QURANİ-KƏRİM ƏHZAB SURƏSİNİN 21-Cİ AYƏSİNDƏ BUYURUR:
لَّقَدْ كاَنَ لَكُمْ فىِ رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كاَنَ يَرْجُواْ اللَّهَ وَ الْيَوْمَ الاَخِرَ وَ ذَكَرَ اللَّهَ كَثِيرًا
“Şübhəsiz, Allaha və axirət gününə ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allahın peyğəmbərinin rəftarında həyat örnəyi və nümunəsi vardır.”
Deməli, peyğəmbərlərin sonuncusu və ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və alih , bütün müsəlmanlar üçün əxlaq nümunəsidir.
Qurani-kərimin nəzərindən həzrət Muhəmmədin (s) ən fərqi xüsusiyyətlərindən biri, o həzrətin gözəl əxlaqı və başqaları ilə şəfqətli davranışıdır. Peyğəmbər (s) bu dəyərli xasiyyətə malik olduğuna görə 23 ilin ərzində minlərlə insanın qəlblərini özünə cəzb edə və onları düz yola, hidayətə yönəldə bildi. Halbuki tarix boyu heç bir qüdrətli şəxs bu qədər insanın qəlblərini özünə sarı cəzb və cəlb edə bilməmişdir. Allah Taala bu əsas amili Qurani-kərimin Ali-İmran surəsinin 159-cu ayəsində belə vurğulayır:
فَبِمَا رَحْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ وَ لَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ
“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun, əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar.”
Əsasən peyğəmbər (s) bu inamda idi ki, peyğəmbərliyə seçilməyin fəlsəfəsi əxlaqi kəramətlərin təkmilləşdirilməsi üzündür, odur ki, həzrət Muhəmməd (s) buyurur:
انما بعثت لاتمم مكارم الاخلاق
“Mən həqiqətən əxlaqi kəramətləri (xasiyyətləri) tamamlamaq üçün peyğəmbərliyə seçilmişəm.”
Mustədrəkul vəsail 11-ci cild 187-ci səhifə 12701-ci hədis
Peyğəmbərin (s) məhəbbət və mehribanlıqla davranması təkcə o həzrətin dostlarına və möminlərə aid deyildi, üstəlik o həzrətin müxalifləri də onun yumşaq əxlaqından və şəfqətli rəftarından bəhrələnmişlər. Elə bu da müxaliflərin bir çoxlarının Peyğəmbərə (s) cəlb və cəzb olunmalarına səbəb olmuşdur.
Odur ki, Allah Taala Qurani-kərimin Qələm surəsinin 4-cü ayəsində həzrət Muhəmmədi (s) belə tərif edir:
وانك لعلی خلق عظيم
“Həqiqətən, sən böyük bir əxlaqa maliksən.”
Rza Əzizoğlu