İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
.
İmam Məhəməd Təqi əleyhissalamın qısa, lakin mənalı həyatına nəzər saldıqda görürük ki, o həzrət bütün əxlaqi dəyər və fəzilətləri özündə toplamış, yaşadığı zamanın kamil və ən layiqli insanı olmuşdur. Ona görədir ki, İmam Məhəmməd Təqi əleyhissalamı görən hər bir şəxs –dini və əqidəsindən asılı olmayaraq- o həzrətin aşiqinə çevrilir, İmamın əxlaqı və pak yaşayışı bir çox hallarda onların hidayət olaraq doğru yola gəlmələrinə səbəb olurdu.
Təqi və Cəvad doqquzuncu imamın ən məşhur ləqəblərindəndir. Təqi, yəni Allahın hifz edərək qoruduğu şəxs. Çünki cəmiyyət içində İmamın hörmət və ehtiramını, həmçinin o həzrətin gözəl əxlaqı nəticəsində çoxlu sayda insanların o həzrətin vurğun və aşiqinə çevrilmələrini görən düşmənlər, hətta Abbasi xəlifəsi Məmun dəfələrlə İmamı öldürmək istəmiş lakin Allah Taala imam Məhəmməd Təqi əleyhissalamı düşmənlərin şərlərindən qorumuşdur.
İmam Məhəmməd Təqi əleyhissalamın insanlara etdiyi yaxşılıqlar, ehsan, bəxşiş və əliaçıqlığı o həzrətin Cəvad ləqəbi ilə tanınmasına səbəb olmuşdu. Cəvad, malik olduğu hər bir şeyi insanlara bəxşiş etməyə hazır olan və insanlara yaxşılığı əsirgəməyən şəxsə deyilir. Onu da deyək ki, Allahın gözəl adlarından biri də Cəvaddır.
Mübarək Ramazan ayının dualarının birində oxuyuruq:
يا اللّهُ يا جَواداً لا يَبْخَلُ يا اللّهُ لَكَ اْلأسْماءُ الْحُسنى
“ey Allah, ey xəsislikdən uzaq olan Cəvad (çoxlu bəxşiş edən). Ey Allah,ən gözəl adlar Sənə məxsusdur.”
.
Kamil insan kidir?! Kamil insan Allahın cəlal və camal sifətlərini özündə cəmləyə bilmiş həqiqi bəndədir!
İmam Məhəmməd Təqi əleyhissalamın saysız bəxşiş və ehsanları, yaxşılıq, səxavət və comərdliyi insanlara Allahın bağışlayan və bəxşiş edən adını xatırladırdı.
İmam Məhəmməd Təqi əleyhissalam yoxsul, acib və yazıq insanlara əlindən gələn yaxşılığı edir və onlardan heç bir şeyini əsigəmirdi.
Məşhur tarixçi Səlahəddin Səfədi (vəfatı 764 hicri) yazır:
“İmam Məhəmməd Təqi əleyhissalam Mədinə şəhərində yoxsullara və ehtiyaclı insanlara hər il bir milyon dirhəmdən çox bəxşiş və ənam verərdi. “
əl-Vafi bil-Vufiyyat 4-cü cild 105-ci səhifə
.
İmam Məhəmməd Təqi əleyhissalam insan haqlarına daha çox önəm verdiyinə görə boynunda haqqı olan insanlara yaxşılıq etməyi özünə lazım bilir və buyururdu:
ومن سخائه بره بمن يجب حقه عليه وإخراجه حق الله من ماله
“Səxavətli insanların əlamətlərindən biri də budur ki, boynunda haqqı olan insanlara yaxşılıq etsin və öz varından (maddi imkanlarından) ehtiyaclı insanlara verməklə Allahın haqqını yerinə yetirsin.”
Mausuətul İmamil Cəvad (ə) 2-ci cild 380-ci səhifə
.
İmam (ə) insanlara başqalarına, xüsusilə də boynunda haqqı olanlara yaxşılıq etməyi tapşırar, özü də bu mühüm vəzifəyə tam şəkildə əməl edərdi. İnsanın etdiyi yaxşılıqların şüası ailəsindən başlamalı, sonra qohumlarına, mömin alimlərə, qonşulara və sair genişlənməlidir.
Əbu Haşim deyir:
“Əbu Cəfər (İmam Təqi) əleyhissalam içərinsində 300 dinar (qızıl sikkə) olan pul kisəsini mənə verib tapşırdı ki, o pulları bəzi əmioğlanlarına verim.
Biharul ənvar 50-ci cild 41-ci səhifə
.
Elə bir ehtiyaclı adam olmayıb ki, İmamın (ə) yanından naümid qayıtsın. İsmail ibn Abbas deyir:
“Bayram günlərinin birində imam Cəvad əleyhissalamın görüşünə getdim, yoxsulluq və imkansızlığımdan şikayətləndim. İmam (ə) səccadənin altından bir qızıl təbəqəsini mənə verdi, mən o qızılı dərhal bazara aparıb satdım, iyirmi dörd misqal (təxminən 56 qram) qızıl idi.”
Musnədul İmamil Cəvad 122-ci səhifə
.
Həmçinin İmam (ə) hər kəsə onun ehtiyacı və qabiliyyəti qədərində bəxşiş verərdi. Bir nəfər İmamın (ə) yanına gələrək dedi: -Mənə öz mürüvvətiniz (mərdliyiniz) qədərində yaxşılıq edin. İmam (ə) buyurdu: -O qədər yoxumdur. Onda həmin şəxs dedi: -Elə isə mənim mərdliyim qədərində yaxşılıq edin. İmam (ə) göstəriş verdi ki, ona yüz dirhəm versinlər.
Kəşful ğummə 3-cü cild 158-ci səhifə
.
Bəli, İmam Məhəmməd Təqi əleyhissalam bəxşiş və kərəmin kamil nümunəsi idi, öz əsrinin insanlarını malik olduğu imkanlarından bəhrələndirirdi. İmam (ə) səxavət mədəni nəslindən idi. Onun atası imam Rza əleyhissalam da ona son dərəcə səxavətli və əliaçıq olmağı tapşırmışdı. Məhəmməd Bəzənti deyir: İmam Rza əleyhissalam oğlu imam Təqiyə (ə) belə yazmışdı; “Ey Əbu Cəfər! Xidmətçilər səni çox vaxt arxadakı kiçik qapıdan çıxarırlar ki, kasıblar ilə qarşılaşmayasan və sənin xeyirin heç kimə çatmasın. Səndən istəyirəm ki, həmişə böyük qapıdan çıxasan, miniyə minməmişdən özünlə çoxlu qızıl və gümüş pullar götürəsən, təki qarşına çıxan ehtiyaclı insanlara yardım edə biləsən. Əmilərindən hansı səndən pul istəsələr əlli dinardan az vermə, çox versən lap yaxşı. Bibilərindən hansı səndən pul istəsələr iyirmi beş dinardan az vermə, istəsən bundan da çox verərsən. İstəyirəm ki, Allah sənin məqamını daha da uca etsin, elə isə sən də çoxlu bəxşişlər et, sədəqələr ver, bəxşişlər verməklə varının qurtaracağından qorxma.”
İmam Rza əleyhissalam bu məktubunda övladına tapşırır ki, səndən kömək istəyən heç kimi naümid etmə, yaxşılıq və bəxşiş edəndə də az vermə…
Bəli, belə bir dəyərli nəsihətlər əslində bütün insanlara ünvanlanmışdır. Təəssüf ki, bir çox insanlar xəsislik yolunu tutmuşlar, bəxşiş edən və sədəqə verən insanların isə bir çoxları imkanları və qüdrətlərindən az bəxşiş edirlər.
Məsum İmamlar öz ardıcıllarına da səxəvətli və comərd olmağı tapşırmışlar, özləri əllərindən gələn yaxşılıqları etməklə hamıya səxavət dərsi keçmişlər.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
إِنَّ لِلَّه عِبَاداً يَخْتَصُّهُمُ اللَّه بِالنِّعَمِ لِمَنَافِعِ الْعِبَادِ – فَيُقِرُّهَا فِي أَيْدِيهِمْ مَا بَذَلُوهَا – فَإِذَا مَنَعُوهَا نَزَعَهَا مِنْهُمْ ثُمَّ حَوَّلَهَا إِلَى غَيْرِهِمْ
“Allahın elə bəndələri vardır ki, onlara verdiyi nemətlərin qalmasını onlara aid etmişdir, nə qədər ki, onlar həmin nemətlərdən insanlara bəxşiş edirlər o nemətlər onlarda qalır. Əgər insanları maddi yardımlarından məhrum etsələr Allah həmin adamlardan Öz nemətini alır və başqalarına verir.” (Nəhcül bəlağə)
.
Odur ki, İmam Məhəmməd Təqi əleyhissalam səxavət və əliaçıqlığı öz canı və təbiəti ilə həll etmişdi, belə ki, əldə etdiyi hər bir mal və sərvəti ehtiyaclı insanların arasında bölürdü.
Bəli, İmam Məhəmməd Təqi əleyhissalamın bütün bəşəriyyətə öyrətdiyi dərslərdən biri də səxavət, ehsan və bəşiş vermək dərsidir. Alah Taala bizləri də bu məsum İmamın layiqli ardıcıllarından olmaqda müvəffəq etsin.