“Cinn” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. De: “Mənə vəhy olunub ki, cinlərdən bir dəstə sözlərimi dinlədikdən sonra deyiblər: “Biz heyrətamiz bir Quran dinlədik!
  2. O, doğru yola yönəldir. Biz ona iman gətirmişik və əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
  3. Rəbbimizin əzəmətli məqamı çox ucadır. O, nə zövcə, nə də övlad seçməyib.
  4. Bizim səfehimiz (İblis) Allah haqqında xoşagəlməz sözlər danışırdı.
  5. Biz güman edirdik ki, insanlar da, cinlər də Allaha əsla iftira atmazlar.
  6. İnsanlardan bəzi kişilər cinlərdən bəzi kişilərə sığınırdılar. Bunlar da onların azğınlığının artmasına səbəb olurdular.
  7. Onlar da siz güman etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri heç vaxt diriltməyəcəkdir.
  8. Biz səmanı axtarıb onun güclü gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
  9. Biz əvvəllər gizlicə qulaq asmaq üçün göylərdə oturardıq. Amma indi kim bunu etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
  10. Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
  11. Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz fərqli-fərqli dəstələrik.
  12. Tam əminliklə bilirik ki, Allahın yer üzərindəki iradəsinə qalib gələ və Ondan qaçıb yaxa qurtara bilmərik.
  13. Biz Quranın doğru yolu göstərdiyini eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.

————————————————————————————–

“Cinn” surəsinin ümumi məzmunu: Bu surədə gözəgörünməz varlıqlar olan cinlərdən danışılır. Bu surənin nazilolma səbəbi ilə bağlı qeyd edilmiş rəvayətlər eynilə “Əhqaf” surəsinin 29-32-ci ayələrinin nazilolma səbəbi ilə bağlı nəql edilmiş rəvayətlərlə uyğunluq təşkil edir. Bu da onların hər ikisinin eyni hadisə ilə bağlı nazil olduğunu göstərir (Daha ətraflı məlumat üçün bax: “Əhqaf” surəsi, 29-32-ci ayələr).[1]

  1. Cin: “Cinn” leksik mənasından da məlum olduğu kimi, gözəgörünməz varlıqdır. Quranda onun bir çox xüsusiyyətlərinə işarə edilmişdir: 1. Od şöləsindən yaranıblar (Rəhman-15); 2. Elm və idrak sahibidirlər, haqla batili ayıra bilirlər, məntiqli mühakimə və əsaslandırma gücləri var (Cinn surəsi); 3. Məsuliyyət daşıyan və mükəlləfiyyəti olan varlıqlardır (Cin və Rəhman surələri); 4. Bir dəstəsi əməlisaleh mömin, başqa bir qrupu isə kafirdir (Cinn-11); 5. Qiyamət günü onlar da dirildiləcək və Allah hüzuruna qaytarılacaqlar (Cinn-15); 6. Onların göylərə qalxmaq, oradakı söhbətlərə gizlicə qulaq asmaq qüdrətləri olmuş, İslam peyğəmbəri (s) seçildikdən sonra bu iş onlara qadağan edilmişdir (Cinn-9); 7. Onların bəzisinin insanlarla əlaqəsi olmuş, məhdud şəkildə xəbərdar olduqları bəzi gizli sirlərdən insanları haqq yoldan azdırmaq üçün istifadə etmişlər (Cinn-6); 8. İnsanlarda olduğu kimi, onların da bəzisi qeyri-adi gücə malikdir (Nəml-29); 9. Onların bəzisi insanların ehtiyac duyduğu bəzi işləri görə bilir (Səba-12-13); 10. Onların yaranışı insanın yaranışından əvvəl olmuşdur (Hicr-27)… Bundan əlavə, Quran ayələrindən belə məlum olur ki, onların bizdən daha yaxşı olduğunu düşünən insanların söylədiklərinin əksinə olaraq insanlar növ olaraq cinlərdən daha üstündürlər. Cinlərin insan növünə aid Peyğəmbərə (s) təslim olmaları, ona iman gətirmələri və itaət göstərmələri də bu faktı təsdiq edir. Ümumiyyətlə, Şeytana Adəmin önündə səcdə etməsi ilə bağlı əmr verilməsi insan növünün cin növündən üstün olduğunu göstərir. Çünki Şeytan həmin vaxt cin tayfasının böyüklərindən olmuşdur (Kəhf-50). Sadə və məlumatsız insanlar bu varlıq haqqında ağla və məntiqə zidd olan çoxlu xurafatlar qondarmışlar. Buna görə də cin adı gələndə bir ovuc xurafat da onunla birlikdə gəlir. O cümlədən, onların qeyri-adi və qorxulu simalı, quyruqlu, dırnaqlı, zərərverici, ziyanverici, kinli, pis davranışlı və bu kimi neqativ xüsusiyyətlərə malik varlıqlar olduğu uydurulmuşdur. Hər halda Quranda bir az yuxarıda sadaladığımız xüsusiyyətlərə malik olan bir varlığın mövcudluğundan xəbər verilmişdir. Eyni zamanda onların mövcudluğunu inkar edən heç bir əqli dəlil də yoxdur. Buna görə də bu faktı qəbul etməli, yanlış və xoşagəlməz yozumlardan uzaq durmalı, sadə və məlumatsız insanların xurafatlarından qorunmaq lazımdır.[2]
  2. Bizlərdən bir qismi müsəlman, bir qismi zalımdır. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
  3. Zalımlar Cəhənnəm üçün yanacaq və odun olacaqlar”.
  4. Əgər onlar (insanlar və cinlər) o yolda sabit qalsalar, Biz onlara bol-bol su verərik.
  5. Belə edərdik ki, onları bu bol nemətlə sınayaq. Kim öz Rəbbini xatırlamaqdan üz döndərərsə, O, həmin şəxsi şiddətli və artan bir əzaba məruz qoyar.
  6. Məscidlər Allahındır. Elə isə, heç kəsi Allahla yanaşı çağırmayın!
  7. Allahın qulu ibadət etməyə qalxıb Allahı çağırdıqda bir dəstə onun dövrəsində güclü izdiham yaradır.
  8. De: “Mən yalnız öz Rəbbimi çağırıram və kimisə Ona şərik qoşmuram!”
  9. De: “Mən sizə nə ziyan verməyə, nə də doğru yola yönəltməyə qadirəm!”
  10. De: “(Əgər mən də Onun əmrindən çıxsam,) məni Onun qarşısında heç kəs himayə edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
  11. Mənim vəzifəm yalnız Allah tərəfindən çatdırmaq və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacağı Cəhənnəm odu hazırlanmışdır”.
  12. Onlar (kafirlər) vəd olunduqları şeyi görənə qədər (öz təxribatlarını davam etdirəcəklər). Onda onlar kimin köməkçisinin daha zəif və adamlarının daha az olduğunu biləcəklər.
  13. De: “Mən sizə vəd olunmuş hadisənin yaxın olduğunu və yaxud Rəbbimin onun üçün bir zaman təyin etmiş olduğunu bilmirəm.
  14. O, qeybi biləndir və heç kəsi Öz qeybinin sirlərindən xəbərdar etməz,
  15. seçdiyi elçilərdən başqa. Onların önlərində və arxalarında gözətçilər qoyur ki,
  16. elçilərin Rəblərinin göndərdiklərini təbliğ etdiyini bilsin. O, onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.

———————————————————————————-

16-17. Bol nemətlərlə sınamaq: Allah-taala Quranda diqqətləri iman və təqvanın təkcə maddi nemətlərin, maddi abadlığın və firavanlığın artmasına səbəb olan mənəvi bərəkətlərin mənbəyi olmadığına yönəldir. Bu ayələrə əsasən nemət bolluğuna səbəb olan amil iman deyil, imanda sabit qalmaqdır. Çünki keçici və müvəqqəti iman bolluğa səbəb ola bilməz. Önəmli olan iman və təqvada sabit qalmaqdır. Çoxlarının bu yolda ayağı sürüşüb, çoxları bu yolda özlərini sabit saxlaya bilməyib. 17-ci ayədə buyurulur ki, nemət bolluğu insanları sınamaq və bu bolluğun onların təkəbbür və qəflətinə, yoxsa ayılmasına, Allaha şükür etməsinə və Ona daha çox üz tutmasına  səbəb olduğunu ayırd etmək üçündür. Buradan da aydın olur ki, ilahi sınağın mühüm səbəblərindən biri nemət bolluğudur. Əslində, nemətlə olunan imtahan çətinliklər vasitəsilə edilən imtahandan daha çətin, daha mürəkkəbdir. Çünki nemətin bolluğu insanın süstlük, tənbəllik, qəflət, ləzzət və nəfsi istəklər içində qərq olmasına səbəb olur, onu Allahdan uzaqlaşdırır, meydanı Şeytanın fəaliyyəti üçün açıq edir. Nemət bolluğu və onun mənfi təsirlərindən yalnız daim Allahı yadında saxlayan, Onu unutmayan, qəlb evini şeytanların nüfuzundan qoruyanlar xilas ola bilər.[3]

  1. Məscidlər Allahındır: Bu ayədə qeyd edilmiş “məscidlər” sözü ilə bağlı müxtəlif izahlar verilmişdir: 1. Allaha səcdə edilən məkanlar. Onların da ən kamil nümunəsi Məscidül-həram və digər məscidlər, daha geniş mənada Allahın çağırıldığı və Ona səcdə edilən bütün yerlərdir. Peyğəmbər (s) məşhur bir hədisində belə buyurmuşdur: “Bütün yer üzü mənim üçün səcdəgah və paklıq (təyəmmüm) vasitəsi edildi”. Bu hədisə əsasən “məscidlər” sözü hər yerə şamil olur. Bu ayə həm Kəbə evini bütxanaya çevirən müşrik ərəblər və qeyri-ərəblərə, həm də öz kilsələrində üçlük inancını qoruyub üç Allaha sitayiş edən xristianlara cavab verir. Allah-taala Quranda buyurur ki, bütün məbədlər Allaha məxsusdur, onlarda Allahdan başqasına səcdə etmək olmaz, Ondan qeyrisinə sitayiş etmək qadağandır. 2. Məscidlər deyilərkən yeddi səcdə üzvü (alın, iki əlin içi, dizlər, və iki ayağın başqa barmaqlarının ucu) nəzərdə tutulur. Bu üzvləri təkcə Allah üçün yerə qoymaq lazımdır, Ondan qeyrisinin qarşısında bunu etmək qadağandır. Bu izah İmam Cavadın (ə) bir hədisindən götürülmüşdür. Əlbəttə, ayənin zahiri ilə daha çox birinci izah düz gəlir, ikinci təfsir ayənin məna genişliyini göstərmək üçün ola bilər.[4]

 

[1] Nümunə, c.25, səh.97

[2] Nümunə, c.25, səh.154

[3] Nümunə, c.25, səh.122

[4] Nümunə, c.25, səh.124