“Həcc” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey insanlar! Rəbbinizdən qorxun! Çünki Qiyamətin zəlzələsi çox böyük bir şeydr.
  2. Onu görəcəyiniz gün süd verən ana südəmər körpəsini unudacaq, hamilə qadın bətnindəkini salacaqdır. Sərxoş olmadıqları halda, insanları sərxoş görəcəksən. Allahın əzabı  şiddətlidir.
  3. İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda, Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir.
  4. Onun haqqında belə yazılmışdır: kim onun rəhbərliyi altına keçsə, şübhəsiz ki, onu doğru yoldan çıxardıb yandırıcı Oda sürükləyər.
  5. Ey insanlar! Əgər dirilmə barəsində şübhəniz varsa, (yaddan çıxarmayın ki,) Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça çeynənmiş ətdən yaratdıq. (Bütün bunları ona görə dedik ki, hər şeyə qadir olduğumuzu) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq. Məqsəd sizin yetkinlik yaşına çatmağınızdır. Sizlərdən bəzisi vəfat edir, bəzisi də o qədər ömür sürür ki, ömrünün ən pis mərhələsinə çatır, bildiklərini unudur. Sən yer üzünü quru və cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib göyərir və cürbəcür gözəl bitkilər bitirir.

———————————————————————————

“Həcc” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları ümumilikdə altı hissəyə bölmək olar: 1. Məadla bağlı çoxlu sayda ayələr; 2. Şirk və müşriklərlə mübarizə; 3. Keçmiş xalqların ibrətamiz taleyi və Allahın onlara göndərdiyi əzabların araşdırılmasına dəvət; 4. Həcc mövzusu; onun İbrahm (ə) zamanından başlayan tarixi; qurbanlıq və təvaf hadisəsi; 5. Zalımlarla mübarizə və hücuma keçmiş düşmənlə müharibə; 6. Həyatın müxtəlif yönlərinə aid öyüd-nəsihətlər, namaz qılmağa, zəkat verməyə, yaxşını işlərə dəvət, pis işlərdən çəkindirmək, Allaha təvəkkül və diqqət yetirməyə stimullaşdırmaq[1].

  1. Qiyamət ərəfəsində baş verəcək böyük zəlzələ: Bu ayədə Allah mömin və kafir, qadın və kişi olmasından, xitabı əyani olaraq eşidib-eşitməməsindən, yaranmış və yaranacaq olmasından asılı olmayaraq bütün insanlara xitab edərək onlara özlərini Allahın qəzəbindən qorumaq göstərişini verir. Kafirlər iman gətirməklə, möminlər dinin əməli məsələlərində Allahın göstərişlərindən çıxmamaqla buna nail ola bilərlər. Ayədə Qiyamət zəlzələsinin böyüklüyü təqvalı olmanın səbəbi kimi təqdim edilmişdir. (Qiyamət zəlzələsi çox böyük olduğu üçün təqvalı olun!) Bu zəlzələnin Qiyamət zəlzələsi kimi təqdim edilməsinin səbəbi onun Qiyamət əlamətlərindən olması ilə bağlıdır. Ayədən belə başa düşülür ki, həmin zəlzələ birinci surun üfürülməsindən əvvəl baş verəcək. Çünki “Zümər” surəsinin 68-ci ayəsində belə buyurulmuşdur: “Sur çalınacaq. Dərhal hamı ayağa qalxacaq və haqq-hesabı gözləyəcək”. Bu zəlzələnin Qiyamətdən əvvəl baş verəcəyini ayədə insanların adi həyatlarını yaşadıqları vaxt qəfildən baş verəcəyini və həyatlarını dəyişəcəyini göstərən məzmunlar ifadə edir. Şübhəsiz ki, bu hadisə birinci surdan əvvəl bütün canlıların ölməsinə səbəb olacaq[2]. Bu ayə Quranın çox ayələrinin ehtiva etdiyi bir həqiqəti ümumi şəkildə ifadə edir; Qiyamət varlıq sistemində güclü dəyişiklik və çevriliş baş verməsi ilə qopacaq, dağlar yerindən oynayacaq, dənizlər bir-birinə qarışacaq, yerlə göy bir-birinə çırpılacaq, yeni dünya başlayacaq, Qiyamət ərəfəsində insanlar bərk qorxuya düşəcək, gözləri ayaqlarının altını görməyəcək[3].
  2. Cismani dirilişə aid iki sübut: Bu ayədə iki məntiqli və qətiyyətli dəlillə cismani dirilişə isarə edilmişdir: 1. Döl və ondan sonrakı mərhələdə baş verən dəyişikliklər, habelə bitkilər göyərərkən torpaqda baş verən dəyişikliklər. Əslində, Allah-taala insanların dünya həyatlarında qarşılaşdıqları, davamlı olaraq öz gözləri ilə gördükləri, ancaq fərqinə varmadıqları diriliş səhnələrini onlara izah etməklə ölümdən sonrakı həyatın nəinki qeyri-mümkün olmadığını, hətta hər gün qarşılaşdıqları hadisələrin bənzəri olduğunu başa salır. Cansız torpağı nütfəyə çevirən, dəyərsiz nütfəni ayrı-ayrı canlanma mərhələsindən keçirən, hər gün ona yeni həyat libası geyindirən, quru və cansız torpağa yenidən həyat bəxş edən, onu başdan-başa yamyaşıl dona bürüyən varlıq insanı yeni həyata qaytarmağa qadir deyilmi?![4]
  3. Dölün laxtalanmış qan və çeynənmiş ət mərhələləri: İnsanın bu ayədə qeyd edilmiş yeddi həyat mərhələsindən ikisinə izah verilməsi daha lazımlı görünür. Embrionun üçüncü həyat mərhələsində nütfə laxtalanmış qana çevrilir, malik olduğu hüceyrələr tut dənəsi kimi heç bir formasız bir-birinin yanında qərarlaşır. Qısa müddət keçdikdən sonra dölün ayrı-ayrı nahiyələrə bölünməsinin başlanğıcı hesab edilən bölgü çuxurları meydana gəlir. Dördüncü mərhələdə, yəni çeynənmiş ət mərhələsində döl yavaş-yavaş çeynənmiş bir ət parçası formasını alır. Ancaq bu mərhələdə heç bir üzv bəlli olmur. Qəfildən dölün dərisində dəyişikliklər meydana gəlməyə və yavaş-yavaş bədən üzvləri görünməyə başlayır. Bu mərhələni keçə bilməyən, əvvəlki formasında qalan döllər düşərək həyat səhnəsindən silinir. “Tam bir şəkilə salınmış və ya salınmamış” ifadəsi ilə ola bilsin ki, bu mərhələyə işarə edilmişdir[5].
  4. Bunun səbəbi Allahın haqq olmasıdır. O, ölüləri dirildir və hər şeyə qadirdir.
  5. Qiyamət gələcəkdir, onda heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanların hamısını dirildəcəkdir.
  6. İnsanlar arasında elələri də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.
  7. Onlar (Allahın sözlərinə qarşı) təkəbbür və etinasızlıqla insanları Allahın yolundan sapdırmaq istəyirlər. Onlar bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz onlara Cəhənnəm əzabını daddıracağıq.
  8. (Onlara deyiləcəkdir:) “Bu, öncədən əllərinizin sizin üçün göndərdiklərinin qarşılığıdır (etdiyiniz əməllərin nəticəsidir). Allah qullarına əsla zülm etməz”.
  9. İnsanlardan eləsi də vardır ki, Allaha yalnız dildə ibadət edir. Əgər ona bir xeyir nəsib olsa, rahatlıq tapar. Yox, əgər sınanması üçün bir müsibətə düçar olarsa, dəyişər (küfrə üz tutar). O (şəxs) dünyanı da itirər, axirəti də. Açıq-aşkar ziyan məhz elə budur.
  10. O, Allahı qoyub ona heç bir zərər və xeyir verməyəni çağırar. Dərin azğınlıq da elə budur.
  11. O, həm də zərəri xeyrindən daha yaxın olana çağırar. O, nə pis rəhbər və köməkçi, nə pis munis və yoldaşdır!
  12. Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Allah istədiyini edəndir.
  13. Allahın dünyada və axirətdə Öz Peyğəmbərinə köməklik göstərməyəcəyini güman edən şəxs evinin tavanına bir ip salıb özünü assın, sonra da nəfəsini kəssin və baxıb görsün, bu hərəkəti qəzəbini yatırdacaqmı?

————————————————————————————-

  1. Məadın (Allahın hüzuruna qayıdışın) baş verəcəyi qətidir: Bu surənin 5 və 6-cı ayələrində məadın baş verəcəyinin mümkünlüyündən, bu ayədə isə onun baş verəcəyinin qətiliyindən bəhs edilir. Allah-taala bu ayədə başa salır ki, ölülərin dirilişi təkcə mümkün hadisə yox, eyni zamanda qəti və qaçılmazdır. Ölümdən sonrakı həyatın mövcudluğuna şübhəsi olanlar bütün ilboyu və hər gün insan və bitkilərin gözləri önündə təkrarlanan oxşar həyat səhnələrinə baxsınlar. Allahın qüdrətinə şübhə edənlər yaranış mərhələlərini düşünsünlər. İnsanlar ilk başlanğıcda torpaqdan yaranmayıblarmı? Buna görə də yenidən torpaqdan qaxlmağın harası təəccüblüdür? Hər il torpağın gözlərimiz önündə öldükdən sonra dirildiyini görmürükmü? Buna görə də öldükdən sonra insanların dirilməsi nə üçün təəccüb doğurmalıdır? Məadın baş verəcəyinə şübhə edənlər bilməlidirlər ki, bu dünyaya hakim olan sistem yaranışın bir məqsədi olduğundan xəbər verir. Yoxsa hər şey əbəs və yanlış olardı. Digər tərəfdən, bir neçə günlük ömrü olan, özü də xoşagəlməzliklər və nakamlıqlarla müşayiət olunan bu həyat yaranışın ali məqsədini əsla təşkil edə bilməz. Buna görə də yaradılışın məqsədi hesab ediləcək geniş və əbədi bir dünya olmalıdır[6].
  2. Üç azğın dəstənin pislənməsi: Surənin 3, 8 və 11-ci ayələri “insanlardan elələri də var” və ya “insanlardan eləsi də var” ifadəsi ilə başlamış, davamında isə üç azğın insan tipindən danışılmışdır. Birinci tip heç bir elm və məlumatları olmadan Allah haqqında mübahisəyə qalxan, cin və insanlardan olmasından asılı olmayaraq, asi şeytanlara tabe olan azğın insanlardır (3-cü ayə). İkinci tip azğınlar birinci qrupun azdırıcı rəhbərlərinə arxalanıb Allahın sözlərinə etinasızlıq göstərən və insanları Allahın yolundan sapdırmaq istəyən insanlardır (8-ci ayə). 11-ci ayədə üçüncü tip azğın insanlardan danışılır. Onlar imanları zəif olan insanlardır. Onlar din və imandan sanki maddiyat əldə etmək üçün istifadə edirlər. Əgər bu məqsəd hasil olsa, dini doğru hesab edir, əks təqdirdə əsassız olduğunu düşünürlər. Bir qrup təfsirçi bu ayənin nazilolma səbəbi haqqında belə yazmışdır: Ara-sıra Peyğəmbərin (s) yanına gələn bir qrup səhra ərəbi var idi. Əgər maddi cəhətdən vəziyyətləri yaxşı olsaydı, atları doğsaydı, oğlan uşaqları olsaydı, sərvətləri və mal-qaraları artsaydı, şadlanar, İslama və Peyğəmbərə (s) etimad və inam göstərərdilər. Ancaq xəstələnsəydlər, qızları olsaydı, var-dövlətləri azalsaydı, qəlbləri Şeytanın vəsvəsəsinə məruz qalar, bütün bu bədbəxtliklərin səbəbini qəbul etdikləri din olduğunu düşünüb ondan üz döndərərdilər. Bu cür insanlar dinə yalnız maddiyyat dəliyindən baxır, onun haqq və doğru olduğunu dünya mənfəətləri ilə ölçürdülər. Dövrümüzdə də sayı çox olan və hər bir cəmiyyətdə mövcud olan insanlar imanları şirkə və bütpərəstliyə bulaşmış insanlardır. Sadəcə, bunların bütü onların həyat yoldaşları, övladları, var-dövlətləri və sərvətləridir. Təbii ki, bu cür inam və etiqad hörümçək torundan da zəif olur[7].
  3. Allahın Peyğəmbərə (s) yardım etməsinə qəzəblənən insanların çıxış yolu: Təfsirçilər dəlil və faktlara əsaslanaraq bu ayə ilə bağlı müxtəlif fikirlər bildrmişlər. Onların arasında daha düzgün nəzərə çarpan fikir budur: Bu ayədə müşrik və kafirlərə bildirilir ki, istər Məkkədə olsun, istərsə də Mədinəyə hicrətindən sonra, bütün peyğəmbərliyi dövründə müşriklər Peyğəmbərə (s) qarşı hiylə və kələk qurmaqdan əl çəkmədilər. Məkkədə onu qətlə yetirmək istədilər, o isə Allahın istəyi ilə xilas olub Mədinəyə hicrət etdi. Bədr və Ühüd kimi müharibələri təşkil edib dəfələrlə İslamı məhv etmək qərarına gəldilər. Ancaq Allah günbəgün İslamın izzət və hörmətini artırdı, Peyğəmbərinə yardım etdi. Buna görə də onların Peyğəmbərə (s) qarşı olan kin-küdurətləri artdı. Allah-taala bu ayədə buyurur ki, əgər qəzəbdən özünüzü həlak etsəniz belə, bütün hiylə və kələkləriniz öz zərərinizə olacaq, Allahın qüdrət və istəyi qarşısında nakam qalacaqsınız[8].
  4. Biz onu (Quranı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah istədiyini doğru yola yönəldər.
  5. Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında Qiyamət günü (haqq ilə batili ayırd edərək) hökm verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Hər şeydən xəbərdardır!)
  6. Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxları üçün (kafirlərə) isə əzab qaçılmazdır. Allahın xar etdiyi kimsəni heç kəs yüksəldə bilməz. Allah dilədiyini (məsləhət bildiyini) edər!
  7. Bunlar Rəbləri barəsində mübahisə və düşmənçiliyə qalxan iki zümrədir. Onu inkar edənlər üçün oddan paltar biçilmişdir; başlarına qaynar və yandırıcı maye töküləcəkdir.
  8. İçləri və dəriləri onunla əriyəcək.
  9. Hələ onlar üçün dəmir gürzlər vardır.
  10. Cəhənnəmin qəm-qüssəsindən xilas olmaq istədiklərində yenidən oraya qaytarılacaq və (onlara:) “Yandırıcı əzabı dadın!” (deyiləcək).
  11. Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar altun və incidən olan bilərziklərlə bəzənəcək, oradakı libasları ipəkdən olacaqdır!

—————————————————————————————–

  1. Ulduzpərəst və atəşpərəstlər: Ayədə adıçəkilən altı qrupdan ikisi haqqında izahat vermək daha lazımlı görünür. 1. Ulduzpərəstlər: Ayədən onların bəzi səmavi dinlərə tabe olduqları, xüsusilə yəhudilərlə xaçpərəstlər arasında bir mövqe seçdikləri başa düşülür. Bəziləri onları Zəkəriyya oğlu Yəhyanın davamçıları hesab edirlər. Xristianlar arasında o, baptist Yəhya adı ilə məşhurdur. Bəziləri hesab edir ki, onlar həm yəhudi, həm də xristian inanclarının qarışığından bir din yaratmışlar. Buna görə də onların dinini yəhudiliklə xristianlığın sintezi hesab edirlər. Ulduzpərəstlər üçün axar su çox mühüm əhəmiyyət daşıyır. Buna görə də onların çoxu iri çayların sahilində yaşayır. Onların ulduzpərəst adlandırılmasının səbəbi bəzi ulduzlara xüsusi rəğbət bəsləmələri ilə bağlıdır[9]. 2. Atəşpərəstlər: Atəşpərəstlər Zərdüştün davamçılarına deyilir. Onların müqəddəs kitabı Avesta adlanır. Zərdüşütün həyat tarixi və zühur etdiyi zaman çox mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, əlimizdə Zərdüştlə bağlı dəqiq məlumat yoxdur. İskəndərin İrana hücumu zamanı bu dinin tərəfdarlarının müqəddəs kitabı tamamilə məhv edilmişdir. Hətta onun bir vərəqi belə saxlanmamışdır. Sasanilərin hakimiyyəti dövründə kitab yenidən yazılmışdır. Buna görə də onların dininin əsl mahiyyəti haqqında dəqiq məlumata malik deyilik. Dəqiq olan budur ki, atəşpərəstlər dünyanın iki mənbə tərəfindən idarə olunduğuna inanırlar. Bu mənbələrdən biri xeyir, digəri isə şərdir. Birincinin adı Ahura Məzda, ikincisinin adı isə Əhriməndir. Onlardan biri nur, digəri isə zülmətdir. Onların mələklərin müqəddəs olduğuna etiqad bəslədikləri, ancaq bütpərəstlərdən fərqli olaraq onlar üçün büt düzəltmədikləri, təvəssül etmədikləri və onları vasitəçi seçmədikləri də dəqiqdir. Onlar dörd ünsürü, xüsusilə odu müqəddəs hesab etmişlər. Qədimdə atəşpərəstlərin İran, Çin, Hindistan və sair ölkələrdə atəşgahları olmuşdur. Onlar bütün kainatın Ahura Məzdaya aid olduğuna, ümumiyyətlə, dünyanın onun tərəfindən yarandığına inanmışlar. Hədislərdə deyilir ki, onların bir peyğəmbəri olub və onlar həmin peyğəmbəri qətlə yetirib kitabını yandırıblar. Bəzi hədislərə görə Allah onlara peyğəmbər və kitab göndərmiş, onlar isə günaha bulaşdıqları üçün Allahın dinini təhrif edib, özlərindən yeni bir din yaratmışlar[10].
  2. Mövcudatın səcdə etməsi: Quranın ayrı-ayrı ayələrində mövcudatın səcdə etməsindən, Allaha həmd və təriflər deməsindən, namaz qılmasından söhbət açılır və bu dörd ibadət formasının təkcə insanlara məxsus olmadığı, hətta zahirdən cansız görünən varlıqların da bu ibadətlərdə iştirak etdiyi bildirilir. Bu ayəyə əsasən deyə bilərik ki, mövcudat iki formada səcdə edir: ixtiyari və qeyri-ixtiyari (şüurlu və şüursuz). Onların Allahın iradəsi, yaranış qanunları, bu dünyaya hakim olan nizam-intizam qarşısındakı qeyd-şərtsiz səcdəsi və təvazökarlığı bu kainatın bütün zərrələrini əhatə edən qeyri-ixtiyarı və şüursuz səcdədir. Hətta fironların, nəmrudların və inadkar inkarçıların varlığını təşkil edən bütün zərrələr və beyin hüceyrələri də bu qeyri-ixtiyari səcdənin subyektləridr. Bir qrup tədqiqatçı hesab edir ki, dünyanın bütün zərrələri şüur və dərkin müəyyən bir növünə malikdir. Bu dərk sayəsində Allaha həmd və tərif deyir, səcdə edir, namaz qılırlar. (Bax: “İsra” surəsi, 44-cü ayə.) Əgər bu şüur və dərk formasını qəbul etməsək belə, onların yaranış qanunları qarşısındakı təvazökarlıq və itaəti inkaredilməzdir. İxtiyari və şüurlu səcdəyə gəlincə, onda ağıl, şüur, dərk və idrak sahiblərinin Allah qarşısında etdikləri təvazökarlıq nəzərdə tutulur. Burada ortaya belə bir sual çıxır: Əgər bütün mövcudatın ümumi səcdə proqramı insanlara da şamil olursa, nə üçün bu ayədə yalnız bəzi insanların səcdə etdyi qeyd edilir? Bu ayədə səcdənin ixtiyari və qeyri-ixtiyari yönlərinin birlikdə işlədildiyinə diqqət yetirsək, sualın cavabı aydınlaşar. Belə ki, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların səcdəsi deyilərkən qeyri-ixtiyari səcdə nəzərdə tutulur, ancaq insanlara gəldikdə, onun ixtiyari yönü nəzərdə tutulur ki, bəziləri onu yerinə yetirir, bəziləri isə ondan boyun qaçıraraq “bir çoxları üçün (kafirlərə) isə əzab qaçılmazdır” cümləsinin şamil olduğu insanların sırasına daxil olurlar[11].
  3. Onlar pak sözə doğru və Allahın bəyəndiyi yola yönəldilirlər.
  4. Kafir olub möminləri Allah yolundan, (habelə) həm yerlilər, həm də gəlmələr üçün bərabər səviyyəli (ibadətgah) etdiyimiz Məscidül-həramdan döndərənlərə və burada haqq yoldan azmaq, zülm və haqsızlığa yol vermək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!
  5. (Xatırla!) Bir zaman evin yerini İbrahim üçün hazırlayıb: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün (bütlərdən və bütün çirkablardan) təmizlə!” (-deyə buyurmuşduq).
  6. İnsanları həccə çağır ki, onlar sənin yanına hər cür uzaq yollardan piyada və arıq dəvələr üstündə gəlsinlər,
  7. özlərinə aid olan müxtəlif faydaların şahidi olsunlar və məlum günlərdə (qurban kəsərkən) onlara verilmiş heyvanların (başı) üzərində Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!
  8. Sonra günahlarını yusunlar, nəzirlərini yerinə çatdırsınlar və dəyərli Kəbə evinin ətrafına fırlansınlar.
  9. (Həcc ayinləri) bunlardır! Hər kim ilahi proqramlara hörmət etsə, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlar istisna olmaqla heyvanlar sizə halal edilmişdir. Murdar bütlərdən qorunun, yalan söz­­lərdən də çəkinin.

————————————————————————————-

  1. Məscidül-həramda hamının bərabər olması: Təfsirçilər “həm yerlilər, həm də gəlmələr üçün bərabər səviyyəli (ibadətgah) etdiyimiz” cümləsi ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Bəziləri hesab edir ki, cümlədə tövhid mərkəzində ibadət edərkən hər kəsin bərabər olması nəzərdə tutulur. Yəni həcc əməlini yerinə yetirərkən və Kəbə evinin yanında ibadət edərkən heç kəsin başqasına mane olmağa haqqı çatmır. Bəzləri bu cümlənin daha geniş məzmun ifadə etdiyini bildirirək belə demişlər: İnsanlar təkcə ibadət mərasimlərində deyil, istirahət və digər ehtiyaclarını təmin etmək üçün Məkkə ətrafında olan ərazilərdən və evlərdən istifadə zamanı da bərabərdirlər. Buna görə də bəzi fəqihlər Məkkənin evlərinin alqı-satqısını və kirayəyə verilməsini haram edərək fətvalarını bu ayə ilə əsaslandırmışlar. Hədislərdə də zəvvarların Məkkə evlərində məskunlaşmasının qarşısının alınması qadağan edilmişdir. Bəzi hədislərdə bu davranış haram, bəzilərində isə məkruh əməl kimi təqdim edilmişdir. Əlbəttə, fiqhi mənbələr, hədislər və təfsir baxımından bu məsələ qəti olmadığı üçün onun haram olması hökmünü vermək çox çətindir[12].
  2. “Kəbə evinin yerinin İbrahim üçün hazır edilməsi” deyilərkən nə nəzərdə tutulur? Hədislərdə yazılanlara görə Allah Adəmin zamanında tikilmiş, Nuhun tufanında dağılmış Kəbə evinin yerini İbrahimə (ə) göstərmişdir. Külək qopmuş, torpaq göyə sovrulmuş və evin sütunları görünmüşdü; bulud gəlmiş və həmin yerə kölgə salmışdı. Hər halda, evin yeri İbrahimə göstərilərək hazır edilmiş, o da oğlu İsmaıl ilə onu yenidən tikmişdir[13]. Ayədə təvaf edənlər, qiyam edənlər, rüku edənlər və səcdə edənlər ifadələri yanaşı işləndiyi üçün Allah evinin yanında edilən ən böyük ibadətin bu dörd ibadət forması olduğunu hesab etmək olar[14].
  3. İstər piyada olun, istərsə də süvari, həccə gedin: Ayədə piyadaların süvarilərdən əvvəl qeyd edilməsi Allah dərgahında onların məqamının üstün olmasına işarədir. Çünki onlar bu yolda daha çox əziyyət çəkirlər. Belə ki, hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Həccə piyada gedənin hər addımına yeddi yüz savab verilər, süvarlərin hər addımına isə yetmiş savab.” Bu ifadə Allahın evini ziyarət etməyin mühüm əhəmiyyət daşıdığına da işarə ola bilər. Yəni bu yolda bütün imkanlardan istifadə edilməlidir və hər zaman minik gözləmək lazım deyil. “Arıq” deyiləkən keçdiyi çöllər yandırıcı, quru, susuz və ot-ələfsiz olduğu üçün bu yolun minikləri arıqlatdığı nəzərdə tutulur. Ola bilər ki, bu ifadə ilə səfərin çətinliyinə və yaxud da səfər üçün daha çevik, dözümlü və sınaqdan çıxmış, sınaq meydanında arıqlamış, əzələləri möhkəmlənmiş heyvanların seçilməsinin zəruriliyinə işarə edilmişdir. Bu yolda yaxşı bəslənmiş heyvanlar kara gəlmir. Əlbəttə, naz-nemət içində bəslənən insanlar da bu yolun adamı deyillər[15].
  4. Həccin faydaları: Ayədə “faydalar” ifadəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur və o, bütün faydaları, mənəvi bərəkətləri, maddi nəticələri, fərdi və sosial faydaları, siyasi, ictimai, iqtisadi və əxlaqi fəlsəfələri ehtiva edir. Sinfindən və mövqeyindən asılı olmayaraq müsəlmanlar dünyanın bütün nöqtələrindən oraya axışsınlar və qulaqları ilə eşitdiklərini gözləri ilə görsünlər. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “O, həm dünyəvi, həm də axirət faydalarını ehtiva edir.”[16]
  5. Məlum günlər: Əhli-beyt (ə) hədislərinə əsasən məlum günlər deyilərkən zilhiccə ayının 10, 11, 12 və 13-cü günləri nəzərdə tutulur. Heyvanlar üzərində Allahın adının çəkilməsi deyilərkən qurban kəsərkən Allahın adının çəkilməsinə işarə edilir. Bu əməl qoyun və dəvəni bütlərə qurban edən müşriklərin əməllərindən fərqlənir[17].
  6. Hamınız Allah üçün xalis və səmimi olun (və həmin halda həcc ayinlərini yerinə yetirin), Ona əsla şərik qoşmayın! Kim Allaha şərik qoşsa, elə bil, göydən düşər, quşlar onu qapar, yaxud külək onu sovurub uzaq bir yerə atar.
  7. Budur (həcc ayinləri)! Hər kim Allahın nişanələrinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasının əlamətidir.
  8. Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta (qurbanlıq gününə) qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim və qiymətli evin (Kəbənin) yaxınlığındadır.
  9. Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, ruzi verdiyimiz heyvanların üzərində (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan tanrıdır. Onun qarşısında təslim olun. Sən təslim olanlara və müti olanlara müjdə ver.
  10. O kəslərə ki, Allah anıldığı zaman qəlbinə qorxu düşər, başına gələn müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər.
  11. Biz kök dəvələri də sizin üçün Allahın (dininin) nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Sıra ilə düzüldükləri halda (kəsərkən) üzərlərində Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə ram etdik ki, bəlkə Allaha şükür edəsiniz.
  12. Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bunları sizə beləcə ram etdi. Yaxş işlər görənləri müjdələ!
  13. Allah iman gətirənləri müdafiə edir. Allah heç bir nankor xaini sevmir.

————————————————————————————–

  1. Şirk tövhid səmasından enməkdir: Ayədə səma deyilərkən tövhid nəzərdə tutulur, şirk bu səmadan enməyə səbəb olur. Təbii ki, bu səmada ulduzlar sayrışır, ay və günəş parlayır. Xoş o adamın halına ki, bu səmada günəş və ay kimi olmasa da, heç olmasa sayrışan ulduzlar kimi olsun. Yüksəklikdən enərkən iki aqibətlə qarşılaşmaq olar. 1. Yarı yolda leş yeyən quşlara yem olmaq. Yəni insan aid olduğu yüksəklikdən enərsə, nəfsani istəklərin hücumuna məruz qalar. Onların hər biri insanın varlığının bir hissəsini qapıb məhv edər. 2. Əgər onların əlindən yaxa qurtarsa, küləklərə məruz qalar. Külək onu uzaqlarda yerə elə çırpar ki, parça-parça olar, hər tikəsi bir yerə sıçrayar. Burada külək deyilərkən pusquda durmuş Şeytan nəzərdə tutulur. Şübhəsiz ki, tövhid səmasından enən şəxs qətiyyətini itirir, hər an artan sürətlə yoxluğa doğru irəliləyir, sonda məhv olur. Tövhid səmasından məhrum olmuş şəxs tale yüyənini əlinə ala bilməz, bu yolda irəlilədikcə, tənəzzülü artar, nəhayət, bütün insanlıq sərmayəsini itirər. Doğrusu, şirk üçün bundan canlı və bundan obrazlı bənzətmə ola bilməz[18].
  2. Qurbanlığın sərf olunduğu yerlər: Ayədə qurbanlıq ətinin sərf olunduğu üç yer qeyd edilmişdir: 1. Hacılar özləri yesinlər. “Ondan yesinlər” cümləsindən belə başa düşülür ki, hacıların özlərinin ondan yeməsi vacibdir. Ola bilsin ki, bu, onlarla ehtiyaclılar arasında bərabərliyin riayət edilməsi üçündür. 2. Qane olan şəxsə verilsin. Qane olan nə isə verildikdə verilənə qane və razı olan, etiraz etməyən, qəzəblənməyən şəxsə deyilir. 3. Qurbanlığın sərf olunduğu üçüncü şəxs dilənçidir. Dilənçi ehtiyacını dilənən, verilənə qane olmayıb etiraz edən şəxsə deyilir. Bu və 28-ci ayədən belə başa düşülür ki, həcc mərasimində qurbanlıq lazım olan yerlərə çatdırılmalı, həm qurban kəsən, həm də ona ehtiyacı olanlara sərf edilməlidir. Müsəlman qurbanlıq ətini Minada xarab edə və ya torpağa basdıra bilməz. Əgər həmin yerdə ehtiyaclı tapılmazsa, ehtiyac duyulan başqa yerə göndərməlidir[19].
  3. Qurban kəsməyin fəlsəfəsi: Allahın qurbanlığa ehtiyacı varmı? Ümumiyyətlə, qurban kəsilməsinin fəlsəfəsi nədir? Bu ayədə açıq şəkildə bildirilir ki, Allahın qurbanlığa ehtiyacı yoxdur. Əslində, məqsəd insanların təqva mərhələlərini adlaması, kamillik yolunu davam etdirməsi və Allaha daha da yaxınlaşmasıdır. Bütün ibadətlər insanların tərbiyə edilməsi üçündür. Qurbanlıq insana fədakarlıq, güzəşt, Allah yolunda şəhidliyə hazır olmaq, yoxsul və ehtiyaclı insanlara yardım etmək dərsləri öyrədir. Qandan istifadə edilmədiyini bilirik. Əslində, Allah-taala “onun qanı da Allaha çatmaz”, – deyə buyurarkən Məkkə müşriklərinin əməllərini təkrar etmək istəyən müsəlmanlar qarşısında qadağa qoyur. Belə ki, müşriklər qurban kəsərkən onun qanını bəzən bütlərin başına və ya Kəbə evinin divarlarına sürtürdülər. Bəzi müsəlmanlar da onların bu xurafatlarını təkrar etməyə meyl göstərirdilər. Sözügedən ayə nazil olur və bu hərəkətin müsəlmanlara qadağan olduğunu elan edir. Təəssüflər olsun ki, bu adət bəzi regionlarda hələ də qalmaqdadır. İnsanlar ev tikdikdən sonra qurban kəsib onun qanını evin divar və tavanına sürtür, hətta bəziləri məscidlərin tikilişi zamanı da bu çirkin hərəkətə yol verirlər[20].
  4. Müharibəyə məcbur edilmiş insanlara cihad icazəsi verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Allah onlara kömək etməyə qadirdir.
  5. Onlar ancaq “Rəbbimiz tək olan Allahdır” – dediklərinə görə haqsız yerə evlərindən və şəhərlərindən çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, monastırlar, kilsələr, sinaqoqlar və içərisində Allahın adı çox zikr olunan məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə yardım edər. Allah qüvvətlidir, məğlubedilməzdir.
  6. Əgər onlara yer üzündə qüdrət versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
  7. Əgər səni yalançı saysalar, (bil ki, bu, təzə bir şey deyil,) səndən əvvəl Nuh, Ad və Səmudun qövmü də (peyğəmbərlərini) yalançı saymışdı.
  8. Habelə İbrahim və Lutun qövmü
  9. və Mədyən əhli də. Musa da yalançı sayılmışdı. Ancaq Mən kafirlərə möhlət verib, sonra onları əzaba düçar etdim. Onları(n əməllərini) necə inkar etdiyimi (və onlara necə cavab verdiyimi) gördünmü?
  10. Zülm etdikləri halda, damları üzərinə uçurub (öncə dam və tavanlarını uçurduğumuz, sonra divarları həmin damların üzərinə uçurub) məhv etdiyimiz neçə-neçə kənd və şəhərlər olmuşdur. Neçə-neçə quyular, neçə-neçə uca və möhkəm qəsrlər sahibsiz qaldı.
  11. Məgər onlar dərk etmək üçün qəlbə, eşitmək üçün qulağa mallik olsunlar deyə, yer üzündə gəzib dolaşmırlar? Əslində, gözlər deyil, kökslərdəki qəlblər kor olur.

——————————————————————————————-

39-40. Cihadı zəruri edən səbəblər: Bu ayələrdə cihadin iki mühüm yönünə işarə edilmişdir: 1. Məzlumun zalıma qarşı cihadı. Məzlumun zalıma qarşı cihadı onun fitri və əqli haqqıdır. O, haqqını zalımdan almaq üçün ayağa qalxmalı, fəryad qoparmalı, silaha əl atmalı, zalımı öz yerində oturtmalı, haqsızlığa uzanmış əlini kəsməlidir. 2. Allah adını qəlblərdən silməyə, düşüncələrin oyanış mərkəzləri olan ibadət ocaqlarını dağıtmağa niyyətlənən və buna cürət edən həddini aşmışlara qarşı cihad. Allahın nişanələrini yaddaşlardan silməyə çalışan, insanları özlərinə qul və kölə etməyə səy göstərən bu cür insanlara qarşı cihad etmək vacibdir. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, məscid və ibadət ocaqlarını viran qoymaq təkcə onların divarlarını uçurmaqdan ibarət deyil, dolayı yollarla məscid və ibadət ocaqlarının daxilinə nüfuz etmək və çirkin təbliğatlar aparmaqla insanları bu məkanlardan uzaqlaşdırmaq, haqq yoldan azdıraraq Allahdan uzaq salmaqla sözügedən məkanları xarabalığa çevirmək onları viran qoymağın bir formasıdır. Buradan da “nə üçün İslam müsəlmanların öz məqsədlərini zor və silah gücünə həyata keçirməsinə, təkcə məntiqi vasitələrlə kifayətlənməməsinə icazə vermişdir?” – deyə soruşanların cavabı aydın olur. İnsanları haqqı dedikləri üçün ev-eşiklərindən didərgin salan, var-dövlətlərini mənimsəyən, heç bir qanun və məntiq qəbul etməyən zalımlara qarşı məntiq və sözlə mübarzə aparmaq olarmı? Əgər subyektiv düşüncələri bir kənara qoysaq və insan cəmiyyətlərində mövcud olan gerçəklərə baxsaq, əminliklə deyə bilərik ki, bəzən elə şərait yaranır ki, silaha əl atmaq, güc tətbiq etməkdən başqa çarə qalmır. Bu isə məntiqin gücsüzlüyü deyil, düzgün məntiqin qəbul edilməməsi ilə izah edilir. Şübhəsiz ki, məntiqin təsir göstərdiyi yerlərdə o, hər zaman öndədir[21].

  1. Əməlisalehlərin hökmranlıq forması: Əvvəlki ayələrdə Allah tərəfindən yardım ediləcəklərinə vəd verilmiş Allah dostlarının xüsusiyyətləri bu ayə vasitəsilə bəyan edilmişdir: Onlar qüdrət əldə etdikdən sonra hədlərini aşmırlar, Allahla, eyni zamanda xalqla olan əlaqələri daha da möhkəmlənir. Namaz yaradanla olan əlaqənin göstəricisi, zəkat vermək xalqla olan münasibətlərin sıx olmasının rəmzi, yaxşı işlər görməyi əmr etmək, pis işləri qadağan etmək isə sağlam bir cəmiyyətin əsasları hesab edilir. Bu dörd xüsusiyyət sözügedən insanları tanımaq üçün kifayətdir. Bəzi hədislərdə bu ayənin İmam Mehdi (ə) və onun səhabələri və ya Allah rəsulunun (s) nəsli ilə bağlı olduğu qeyd edilmişdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: Bu ayə Mühəmmədin nəsli, Mehdi (ə) və onun səhabələri ilə bağlıdır. Allah-taala şərq və qərbi onların hakimiyyəti altına keçirəcək, dinini qalib edəcək, Mehdi (ə) və səhabələrinin əli ilə haqqı sıxışdırmış bədbəxtlik tərənnümçüsü olan batili məhv edəcək, zülmdən əsər-əlamət qalmayacaq, onlar yaxşı işlər görməyi əmr edəcək, pis işləri qadağan edəcəklər[22].
  2. İnsanın daxili idrak vasitələri: Bu ayədə insanın idrak vasitələri qəlb (ağıl) və qulaqda cəmləşdirilmişdir. Yəni insanın həqiqətləri dərk etməsi üçün iki vasitəsi var: ya daxildən hərəkətverici bir qüvvəyə malik olmalı və məsələləri özü təhlil etməli, ya nəsihətçilərə, haqq yolunun bələdçilərinə, Allahın peyğəmbərlərinə və haqq adamlarına qulaq asmalı, ya da hər iki yol vasitəsilə haqqa çatmalıdır[23]. Allah-taala Quranda “görən göz və eşidən qulağı olub, əslində, kor və kar olan nə çox insan var”, – deyə buyurmuşdur. Əslində, gözlərini itirdkləri halda, qəlbən ayıq olan insanlar kor deyillər. Əsl korlar qəlblərinin gözü kor olanlar, həqiqəti dərk etməyən şəxslərdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Ən pis korluq qəlb korluğudur.” Başqa bir hədisində isə belə buyurmuşdur: “Allah-taala hər hansı bəndəsinə yaxşılıq etmək istədikdə görə bilmədiklərini görməsi üçün onun qəlb gözünü açır.”[24]
  3. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!
  4. Neçə-neçə şəhərlər və kəndlərə (əhalisi) zalım olduqları halda möhlət verdim, (onlar bu möhlətdən düzgün istifadə etmədikdən) sonra onları əzaba düçar etdim. Dönüş yalnız Mənədir!
  5. De: “Ey insanlar! Mən sizə yalnız açıq xəbərdarlıq edənəm.
  6. İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və qiymətli ruzi vardır.
  7. Ayələrimizi məhv etməyə çalışanlar və bizim qəti iradəmizə qalib gələcəklərini düşünənlər Cəhənnəm sakinləridirlər.
  8. Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o arzu etdiyində (ilahi məqsədləri həyata keçirmək üçün plan düşündükdə) Şeytan ona (həmin plana) gizlicə təlqinlər etməsin. Lakin Allah Şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarır, sonra da Öz ayələrini möhkəmlədirirdi. Allah biləndir, hikmət sahibidir.
  9. (Bununla) Allah Şeytanın gizli təlqinini qəlbində xəstəlik və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevirmək istəyirdi. Zalımlar uzaq bir ədavət içindədirlər.
  10. Habelə məqsəd bu idi ki, elm verilən kəslər bunun Rəbbin tərəfindən olan bir həqiqət olduğunu bilsinlər, nəticədə, ona inansınlar və qəlbləri onun qarşısında itaət göstərsin. Allah iman gətirənləri doğru yola yönəldər.
  11. Kafirlər isə Qiyamət günü qəfildən başlarının üstünü alanadək, yaxud faydası olmayan bir günün əzabı yetişənədək Quran barəsində şəkk-şübhə içində qalarlar.

—————————————————————————————

  1. Allahın səbiri: Təfsirçilər “Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!” cümləsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Daha ağlabatan isə bu fikirdir: Allah-taala misal olaraq bir günün min ilə bərabər olduğunu qeyd etməklə başa salmaq istəyir ki, Onun üçün əzabın gəlməsinə tələsən insanlara dərhal əzab göndərməklə onlara min il möhlət verib, daha sonra əzab vermək arasında heç bir fərq yoxdur. Onlar onsuz da sonra əzaba düçar olacaqlar, çünki Allah Öz vədinə əsla xilaf çıxmaz[25]. Bu ayə əslində, Allahın helmli və səbirli olduğunu göstərir[26]. Çünki helm və səbirin mənası möhlət vermək və günahın cəzasının təxirə salınmasıdır[27]. Digər tərəfdən isə, tələsmək fürsətin əldən çıxmasından və imkanların tükənməsindən qorxan adamların xüsusiyyətidir. Amma əzəli və əbədi qüdrət sahibi olan Allah üçün tələsməyin heç bir mənası yoxdur, O Öz vədini yerinə yetirməyə hər zaman qadirdir[28].
  2. Rəsulla nəbinin fərqi: “Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik” cümləsindən elçi (rəsul) ilə nəbi arasında fərq olduğu açıq-aydın başa düşülür. Bu barədə çox izahlar verilmişdir. Ancaq daha uyğun izah budur ki, rəsul (elçi) öz dinini təbliğ etmək və bu dinə dəvət etməklə vəzifələndirilmiş peyğəmbərə deyilir. Rəsulların bu yolda əllərindən gələni əsirgəmədiklərini, istənlən çətinliklərə canları bahasına olsa belə, sinə gərdiklərini yaxşı bilirik. Nəbi isə leksik mənasından da göründüyü kimi, irimiqyaslı təbliğ vəzifəsi daşımasa da, ilahi vəhydən xəbər verən şəxsə deyilir. Yəni nəbi dərdi olanların müraciət edib dərdlərinə çarə istədikləri həkim kimidir. Peyğəmbərlərin şərait və mühitləri bir-birindən fərqlənmiş, hər birinin özünəməxsus vəzifəsi olmuşdur[29]. Əlbəttə, bəzi təfsirçilər Əhli-beyt (ə) hədislərinə istinad edərək bildiriblər ki, rəsul vəhy mələyinin nazil olduğu, mələyi görən və onunla danışan şəxsdir. Amma nəbi yuxu görən və vəhyi yuxu vasitəsilə alan şəxsdir[30].
  3. Şeytanın peyğəmbərlərin hədəflərinə təlqinləri: Bu ayə ilə bağlı müxtəlif təfsirlər mövcuddur. Onların bəzisi Peyğəmbərin (s) qəti dəlillərlə sübuta yetmiş məsumluğuna ziddir. Əllamə Təbatəbai “təmənna” sözü əsasında ayəni iki şəkildə təfsir etmişdir: 1. “Təmənna” ürəkdən keçən arzu mənasındadırsa, ayənin mənası belə olacaq: Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, Allahın dinini irəli aparmaq və insanların Ona iman gətirməsini arzu etdiyində Şeytan insanları onun dininə qarşı vəsvəsə etmək və zalımları ona qarşı təhrik etmək, fitnə-fəsad törədənləri aldatmaq və bu vasitə ilə peyğəmbərləri məyus etməklə hədəflərinə gizli təlqinlər etməsin. Ancaq sonda Allah Şeytanın səylərini puça çıxarır, ayələrini möhkəmləndirir, peyğəmbərinin səy və fəaliyyətini hədəfə çatdırırdı. 2. “Təmənna”nın oxumaq mənasını götürsək, ayənin mənası belə olacaq: Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, Allahın ayələrindən insanlara oxuduğu zaman Şeytan insanları Allaha iman gətirməkdən yayındırmaq üçün onların qəlbinə şübhə toxumu səpib onları vəsvəsə etməsin. Ancaq Allah Şeytanın yaratdığı şübhələri puça çıxarır, peyğəmbəri həmin şübhələri aradan qaldırmağa müvəffəq edir və ya həmin şübhələri aradan qaldırmaq üçün əlamət göndərirdi[31]. Qeyd etməliyik ki, bu kitabda nəzər nöqtəsi olan ayənin tərcüməsi birinci mənaya əsaslanır.
  4. O gün hökm və hakimlik yalnız Allaha məxsusdur. Onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər nemətləri bol olan bağlarda olacaqlar.
  5. Kafir olub ayələrimizi yalan hesab edənləri isə xaredici bir əzab gözləyir.
  6. Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah gözəl ruzi verəcəkdir. Çünki O, ruzi verənlərin ən yaxşısıdır!
  7. Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah biləndir, səbirlidir!
  8. Belədir! Hər kim zülm və haqızlığa məruz qaldığı miqdarda cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, mütləq, Allah ona kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır!
  9. Bu (ilahi yardım vədi) ona görədir ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə daxil edir. Allah eşidəndir, görəndir.
  10. Bu, ona görədir ki, Allah haqdır. Ondan başqa çağırdıqları isə batildir. Allah ucadır, böyükdür.
  11. Allahın göydən su göndərdiyini və yerin (onunla) yaşıllığa büründüyünü görmürsənmi? Allah lütfkardır, xəbərdardır.
  12. Göylərdə və yerdə nə varsa, Onundur. Allah ehtiyacsızdır və hər növ tərifə layiqdir.

—————————————————————————————-

  1. 56. Allahın Qiyamət hökmranlığı: Nəzərə almalıyıq ki, Allahın hökmranlığı təkcə Qiyamət günü ilə məhdudlaşmır. Allah həmişəlik mütləq hakimdir. Sadəcə, dünyada malik və hakimlər olduğu üçün belə bir təsəvvür yarana bilər ki, Allahdan başqa da hakimlər vardır. Ancaq Qiyamət səhnəsində Onun yeganə hakim və malik olması həqiqəti tamamilə aşkara çıxacaq. Başqa sözlə desək, iki cür hakim və malik var: yaradanın yaranmışlar üzərindəki hökmranlığı həqiqi hökmranlıq, insanlar arasında mövcud olan hökmranlıq isə formal hökmranlıqdır. Dünyada bu iki hakimiyyət formasının hər ikisi mövcuddur. Ancaq o dünyada formal hakimyyətlər deyil, yalnız yaradanın həqiqi hökmranlığı olacaq[32].
  2. Allah yolunda ölmək şəhidlik kimidir: Bəzi təfsirlərdə bu ayənin nazilolma səbəbi haqqında belə yazılmışdır: Mühacirlər Mədinəyə getdikdən sonra onların bəzisi şəhidlik şərbətini içdikləri halda, bəzisi təbii əcəlləri ilə dünyalarını dəyişdilər. Bu aspektdən səhabələr arasında Allahın bütün üstünlükləri şəhidlərərə aid etməsi fikri meydana çıxdı. Sözügedən ayə nazil oldu və hər iki dəstənin Allahın ən üstün nemətlərinə layiq görüldüyünü bəyan etdi. Buna görə də bəzi təfsirçilər buradan belə qənaətə gəlirlər ki, əsas Allah yolunda can verməkdir, fərqi yoxdur, bu, istər şəhid edilməklə olsun, istərsə təbii əcəllə. Hər kəs Allah üçün və Allah yolunda ölərsə, şəhidlərin savabını qazanar[33]. İmam Əli (ə) buyurmuşdur: “…Allahın, peyğəmbərin və peyğəmbər ailəsinin haqqını tanıdğı halda öz yatağında ölən hər kəs şəhiddir. Niyyətində qılınc sıyırmaq olan bu adamın nəzərdə tutduğu yaxşı əməllərin mükafatına layiq görülməsi Allahın öhdəsindədir.”[34] Qeyd etməliyik ki, Allah yolunda hicrət etməyin mənası çox genişdir, Allah yolunda hicrət etmiş hər kəsə şamil olur. Buraya İslamın ilk dövrlərində Allah yolunda hicrət etmiş mühacirlər də, həcc, Allah evini və Əhli-beytin (ə) müqəddəs qəbirlərini ziyarət etmək üçün öz vətənlərini tərk etmiş mühacirlər də aiddir. Bu ayə dini biliklərə yiyələnmək, dini təbliğ etmək, yaxşı işlər görməyi əmr etmək, pis işlərdən çəkindirmək, kafirləri öz ölkəsindən çıxarmaq, ölkəsini kafirlərin şərindən qorumaq üçün evlərindən çıxmış insanlara da şamildir[35].
  3. Gecə-gündüzün hesablanmış və tədrici dəyişkənliyi: “Yulicu” feili kökü “vuluc” olan “ilac” sözündən düzəlmşdir; mənası daxil olmaqdır. Bu söz ilin müxtəlif fəsillərindən asılı olaraq gecə-gündüzün hesablanmış, nizam-intizamlı və tədrici dəyişikənliyini, birinin qısalmasını, digərinin uzanmasını ifadə edir. Bu sabit və nizam-intizamlı sistem milyon illərdir ki, mövcuddur. Bu ifadə ilə günəşin atmosfer şəraitindən asılı olan çıxmasına və batmasına da işarə edilə bilər. Belə ki, günəşin doğması qəfil deyil, tədricən baş verir, dan yer sökülməyə başlayanda günəş şüaları yüksəlir və yavaş-yavaş aşağı enir. Sanki gündüz tədricən gecənin içərsinə daxil olur, işıq ordusu zülmət ordusu üzərində qələbə çalır. Qürub vaxtı isə günəş şüasi sona yetir və hava azacıq tutulur, günəş işığı tədricən yuxarıdan son qürub yerinə qədər sona yetir və zülmət ordusu hər tərəfi öz ağuşuna alır. Əgər belə olmasaydı, günəşin çıxması və batması bir anda baş versəydi, gecə gözlənilmədən gündüzlə, gündüz isə qəfildən gecə ilə əvəzlənsəydi, bu, insan üçün ruhi və cismani problemlər yaradardı. Sürətli dəyişiklik ictimai cəhətdən də çoxlu fəsadlar yaranmasına səbəb olardı. Ayənin hər iki mənanı ifadə etməsinin heç bir problemi yoxdur[36].
  4. Məgər Allahın quruda olanları və Onun əmri ilə okeanlarda üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Onun izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Allah insanlara qarşı mərhəmətli və mehribandır.
  5. Sizə həyat verən, sonra öldürən, daha sonra dirildən məhz Odur. Ancaq insan çox nankordur.
  6. Biz hər bir ümmət üçün yerinə yetirə biləcəyi bir ibadət müəyyən etdik. Onlar bu işdə səninlə höcətləşməsinlər. Sən Rəbbinə tərəf dəvət et. Çünki sən ən doğru bir yoldasan.
  7. Əgər səninlə mübahisəyə qalxsalar, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir.
  8. İxtilaf etdiyiniz məsələlər barəsində Allah sizə Öz hökmünü Qiyamət günü verəcəkdir”.
  9. Məgər bilmirdin ki, Allah göydə və yerdə olanları bilir? Bütün bunlar kitabda (Allahın sonsuz elm kitabında) mövcuddur. Bu, Allah üçün asandır.
  10. Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri şeylərə ibadət edirlər. Zalımların kömək edəni və yol göstərəni olmaz.
  11. Açıq-aydın ayələrimiz kafirlərə oxunduğu zaman sən onların inkarçı görkəm aldığını görərsən. Az qalırlar ki, qalxıb yumruqları ilə ayələrimizi onlara oxuyanların üstünə hücum çəksinlər. De: “Sizə bundan daha pisini xəbər verimmi? Allahın kafirlərə vəd verdiyi yandırıcı od (ondan da pisdir)! O, nə pis aqibətdir!”

—————————————————————————————–

  1. Üzən gəmilər Allahın lütfkarlığının əlamətidir: Yer və göydəki mövcudatın ram edilməsi deyilərkən insanın kamilləşməsi üçün Allahın onları ram etməsi nəzərdə tutulur. Yerdə mövcud olan nemətlər arasında gəmilərin okeanlardakı hərəkətinin xüsusilə qeyd edilməsi gəmilərin keçmişdə və indi ən mühüm nəqliyyat vasitələrindən olması ilə bağlıdır. Heç bir nəqliyyat vasitəsi bu vaxta qədər insanların və yüklərin bir yerdən başqa bir yerə daşınmasında gəmilərin yerini tuta bilməmişdir. Əgər bir gün gəmilərin okeanlardakı hərəkəti dayansa, insanların həyatı tamamilə alt-üst olar. Çünki quru yolları gəmilərin daşıdığı yüklərin hamısını daşımaq gücündə deyil. Sonra Allah böyük nemətlərdən olan göy nemətinə işarə etmişdir. O, Allahın izni olmadan yerə düşməsin deyə, səmanı qoruyur. Allah planetləri öz orbitlərində hərəkət etdirir. Mərkəzdən qaçma nətcəsində hasil olan dəfetmə qüvvəsi ilə onların cazibə qüvvəsi arasında paralellik yaratmışdır. Nəticədə, onların öz orbitlərindəki hərəkətləri zamanı aralarındakı məsafələrdə heç bir dəyişiklik yaranmır, toqquşma baş vermir. Allah atmosfer təbəqəsini elə yaradıb ki, kometlərin yerə toxunmasına və məhvedici dağıntılar törətməsinə imkan vermir. Bu, Allahın bəndələrinə qarşı olan lütf və mərhəmətinin göstəricisidir. İnsanların əmin-amanlıq və asayiş içində yaşamasını təmin etmək, onları dağıdıcı ulduz yağışından və toqquşmalardan qorumaq üçün belə bir əmin-aman beşik yaratmışdır[37].
  2. Səmavi dinlərdə yeni ibadət formalarının mövcud olma fəlsəfəsi: Bu ayədə xalqlar deyilərkən, Peyğəmbər (s) zamanında mövcud olan ərəb, qeyri-ərəb, rumlular və sair kimi müxtəlif xalqlar deyil, İslama qədər olan və bir-birini əvəzləyən bütün keçmiş xalqlar nəzərdə tutulur. “Səninlə höcətləşməsinlər” cümləsinin xitab obyekti Peyğəmbərin (s) çağırışına qarşı çıxaraq onunla təqdim etdiyi ibədət forması barəsində mübahisə edən müşrik və inkarçılardır. Kitab əhlindən olan kafirlər və müşriklər İslamda olan bəzi ibadət formalarını gördükdə onlar üçün yeni olan və analoqunu keçmiş dinlərdə, o cümlədən yəhudilikdə olmayan ibadətlər barəsində Peyğəmbərlə (s) mübahisəyə qalxaraq deyirdilər: “Bu ibadəti haradan gətirmisən? Buna bənzər ibadət formalarını keçmiş dinlərdə görməmişik. Əgər sən doğrudan da peyğəmbər olsaydın, keçmiş ümmətlərin Allaha ibadət edən nümayəndələri bu ibadətlərdən xəbərdar olmalı idilər.” Allah-taala onlara belə cavab verir: “Keçmiş ümmətlərin hər birinin Allaha ibadət etmək üçün özünəməxsus ibadət forması var idi. Ümmətlərin heç birinin ibadəti digərinə ötürülməmişdir. Çünki Allah hər bir dinin qanunlarının hökmünə sonra gələn dinin qanunları ilə xitam verir və daha yaxşısını təqdim edir. Bunun səbəbi isə sonrakı ümmətlərin fikir və düşüncə cəhətdən əvvəlkilərdən daha üstün olması, onların daha yaxşı və daha kamil ibadət formaları yerinə yetirmək potensialına malik olmasıdır. Buna görə də sizin peyğəmbərlə mübahisəyə qalxıb onun dininin əvvəlki dinlərə bənzəməməsinə etiraz etməyinizin heç bir mənası yoxdur.”[38]
  3. İnkarçı kafirlər məntiqsiz və kobud idilər: Kafirlər Allahın ayələrini eşitiklərində Quranın canlı məntiqi ilə özlərinin nadan təəssübkeşliyi arasında ziddiyyət olduğunu görürdülər. Haqq-həqiqət qarşısında təslim olmaq istəmədikləri üçün üzlərinin ifadəsi dəyişir, inkarçı görkəm alırdılar. Əlbəttə, məsələ bununla da bitmirdi, təəssüb və inadkarlıqları elə həddə çatırdı ki, az qalırdılar bu ayələri söyləyənlərə hücum çəksinlər. Məntiqli insanın məntiqə zidd olan fikirlər eşitdikdə ona məntiqi yolla cavab verdiyini nəzərə alsaq, kafirlərin göstərdiyi bu yanlış reaksiya onların məntiqə əsaslanmadığını, yalnız təəssübkeşlik və cəhalət içində batdıqlarını göstərir. Quran bu məntiqsizlərə qarşı Peyğəmbərə (s): “De: “Sizə bundan daha pisini xəbər verimmi? Allahın kafirlərə vəd verdiyi yandırıcı od (ondan da pisdir)! O, nə pis aqibətdir!” – deyə göstəriş verir. Yəni siz elə düşünürsünüz ki, Allahın ayələri sizin azğın və yanlış fikirlərinizlə üst-üstə düşmədiyi üçün pisdir. Mən isə sizə bundan da pisini xəbər verirəm: “Siz bu inadkarlığınıza görə axırda Allahın ağrılı-acılı əzabına məruz qalacaqsınız.”[39]
  4. Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün əl-ələ versələr belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər; həm istəyənlər aciz qalar, həm istənilənlər! (Həm ibadət edənlər, həm də ibadət olunanlar bunu bacarmazlar)
  5. Onlar Allahı lazımınca tanımadılar. Allah qüvvətlidir, məğlubedilməzdir!
  6. Allah mələklərdən də elçilər seçir, insanlardan da. Allah eşidəndir, görəndir!
  7. Onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır.
  8. Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.
  9. Allah yolunda cihad edin və cihadı layiqincə yerinə yetirin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yaratmadı. Atanız İbrahimin dininə tabe olun. (Bu, elə sizin atanız İbrahimin dinidir.) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəlki kitablarda, həm də bu kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın ki, O, sizin rəhbəriniz və himayədarınızdır. O, nə gözəl himayədar, nə gözəl yardımçıdır!

—————————————————————————————

  1. Milçək belə yaratmağa qadir olmayan yalançı tanrılar: İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Müşriklər adət-ənənələrinə görə Kəbənin ətrafında olan bütlərinə müşk-ənbər sürtüb qarşısında sitayiş edirdilər. (Allah onların heç nəyə qadir olmadıqlarını başa salmaq üçün)” dörd qanadı olan yaşıl rəngli milçək göndərir. Həmin milçək bütlərin üzərindəki bütün müşk-ənbərləri sorur. Bu ayə həmin vaxt nazil olur.”[40] Ayənin “Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün əl-ələ versələr belə” cümləsini oxuduqdan sonra ortaya belə bir sual çıxa bilər: Müasir insan elm və texnologiyanın gücü ilə nəinki bir milçək, ondan da üstün ixtiralara imza atmışdır. Bir göz qırpımında çox böyük məsafələr qət edən nəqliyyat vasitələri, ən mürəkkəb riyazi məsələləri bir anda həll edə bilən dəqiq elektron beyinlər yaratmışdır. Belə olan halda, bu ayə müasir insana da şamil olurmu? Qeyd etməliyik ki, ağılları heyran qoyan bu cür vasitələrin düzəldilməsi təbii ki, bəşəriyyətin elmi inkişafının yüksək yaradıcılıq qabiliyyətindən xəbər verir. Ancaq bütün bunlar canlı bir varlığın yaranış sirri qarşısında çox sadə bir şeydir. Əgər canlı varlıqların fiziologiyası, milçək kimi kiçik bir həşəratın bioloji fəaliyyətlərindən bəhs edən bir kitabı diqqətlə araşdırsaq, görərik ki, bir milçəyin beyin quruluşu, əsəb və həzm sistemi ən yüksək texniki təchizata malik olan təyyarənin quruluşundan müqayisə edilə bilməyəcək dərəcədə üstündür. Canlı varlıqların həyatı, hissələri, hərəkətləri, inkişafı, artması hələ də alimlər üçün bir müəmma olaraq qalmaqdadır. Bu mövcudatın bədənindəki incəliklər həllolunmaz müəmmalardır[41].
  2. İxlas Allah yolunda edilən layiqli cihadın şərtidir: “Allah yolunda cihad edin və cihadı layiqincə yerinə yetirin” cümləsini təfsir edən əksər təfsirçilər burada düşmənə qarşı olan silahlı cihadın nəzərdə tutulmadığını bildirmişlər. Cihadın leksik mənasını da nəzərə alsaq, cihad deyilərkən Allah yolunda göstərilən bütün növ səylər, yaxşı işlər görmək üçün atılan addımlar, boyun əyməyən nəfsani istəklərlə və zalım düşmənlə mübarizə nəzərdə tutulur. Təbərsi “Məcməül-bəyan” kitabında əksər təfsirçilərə istinad edərək layiqli cihad deyilərkən Allah üçün görülən işlərin ixlas, xalis niyyət və tam səmimiyyətlə yerinə yetirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Şübhəsz ki, layiqli cihad keyfiyyət, kəmiyyət, məkan, zaman və sair cəhətlərə əsasən məzmunca çox geniş miqyası əhatə edir. Nəfslə mübarizədə ixlas və səmimiyyət ən çətin mərhələ olduğu üçün ona daha çox önəm verilmişdir. Çünki Allahdan qeyrisi üçün olan fikir və meyllərin insanın qəlbinə və əməllərinə təsiri o qədər gizlidir ki, ondan yalnız Allahın xüsusi bəndələri xilas ola bilərlər[42].
  3. İbrahim (ə) müsəlman ümmətinin atasıdır: İbrahimin (ə) müsəlman ümmətinin atası hesab edilməsi onun Allah qarşısında təslim olması ilə bağlıdır (Bəqərə – 131). Digər tərəfdən isə Quran onun öz dilindən belə buyurur: “Mənə tabe olan məndəndir” (İbrahim – 36). Bu cümləsi ilə o, ardıcıllarını özünə aid etmişdir. Quranın başqa bir ayəsində onun dilindən belə buyururlur: “Məni və övladlarımı bütlərə tapınmaqdan qoru!” (İbrahim – 35). Şübhəsiz ki, övladlarım deyərkən o, müsəlmanları nəzərdə tutmuşdur. Çünki onun nəslindən olan müşriklərə dua etməsinin heç bir mənası olmazdı. Allah-taala Quranda belə buyurmuşdur: İnsanlardan İbrahimə ən layiq olanlar, onun ardınca gedənlər, bu Peyğəmbər və (ona) iman gətirənlərdir. (Ali-İmran – 68)[43] Bu ayələrin məcmusundan Quranda İbrahimin (ə) İslam ümmətinin mənəvi atası və müsəlmanların da onun mənəvi övladları olmasının səbəbi aydın olur. Çünki o, ilk müsəlman olan şəxsdir. Ardıcılları olan müsəlmanları da öz övladları hesab etmişdir.

[1] Nümunə, c.14, səh.4

[2] Əl-Mizan, c.14, səh.340

[3] Nümunə, c.14, səh.7

[4] Nümunə, c.14, səh.17

[5] Nümunə, c.14, səh.24

[6] Nümunə, c.14, səh.22

[7] Nümunə, c.14, səh.33

[8] Ətyəbül-bəyan, c.9, səh.276

[9] Nümunə, c.14, səh.46

[10] Əl-Mizan, c.14, səh.359

[11] Nümunə, c.14, səh.49

[12] Nümunə, c.14, səh.62

[13] Nümunə, c.14, səh.67

[14] Mənşuri-cavid,c.11, səh.270

[15] Nümunə, c.14, səh.70

[16] Nümunə, c.14, səh.72

[17] Əl-Mizan, c.14, səh.371

[18] Nümunə, c.14, səh.95

[19] Nümunə, c.14, səh.108

[20] Nümunə, c.14, səh.109

[21] Nümunə, c.14, səh.119

[22] Nümunə, c.14, səh.117

[23] Əl-Mizan, c.14, səh.390

[24] Nümunə, c.14, səh.130

[25] Ətyəbül-bəyan, c.9, səh.315

[26] Əl-Mizan, c.14, səh.391

[27] Məcməül-bəyan, c.2, səh.93

[28] Nümunə, c.14, səh.132

[29] Nümunə, c.14, səh.144

[30] Əl-Mizan, c.14, səh.392

[31] Əl-Mizan, c.14, səh.392

[32] Nümunə, c.14, səh.148

[33] Nümunə, c.14, səh.150

[34] Nəhcül-bəlağə, 232-ci xütbə

[35] Ətyəbül-bəyan, c.9, səh.325

[36] Nümunə, c.14, səh.153

[37] Nümunə, c.14, səh.159

[38] Əl-Mizan, c.14, səh.407

[39] Nümunə, c.14, səh.169

[40] Əl-Mizan, c.14, səh.416

[41] Nümunə, c.14, səh.174

[42] Nümunə, c.14, səh.171

[43] Əl-Mizan, c.14, səh.414