Birlik və vəhdət amili Qədir-xum
Bu dünyada xoşbəxt olmaq bütün insanların ən böyük arzusudur.
Elə Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) yer üzünə gəlişinin əsas məqsədi də insanları elm ilə maarifləndirmək və əxlaqlarını saflaşdırmaq ilə xoşbəxt bir cəmiyyət qurmaq olmuşdur.
Qurani-kərim Bəqərə surəsinin 151-ci ayəsində buyurur:
كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِّنكُمْ يَتْلُواْ عَلَيْكُمْ ءَايَاتِنَا وَ يُزَكِّيكُمْ وَ يُعَلِّمُكُمُ الْكِتَابَ وَ الحْكْمَةَ وَ يُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ
“Həmçinin sizə ayələrimizi oxumaq, sizin (qəlbinizi) saflaşdırmaq, (İlahi) kitabı və hikməti öyrətmək, eləcədə bilmədikləriniz (lazımlı) şeylərin hamısını sizə öyrətmək üçün öz içinizdən (insan) Peyğəmbər göndərdik.”
Peyğəmbərlər(onların hamısına Allahın salamı olsun) bəşəriyyətin mənəvi, əxlaqi və ictimai rəhbəri olmaqdan əlavə, həm də elmi rəhbərləridirlər.
Deməli, yer üzündə xoşbəxt cəmiyyətin olması bütün insanların arzusu və Peyğəmbərlərin(onların hamısına Allahın salamı olsun) gəlişinin məqsədidir.
Bu xoşbəxt cəmiyyət “Mədineyi-Fazilə” , yəni “insanlıq, əxlaq, bərabərlik və qardaşlıq üzərində qurulacaq bir cəmiyyət” adlanır. Belə bir cəmiyyəti qurmaq üçün ən çox səy göstərən insanlar məhz İlahi peyğəmbərlər olmuşlar.
Biz görürük ki, İslamdan əvvəlki mənbələrdə də “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) mövzusu geniş yayılmış, Aristotel, Platon və başqaları bu mövzunu geniş müzakirə etmişlər. Hərçənd onlar, eləcə də Qərb dünyası bu mövzunu utopiya (reallığı inandırıcı olmayan və mümkünsüz) sanmışlar.
Bir çox müsəlman alimləri də, o cümlədən; Farabi, İbn Miskəveyh, İbn Sina, Əfzələddin Kaşani, Əbu Əli İsfəhani və başqaları “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) mövzusunda əsərlər və risalələr yazmışlar. Onlara görə “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) yeddi sütuna malik bir cəmiyyət olacaqdır.
1- Qanunda musavat və bərabərlik
2- Əməldə və hökmdə ədalət
3- Qarşılıqlı səmimi ehtiram
4- Azadlıq və əmin-amanlıq
5- Hegemonluq (fironluq və qudurganlıq) etməmək və heç kimin onun üzərində hegemonluq etməsinə razı olmamaq
6- Rəhm, sülh, mehribanlıq və yumşaqlıqla müşayiət olunan rəftar və davranış (əxlaq)
7- Elm və maarifi öyrənməyi və öyrəndiklərini öyrətməyi sevmək
Bu yeddi fəzilət və dəyəri əldə etmək üçün vəhdət və birlik lazımdır. Vəhdət və birliyin baş verməsi üçün isə başlıca şərt ixtilaf və təfriqələrə son qoymaqdır. İxtilaflara son qoymaq üçün isə bircə amil mövcuddur, o da “Qədir-Xum”dur.
Allah Taala Qurani-kərimdə Əhzab surəsinin 40-cı ayəsində buyurur:
مَّا كاَنَ محُمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَ لَكِن رَّسُولَ اللَّهِ وَ خَاتَمَ النَّبِيِّنَ وَ كاَنَ اللَّهُ بِكلُِّ شىَْءٍ عَلِيمًا
“Muhəmməd (səllAllahu əleyhi və alih) aranızdakı kişilərdən heç birinin atası deyil, lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.”
Bəşəriyyəti xoşbəxt cəmiyyətə nail etmək üçün yüz iyirmi dörd min peyğəmbər öz vəzifələrini tamamladılar, beləliklə də o yolun davamı İmamətə verildi. Bu çətin məsuliyyətin əmirəlmöminin Əli əleyhissalama verilməsi ona görə idi ki, o, kamil insan olaraq ədaləti tam mənada icra edə biləcək şəxs idi.
Qədir-Xumu yaşatmağı həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) o gündə hamıya tapşıraraq belə buyurdu:
“Məni eşidin, hər kəs öz diyarındakı insanlara (imamət xəbərini) desin, onlar da başqa bilməyənlərə desinlər, bu çatdırılma Qiyamət gününə qədər davam etsin.”
Qədir-Xumu yaşatmaq sadəcə məclislər təşkil etmək, ehsanlar vermək, qəsidə oxumaq… deyil.
Qədir-Xumu yaşatmaq budur ki, insanlar dərk etsinlər ki, Qədir-Xum yalnız o zamana məxsus deyil, hər zaman və hər əsr üçündür.
Günah edən şəxs etdiyi günahlardan peşman olduqda töbvə edir. Tövbə, yəni səhv yoldan geriyə qayıtmaq və düz yola qədəm qoyaraq doğru yol ilə irəliləmək. İslam adı ilə dünyada olan məzhəb, təriqət və firqələrin hamısı həzrət Muhəmmədin (səllallahu əleyhi və alih) səhabələrinin hansısa birinin düşüncə və yolu ilə hərəkət etdiyi iddiasındadır. Əgər ixtilaf və təfriqələrə son qoymaq istəyiriksə elə isə elə bir insanın ətrafında birləşməyilik ki, əvvəla həzrət Muhəmməd (s) özü o birlik məclisini təşkil etmiş, ikincisi isə peyğəmbərin (s) səhabələrinin hamısı orada əmriləmöminin Əli əleyhissalam beyət edərək onun rəhbərliyini və peyğəmbərin (s) xəlifəsi və canişini olduğunu təsdiq etmişlər. Vəhdət və birlik üçün bütün müsəlmanlar bu nöqtəyə qayıtmalı, o doğru seçimin vasitəsilə dünya və axirət xoşbxtliyinə nail olmalıdırlar.
Bizim vəzifəmiz Peyğmbərin (s) Əhli-beyti kimi yaşamağa çalışmaq və onlara bu yol ilə dəstək olmaqdır.
Tarix kitablarında oxuyuruq:
“Müaviyənin cəsuslarından biri dedi: -Mən ən xəsis və ən sözsüz adamın yanından gəlirəm. Müaviyə onun cavabında dedi: -Sən nə danışdığını bilirsənmi?! Bütün insanların dillərini bir yerə yığsalar Əlinin (ə) məntiqli danışığı onların hamısına üstün gələr.”
Sizcə bu şəxs(yəni həzrət Əli əleyhissalam)… vəhdət amilidir yoxsa ixtilaf?!
Qədir-Xumda həzrət Muhəmməd səllAllahu əleyhi və alih Allah Taalanın əmri ilə elə bir kamil şəxsi insanlara rəhbər olaraq təyin etdi ki, o şəxs -əmirəlmöminin Əli əleyhissalam nəinki bütün müsəlmanların vəhdətinə səbəbdir, üstəlik kafirlərin də yaxşıya çevrilməsi və onun ardınca hidayət olması amilidir.