“Bizə hürən it” hədisi.
Zeyd ibn Zeynül-Abidin (ə) atasından, o da atasından, o da İmam Əlidən (ə) və İmam Əli (ə) də Həzrət Peyğəmbərdən belə nəql edir ki, “Biz Əbdül-Müttəlib övladlarına (israrla) düşmənçilik edən hər bir ev (tayfa) məhv olmuşdur və bizə hürən hər it (xasiyyətli insan, itlərin tutulduğu) qotur (xəstəliyinə) tutulmuşdur. Hər kim inanmırsa, tərcübə etsin”.
الخامس رويت بالسند المتصل إلى زيد الشهيد أنه قال سمعت أخي الباقر يقول سمعت أبي زين العابدين يقول سمعت أبي الحسين يقول سمعت أبي علي بن أبي طالب يقول سمعت رسول الله ص يقول نحن بنو عبد المطلب ما عادانا بيت إلا و قد خرب و ما عادانا كلب إلا و قد جرب و من لم يصدق فليجرب.
Əlimizdə olan hədis mənbələrinə görə, ilk dəfə Nurullah Şuştəri (vf. 1019 hq), “əs-Səvarimul-Mühriqə” (s.115, 128) kitabından Əhli-Beyt (ə) düşmənlərindən danışarkən bu hədisə heç bir sənəd və qaynaq göstərmədən işarə edib.
Sonrakı mənbə isə Əllamə Məclisinin “Biharul-Ənvar” (c.107, s.31) hədis ensiklopediyasıdır ki, Əllamə də bu hədisə “icazələr” bölməsində mürsəl (kəsik) sənəd ilə işarə edir. Əlbəttə özü deyir ki, mən bu hədisi Şəhid Zeyd ibn İmam Səccada (ə) qədər “müttəsil” (bitişik) sənəd ilə rəvayət edirəm. Amma həmin sənədini göstərməyib. Buna görə də Şəhid Zeydə (ə) qədər olan sənəd məchul və mürsəl sayılır.
Əllamə Məclisidən də sonra Seyid Əlixan Kəbir Mədəni (vf. 1120 hq) bu hədisi “Riyazus-Salikin” kitabında (c.1, s.38) nəql etmişdir.
Ümumilikdə bu hədisin sənəd baxımından heç bir etibarı yoxdur. Əlbəttə mənim fikrimcə mətninin doğruluğunu tarix dəfələrlə isbatlayıb. Bu sözü Peyğəmbər (s) buyursa da belədir, buyurmasa da, belədir.
P.S: Bu hədis üçün təkcə Şiə hədis qaynaqlarına baxdım. Hədisin digər İslam və Ərəb qaynaqlarında, həmçinin Əhli-Sünnə məzhəbinin kitablarında olması istisna edilmir. Bəzən görürsən ki, bir rəvayət hədis qaynaqlarında olmasa da tarix, təfsir, coğrafiya, əxlaq, tibb, lüğət və ədəbiyyat kitablarında da tapılır.
Mirməhəmməd Bəşir