“Furqan” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Aləmləri xəbərdar edib qorxutmaqdan ötrü Öz quluna Furqanı (Quranı) nazil edən kəs tükənməz, bərəkətli və xeyirlidir!
- Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Özünə övlad götürməmişdir və hökumətində də şəriki yoxdur. Hər şeyi yaradıb dəqiq bir biçim vermişdir.
—————————————————————————————–
- Mühüm proqramlarda iştirak etməmək üçün Peyğəmbərdən (s) icazə alınmasının zəruriliyi: Bəzi hədislərdə bu ayənin Hənzələ ibn Əyyaş haqqında nazil olduğu qeyd edilmişdir. Ühüd döyüşünün baş verəcəyi günün gecəsi Hənzələ ailə qurmağa hazırlaşırdı. Peyğəmbər (s) səhabələri ilə döyüşlə bağlı müzakirələr aparırdı. Bu zaman Hənzələ Peyğəmbərin (s) yanına gəlib ondan həmin gecə üçün icazə istəyir. Peyğəmbər (s) icazə verir. Səhər açıldıqda döyüşdə iştirak etmək üçün o qədər tələskənlik edir ki, hətta qüsl almağa belə lüzum görmür. Elə həmin halda döyüş meydanına yollanır. Nəhayət, şəhid olur. Peyğəmbər (s) onun haqqında belə buyurur: “Mələklərin yerlə göy arasında Hənzələyə qüsl verdiklərini gördüm”. Bundan sonra Hənzələ “Ğəsilül-məlaikə” (mələklərin qüsl verdiyi adam) ləqəbi ilə tanınır[1].
- Peyğəmbəri (s) bir-birinizi çağırdığınız kimi çağırmayın: Bu cümlə ilə bağlı iki izah mövcuddur: 1. Peyğəmbərin (s) çağırışını öz çağırışlarınıza tay tutmayın. Əgər o, sizi hər hansı məsələyə görə çağırırsa, deməli, həmin məsələ dini cəhətdən çox mühüm bir məsələdir. Ona çox böyük əhəmiyyəti olan bir məsələ kimi baxmaq lazımdır. Onun çağırışlarına laqeyd yanaşmayın, əmrini Allahın əmri, çağırışını Allahın çağırışı bilin. 2. Peyğəmbəri (s) çağırarkən bir-birinizi çağırdığınız kimi deyil, ədəb-ərkanla, hörmətlə, məqamına layiq şəkildə çağırın. Bu göstəriş ona görə verildi ki, o dövrdə İslamın etik davranışları ilə tanış olmayanlar həm təklikdə, həm də ictimai yerdə Peyğəmbəri (s) birbaşa adı ilə “Mühəmməd!” – deyə çağırırdılar. Bu da böyük səmavi rəhbərin məqamına uyğun olmayan bir davranış idi. Bu ayədə onun “ey Allahın rəsulu”, “ey Allahın nəbisi” kimi adlarla, ədəblə, etik normalara uyğun səs ahəngi ilə çağırmaq göstərişi verilir[2]. İmam Sadiqin (ə) bir hədisində həzrət Fatimənin (ə) dilindən belə nəql edildiyi qeyd edilmişdir: “Bu ayə nazil olandan sonra mən artıq Allah rəsulunu “atacan” deməyə son qoyub “ey Allahın rəsulu”, – deyə çağırmağa başladım. Peyğəmbər (s) mənə buyurdu: “Sən “atacan” de. Çünki bu söz qəlbimi daha da canlandırır və Allahı daha çox şad edir.”[3]
“Furqan” surəsinin ümumi məzmunu: Bu surə üç hissədən təşkil olunub: 1. Surənin əvvəlində müşriklərin bəhanələri qeyd edilərək onlara cavablar verilir, Allahın əzabı, Qiyamət gününün hesab-kitabı və Cəhənnəmin ağrı-acılı əzabları ilə qorxudulur, keçmiş xalqların başına gələnlərdən söz açılır. 2. Bu mövzunu təkmilləşdirmək üçün Allahın təkliyini sübut edən dəlillərin müəyyən qisminə, Allahın mövcudat aləmindəki əzəmət nişanələrinə işarə edilir. 3. Həqiqi möminlər və Allahın səmimi bəndələrinin xüsusiyyətlərinə ümumiləşdirilmiş şəkildə toxunulur[4].
- Quran haqla batili ayırandır: “Furqan” sözünün mənası ayıran, fərqləndirəndir. Ayədə “furqan” deyiləkən Quran nəzərdə tutulmuşdur. Çünki Quran insan həyatının bütün sferalarında haqla batilin əbədi və ən yaxşı tanıtdırıcısıdır. Quran fikir, düşüncə, inanc, qanun, hökmlər, ədəb və əxlaq sahəsində möhkəm bir meyardır[5]. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Fitnələr qaranlıq gecənin bir parçası kimi sizi ağuşuna aldığı vaxt Qurana sığının!”[6] Diqqət çəkən məqam ondan ibarətdir ki, Allahın zatının mübarək olması Furqanın, yəni haqqı batildən ayıran Quranın nazil olması vasitəsilə təqdim edilmişdir. Bu da onu göstərir ki, ən böyük xeyir və bərəkət insanın haqq və batili tanımaqda istifadə etdiyi vasitədədir[7].
- Onlar Allahı qoyub heç nə yaratmayan, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrətləri çatmayanları özlərinə tanrı seçdilər.
- Kafirlər: “Bu, onun uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər.
- Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O, bunları köçürmüşdür. Bunlar səhər-axşam ona oxunur” – dedilər.
- De: “Onu göylərin və yerlərin sirlərini bilən nazil etmişdir. O, bağışlayandır, rəhimlidir!”
- Onlar dedilər: “Nə üçün bu peyğəmbər yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edib qorxu gələn bir mələk göndərilmədi?
- Niyə ona (göydən) bir xəzinə göndərilmədi? Niyə meyvəsindən yeyəcəyi bir bağı olmadı?” Zalımlar: “Siz ancaq cin vurmuş bir adamın ardınca gedirsiniz” – dedilər.
- Gör səninlə bağlı hansı bənzətmələri söylədilər və haqq yoldan bir daha onu tapa bilməyəcəkləri şəkildə sapdılar!
- İstəsə, sənə bundan daha yaxşısını verə, ağacları altından çaylar axan Cənnət bağlarını yarada, sənin üçün dəbdəbəli qəsrlər inşa edə bilən Allah necə də tükənməz, bərəkətli və xeyirlidir!
- Lakin onlar Qiyaməti də yalan saydılar. Biz də Qiyaməti yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
——————————————————————————————-
4-5. Quranı başqalarından öyrənməsi Peyğəmbərə (s) atılan bir böhtandır: Hədislərdə qeyd edilir ki, kafirlər “başqa adamlar” deyərkən Tövratı oxuyub onunla yaxından tanışlığı olan Qədas, Yəsar və Həbr adlı üç yəhudini nəzərdə tuturdular. Onlar müsəlman olduqdan sonra Peyğəmbər (s) onlara qayğı göstərirdi. Kafirlər bu vəziyyətdən sui-istifadə edərək Peyğəmbərə (s) bu ayələrdə qeyd edilən iftiraları atdılar[8]. Kafirlər bir neçə cümlə ilə Quranda zəif cəhətlər olduğunu sübut etməyə çalışırdılar: “Quranda yeni heç nə yoxdur, keçmişdəkilərin bir ovuc nağıllarıdır. Başqalarını köməyi olmadan Peyğəmbər (s) öz fəaliyyətni hətta bir gün də davam etdirə bilməz. Səhər-axşam mövzuları ona kimlərsə diktə etməli və o da yazmalı idi. O, yazmağı da bilir, oxumağı da. Təhsil almamışam deməsi yalandır”. Kafirlər bu iftiraları ilə insanları Peyğəmbərin (s) ətrafından dağıtmaq istəyirdilər. Halbuki hamı Peyğəmbərin (s) kimdənsə təhsil almadığını yaxşı bilirdi. Hər gün kimdənsə nə isə öyrənsəydi, bunu hər kəsdən əsla gizlətmək olmazdı. Bundan başqa, Quran ayələri Peyğəmbərə (s) müxtəlif vaxtlarda, o cümlədən səfərlərdə də nazil olurdu. Digər tərəfdən, Quranda keçmiş peyğəmbərlərin əhvalatları ilə yanaşı etiqad, əxlaq, hökm və qanunlarla bağlı çox mövzular yer almışdır. Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, Quranda peyğəmbərlər haqqında yazılanlar təhrif edilmiş Tövrat, İncil və ərəb nağıllarında olan əhvalatlardan fərqlənirdi. Əgər onları Quranla müqayisə etsək, bunun şahidi olarıq[9].
- Allah Peyğəmbərə (s) kafirlərin söylədiklərindən daha yaxşısını bəxş edə bilər: Əvvəlki ayələrdə qeyd edilir ki, kafirlər Peyğəmbərə (s) qarşı ittihamlar irəli sürərkən nə üçün ona göydən xəzinə göndərilmədiyini və ya nə üçün bir bağ sahibi olmadığını da irad tuturdular. Allah-taala bu ayədə onlara cavab verərək buyurur ki, Allah Peyğəmbərə (s) kafirlərin söylədiyi xəzinə və bağdan daha yaxşısını verə blər, ancaq istədiyi bu deyil[10]. İmam Əli (ə) bu mövzunu çox gözəl bir tərzdə ifadə etmişdir: “Əgər Allah-taala istəsəydi, peyğəmbərləri seçərkən xəzinələri, ləl-cəvahirat mədənlərini, yamyaşıl bağların qapılarını onların üzünə açardı. Göydəki quşları, yer üzünün yırtıcı heyvanlarını onlarla birlikdə hərəkətə gətirərdi. Ancaq bunu etsəydi, imtahan olmazdı, mükafat və əzab heç bir əhəmiyyət kəsb etməzdi, Allahın müjdə və təhdidləri faydasız olardı, möminlərə sınanmışların mükafatları vacb olmazdı, iman gətirənlər əməlisalehlərin savablarına layiq görülməzdilər, sözlər öz mənasını itirərdi. Lakin Allah peyğəmbərləri zahirən sadə və yoxsul olmalarına baxmayaraq, əzmkar və qüvvətli, qəlbləri və gözləri doldurmayacaq qədər qənaətcil, göz və qulaqları heyrətləndirəcək qədər yoxsul olduqları halda seçmişdir. Əgər peyğəmbərlər qarşı çıxılmayacaq qədər böyük qüdrətə, əsla məğlub edilə blməyəcək gücə, bütün gözlərin dikildiyi hakimiyyətə sahib olsaydılar, insanlar uzaq-uzaq yerlərdən onlara doğru axın edərdilər, insanlar arasında etibarları və dəyərləri olmazdı, təkəbbürlü insanlar qarşılarında təzim edərdilər, qorxu və ya maddiyyata olan sevgi üzündən zahirən iman gətirdiklərini söyləyərdilər. Belə olan surətdə imanları xalis olmazdı, imanlarına Allahdan qeyri hədəflər nüfuz edərdi, yaxşı işləri ayrı-ayrı məqsədlər üçün edərdilər. Ancaq Allah peyğəmbərlərə itaət göstərilməsinin, səmavi kitabların təsdiqinin, ibadətdə təvazökarlığın, Allahın əmrinə boyun əyməyin, itaətkarlığın əsasında Allah üçün olan xalis niyyətin durmasını, niyyətlərə Allahdan qeyrisinin qatılmamasını istəmişdir. Çünki sınaq və çətinliklərin miqyası artdıqca savab və mükafatlar da artmış olur.”[11] Buradan da aydın olur ki, bu ayədə bağ və qəsr deyilərkən axirət deyil, dünya bağları və qəsrləri nəzərdə tutulur. Yəni Allah-taala elə bu dünyada peyğəmbərlərə kafirlərin söylədiklərindən daha yaxşısını bəxş edə bilər[12].
- Bu od onları uzaq məsafədən gördüyü zaman onun qorxulu səsini və qəzəbli uğultusunu eşidəcəklər.
- Zəncirə vurulmuş və buxovlanmış halda onun dar bir küncünə atıldıqları zaman ah-nalə səsləri, “mənə ölüm olsun” fəryadları ucalar.
- (Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
- De: “Bu yaxşıdır, yoxsa müttəqilərə əməllərinin mükafati və məskunlaşmaları üçün vəd edilən əbədi Cənnət?”
- Onlar üçün orada istədikləri hər şey vardır. Orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü qəti bir vəddir.
- O gün onları və Allahdan başqa sitayiş etdiklərinin hamısını bir yerə toplayıb deyəcək: “Mənim bu qullarımı siz azdırdınız, yoxsa onlar özləri azdılar?”
- Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər bol nemət bəxş etdin ki, axırda Səni xatırlamağı unudub məhvə məhkum oldular”.
- (Allah-taala onlara buyuracaq:) “Bu məbudlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı dəf edə, nə də kimdənsə yardım diləyə bilirsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
- Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbir edə biləcəksinizmi? Sənin Rəbbin görəndir.
——————————————————————————————-
- Cəhənnəmin fəryadı: Bu ayədə ilahi əzabın şiddətini göstərən bir neçə bədii ifadə işlədilmişdir: 1. Ayədə “onlar Cəhənnəm odunu uzaqdan görürlər” deyil, “Cəhənnəm odu onları uzaqdan görür” deyə buyurulmuşdur. Sanki gözü və qulağı varmış kimi od yollara göz dikib günahkarların yolunu gözləyir. 2. Həyəcana gəlməsi üçün od onların yaxınlaşmasına ehtiyac duymur. Elə uzaq məsafədən qəzəblə fəryad qoparır. Hədislərə görə bu məsafə br illik yoldur. 3. Cəhənnəm odu üçün “zəfir” ifadəsi işlədilmişdir. Zəfir insanın havanı ciyərlərinə alması nəticəsində köksünün qabarmasına deyilir. Bu vəziyyət adətən, insan bərk qəzəbləndiyi vaxt baş verir. Bu ifadələrlə Cəhənnəm odu öz ovunu gözləyən ac yırtıcıya bənzədilmişdir[13].
17-18. Burada “Allahdan qeyriləri” deyilərkən kimlər nəzərdə tutulur? Məşhur təfsirçilər bu suala iki cavab vermişlər: 1. Burada tanrılar deyilərkən ayrı-ayrı müşrik zümrələrin özlərinə məbud seçdiyi insanlar (İsa peyğəmbər kimi), şeytanlar (cinlər kimi) və mələklərdən olan tanrılar nəzərdə tutulur. Bu ibadət obyektləri ağıl, şüur və idrak sahibləri olduqları üçün onlara sual ünvanlanmışdır. “Bunlar bizim onlara ibadət etməyimizi istəyirdilər” deyən müşriklərin yalanını üzə çıxarmaq və bəhanələrinə son qoymaq üçün iddia ilə bağlı tanrı seçilən bu varlıqların özlərindən soruşulur. Onlar isə söylənilənlərin yalan olduğunu bildirirlər. 2. Allah-taala həmin gün bütlərə bir növ həyat və şüur bəxş edəcək. Onlar da verilən suallara cavab verə və “İlahi, biz bunları azdırmadıq, bunlar nəfs və təkəbbürlərinə tabe olub azdılar”, – deyə cavab verə biləcəklər. Ayədəki göstəricilər onların ağıl və şüur sahibi olduqlarını göstərir. Bu da İsa, mələklər və onlar kimi şüurlu varlıqlar versiyasının daha münasib olduğunu deməyə əsas verir[14].
- Peyğəmbərlər insanlar üçün sınaq və imtahan vasitəsidir: Əvvəlki ayələrdə qeyd edilir ki, kafirlər peyğəmbərin insanlar kimi yeməsini, bazarlarda gəzməsini, maddi cəhətdən özünə xas bir həyat tərzinə malik olmadığını ona irad tuturdular. Allah-taala bu ayədə onlara cavab verərək buyurur ki, Allahın dəyişməz qanununa əsasən bu dünya ixtiyar və sınaq yeridir, insanlar müxtəlif vasitələrlə sınanırlar. Allah bəzi insanların digərləri üçün sınaq vasitəsi olmasını istəyir. Peyğəmbərlər maddi həyatda insanlarla ortaq cəhətlərə malik olduqlarına görə onlar üçün sınaq vasitəsi olurlar. Bununla da şübhəçilər möminlərdən, haqqın acısına dözə bilməyən ehtiras və nəfsani istək davamçıları Allaha itaət yolunda səbir və dözüm nümayiş etdirən haqq ardıcıllarından fərqləndirilirlər[15]. İnsanların çoxu öz kimilərin, xüsusilə maddi cəhətdən aşağı həyat tərzinə malik insanların tabeçiliyi altında olmağı xoşlamırlar. Onlara görə rəhbər ya maddi cəhətdən, ya yaşca digərlərindən üstün olmalı, ya da cəmiyyətdə tanınıb-seçilən adamlardan olmalıdır. “İsra” surəsinn 94-cü ayəsində Allah-taala belə buyurmuşdur: “İnsanlara doğru yolu göstərən bələdçi gəldikdən sonra onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.”[16]
- Bizimlə görüşəcəklərinə ümid etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə Rəbbimizi öz gözlərimizlə görmürük?” Onlar özləri haqqında təkəbbürə qapıldılar və həddi çox aşdılar.
- Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Bu, onların əzab günü olacaq). Deyəcəklər: “ Bizə aman verin, bizi bağışlayın!”
- Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları havada sovrulmuş toz dənəciklərinə çevirərik.
- Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha yaxşı və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
- Həmin gün göy buludla parçalanacaq və mələklər (yerə) endiriləcəkdir.
- Həmin gün həqiqi hökmranlıq ancaq rəhman olan Allaha məxsusdur. O gün kafirlər üçün çətin bir gün olacaqdır.
- Həmin gün zalım kimsə əlini dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərlə eyni yolu tutaydım!
- Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
- Çünki zikr (haqqı xatırladan) mənə çatdıqdan sonra o, məni (haqqı) xatırlamaqdan sapdırdı”. Şeytan insanı hər zaman xar edəndir.
- Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək.
- Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Amma yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər.
- Kafirlər dedilər: “Nə üçün Quran ona birdəfəyə nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün sənə tədricən oxuduq.
—————————————————————————————–
- Göylərin parçalanacağı gün: Bu ayədə müşriklərin bəhanələrindən birinə cavab verilmişdir. Onlar əsatir və nağıllarda olduğu kimi, Allahın və mələklərin buludların arasından enib onları haqqa dəvət edəcəklərini gözləyirdilər. Yəhudi əsatirlərində də bəzən Allahın buludlar arasında göründüyü qeyd edilmişdir. Quranda onlara belə cavab verilir: Mələklər bir gün onlar üçün enəcək. Ancaq həmin gün onların cəza və əzab günü olacaq. Həmin gün onların xülyalarına son qoyulacaq. Bəzi təfsirçilər hesab edirlər ki, göylərin parçalanması deyilərkən müşahidə aləminin aşkar olması, cəhalət və nadanlıq pərdəsinin kənara çəkilməsi, qeyb aləminin aşkara çıxması nəzərdə tutulur. İnsanlar həmin gün malik olduğu dərk və gözdən fərqli bir dərkə və gözə malik olacaq. Pərdələr kənara çəkiləcək və insanlar yuxarı aləmdən enməkdə olan mələkləri görəcəklər[17].
27-28. Dostun insan həyatındakı rolu: 27-ci ayədə: “Kaş ki, mən Peyğəmbərlə eyni yolu tutaydım!”, sonrakı ayədə isə: “Kaş ki, filankəslə dost olmayaydım!”, – deyə buyurulmuşdur. Yəni bütün bədbəxtliyimə səbəb Peyğəmbərlə (s) əlaqəni kəsməyim, azğın insanla dostluq etməyimdir[18]. Bu ayələrdən məlum olur ki, haqq yoldan azmışların azmasının səbəbi nəfsi istəklərinə tabe olmaları və şeytanın dostları ilə dostluq etmələridir. Təcrübə də bu həqiqəti təsdiq edir[19]. İnsan istər-istəməz təsirə məruz qalan varlıqdır, fikirlərinin mühüm hissəsini dostluq etdiyi insanların düşüncə tərzi təşkil edir. Təsirə məruz qalma məsələsi haqqında İmam Əli (ə) belə buyurmuşdur: “Əgər kiminsə vəziyyəti sizdə şübhə doğursa və onun hansı dinə qulluq etdiyini bilməsəniz, dostlarına baxın. Əgər dostları Allah dininin davamçıları olsalar, deməli, o da Allah dinində olan adamdır, yox əgər Allah dininin davamçıları olmasalar, deməli, o da Allah dinində deyil.” Doğrusu, dostun insanın xoşbəxtlik və bədbəxtliyindəki rolu bütün amillərdən böyük olur. Bəzən dost insanı məhvə sürükləyir, bəzən iftixar zirvəzinə yüksəldir. İmam Cavad (ə) hədislərinin birində belə buyurmuşdur: “Sıyrılmış qılınc kimi, zahiri gözəl, təsiri isə çox acınacaqlı olan pis insanla yoldaşlıq etməkdən çəkin!”[20]
- İnsanlar Quranı tərk ediblər: Bu ayədə İslam peyğəmbərinin (s) kafirlərin Quranla davranış qaydasından şikayəti və narahatlığından danışılır. Bu şikayətin şamil olduğu insanlar bu gün də mövcuddur. Müsəlmanların bir çoxu həyat rəmzi, xilas vasitəsi, qələbə, hərəkət, tərəqqi amili və həyat proqramları ilə dolu olan Quranı bir kənara qoyub, hətta mülki və cəza qanunları üçün də başqalarının tərtib etdiyi qanunlara müraciət etmişlər. Əgər İslam ölkələrinin çoxuna, xüsusilə Şərq və Qərb mədəniyyətinin hökmranlığı altında olan müsəlman ölkələrinə baxsaq, Quranın onların arasında formal bir rituala çevrildiyinin şahid olarıq. Quran yalnız gözəl səslərlə oxunur, ayələri məscidlərin divarlarına yazılır, açılış mərasimlərində oxunur, səfərdə olanların qorunması, xəstələrin şəfa tapması, maksimum dərəcədə oxunuş savabına nail olmaq üçün istifadə edilir. Bəzi İslam ölkələrində Quranın oxunması və əzbərlənməsi dərnəkləri təşkil edilmişdir. Çoxlu sayda oğlan və qızlar Quranı oxumaq və əzbərləməklə məşğuldurlar. Ancaq fikir və qanunlara gəldikdə, bunlar əcnəbilərdən alınır. Elə bu gün də Peyğəmbər (s) yüksək səslə bunları deməkdədir: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk edib!”[21]
- Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (onlara qarşı cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
- Üzləri üstə Cəhənnəmə doğru toplanılacaq kimsələrin yeri ən pis yerdir və onlar haqq yoldan ən çox azan kimsələrdir.
- Biz Musaya kitab verdik və qardaşı Harunu da ona köməkçi etdik.
- “Ayələrimizi yalan sayan bu tayfanın yanına gedin!” – dedik. (Ancaq onlar imtina etdilər). Sonra Biz onları (ayələrimizi yalan sayanları) ağrı-acı içində məhv etdk.
- Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq.
- Biz Adı, Səmudu, Rəss əhlini (küknar ağacına sitayiş edənləri) və onların arasında olan bir çox nəsilləri də məhv etdik.
- Biz onların hamısına misallar çəkdik və onların hamısını məhv etdik.
- Onlar (Məkkə müşrikləri) bəla yağmuru düşmüş şəhərin yanından keçmişdilər. Məgər onlar onu görmürdülər? (Bəli, görürdülər, ancaq) onlar öldükdən sonra dirilməyə də inanmırlar.
- Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər: ) “Budurmu Allahın elçi göndərdiyi kəs?
- Əgər biz tanrılarımıza tapınmaqda qətiyyətli olmasaydıq, az qala o, bizi azdıracaqdı”. Onlar əzabı gördükləri zaman dərhal kimin haqq yoldan daha çox azdığını anlayacaqlar.
- Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən onu haqq yola yönəldə biləcəksənmi (və ya onu müdafiə edə biləcəksənmi)?
————————————————————————————–
- Rəss əhalisi: İmam Əlinin (ə) Rəss əhalisi ilə bağlı böyük bir hədisi var. Hədisin xülasəsi belədir: Onlar “şah ağac” adlandırdıqları sənubər (küknar) ağacına sitayiş edən bir qövm idi. Qövmün Rəss çayı sahilində on iki abad şəhəri var idi. Həmin şəhərlər bunlardır: “Aban, Azər, Dey, Bəhmən, İsfənd, Fərvərdin, Ordibehişt, Xordad, Mordad, Tir, Mehr, Şəhrivər”. Əcəmlər öz aylarını da bu şəhərlərin adları ilə adlandırıblar. Rəss əhalisi küknar ağacına hörmət əlaməti olaraq onun toxumlarını ayrı-ayrı yerlərdə əkir və suvarmaq üçün çaydan onların dibinə arxlar çəkirdi. Həmin sudan kimsə içsəydi, onu qətlə yetirib deyərdilər: Bu tanrıların həyat mənbəyidir, onu azaltmağa kiminsə haqqı çatmır. Onlar hər ayın bir gününü bir şəhərdə bayram təşkil edir, şəhərin kənarında olan küknar ağacının yanına gedib ona qurban kəsir, başı kəsilmiş heyvanın bədənini oda atırdılar. Tüstü göylərə qalxdığında səcdəyə qapanıb ah-nalə etməyə başlayırdılar. Bu ənənə bütün şəhərlərdə davam etdirilirdi. Nəhayət bir gün növbə İsfəndiyarın şahlıq etdiyi paytaxt şəhərə çatdı. Bütün kəndlərin əhalisi şəhərə toplaşdı. On iki gün ardıcıl bayram təşkil edildi, imkanları çatan hər şeyi qurban etdilər. Ağacın qarşısında səcdə etdilər. Beləcə, küfr və ağaca sitayiş girdabında qərq olduqları vaxt Allah onlara İsrail oğullarından bir peyğəmbər göndərdi. Peyğəmbər onları tək olan Allaha ibadət etməyə, şirkdən əl çəkməyə çağırdı. Ancaq onlar iman gətirmədilər. Peyğəmbər də onların ibadət etdiyi ağacı nifrin etdi. Ağac qurudu. Hadisədən narahat olan camaat peyğəmbəri öldürmək qərarına gəldi. Dərin bir quyu qazıb onu həmin quyuya atdılar, ağzını da bağladılar. Üstündə əyləşib canını tapşırana qədər etdiyi ah-naləyə qulaq asdılar. Bu əməllərinə görə Allah onlara şiddətli bir əzab göndərib son adamlarına qədər məhv etdi. Hədislərdə qeyd edilənlərə görə, bu qövmün qadınları da yollarını azıb meyillərini qadınlara salmışdılar[22].
- Nəfsani istəklərə və ehtiraslara pərəstiş etmək təhlükəli bəladır: İnsanda müxtəlif instinktlər və meyillərin, özünə, maddi həyata sevgisi, qəzəb və sair xüsusiyyətlərin olması danılmazdır. Bütün bunlar, əslində, həyatın davamı üçün zəruridir. Allah-taala bunların hamısını insanın kamilləşməsində rol oynayan vasitələr olaraq yaratmışdır. Lakin bəzən bu instinktlər həddi aşır, ağılı özünə müti edir, hətta onu həbs edib, insanın bütün varlığına hakim kəsilir, ixtiyar və azadlığını əlindən alır. Bu, hər növ bütpərəstlikdən təhlükəli olan nəfsə itaətdir. Hətta bütpərəstliyin də ondan qaynaqlandığını deyə bilərik. Buna görə də Peyğəmbərin (s) hədislərinin birində “göylər altında itaət edilən nəfsdən böyük büt yoxdur”, – deyə buyurması səbəbsiz deyil. Hədislərdə bu məsələ ilə bağlı çox təkanverici ifadələr işləndiyinin şahidi oluruq. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Nəfsə itaət etməklə nə din bir araya gələr, nə ağıl”. Bəzən elə olur ki, insan nəfsə itaətdən aldığı zərbənin acısını ömrünün sonuna qədər çəkir. Bəzən də elə olur ki, nəfsə itaəti tərk etməsi nəticəsində Allah bəndəsi adi yollarla mümkün olmayan çox yüksək məqamlara ucalır[23].
- Yoxsa onların çoxunun eşidib anlayacağınımı güman edirsən? Onlar heyvan kimidirlər, bəlkə daha da azğındırlar.
- Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsən? Əgər O, istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun varlığının göstəricisi etdik.
- Sonra o kölgəni yavaş-yavaş yığırıq.
- Sizin üçün gecəni libas, yuxunu rahatlıq, gündüzü də həyat və fəaliyyət vasitəsi edən Odur.
- Küləkləri Öz rəhmətindən qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən təmizləyici və pakedici su endirdik ki,
- onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək.
- Xatırlamaları üçün bu ayələri onlara müxtəlif formalarda bəyan etdik. Lakin insanların çoxu küfrdən başqa hər şeydən imtina edir.
- Əgər istəsəydik, hər bir kəndə və şəhərə bir qorxudan göndərərdik (ancaq buna lüzum yoxdur).
- Buna görə sən kafirlərə baş əymə və onlara qarşı bunun (Quranın) vasitəsilə böyük bir cihad et!
- Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
- Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər zaman qadirdir.
- Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafirlər Rəblərinə qarşı həmişə bir-birinə arxa dururlar.
——————————————————————————————-
45-46. Kölgələrin hərəkəti: Bu ayələrdə kölgə nemətindən söhbət açılır. Şübhəsiz ki, ayənin “məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi?”, – deyə buyurulan ilk hissəsində uzun və hərəkətdə olan, bir vəziyyətdə qalmayan, daim hərəkət edən və yerini dəyişən kölgə nemətinin əhəmiyyətinə işarə edilmişdir[24]. Ayələrin məzmunundan belə başa düşülür ki, kölgələrin uzanması deyilərkən günortadan sonraya təsadüf edən, qərb tərəfdən başqlayaraq şərqə doğru uzanan, günəş qüruba çatdığında yox olan kölgə nəzərdə tutulur. Günəş qürub etdikdə bu uzanma başa çatır və gecə başlayır. Sözügedən kölgə hər zaman hərəkətdədir. Əgər Allah istəsəydi, onu sabit saxlayardı[25]. Allah-taala sonra günəşi bu kölgənin varlığının göstəricisi etdiyini buyurur. Yəni Allah demək istəyir ki, əgər günəş olmasaydı, kölgə anlayışı aydın olmazdı. 46-cı ayədə kölgə neməti ilə yanaşı başqa bir böyük nemətə işarə edilmişdir. Bu nemət kölgələrin tədricən yekunlaşmasıdır. Əgər işıqdan qaranlığa və əksinə keçid qəfildən baş versəydi, bütün mövcudata zərər dəyərdi. Lakin bu keçmənin tədricən baş verməsi mövcudat aləmi üçün heç bir zərər vermədən böyük xeyirlər verir[26].
- Vahid rəhbərlik: Peyğəmbərlər ümmətlərin rəhbərləridirlər. Rəhbər mövzusunda təfriqə ümmətlərin zəifləməsinə səbəb olur. Dövrümüzdə, yəni peyğəmbərliyin sona yetdiyi, dünyanın sonuna qədər rəhbərliyin davam etməsinin zəruri olduğu bir şəraitdə mərkəzləşmə və vəhdət əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərir. Vahid rəhbər bütün qüvvələri bir yerə toplaya və onlara vahid bir proqram təqdim edə bilər. Vahid rəhbərlik tövhid həqiqətinin insan cəmiyyətinə yansıdığını göstərir. Bunun əksi isə artıq bir növ şirk, təfriqə və nifaq deməkdir. Peyğəmbərlik məqamını keçdikdən sonra rəhbərliyin aşağı səviyyələrinə də bu prinsip hakim olmalıdır. Rəhbər sarıdan təfriqəyə məruz qalmış xalqlar zəifləməklə yanaşı, həyatlarının bütün sahələrində parçalanmaya düçar olmuşlar[27].
- Birinin suyu şirin, digərinin suyu şor olan iki dənizin bir yerdə qərarlaşması: Bu ayədə Allahın bu dünyadakı qüdrətinin heyrətamiz təzahüründən, birinin suyu şor, digərininki şirin olan iki dəniz arasında görünməz pərdə çəkərək bir-birinə qarışmağa qoymamasından danışılır. Əlbəttə, bu gün biz artıq bilirik ki, bu iki dənizi bir-birinə qarışmağa qoymayan görünməz pərdə şor və şirin suyun qatılığı və onların hər birinin özünəməxsus çəkiyə malik olmasıdır. Bu amillər onların uzun müddət bir-birinə qarışmasına imkan vermir. Bəzi təfsirçilər ayədə işarə edilən iki dənizi tapmaq üçün yer kürəsinə uzun-uzadı səyahətə çıxmışlar. Ancaq bu problem bizim üçün öz həllini tapmış məsələlərdəndir. Çünki dənizlərə tökülən bütün şirin sulu çaylar sahilə yaxın ərazidə şirin sudan ibarət bir dəniz zonası yaradır və şor suyu kənara itələyirlər. Bu vəziyyət uzaq məsafələrə qədər davam edir. Qatılıq dərəcəsndəki fərqlilikdən asılı olaraq bir-birinə qarışmırlar[28].
- Biz səni ancaq müjdə verən və qorxudan kimi göndərdik.
- De: “Mən bunun (Allah dinini yaymağın) əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.
- Ölməz, (əbədi) yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.
- Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərş üzərində qərarlaşan (Allah) Rəhmandır. Ondan istə ki, hər şeydən xəbərdardır!
- Onlara: “Rəhman Allaha səcdə edin!” – deyildikdə: “Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. (Bu sözü deyərlər və) nifrətləri daha da artar.
- Səmada bürclər qoyan və orada yanan çıraq və işıq saçan bir ay yaradan (Allah) əbədi və bərəkətlidir.
- Yada salmaq və ya şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.
- Rəhmanın qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!” – deyərlər.
- Onlar gecələrini Rəbləri üçün səcdədə və qiyamda keçirərlər.
- Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et ki, onun əzabı ağır və davamlıdır.
- Həqiqətən, o, pis məskən və pis iqamətgahdır!”
- Onlar Allah yolunda xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
—————————————————————————————-
- Gecə ilə gündüzün bir-birini əvəzləməsi şükür edənlər üçün bir nemətdir: Bu ayənin təfsirini ehtiva edən bəzi Əhli-beyt (ə) hədislərində belə qeyd edilir: Gecə ilə gündüzün bir-birini əvəzləməsi ona görədir ki, əgər insan bu vaxtların birində Allaha bəndəlik zamanı üzərinə düşən vəzifələrdən hər hansı birinin icrasında laqeydlik edərsə, digərinin vaxtında onun əvəzini yerinə yetirsin. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Gecə hər hansı ibadəti yerinə yetirməsən, gündüz onun qəzasını yerinə yetir. Allah-taala “gecə ilə gündüzü bir-birinin ardınca gətirən”, – deyə buyurmuşdur. Yəni insan gecə yerinə yetirə bimədiyi vəzifəsini gündüz, gündüz yerinə yetirə bilmədyini isə gecə yerinə yetirsin.”[29]
- Təvazökarlıq imanın açarıdır: Allah bəndəsinin brinci əlaməti özünü onun bütün əməllərində, hətta yol yeriməsində belə göstərən təvazökarlıqdır. Etik vərdişlər özünü hər zaman insanın əməllərində, danışığında və hərəkətlərində göstərir. İnsanın hətta yol yerimə formasından onun əxlaqi keyfiyyətlərinin bəzi cəhətlərini müəyyən etmək olar. Bəli, təvazökarlıq imanın açarıdır. Təkəbbür isə küfrün açarı hesab edilir. Gündəlik həyatımızda müşahidə etdiyimiz, eyni zamanda Quran ayələrindən də oxuduğumuz kimi, təkəbbürlü insanların Allahın təyin etdiyi rəhbərlərin sözlərinə qulaq asmaq istəmədiklərinin, gerçəkləri məsxərəyə qoyduqlarının, halbuki burunlarının ucundan o tərəfi görmədiklərinin şahidi oluruq. Deyilənə görə, Peyğəmbər (s) küçələrin birindən keçərkən bir qrup insanın bir yerdə toplaşdığını görür. Bunun səbəbini soruşduqda onlar deyirlər: Bir dəli var, gülməli davranışları ilə hər kəsin diqqətini özünə cəlb edib. Peyğəmbər (s) onları yanına çağırıb buyurur: “Əsl dəlinin kim olduğunu deməyimi istəyirsinizmi?” Hər kəs susur və bütün varlığı ilə qulaq asır. Peyğəmbər (s) buyurur: “Əsl dəli təkəbbürlə yol yeriyən, dayanmadan o tərəf – bu tərəfə baxan, böyürlərini çiyinləri ilə hərəkət etdirən, insanların xeyrinə ümid bəsləmədikləri, şərindən əmin olmadıqları şəxsdir. Belə bir adam görsəniz, (bilin ki, o,) xəstədir.”, – deyə buyurur”[30].
- Gecəni oyaq qalmaq möminin şərəfidir: Bu ayədə Allah bəndələrinin başqa bir xüsusiyyətnə, yəni gecəni oyaq qalmağa işarə edilmişdir. Onlar qafillərin gözlərinin yuxuda olduğu, riya və özünü göstərməyə heç bir imkan olmadığı vaxt yuxunu özlərinə haram edər, Allahı xatırlayar, Onun əzəməti qarşısında qiyam və səcdə edərlər. Hədislərdə də gecəni oyaq qalmaq və gecə namazının fəzilətləri haqqında çox məlumat verilmişdir. İmam Əli (ə) buyurmuşdur: “Gecəni oyaq qalmaq bədənin sağlamlığına, Allahın razılığına, ilahi rəhmətin bəndəyə şamil olmasına və onun peyğəmbərlərin əxlaqını mə mənimsəməsinə səbəb olur.” İmam Sadiq (ə) buyurmuşdur: “Gecə oyaq qalmaqdan əl çəkmə. Çünki bu əməldən məhrum olan şəxs ziyana uğramışdır.”[31]
- Onlar Allahla yanaşı başqa tanrını çağırmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən şəxs şiddətli əzaba düçar olar.
- Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində xar olub əbədi qalar.
- Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlər istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhimlidir!
- Tövbə edib yaxşı iş görən şəxs Allaha doğru qayıtmış olar.
- Onlar yalandan şahidlik etməz, faydasız bir məclisə rast gəldikdə (oradan) alicənablıqla ötüb keçərlər.
- Onlara Rəblərinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
- Onlar deyərlər: “Ey Rəbbimiz! Həyat yoldaşlarımızı və övladlarımızı gözlərimizin aydınlıq səbəbi et və bizi müttəqilərə imam et!”
- Onlar səbir etdiklərinə görə Cənnətin yüksək dərəcələri ilə mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.
- Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!
- De: “Əgər dua və çağırışınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (Allahın ayələrni və peyğəmbərləri) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!”
——————————————————————————————
- Günahların yaxşı əməllərlə əvəzlənməsi: Bu ayədə tövbənin mühüm təsirlərindən birinə və Allahın tövbə edən şəxsə olan xüsusi diqqətinə işarə edilmişdir. Belə ki, günahkar şəxs tövbə etdikdən sonra Allah lütf və mərhəmət göstərib onun günahlarını silir, əvəzinə yaxşı əməllər yazır. Əbuzərin Peyğəmbərə (s) istinad etdiyi bir hədisdə belə deyilir: “Qiyamət günü bəzi insanları Allahın hüzuruna gətirərlər. Kiçik günahlarını ona göstərib böyük günahlarını gizlədərlər. Sonra onlara “filan vaxt flan yerdə filan (kiçik) günahı etmisən” deyilər. Onlar etiraf edərlər, inkar etməzlər, ancaq ürəklərində böyük günahlarına görə bərk qorxu keçirərlər. Bu vaxt əgər Allah həmin şəxslərə mərhəmət göstərmək istəyərsə, etdikləri günahların əvəzinə ona savab yazılmasını göstəriş verər. Həmin şəxslər deyərlər: “İlahi, biz böyük günahlar etmişik, onları burada görmürük”. Əbuzər sonra belə qeyd edir: Bu vaxt Peyğəmbər (s) gülümsədi, hətta dişləri göründü. Sonra bu ayəni oxudu: “Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər”[32].
- Həyat yoldaşlarınızı və övladlarımızı gözlərimizin aydınlıq səbəbi et: Allah bəndələrinin xüsusiyyətlərindən biri budur ki, övladlarının və ailələrinin tərbiyəsinə xüsusi diqqət yetirər, onlar qarşısında çox böyük məsuliyyət daşıdıqlarını düşünərlər. Əlbəttə, burada təkcə bir küncdə oturub dua etmək nəzərdə tutulmamışdır. Əslində, dua onların bu işə istək və şövqünü, bu yolda olan səylərini göstərir. Şübhəsiz ki, bu cür şəxslər övladlarının və ailələrinin tərbiyəsində, onların İslamın əsas prinsipləri və əməli hökmləri ilə tanış olmasında, haqq-ədalət yolunu tutmalarında əllərindən gələni əsirgəmirlər. Allahın bu xalis bəndələrinin ən parlaq addımlarından biri də budur ki, onlar haqq yolunda tək-tənha addımlamaqla kifayətlənməyb, möminlərin öndəri və rəhbəri də olmağa səy göstərir, başqalarını da bu yola çağırmağa çalışırlar. Yaddan çıxarmaq olmaz ki, bu ayələr bütün möminlərin deyil, öndə gedən möminlərin xüsusiyyətlərini bəyan edir. Onlar insan cəmiyyətinin və təqvalı insanların özlərinə örnək hesab etdiklər şəxslərdir. Buna görə də hədislərdə bu ayənin İmam Əli (ə) və Əhl-beyt (ə) imamları haqqında nazil olduğunu görürük. Heç bir şübhə yoxdur ki, sözügedən məsumlar bu ayələrin ən parlaq nümayəndələridirlər. Bu isə ayənin ümumi məzmununa xələl gətirmir[33].
- Əgər duanız olmasaydı, qiymətiniz olmazdı: Bu ayəni gördükdən sonra bəziləri belə hesab edə bilər ki, dua etmək asan işdir, hər kəs bunu bacarar, hətta duanın çarəsizlərin işi olduğunu da düşünə bilər. Bu cür düşünən insanların səhvi ondadır ki, onlar duanın şərtlərini unudurlar. Çünki duanın şərtləri nəzərə alınarsa, insanın özünü islah etməsində mühüm rol oynadığı, insanla Allah arasında birləşdirici vasitə olduğu ortaya çıxar. Hədislərinin birində Peyğəmbər (s) buyurmuşdur: “Dua möminin silahı, dinin sütunu, göylərin və yerin nurudur.” Duanın birinci şərti insanın çağırdığı, dua etdiyi şəxsi tanımasıdır. İkinci şərt insanın öz ruhunu istəklərə hazır etməsidir. Üçüncü şərt çağırdığı şəxsin çağırandan razı olmasıdır. Çünki duanın təsirli olacağı ehtimalı çox aşağıdır. Dördüncü şərt insanın bütün gücünü səfərbər etməsidir. İnsan duaya bütün güc və qüvvəsini səfərbər etdiyi zaman dua etməlidir. Hədislərdə açıq şəkildə qeyd edilir ki, insan edə biləcəyi işdə səhlənkarlıq edib duadan yapışarsa, duası qəbul olunmaz. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Dua qələbə və qurtuluşun açarıdır. Ən yaxşı dua təqvalı insanın pak köksündən və qəlbindən qalxan duadır.”[34]
[1] Nümunə, c.14, səh.561
[2] Nümunə, c.14, səh.568
[3] Safi, c.2, səh.451
[4] Nümunə, c.15, səh.3
[5] Nümunə, c.15, səh.7
[6] Üsuli-kafi, c.2, səh.592
[7] Nümunə, c.15, səh.7
[8] Əl-Mizan, c.15, səh.180
[9] Nümunə, c.15, səh.22
[10] Əl-Mizan, c.15, səh.185
[11] Nəhcül-bəlağə, 234-cü xütbə
[12] Əl-Mizan, c.15, səh.186
[13] Nümunə, c.15, səh.36
[14] Nümunə, c.15, səh.45
[15] Əl-Mizan, c.15, səh.194
[16] Nümunə, c.15, səh.50
[17] Nümunə, c.15, səh.64
[18] Nümunə, c.15, səh.71
[19] Əl-Mizan, c.15, səh.204
[20] Nümunə, c.15, səh.72
[21] Nümunə, c.15, səh.76
[22] Əl-Mizan, c.15, səh.215
[23] Nümunə, c.15, səh.103
[24] Nümunə, c.15, səh.110
[25] Əl-Mizan, c.15, səh.224
[26] Nümunə, c.15, səh.112
[27] Nümunə, c.15, səh.129
[28] Nümunə, c.15, səh.123
[29] Nümunə, c.15, səh.145
[30] Nümunə, c.15, səh.150
[31] Nümunə, c.12, səh.227
[32] Nümunə, c.15, səh.160
[33] Nümunə, c.15, səh.167
[34] Nümunə, c.15, səh.174