“Duxan” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ha, Mim!
  2. And olsun bu aydınlaşdırıcı kitaba!
  3. Biz onu bərəkətli bir gecədə nazil etdik. Biz hər zaman qorxudan olmuşuq.
  4. O gecədə hər bir iş hikmət üzrə ayırd edilir –
  5. (Quranın nazil edilməsi) Allah tərəfindən verilən bir əmr olmuşdur. Biz (Mühəmmədi) göndərdik –
  6. Bunlar hamısı sənin eşidən və bilən Rəbbinin mərhəmətindəndir.
  7. Əgər əminliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.
  8. Ondan başqa məbud yoxdur, dirildir və öldürür, sizin və əcdadlarınızın Rəbbidir.
  9. Lakin onlar şəkk-şübhə içindədirlər, (həqiqətlərlə) əylənirlər.
  10. Sən göydən aşkar bir tüstü peyda olacağı günü gözlə.
  11. O tüstü bütün insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.
  12. (Onlar deyəcəklər:) “Ey Rəbbimiz! Əzabı bizdən uzaq et ki, iman gətirək”.
  13. Onlar necə öyüd-nəsihət dinləyə bilərlər ki, açıq-aşkar bir Peyğəmbər gəldiyi halda,
  14. ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər.
  15. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə öz işlərinizə qayıdacaqsınız.
  16. Onları böyük bir müsibətlə yaxalayacağımız gün (onlardan intiqam alacağıq). Biz intiqam alanıq.
  17. Biz onlardan əvvəl Fironun qövmünü da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
  18. (Onlara dedi): “Allah bəndələrinin işlərini mənə həvalə edin ki, mən sizin üçün etibarlı bir elçiyəm.

—————————————————————————————–

“Duxan” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə yeddi hissəyə bölmək olar: 1. Quranın əzəməti və onun Qədr gecəsində nazil olması; 2. Allahın təkliyi və varlıq aləmində Onun böyüklüyünü göstərən bəzi nişanələr; 3. Kafirlərin aqibəti və onlara verilən müxtəlif əzablar; 4. Musa (ə) və İsrail oğullarının Firon tərəfdarlarına qarşı mübarizəsi, Firon tərəfdarlarının məğlubiyyəti və məhvi; 5. Qiyamət, Cəhənnəm sakinlərinin ağrılı-acılı əzabları, təqvalıların ruh oxşayan mükafatları; 6. Yaradılışın məqsədi, göy və yerin yaradılışının əbəs olmaması; 7. Quranın əzəmətinin yenidən bəyan edilməsi.[1]

3-5. Quranın bərəkətli bir gecədə nazil olması: Tükənməz xeyirlərin və daimi yaxşılıqların mənşəyi olan gecə hansıdır? Təfsirçilərin əksəriyyəti bu gecənin Qədr gecəsi olduğunu bildirmişlər. Bu gecə insanların bir illik müqəddəratının təyin edildiyi bərəkətli gecədir. Quran talelərin həll olunduğu bir gecədə Peyğəmbərin (s) pak qəlbinə nazil olmuşdur. Qeyd etmək yerinə düşər ki, Quranın insanların müqəddəratının həll olunduğu, ruzilərinin, nemətlərinin təyin olunduğu Qədr gecəsində nazil olması bu ayələrdə ötəri, “Qədr” surəsində isə açıq şəkildə bəyan edilmişdir. Bu ayələrdən belə başa düşülür ki, bizim müqəddəratımızın və taleyimizin Quranın məzmunu ilə sıx əlaqəsi var. Təkcə mənəvi deyil, maddi həyatımızın da bu kitabla qırılmaz əlaqəsi var. Bəli, Quran məhz müqəddəratların təyin edildiyi gecə nazil edilmişdir.[2]

10-16. Göydə aşkar bir tüstünün peyda olması: Bu ayələrdə əzab nişanəsi kimi təqdim edilən tüstü ilə nəyə işarə edilməsi təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Ancaq ayələr və hədislərdə qeyd edilənlərə əsasən, burada dünyanın sonu və Qiyamətin başlanğıcında göy üzünü bürüyəcək, dünyanın sonunun çatdığını, zalımlara şiddətli əzablar veriləcəyindən xəbər verən qatı tüstüdən danışıldığını deyə bilərik. Bu izahın yeganə problemi onun 15-ci ayə ilə düz gəlməməsidir. Çünki dünyanın sonu və ya Qiyamət günü Allahın əzabı yüngülləşməyəcək, nəticədə də insanlar yenidən öz günahlarına dönməyəcəklər. Əgər biz bu cümləni şərt budaq cümləsi kimi götürsək, o zaman problem öz həllini tapar. Bu zaman ayənin mənası belə olur: Əgər əzabı bir az sizdən uzaqlaşdırsaq, yenidən əvvəlki yolunuzu tutacaqsınız. Bu zaman ayə “Ənam” surəsinin 28-ci ayəsi ilə eyni məzmuna malik olacaq. Həmin ayədə Allah-taala belə buyurur: “Əgər qayıtsalar, yenidən qadağan olunduqları əməllərə dönəcəklər.” İkinci izahı Peyğəmbər (s) və Əhli-beyt imamlarından (ə) nəql edilən hədislər də təsdiq edir. İmam Əli (ə) Peyğəmbərə (s) istinad etdiyi bir hədisdə belə buyur: “Qiyamətdən əvvəl on əlamət görünəcək: Süfyani, Dəccal, Dabbətül-ərz, həzrət Mehdinin (ə) qiyamı, Günəşin qərbdən çıxması, həzrət İsanın (ə) enməsi, Şərqdə dağıdıcı zəlzələ, Ərəb yarmadasında oxşar zəlzələ, Ədnin dərinliklərindən yüksəlib insanları Məhşərə qovan od.”[3]

 

  1. Allah qarşısında özünüzü yuxarı tutmayın. Mən sizə aydın bir sübut gətirmişəm.
  2. Mən sizin məni ittiham və daşqalaq etməyinizdən həm mənim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
  3. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
  4. Sonra o, Rəbbinə dedi: “Bunlar günahkar adamlardır!”
  5. (Allah ona:) “Gecə bəndələrimi yola çıxart. Çünki siz təqib olunursunuz!”( – deyə göstəriş verdi).
  6. (Keçdikdən sonra) dənizi də sakit və açıq burax! Onlar suda batırılacaq bir qoşun olacaqlar!”
  7. Onlar özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
  8. əkinlər, möhtəşəm yerlər
  9. və içində qərq olduqları çoxlu nemətləri.
  10. Bax belə oldu! Biz başqalarını onların (mal və mülklərinin) varisi etdik.
  11. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
  12. İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
  13. təkəbbürlü və həddi aşan Firondan.
  14. Biz onları (İsrail oğullarını) öz elmimizlə aləmlərdən üstün tutduq.
  15. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
  16. Bunlar deyəcəklər:
  17. “Bizim ölümümüz təkcə birinci ölümdür. Biz heç vaxt dirildilməyəcəyik.
  18. Əgər doğru deyirsinizsə, onda atalarımızı gətirin!”
  19. Bunlar yaxşıdır, yoxsa Tubbə qövmü və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar idilər.
  20. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün (və əbəs yerə) yaratmadıq.
  21. Bu ikisini haqq-həqiqət olaraq yaratdıq, lakin çoxları bilmir.

————————————————————————————–

25-29. Nemətə nankorluq nemətin qarşısını alır: Bir gün möminlərin əmiri İmam Əli (ə) Mədainin yaxınlığından keçirmiş, dağılmaqda olan Kəsra (Ənuşirəvan və digər Sasani şahlarının) abidələrinə baxır. Yanındakı şəxs ibrətamiz bir şeir deyir. Həmin şeirin tərcüməsi belədir: “Küləklər onların ölkəsinin qalan qalıqları üzərinə əsdi. Sanki onların hamısının bir vəd olunan yeri var idi və həmin vəd olunan yerə doğru tələsdilər.” İmam Əli (ə) buyurur: “Nə üçün bu ayələri söyləmədin?” Sonra bu bu ayələri buyurur: “Bunlar (başqalarının malına və hökumətlərinə) varislər idilər. Ancaq (başqalarına) miras etdilər. Nemətə görə şükr etmədilər. Dünyaları itaətsilik göstərdiklərinə görə onlardan alındı. Nemətə nankorluq etməkdən çəkinin ki, Allahın qəzəbi sizi yaxalamasın.”[4]

  1. İsrail oğullarının üstünlüyü onlar üçün böyük bir sınaqdır: Bu ayədə əslində, İsrail oğullarının yalnız öz dövrlərinin seçilmiş ümməti olduğu buyurulmuşdur. Çünki “Ali-İmran” surəsinin 110-cu ayəsində Allah-taala İslam ümmətinin yaxşı işlər görməyi əmr etdikləri və pis əməlləri qadağan etdiklərini qeyd edərək onun ən üstün ümmət olduğunu buyurmuşdur. Bəzi təfsirçilər İsrail oğullarının yalnız onların özlərinə xas olan spesifik xüsusiyyətləri olduğunu bildirmişlər. Onlara çoxlu sayda peyğəmbər göndərilməsi də bu xüsusiyyətlərdəndir. Heç bir xalqa bu qədər peyğəmbər göndərilməmişdir. Əslində bu, heç də üstünlük sayıla bilməz. Çünki peyğəmbərlərin çoxluğu bu xalqın həddən artıq itaətsizlik göstərən bir xalq olması ilə bağlı ola bilər. Musa peyğəmbərin (ə) qiyamından sonra baş vermiş müxtəlif hadisələr onların Allahın böyük peyğəmbəri ilə necə davrandığını göstərir. Bu xalqın inadkar olduğunu, Quranın buyurduğu ilə davamlı olaraq öz peyğəmbərlərini incitdiyini, Allahın hökmləri qarşısında inadkarlıq və təəssübkeşlik nümayiş etdirdiyini, hətta Nili keçib xilas olduqdan dərhal sonra Musaya (ə) bütpərəstlik təklif etdiyini nəzərə alsaq, deməliyik ki, sözügedən ayədə qeyd olunan üstünlük ifadəsi onlar üçün imtiyaz deyil, başqa bir həqiqəti ifadə edir. Ayənin çatdırmaq istədiyi məna belə ola bilər: Onların Allahın bəxş etdiyi nemətlərdən sui-istifadə edəcəyini bildiyimizə baxmayaraq, Biz onlara üstünlük verdik. Bunu onları sınaqdan keçirmək üçün etdik. Sonrakı ayədə Allahın sınamaq üçün onlara başqa nemətlər də verdiyi buyurulmuşdur. Deməli, Allahın seçimi onlar üçün nəinki üstünlük, əksinə bir məzəmmətdir. Çünki onlar bu nemətə layiq olmadılar və sınaqdan keçmədilər.[5]
  2. Tubbə qövmü: “Tubbə” Yəmən şahlarının ümumi ləqəbidir. Quranın bu ayəsində bəzi hədislərdə adı Əsəd Əbukərb kimi qeyd edilən Yəmən şahlarından birindən söz açılır. Bir qrup təfsirçi onun haqq axtaran və mönin kişi olduğunu yazmış, ayədəki “Tubbə qövmü” ifadəsini də buna sübut gətirmişdir. Çünki ayədə onun özü deyil, qövmü məzəmmət edilmişdir. İmam Sadiq (ə) belə buyurmuşdur: “Tubbə Ovs və Xəzrəc qəbilələrinə dedi: Siz burada İslam peyğəmbəri (s) gələnə qədər qalın. Əgər mən onu görsəydim, onun xidmətində durar və onunla qiyam edərdim.” Bəziləri yazır ki, Tubbə Hindistana qoşun yürütmüş, həmin regionun bütün ölkələrini fəth etmiş Yəmən şahlarından biri olmuşdur. Fəthlərinin birində o, Məkkəyə girmiş, Məkkəni viran qoymaq istədiyi vaxt qəfildən xəstələnmişdir. Tubbənin qoşununda başçıları Şamul adlı bir şəxs olan bir dəstə həkim də olmuşdu. Həmin həkim ona: “Sənin xəstəliyinin səbəbi Kəbəni uçurmaq niyyətidir. Əgər bu fikrindən daşınıb bağışlanma diləsən, şəfa taparsan”, – deyə məsləhət vermişdi. Tubbə qərarından dönmüş, Kəbəyə ehtiram göstərəcəyini söz vermişdir. Sağaldıqdan sonra Kəbənin üzərinə qiymətli Yəmən parçasından örtük atmışdır.[6]
  3. Ayrılıq günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
  4. O gün dostun-dosta heç bir faydası dəyməyəcək, onlara heç yerdən köməklik göstərilməyəcək.
  5. Allahın rəhm etdiyi adamlar istisnadır! O, qüdrətlidir, rəhmlidir.
  6. Heç şübhəsiz zəqqum ağacı
  7. günahkarların yeməyidir.
  8. Əridilmiş dəmir kimi qarınlarda qaynayar –
  9. qaynar su qaynayan kimi.
  10. (Sonra Cəhənnəm məmurlarına əmr edilər:) Onu tutub Cəhənnəmin ortasına atın!
  11. Sonra başına qaynar əzab yağdırın!
  12. (Ona deyilər:) Dad (bu əzabı! Öz xəyalında) sən qüdrətli və möhtərəm idin.
  13. Bu, sizin daim tərəddüdlə yanaşdığınız həqiqətdir!
  14. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə olacaqlar –
  15. bağçalarda və çeşmələr başında!
  16. Qalın və nazik ipək parçadan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
  17. Cənnət sakinləri belədir! Üstəlik onları iri, qaragözlü hurilərlə evləndirəcəyik.
  18. Onlar orada hansı növ meyvə istəsələr, ixtiyarlarında olacaq, son dərəcə əmin-amanlıq içində olacaqlar.
  19. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qoruyar.
  20. Bu sənin Rəbbin tərəfindən bir lütfkarlıq, bir hədiyyədir. Böyük uğur məhz budur.
  21. Biz bunu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə onlar xatırlasınlar.
  22. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.

————————————————————————————-

  1. Dad! Sən qüdrətli və möhtərəm idin: Əvvəlki ayələrdə Cəhənnəm sakinlərinə veriləcək fiziki əzabların bir neçəsinə işarə edilmişdir. Nəzər nöqtəsi olan ayədə isə onlara veriləvək psixoloji əzablardan birinə işarə edilir. Cəhənnəm sakinlərinə belə xitab ediləcək: “Dad (bu əzabı! Öz xəyalında) sən qüdrətli və möhtərəm idin.” Yoxsul və acizləri zəncirləyən, onlara qarşı zülm və haqsızlıq edən, eyni zamanda özünü qalib və möhtərəm bir adam hesab edirdin. Bu təkəbbürünlə istənilən cinayətə əl atırdın. İndi əzab şəklində təcəssüm edən əməllərinin nəticəsini dad. İnsanların cismini və canını yandırdığın kimi, indi də sənin için və çölün Allahın qəzəb odunda yanır. Bir gün Peyğəmbər (s) Əbu Cəhlin əlindən tutub buyurur: “Vay olsun sənə, ay Əbu Cəhl! Vay olsun sənə!” Əbu Cəhl deyir: Məni nə ilə təhdid edirsən? Nə sən, nə də sənin sahibin mənə heç nə edə bilməz. Bu yerlərdə məndən qüdrətli və hörmətli adam yoxdur. Bu ayədə həmin hadisəyə işarə edilmişdir. Ayəyə əsasən onu Cəhənnəm oduna atdıqdan sonra deyəcəklər: Dad! Ey qüdrətli və möhtərəm![7]
  2. İri, qara gözlü hurilər: Həyatda insana rahatlıq, ünsiyyət və fərəh bəxş edən vasitələrdən biri münasib və hər cəhətdən kamallı olan bir həyat yoldaşının olmasıdır. Qadın və kişi olmasından asılı olmayaraq, belə bir həyat yoldaşının olması çətinlikləri insana asan edər, ona sevinc, fərəh, şirinlik, şadlıq bəxş edər. Belə bir həyat yoldaşının olmaması və ya uyğun olmayan bir həyat yoldaşının olması bütün digər vasitələrin olmasına baxmayaraq, həyatın şirin dadının ağızda acı olması üçün kifayət edər. Başqa sözlə desək, münasib, ağıllı-kamallı, mehriban və lütfkar həyat yoldaşı təkcə fiziki rahatlıq deyil, həm də psixoloji rahatlıq mənbəyidir. Quranın ayrı-ayrı ayələrində Cənnətin müxtəlif nemətlərindən danışılarkən bu nüansa diqqət yetirilmiş, bu haqda maraqlı ifadələr işlədilmişdir. Quranın bir neçə yerində Cənnətdəki həyat yoldaşlarının təsviri “hurul-eyn” (iri, qara gözlü huri) ifadəsi ilə verilmişdir. “Hur” sözü “hura” sözünün cəmidir. “Əhvər” gözünün qarası tamamilə qara, ağı isə tamamilə ağ, şəffaf, parlaq olan insana deyilir. Bu ifadə gözlərin həddən artıq gözəl olduğunu göstərir. Bəziləri bu ifadəni bədənin ağlığı kimi də izah etmişlər. Ola bilər ki, bu ifadə ilə həm gözlərin, həm də bədənin gözəlliyinə işarə edilib. “Eyn” sözü “ə’yən” və “əyna” sözlərinin cəmidir, mənası iri deməkdir. Bu ifadə iri, cazibədar və gözəl gözləri olan şəxs haqqında işlədilir. Quranın bu nöqtəyə xüsusi önəm verməsi insanın gözəlliyinin hər şeydən əvvəl və hər şeydən çox onun gözləri ilə ölçülməsi ilə bağlıdır. Sözügedən ifadə, əslində, cismin və ruhun gözəlliyini simvolizə edir. Bir məsələyə də diqqət yetirməliyik ki, həm “hur”, həm də “eyn” sözü həm qadın, həm də kişi cinsinə aid olur. Buna görə də daha geniş məna ifadə edərək, Cənnətdəki bütün həyat yoldaşlarına şamil olur. Möminə qadınlara da gözəl həyat yoldaşları, mömin kişilərə də gözəl həyat yoldaşları lütf ediləcək.[8] İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Əgər Cənnət hurilərindən biri dünyadakı insanlara baxsa və bir telini onlara göstərsə, bütün insanları namaz qılanın namaz halında keçirdiyi həyəcan hissi bürüyər. Əgər Allaha huri ilə evlənmək istəmədiyini desə, onlar: “Bu adam bizə qarşı nə qədər rəğbətsizdir!” – deyərlər.”[9] İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Cənnət sakinləri evlilikdən aldıqları zövq və ləzzət qədər heç nədən, hətta Cənnətin yeməkləri və içkilərindən ləzzət almazar.” Burada cismin ən çox ləzzət aldığı nemət nəzərdə tutulmuşdur. Çünki ayə və hədislərdə qəlb hüzuru, Allaha yaxınlıq, Allahın Cənnət sakinlərindən razılığının bütün digər nemətlərdən üstün və ləzzətli olduğu buyurulmuşdur.[10]

[1] Nümunə, c.21, səh.143

[2] Nümunə, c.21, səh.147 və 156

[3] Nümunə, c.21, səh.163

[4] Səfinətül-bihar, c.8, səh.44

[5] Nümunə, c.21, səh.184

[6] Nümunə, c.21, səh.194

[7] Nümunə, c.21, səh.205

[8] Pəyame-Quran, c.6, səh.259

[9] Vəsailüş-şiə, c.6, səh.466

[10] Əl-Mizan, c.3, səh.136