“Fəth” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Biz sənə aydın bir qələbə verdik ki,
- Allah sənə aid edilən əvvəlki və sonrakı günahları bağışlasın, nemətini sənin üçün tamamlasın, səni düz yola yönəltsin
- və sənə yenilməz bir qələbə nəsib etsin.
- Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin qoşunları Allaha məxsusdur. Allah biləndir, müdrikdir.
- (Bu aşkar qələbəni nəsib etməkdə) məqsəd odur ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük qurtuluşdur.
- (Həm də odur) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların (möminlər üçün arzu etdikləri) xoşagəlməz hadisələr təkcə onların özlərinin başına gəlir. Allahın onlara qəzəbi tutmuş, rəhmətindən uzaqlaşdırmış və Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora nə pis aqibətdir!
- Göylərin və yerin qoşunları Allaha məxsusdur. Allah qüdrətlidir, müdrikdir.
- Həqiqətən, Biz səni şahid, müjdəçi və qorxudan göndərmişik.
- (Biz belə etdik) ki, siz Allaha və Onun elçisinə iman gətirəsiniz, onun müdafiəsinə qalxasınız, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.
————————————————————————————–
“Fəth” surəsinin ümumi məzmunu: Bu surə yeddi hissədən ibarətdir: 1. Fəth müjdəsi, Peyğəmbərin (s) Məkkənin fəthi və ümrə ayinlərini yerinə yetirməsi ilə bağlı gördüyü yuxunun gerçəkləşməsi; 2. Hüdeybiyyə sülhünə aid hadisələr; 3. Peyğəmbərin (s) məqamı və onun uca məqsədi; 4. Münafiqlərin təxribatları və cihadda iştirak etməmək üçün onların gətirdikləri bəhanələrdən nümunələr; 5. Münafiqlərin bəzi yersiz istəkləri; 6. Döyüşdə bağışlanmış insanlara aid hökmlər; 7. İslam peyğəmbərinin həqiqi ardıcıllarının bəzi xüsusiyyətləri.[1]
- Açıq-aşkar fəth: “Fəth” deyilərkən müsəlmanların “Hüdeybiyyə” sülhü nəticəsində əldə etdikləri qələbə nəzərdə tutulur. Hicrətin altıncı ili, zilqədə ayı Peyğəmbər (s) ümrə məqsədilə Məkkəyə doğru hərəkət edir və bütün müsəlmanları bu səfərdə iştirak etməyə həvəsləndirir. Bir dəstə bu səfərdən boyun qaçırır. Ancaq mühacir, ənsar və bədəvi ərəblərdən ibarət böyük bir dəstə Peyğəmbərlə (s) birlikdə Məkkəyə doğru yola düşür. Sayları min dörd yüz nəfərə çatan bu qoşunun bütün əsgərləri bir nəfər kimi ehram paltarı geyinir, özləri ilə yalnız müsafir silahı hesab edilən qılınc götürürlər, bundan başqa heç bir silah götürmürlər. Hüdeybiyyəyə çatanda Osman ibn Əffan Məkkə başçılarını səfərin məqsədindən xəbərdar etmək üçün Məkkəyə yollanır. Ancaq çox çəkmir ki, müsəlmanlar arasında onun qətlə yetirilməsi xəbəri yayılır. Bu zaman Peyğəmbər (s) səhabələri ilə bir ağacın altında son nəfəslərinə qədər mübarizə aparacaqları ilə bağlı əhd-peyman bağlayır. Çox çəkmir ki, Osman sağ-salamat qayıdır. Onun ardınca da Süheyl ibn Əmr sülh bağlamaq üçün Peyğəmbərin (s) yanına gəlir. Uzun danışıqlardan sonra sülh müqaviləsi imzalanır. Bu, müsəlmanlar və müşriklər arasında davam edən müharibələrə müvəqqəti olaraq son qoyan bir müqavilə idi.[2] Allahın bu sülhü aşkar qələbə adlandırmasının sirri onda idi ki, Peyğəmbər (s) və möminlərin ümrə ziyarəti üçün səfərə çıxması təhlükəli hesab edilirdi. Hətta bəziləri Mədinəyə dönüşü qeyri-mümkün bir iş hesab edirdi. Müsəlmanlar az qoşunla yaralı və eyni zamanda qüdrətli bir düşmənin ərazisinə daxil olur, ancaq Allah vəziyyəti Peyğəmbərin (s) və müsəlmanların xeyrinə dəyişir. Belə ki, müşriklər on illik bir sülh müqaviləsinin bağlanmasına, Peyğəmbərin (s) həmin il Mədinəyə geri dönməsinə, növbəti il Məkkəyə gəlməsinə, Məkkə camaatının Məscidül-həramı və Kəbə evini üç gün müsəlmanlar üçün tamamilə boşaltmasına razılıq verirlər. Bu, Allahın Peyğəmbərə (s) nəsib etdiyi ən parlaq bir qələbə idi. Bu sülh həm də Məkkənin fəth edilməsində rol oynayan ən mühüm amil olmuşdur. Çünki Hüdeybiyyə sülhü ilə Məkkənin fəthi arasındakı iki il ərzində müşriklərin çoxu müsəlman olmuş, sülh müqaviləsindən iki il sonra Xeybər və ətraf kəndlər müsəlmanlar tərəfindən fəth edilmiş, müsəlmanların şöhrəti daha da artmışdı. Sülh müqaviləsinin şərtləri müşriklər tərəfindən pozulduqdan sonra hicrətin səkkizinci ili Peyğəmbər (s) Məkkəni fəth etmək üçün hərəkətə keçmişdi. Bu dəfə isə qoşun min dörd yüz deyil, on iki min nəfərdən ibarət olmuşdur.[3] Bundan başqa, Peyğəmbər (s) hicrətin yeddinci ili o dövrün qabaqcıl dövlətləriniə öz qasidlərini göndərməklə həmin ölkələrin başçılarını İslama dəvət etmiş, bu vasitə ilə dininin cahanşümul bir din olduğunu, digər şəriətlərin dövrünün artıq başa çatdığını, hər kəsin sonuncu səmavi şəriətə tabe olmalı olduğunu elan etmişdir.[4]
- Peyğəmbərin günahı nə olmuşdu? “Zənb” sözü hər zaman günah mənasında işlənmir. Əslində, “zənb” acı nəticələri olan davranışa, “məğfirət” (bağışlamaq) isə nəyinsə üzərinə pərdə salınmasına deyilir. Məhz elə buna görə də “günahın bağışlanılması” deyilərkən onu örtmək və üzərinə pərdə çəkmək nəzərdə tutulur. Böyük ehtimalla burada “Peyğəmbərin günahı” deyilərkən kafirlərə etdiyi dəvətin təhlükəli nəticələri nəzərdə tutulur. Kafirlər Peyğəmbərin (s) təxribatçı bir adam olduğunu düşünüb imkanları çatdığı qədər onu məhv edəcəklərini qarşılarına məqsəd qoymuşdular. Ancaq Allah Məkkənin fəthi və kafirlərin süquta uğraması ilə nəticələnən Hüdeybiyyə sülhü ilə Qüreyşin bütün qüdrətini əlindən alır və nəticədə, müşriklərin düşüncələrində Peyğəmbərlə (s) bağlı təsəvvür etdikləri günahların üstünü örtür, onu Qüreyşin şərindən qoruyur.[5]
- Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, təkcə öz ziyanına pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah tezliklə ona böyük mükafat verər.
- Tezliklə geri qalmış bədəvi ərəblər sənə: “Var-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, sizi ondan kim qoruya bilər?” O, sizin nə etdiyinizdən xəbərdardır.
- Siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, qəlbinizdə gözəl göstərilmiş və siz pis fikrə düşmüşdünüz. Nəhayət, siz (Şeytanın tələsinə düşüb) məhv oldunuz.
- Allaha və Onun elçisinə iman gətirməyənin (sonu Cəhənnəmdir). Çünki Biz kafirlər üçün şölələnən od hazırlamışıq.
- Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır, rəhmlidir.
- Siz qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə səfərindən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!” – deyirlər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməməlisiniz. Allah əvvəldən belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyirlər. Amma onlar çox az anlayırlar.
————————————————————————————
- Rizvan beyəti: Bu surənin birinci ayəsini şərh edərkən yazırlar ki, Peyğəmbər (s) və müsəlmanlar Hüdeybiyyəyə çatanda Osman, Əbu Süfyanın qohumlarından olduğu, elçiliyinin təsiri olacağı ehtimal edildiyi üçün Peyğəmbər (s) tərəfindən Məkkəyə gedib müsəlmanların müharibə etmək üçün gəlmədiklərini Məkkə böyüklərinə çatdırmaq məqsədilə oraya göndərilir. Müşriklər Osmanı Məkkədə bir qədər yubandırırlar. Bu da müsəlmanlar arasında onun ölüm xəbərinin yayılmasına səbəb olur. Əgər bu xəbər doğru olsaydı, deməli, qüreyşlilər bu addımla müharibə elanı vermişdilər. Buna görə də Peyğəmbər (s) buyurur: “Bu tayfa ilə döyüşməyənə qədər biz buradan getməyəcəyik”. Bu planın çox böyük əhəmiyyət daşıdığını çatdırmaq üçün onlardan beyətlərini təzələməsini istəyir. Müsəlmanlar orada bir ağacın altına toplaşıb Peyğəmbərə (s) beyət edir, meydandan qaçmayacaqlarına və gücləri çatana qədər düşmənlə mübarizə aparacaqlarına söz verirlər. Bu hadisədən xəbər tutan düşmənlər bərk qorxuya düşür və istəmədən sülhə razılıq verirlər. Sözügedən beyətin “Rizvan beyəti” (razılıq beyəti) adlandırılması bu surənin 18-ci ayəsində qeyd edilən “möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı” cümləsi ilə bağlıdır.[6] Beyət, beyət edənlə beyəti qəbul edən arasındakı razılaşmaya, sazişə, müqaviləyə deyilir. Sazişə əsasən beyət edənlər beyət olunana itaət göstərməli, tabe olmalı, onu himayə və müdafiə etməlidirlər. Bəziləri beyəti bir növ seçkilərə bənzədirlər. Halbuki seçki sistemi beyətin tam əksidir. Seçki, seçilən üzərinə məsuliyyət yükləmək, onu vəzifəyə təyin etmək, başqa sözlə, seçilənə bir növ vəkillik verməkdir. Əlbəttə, seçki seçici üçün də bəzi vəzifələr yaradır. Halbuki beyət belə deyil. İnsanlar vəzifəsi və məsuliyyəti olan şəxsə vəfalı olduqlarını elan edirlər. Buna görə də beyət olunan beyətini götürməyənə qədər beyət edənlər beyətlərini poza bilməzlər. Lakin seçki sistemində seçicilər əksər hallarda, seçdikləri şəxsi tuduğu vəzifədən kənarlaşdıra bilərlər. Bir məsələni də qeyd etmək lazımdır ki, Allah tərəfindən təyin edilmiş Peyğəmbər (s) və imamların (ə) beyətə heç bir ehtiyacı yoxdur. Beyət edib-etməmələrindən asılı olmayaraq, insanların onlara itaət göstərməsi Allahın buyurduğu vacib əmrdir. Peyğmbər (s) və imamların (ə) beyət alması isə insanların ilahi rəhbərlərə vəfalı olduqlarını elan etmələri üçündür. Beyəti pozmaq böyük günahlardandır. Hədislərdə bu əməlin ilahi əzaba səbəb olan həlakedici günahlardan olduğu qeyd edilmişdir. İslam fiqhində Peyğəmbər (s) və imamlardan (ə) qeyrisinə beyət edilməsi məsələsi yoxdur. Vəliyyi-fəqihin rəhbərliyinə gəldikdə isə, o, ümumi olaraq məsum imam tərəfindən təyin edildiyi üçün beyətə lüzum yoxdur. İnsanların vəliyyi-fəqihə itaət göstərməsinin beyətlə heç bir əlaqəsi yoxdur. Vəliyyi-fəqihə tabe olmaq Allahın hökmünə əməl etməkdir.[7]
- Hər şeyin hazırını güdən əhd pozanlar: Peyğəmbər (s) Hüdeybiyyədən qayıtdıqdan sonra Allahın əmri ilə Hüdeybiyyədə iştirak etmiş müsəlmanlara Xeybərin fəthini müjdə verir və bu döyüşdə yalnız Hüdeybiyyəyə gedən şəxslərin iştirak edəcəyini, qənimətlərin yalnız həmin şəxslərə aid olacağını, Hüdeybiyyəyə getməkdən boyun qaçıranlara həmin qənimətlərdən heç bir pay verilməyəcəyini elan edir. Ancaq qorxaq dünyapərəstlər Peyğəmbərin (s) yaxın gələcəkdə baş verəcək müharibədə qalib gələcəyini və çoxlu qənimətlər əldə ediləcəyini anlayıb Peyğəmbərin (s) yanına gəlir, keçmiş səhvlərini düzəltmək, məsuliyyət yüklərini yüngülləşdirmək bəhanəsi ilə bu döyüşdə iştirak etmək üçün icazə istəyirlər. Ancaq Quran ayələrinin daha əvvəl nazil olub, onların sirlərini üzə çıxarmasından xəbərləri olmur. Xülasə, tarixi mənbələrin yazdığına görə Peyğəmbər (s) Xeybər qənimətlərini yalnız Hüdeybiyyə iştirakçıları arasında bölür, hətta Hüdeybiyyədə olduğu halda, Xeybərdə iştirak edə bilməmiş Cabir ibn Abdullah Ənsariyə də bu qənimətlərdən pay verir.[8]
Geri qalan ərəblərə de: “Tezliklə çox qüvvətli və döyüşkən bir tayfaya qarşı (döyüşməyə) çağırılacaqsınız. Onlar müsəlman olana qədər siz onlarla döyüşəcəksiniz. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl boyun qaçırdığınız kimi boyun qaçırsanız, sizi ağrılı-acılı bir əzabla cəzalandırar”.
- (Əgər döyüşdə iştirak etməsə,) kora, çolağa, bir də xəstəyə heç bir günah yoxdur. Kim Allaha və Onun elçisinə itaət etsə, onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim boyun qaçırsa, onu ağrılı-acılı bir əzaba düçar edər.
- Möminlər ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində gizli qalanı bildi, onların qəlbinə rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.
- Üstəlik əldə edəcəyiniz çoxlu qənimətlərlə (mükafatlandırdı). Allah məğlubedilməzdir, müdrikdir.
- Allah sizə əldə edəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. Ancaq onlardan birini sizə daha tez nəsib etdi, möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (düşmənlərin) təcavüzkar əllərini sizdən çəkdi.
- Sizin qüdrətiniz çatmayan, ancaq Allahın qüdrətinin əhatə etdiyi başqa qənimətləri və fəthləri də (nəsib etdi). Allah hər şeyə qadirdir.
- Əgər kafirlər (Hüdeybiyyədə) sizinlə vuruşsaydılar, mütləq, arxaya dönüb qaçardılar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı tapardılar.
- Bu, Allahın əzəldən olmuş bir ənənəsidir. Sən Allahın qoyduğu qaydalarda (heç vaxt) bir dəyişiklik tapa bilməzsən.
———————————————————————————
- Qüvvətli və döyüşkən tayfa: Peyğəmbər (s) zamanında Hüdeybiyyə və Xeybər müharibəsindən sonra müşriklərlə Məkkənin fəthi və Hüneyn müharibəsindən başqa elə də mühüm bir müharibə olmadığını nəzərə alsaq, bu ayədə məhz həmin iki hadisəyə, xüsusilə Hüneyn döyüşünə işarə edildiyini deyə bilərik. Hüneyn döyüşündə Həvazin və Bəni-Səd tayfalarının çox igid kişiləri iştırak etmişdi.[9]
- Döyüşdən azad edilənlərə aid hökmlər: Müharibəyə getməyənlər arasında bədən üzvlərindən hər hansı birini itirmiş və ya xəstə olan, ümumiyyətlə cihadda iştirak edə bilməyən insanlar da var idi. Onların haqlarının kəsilməsi səhv olardı. Bu ayədə onların üzrlü olduqlarından danışılır. Bəzi təfsirçilər yazırlar ki, döyüşdən boyun qaçırmış insanları təhdid edən əvvəlki ayə nazil olduqdan sonra bir dəstə əlil Peyğəmbərin (s) yanına gəlib deyir: “Ey Allahın rəsulu, bizim vəzifəmiz nədir?” Bu ayə nazil olur və onların vəziyyətinə aydınlıq gətirilir. Əlbəttə, təkcə cihad deyil, bütün ilahi vəzifələrin ümumi şərtləri var, həmin şərtlərdən biri də güc və qüdrət şərtidir. “Bəqərə” surəsinin 286-cı ayəsində bu məsələ ümumi qanun şəklində qeyd edilmişdir: “Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur.” Əslində bu insanlar cihad meydanında iştirak etməkdən azad olsalar da, gücləri çatan qədər İslamın güclənməsinə və ilahi hədəflərin daha geniş yayılmasına çalışmalıdırlar. “Tövbə” surəsinin 91-ci ayəsində belə buyurulur: “Allaha və Onun elçisinə qarşı xeyirxah olacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) xərcləmək üçün vəsait tapa bilməyənlərə (döyüşdə iştirak etmədikləri üçün) heç bir günah yoxdur.” Yəni onların əlindən heç bir iş gəlmirsə, ən azı dillərini bu yolda əsirgəməməlidirlər. Bu da onu göstərir ki, hər kəs gücü çatdığı qədər çalışmalıdır. Başqa sözlə desək, döyüşdən azad edilmişlər ön cəbhədə heç nə edə bilməsələr də, arxa cəbhəni möhkəm qorumalıdırlar. Yaddan çıxarmamalıyıq ki, korluq, topallıq və ciddi xəstəliklərə görə üzrlü olmaq yalnız cihada aiddir. Müdafiə məsələsində hər kəs gücü və imkanı çatdığı qədər İslam sərhədlərini, öz canlarını qorumalıdırlar. Bu məsələdə heç bir istisna yoxdur.[10]
- Xeybər döyüşü: Ayədə “beyət” deyilərkən bu surənin 10-cu ayəsinin izahı zamanı haqqında məlumat verilən “Rizvan beyəti” nəzərdə tutulur. “Onları yaxın bir zəfərlə mükafatlandırdı” cümləsi ilə Hüdeybiyyə sülhündən bir neçə sonra ay baş vermiş Xeybər hadisəsinə işarə edilmişdir. Peyğəmbər (s) Hüdeybiyyədən qayıtdıqdan sonra hicrətin yeddinci ilininin zilhiccə ayını tam və məhərrəm ayının bir hissəsini Mədinədə qalır, sonra Hüdeybiyyədə iştirak etmiş min dörd yüz nəfərlə birlikdə İslama qarşı aktiv fəaliyyət göstərən, anti-islam hərəkatlarını qızışdıran Xeybər adlı mərkəzə doğru hərəkətə keçir. Əslində, Peyğəmbər (s) çoxdan idi ki, bu fəsad mərkəzinə hücum etmək üçün əlverişli fürsət axtarırdı. Həmin ərəfədə Peyğəmbərin (s) ciddi baş ağrıları olurdu, hətta iki gündən birini çadırdan çölə çıxa bilmirdi. Həmin vaxt bayrağı əlinə alan Əbu Bəkr müsəlmanlarla birlikdə yəhudi qoşunlarının üzərinə hücum çəkir, ancaq nəticə almadan geri dönür. Növbəti dəfə bayrağı Ömər götürür, müsəlmanlar əvvəlkindən daha kəskin döyüş aparırlar, ancaq nəticə almadan geri dönürlər. Üçüncü gün Peyğəmbər (s) bayrağı İmam Əliyə (ə) tapşırır. İmam Əli (ə) qalanın başçısı Mərhəbi məğlub edir, güclü bir təkanla qalanın qapısını yerindən qoparır, müsəlmanlar qalaya girib onu fəth edirlər. Yəhudilər təslim olur və bu hərəkətləri müqabilində Peyğəmbərdən (s) onların canlarını bağışlamasını istəyirlər. Peyğəmbər (s) də bu istəyi qəbul edir. Müsəlmanlar bu döyüşdə çoxlu qənimətlər əldə edirlər. Ancaq gəlirlərinin yarısını müsəlmanlara vermək şərti ilə bağ və ərazilərini Peyğəmbər (s) onların özlərinə qaytarır.[11]
- Sizi onların üzərində qalib etdikdən sonra, Məkkənin göbəyində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir.
- Onlar kafirlər, sizi Məscidul-hərama buraxmayan və qurbanlıq heyvanlarınızın qurbangaha gedib çatmasına imkan verməyən kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və bilməməzlik ucbatından xətaya yol vermək təhlükəsi ilə qarşılaşmasaydınız (Allah bu müharibəyə əsla mane olmazdı) Lakin Allahın məqsədi istədiyini Öz rəhmətinə daxil etməkdir. Əgər möminlər və kafirlər (Məkkədə) bir-birindən ayrılsaydı, Biz kafirlərə ağrılı-acılı bir əzab verərdik.
- Kafirlər qəlblərində Cahiliyyət qəzəbi və lovğalığına qapıldıqları zaman Allah Öz elçisinə və möminlərə rahatlıq və təskinlik nazil etdi, onlara təqva ruhunu bəxş etdi. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.
- Allah Öz elçisinə yuxuda göstərdiyini gerçəyə çevirdi. Allahın istəyi ilə, siz son dərəcə əmin-amanlıq içində, başlarınızı qırxdırmış və ya qısaltmış halda, heç kəsdən qorxmadan, çəkinmədən, hökmən, Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilirdi (təxirə salmaqda bir hikmət var idi). O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir.
- (İslamı) bütün dinlərə qalib etsin deyə Öz elçisini hidayətlə və haqq dinlə göndərən Odur. Allahın bu məsələyə şahidliyi kifayətdir.
————————————————————————————
- Hüdeybiyyə sülhünün nəticələrindən biri: Bu sülh Quranın təsvir etdiyi kimi, parlaq qələbənin təzahürlərindən biri idi. Yetərli qədər döyüş ləvazimatı olmayan az sayda bir dəstənin dəfələrlə Mədinəyə hücum çəkmiş, müsəlmanları məhv etmək üçün ciddi cəhdlər göstərmiş bir düşmənin torpaqlarına daxil olması, nəticədə, düşmənin qorxu içində sülh təklif etməsi böyük bir hadisədir. Heç kəsin burnu belə qanamadan qüdrətli bir düşmən üzərindən aşkar qələbə qazanmaqdan böyük fəth ola bilməz! Hüdeybiyyə sülhü bütün Ərəbistan yarımadasında Qüreyş üçün məğlubiyyət, müsəlmanlar üçün isə qələbə hesab edilirdi.
Allah Quranda Məkkə şəhərində qarşıdurma olmayacağını təkidlə buyurur. Bu israr və təkidlə iki mühüm nüansa işarə edilə bilər: 1. Məkkə düşmənin qüdrət mərkəzi idi. Qaydaya görə onlar bu əlverişli fürsətdən isitfadə etməli və müsəlmanlara hücum çəkməli idilər. Necə deyərlər, onlar müsəlmanları göydə axtarırdılar, əllərinə yerdə düşmüşdülər. Onları öz yerlərində yaxalamışkən asanlıqla buraxmamalı idilər. Ancaq Allah bu qüdrəti onlardan alır. 2. Məkkə Allahın əmin-aman yeri idi. Əgər orada qarşıdurma olsaydı, qan tökülsəydi, Kəbə evinə hörmətsizlik olardı, digər tərəfdən, müsəlmanlara bu müqəddəs məkanın ənənəvi təhlükəsizliyini pozmaları böyük bir nöqsan və eyib sayılardı. Allahın Peyğəmbərə (s) və müsəlmanlara bəxş etdiyi ən böyük nemətlərdən biri bu idi ki, Hüdeybiyyə hadisəsindən sonra Məkkənin fəthini onlara heç bir qan tökülmədən bağışladı.[12]
- Əgər möminlər və kafirlər (Məkkədə) bir-birindən ayrılsaydı, Biz kafirlərə ağrılı-acılı bir əzab verərdik: Bu ayədə İslamı qəbul etmiş, lakin müəyyən səbəblərdən hicrət etməyib Məkkədə qalmış mömin kişi və qadınlara işarə edilir. Əgər müsəlmanlar Məkkəyə hücum etsəydilər, Məkkədə olan bu müsəlmanların canı təhlükəyə düşər və müşriklər də rişxəndlə deyərdilər: İslam ordusu nə öz müxalifinə rəhm edir, nə də davamçısına və tərəfdarına. Bu, böyük bir utanc olardı. Bu ayənin təfsirini ehtiva edən bir çox hədislərə əsasən bu ayədə hələ dünyaya gəlməmiş, kafirlər atalarının belində olan mömin insanların nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin möminlərin sonradan dünyaya gəlməsi üçün Allah bu kafirləri cəzalandırmadı. Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Əli (ə) Allah dinində güclü və qüdrətli deyildimi?” İmam (ə) buyurur: “Bəli, güclü idi.” Həmin şəxs: “Bəs nə üçün kafir və münafiqlərə qalib gəldikdən sonra onların kökünü kəsmədi? Buna nə mane oldu?” İmam (ə) buyurur: “Quranın bir ayəsi”. Həmin şəxs: “Hansı ayə?” – deyə soruşduqda İmam (ə) buyurur: “Əgər onlar ayrılsaydı, kafirlərə şiddətli əzab verərdik” ayəsi. Sonra əlavə edir: “Kafir və münafiqlərin belində Allahın əmanətləri var idi. Bu əmanətlərin dünyaya gəlməsi üçün Allah ataları öldürmədi… Habelə bu əmanətlər dünyaya gəlməyincə biz Əhli-beytin qaimi zühur etməyəcək.” Yəni Allah-taala bilir ki, onların övladlarından bir qrupu gələcəkdə öz iradə və ixtiyarı ilə iman gətirəcək, onlara görə ataları şiddətli əzabdan xilas edir. Bu ayədə həm Məkkədəki möminlərin kafirlərə qarışması, həm də atalarının belində olan möminlərə işarə edilməsi ilə də bağlı heç bir problem yoxdur.[13]
- Peyğəmbərin doğru yuxusu: Peyğəmbər (s) yuxuda görür ki, səhabələri ilə birlikdə ümrə ayinlərini yerinə yetirmək üçün Məkkəyə daxil olur. Bu yuxusunu səhabələrinə danışır. Hamısı sevinir. Ancaq Hüdeybiyyə sülhü baş verdiyi il, müşriklər Hüdeybiyyə ərazisində Məkkəyə gedən yolları müsəlmanların üzünə bağladıqları vaxt bəzi müsəlmanlarda Peyğəmbərin (s) də yuxusunun düz olmaması ilə bağlı şübhə yaranır. Peyğəmbər (s) buyurur: “Məgər mən sizə bu yuxunun məhz elə bu il baş verəcəyini dedim?” Nəzər nöqtəsi olan ayədə onların Mədinəyə dönüşünə işarə edilir və təkidlə Peyğəmbərin (s) yuxusunun doğru olduğu, bu hadisənin, hökmən, baş verəcəyi xəbər verilir.[14]
- Mühəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları hər zaman Allahdan lütf və razılıq diləyərək rüku edən, səcdəyə qapanan halda görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı və İncildəki vəsfidir. Onlar cücərtisini üzə çıxarıb, gövdəsi üzərində möhkəm dayanması və əkinciləri heyran edəcək qədər artması üçün gücləndirən əkinə bənzədilmişlər. Bu, kafirləri qəzəbləndirmək üçündür. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.
[1] Nümunə, c.22, səh.6
[2] Nümunə, c.22, səh.10
[3] Əl-Mizan, c.18, səh.256
[4] Mənşuri-cavid,c.7, səh.17
[5] Əl-Mizan, c.18, səh.257
[6] Nümunə, c.22, səh.43
[7] Nümunə, c.22, səh.71
[8] Nümunə, c.22, səh.57
[9] Nümunə, c.22, səh.61
[10] Nümunə, c.22, səh.62
[11] Nümunə, c.22, səh.83
[12] Nümunə, c.22, səh.89
[13] Nümunə, c.22, səh.89
[14] Nümunə, c.22, səh.102