Əqiqə qurabnı

İslam dinində çox təkid edilmiş və hətta bəzi alimlərin vacib saydığı müstəhəb qurbanlardan biri də ƏQİQƏ qurbanıdır.
Əqiqə qurbanı uşağın dünyaya gəldiyi gündən yeddinci gününə qədər və ən geci yeddinci günündə kəsilməlidir.
Əqiqə qurbanın kəsilməsi insanın fiziki, psixoloji və mənəvi sağlamlığında, xəstəliklərdən, şeytani insanlardan, şeytan vəsvəsəsindən, cinlərdən, bəlalardan və bəd nəzərdən qorunmasında və axirəti üçün o qədər təsirli və əhəmiyyətlidir ki, hətta ölmüş bir insan üçün də kəsilməsi tövsiyə edilib. Belə ki uşağın valideyinləri hər hansı səbəbdən bu qurbanı kəsə bilməyiblərsə, insanın digər yaxınları bu qurbanı onun üçün kəsə bilərlər. O da olmazsa, insan özü imkanı olan kimi öz niyyətinə Əqiqə qurbanı kəsməlidir. Əgər insanın özü də imkansızlıqdan və ya məsələni bilməməsi səbəbi ilə bu qurbanı kəsməyibsə, onun övladları və ya yaxınları o vəfat etdikdən sonra onun niyyətinə bu qurbanı kəsmələri tövsiyə olunub.
Əqiqə qurbanının şərtləri:
1). Qurban bayramında olduğu kimi sağlam heyvan olsun. Qoyundursa, ən azı altı aylıq, keçidirsə, ən azı yeddi aylıq olsun – (altı və yeddi ayı tamam olmuş). İmkanı olanlar inək və dəvə də kəsə bilərlər. Həmçinin müstəhəbdir ki, kəsilən heyvanın sayı birdən çox olsun.
2). Qurban uşağın anadan olmasının yeddinci günündə kəsilsin və yaxşı olar ki, əvvəlcə uşağın başı qırxılsın və tükünün ağırlığı qədər qızıl sədəqə verilsin və sonra qurban kəsilsin.
3). Oğlan uşağı üçün erkək və qız uşağı üçün dişi heyvan kəsilsin.
4). Qurbanın bir budu (və ya bir bud və ayaq daxil olmaqla ətin dörddən biri) uşağın anasına verilsin və o da həmin əti yoxsullara sədəqə versin.
5). Uşağın valideynləri, xüsusilə də anası o ətdən yeməsin.
6). Qurbanın əti xam və ya bişmiş şəkildə möminlərə paylanıla bilər.
7). Daya yaxşı olar ki, bir hissəsi evdə bişirilsin, süfrə açılsın və süfrəyə ən azı on mömin dəvət edilsin. Möminlər qurban ətini yedikdən sonra qurban kimin adına kəsilibsə həmin adam və ya uşaq üçün dua etsinlər.
8). Yaxşı olar ki, Əqiqə qurbanın əti təkcə su və duz ilə bişirilsin (qaynatma, bozartma) və başqa şey əlavə edilməsin. Əlbəttə adi qaydada digər ətli xörəklər kimi bişirməyin də eybi yoxdur.
9). Yaxşı olar ki, Əqiqə qurbanı doğrananda sümükləri sındırmasınlar və sümükləri oynaqlardan ayıraraq ətləri tikələsinlər.
10). Qurban kəsilərkən aşağıdakı dua oxunsun:
بِسْمِ اللهِ وَ بِاللهِ اللَّهُمَّ عَقِیقَةٌ عَنْ فُلَانٍ لَحْمُهَا بِلَحْمِهِ وَ دَمُهَا بِدَمِهِ وَ عَظْمُهَا بِعَظْمِهِ (وَ شَعْرُهَا بِشَعْرِهِ وَ جِلْدُهَا بِجِلْدِهِ). اللَّهُمَّ اجْعَلْهُ وِقَاءً لآِلِ مُحَمَّدٍ صلی الله علیه و آله (و لفلان بن فلان)
“Bismillahi və billahi, Əllahummə əqiqətun ən …. (nöqtələrin yerinə qurban kimin üçün kəsilirsə, onun adı deyilsin) ləhmuha bi ləhmihi və dəmuha bi dəmihi və əzmuha bi əzmihi. Əllahumməc`əlhu viqaən li Ali Muhəmmədin (səlləllahu ələyhi və alihi).”
(Allahın adı və köməyi ilə. Bu, “filan kəsin” canına qurban edilən bir əqiqədir – (“filan kəsin” sözünün yerinə qurban kimin üçün kəsilirsə, onun adı deyilsin). Bunun əti, qanı, sümüyü və tükü filankəsin əti, qanı, sümüyü və tükünün qarşılığında fəda edilir. İlahi, bu qurbanı Muhəmməd və Ali-Muhəmmədə (s) xatir “filankəs filankəs oğlunun” çətinlikləri qarşısında qoruyucu və canfədası qərar ver.)
@mirmehemmed_beshir