“Fatir” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Həmd göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allah üçündür. O, yaratdıqlarından istədiyini artırır. O, hər şeyə qadirdir.
  2. Allah insanların üzünə hansı rəhməti açsa, heç kəs onun qarşısını ala bilməz. Nəyi də saxlasa, Ondan başqa heç kəs onu göndərə bilməz. O, yenilməz qüdrət və hikmət sahibidir.
  3. Ey insanlar! Allahın sizə verdiyi neməti xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliqmi var? Ondan başqa heç bir məbud yoxdur. Bununla belə, batilə doğru necə azırsınız?

—————————————————————————————

“Fatir” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu beş bölmədə ümumiləşdirmək olar: 1. Kainatda Allahın əzəmətini göstərən nişanələr və tövhidə aid dəlillər; 2. Allahın yaratmaq və idarə etmək xüsusiyyəti. İnsanın torpaqdan yaranması və təkamül mərhələləri; 3. Qayıdış və əməllərin axirət nəticələri. Allahın bu dünyanı bürüyən geniş rəhməti. Onun özünü üstün tutanlarla bağlı dəyişməz qanunu; 4. Peyğəmbərlərin rəhbərliyi, onların inadkar düşmənlə davamlı mübarizəsi. Bu işdə Peyğəmbərə (s) təskinlik verilməsi; 5. Müxtəlif istiqamətlərdən keçmiş mövzuları təkmilləşdirən öyüd və nəsihətlər.[1]

  1. Quranda mələklər: Quranın çox ayələrində mələklərin xüsusiyyət, əlamət və vəzifələrindən danışılıb. “Bəqərə” surəsinin 285-ci ayəsində mələklərə inam Allah, peyğəmbərlər və səmavi kitablara iman sırasında qərarlaşdırılmışdır. Bu da sözügedən mövzunun çox mühüm əhəmiyyət daşıdığından xəbər verir. Şübhəsiz ki, mələklərin mövcudluğu qeybə aid məsələlərdəndir. Onların mövcudluğunun yeganə sübut yolu nəqli dəlillərdir. Qeybə iman prinsipinə əsasən onları qəbul etmək şərtdir. Quranda mələklərin xüsusiyyətləri belə qeyd edilir: 1. Onlar şüurlu varlıqlar və Allahın hörmətli bəndələridirlər (Ənbiya-26); 2. Onlar Allahın əmrinə tabedirlər, əsla günah etməzlər (Ənbiya-27); 3. Onlar Allahın əmri ilə mühüm vəzifələri icra edir, ayrı-ayrı işlər görürlər. Onların bir dəstəsi ərşi daşıyır (Haqqə-17), bir dəstəsi işləri nizama salır (Naziat-5), bir dəstəsi canları almağa məmurdur (Əraf-37), bir dəstəsi insanların əməllərini gözətləyir (İnfitar-10-13), bir dəstəsi insanı təhlükələrdən və xoşagəlməz hadisələrdən qoruyur (Ənam-61), bir dəstəsi üsyankar xalqları cəzalandırmaq və onlara əzab gətirmək vəzifəsi daşıyır (Hud-77), bir dəstəsi müharibələrdə möminlərə yardım göstərir (Əhzab-9), bir dəstəsi vəhy və səmavi kitabları peyğəmbərlərə çatdırır (Nəhl-2); 4. Onlar davamlı olaraq Allaha həmd və təriflər deyirlər (Şura-5); 5. Bununla belə insan kamilləşmə potensialına malik olduğu üçün onlardan üstündür. Məhz bu cəhətdən bütün mələklər heç bir istisnasız onun qarşısında səcdəyə qapanmışlar (Bəqərə-30-34); 6. Onlar bəzən insan surətinə düşür, peyğəmbərlərin, hətta Məryəm (ə) kimi peyğəmbər olmayanların da gözünə görünürlər (Məryəm-17, Hud-69, 77, 78); 7. Hədislərdə qeyd olunur ki, onların sayı insanların sayı ilə müqayisəyə gəlməyəcək qədər çoxdur. İmam Sadiq (ə) buyurmuşdur: “And olsun canım əlində olan Allaha! Göylərdə mələklərin sayı yerdəki torpaq zərrələrinin sayından çoxdur. Göydə ayaq qoymağa elə bir yer yoxdur ki, orada mələklər Allaha həmd və tərif deməsinlər”; 8. Onlar yemək yemir, su içmir və evlənmirlər; 9. Onlar yatmırlar, zəifləmirlər, qafil olmurlar; 10. Onların bəlli məqamları var. Burada ortaya belə bir sual çıxır: Qeyd olunan bu xüsusiyyətlərlə onlar maddi, yoxsa qeyri-maddi varlıqlardır? Şübhəsiz ki, bu xüsusiyyətlərlə onlar maddi varlıq ola bilməzlər. Ancaq bizim bildiyimiz maddələrin fövqündə olan incə və lətif maddələrdən yaradıldıqlarını da söyləmək olar.[2] Bu ayədə diqqət çəkən başqa bir nüans mələklərin qanadlarının olmasıdır. Təbii ki, qanad quşların uçmaq, yerdən göyə qalxmaq, göydən yerə enmək, bir yerdən başqa bir yerə hərəkət etmək üçün istifadə etdiyi bir vasitədir. Quranda bu həqiqətə işarə edilir və bildirilir ki, qanadlı quşlar kimi onlar da elə vasitələrə malikdirlər ki, Allahın əmri ilə göydən yerə enir, yerdən göyə ucalır, bir yerdən başqa bir yerə hərəkət edirlər. Əlbəttə, bu vasitənin necəliyi bizə məlum deyil.[3]

 

  1. Əgər onlar səni yalançı hesab etsələr, (kədərlənmə,) səndən əvvəlki peyğəmbərlər də yalançı hesab olunmuşdu. Bütün işlər Allaha qaytarılacaqdır.
  2. Ey insanlar! Allahın vədi haqdır. Məbadə bu dünya sizi aldatsın. Məbada Şeytan sizi tovlayıb Allahla (Allahın kərəmi ilə) qürrələndirsin.
  3. Şübhəsiz ki, Şeytan sizin düşməninizdir. Elə isə onu düşmən sayın. O, yalnız öz tərəfdarlarını od sakini olmağa çağırır.
  4. Küfr yolunu tutanlar üçün şiddətli əzab var. İman gətirib yaxşı işlər görənlərə gəldikdə, bağışlanma və böyük mükafat onlara məxsusdur.
  5. Pis əməli özünə gözəl göstərilib onu yaxşı və gözəl görənlə (həqiqəti olduğu kimi görən kimsə eyni ola bilərmi?) Allah istədiyini haqq yoldan azdırır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə təəssüflənib özünü əldən salma. Allah onların nə etdiklərini bilir.
  6. Buludları hərəkətə gətirmək üçün küləkləri göndərən Allahdır. Sonra Biz bu buludları ölü yerə tərəf qovduq və onun vasitəsilə yeri ölümündən sonra dirildirik. Ölülərin Qiyamətdə dirildilməsi də belə olacaqdır.
  7. Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Pak sözlər Ona tərəf yüksəlir və saleh əməli ucaldır. Pis və məkirli planlar hazırlayanları şiddətli bir əzab gözləyir. Onların məkrləri puça çıxacaqdır.
  8. Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da kitabda yazılmışdır. Bunlar hamısı Allah üçün asandır.

————————————————————————————

  1. Məbadə Şeytan sizə hiylə gəlib Allahla aldatsın: Şeytan insanların diqqətini bir tərəfdən Allahın həlim və mehriban olmasına, digər tərəfdən isə günahkar və kafirlərə bəxş etdiyi nemətlərə yönəldir. Bir tərəfdən Allahın bağışlayan və əzaba tələsməyən bir varlıq olduğunu, digər tərəfdən isə dünyapərəstlərin Allahın əzabına tuş gəlmədiklərini, nə qədər dünya axtarırlarsa, nə qədər Allahı unudurlarsa, günah bataqlığına batırlarsa, həyatlarının daha da yaxşı olmasını, daha rahat yaşamalarını, insanlar arasında daha hörmətli olduqlarını təlqin edir. Bu şəkildə Şeytan öz vəsəvəsələrindən nəticə alır, insanlara dünya həyatını inkişaf etdirməkdən başqa heç bir dəyər və hörmətin olmadığını, maddi həyatın fövqündə heç bir həyatın durmadığını, dində haqqında danışılan vəd, vəd verən, Qiyamət, sorğu-sual, Cənnət və Cəhənnəmin xurafat olduğunu təlqin edir, nəticədə, insana qəflət və zülm sayəsində məruz qalacağı aqibəti unutdurur.[4]
  2. Haqq yoldan sapmışların bədbəxtliklərinin səbəbi: Bu ayədə haqq yoldan sapmış inadkar xalqların bütün bədbəxtliklərinin ən mühüm əlaməti qeyd edilmişdir. O da budur ki, onların çirkin əməlləri nəfsi istək və qara qəlbləri ilə əlbir olduğu üçün onlara gözəl görünür. Təbii ki, belə bir şəxs nəsihət qəbul etməz, tənqid dinləmək istəməz, yolundan dönməz, əməllərini təhlil etməz, gördüyü işlərin nəticəsindən qorxusu olmaz. Bəs görəsən günahkarların çirkin əməllərini onların gözündə gözəl göstərən kimdir; Şeytan, nəfs, yoxsa Allah? Şübhəsiz ki, əsl amil nəfs və Şeytandır. Lakin Allah-taala pis işlərdə nəticə və təsir gücü qoyduğu üçün onu Allaha da aid etmək olar. İnsanlar günaha batdıqları vaxt ilk başlanğıcda fitrətləri pak, vicdanları oyaq və ağılları həqiqəti görən olduğu üçün tutduqları işdən narahat olurlar. Lakin gördükləri əməllər təkrarlandıqca narahatlqıları azalır, nəhayət laqeydlik həddinə çatırlar, təkrarlar artıqca çirkinliklər gözlərində gözəl görünməyə başlayır. Hətta iş o yerə çatır ki, həmin çirkin davranışları fəxr və üstünlük hesab edirlər. Halbuki, bədbəxtlik girdabında batırlar.[5] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bir gün Şeytan həzrət Musa (ə) ilə qarşılaşır. Söhbət əsnasında həzrət Musa (ə) ondan soruşur: “Mənə elə bir günah de ki, insan onu törətdikdə sən ona hakim kəsilirsən?” Şeytan deyir: “İnsanın özünün özündən xoşu gəldiyi, gördüyü işləri çox hesab etdiyi, günahları gözündə kiçildiyi vaxt (ona hakim kəsilirəm).”[6]
  3. Pak söz: Ayənin ərəbcə orijinalındakı “əl-kəlimut-təyyib” ifadəsinin mənası “pak sözlər”dir. “Pak sözlər” deyilərkən sözün ifadə etdiyi məzmunun paklığı nəzərdə tutulur. Məzmun paklığı isə pak və parlaq reallığı ehtiva edən obyektiv reallıqlara əsaslanır. Allahın pak zatından, Onun haqq dini və ədalətindən, bu dinin yayılmasında rol oynamış təmiz insanlardan daha üstün paklıq ola bilərmi?! Buna görə də pak söz yaradılış və məada düzgün inanc və Allahın haqq dini kimi izah edilir. Allaha doğru yalnız belə bir inanc yüksələ, sahibini də özü ilə qaldıra və Allaha yaxın edə bilər. Bəzi təfsirçilər “pak” sözünü “la ilahə illəllah”, Əhli-beytin (ə) rəhbərliyi və sair kimi yozmuş, bu ifadənin izahı ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Ümumiyyətlə, bu ayə pak və yüksək məzmuna malik olan istənilən sözə şamil olur.[7]

 

  1. İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içilməsi ləzzətli, digərininki isə həddindən artıq duzlu, acı və nəfəs kəsəndir. Hər ikisindən təzə ət yeyir, bəzək əşyaları çıxarıb taxırsınız. Allahın nemətlərindən bəhrələnməyiniz üçün sən onda gəmilərin suları yardığını görürsən. Bəlkə Ona şükür edəsiniz.
  2. O, gecəni gündüzə, gündüzü də gecəyə daxil edir. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Hökmranlıq Ona məxsusdur. Sizin Ondan başqa çağırdıqlarınız xurma çəyirdəyinin nazik pərdəsi qədər ( olsun belə heç nəyə) malik deyildirlər.
  3. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Qiyamət günü sizin şirkinizi (və onlara ibadət etdiyinizi) danacaqlar. Heç kəs xəbərdar olan (Allah) kimi səni xəbərdar edə bilməz.
  4. Ey insanlar! Siz Allaha möhtacsınız. Ehtiyacsız, həmd və sitayişə layiq olan təkcə Odur.
  5. Əgər istəsə, sizi aparıb yeni bir məxluq gətirər.
  6. Bu, Allah üçün çətin deyildir.
  7. Heç bir günahkar başqasının günah yükünü çiyinləri üzərinə almaz. Yükü ağır olan kimsə günahını daşımaq üçün başqasını çağırsa və çağırdığı kimsə hətta yaxın qohumlarından olsa belə, çiyinləri üzərinə o yükdən heç nə almaz. Sən ancaq öz Rəblərindən gizlində qorxanları və namaz qılanları qorxudursan. Kim təmizlənirsə, nəticəsi özünə qayıdır. (Hər kəsin) qayıdışı Allahadır.

————————————————————————————–

  1. Ayələrdən sui-istifadələr: Bir qrup vəhhabi müsəlmanların şəfaət və təvəssül vasitəsilə Peyğəmbər (s) və böyük öndərlərlə olan əlaqəsini inkar etmək üçün bu və bənzər ayələrdən istifadə edərək belə iddia edirlər: Qurana görə “Allahdan başqa çağırdıqlarınız sizi eşitməz, əgər eşitsələr də, cavab verməzlər”. Bu şəkildə peyğəmbər və imamların ruhlarının vasitəçi olmasını inkar edir, onun tövhid inancına zidd olduğunu düşünürlər. Halbuki bundan əvvəlki və sonrakı ayələrdə bütlərdən, Allaha şərik qoşulan, qüdrət sahibləri olduğu düşünülən daş və taxtadan danışılır. Peyğəmbər və övliyanın Quranın açıq şəkildə diri olduqlarını bəyan etdiyi şəhidlər kimi Bərzəx həyatına malik olmadıqlarını bilməyən varmı? Onu da bilirik ki, maddi örtüklərdən və dünya asılılıqlarından xilas olduğu üçün Bərzəx həyatında olan ruhun fəaliyyəti daha geniş olur. Digər tərəfdən, bu pak ruhların vasitəçi təyin edilməsi Allahla yanaşı onların da müstəqil qüdrət sahibi kimi qəbul edilməsi mənasında başa düşülməməlidir. Əslində, məqsəd Allah dərgahında onların abırlarından mədət ummaq, Allah yanında olan hörmət və böyüklüklərindən istifadə etməkdir. Bu isə tövhid və Allaha bəndəlikdən ayrı bir şey deyil. Allah Quranda şəfaətçilərin şəfaətini öz icazəsi ilə şərtləndirdiyi üçün vasitəçiliyin heç bir problemi yoxdur. Belə ki, tarixi mənbələrdə səhabələrin çətinliklər zamanı Peyğəmbərin (s) qəbrinin kənarına getməsi, onu özlərinə vasitəçi təyin etməsi, Allah dərgahında onun pak ruhundan yardım diləməsi qeyd edilib.[8]
  2. Bizim varlığımız səndəndir, Sən isə Öz zatınla varsan: Bu ayə çox mühüm və qiymətli bir məsələyə toxunur və bu dünyada bizim Allah qarşısındakı mövqeyimizə aydınlıq gətirir. Bütün kainatda sözün əsl mənasında ehtiyacsız olan, Öz zatı ilə var olan bir varlıq var və O, Allahdır. Bütün insanlar, ümumiyyətlə, bütün mövcudat Ona möhtacdır, O müstəqil varlıqdan asılıdır. Əgər onların Onunla olan əlaqələri bir an kəsilsə, tamamilə yox olararlar. O, mütləq ehtiyacsız olduğu kimi, insanlar da mütləq möhtacdırlar. O, Öz zatı ilə var olduğu kimi, bütün yaranmışlar da Onun zatı ilə mövcuddurlar. Bəs belə olan halda, Onun bizim ibadətimizə nə ehtiyacı var? Ona ibadət və itaət edərək kamilləşən, O sonsuz başlanğıca bəndəlik sayəsində anbaan Ona daha da yaxınlaşan, zat və sifətlərinin nurundan faydalanan bizik. Hamımız başqasına deyil, yalnız Ona möhtacıq, buna görə də Ondan qeyrisinin kandarına təzim və təslim niyyəti ilə baş qoymamalı, ehtiyaclarımızın aradan qaldırılmasını Ondan qeyrisindən istəməməliyik. Çünki onlar da bizim kimi möhtacdırlar. Peyğəmbər və imamlar (ə) da məhz Onun göndərdikləri və Onun nümayəndələri olduqları üçün yüksək tutulurlar. Onların heç bir müstəqillik və istiqlaliyyəti yoxdur. O həm ehtiyacsızdır, həm də tərifəlayiq. Yəni ehtiyacsız olduğu halda, elə bağışlayan və mehribandır ki, istənilən həmdə və təşəkkürə layiqdir. Bağışlayan və bəndəsini sevən olduğu halda, ehtiyacsızdır. Bu həqiqətə diqqət mömin insanlara iki şəkildə müsbət təsir göstərir; onları təkəbbür, xudpəsəndlik, üsyan mərtəbəsindən endirir, özlərini üstün tutmaları üçün özlərindən heç nələri olmadığını, malik olduqlarının hamısının Allahın onlara verdiyi əmanətlər olduğunu onlara dərk etdirir, Ondan qeyrisinin dərgahına əl açmamaq, Allahdan qeyrisinin bəndəlik buxovunu boyunlarına keçirməmək yolunu göstərir. Möminlər bu baxış və dünyagörüşü ilə dünyada nə görürlərsə, Allahın varlığının sayəsində olduğunu dərk edirlər. Səbəblər aləmi onlara “səbəblər səbəbi”ni (əsl səbəbi) əsla unutdurmur.[9]
  3. Kor ilə görən əsla eyni deyildir,
  4. zülmətlərlə işıq da,
  5. kölgə ilə yandırıcı külək də (eyni deyildir).
  6. Ölülərlə dirilər də eyni deyildirlər. Allah Öz əmrini istədiyinin qulağına çatdırır. Sən isə öz sözünü qəbirdə yatanlara eşitdirə bilməzsən.
  7. Sən yalnız qorxudansan.
  8. Biz səni haqq olaraq müjdə vermək və qorxutmaq üçün göndərdik. Keçmişdə hər bir ümmətin bir qorxudanı olmuşdur.
  9. Əgər onlar səni yalançı hesab etsələr, (təəccüblü deyil,) onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, öyüd-nəsihət kitabları və aydınlıq gətirən kitab gətirmişdilər.
  10. Sonra Mən kafirləri yaxaladım. Mənim onlara verdiyim əzab necə oldu?
  11. Məgər Allahın göydən su endirdiyini və onunla rəngarəng meyvələr yetişdirdiyimizi, dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar açdığımızı görmürsən?
  12. İnsanlar, canlılar və heyvanlar arasında da bu cür müxtəlif rəngli olanları vardır. Həqiqət belədir. Bəndələri arasında Allahdan yalnız alimlər qorxar. Allah qüdrətlidir, bağışlayandır.
  13. Allahın kitabını oxuyanlar, namaz qılanlar və verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər ziyansız və tükənməz bir ticarətə ümid edirlər.
  14. (Onlar bu saleh əməlləri ona görə edirlər ki, Allah) onlara kamil haqq və mükafat versin, lütfünü onlar üçün artırsın. O, bağışlayandır, qədirbiləndir.

————————————————————————————-

19-23. İman və küfrün təsirləri: Quranda insanları bir-birindən ayıran coğrafi, irqi, sinfi və bu kimi sərhədlərin mühüm əhəmiyyət daşımadığı qeyd edilir. Quran nöqteyi-nəzərindən yeganə sərhəd iman və küfr sərhədi hesab edilməlidir. Yəni bütün insan cəmiyyətini mömin və kafir olmaq üzrə iki qrupa bölmək olar. Quranın ayrı-ayrı yerlərində dəfələrlə iman nura, küfr isə qaranlığa bənzədilmişdir. Bu, Quranın küfr və iman üçün təqdim etdiyi ən canlı bənzətmədir. İman daxili dərk və baxış formasıdır, batini inanc, hərəkət və fəaliyyətlə müşayiət olunan elm və bilikdir, insanın ruhunun dərinliklərinə nüfuz edən və konstruktiv fəaliyyətlərin mənbəyinə çevrilən bir inancdır. Küfr isə hərəkətsizliklə, məsuliyyət hissinin olmaması, şeytani və azğın hərəkətlərlə nəticələnən cəhalət, məlumatsızlıq və inamsızlıqdır. Bunu da bilirik ki, nur maddi dünyada insan, heyvan və bitki aləminin həyat, hərəkət, inkişaf və artımının mənbəyi hesab edilir. Qaranlıq və zülmət isə sükut, yuxu və sairənin səbəbi, davam edəcəyi təqdirdə ölüm və həyatın sona çatması amilidir. Buna görə də bu ayələrdə iman və küfrün bir yerdə işıq və zülmətə, başqa bir yerdə həyat və ölümə, bir yerdə rahatlıq bəxş edən kölgəyə və yandırıcı küləyə, ayrı yerdə görmə və korluğa bənzədilməsi heç də təəccüblü deyil. Bütün deyilməli olanlar bu dörd bənzətmədə bəyan edilmişdir. Mömin bir adamla ünsiyyətdə olanda bu nurun təsirini bütün varlığımızda hiss edirik; fikirləri işıq saçır, sözləri parlaqlıq gətirir, əməlləri və əxlaqı bizi gerçək həyatın həqiqəti ilə tanış edir. Ancaq kafirin bütün varlığından zülmət yağır, yalnız öz keçici və maddi mənfəətlərini düşünür, fikir üfüqü şəxsi həyat çərçivəsindən kənara çıxmır, nəfsi istəklərində batır, onunla oturan adamın qəlbini və ruhunu zülmət dalğalarına qərq edir.[10]

  1. Həqiqi alimlər: Bu ayədən belə başa düşülür ki, həqiqi alimlər üzərlərinə düşən vəzifələr qarşısında özlərini məsuliyyətli sayanlardır. Başqa sözlə desək, söz deyil, əməl adamlarıdırlar. Çünki əməlsiz elm qorxunun olmamasının bir sübutudur. Ayədə bu cür əməl sahibləri alimlər zümrəsindən hesab edilməmişlər. Bu həqiqət İmam Səccadın (ə) da bir hədisində öz əksini tapmışdır: “Elm və əməl iki səmimi dostlardır. Allahı tanıyan şəxs ondan qorxar. Bu qorxu həmin şəxsi Allahın əmrinə itaət göstərməyə və əməl etməyə vadar edər. Elm sahibləri və onların ardıcılları Allahı yaxşı tanıyan, Onun üçün əməl edən və Onu sevən şəxslərdir. Allah-taala: “Bəndələri arasında Allahdan yalnız alimlər qorxar.” – deyə buyurmuşdur”. Bu ayəni təfsir edərkən İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayədə “alimlər” deyilərkən əməlləri sözləri ilə üst-üstə düşən şəxslər nəzərdə tutulur. Sözü ilə əməli düz gəlməyn insan alim deyil.” Başqa bir hədisdə deyilir ki, sizin ən elmliniz Allahdan ən çox qorxanınızdır. Qısası, Quran məntiqi ilə alimlər beyinləri onun-bunun fikir və rəylərinin sandığı, dünyanın elmi qanun və formullarının anbarı, dilləri bu məsələlərin sözçüsü, yaşadıqları yer məktəblər, universitetlər, kitabxanalar olan şəxslər deyil. Alimlər, elm və bilik işığı bütün varlıqlarını Allah, iman və təqva nuru ilə işıqlandıran, onları vəzifələrinə qarşı məsuliyyətli edən şəxslərdir.[11]

 

  1. Kitabdan sənə vəhy etdiyimiz haqdır, özündən əvvəlki kitabların təsdiqləyicisidir. Allah qullarından xəbərdardır, görəndir.
  2. Sonra bu kitabı qullarımız içərisindən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.
  3. (Onların mükafatı) əbədi Cənnət bağlarıdır. Oraya qızıl və mirvari bilərziklərlə bəzədilmiş halda daxil olacaqlar. Oradakı libasları ipəkdəndir.
  4. Onlar deyəcəklər: “Həmd qəm-qüssəni bizdən uzaq edən Allah üçündür! Rəbbimiz bağışlayandır, qədirbiləndir.
  5. Öz lütfü ilə bizi bu (əbədi) iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir narahatlıq, nə zəiflik, nə də bir uğursuzluq üz verəcək!”
  6. Kafirləri isə Cəhənnəm odu gözləyir. Nə ölüm əmrləri verilməz ki, ölüb qurtarsınlar, nə də əzablarından bir şey yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.
  7. Onlar Cəhənnəmdə fəryad qoparıb deyəcəklər: “Ey Rəbbimiz! Bizi çıxart ki, etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Cavablarında onlara deyiləcək:) “Sizə xatırlaya bilənlərin xatırlaya biləcəyi qədər ömür vermədikmi? Sizə qorxudan da gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara heç bir kömək edən olmaz”.
  8. Allah göylərin və yerin qeybini biləndir. O, kökslərdə olanları bilir.

—————————————————————————————

  1. Allahın kitabının varisləri: Ayədə “kitab” deyilərkən Quran nəzərdə tutulur. “Miras” heç bir alqı-satqı olmadan, zəhmət çəkilmədən əldə edilən mülkə deyilir. Quranın miras hesab edilməsi Allahın bu böyük kitabı müsəlmanlara heç bir çətinlikləri olmadan verməsi ilə bağlıdır. Bu ayəyə əsasən Allah-taala Peyğəmbərdən (s) sonra Quranın qorunmasını ümmətin öhdəsinə qoymuşdur. Ümmət bu işin icrasında üç qrupa bölünür: bəziləri bu kitabın qorunması və onun hökmlərinin icrasında səhlənkarlıq etmiş, nəticədə, “özlərinə zülm edənlər” adı almışlar. Bəziləri öz işlərində müəyyən yanlışlıqlara yol versələr də, vəzifələrinə çox yüksək səviyyədə əməl etmiş, nəticədə, “orta yolu tutanlar” adı almışlar. Vəzifələrinə daha yaxşı şəkildə əməl edən, yarış meydanında digərlərindən daha öndə gedən seçilmişlər isə “yaxşı işlərdə öndə gedənlər” adı almışlar.[12] Hədislərin çoxunda bu ayədə həzrət Fatimənin (ə) məsum övladlarının nəzərdə tutulduğu qeyd edilmişdir. Quranın varisləri və yaxşı işlərdə hər kəsdən öndə olan seçilmiş bəndələr məhz onlardır. Peyğəmbər (ə) də məşhur “səqəleyn” hədisində onların Quranın biliciləri olduğunu, hər zaman bu səmavi kitabla birlikdə olduqlarını buyurmuşdur. Səqəleyn (iki ağır əmanət) hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Mən sizin aranızda iki qiymətli əmanət qoyuram; Allahın kitabı və Əhli-beytim. Bu ikisi hovuzda mənim yanıma gələnə qədər bir-birindən əsla ayrılmaz.” Hədislərinin birində İmam Rzanın (ə) bu ayə haqqında belə buyurduğunu oxuyuruq: “Bu ayədə Fatimənin (ə) oğlanları nəzərdə tutulmuşdur. Yaxşı işlərdə öndə gedən imamdır, imamı tanıyan orta yolu tutan, imamı tanımayan isə özünə zülm edəndir.”[13]
  2. Narahatlıq və uğursuzluğun olmayacağı yer: Ayədə Allahın Cənnət əhlinə bəxş etdiyi və bir-birini tamamlayan iki böyük nemətinə işarə edilmişdir. Ora insanların qalacaqları yerdir. Bu yerlə tanış olub oraya bağlandıqdan sonra oradan köçmək əmri verilməyəcək, həyatları əbədiləşəcək, əzab-əziyyət hiss etməyəcəklər. Orada ümumiyyətlə, belə bir anlayış olmayacaq, hətta uzunömürlükləri də yorucu və bezdirici olmayacaq. Çünki onlara hər gün yeni nemətlər veriləcək, Allahın bəxş etdiyi nemətlərdən hər gün yeni görüntülər təqdim ediləcək.[14]
  3. Məgər sizə kifayət qədər ömür vermədik? Sizə az şey verilməyib. İxtiyarınızda yetərli qədər fürsət olub. Allah tərəfindən sizə çoxlu sayda qorxudanlar gəlmişdir. Bu iki faktor oyanmaq və nicat tapmaq üçün kifayət edirdi. Buna görə də sizin heç bir bəhanəniz ola bilməz. Əgər kifayət qədər vaxtınız olmasaydı, üzr və bəhanə etmək üçün əsasınız olardı. Əgər vaxtınız olsaydı, ancaq heç bir rəhbər və haqq yolu göstərən göndərilməsəydi, yenə üzrünüz olardı. Lakin bu ikisi olduğu halda, nəyi bəhanə edə bilərsiniz? Hədislərdə oyanış və xatırlama üçün yetərli qədər ömür verilməsi müxtəlif ifadələrlə bəyan edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Allah kiməsə altmış il ömür veribsə, üzr qapısı artıq onun üzünə bağlanmışdır.” Başqa bir hədisində isə belə buyurmuşdur: “Qiyamət günü yetişəndə carçı: “Altmış yaşlılar haradadır?” – deyə car çəkəcək. Bu Allahın “sizə xatırlaya bilənlərin xatırlaya biləcəyi qədər ömür vermədikmi?” – deyə buyurduğu həmin ömürdür.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Yetərli ömrün müddəti on səkkiz ildir.” Ola bilsin ki, sonuncu hədisdə həmin ömrün minimum həddi nəzərdə tutulmuşdur. Yəni yuxarıdakı hədisdə maksimum, burada isə minimum həddə işarə edilmişdir. Buna görə də hədislər arasında heç bir təzad yoxdur.[15]

 

  1. Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz ziyanına olacaq. Kafirlərin küfrü Rəbləri yanında ancaq qəzəb artırar. Kafirlərin küfrü onlara zərər və ziyandan başqa bir şey artırmaz.
  2. De: “Mənə deyin görüm, Allahdan başqa çağırdığınız bu məbudlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı və idarə edilməsində) ortaqlıqlarımı var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Bunların heç biri deyil. Zalımlar bir-birinə ancaq yalan vədlər verirlər.
  3. Göylərin və yerin sıradan çıxmaması üçün Allah onları tutub saxlayır. Əgər aıradan çıxsa, onları Ondan başqa heç kəs tutub saxlaya bilməz. O, həlimdir, bağışlayandır.
  4. Onlar son dərəcə təkidlə Allaha and içdilər ki, əgər onlara çəkindirən bir peyğəmbər gəlsə, ümmətlərin ən doğru yolda olanı olacaqlar. Amma onlara peyğəmbər gəldikdə bu, onların ancaq qaçışını və nifrətini artırdı.
  5. Bunlar hamısı onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Bu hiylələr isə yalnız öz sahiblərini yaxalayar. Onlar əvvəlkilərin başına gələn aqibətdən başqa bir şeymi gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.
  6. Məgər onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmadılar? Onlar ki bunlardan daha qüvvətli idilər. Nə göylərdə, nə də yerdə heç nə Allahın qüdrətindən kənara çıxa bilməyəcək O, biləndir və qadirdir.

—————————————————————————————

  1. Göylər və yer onun qüdrəti sayəsində mövcuddur: Ayədə Allahın bütün göylər və yer üzündəki hakimiyyətindən söhbət açılır. Yaradılışın ilkin başlanğıcı, varlıq aləminin qorunub saxlanması və idarə edilməsi Allahın qüdrətindən asılıdır. Ancaq iş təkcə bununla bitmir, yaradılmışlar hər an yeni-yeni yaradılışa imza atır, davamlı olaraq lütf və mərhəmət mənbəyindən bəhrələnirlər. Əgər bu böyük mənbə ilə olan əlaqələri bir an kəsilsə, məhv olarlar. Yaddan çıxarmaq olmaz ki, planetlər heç nədən sallanmadan milyon illərdir ki, öz orbitlərində azacıq sapma olmadan hərəkətdədirlər. Günəş sistemində bunun real şahidiyik. Yer kürəsi milyon, bəlkə də neçə milyard ildir ki, Günəşin ətrafında fırlanır, cazibə və dafiə qüvvəsinin balansı sayəsində dəqiq nizamla öz orbitində hərəkət edir, Allahın fərmanından çıxmır. Tarix boyu bəzi astronomların hansısa quyruqlu ulduzun və ya digər planetin yer orbitinə yaxınlaşacağını və onunla toqquşacağını dəfələlə proqnozlaşdırdıqlarının şahidi olmuşuq. Belə həssas məqamlarda insanların əlindən heç nə gəlmədiyi, hadisənin insanların imkanları xaricində olduğu, Allahdan başqa heç kəsin onun qarşısını ala bilməyəcəyi aydın olur, hər kəs ehtiyacsız Allaha üz tutur. Ancaq ehtimal edilən təhlükə sovuşduqdan sonra unutqanlıq kölgəsi insanları öz ağuşına alır.[16]
  2. Allahın qanunlarının dəyişməzliyi: Quranın ayrı-ayrı ayələrində Allahın qanunlarının dəyişməzliyindən söhbət açılır. Qeyd etməliyik ki, yaradılış və qanunvericilik aləminə Quranda Allahın bizdən asılı olan və olmayan dəyişməz qanunları adlanan, əsla dəyişməyən sabit və dəyişməz qanunlar hakimdir. Bu qanunlar varlıq aləminə keçmişdə olduğu kimi, bu gün və sabah da hakim olacaqdır[17]; insanların konstitusiya qanunları adlandırdıqları qanunlar kimi dəyişməzdir. Peyğəmbərlərə köməklik göstərilməsi və kafirlərin məğlubiyyətə uğraması, ölüm anında edilən tövbənin heç bir fayda verməməsi, Allah tərəfindən əzab nazil olması və sair bu daimi qanunlar sisteminə daxildir.[18] Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrində ilahi qanunların təkcə dəyişməzliyindən (Əhzab-62), bəzi ayələrində isə onların təkcə əvəz edilməyəcəyindən (İsra-77) söhbət açılmışdır. Ancaq bu ayədə qeyd olunan ifadələr ardıcıl işlədilmişdir. Əvəzləmə deyilərkən nəyinsə tamamilə əvəzlənməsi, götürülüb yerinə başqasının qoyulması, dəyişilmə deyilərkən isə nəyinsə kəmiyyət və keyfiyyət baxımından dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, Allahın qanunları tamamilə əvəz edilməz, kəmiyyət, keyfiyyət, hətta zəiflik və kəskinlik baxımından da dəyişikliyə məruz qalmaz. Belə ki, Allah-taala oxşar günahlar üçün hər cəhətdən oxşar olan cəzalar nəzərdə tutmuş, bir qrupu cəzaya məhkum edib, başqa bir qrupu cəzadan azad etmir, eyni zamanda bir qrupu da yüngül cəza ilə cəzalandırmır. Bu forma sabitlik və dəyişməzlikdən qaynaqlanır, onda əvəzlənmə və dəyişilmə baş vermir.[19]

 

  1. Əgər Allah insanları gördükləri işlərə görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin (islah olsunlar deyə,) Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza verəcəkdir). O, Öz qullarını görür (hamının əməl və niyyətlərindən xəbərdardır).

 

[1] Nümunə, c.18, səh.161

[2] Nümunə, c.18, səh.173

[3] Əl-Mizan, c.17, səh.7

[4] Əl-Mizan, c.17, səh.17

[5] Nümunə, c.18, səh.187

[6] Kafi, c.2, səh.329

[7] Nümunə, c.18, səh.194

[8] Nümunə, c.18, səh.216

[9] Nümunə, c.18, səh.220

[10] Nümunə, c.18, səh.231

[11] Nümunə, c.18, səh.247

[12] Nümunə, c.18, səh.260

[13] Əl-Mizan, c.17, səh.45

[14] Nümunə, c.18, səh.270

[15] Nümunə, c.18, səh.276

[16] Nümunə, c.18, səh.286

[17] Nümunə, c.18, səh.296

[18] Nümunə, c.17, səh.435

[19] Nümunə, c.18, səh.296