Kərbəla
Təkəbbürlüyü mərifət sayan insan modeli qarşısında yeni bir mədəniyyət yüksəlir.
Fədakar, təvazökar və əliaçıq iam Hüseyn aşiqləri, dünyaya böyük dərslər verir.
Ərbəin – yəni 40-cı gün. İmam Hüseynin şəhadətinin 40-cı günü. 14 əsrdir davam edən bir həqiqət.
Səddamın dövründə gizli baş verən hadisər, son günlər dünya miqyasında misli bərabəri görünməyən bir atmosferə büründü. İrqindən asılı olmayaraq insanlar Kərbəlanı könüllər fatehi bilərək, dünyanın dörd bir yanından İraqa axın edir. Nəcəf və Kərbəla arasındakı məsafəni təqribən 3 günə piyada gedib, İmam Hüseynin türbəsinə yetişirlər. Bu insanların sayı 20 milyonu keçir. Yəni Kərbəla zəvvarları İraq əhalisinin sayına bərabərdir. Təsəvvür edin ki, kiçik bir şəhər ölkə əhalisinin sayı qədər insana ev sahibliyi edir.
Bu eşq yolçuluğunda bir loxma çörək almaq üçün deyil, bir loxma ehsan edə bilmək üçün milyonlarla insan sanki yarışır. Hər kəs bir-birinə xidmət göstərməyə can atır. Dahi Nəsimi gözəl deyir:
“Güldən tərəzi düzəldərlər,
gülü, gül ilə çəkərlər.”
Amma bu sadəcə bir beyt deyil, həqiqətdir. Kərbəla yolunu anladıb bizə Nəsimi. Öncədən bir-birlərini görməmiş milyonlarla insan dövlətin təhlükəsizlik xidmətindən başqa heç bir dəstək olmadan gecə-gündüz yol gedir, yeyib üçür, öz ehtiyaclarını belə, özləri qarşılayırlar. Ziyarətin ilk illərində xidmətləri ev sahibi iraqlılar etsələr də, son illərdə ölkə xaricindən gələnlərin də qurduğu xidmət çadırları bəzi çatışmamazlıqları aradan qaldırıb. xidmət edənlərin sayı o qədər çoxdur ki, bəziləri xidmət göstərə bilmədikləri üçün oturub ağlayırlar. Bura Kərbəladır. Burada kimsənin dilinə, irqinə, məzhəbinə, yaşına və dininə baxmazlar. bu yola düşmüş hər kəs dəyərlidir, əzizdir.
“Şərəfdir aşiqə canan yolunda yanmaq” deyən aşiqlər, minlərlə kilometr uzaqlıqdan, hətta uzaq qitələrdən də gəlib, bu eşq yolçuluğuna qoşulurlar. İnsanlıq tarixində bunun bənzəri yoxdur, olmayacaq da. Say baxımından bura gələn insanların 4-də birinə çatan 2-ci bu cür hadisə tapa bilməzsiniz. təəssüflər olsun ki belə bir hadisə, xəbərlərdə və gündəmdə olmağı artıqlaması ilə haqq etdiyi halda, dünyanın marağını özünə cəlb edən eşq yürüşü, ölkə və dünya mətbuatında yetərincə işıqlandırılmır. Çünki bu insanlar sadəcə türbəyə getmirlər. Gələcəyə üz tuturlar. Kapitalist, fərdçi, istismarçı sarayların dirəklərini yıxıb, ədalət, bərabərlik, fədakarlıq mədəniyyəti qururlar. Müharibələrin mərkəzi olan bir coğrafiyada yüksələn bu Ərbəin atəşi, bir möcüzədir, bir həqiqətdir.