“Ğafir” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ha, Mim.
  2. Bu kitab qüdrətli, elmli Allah tərəfindən nazil edilmişdir.
  3. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, nemətləri çox olan Allah (tərəfindən)! Ondan başqa məbud yoxdur. Dönüş təkcə Ona doğrudur.
  4. Bizim ayələrimiz barəsində yalnız (inadkarlıq göstərən) kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları (və nümayiş etdirdikləri qüdrətləri) səni aldatmasın.
  5. Onlardan əvvəl Nuhun qövmü və sonrakı qövmlər (peyğəmbərlərini) yalançı saydılar. Hər ümmət plan qurub öz peyğəmbərini yaxalamağa çalışırdı. Haqqı boğmaq üçün batil mübahisəyə əl atırdılar. Ancaq Mən onları yaxaladım. Bax gör, Mənim cəzam necə oldu!
  6. Rəbbinin kafirlərin od sakinləri olacağı barədəki əmri belə qətiləşdi.
  7. Ərşi daşıyan və onun ətrafında öz Rəblərinə həmd edərək tərif deyən, Ona iman gətirən və möminlər üçün də bağışlanma diləyən mələklər (deyirlər): “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə edib. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru!

—————————————————————————————

“Ğafir” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə altı yerə bölmək olar: 1. Allahın gözəl adlarına, xüsusilə ürəklərdə qorxu və ümid yaradan adlarına diqqət. 2. Despot kafirlərin dünya və axirət əzabı ilə təhdid edilməsi. 3. Musa (ə) və Fironun əhvalatından bir parça. 4. Qiyamətlə bağlı bir təsvir. 5. Tövhid və şirkin inkar edilməsi. 6. Peyğəmbərə (s) səbirli və dözümlü olmaq tövsiyəsi.[1]

  1. Kafirlərin qüdrət nümayişindən qorxmayın: İslamın ilk vaxtlarında müsəlmanların əksər hissəsi yoxsul və hər şeydən məhrum insanlardan təşkil olunmuşdu. Ayədə Peyğəmbərə (s) və möminlərə despot kafirlərin maliyyə imkanları, siyasi və sosial qüdrətlərinə aldanmamaları tövsiyə edilir, bu vasitələrin onların haqq olduqlarını göstərmədiyi bildirilir. Tarixdə bu cür insanlar çox olub, ancaq onlar Allahın əzabı qarşısında aciz qalıb, payızın iti küləyi qarşısında solmuş yarpaqlar kimi sovrulublar. Quranın çox ayələrində bu mövzuya rast gəlmək olar: “Məhrum möminlər düşünməsin ki, zalım, despot və imansız fərd və cəmiyyətlərin malik olduğu geniş imkanlar onların qələbə, səadət və xoşbəxtliklərinin göstəricisidir.” Dardüşüncəli insanların ağlına gələn, fərdlərin maddi imkanlarının onların haqq olduğunu ehtiva edən fikirlərin yanlış olduğunu göstərmək üçün Quran keçmiş xalqların başına gələnləri xatırladır, konkret olaraq Misirdə Firon, Babildə Nəmrud, İraq, Hicaz və Şamda Nuh, Ad və Səmud qövmlərinin adını çəkir. Bununla da yoxsul və məhrum insanların zəiflik hissləri keçirməsinin, imanı olmayan zülmkarlar qarşısında acizlik göstərməsinin qarşısını alır. Əlbəttə, Allah qanununa görə yanlışa yol vermiş insan dərhal cəzalandırılmır, daha çox sınanması üçün möminlərə, hətta küfr və günah bataqlığına batması, bütün qayıdış yollarını bağlamaq üçün kafirlər və günahkarlara bol nemət verilir.[2]
  2. Ərşi daşıyanlar daim möminlərə dua edirlər: Bu ayədə bir tərəfdən möminlərə deyilir ki, ibadət edənlər təkcə onlardan ibarət deyil, Allahın ərşini daşıyan və onun ətrafına fırlanan yaxın mələklər də Allaha həmd və tərif deyirlər. Digər tərəfdən isə kafirlərə iman gətirib-gətirməmələrinin heç bir fərqinin olmadığı, Allahın heç kəsin imanına ehtiyacı olmadığı bildirilir. Mələklər Allaha ağlasığmaz dərəcədə həmd və təriflər deyirlər. Halbuki Allahın onların da həmd və təriflərinə ehtiyacı yoxdur. Başqa bir tərəfdən, möminlərə yaşadıqları cəmiyyətlərdə nə qədər azlıqda olsalar da tək olmadıqları, xətalarının bağışlanacağı, Cəhənnəm əzabından qorunacaqları xatırlanır. Ayədə ərşi daşıyan mələklər vasitəsilə möminlərə dua etmək forması başa salınır: Allahın adını çağırmaq, Onu gözəl və əzəmətli adı ilə yad etmək, sonsuz elm və rəhmətindən mədəd ummaq, bundan sonra duaya başlamaq, qəbulu sığortalayan şərtlərə əməl edərək ehtiyacları böyükdən kiçiyə doğru dilə gətirmək, sonda duanı Allahın gözəl və əzəmətli adlarını xatırlamaqla, rəhmətinə ümid bəsləyərək sona çatdırmaq.[3]
  3. Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin əbədi Cənnət bağlarına daxil et. Sən yenilməz qüdrət və hikmət sahibisən.
  4. Onları günahlarının pis aqibətindən qoru. O gün Sən kimi pis aqibətdən qorusan, ona rəhm etmiş olarsan. Böyük qurtuluş məhz budur”.
  5. Qiyamət günü kafirlərə belə xitab olunacaq: “Allahın sizə qəzəb və nifrəti sizin özünüzün-özünüzə olan qəzəb və nifrətinizdən daha çoxdur. Çünki siz imana dəvət edildiyiniz halda, ondan imtina edirdiniz. ”
  6. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. İndi biz öz günahlarımızı etiraf edirik, Cəhənnəmdən xilas olmaq üçün bir yolumuz varmı?”
  7. (Onlara deyiləcək:) “Bu, ona görədir ki, Allah təklikdə (şirk qoşulmadan) çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm uca və böyük Allaha məxsusdur”.
  8. O, sizə Öz ayələrini göstərən və göydən ruzi nazil edən varlıqdır. Bu həqiqətləri yalnız Allaha doğru qayıdanlar xatırlayar.
  9. Kafirlərin xoşuna gəlməsə də, təkcə Allahı çağırın və dininizi Onun üçün xalis edin!
  10. O, dərəcələri (əməlisaleh bəndələrin dərəcələrini) yüksəldir, O, ərşin sahibidir. Öz əmri ilə Ruhu qullarından istədiyinə nazil edir ki, insanları görüş günü ilə qorxutsun.
  11. O gün onların hamısı aşkara çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Onlara belə deyiləcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib Allaha!”

——————————————————————————————

  1. Allahın sizə olan qəzəbi sizin özünüzün-özünüzə olan qəzəbindən çoxdur: Kafirlər tövhid çarçılarının sinəsindən itələyərək onları rədd etməklə, nəticədə, Allahın hidayət çıraqlarından üz çevirməklə, hətta onları qətlə yetirməklə dünyada özlərinə qarşı ən böyük düşmənçiliyi ediblər. İnsanın özünün-özünə nəfsinin istəklərinə tabe olmaq, dünyanın keçəri həzzindən zövq almaq bahasına əbədi xoşbəxtlik yolundan üz çevirməsi, əbədi əzab qapılarını üzünə açması qədər düşmənçiliyi ola bilməz.[4]
  2. İki dəfə ölmək, iki dəfə dirilmək: “İki dəfə ölmək” deyilərkən bir dəfə əcəl çatdığı zaman ölmək, bir dəfə də Bərzəx həyatının sonunda ölmək, “iki dəfə dirilmək” deyilərkən isə bir dəfə Bərzəx həyatı üçün, bir dəfə də Qiyamət həyatı üçün dirilmək nəzərdə tutulur. Belə ki, insan öldükdən sonra onun üçün Bərzəx adlı yeni bir həyat başlayır. Həmin həyatda “onlar diridirlər və Rəblərinin dərgahında onlara ruzi verilir” (Ali-İmran-169) ayəsinə əsasən şəhidlər diridirlər, Peyğəmbər (s) və imamlar (ə) bizim salamımızı eşidir, cavab verirlər, Firon kimi təcavüzkar və zalım insanlara səhər-axşam əzab verilir: “Onların əzabları oddur, hər səhər-axşam oraya salınırlar.” (Ğafir-46). Digər tərəfdən, bilirik ki, bu dünya həyatı sona çatdıqda və birinci sur üfürüldüyü vaxt təkcə insanlar deyil, “göydə və yerdə olan hər kəs öləcək” (Zumər-68) ayəsinə əsasən bütün mələklər, ölənlərin müvəqqəti Bərzəx qəlibində olan ruhları da öləcək. Allahdan başqa heç bir varlıq qalmayacaq. Ümumiyyətlə, bizim bir cismani, bir də Bərzəx həyatımız var. Ömrümüzün sonunda cismani həyatımız, bu dünyanın sonunda isə Bərzəx həyatımız başa çatacaq. İki ölümdən sonra Bərzəx və Qiyamət həyatı olmaqla iki həyatımız da vardır.[5]
  3. Ruhu öz əmri ilə istədiyi bəndəsinə nazil edir: Bu və digər ayələrin məzmununa əsasən deyə bilərik ki, bu ayədə “Ruh” deyilərkən qəlblərin həyat mənbəyi olan Quran və vəhy nəzərdə tutulur. Bu ruh həyat, hərəkət, fəaliyyət, mübarizə və vəhy mənbəyidir. Bəzi hədislərdə ruhun burada Ruhul-qüdüs olması, ayənin peyğəmbər və məsum imamlara xas olması ilə bağlı fikirlər qeyd etdiyimiz izahla heç bir təzad təşkil etmir. Çünki müqəddəs ruh peyğəmbər və məsum imamlarda tam şəkildə qərarlaşan müqəddəs ruh və yüksək mənəvi məqamdır. Çox hallarda ondan bir nur başqa şəxslərin də varlığında təcəlla edir. Ruhul-qüdüsün iltifatı onlara köməklik göstərsə, onlar Allahın mühüm əmrlərini icra edərlər.[6]
  4. Onların hamısının aşkara çıxdığı gün: Cümlənin mənası bu deyil ki, Allah insanları bu dünyada görmür, ancaq axirətdə görəcək. Əslində, burada həqiqətlərin insanlara aşkar olacağından danışılır. Çünki həmin gün insanları özünə cəzb edən, onlara Allahın hökmranlığını, idarəçilikdə Onun tək olduğunu unutduran sərvət və qüdrət kimi xəyali vasitələr və səbəblər ortadan qalxacaq, insanın zahiri ilə batini, yadında olan və unutduqları Məhşər səhnəsində aydın şəkildə aşkar olacaq. Allahın həqiqi hökmranlığı aşkar olduğu vaxt insanlara belə bir sual ünvanlayacaq: “Bu gün hökm kimə məxsusdur?” Elə Özü tərəfindən də cavab gələcək: “Tək olan, qalib Allaha!”[7]
  5. Bu gün hər kəsə etdiyi əməl qarşılığında mükafat veriləcəkdir. Bu gün haqsızlığa yol verilməyəcək. Allah sürətli haqq-hesab çəkəndir.
  6. Onları qorxudan ürəklərin ağıza gələcəyi, bütün varlıqlarının qəm-qüssəyə batacağı yaxın günlə qorxut. Zalımların heç bir dostu olmayacaq, heç bir şəfaətçinin şəfaəti qəbul olunmayacaq.
  7. O, xaincəsinə fırlanan baxışları və kökslərdə olanlari bilir.
  8. Allah ədalətlə hökm verər. Ondan başqa çağırdıqları tanrılar heç bir hökm verə bilməzlər. Allah eşidəndir, görəndir!
  9. Onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə yaxaladı və onları əzabdan müdafiə edən olmadı.
  10. Bu, ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirməsinə baxmayaraq, onlar inkar edirdilər. Buna görə də Allah onları yaxaladı. O, qüvvətlidir, cəzası da şiddətlidir.
  11. Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik –
  12. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, çox yalançı bir sehrbazdır!” – dedilər.
  13. Tərəfimizdən onlara həqiqəti bəyan etdikdə onlar dedilər: “Musa ilə birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma kafirlərin planı boşa çıxar.

————————————————————————————–

  1. Ürəklərin ağıza gələcəyi gün: Məlumdur ki, insan çətin və çıxılmaz vəziyyətdə qalanda sanki qəlbinin yerindən qopub çölə çıxmaq istədiyini hiss edir. Buna ideomatik dildə ürəyin ağıza gəlməsi deyilir. Yoxsa ki, qan dövranının mərkəzi olan ürək ümumiyyətlə, yerindən hərəkət etmir və ağıza da gəlmir. Qəlb, ürək deyiləndə ola bilsin ki can nəzərdə tutulur. Yəni can boğaza gəlir. Sanki ruh bədəni tədricən tərk edir və yalnız az hissəsi bədəndə qalır. Hər halda Allahın dəqiq sorğu-sualının yaratdığı həyəcan və dəhşət, insanların qarşısında rüsvay olmaq qorxusu, xilası mümkün olmayan acı əzab insanda dillə ifadə edilməsi mümkün olmayan dəhşətli bir hiss yaradır.[8]
  2. Şəfaət olunan və olunmayan insanlar: Quran ayələri və məsumların (ə) hədislərindən belə məlum olur ki, Allaha inanan Peyğəmbər (s) və onun Əhli-beyti (ə) ilə düşmənçilik etməyən şəxs şəfaət nemətindən faydalanacaq. Əlbəttə, keçmişləri yaxşı olan bəzi fərdlər Allahın bu nemətindən daha tez, bəziləri isə gec faydalanacaq. Ancaq istənilən halda bu rəhmət qapısı onların üzünə açılacaq. Bəzi hədislərdə zərrə qədər də imanı olan şəxsə şəfaət olunacağı, bəzi hədislərdə böyük günahların şəfaətə mane olduğu qeyd edilmişdir. Əslində bu hədislər bir-biri ilə təzad təşkil etmir. Çünki ikinci qrup hədislər bu günahların ümumiyyətlə, insanı şəfaətdən məhrum edəcəyini deyil, bir müddət əzab içində qalacağını və şəfaətdən müəyyən müddətə qədər məhrum ediləcəyini ifadə edir.[9] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Bəndə etdiyi günaha görə yüz il Cənnətdən ayrı düşəcək, ancaq ailəsinin Cənnətdən bəhrələndiyinə tamaşa edəcək.”[10] Hədislərinin birində İmam Əli (ə) belə buyurmuşdur: “Allahın əzabını yüngül saymayın. Şəfaətimiz ondan məhrum olmuş bəzi israfçılara üç yüz min ildən sonra çatacaq.”[11] Hədislər küfr, şirk, Peyğəmbər (s) və onun Əhli-beyti (ə) ilə düşmənçiliyin, onların rəhbərliyini qəbul etməməyin insanı şəfaətçinin şəfaətindən tamamil məhrum edəcəyini göstərir. Bəzi günahlar da insanın şəfaətdən məhrum və əzaba düçar olacağına səbəb olur. İffət yolunu azmaq və namazı yüngül saymağı buna misal göstərə bilərik. Bəzi hədislərdə müəyyən əməllərin şəfaətin sürətlənməsinə səbəb olduğu qeyd edilmişdir. Xalis və səmimi iman, xalis tövhid inancı, çoxlu səcdə etmək, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərmək, onlara qarşı məhəbbət göstərmək, iman əhli ilə dostluq etmək, onlara xidmət göstərmək, Quran öyrənmək, dini vəzifələri yerinə yetirmək, başqalarının üzrünü qəbul etmək, güzəştə getmək, çətinliklərə və məhrumiyyətlərə səbir etmək və sair əməlləri buna misal göstərmək olar.[12]
  3. Xain baxışlar: İmam Sadiqdən (ə) bu ayənin mənası haqqında soruşulduqda buyurur: “Görməmisənmi, bir adam bir şeyə baxır, ancaq özünü elə göstərir ki, guya həmin şeyə baxmır? Buna xain baxış deyilir.” Əlbəttə, xain baxışlar müxtəlifdir: Bəzən başqalarını təhqir etmək və eyiblərini göstərmək üçün gözlə işarələr edilir, bəzən baxışlarla şeytani planlar cızılır. Bəzən oğrun baxışlarla insanların namusuna və baxılması qadağan olunan şeylərə baxılır.[13] Hədislərin birində belə deyilir: “Birinci baxış (bilmədən naməhrəmə baxmaq) sənin üçündür (buna görə sənə cəza verilməz), ancaq ikinci baxış sənin zərərinədir.” Buna görə də naməhrəmə ikinci baxış haramdır və xain baxış hesab edilir.[14]

 

  1. Firon dedi: “Qoyun, Musanı öldürüm, o da Rəbbini çağırsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.
  2. Musa dedi: “Mən hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən mənim və sizin Rəbbinizə sığınıram!”
  3. Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir kişini: “Rəbbim Allahdır!” – dediyinə görəmi öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyi əzabların (ən azı) bəzisi sizə toxunar. Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.
  4. Ey qövmüm! Bu gün hökmranlıq sizə məxsusdur, bu ölkədə qalibsiniz. Əgər Allahın əzabı bizə gəlsə, bizi kim qoruyacaq?” Firon dedi: “Mən sizə ancaq öz inandığımı bəyan edir, sizə ancaq doğru yolu göstərirəm”.
  5. Mömin kişi dedi: “Ey qövmüm! Mən keçmiş xalqların başına gələnlərin sizin də başınıza gələcəyindən qorxuram.
  6. Nuhun qövmü, Ad, Səmud tayfalarını və onlardan sonra gələnlərin bənzər adətindən qorxuram. Allah bəndələrə zülm və haqsızlıq olunmasını istəməz.
  7. Ey qövmüm! Mən sizin üçün insanların bir-birini çağıracağı gündən qorxuram.
  8. Geriyə dönüb qaçacağınız gün Allah qarşısında heç bir sığınacağınız olmaz. Allahın azğınlığa saldığı kimsəyə isə yol göstərən olmaz”.

—————————————————————————————–

  1. Cinayətini yozmaq üçün Fironun gətirdiyi iki bəhanə: Firon Musanı (ə) qətlə yetirməklə bağlı gəldiyi qərarı tərəfdarlarına əsaslandırmaq üçün iki səbəb təqdim edir. Bu səbəblərdən biri mənəvi, digəri isə maddi səciyyə daşıyır. O, ilk öncə belə deyir: “Sizin dininizi dəyişəcəyindən qorxuram”. Əlbəttə, Firona görə din yalnız ona və digər bütlərə sitayiş etməkdən ibarət idi. Sonra deyir: “Bu ölkədə fəsad törədəcək”. Yəni bu gün sussam və Musa (ə) ilə mübarizəyə bir müddətdən sonra başlasam, özünə çoxlu ardıcıl yığacaq, qan tökülməsinə, fəsad törədilməsinə və qarışıqlıq yaranmasına səbəb olacaq problemlər yaradacaq. Buna görə də onu tez öldürmək lazımdır. Firona görə fəsad əsir və həbsdə olan kütlələri azad etmək, bütpərəstliyi yer üzündən silmək və təkallahlıq inancını həyata qaytarmaq üçün diktaturaya qarşı yaradılacaq inqilab idi. Despotlar, diktatorlar və cinayətkarlar öz cinayətlərini yozmaq və Allah adamları ilə mübarizə aparmaq üçün bu iki uydurma bəhanəyə əl atmışlar. Bu gün də dünyanın ayrı-ayrı yerlərində sözügedən bəhanələrin şahidi oluruq.[15]
  2. Firon ailəsindən olan mömin bir kişi: Quran ayələrindən bu şəxsin Fironun yaxınlarından olduğu və Musaya (ə) iman gətirdiyi, ancaq imanını gizlətdiyi məlum olur. Qəlbində Allahın peyğəmbərinə sevgi bəsləyən bu şəxs onu qorumağı özünə vəzifə bilir. O, şox ayıq, dəqiq, deyəcəyi sözün və atacağı addımın vaxtını bilən məntiqli və güclü bir adam olmuşdur. Həssas məqamda Musanın (ə) yardımına qaçmış, sonrakı ayələrdə də qeyd ediləcəyi kimi, təhlükə və sui-qəsddən xilas etmişdi. Hədislərdə bu şəxsdən çox bəhs edilmiş, təfsirçilər onun haqqında yüksək fikirlər söyləmişlər. Bəziləri onun Fironun əmisi oğlu, ya da xalası oğlu olduğunu qeyd etmiş, “Fironun ailəsi” ifadəsini öz iddialarına dəlil gətirmişlər. Çünki bu ifadə adətən, qohumlar haqqında işlədilir. Baxmayaraq ki, dostlar və tərəfdarlara da aid edilir. Bəziləri onun Firon xəzinələrinin xəzinədarı olduğunu bildirmişlər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “İlk təsdiqləyicilər üç nəfər olmuşdu: Həbib Nəccar və ya Ali-Yasinə iman gətirmiş, camaata: “Allahın elçilərinə tabe olun, sizdən muzd və mükafat istəməyən şəxslərə tabe olun”, – deyən şəxs; Həzqil və ya Firon ailəsindən iman gətirən şəxs; Əli ibn Əbutalib (ə). O, hamısından üstündür.”[16]
  3. Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam etdiniz. Nə­­hayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar.
  4. Onlar bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərdir. Onlar həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir zülmkar təkəbbürlünün qəlbini belə möhürləyir.
  5. Firon dedi: “Ey Haman! Mənim üçün bir uca bina tik, bəlkə vasitələrə çatım –
  6. göylərin vasitələrinə (göyə çıxmaq üçün olan vasitələrə çatım) və Musanın məbudunu görüm. Baxmayaraq ki, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, doğru yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu.
  7. O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.
  8. Ey qövmüm! Bu dünya həyatı ancaq keçəri bir ləzzətdir, axirət isə əbədi yurddur.
  9. Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Qadın və kişi olmasından asılı olmayaraq, yaxşı iş görən hər bir kəs mömin olarsa, Cənnətə daxil olar və orada onlara hesabsız ruzi verilər.

——————————————————————————————

  1. Musadan (ə) əvvəl Fironun qövmünə göndərilmiş peyğəmbər: Firon ailəsindən iman gətirmiş şəxs Firon və tərəfdarlarının qaralmış qəlbinə nüfuz etmək, qəlblərindəki təkəbbür və küfr pasını əritmək üçün keçmişlərini, çox da uzaq olmayan tarixlərini yada salır, Musanın (ə) babalarından olan Yusifin (ə) peyğəmbərliyindən danışır. Onların Yusiflə (ə) necə davrandıqlarına, Yusifin (ə) vəfatından sonra özbaşnalıqlarını davam etdirmək üçün inadkarlıq göstərdiklərinə, davamlı olaraq şübhə və tərəddüd etdiklərinə, istənilən məsuliyyət yükündən azad olmaq üçün Yusifdən (ə) sonra heç bir peyğəmbər seçilməyəcəyini söylədiklərinə işarə edir.[17] Bəzi hədislərdə qeyd edilir ki, ölümündən qabaq Yusif (ə) ondan sonra qövmünün Fironun hakimiyyəti altına keçəcəyini, oğlanlarının başlarının kəsiləcəyini, qadınlarının kəniz ediləcəyini, övladlarından Musa ibn İmran (ə) adlı bir peyğəmbər seçiləcəyini, həmin peyğəmbərin Fironun hakimiyyətinə son qoyub İsrail oğullarını xilas edəcəyini xəbər verir. Buna görə də İsrail oğulları belə bir şəxsin yolunu gözləyirlər. Bu məsələdən xəbər tutan Firon ailəsi Musanın (ə) gələcəyindən qorxuya düşür. Hər halda Musanın (ə) adı o dövrün insanlarına tanış olmuşdur.[18]
  2. Həqiqi və yalançı rəhbərlər: 29-cu ayədə Fironun mömin kişinin sözünü kəsdiyi və “mən sizə ancaq öz inandığımı bəyan edir, sizə ancaq doğru yolu göstərirəm”, – dediyi qeyd edilmişdir. Ümumiyyətlə, bütün despotlar və diktatorlar belə olmuş və olacaqlar. Onlar öz fikirlərini ən doğru fikir hesab edir, heç kəsə söz söyləməyə icazə vermirlər. Özlərini tam ağıl sahibi hesab edir, başqalarına ağıldan kəm, savadsız kimi baxırlar. Bu isə nadanlıq və axmaqlığın ən yüksək həddidir.[19] Nəzər nöqtəsi olan ayədə qeyd edilir ki, Firon ailəsindən olan mömin kişi Fironun sözünü təkzib edərək deyir: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.” Bununla da insanları Fironun sözlərinə və vəsvəsələrinə aldanmamağa çağırır, onun bütün planlarının uğursuzluğa düçar olacağını başa salır. Bundan əlavə, o, insanlara doğru yolun təqva, allahpərəstlik və Allahın peyğəmbərinə itaət göstərmək olduğunu söyləyir.[20]
  3. Qadın və kişi bərabərliyi: Qadın və kişinin fiziki və psixoloji baxımdan fərqli olduğu danılmazdır. Buna görə də ictimai mövqeləri də bir-birindən fərqlənir, hər birinin özünəməxsus fəaliyyət sahələri var. Ancaq bu fərqlərin heç biri onların şəxsiyyətlərinin fərqli olduğunu, Allah dərgahında fərqli məqamlara malik olduqlarını deməyə əsas vermir. Onların hər ikisi Allah dərgahında bərabərdir. Onların şəxsiyyət və mənəviyyat meyarları eynidir, bu isə iman və saleh əməldir. Hər iki cinsin mənsubları bu məsələdə bərabərdirlər. Sözügedən ayə qeyd olunan məsələni açıq şəkildə bəyan edərək keçmişdə və indi qadının şəxsiyyətini alçaltmağa çalışan boşboğazların ağzını yumur, eyni zamanda İslamın bu mühüm ictimai məsələ ilə bağlı mövqeyini açıqlayır, dardüşüncəli insanlara İslamın yalnız kişi dini olmadığını, kişilərə aid olduğu qədər qadına aid olduğunu sübuta yetirir. Hər iki cins iman motivasiyasından faydalansa, pak və sağlam bir həyata nail olar. Onların hər ikisinin Allah dərgahındakı mükafatları bərabərdir, onların ictimai mövqeləri də bənzərdir. Onlar bir-birindən yalnız iman və saleh əməl hesabına üstün ola bilərlər.[21]
  4. Ey qövmüm! Nə üçün mən sizi qurtuluşa çağırdığım halda, siz məni oda çağırırsınız?
  5. Siz məni tək olan Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız. Halbuki mən sizi qüdrətli və bağışlayan Allaha doğru çağırıram.
  6. Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Qiyamətdə dönüşümüz Allahadır. Həddi aşanlar od sakinləridirlər.
  7. Sizə dediklərimi tezliklə xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Allah Öz bəndələrini görür”.
  8. Allah onu onların məkrli planlarından qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.
  9. Onları səhər və axşam oda salırlar. Qiyamət gələcəyi gün isə “Firon nəslini ən şiddətli əzaba salın!” (- deyə buyurulacaq).
  10. O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. Siz bizim əvəzimizə odun bir hissəsini qəbul edərsinizmi?” – deyəcəklər.
  11. Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Çünki Allah bəndələr arasında hökm vermişdir” – deyəcəklər.
  12. Odda olanlar Cəhənnəm məmurlarına deyəcəklər: “Rəbbinizdən istəyin, heç olmasa, bircə gün əzabı bizdən götürsün!”

—————————————————————————————-

  1. 44. İşlərin Allaha həvalə edilməsinin əhəmiyyəti: Öz işlərini Allaha həvalə və Ona təvəkkül etməyin əhəmiyyəti haqqında İmam Əli (ə) belə buyurmuşdur: “İmanın dörd sütunu var: Allaha təvəkkül, işləri Allaha həvalə etmək, Allahın qəzasına razı olmaq, Allahın fərmanı qarşısında təslim olmaq.” İmam Sadiq (ə) buyurmuşdur: “İşlərini Allaha həvalə edən əbədi rahatlıq, sonu olmayan bərəkətli həyat içində olar. İşlərini həqiqətən Allaha həvalə edən şəxs Allahdan qeyrisini düşünəndən üstündür.” Əlbəttə, işləri Allaha həvalə etmək bütün iş-gücdən əl çəkmək deyil. Əslində, insan bütün gücünü səfərbər etməli, çətinliklə qarşıladıqda qorxmamalı, fəaliyyətdən soyumamalı, işlərini Allaha həvalə etməli, sarsılmaz əzmkarlıqla səy və fəaliyyətinə davam etməlidir.[22]
  2. Firon ailəsindən olan möminin aqibəti: “Məkrli planlarından” ifadəsi Firon ailəsindən olan mömin kişiyə qarşı plan qurulduğunu göstərir. Quranda bu plana üstüörtülü şəkildə işarə edilir. Ümumiyyətlə, cəza, işkəncə, qətl və edam, hər nə olursa-olsun, Allah Öz lütfü ilə onların hamısını nəticəsiz qoymuşdur. Bəzi təfsirlərdə yazılır ki, o, münasib bir vaxtda özünü Musaya (ə) çatdırmış və İsrail oğulları ilə birlikdə dənizi keçmişdir. Bəzilərinin yazdığına görə, Fironun tərəfdarları onu qətlə yetirmək qərarına gəldikdə o, dağa qaçıb gözlərdən itmişdir. Əslində, bu iki fikir bir-biri ilə təzad təşkil etmir. Ola bilsin ki, o, öncə şəhərdən çıxıb bir yerdə gizlənmiş, tam arxayın olduqdan sonra İsrail oğullarına qoşulmuşdur. Firon tərəfdarlarının planlarından biri onu bütə sitayiş etməyə və təkallahlıq inancından çıxmağa məcbur etmək olmuşdur. Allah isə onu çətinlikdən xilas etmiş, iman, tövhid və təqva yolunda sabit saxlamışdır.[23]
  3. Bərzəx aləminin mövcudluğunu sübuta yetirən başqa bir ayə: Bərzəx aləminin mövcud olduğunu açıq şəkildə göstərən ayələrdən biri də bu ayədir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayədə xəbər verilən əzab dünyaya (Bərzəx aləminə) və Qiyamətdən əvvələ aiddir. Çünki Qiyamət odunun səhər və axşamı yoxdur. Əgər onlar Qiyamət günü Cəhənnəm odunda təkcə səhər və axşam yandırılacaqlarsa, bu ikisi arasında xoşbəxtlərdən olarlar. Halbuki belə deyil. Bu, Bərzəxə, Qiyamət günündən əvvəlki əzaba aiddir. Məgər Allahın “Qiyamət qopduğu gün: “Firon ailəsini əzabların ən şiddətlisinə daxil edin”, – deyə buyuracaq”, – deyə buyurduğunu eşitməmisiniz?”[24]
  4. Onlar deyəcəklər: “Peyğəmbərləriniz sizə açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!” – deyəcəklər. Onlar da: “Elə isə nə qədər istəyirsiniz çağırın!” – deyəcəklər. Kafirlərin çağırışı havaya sovrulacaq.
  5. Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.
  6. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis məskən gözləyir.
  7. Biz Musaya hidayət bəxş etdik və İsrail oğullarını kitabın varisləri etdik –
  8. ağıl sahiblərinə doğru yol göstərən və xatırladan kitabın.
  9. Elə isə, səbir et! Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, hər səhər və axşam Rəbbini həmd ilə təriflə.
  10. Bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində təkəbbür iddiasından başqa bir şey yoxdur. Onlar öz istədiklərinə əsla çatmayacaqlar. Sən Allaha sığın! O, eşidəndir, görəndir.
  11. Göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bilmir.
  12. Korla görən, iman gətirib yaxşı işlər görənlərlə pislik edənlər eyni deyildir. Ancaq az xatırlayırsınız!

—————————————————————————————-

  1. Peyğəmbərlərə və möminlərə yardım: Ayədə Allahın dəyişməz qanunlarından birinə işarə edilmişdir. Bu qanuna əsasən “Allah dünya və axirətdə peyğəmbərləri və möminləri himayə edir”. Allah onları müxtəlif uğurlarla müşayiət olunan qüsursuz himayəsinə alır. Bu uğurlara məntiq və gözəl danışıq qabiliyyəti, müharibədə qələbə, müxaliflərə əzab göndərib onları məhv etmək, qəlblərə güc, ruha ilahi sevgi bəxş edən qeyb yardımları və sairəni misal göstərmək olar. Ortaya belə bir sual çıxır, bəs nə üçün peyğəmbərlərin və möminlərin bir qrupu kafirlər tərəfindən qətlə yetirilmiş, zülmə məruz qalmış, sürgün edilmişdir? Burada incə bir nüansa diqqət yetirmək lazımdır. Belə ki, insanların qələbə mövzusu ilə bağlı səciyyələndirməsi çox məhduddur. Onlar hesab edirlər ki, qələbə düşməni geri oturtmaq, bir neçə günlük hökmranlıq etməkdən ibarətdir.[25] Ancaq Allahın vədi bundan qat-qat yüksəkdə dayanır. “Allahın peyğəmbər və möminlərə qələbə və yardım vədi” deyilərkən Allahın peyğəmbərlərə öz dəvətlərini sübuta yetirmək üçün dəlil gətirməsi, iddiasını sübut etmək üçün möcüzə göndərməsi və sair nəzərdə tutulur. Onlar haqlı olduqları, haqq isə məğlubedilməz olduğu üçün düşmənlərlə mübarizədə onlara ya görünən şəkildə, ya da intiqam formasında yardım göstərilir. Allah-taala “Yusuf” surəsinin 110-cu ayəsində belə buyurmuşdur: Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə köməyimiz onlara yetişdi, istədiklərimiz nicat tapdılar. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz! Onlara axirətdə də yardım ediləcək. “Təhrim” surəsinin 8-ci ayəsində belə buyurulur: “O gün Allah peyğəmbəri və iman gətirənləri xar etməyəcək”. Möminlərə də rəhbərləri, yəni peyğəmbərlər kimi yardım edilir. “Ali-İmran” surəsinin 139-cu ayəsində belə buyurulur: “Məyus olmayın, kədərlənməyin, əgər mömin olsanız, siz üstünsünüz.” Allahın bu hökmü, yəni peyğəmbərlər və möminlərə yardım göstərməklə bağlı qanunu bir məsələ ilə bağlıdır. Belə ki, peyğəmbərlər Allahın göndərdiyi bəndələr, möminlər isə Allahın ordusu olduqları, Onun əmrinə itaət göstərdikləri və Onun yolunda cihad etdikləri üçün nə qədər ki bu yoldadırlar, onlara yardım edilir və qələbə ilə sığortalanırlar. Ancaq imandan yalnız quru ad qaldığı, Allaha və peyğəmbərə bağlılıq yalnız quru sözdən ibarət olduğu zaman onların Allah tərəfindən yardım ediləcəklərinə ümid bəsələmələri mənasızdır.[26]
  2. Allah tərəfindən bağışlanma əmri verilməsi: Məlumdur ki, məsum olduqları üçün peyğəmbərlər günah etmirlər. Deməli, Quranda İslam peyğəmbəri (s) və digər peyğəmbərlərlə bağlı işlədilmiş bu cür ifadələr nisbi xarakter daşıyır. Çünki bəzən adi insanların etdikləri əməllər ibadət və xeyirli əməl sayıldığı halda, böyük peyğəmbərlər üçün günah sayılır. Bir anlıq diqqətsizlik, hətta daha üstün bir əməlin tərk edilməsi onlar üçün günahdır. Onlar yüksək məqam sahibləri olduqları, əqli, elmi və idrak səviyyələri yüksək olduğu üçün bu işlərdən uzaq durmalı, daha üstün bir əməli tərk etdikləri zaman Allahdan bağışlanma diləməlidirlər.[27] “Peyğəmbərin (s) günahı” deyilərkən ümmətinin günahı nəzərdə tutulur. Peyğəmbərə (ə) ümmətinin günahkarlarılna şəfaətçi olmaq icazəsi verilmişdir. Deməli, ayənin mənası belə olur: “Ümmətinin günahlarına görə bağışlanma dilə və onlar üçün şəfaətçi ol!”[28
  3. Qiyamət günü, mütləq, gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti inanmır.
  4. Rəbbiniz deyib: “Məni çağırın, sizi (duanızı) qəbul edim. Mənə ibadət etməyə təkəbbür göstərənlər tezliklə Cəhənnəmə zəlil gündə daxil olacaqlar”.
  5. Allah gecəni rahatlanmanız üçün yaradan, gündüzü işıqlı edən varlıqdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.
  6. Budur Allah, hər şeyin xaliqi olan Rəbbiniz! Ondan başqa məbud yoxdur! Belə olan halda, haqq yoldan necə çıxırsınız?
  7. Allahın ayələrini inkar edənlər haqq yoldan belə çıxırlar.
  8. Allah, yeri sizin üçün əmin-amanlıq məkanı, göyü tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən varlıqdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah bərəkətli və əbədidir!
  9. (Həqiqi) diri Odur. Ondan başqa məbud yoxdur. Dininizi Onun üçün xalis edərək dua edin. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
  10. De: “Rəbbim tərəfindən mənə açıq-aydın dəlillər gəldiyi üçün sizin Allahı qoyub çağırdığınız məbudlara ibadət etmək mənə qadağan edilmiş və mənə yalnız aləmlərin Rəbbi qarşısında təslim olmaq əmr olunmuşdur”.

———————————————————————————–

  1. Məni çağırın, duanızı qəbul edim: Bu ayə bir neçə məsələni ehtiva edir: 1. Allah bəndələrinin çağırışını sevir, Özü onlardan dua etməsini istəyir. 2. Duadan sonra onu qəbul edəcəyini vəd verir. Ancaq bu vədin qeyd-şərtsiz deyil, şərtli olduğunu bilirik. Dualar dua və dua edən yalnız müəyyən şərtlərə cavab verdiyində qəbul edilir. 3. Dua özü bir növ ibadətdir. Çünki ayənin davamında onun üçün ibadət ifadəsi işlədilmişdir. Bir gün dostlarından biri İmam Sadiqdən (ə) soruşur: Məscidə daxil olduqdan sonra biri daha çox namaz qılan, digəri isə daha çox dua edən iki nəfər haqqında fikriniz nədir? Bunlardan hansı üstündür? İmam (ə) buyurur: “Hər ikisi yaxşıdır.” Səhabə soruşur: Bunlardan hansı üstündür? İmam (ə) buyurur: “Daha çox dua edən şəxs üstündür. Məgər Allahın “Məni çağırın, duanızı qəbul edim”, – deyə buyurduğunu eşitməmisən? Əlbəttə, dua.” İmam Baqir (ə) buyurub: “Allah dərgahında Allahdan istəməkdən, Onun dərgahında olanlardan diləməkdən üstün əməl yoxdur. Allahın ən çox nifrət etdiyi şəxs Ona ibadət etməkdən boyun qaçıran və Onun yanında olandan istəməyən şəxsdir.” Bəs, görəsən bəzi dualar niyə qəbul olmur? Əslində, bəzi duaların qəbul edilməməsinin müxtəlif səbəbləri vardır: 1. Çətin vəziyyətə düşən şəxs əlini bütün iş-gücdən çəkib elə hey Allaha dua edir, Allahdan çətinliklərin həll eidlməsini istəyir. Şübhəsiz ki, belə olan halda, onun duası qəbul olmayacaqdır. 2. İnsan xeyrinə olmayan bir şeyi istəyərsə, duası qəbul olmaz. Bunu belə bir misalla izah edə bilərik. Bir xəstə və ya uşaq tibb bacısından müxtəlif yeməklər istəyir. Əgər onun istəyinə əməl edilsə, xəstəliyi güclənər, hətta canını təhlükəyə salar. Allah da bəzən insanlara məsləhət bilmədiyi duaları qəbul etmir, ancaq əvəzini axirətə saxlayır. İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir şəxs yoxdur ki, Allahı çağırsın və Allah da onun duasını qəbul etməsin. Əlbəttə, zülmkarın duası tövbə etməyənə qədər özünə qayıdır (qəbul edilmir). Ancaq qəbula layiq olan bir adam dua etdiyində Allah onun çağırışına cavab verir, problem və çətinliyini gözləmədiyi yerdən həll edir, ya da onun üçün bol mükafat qoruyub-saxlayır, həmin mükafata ehtiyac duyduğu gün həmin mükafatı ona bağışlayır. Əgər bəndənin istədiyi şey xeyrinə olmasa, Allah həmin şeyi dua edən bəndəsindən əsirgəyər.”[29]
  2. Surətlərinizi gözəl yaradan: Zahiri görkəminə görə insanın digər varlıqlardan və heyvanlardan üstün olması elə ilk baxışdan aşkardır. İnsanın qaməti düz və göz oxşayan, üzü gözəl və ürəyəyatımlı, son dərəcə səliqəli və dayanıqlıdır. Malik olduğu quruluş ona müxtəlif ağır və incə işlər görməyə, müxtəlif əzələ sisteminə malik olmaqla rahat yaşamağa və həyat nemətlərindən istifadə etməyə imkan verir. İnsan heyvanların əksəriyyətindən fərqli olaraq qidasını ağzı ilə götürmür, şüurlu şəkildə yemək və ya mayenin növünə uyğun şəkildə əli ilə götürüb ağzına qoyur. Bu, ona təmiz olan qidaları bulaşıq və çirkli olan qidalardan fərqləndirməkdə çox kömək edir. O, meyvələrin qabığını asanlıqla soyur, istifadəyə yarasız hissələri tullayır. Bəzi təfsirçilər “surət” deyilərkən burada zahiri və batini sima olmaqla, daha geniş mənalar nəzərdə tutulduğunu, Allahın insana bəxş etdiyi istedad və zövqlərə, bununla da onu digər canlılardan üstün tutduğuna işarə edildiyini qeyd etmişlər.[30]

 

  1. Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, körpə surətində dünyaya gətirən Odur. Sonra siz böyüyüb yetkinlik yaşına çatır, daha sonra da qocalırsınız. Bir dəstəniz bu mərhələyə yetişməzdən əvvəl ölür, nəhayət, ömrünüzün sonuna gəlirsiniz. Bəlkə düşünəsiniz.
  2. Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” – deyir, o da dərhal olur.
  3. Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi? Onlar necə də haqq yoldan sapırlar!
  4. Onlar kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Ancaq (əməllərinin nəticəsini) tezliklə biləcəklər;
  5. boyunlarında dəmir halqalar və zəncirlər olduğu və sürüklənəcəkləri vaxt –
  6. qaynar suya tərəf; sonra Cəhənnəm odunda yandırılacaqlar.
  7. Sonra da onlara deyiləcəkdir: “Haradadır Allaha şərik qoşduqlarınız –
  8. Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Hamısı gözümüzdən itdi. Biz ümumiyyətlə, daha öncə heç nəyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar.
  9. “Bu, sizin yer üzündə nahaq yerə sevinməyinizə, qürur və məstlikdən fərəhlənməyinizə görədir!
  10. Cəhənnəmin qapılarından daxil olun və orada əbədi qalın!” Təkəbbürlülərin yeri necə də pisdir!
  11. Səbir et! Allahın vədi haqdır. Ya onlara vəd etdiyimiz əzabların bir qismini həyatda ikən sənə göstərəcək, ya da (daha öncə) səni dünyadan aparacağıq. (Bunların heç bir fərqi yoxdur.) Çünki onlar yalnız Bizə doğru qaytarılacaqlar.

—————————————————————————————

  1. Bir qrup insan bu mərhələyə yetişməzdən əvvəl ölür: Bu cümlədə ola bilsin ki, qocalıq yaşına çatmazdan əvvələ və ya bütün yaradılış mərhələlərinə, yəni həyatın bütün mərhələlərində, uşaqlıq, gənclik və sair mərhələlərdə ölümün baş verəcəyinə işarə edilmişdir. Diqqət çəkən məqamlardan biri də budur ki, bütün bu mərhələləri ifadə edən sözlər arasında “summə” (sonra) zərfindən istifadə edilmişdir. Bu isə fasiləli ardıcıllığı göstərir. Ancaq sonuncu mərhələləri ifadə edən sözlər arasında “və” bağlayıcısı işlədilmişdir. Bu da ola bilsin ki, ömrün sonunun hər zaman qocalıq dövrünə təsadüf etmədiyini ifadə etmək üçündür. Gənc yaşda insanların, yeniyetmə və uşaqların ölümü də bunu göstərir. Buna görə də insanlar, xüsusilə gənclər insan ömrünün ən mühüm sərmayəsi olan və nə zaman əldən çıxacağından xəbərdar olmadıqları ömürlərindən yaxşı istifadə etməlidirlər.[31] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Allah bir mələk yaradıb. Həmin mələk gecə yerə enib deyir: “Ey iyirmi yaşlılar, çalışın, səy göstərin! Ey otuz yaşlılar, dünya həyatı sizi aldatmasın! Ey qırx yaşlılar, Rəbbinizlə görüşə nə hazırlamısınız? Ey əlli yaşlılar, sizi qorxudan gəlib! Ey altmış yaşlılar, biçin vaxtı yetişmiş tarlasınız! Ey yetmiş yaşlılar, sizi çağırırlar, cavab verin! Ey səksən yaşlılar, Qiyamətiniz yetişib, ancaq siz xəbərsizsiniz!” Sonra deyər: “Əgər rüku edən bəndələr, təvazökar kişilər, südəmər uşaqlar, otlayan heyvanlar olmasaydı, şübhəsiz ki, sizə şiddətli bir əzab nazil olardı.”[32]
  2. Yalançı məbudlar və faydasız ibadət: Quranın başqa ayələrində olduğu kimi, burada da yalançı məbudların ibadət edənləri ilə birlikdə Cəhənnəmdə olacaqları, heç bir rola malik olmayacaqları, sanki it-bata düşəcəkləri buyurulmuşdur. Kafirlər bütlərə ibadət etdiklərini etiraf edəcəkləri təqdirdə vəziyyətlərinin daha da pisləşəcəyini bilib onları inkar edəcəklər: “Biz daha öncə ümumiyyətlə, heç nəyə ibadət etməmişik.” Bunlar həqiqət olduğunu düşündüyümüz xəyallar idi. Bu gün bizə onların quru adlar, mənasız sözlər və anlayışlar olduğu aydın olub. Onlara ibadət yalnız zəlillik, azğınlıq və mənasızlığa səbəb olur. Bununla da inkarolunmaz bir gerçəyi etiraf edəcəklər. Təfsirçilər bu ayəni təfsir edərkən onların bu yalanı rüsvayçılıqdan xilas olmaq üçün söylədiklərini bildirmişlər. “Ənam” surəsinin 22-24-cü ayələrində belə buyurulur: O gün onların hamısını (bir yerə) toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “Allaha tay tutduğunuz şəriklər haradadır?” Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir cavabları olmayacaq. Bax gör, onlar özlərinə qarşı necə yalan söyləyirlər. Yalandan Allaha tay tutduqlarını isə itirəcəklər.[33]

 

  1. Biz səndən əvvəl də elçilər göndərmişik. Onların bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir möcüzə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və nahaq yolda olanlar orada ziyana uğrayarlar.
  2. Allah, bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan varlıqdır.
  3. Onlarda sizin üçün çoxlu mənfəətlər var. Siz onları minərək ürəyinizdən keçən yerlərə gedib çatırsınız. Həm onlara, həm də gəmilərə minirsiniz
  4. O, sizə Öz möcüzələrini daim göstərir. Allahın hansı möcüzəsini inkar edirsiniz?
  5. Onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib dolaşmadılarmı? Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Ancaq əldə etdikləri onları ehtiyacsız edə bilmədi.
  6. Elçiləri onlara açıq-aydın dəlillər gətirdikdə özlərində biliklə qürrələndilər, ancaq istehza etdikləri (əzab) onları bürüdü.
  7. Əzabımızı gördükdə: “Biz tək olan Allaha iman gətirdik, Ona ortaq qoşduğumuz məbudları isə inkar edirik!” – dedilər
  8. Lakin əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar.

———————————————————————————–

  1. Allahın peyğəmbərlərinin sayı: Təfsirçilərin çoxu bu ayəni təfsir edərkən peyğəmbərlərin say məsələsinə toxunmuş, müxtəlif hədisləri sitat gətirmişlər. Peyğəmbər və imamlara istinad edilən bir çox hədislərdə peyğəmbərlərin sayının 124 min nəfər olduğu qeyd edilmişdir. İmam Rza (ə) hədislərinin birində Peyğəmbərin (s) belə dediyini buyurmuşdur: “Allah 124 min peyğəmbər yaradıb. Allah dərgahında mən onların hamısından əzizəm. Ancaq buna baxmayaraq fəxr etmirəm, qürrələnmirəm. Allah 124 min vəsi yaradıb. Allah yanında Əli onların hamısından əziz və üstündür.” Hədislərinin birində Peyğəmbər (s) 124 min rəqəmini qeyd etdikdən sonra buyurmuşdur: “Onların beşi “ulul-əzm” olub – Nuh, İbrahim, Musa, İsa və Mühəmməd.”[34]
  2. Yanliş yolda olanlar ziyandadırlar: Hədislərin birində qeyd edilir ki, Mədinədə bir təlxək var imiş. O, təlxəklik edib camaatı güldürərmiş. Bəzən deyərmiş: “Bu kişi (İmam Səccad) məni yorub. İndiyə qədər onu güldürə bilməmişəm”. Bir gün imam yol ilə gedərkən həmin təlxək yaxınlaşıb imamın əbasını çiynindən götürüb gedir. İmam heç bir reaksiya vermir. Yol yoldaşları təlxəyi təqib edirlər. Əbanı ondan alıb İmamın çiyninə salırlar. İmam: “Bu adam kim idi?” – deyə soruşduqda onun mədinəli təlxək olduğunu deyirlər. İmam buyurur: “Allahın bir günü var ki, həmin gün yanlış yolda olanlar ziyanda olacaqlar.”[35]
  3. Elmləri ilə qürrələnənlər: Bu surənin bir çox ayəsində insanların çoxunun bədbəxtliyinin və haqq yoldan azmasının əsas səbəbinin təkəbbür və qürrələnmə olduğu göstərilmişdir. Təkəbbür bəzən maliyyə imkanlarından, tərəfdarların çoxluğundan, hərbi qüvvədən, bəzən isə çox hesab edilən az elmdən qaynaqlanır. Müsasir dövrümüzdə, maddi cəhətdən inkişaf etmiş ölkələrin elm və sənaye uğurlarından sonra bunun canlı şahidiyik. Dinin inkar edilməsi və ateist məktəblərə üz tutulmasının əsas səbəblərindən biri son dövrlərdə təbiət elmləri üzrə bəzi nailiyyətlər əldə etmiş alimlərin öz elmləri ilə qürrələnməsi olmuşdur. Onlar təbiətin bəzi sirlərini kəşf etdikdən və kiçik bir elmi sızıntıya nail olduqdan sonra elə məst oldular ki, dünyada onların bildiyindən başqa heç nəyin həqiqət olmadığını təsəvvür etdilər. Allahı öz laboratoriyalarında müşahidə edə bilmədikləri üçün Onu inkar etməyə qalxdılar. Bu elmi təkəbbür elə bir həddə çatdı ki, dinin və peyğəmbərə edilən vəhyin cəhalətdən və ya qorxudan qaynaqlandığını iddia etdilər, elm öz çiçəklənmə dövrünə çatdıqdan sonra artıq dinə ehtiyac olmadığını söylədilər. Ancaq xoşbəxtlikdən bu məstlik və təkəbbür uzun sürmədi, başqa faktorlar ortaya çıxdı və onların əsassız düşüncələrinin üzərindən xətt çəkdi. Bir-birinin ardınca baş verən müharibələr, etik və sosial problemlər, hərc-mərcliklər, qırğınlar, psixoloji xəstəliklər, müxtəlif maliyyə və namus pozuntuları göstərdi ki, bəşər elmi təklikdə hərc-mərcliklərin qarşısını ala bilməmiş və ala da bilməz. Digər tərəfdən, müxtəlif elm sahələrində meydana çıxmış və insanın həll etməkdə aciz qaldığı saysız-hesabsız müəmmalar insanların yenidən peyğəmbərlərin təlimlərinə üz tutmasına, böyük bir zümrənin vəhy kölgəsinə qayıtmasına, insanlığı məhvə sürükləyən bu xəstəliklərin çarəsini peyğəmbərlərin göstərişlərində axtarmasına səbəb oldu. Bu əsnada İslam özünün xüsusi, mütərəqqi və zəngin təlimləri ilə yeni mərhələyə qədəm qoymuş, həqiqi İslamın tanınması istiqamətində hərəkətə başlamışdır. Ümid var ki, Allahın qəzəbi dünyanın böyük bir hissəsini tutmazdan əvvəl bu oyanış qloballaşacaq, təkəbbür tamamilə ortadan qalxacaq.[36]

[1] Nümunə, c.20. səh.4

[2] Nümunə, c.20, səh.4

[3] Nümunə, c.29, səh.33

[4] Nümunə, c.20, səh.40

[5] Nümunə, c.20, səh.43

[6] Nümunə, c.20, səh.53

[7] Əl-Mizan, c.17, səh.319

[8] Nümunə, c.20. səh.63

[9] Mənşuri-cavid, c.8, səh.192

[10] Üsuli-kafi, c.2, səh.293

[11] Biharül-ənvar, c.6, səh.154

[12] Mənşuri-cavid, c.8, səh.193

[13] Nümunə, c.20, səh.65

[14] Məcməül-bəyan, c.8, səh.433

[15]  Nümunə, c.20, səh.79

[16] Nümunə, c.20, səh.87

[17] Nümunə, c.20, səh.97

[18] Ətyəbül-bəyan, c.11, səh.375

[19] Nümunə, c.20, səh.86

[20] Nümunə, c.20, səh.106

[21] Nümunə, c.11, səh.391

[22] Nümunə, c.20, səh.117

[23] Nümunə, c.20, səh.113

[24] Nümunə, c.20, səh.118

[25] Nümunə, c.20, səh.127

[26] Əl-Mizan, c.17, səh.177

[27] Nümunə, c.20, səh.134

[28] Əl-Mizan, c.17, səh.340

[29] Nümunə, c.20, səh.146

[30] Nümunə, c.20. səh.159

[31] Nümunə, c.20, səh.167

[32] İrşadül-qülub, c.1, səh.32

[33] Nümunə, c.20, səh.174

[34] Nümunə, c.20, səh.183

[35] Nümunə, c.20, səh.182

[36] Nümunə, c.20, səh.197