“Fatihə” surəsi

  1. Rəhman və Rəhim Allahın adı ilə!
  2. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
  3. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən Allaha),
  4. Haqq-hesab (məhşər) gününün sahibinə!
  5. (İlahi!) Yalnız Sənə ibadət edirik və yalnız Səndən imdad diləyirik!
  6. Bizi düz yola yönəlt!
  7. Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların (yoluna) yox!

—————————————————————————————————-

“Həmd” surəsinin ümumi məzmunu: Bu surə Allahın “Rəhman” və “Rəhim” adlarını anmaqla başlayır və Onun sifətlərini saymaqla davam edir. Sonra öyrədir ki, ibadətə və yardım istəməyə layiq olan yalnız Allahdır. Surə Allahdan hidayət diləyi ilə bitir. Allah teologiya, esxatologiya (məad) və nübüvvət prinsiplərini ehtiva edən Quran təlimlərinin icmalını bu surədə vermişdir.[1]

  1. Rəhman və Rəhim: “Rəhman” və “Rəhim” Allahın gözəl adlarından ikisidir (ad olduğu üçün də ayənin tərcüməsində olduğu kimi saxlamışıq). Allah dəfələrlə özünü bu sifətlərlə tanıtmışdır. Bu iki sözün mənası və aralarındakı fərq haqqında demişlər: “Rəhman, mübaliğə modeli olub, bütün bəndələrə – istər mömin olsun, istər kafir – şamil olan ilahi rəhmətin çoxluğunu ifadə edir. Rəhim isə “sifəti-müşəbbəhə”dir və Allahın yalnız mömin bəndələrinə aid olan daimi və əbədi rəhmətini ifadə edir”.[2]

İslam peyğəmbərindən (s) nəql olunan bir hədisdə deyilir: “Allahın yüz rəhməti var. Onlardan birini yer üzünə endirmiş və məxluqatı arasında bölmüşdür. O bir rəhmətlə insanlar bir-birinə mehribanlıq göstərir, sevgi bəsləyirlər. Digər doxsan doqquz rəhməti isə Özü üçün saxlamış, onun üzə çıxması zamanını təxirə salmışdır. Qiyamət günü bəndələrinə həmin doxsan doqquz rəhmətlə rəhm edəcək”.

Digər bir rəvayətdə deyilir: “Allah verdiyi bir rəhməti də alacaq və yüz rəhmət tamamlanacaq. Qiyamət günü bəndələrinə yüz rəhməti, yəni bütün rəhməti ilə rəhm edəcək”.[3] Əlbəttə, aydındır ki, “yüz rəhmət” ifadəsi mətləbin zehinlərə yaxın olması üçün verilmişdir. Çünki Allahın rəhməti sonsuz və sayagəlməzdir.

  1. Məhşər gününün sahibi: Şübhəsiz, Allah dünyanın da sahibi və hökmranıdır. Amma Onun sahibliyi və hökmranlığı məhşər günü daha tam şəkildə üzə çıxacaqdır. Çünki Qiyamətdə bütün maddi münasibətlər, zahiri mülkiyyətlər aradan qalxacaq və mütləq mülkiyyət, hökmranlıq Allaha məxsus olacaq.

Allah Quranda buyurur: “Elə bir gün ki, onlar hamısı aşkara çıxacaqlar, onların heç bir şeyi Allahdan gizli qalmayacaq. (Onlara deyiləcək:) “Bu gün hökm kimindir? “Bir olan, qalib olan Allahındır!” (“Ğafir”, 16) Başqa bir ayədə oxuyuruq: “O elə bir gündür ki, heç kəs digəri üçün bir iş görməyə qadir deyil. O gün bütün işlər yalnız Allaha məxsusdur!” (“İnfitar”, 19) İmam Baqirdən (ə) sözügedən ayə ilə bağlı nəql olunan bir hədisdə deyilir: “Bu gün də, o gün də bütün işlər Allahın əlindədir. Lakin Qiyamətdə bütün hakimlər aradan qalxacaqlar. Allahın hakimiyyətindən başqa hakimiyyət qalmayacaq”.[4] İmam Səccad (ə) haqqında nəql olunan bir rəvayətdə deyilir: “Həzrət (ə) “Haqq-hesab (məhşər) gününün sahibi (olan Allaha)!” ayəsini o qədər təkrar edirdi ki, az qalırdı canını tapşırsın”.[5]

  1. Düz yol: Düz yol, heç bir yandan sapmayan aydın, geniş və hamar yoldur.[6] Onda məqsəd Allaha pərəstiş dini, doğru və haqq din, ilahi göstərişlərə sadiq qalmaqdır. “Ənam” surəsinin 161-ci ayəsində oxuyuruq: (Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim məni düz yola, sabit (dünya və axirət səadətinə zəmanət verən) dinə, mövhum dinlərdən üz döndərən və müşriklərdən olamayan İbrahimin dininə yönəltdi“.

Bəzi rəvayətlərdə düz yolun Quran, bəzilərində isə Əhli-beyt (ə)[7] olması bildirilmişsə də, buna səbəb Allahın insanı əbədi səadətə qovuşduracaq, zərrəcə yanıltmayacaq bir təlimin yalnız Quran və Əhli-beyt (ə) yolu ilə bəyan etməsidir.

[1] “Təsnim”, c. 1, səh. 258.

[2] “Əl-Mizan”, c. 1, səh. 21.

[3] “Məcməül-bəyan”, c. 1, səh. 54.

[4] “Nümunə”, c. 26, səh. 236.

[5] “Üsuli-kafi”, c. 2, səh. 595.

[6] “Məcməül-bəyan”, c. 1, səh. 65.

[7] Yenə orada.