“Cumə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Göylərdə və yerdə olanların hamısı (bütün aləmlərin) sahibi, hər bir eyib və nöqsandan uca, qüdrətli, müdrik Allahın şəninə təriflər deyir.
  2. Savadsız cəmiyyətə özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyur, onları (pis əməllərdən) təmizləyir, onlara kitabı və hikməti öyrədir. Şübhəsiz ki, onlar daha öncə açıq-aydın azğınlıq içində idilər.
  3. (Habelə) hələ (müsəlmanlara) qoşulmamış başqalarına da (elçi göndərmişdir). O, qüdrətlidir, müdrikdir.
  4. Bu, Allahın lütfüdür, onu istədiyinə (layiq gördüyünə) verir. Allah böyük lütf sahibidir.
  5. Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini inkar edən adamların bənzədildiyi şey necə də pisdir! Allah zalım adamları doğru yola yönəltməz.
  6. De: “Ey yəhudilər! Əgər başqa adamların deyil, yalnız özünüzün Allahın dostları olduğunuzu güman edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahla görüşmək üçün özünüzə) ölüm arzulayın!”
  7. Lakin onlar öncədən göndərdikləri əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalımları yaxşı tanıyır.
  8. De: “Qaçdığınız bu ölüm nəhayət, sizi haqlayacaq. Sonra siz qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O zaman O, sizə nə etdiklərinizi xəbər verəcəkdir”.

————————————————————————————

“Cümə” surəsinin ümumi məzmunu: Məzmun etibarı ilə “Cümə” surəsini iki hissəyə bölmək olar: 1. Tövhid, Allahın sifətləri, İslam peyğəmbərinin (s) göndərilməsinin məqsədi və məad. 2. Cümə namazının proqramı və bu böyük ibadətin xüsusiyyətləri.[1]

  1. Hələ onlara qoşulmamış digər dəstə: İslam peyğəmbəri (s) təkcə savadsız ərəblərə göndərilmədiyi və çağırışı ümumbəşəri olduğu üçün bu ayə sonradan İslamı qəbul etmiş bütün müsəlmanlara şamil olur. Hədislərin birində qeyd edilir ki, Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra səhabələr: “Onlar kimlərdir?” – deyə soruşduqda Peyğəmbər (s) əlini Salman Farsinin çiyninə qoyub buyurmuşdur: “Əgər iman Sürəyyada da olsa,[2] bu dəstədən olan insanlar onu əldə edəcəklər.”[3]
  2. Üzərində kitab olan heyvan: Bu ayə İslam peyğəmbərinin (s) əlamətləri və xüsusiyyətləri, onun gəlməsi ilə bağlı müjdələri Tövrat və İncildə oxuyub həmin əlamətlərin və müjdələrin həzrət Mühəmmədə (s) aid olduğunu bildikləri halda ona iman gətirməkdən boyun qaçıran yəhudilər haqqındadır. Tövratda yazılanlar haqqında düşünüb onlara əməl etmək əvəzinə onun yalnız adı və oxunuşu ilə kifayələnən özündənrazı yəhudilər axmaqlıqda və nadanlıqda məsələ çevrilmiş heyvana bənzədilmişlər. O, kitabın yalnız ağırlığını hiss edir, onun üçün fərqi yoxdur, belində daşıdığı daş və ağacdır, ya yaranışın ən dəqiq sirlərini və həyatın ən faydalı proqramlarını özündə ehtiva edən kitablardır. Bu, elm məsuliyyətinin ağırlığını çiyinlərində daşıyıb həmin elmin bərəkətindən faydalanmayan əməlsiz alimi səciyyələndirmək üçün ən obrazlı ifadədir. Bu misal Quranın sözləri ilə oynayıb onun məzmun və əməli proqramından xəbərsiz olan alimlərə də şamil olur. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Ey insanlar, doğru yola yönəlməniz üçün bir şeyi bildikdə ona əməl edin. Çünki öz elminə əməl etməyən alim nadanlığından ayılmayan sərsəm cahildir. Ona qarşı dəlil daha güclüdür, onun qəm-qüssəsi daimidir, Allah dərgahında o, daha çox məzəmmət olunacaq.”[4]
  3. Nə üçün bir qrup insan ölümdən qorxur? Bunun ən böyük səbəbi insanın ölümdən sonrakı həyata iman gətirməməsi, əgər iman gətiribsə də, imanının köklü inam şəkli almaması, düşüncələrinə və hisslərinə hakim kəsilməməsidir. İnsanın yox olmaqdan qorxması təbiidir. Əgər insan “dünya möminin həbsxanası, kafirin Cənnətidir” hədisinə inansa, daha da kamilləşmək üçün həyatı sevməklə yanaşı ölümdən də əsla qorxmaz. Mənbələrin yazdığına görə Aşura hadisəsində düşmənin mühasirəsi daraldıqca, İmam Hüseyn (ə) və səhabələrinə olan təzyiqlər artdıqca onların çöhrələri daha da açılırmış. Aşura günü səhər qocaların üzü gülürmüş. Onlardan bunun səbəbi soruşulduqda deyirmişlər: Çünki bir neçə saatdan sonra şəhadət şərbətini içəcək, qara gözlü huriləri qucaqlayacağıq. Ölümdən qorxmağın ikinci səbəbi dünyaya həddən artıq bağlı olmaqdır. Çünki ölüm insanla sevdiyi arasına ayrılıq salır, dəbdəbəli həyat üçün yaratdığı imkanlardan ayrılmaq ona çox ağırdır. Bir nəfər Əbuzərin yanına gəlib ondan bu sualı soruşduqda belə cavab verir: “Çünki siz dünyanı abad, axirəti isə bərbad etmisiniz. Təbii ki, abad yerdən xarabalığa köçmək istəməzsiniz.” İnsanın ölümdən qorxmasının üçüncü səbəbi əməl dəftərində yaxşı əməl hissəsinin boş, günah hissəsinin isə dolu olmasıdır.[5]

 

  1. Ey iman gətirənlər! Cümə günü namaz üçün azan veriləndə Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Əgər bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir!
  2. Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.
  3. Onlar ticarət və ya əyləncə, baş qarışdıran mənasız bir iş gördükləri zaman dağılışıb ona tərəf qaçır və səni ayaq üstə olduğun halda tərk edirlər. De: “Allah yanında olan (qazanacağınız savab) əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.

 

[1] Nümunə, c.24, səh.101

[2] Məsafənin uzaqlığını ifadə etmək üçün ərəblərdə işlədilən məsəldir.

[3] Nümunə, c.24, səh.109

[4] Nümunə, c.24, səh.114; Əl-Mizan, c.19, səh.277

[5] Nümunə, c.24, səh.121