəhudi alimləri onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etmirlər? Onların törətdiyi əməllər necə də pisdir!
  9. Yəhudilər dedilər: “Allahın əli (zəncirlə) bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlansın və Allahın rəhmətindən uzaq olsunlar! Xeyr, Allahın hər iki əli (qüdrəti) açıqdır. İstədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən bu ayələr onların bir çoxunun küfrünü və azğınlığını artırar. Biz onların arasına Qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar nə zaman müharibə alovunu yandırdılarsa, Allah onu söndürdü. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!

—————————————————————————————

  1. Məsx (metomorfoz): Ayənin “meymunlara, donuzlara çevirdiyi” ifadələri ilə nəsxə-metomorfoza (insanın heyvan şəkli alması, ona çevrilməsi) mövzusuna işarə edilmişdir. Quranın bir neçə yerində şənbə səhabələri metomorfozu və onların meymuna çevrilməsindən söhbət açılmışdır. Belə ki, “Bəqərə” surəsinin 65-ci ayəsində belə buyurulmuşdur: “Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə uymayıb günah edənlər haqqında məlumatınız var . Biz də onlara: “Qovulmuş meymunlar olun!” – dedik.” Bəzilərinin yazdığına görə, göydən süfrə endirildikdən sonra həzrət İsanın (ə) kafir olmuş bir qrup səhabəsi donuza çevrildi. Bəzi hədislərdə itaətsizlik göstərmiş bəzi insanların metomorfozaya uğradığı qeyd edilmişdir. Metomorfoza bu dünyada insanların batini siması üzərindən pərdələrin çəkilməsidir. Bu hadisə dünyanın bu mərhələsində bəzi üsyankar cəmiyyətləri məhdud şəkildə cəzalandırmaq və digər insanları ayıltmaq üçün məhdud çərçivələrdə baş vermişdir. Pərdələrin qaldırılması prosesi axirətdə daha geniş şəkildə, Qiyamət günü isə mütləq şəkildə baş verəcək. Hədislərin birində belə qeyd edilir: Həcc mövsümündə Əbu Bəsir adlı bir nəfər İmam Sadiqə (ə) dedi: “Nə çox hacı var!” İmam (ə) buyurdu: “Nə çox fəryad qoparan, nə az hacı var!” Sonra Allahın istəyi ilə Əbu Bəsirin gözündən pərdəni qaldırdı. Əbu Bəsir həcc ziyarəti edənlərə nəzər saldıqda müxtəlif heyvanlar arasında az sayda insan olduğunu gördü[52].
  2. Yəhudilərin Allahla bağlı nalayiq inancları: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Ən düzü də budur ki, yəhudilər “Bəqərə” surəsinin 245-ci ayəsində (Allaha yaxşı borc verən varmı?) olduğu kimi, sədəqələrin Allaha borc verilməsi kimi təqdim edildiyini eşitdikdə rişxəndlə dedilər: “Allahın əli bağlıdır. Dinin yayılması və dəvətinin yaşaması üçün ehtiyac duyulan qədər xərc çəkə bilmir, buna görə də insanlardan borc istəyir.” Hər halda ayənin nazilolma səbəbi nə olursa-olsun, yəhudilərin bu çirkin fikirləri (bəzi hadisələrdə Allahın əl-qolunun bağlı olması) onların dini təlimlərindən və mövcud Tövratlarından kənar deyil. Günümüzdə mövcud olan Tövratda bəzi işlərin Allahı aciz qoya biləcəyi və Onun bəzi məqsədlərə çatmasına mane ola biləcəyi qeyd edilmişdir. Allahın istəyinin həyata keçməsinə mane olan bəzi insanlar haqqında olan hekayələri buna misal göstərmək olar. Adəm və digər keçmiş peyğəmbərlərin Tövratdakı hekayələri bunun bariz nümunəsidir. Yəhudlərin elə inancları var ki, həmin inanclar Allaha layiq olmayan xüsusiyyətlərin aid edilməsinə imkan verir. Onlar Allahın əl-qolunun bağlı olması məsələsini istehza edərək desələr də, bu, əslində, onların Allahla bağlı olan inanclarından qaynaqlanır. Bəzi hədislərdə qeyd olunan sözlərin mənbəyi olan inanclardan söz açılmışdır. Məsələn, qeyd olunan ayəni təfsir edərkən İmam Sadiq (ə) belə buyurmuşdur: “Yəhudilər “Allahın əl-qolu bağlıdır” deyərkən yaradılışı tamamladıqdan sonra Allahın daha öncədən müəyyən etdyi işlərdən başqa heç bir yeni iş görmədiyini nəzərdə tuturdular.” Lakin Allah onların bu sözlərini rədd edərək buyurdu: “Allahın hər iki əli (qüdrəti) açıqdır. İstədiyi kimi lütf (və ehsan) edər.” Yəni məsləhət gördükdə istədiyi işi təxirə salır və ya gecikdirir, azaldır və ya artırır[53].
  3. 65. Əgər kitab əhli iman gətirsə və təqvalı olsa, Biz onları bağışlayar və özlərini də Cənnətin bol nemətli bağlarına daxil edərik.
  4. Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən nazil edilənə (Qurana) əməl etsələr, göyün və yerin nemətlərindən yeyəcəklər. Onların bir qrupu mötədildir. Lakin çoxu pis işlərlə məşğuldur.
  5. Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) tam çatdır. Əgər (bunu) etməsən, Onun (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş sayılarsan. Allah səni insanlardan qoruyacaq. Allah (inadkar) kafir camaatı düz yola yönəltməz!
  6. De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) əməl etmədikcə, sizin heç bir düzgün əməliniz olmaz. Rəbbin tərəfindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə onlara (onların etdiklərinə) görə kədərlənmə!
  7. İman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!
  8. Biz İsrail oğullarından əhd alıb onlara peyğəmbərlər göndərdik. Nə vaxt hər hansı peyğəmbər onlara istəkləri ilə üst-üstə düşməyən bir hökm gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

—————————————————————————————–

  1. Qədir-xumda Əlinin (ə) xəlifəliyinin elan edilməsi: Şiə təfsirçi və alimləri, habelə sünni təfsirçi və alimlərin çoxu bu ayənin nazilolma səbəbindən danışarkən ayənin vida həccindən (Peyğəmbərin (s) sonuncu həcc ziyarəti) sonra nazil olduğunu, ayədə Peyğəmbərdən (s) sonra həzrət Əlinin (ə) canişinliyinin elan edilməsi məsələsindən bəhs edildiyini bəyan etmişlər. Həmin ilin Qurban bayramından səkkiz gün sonra həcc ziyarətindən qayıdan müsəlmanlar Cöhfə ərazisinə, Qədir-xumun quru və yandırıcı çöllərinə, müsəlmanların bir-birindən ayrılıb öz vətənlərinə üz tutduğu dörd yolayrıcına çatırlar. Burada vəhy mələyi enərək Allah tərəfindən bu ayəni Peyğəmbərə (s) nazil edir. Peyğəmbər (s) bəzi tarixi mənbələrin qeyd etdiyinə görə, sayı 124 minə çatan müsəlmanları həmin məkana toplayır. Uzun-uzadı xütbəsi əsnasında Əli ibn Əbutalibi (ə) açıq şəkildə özünün canişini təyin edir, hakimiyyətini müsəlmanlara qəbul etdirir. Allah-taala bu ismarışını insanlara çatdırdıqdan sonra “Maidə” sürəsinin üçüncü (bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı qəbul etdim) ayəsi nazil olur. Həmin gün çox səs-küylü bir gün olur. Hamı bu münasibətlə Əlini (ə) təbrik edir. Həmin gün onu təbrik edən məşhur səhabələr arasında Əbubəkr və Ömər də olur. Təbrik edərkən onlar izdihamın önündə Əliyə (ə) “afərin sənə, afərin sənə ey Əbutalibin oğlu! Mənim və bütün mömin kişi və qadınların rəhbəri oldun.” – demişlər.[54]

Bu ayədə iki nüans diqqəti daha çox cəlb edir:

  1. Ayənin əgər (bunu) etməsən, Onun (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş sayılarsan cümləsi ayədəki göstərişin çox böyük əhəmiyyət daşımasından xəbər verir. Şübhəsiz ki, Peyğəmbər (s) Allahın ona həvalə etdiyi peyğəmbərlik vəzifəsini icra edirdi. Lakin ayədə qeyd olunan şərt ayədəki hökmün nə qədər mühüm olduğunu göstərmək üçündür. Ayənin zahiri məzmunu Allah-taalanın: “Ey Peyğəmbər, əgər Əlini (ə) öz canişinin təyin etməsən, Allahın risalətini yerinə yetirməmisən”, – deyə buyurduğunu ifadə edir. Ayənin batini mənasına gəldikdə isə Allah-taala bütün müsəlmanlara dinlərinin İmam Əlinin (ə) rəhbərliyindən asılı olduğunu elan edir.
  2. Ayənin Allah səni insanlardan qoruyacaq cümləsi Peyğəmbərin (s) bu ayədə nazil olan və bəyan edilməsi əmr edilən hökmü çatdırmaqdan ehtiyatlandığını, hökmü elan edəcəyi təqdirdə, Peyğəmbərin (s) canına təhlükə yaranacağı və ya dinin natamam qalacağı ilə bağlı qorxu keçirdiyini ifadə edir. Məlumdur ki, Peyğəmbər (s) öldürüləcəyindən əsla qorxmamışdır. Bütün ömrünü Allah yolunda çalışmağa sərf etməsi və bu yolda fədakarlıq göstərməsi də onun öz canından qorxmadığını deməyə əsas verir. Peyğəmbərin (s) qorxusu bundan idi ki, bu hökmü elan etdikdən sonra insanlar Peyğəmbəri (s) elə şeylə ittiham edərdilər ki, bu hökm uğursuzluğa düçar olardı. Allah-taala bu ayədə Peyğəmbərə (s) onu insanların təhlükəsindən qoruyacağı ilə bağlı zəmanət verir. İki böyük səhabə – İbn Abbas və Cabir ibn Abdullah Ənsariyə istinad edilən bir məlumatda belə qeyd edilir: “Allah-taala Peyğəmbərə (s) göstəriş verir ki, Əlini (ə) insanların önündə açıq-aşkar şəkildə rəhbər təyin etsin. Ancaq Peyğəmbər (s) insanların “öz əmisi oğlunu təyin etdi” deyəcəklərindən və ona bu məsələdə tənələr yağdıracağından ehtiyat edirdi. Allah-taala Peyğəmbərə (s) vəhy edib buyurdu: Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) çatdır. Bundan sonra Peyğəmbər (s) Qədir-Xum günü Əlinin rəhbərliyini elan etdi[55].
  3. Heç bir bəla üz verməyəcəyni güman etdilər. Buna görə də kor və kar oldular (həqiqətləri görmədilər və haqq sözləri eşitmədilər). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenidən (qəflət yuxusuna getdi) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!
  4. “Allah Məryəm oğlu Məsihdir!” – deyənlər şübhəsiz ki, kafir oldular. (Halbuki) Məsih (İsa) belə demişdi: “Ey İsrail oğulları! Mənim və sizin Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram etmişdir. Onun yeri Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”
  5. “Allah üç ilahdan biridir!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Tək olan Allahdan başqa heç bir məbud yoxdur. Əgər dediklərindən əl çəkməsələr, onlardan kafir olanlara, şiddətli bir əzab üz verəcəkdir.
  6. Məgər onlar Allaha tərəf qayıdıb Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, mərhəmətlidir!
  7. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox doğru danışan bir qadın idi. Onların hər ikisi yemək yeyirdi. Gör Biz ayələri onlara necə aşkar edirik, onlar (bu ayələrdən) gör necə üz çevirirlər!
  8. De: “Allahı qoyub sizə nə bir zərəri, nə də bir xeyiri olmayan şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!”

——————————————————————————————–

  1. Yəhudilərin irqi təəssübkeşliyi qəflət və həqiqətləri görməzliyin mənşəyidir: Təfsirçilər bu ayəni təfsir edərkən belə qeyd etmişlər: Yəhudilərin istənilən çirkinliyə bulaşmalarına baxmayaraq, bəla göndərilməyəcəyini güman etmələrinin səbəbi onların Yaqubun (İsrail) nəslindən olduqları üçün üstün olduqlarını düşünmələri, özlərini Allahın övladları və dostları hesab etmələri ilə bağlı idi. Bu irqi təəssübkeşlik onların heç bir əzaba məruz qalmayacağı qənaətinə gəlməsinə səbəb olmuşdu. Bu yanlış inanc onları haqqı görməz, Peyğəmbərin dəvətini və xeyirlərinə olan sözləri eşitməz etmişdi[56]. “Onların bir çoxu” ifadəsi təkrar edilən “kar və kor oldular” cümləsindən sonra gələrək, hər iki cümləni izah edir. Yəni həqiqətlərdən xəbərsiz olmaq, həqiqətlərə qarşı kar və kor olmaq ümumi səciyyə daşımırdı, aralarında yaxşı olan azlıq da var idi. Bu, Quranın yəhudilər haqqında olan cümlələrinin irqi və milli səciyyə daşımadığını, yalnız onların əməllərinin diqqət mərkəzinə alındığını göstərən parlaq dəlillərdəndir. Bəzi təfsirçilər “kar və kor oldular” cümləsinin nə üçün təkrarlandığını izah edərkən bildirmşlər ki, onların təkrar edilməsi İsrail oğullarının başına gəlmiş iki hadisə ilə bağlıdır. Bu hadisələrin biri babillilərin hücumu, digəri isə iranlıların və romalıların hücumu zamanı baş vermişdir. Belə bir ehtimal da var ki, onlar tez-tez belə olurdular. Gördükləri işlərin acı nəticələrini gördükdən sonra tövbə edir, yenidən tövbələrini pozurdular. Yəni hadisə iki dəfə təkrar edilməmişdi[57].
  2. Üçlük inancı və onun əsassızlığı: Təfsirçilərin bir çoxu hesab edir ki, bu və sonrakı ayədə xristianlığın iki fərqli inancına və firqəsinin olduğuna işarə edilmişdir. Onların bir qrupu hesab edir ki, xristanların bir dəstəsi Allahla İsanı eyniləşdirir, ikinci dəstəsi isə onların üç Allaha inandığını düşünür. Xrisitanlıqla bağlı irəli sürülmüş bu fikirlər həqiqəti əks etdirmir. Çünki müsəlmanlar arasında Allahın təkliyi və tövhid inancı yekdilliklə şəksiz-şübhəsiz qəbul edildiyi kimi, üçlük inancı da bütün xristianlar tərəfindən qəbul edilir. Əlbəttə, onlar ilahların üç olduğuna etiqad bəsləməklə yanaşı, onu həqiqi olan vahid kimi də qəbul edirlər. Onların inancına görə, üç həqiqi vahid bir həqiqi vahidi təşkil etmişdir. Bu və sonrakı ayədə bu inancın iki fərqli yönünə işarə edilmişdir. Birinci ayədə üç tanrının vəhdətinə, ikinci ayədə isə onların çoxluğuna inandıqlarına işarə edilmişdir. Bu iki ayənin ardıcıl gəlməsi və bu aydın dəlilə işarə edilməsi onların inacının puç olduğunu sübuta yetirmək üçündür. Necə ola bilər ki, tanrı bəzən Məsih və Ruhulqüdslə eyni, bəzən isə onlardan biri olur? Üçün birə bərabər olması ağlabatandırmı? Xristianlar arasında üç tanrı inancına malik olmayan heç bir qrupun olmaması bizim irəli sürdüyümüz fikri təsdiq edir[58].
  3. İsanın (ə) çarmıxa çəkilməsi inancı və onun yozumu: Ayənin Həzrət İsanın (ə) dilindən deyilmiş Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram etmişdir. Onun yeri Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur! cümləsi xristianların yanlış inanclarından birini puça çıxarır. Onların inancına görə, həzrət İsa (ə) çarmıxa çəkilməyi özü istəmiş, canını ardıcıllarına fəda etmişdir. O, çarmıxa çəkildiyi üçün xristianların günahları bağışlanmış, üzərlərindən vəzifələr götürülmüşdür. Sonra heç bir od görmədən Cənnətə daxil olacaqlar. Bu ayədə onların sözügedən batil inancları rədd edilir və İsanın (ə) öz dilindən bəyan edilir ki, müşrik olan şəxs Cəhnnəmə daxil olacaq və heç vaxt Cənnət üzü görməyəcək[59].
  4. De: “Ey kitab əhli! Dininizdə ifrata varmayın, haqsız danışmayın. Daha öncə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsani istəklərinə uymayın!”
  5. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dilindən lənət oxundu. Bu, onların günah etmələrinə və həddi aşmalarına görə idi.
  6. Onlar bir-birini etdikləri çirkin əməllərdən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi!
  7. Onların bir çoxunun kafirlərlə (bütpərəstlərlə) dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzab içində qalacaqlar!
  8. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqlərdir!
  9. Yəhudiləri və müşrikləri möminlərin ən qatı düşməni, “biz xaçpərəstik”, – deyənləri isə onların ən yaxın dostu olduğunu görəcəksən. Bu, onların arasında (bilikli, abid) keşiş və rahiblərin olması və (haqq qarşısında) təkəbbürlü olmamalarına görədir.

—————————————————————————————-

  1. Özlərini təkallahlı inanclısı kimi göstərən müşriklər: Təfsirçilər ayənin daha öncə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsani istəklərinə uymayın! cümləsində bütpərəstlərin nəzərdə tutulduğunu qeyd etmişlər. Quran ayələrinə əsasən deyə bilərik ki, kitab əhlinin yanlış və şirkə bulaşmış inancları bütpərəst kafir və müşriklərin inanc və fikirlərindən qaynaqlanmışdır. Belə ki, “Tövbə” surəsinin 30-cu ayəsində belə buyurulmuşdur: “Yəhudilər: “Üzeyir Allahın oğludur”, xaçpərəstlər də: “Məsih Allahın oğludur”, – dedilər. Onların dilində gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Gördüyümüz kimi, “Maidə” surəsinin 77-ci ayəsində bu həqiqətə işarə edilmişdir. Tarixi araşdırma və tədqiqatlar apardıqdan sonra “ata və oğul” inancının kitab əhlinə qədim dövrlərdə yaşamış bütpərəstlərdən keçdiyi məlum olur. Bu inanc Hindistanın Brahman və Budda, Çin, Qədim Misir və sair ərazilərdə mövcud olmuş bütpərəst inanclarından qaynaqlanır. Sözügedən inanc kitab əhlinin təbliğatçıları vasitəsilə bu dinlərə yol açmış və din adı ilə təzahür etmişdir. Deməli, onların dinləri zahirən tövhid dini olsa da, əslində, bütpərəstlikdir. Yəhudilər Üzeyiri, xristianlar isə İsanı (ə) Allahın oğlu hesab edirlər[60].
  2. Davud (ə) və İsanın (ə) Bəni-İsrail kafirlərini lənətləməsi: Təfsirçilər təkcə bu iki peyğəmbərin adının çəkilmə səbəbi ilə bağlı ehtimallar irəli sürmüşlər. Bəziləri bunun səbəbini həzrət Musadan (ə) sonra bu ikisinin ən məşhur peyğəmbər olması ilə izah etmişlər. Bəziləri hesab edir ki, kitab əhlinin çoxu Davudun (ə) övladları olmaları ilə fəxr etdikləri üçün Quran Davudun (ə) küfr və azğınlıq yolunu gedənlərə lənət etdiyini qeyd etmişdir. Bəziləri hesab edir ki, sözügedən ayə bu iki böyük peyğəmbəri qəzəbləndirən və lənət etmələrinə səbəb olan iki tarixi hadisəyə işarə edir[61]. Son fikri İmam Baqirin (ə) bir hədisi də təsdiq edir. İmam Baqir (ə) buyurmuşdur: “Davud İlə əhalisini lənətlədi. Çünki onlar şənbə günü günah etmişdilər[62]. Bu hadisə onun zamanında baş vermişdi. Davud (ə) belə buyurmuşdu: “İlahi, lənəti onlara paltar kimi geyindir, kəmər kimi hər iki böyürlərindən dola. Allah onları meymunlara çevirdi.” İsa (ə) isə göydən süfrə gəldikdən sonra kafir olmuş şəxsləri lənətləmişdi.” Hədislərdə qeyd edilənlərə əsasən həzrət İsanın (ə) lənətlədiyi insanlar donuza çevrilmişdilər[63].
  3. Yəhudilərin müsəlmanlarla düşmənçiliyi, xristianların müsəlmanlarla dostluğu: Təfsriçilərin çoxu bu və sonrakı bir neçə ayənin Peyğəmbər (s) zamanında yaşamış Həbəşistan kralı Nəcaşi və dostları haqqında nazil olduğu qənaətindədirlər. 82-ci ayədə Peyğəmbərin (s) müasirləri olmuş yəhudi və xristianlar müqayisə edilmiş, yəhudi və müşriklərin möminlərin qatı düşmənləri, “biz xristianıq” – deyənlərin isə onların dostları olduğu qeyd edilmişdir. İslam tarixi İslama qarşı olan müharibələrin çoxunda yəhudilərin müharibələrə birbaşa və dolayı şəkildə müdaxilə etdiyini, düşmənçilikdən əsla çəkinmədiklərini və çox cüzu hissəsinin İslama meyl göstərdiyini təsdiq edir. Halbuki müsəlmanların apardığı müharibələrdə onların xristianlarla daha az qarşılaşdıqlarının, Nəcaşi və dostlarının simasında daha çox xristianın müsəlmanların sıralarına qatıldığının şahidi oluruq[64]. Bu münasibət formaları Peyğəmbərdən (s) sonra da davam etdirilmişdir. Keçən əsrlər ərzində çoxlu sayda xristianın İslamı qəbul etməsinin şahidi olduğumuz halda, yəhudi və bütpərəstlərdən çox az sayda insanın müsəlman olduğunu görürük[65].
  4. Peyğəmbərə nazil olanı dinlədikləri zaman həqiqəti tapdıqları üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (Mühəmmədin dostları ilə birlikdə haqqa) şahid olanlarla bir yerə yaz!
  5. Rəbbimizin bizi əməlisalehlər zümrəsinə daxil etməsini arzu etdiyimiz halda, biz nə üçün Allaha və bizə Haqdan gələnə inanmayaq?!
  6. Allah da bu sözlərinə görə onlara ağacları altından çaylar axan Cənnət bağları əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!
  7. Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!
  8. Ey iman gətirənlər! Allahın sizə halal buyurduqlarını haram etməyin və həddi aşmayın. Çünki Allah həddi aşanları sevməz!
  9. Allahın sizə verdiyi halal və təmiz nemətlərdən yeyin. İnandığınız Allahdan qorxun!
  10. Allah sizi qeyri-ixtiyari içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (ixtiyari) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Bu cür andları pozmağın kəffarəsi ailənizə verdiyiniz normal qidalardan on yoxsula yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!

——————————————————————————————-

  1. Nəcaşi müsəlman olduğunu gizlətdi: Əvvəlki ayənin izahını verərkən bu ayələrin Nəcaşi və dostları haqqında nazil olduğunu qeyd etdik. Təfsirçilər yazırlar ki, Peyğəmbər (s) Məkkədə olduğu müddətdə müşriklərin onun dostlarına zərər vuracağından ehtiyat edirdi. Buna görə də Cəfər ibn Əbutalib, İbn Məsud və Osman ibn Məzunu bir qrup səhabəsi ilə birlikdə Həbəşistan kralı Nəcaşinin yanına göndərdi. Bu xəbər müşriklərə yetişdikdə Əmr ibn Ası bir dəstə ilə Nəcaşinin sarayına yolladılar. Nəcaşinin sarayına Peyğəmbərin (s) səhabələrindən daha tez çatan bu dəstə ona dedi:

– Aramızdan bir nəfər qalxıb peyğəmbər olduğunu deyir, Qüreyş ağıllılarını günahkar və azğın hesab edir. Xalqını sənin üzərinə qaldırmaq üçün ölkənə bir dəstə göndərib. Biz düşündük ki, yaxşı olar ki, səni də bu hadisədən xəbərdar edək.

Nəcaşi dedi:

– Yanıma gəlsələr, söylədikləri haqqında düşünərəm.

Peyğəmbərin (s) səhabələri Həbəşistana çatdıqdan sonra birbaşa saraya yollandılar və saray gözətçilərinə “Allah dostlarına icazə verin!”, – dedidlər.

Nəcaşi dedi:

– Onlara icazə verin. Allah dostlarına salam olsun!

Səhabələr saraya daxil olduqdan sonra salam verdilər. Müşriklər dedilər:

– Gördün, biz düz deyirik? Onlar sizə məxsus olan qayda ilə salam vermədilər.

Nəcaşi:

– Siz nə üçün mənə məxsus olan qayda ilə salam vermədiniz?

Səhabələr:

– Biz sənə Cənnət əhlinə və mələklərə xas olan qayda ilə salam verdik.

Nəcaşi:

– Sizin dostunuz İsa (ə) və anası haqqında nə deyir?

Səhabələr:

– O, Allahın bəndəsi və peyğəmbəridir. Allah tərəfindən olan söz və Məryəmin bətninə üfürülmüş bir ruhdur. Məryəm haqqında isə belə buyurur: “O, əsla ailə qurmamış təmiz, iffətli və namuslu bir xanımdır.”

Nəcaşi yerdən bir ağac götürüb dedi:

– İsa (ə) və anası sizin dostunuzun söylədiklərindən hətta bu çubuq qədər artıq söz deməyiblər.

Nəcaşinin bu sözləri müşriklərin xoşuna gəlmədi, keçirdikləri narahatlıq hissindən rəngləri dəyişdi.

Nəcaşi onlara dedi:

– Sizə nazil olandan mənim üçün oxuyarsınızmı?

Səhabələr:

– Əlbəttə.

– Oxuyun!

Səhabələr Qurandan ayələr oxudular. Bu vaxt Nəcaşinin yanında bir qrup keşiş, rahib və digər xristian inanclılarından var idi. Səhabələr ayələrdən oxuduqca, haqqı tapdıqları üçün bəzi rahib və keşişlərin gözündən yaş axırdı.

Ayələrdə (Maidə-82-83) onların bu vəziyyətinə işarə edilmişdir. Bəzi hədislərdə Nəcaşi və dostlarının İslamı qəbul etdiyi qeyd edilmişdir. Nəcaşi Həbəşistanı tərk edib Peyğəmbərin (s) yanına yollanana qədər canını qorumaq üçün müsəlman olduğunu gizlətmişdi. Lakin yolda ikən canını Allaha tapşırmışdır[66].

  1. İslam rahiblik və asketizm dini deyil: Bu ayənin nazilolma səbəbi ilə bağlı müxtəlif hədislər nəql olunub. Onların ümumi məzmunu belədir: Peyğəmbərin (s) bir qrup səhabəsi qərara gəlir ki, Allaha yaxın olmaq üçün gecə yatmaq, ət yemək, gündüzləri yeyib-içmək və sair kimi işlərə son qoysunlar. Bu xəbər Peyğəmbərə (s) çatdıqda narahat olub belə buyurur: “Nə üçün bəzi adamlar halal və pak olan şeyləri özlərinə haram ediblər? Bilin ki, gecələri yatıram, yaxınlıq edirəm, gündüzləri yemək yeyirəm. Mənim sünnəmdən üz döndərən məndən deyil.” Allah-taala da bu ayəni nazil edir[67]. Bununla da Allah və Peyğəmbər (s) İslamın rahiblik, guşənişinlik və asketizm dini olmadığını elan etmişdir. İnsanların bütün meyl və istəkləri hikmət və məsləhətə əsaslanır. Allah-taala din vasitəsilə bu meyl və istəkləri tənzimləyir, doğru-düzgün istiqamətdə istifadəsini göstərir.
  2. Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları çirkin (iş) və Şeytan əməlidir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
  3. Şübhəsiz ki, Şeytan içki və qumar vasitəsilə aranıza ədavət və kin salmaq, sizi namazdan və Allahı xatırlamaqdan yayındırmaq istər. (Bu qədər ziyandan, fəsaddan və qadağadan sonra) çəkinəcəksinizmi?
  4. Allaha və Peyğəmbərə itaət edin və (Onun əmrinə itaətsizlik göstərməkdən) qorxun. Əgər (itaətdən) boyun qaçırsanız (cəzalandırılacaqsınız), bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq-aşkar təbliğdir (və bu vəzifəsini sizin qarşınızda yerinə yetirib).
  5. İman gətirib yaxşı işlər görənlərə təqvalı olub iman gətirdikləri, saleh əməllər etdikləri, sonra təqvalı olub iman gətirdikləri, sonra yenə təqvalı olub yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) içdikləri şeylərdən ötrü günah yazılmaz. Allah yaxşı iş görənləri sevər!
  6. Ey iman gətirənlər! Allah gizlində Ondan qorxanları tanıtdırmaq üçün sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı şiddətli bir əzab gözləyir!
  7. Ey iman gətirənlər! Ehramda olarkən ov etməyin. Sizlərdən ovu qəsdən öldürən hər bir kəs öldürdüyünün əvəzində bənzər bir heyvan kəffarə ödəməlidir. Özünüzdən olan iki ədalətli kişi onun eyni dəyərə malik əvəz olduğunu təsdiq etməli və o, Kəbəyə qurban edilməlidir. (Əgər qurban kəsməzsə,) ya yoxsulları yedirtməli, ya da əvəz olaraq oruc tutmalıdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!

—————————————————————————————-

  1. Şirk səviyyəsində olan bir günah: Şiə və sünni təfsirlərində bu ayə ilə bağlı bir çox nazilolma səbəbləri qeyd edilmişdir. Səd ibn Əbu Vəqqasa istinad edilən bir hədisdə belə nəql edilir: “Bu ayə mənim haqqımda nazil olub. Ənsardan olan bir kişi yemək hazırlayıb bizi də dəvət etmişdi. Ziyafətdə bir dəstə adam iştirak edirdi. Yeməklə yanaşı şərab da içildi. Əlbəttə, bu, İslamda şərab qadağasından əvvəl idi. Şərab qonaqlıqda iştirak edənlərin ağıllarını başlarından çıxardıqdan sonra öz imtiyazları ilə öyünməyə başladılar. Yavaş-yavaş meydan qızışdı, iş o yerə çatdı ki, onlardan biri dəvə sümüyünü götürüb, vurub burnumu sındırdı. Mən Peyğəmbərin (s) yanına gedib bu hadisəni ona danışdım. Bu vaxt bu ayə nazil oldu. “Müsnədi-Əhməd”, “Sünəni-Əbu Davud”, “Nəsai” və “Tirmizi”də belə qeyd edilmişdir: “Ömər dua edərək deyirdi: “İlahi, bizə şərab haqqında açıq-aşkar bir hökm göndər!” “Bəqərə” surəsinin 219-cu (səndən şərab və qumar haqqında soruşurlar. De: “Onlarda böyük günah və insanlar üçün (maddi) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”) ayəsi nazil oldu. Peyğəmbər (s) ayəni ona oxudu. Lakin o, “Nisa” surəsinin 43-cü (ey iman gətirənlər, sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın) ayəsi nazil olana qədər yenə də öz duasına davam edib deyirdi: “İlahi, bundan da aşkar hökm göndər!” Nəhayət, “Maidə” surəsinin 90-cı ayəsi nazl oldu və məsələ tamamilə açıq şəkildə elan edildi. Peyğəmbər (s) bu ayəni ona oxuduqda dedi: “Şərab içməkdən çəkinirik.”[68]

İmamlardan (ə) şərab içməyin haramlığı və çirkinliyi ilə bağlı çoxlu sayda hədis nəql edilmişdr. İmam Sadiq (ə)  bir hədisində belə buyurmuşdur: “Şərabxor Qiyamət günü Allahın hüzuruna bütpərəst kimi çağırılacaq.”[69] İmam (ə) şərabxoru dinsiz, müşrik və bütpərəstlərlə eyni sırada təqdim edir. Hədislərin birində belə nəql edilir: Bir nəfər İmam Əliyə (ə) dedi: Siz hesab edirsiniz ki, şərabxorluq zina və oğurluqdan daha pisdir? İmam (ə) buyurdu: “Bəli, çünki zina edən adam başqa bir günah etməyə bilər. Amma şərabxor şərab içdikdə zina da edər, adam da öldürər, namazını da tərk edər.”[70] Bilmək lazımdır ki, təkcə şərab içmək deyil, həm də bu əmələ aidiyyatı olan hər bir iş çirkin, haram və cəzaya layiqdir. Belə ki, hədislərin birində Peyğəmbərin (s) on qrup insanı lənətlədiyini oxuyuruq. Həmin insanlar bunlardır: 1. Ağacını əkən; 2. Ağacını qoruyub bəsləyən; 3. Üzümünü sıxan; 4. Onu içən; 5. Badəyə süzən; 6. Onu daşıyan; 7. Gətirəndən alan; 8. Onu satın alan; 9. Onu satan; 10. Onun qarşılığında pul alan[71]. İmam Sadiq (ə) şərabxorun axirət əzabı haqqında belə buyurmuşdur: “Qiyamət günü şərabxor məhşər səhnəsinə üzü qaralmış, ağzı əyilmiş, dili sallanmış, susuzluqdan naləsi ucalan halda daxil olacaq.”[72] Başqa bir hədisdə belə qeyd edilmişdir: “Allah ona Cəhənnəmdə çirk və çirkabın toplandığı quyudan içirdəcək.”[73] Hədislərin birində Peyğəmbərin (s) Allaha and içərək şəfaətinin şərabxora şamil olmayacağını buyurduğunu oxuyuruq[74].

  1. İstifadə edəsiniz deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!
  2. Allah Beytülhəramı – Kəbəni, haram ayı, nişanlı və nişansız qurbanları insanların işlərini nizam-intizama salmaq üçün bir vasitə etdi. Bu cür (dəqiq və hesablanmış) hökmlər ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısından) xəbərdar olduğunu və Allahın (hər şeyi) bilən olduğunu biləsiniz!
  3. Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!
  4. Peyğəmbərin üzərinə düşən vəzifə yalnız xəbər çatdırmaqdır. (O, sizin əməllərinizə görə məsuliyyət daşımır.) Allah aşkara çıxartdıqlarınızı və gizlətdiklərinizi bilir!
  5. De: “Murdarın çoxluğu səni təəccübləndirsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.
  6. Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışlamış (və göz yummuşdur). Allah bağışlayandır, həlimdir!
  7. Sizdən əvvəl bir tayfa o haqda soruşmuş, sonra da ondan imtina etmişdi.
  8. Allah əsla bəhirə, saibə, vəsilə və hami deyə, bir şey təyin etməmişdir[75]. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu dərk etmir.

—————————————————————————————–

  1. Çoxluq təmizlik və düzlük meyarı deyil: Bu ayənin ehtiva etdiyi ümumi qanuna əsasən çoxluq təmizlik və düzlük meyarı ola bilməz. Bu nəticə əksəriyyətin istəyini yaxşı və pisi müəyyən edən ölçü miqyası kimi təlqin və təbliğ etməyə çalışan bəzi insanların bəlkə də xoşuna gəlməyəcək. Çünki onlar hesab edirlər ki, haqq və doğru, əksəriyyətin bəyəndiyidir, yaxşı əksəriyyətin istədiyidir. Halbuki bu, belə deyil. Dünya əhalisinin problemlərinin çoxu bu təfəkkür tərzindən qaynaqlanır. Əlbəttə, əgər çoxluq düzgün idarəçilik və doğru təlimatlardan faydalansa, sözün həqiqi mənasında yüksək təfəkkür və intellektə yiyələnsə, onun istəkləri yaxşı və pis üçün meyar ola bilər. Bu ayədə hər kəsə çoxluğun və ya azlığın yaxşı və pis üçün meyar olmaması ilə bağlı mesaj verilir. Bütün hallarda təmzlik çirkinlikdən yaxşıdır, ağıl və təfəkkür sahibləri heç vaxt çoxluğa aldanmırlar, bütün mühit çirkaba bulaşsa da, çirkinlikdən uzaq dururlar, ətrafda olan insanların hamısı onlara qarşı çıxsa da, təmizlərin yanında yer alırlar[76]. İmam Əli (ə) buyurmuşdur: “Ay camaat, haqq yolda irəliləyərkən o yolun yolçularının azlığı sizi qorxutmasın.”[77]
  2. Bəlli olduqda sizi narahat edəcək şeylər soruşmayın: Bunlar dini hökmlərlə bağlı olan məsələlərdir. Quranın bu ayəsinə əsasən Allah-taala əfv və mərhəməti ilə bir çox məsələləri möminlərə vacib etməmiş, onlara güzəştə getmişdir. Buna görə də möminlər həmin məsələləri əbəs yerə qurdalamamalıdırlar. Çünki həmin məsələlər aşkar və vacib edilsə, möminlər çətinliyə düşə və onları yerinə yetirməkdən yayına bilərlər və nəticədə, Allahın qəzəbinə tuş gələrlər. Musanın (ə) inək kəsmələri üçün İsrail oğullarına göstəriş verməsi, onların bəhanə gətirərək əmri yerinə yetirməkdən boyun qaçırması, yersiz suallar verməsi, suallar verdikcə məsuliyyətlərinin daha da ağırlaşdığını buna misal göstərə bilərik[78]. Bu ayənin nazilolma səbəbini ehtiva edən bir hədisdə belə deyilir: “Bir gün Peyğəmbər (s) xütbəsində belə buyurdu: “Camaat, Allah həcci sizə vacib etdi.” Əkkaşə ibn Möhsin Əsədi adlı bir nəfər soruşdu: Ey Allahın rəsulu (s) hər il? Peyğəmbər (s) buyurdu: “Əgər mən desəm ki, bəli, o zaman hər il həccə getmək sizə vacib olar, boyun qaçırsanız, yolunuzu azarsınız. Nə qədər ki mən bir söz deməmişəm, siz də heç nə deməyin. Çünki sizdən əvvəl bir çoxları verdiyi suallara və peyğəmbərlərinə tabe olmadıqlarına görə məhv olublar.” Bu vaxt Allah-taala bu ayəni nazil etdi.” Peyğəmbər (s) buyurmuşdur: “Allah-taala sizin üçün qanunlar müəyyən etmişdir. Həmin qanunların çərçivəsindən kənara çıxmayın. Sizə vacib buyurduğu əməlləri puça çıxarmayın. Sizə qadağan edilmiş məsələlərin hörmətini sındırmayın. Qeyd etmədiklərinin səbəbi unutması deyil, sizə qarşı olan mehribanlığı və mərhəmətidir. Buna görə qəbul edin və o haqda axtarış aparmayın.[79]
  3. Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızdan mənimsədiyimiz bizə yetər”, – deyə cavab verərlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə, necə?!
  4. Ey iman gətirənlər! Özünüzü qoruyun! Siz doğru yolda olsanız, (haqq yoldan) azanların azğınlığı sizə heç bir zərər yetirə bilməz. Hamınızın axır dönüşü Allahadır. Sizi etdiyiniz əməllərdən xəbərdar edəcək!
  5. Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə (müsəlman tapmadıqda) özünüzdən olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan sonra hər ikisini tutub saxlayın və onlara: “Haqqı qohumlarımızla bağlı olsa belə, heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içdirin!
  6. Əgər onların günah qazandıqları (haqqı gizlətdkləri) bəlli olsa, o zaman onların yerini ölən adama daha yaxın olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən həqiqətə daha yaxındır. Biz həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”,- deyə Allaha and içərlər.
  7. Bu, onların şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!

—————————————————————————————-

  1. Fərdi özünütərbiyə; yaxşıya çağırış və pisdən çəkindirmə – iki yanaşı vəzifə: Bəziləri hesab edirlər ki, bu ayə ilə İslamın qəti və şübhəsiz göstərişlərindən olan yaxşıya dəvət və pisdən çəkindirmə prinsipləri arasında təzad var. Çünki bu ayədə deyilir ki, əgər özünüzü qorusanız, başqalarının haqq yoldan azması sizə təsir göstərməz. Bəzi məsuliyyətdən qaçanlar yaxşıya çağırış və pisdən çəkindirmə əmrindən söz düşdükdə, əmrdən və məsuliyyətdən boyun qaçırmaq üçün bu ayəni əsas gətirir və onun mənasını təhrif edirlər. Halbuki azacıq diqqət yetirdikdə, bu iki hökm arasında heç bir təzad olmadığının şahidi oluruq. Çünki ayədə deyilir ki, hər bir şəxsin hesabı ayrıdır, istər əcdadlardan olsun, istərsə də qeyri-əcdadlar, hətta ata, qardaş və övlad olmasından asılı olmayaraq, kiminsə haqq yoldan azması haqq yola yönələn insanların yönəlməsinə heç bir ziyan vura bilməz. Digər tərəfdən, bu ayədə yaxşıya çağırış və pisdən çəkindirmə hökmünün təsir etmədiyi və ya bu iki əmrin şərtlərinin tam olmadığı mövqeyə işarə edilir. Bəzən insanlar “belə olan halda bizim boynumuza düşən vəzifə nədir?”, – deyə narahat olurlar. Quran bu insanlara cavab verərək, narahatlığa heç bir əsas olmadığını bildirir. Çünki insanlar öz vəzifələrini yerinə yetirmiş, qarşı tərəf isə deyilənləri qəbul etməmiş və ya qəbul etmələri üçün şərait tam formalaşmamışdır. Buna görə də vəzifəsini yerinə yetirmiş insanlara heç bir ziyan yetişməz. Peyğəmbərdən (s) bu ayə haqqında soruşduqda belə cavab vermişdir: “Yaxşıya çağırın, pisdən çəkindirin. Ancaq insanların dünyanı üstün tutduqlarını, paxıllıq və nəfsani istəklərin onların üzərində hökmranlıq etdiyini, hər kəsin yalnız öz fikrini bəyəndiyini gördüyünüz zaman özünüzü qoruyun, avam insanlardan uzaq olun.” Hər halda yaxşıya çağırış və pisdən çəkindirmə İslamın ən önəmli prinsiplərindəndir və onun məsuliyyətindən qaçmaq yolverilməzdir. Bu iki vəzifə yalnız təsirinə heç bir ümid olmayacağı və şərait əlverişli olmayacağı təqdirdə insanın boynundan götürülər[80].
  2. Səfərdə və vətəndə olarkən vəsiyyətin vacibliyi: Bu ayənin nazilolma səbəbindən bəhs edən hədislərdə belə qeyd edilmişdir: Təmim Dari adlı bir müsəlman İbn Bəndi və İbn Əbu Maritə adlı iki xristianla səfərə çıxır. Təmim Darinin bir xurcunu, həmin xurcunda özünə aid olan ləvazimat, o cümlədən ərəb bazarlarının birində satmaq üçün bir qızıl qab və boyunbağı olur. Səfər əsnasında o xəstələnir və getdikcə xəstəliyi ağırlaşır. Ölümünün yaxınlaşdıını görüb qızıl qabı və boyunbağını həmin iki xristiana verib varislərinə çatdırmalarını vəsiyyət edir. Onlar qızıl qabla boyunbağını özlərinə götürüb xurcunda olan digər əşyaları isə Təmim Darinin varislərinə verirlər. Təmim Darinin yaxınları nə qədər axtarsalar da qızıl qabla boyunbağını tapmırlar. Buna görə də həmin iki xristianın yanına gedib soruşurlar: Onun xəstəliyi çoxmu sürdü? Dedilər: “Xeyr”. Soruşdular: “Onu oğrumu soydu?” Dedilər: “Xeyr.” Soruşdular: “Ticarətdə ziyanmı etdi?” Dedilər: “Xeyr.” Dedilər: “Axı biz qızıl qabla boyunbağını tapmadıq.” Xristianlar dedilər: “O, bizə nə vermişdisə, sizə çatdırdıq.” Bu iki xristanı Peyğəmbərin (s) yanına apardılar. Peyğəmbər (s) onlardan günahsızlıqlarını sübut etmək üçün and içmələrini istədi. Onlar da and içdikdən sonra Peyğəmbər (s) onları sərbəst buraxdı. Bir müddətdən sonra qızıl qabın və boyunbağının həmin xristianlarda olduğu üzə çıxdı. Varislər Peyğəmbərin (s) yanına gedib bu xəbəri ona çatdırdılar. Bu vaxt sözügedən ayələr nazil oldu və bu şəraitdə necə davranılacağını göstərdi. Peyğəmbər (s) varislərdən iddialarının doğruluğunu sübut etmək üçün and içmələrini istədi. Bundan sonra Peyğəmbər (s) həmin qızıl qabla boyunbağını xristianlardan geri alıb Təmimin varislərinə verdi[81].
  3. Allah peyğəmbərləri toplayacağı gün belə buyuracaq: “(Çağırışınız müqabilində) sizə nə cavab verildi?” Onlar isə: “Biz heç bir şey bilmirik. Sən Özün bütün gizli sirlərdən xəbərdarsan!” – deyə cavab verəcəklər.
  4. Allahın Məryəm oğlu İsaya: “Sənə və anana bəxş etdiyim neməti xatırla. Səni müqəddəs ruhla qüvvətləndirdiyim və sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdığın, Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətdiyim zamanı, Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdüyün, onun da Mənim iznimlə quş oduğu, Mənim iznimlə anadangəlmə kor və cüzamlı xəstəyə şəfa verdiyin və Mənim iznimlə ölüləri diriltdiyin zamanı, İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mənim onları səndən dəf etdiyim, onlardan küfrə batanlarının isə: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” – dedikləri zamanı xatırla”, – deyəcəyi günü (xatırla!)
  5. Həvarilərə: “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə vəhy etdiyim, onların isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab verdikləri zamanı (xatırla!)
  6. Onda həvarilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi?”, – demiş, o isə:” Əgər möminsinizsə, Allahdan qorxun!” – deyə cavab vermişdi.
  7. (Həvarilər) dedilər: “(Bizim pis bir niyyətimiz yoxdur.) İstəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona şahidlik edənlərdən olaq”.

——————————————————————————————

  1. Peyğəmbərlərin Allah qarşısındakı ədəbli davranışları: Ayənin peyğəmbərlərin dilindən qeyd edilən “biz heç bir şey bilmirik. Sən Özün bütün gizli sirlərdən xəbərdarsan” cümləsindən Qiyamət günü bütün peyğəmbərlərin çağırılacağı və öz ümmətlərinin əməllərinə şahidlik edəcəkləri başa düşülür. Deməli, onlar öz ümmətlərinin əməllərindən xəbərdar olacaqlar. Çoxlu sayda hədislərdə də Peyğəmbərin (s) Allahın izni və istəyi ilə qeyb xəbərlərini bildiyi qeyd edilmişdir. Bəs onda nə üçün bu ayədə peyğəmbərlərin dilindən “biz heç bir şey bilmirik”, – deyə bir cavab yazılıb? Təfsirçilər bu sualın cavabı ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bu suala bəlkə də ən yaxşı cavab “peyğəmbərlər Allah qarşısında təvazökarlıq göstərərək belə edəcəklər” cavabıdır. Onlar Allahın hüzurunda deyəcəklər: İlahi, Sənin elmin zatidir. Bizim nəyimiz varsa, Səndəndir. Bizim elmimiz Sənin elmin qarşısında heçdir. Biz Sənin qarşında heç nə bilmirik. Sən daha yaxşı bilirsən ki, bizim çağırışımıza necə cavab verdilər[82].
  2. İnsanların iradəsinin fövqündən qaynaqlanan rəhbərlik, Quran mətninə əsaslanan bir həqiqət: Bu ayədə İsa Məsihlə (ə) bağlı ifrata yol verilməməsi və onun tanrı məqamına yüksəldilməsi fikrinin qarşısının alınması üçün “Mənim iznimlə” ifadəsi dörd dəfə təkrar edilmişdir. Yəni onun etdikləri, nə qədər heyrətamiz olsa da, Allahın işlərinə nə qədər bənzəsə də, etdiklərinin heç biri özündən deyil, Allah tərəfindən idi. O, əmrə tabe olan bir bəndə idi, nəyi var idisə, ona Allahın sonsuz gücündən istəyərək nail olmuşdu. Bu və oxşar məzmunlu ayələr Allah dostlarının rəhbərliyinin insan iradəsinin fövqündə olan gücdən qaynaqlandığını göstərən parlaq dəlillərdəndir. Çünki ölünü diriltmək, anadangəlmə korun gözünü açmaq, çarəsiz xəstəlikləri sağaltmaq, palçıqdan düzəlmiş quşu canlandırmaq şəxsən İsanın (ə) özünə aid edilmişdir[83]. Bu, bizim Peyğəmbər (s), imamlar (ə) və bəzi Allah adamlarının Allahın izni ilə xariqüladə işlər görə biləcəyi ilə bağlı inancımızı ehtiva edən həqiqətdir.
  3. Vəhyin mənalarından biri: Vəhyin Qurandakı mənalarından biri də ilhamdır. Bu ayədə də vəhy ilham mənasında işlənmişdir. Başqa bir ayədə də vəhy bu mənada işlənmişdir. Məsələn, “Qəsəs” surəsinin 7-ci ayəsində belə buyurulur: “Biz Musanın anasına ona süd verməsini vəhy etdik”. “Nəhl” surəsinin 68-ci ayəsində belə buyurulur: “Sənin Rəbbin bal arısına vəhy etdi”. Bir nəfər İmam Baqirdən (ə) “həvarilərə vəhy etdiyim zaman …” ayəsi haqqında soruşduqda, o həzrət: “Onlara ilham etdim”, – deyə cavab vermişdir[84].
  4. Göydən “Maidə” endirilməsini istəmək: “Maidə” süfrəyə, içində yemək olan qaba, bəzən isə yeməyin özünə deyilir. Həvarilərin dilindən qeyd edilmiş “sənin Rəbbin göydən bizə (yemək dolu) bir qab göndərə bilərmi?” cümləsi belə bir sualın meydana çıxmasına səbəb olur: “Həvarilər Allahın qüdrətinə şübhəmi edirdilər?” Bəzi təfsirçilər bu sualı cavablandırarkən bildirirlər ki, burada bacarıq və qüdrət deyil, məsləhət nəzərdə tutulmuşdur. Yəni Allah-taala göydən yeməklə dolu bir qab, bir süfrə göndərərmi, bu istəymizi yerinə yetirməyi məsləhət buyurarmı? Məsələn, biz “mənimlə gələ bilərsənmi?” deyərkən “mənimlə gəlməyi məsləhət bilirsənmi?” məzmununu nəzərdə tuturuq[85]. Bu möcüzəni istəmələri onların İsanın (ə) peyğəmbərliyinə şəkk-şübhə etmələrindən irəli gəlmirdi. Onlar bununla yəqinlərinin daha da artmasını, imanlarının daha da çoxalmasını istəyirdilər. Çünki insanın bir məsələyə inamı olarsa, hər zaman onu qəlbində hiss etməyə çalışar[86].
  5. Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir əlamət olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
  6. Allah buyurdu: “Mən onu sizə nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm!”
  7. Allah Məryəm oğlu İsaya: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı özünüzə Allahdan qeyri iki tanrı seçin!” – demişdin?”, – deyə buyuracağı, onun isə: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu bilərdin. Sən mənim ruhumda və canımda olan hər şeyi bilirsən, mən isə Sənin zatında olandan xəbərdar deyiləm. Şübhəsiz ki, Sən bütün sirlərdən və gizlinlərdən xəbərdarsan!
  8. Mən onlara yalnız Sənin mənə əmr etdyin şeyi çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki onların arasında idim, onlara nəzarət və şahidlik edirdim. Sən məni onların arasından qaldırdıqdan sonra onlara nəzarətçi Özün oldun. Sən hər şeyə şahidsən!
  9. Əgər onlara əzab versən, Sənin qullarındırlar (əzabından qaça bilməzlər). Əgər onları bağışlasan, yenilməz qüvvət, hikmət sahibisən.” (Əzabın hikmətsizlik, bağışlamağın zəiflik əlaməti deyil.)
  10. Allah buyurar: “Bu, elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları ağacları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur!”
  11. Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

—————————————————————————————–

  1. Bayram: Ayənin orijinal mətnindəki “eyd” sözü “aud” kəlməsindən götürülmüş, mənası “qayıdış” deməkdir. Buna görə də xalq və cəmiyyətin çətinliklərdən çıxıb əvvəlki rahatlıqlarına qayıtdıqları günlərə eyd – qayıdış deyilir. İslam bayramlarında insan mübarək ramazan ayının ibadət və itaətləri sayəsində (Fitr bayramı) və ya həccin vacib əməllərini yerinə yetrdikdən sonra (Qurban bayramı) ilk fitri paklığı və səfası ruhuna və canına qayıtdığı, fitrətə zidd olan çirkinliklər ortadan qalxıdığı üçün onlara eyd-qayıdış deyilir. Süfrənin endirildiyi gün Allaha iman səfasına qayıdış günü olduğu üçün həzrət İsa (ə) həmin günü “eyd” adlandırmışdır. Hədislərdə süfrənin bazar günü endirildiyi qeyd edilir. Bəlkə də xristianlarda bazar gününə hörmət göstərilməsinin səbəblərindən biri də budur. İmam Əlinin (ə) bir hədisində belə deyilir: “Allaha günah edilmədiyi gün bayramdır”. Çünki günahın tərk edildiyi gün qələbə, paklıq və ilkin fitrətə dönüş günüdür[87]. Ayədən başqa bir nüans da başa düşülür. Belə ki, insanlara böyük bir rəhmət nəsib olarsa, həmin günü rəsmi bayram elan etmək olar. Həzrət İsa (ə) da süfrənin endirildiyi günü öz davamçıları üçün bayram elan etmişdi ki, hər il həmin günü bayram keçirsinlər. Bu məntiqlə, Peyğəmbərin (s) doğulduğu, peyğəmbərliyə seçildiyi və ya insanlar üçün mənəvi və əzəmətli süfrənin endirildiyi hesab edilən hər bir gün bayram təyin edilə bilər. Çünki belə günlər səmavi süfrənin həvarilərə endirildiyi gündən qat-qat bərəkətlidir[88].
  2. Səmavi süfrənin forması: İmam Baqir (ə) buyurmuşdur: “İsrail oğullarına nazil edilmiş süfrə göydən qızıl zəncirlərlə asılmış və orada doqquz ədəd balıq, doqquz ədəd çörək olmuşdur.”[89]
  3. Bənzəri olmayan əzab: Təfsirçilər bu cümləni təfsir edərkən bildirirlər ki, göydən süfrə endirilməsini istəyənlər elə bir möcüzə istəmişdilər ki, bu, yalnız onların özlərinə xas idi. Daha öncə heç bir ümmət belə bir möcüzə istəməmişdi. Buna görə də Allah-taala onları xəbərdar etmişdi ki, onları belə bir misilsiz möcüzə ilə şərəfləndirdiyim üçün bundan sonra kafir olsalar, misli və bənzəri olmayan əzaba düçar edəcəyəm. Əlbəttə, bu, həmin əzabın əzabların ən şiddətlisi olduğunu deməyə əsas vermir. Əslində, bu cümlədən həmin əzabın öz növündə bənzərsiz olduğu başa düşülür. Hədislərdə süfrə endirildikdən sonra kafir olanların donuza çevrildiyi qeyd edilmişdir[90].
  4. Düzlüyün qiyməti və nəticəsi: Allah-taala bu ayədə buyurur ki, dünyada doğru danışanların düzlüyü axirətdə onlar üçün faydalı olacaq. Əlbəttə, burada düzlük deyilərkən təkcə düz danışmaq nəzərdə tutulmur, əməli cəhətdən də düz olmaq şərtdir. Amma düz danışmağın düzgün əməllə nəticələnəcəyini də unutmaq olmaz. Deyilənə görə, səhrada yaşayan bir kişi Peyğəmbərdən (s) ona nəsihət verməsini istəyir. Peyğəmbər (s) ona yalan danışmamağı tövsiyə edir. Həmin kişi sonralar etiraf edir ki, təkcə həmin nəsihətə əməl etmək onu bütün günahlardan çəkindimişdir. Çünki hansı günahla qarşılaşırsa, yadına düşür ki, əgər həmin günahı etsə və kimsə ondan nə etdiyini soruşsa, düzünü deməli, camaatı etdiyi günahdan xəbərdar etməli idi. Buna görə də həmin aqibətin qorxusundan günahdan çəkinir[91].

[1] Nümunə, c.4, səh.241 və 242

[2] Əl-Mizan, c.5, səh.160

[3] Əl-Mizan, c.5 ,səh.160

[4] Nümunə, c.4, səh.246

[5] Nümunə, c.4, səh.253

[6] Nümunə, c.4, səh.263-271

[7] Nümunə, c.4, səh.285

[8] Nümunə, c.4, səh.290

[9] Nümunə, c.4, səh.291

[10] Əl-Mizan, c.5, səh.235

[11] Ətyəbül-bəyan, c.4, səh.312

[12] Əl-Mizan, c.5, səh.243

[13] Əl-Mizan, c.5, səh.244

[14] Nümunə, c.4, səh.308

[15] Əl-Mizan, c.5, səh.245

[16] Nümunə, c.19, səh.428

[17] Əl-Mizan, c.5, səh.246

[18] Nümunə, c.4, səh.319

[19] Nümunə, c.4, səh.324

[20] Mənşuri-cavid, c.12, səh.425

[21] Nümunə, c.4, səh.332; Ətyəbül-bəyan, c.4, səh.333

[22] Əl-Mizan, c.5, səh.293

[23] Əl-Mizan, c.5, səh.293

[24] Nümunə, c.4, səh.337

[25] Məcməül-bəyan, c.3, səh.307

[26] Ətyəbül-bəyan, c.4, səh.335

[27] Əl-Mizan, c.5, səh.292

[28] Nümunə, c.4, səh.337

[29] Əl-Mizan, c.5 ,səh.298 və 302

[30] Ətyəbül-bəyan, c.4, səh.342

[31] Safi, c.2, səh.27

[32] Əl-Mizan, c.5, səh.322 və 328

[33] Nümunə, c.4, səh.360

[34] Əl-Mizan, c.5, səh.335

[35] Əl-Mizan, c.5, səh.341

[36] Nümunə, c.4, səh.374

[37] Nümunə, c.4, səh.375

[38] Nümunə, c.4, səh.381

[39] Əl-Mizan, c.5, səh.349

[40] Əl-Mizan, c.5, səh.372

[41] Nümunə, c.4, səh.393

[42] Əl-Mizan, c.5, səh.373

[43] Nümunə, c.4, səh.398

[44] Nümunə, c.4, səh.399

[45] Əl-Mizan, c.5, səh.364 və 367

[46] Təfsiri-mövzui, c.8, səh.167

[47] Nümunə, c.4, səh.407

[48] Əl-Mizan, c.5, səh.374

[49] Nümunə, c.4, səh.417

[50] Əl-Mizan, c.6, səh.8 və 17

[51] Nümunə, c.4, səh.433

[52] Ətyəbül-bəyan, c.4, səh.411

[53] Əl-Mizan, c.6, səh.32-40

[54] Nümunə, c.5, səh.8-12

[55] Əl-Mizan, c.6, səh.44

[56] Əl-Mizan, c.6, səh.68

[57] Nümunə, c.5, səh.30

[58] Nümunə, c.5, səh.30

[59] Nümunə, c.5, səh.34

[60] Əl-Mizan, c.6, səh.77

[61] Nümunə, c.5, səh.43

[62] Şənbə səhabələri. Bax: “Əraf” surəsinin 165-ci ayəsi

[63] Əl-Mizan, c.6, səh.82

[64] Nümunə, c.5, səh.50-55

[65] Əl-Mizan, c.6, səh.80

[66] Əl-Mizan, c.6, səh.85

[67] Əl-Mizan, c.6, səh.112

[68] Nümunə, c.5, səh.69

[69] Vəsailüş-şiə, c.25, səh.318

[70] Kafi, c.6, sh.403

[71] Vəsailüş-şiə, c.25, səh.375

[72] Vəsailüş-şiə, c.25, səh.296

[73] Vəsailüş-şiə, c.25, səh.297

[74] Vəsailüş-şiə, c.25, səh.328

[75] Bəhirə beş dəfə doğub sonuncu balası erkək olan dəvəyə deyilir. Cahiliyyət dövründə bütpərəst ərəblər həmin dəvənin qulağını çərtib azad buraxar, ətini və südünü haram bilib yeməzdilər.

Saibə on iki, başqa bir rəvayətə görə on bala vermiş dəvəyə deyilir. Həmin dəvəni sərbəst buraxar, üzərinə minməzmişlər. İstədiyi otlaqda otlayar, istədiyi bulaqdan su içərmiş, heç kəs ona mane olmazmış. Bəzən südünü sağıb qonağa verərmişlər.

Vəsilə yeddi balası olmuş, başqa bir rəvayətə görə əkiz doğmuş qoyuna deyilir. Bu qoyunu öldürmək də qadağan imiş.

Hami belindən on bala gəlmiş tumluq erkək dəvəyə deyilir. Ona da heç bir yük qoşmaz, sərbəst buraxarmışlar.

[76] Nümunə, c.5, səh.94

[77] Nəhcül-bəlağə, 192-ci xütbə

[78] Daha ətraflı məlumat üçün bax: Bəqərə surəsi, 71-ci ayə

[79] Əl-Mizan, c.6, səh.152

[80] Nümunə, c.5, səh.109

[81] Əl-Mizan, c.6, səh.212

[82] Ətyəbül-bəyan, c.4, səh.493

[83] Nümunə, c.5, səh.124

[84] Əl-Mizan, c.6, səh.222

[85] Əl-Mizan, c.6, səh.228

[86] Mənşuri-cavid, c.12, səh.389

[87] Nümunə, c.5, səh.131

[88] Mənşuri-cavid,c.12, səh.391

[89] Əl-Mizan, c.4, səh.237

[90] Əl-Mizan, c.6, səh.237

[91] Əl-Mizan, c.6, səh.251

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir