“Hədid” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.
  2. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, dirildir və öldürür. O, hər şeyə qadirdir.
  3. Əvvəl, axır, aşkar və gizli Odur. O, hər şeyi bilir.

——————————————————————————–

  1. Qurana yalnız pak olanlar toxunar: Təfsirçilərin çoxu məsum imamlardan (ə) nəql olunan hədislərə istinad edərək onu Quranın xəttinə pak olmadan (dəstəmaz və qüsülsüz) toxunmanın icazə olmaması kimi izah etmişlər. Bəziləri burada Qurandan xəbərdar olan və onu vəhy vasitəsilə Peyğəmbərin (s) qəlbinə nazil edən pak mələklərin nəzərdə tutulduğuna işarə edildiyini qeyd etmişlər. Bəziləri bu ayəyə istinadən Quranın ali həqiqətlərinə yalnız pak insanların vara biləcəyini düşünürlər. Başqa sözlə desək, Quranın ən sadə məzmununu başa düşmək üçün heç olmasa, həqiqət axtarışında olan ruhun pak olması şərtdir. Paklıq və təmizlik artdıqca, Quranın məzmununu dərk etməyin dərəcəsi də artar.[1] Quranın zahiri məzmunundan zahiri təmizlik vasitəsilə də istifadə etmək olar, ancaq onun uca maarifini yalnız qəlbin və daxili aləmin paklığı ilə əxz etmək olar. Quranın zahirinə təmiz olmadan toxunmaq olmaz. Quranın dərin məzmunu, canı və batini ilə təmas yaratmaq üçün isə sağlam qəlbə və pak ruha ehtiyac var. İnsan ruhun çirklənməsinə səbəb olan pis davranışları, etiqad və fikir sapmalarını özündən uzaq etməli, qəlbini və canını cilalamalıdır ki, Quranın aynasına çevrilsin, Quranın uca maarifi orada əks olunsun. Allah-taala bu ayədə Quranın həqiqəti və batininin pak olmayanlar tərəfindən əhatə edilə biləcəyinin qeyri-mümkün olduğunu buyurmuşdur. Allah-taala “Əhzab” surəsinin 33-cü ayəsində “beş kimsəyə (ə)” xitab edərək buyurur: “Ey Əhli-beyt! Allah yalnız sizdən günah və çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Bu iki ayəni yanaşı qoyduqda məlum olur ki, Allahın bütün günahlardan pak və təmiz etdiyi Peyğəmbər (s), onun pak və təmiz Əhli-beyti (ə) Quranın ruhu və canı ilə sıx təmasdadırlar.[2] Bunu belə də əsaslandıra bilərik ki, Quran hər kəsin haqq yola yönəlməsi üçün olsa da, çox adam Quranı birbaşa Peyğəmbərin (s) dilindən eşitməsinə, həqiqətin bu zülal suyunu vəhy mənbəyində görməsinə baxmayaraq, inad və təəssüb üzündən ondan az da olsa, bəhrələnə bilməyiblər. Ancaq özünü azacıq təmizləyən, həqiqət axtarışında olan, ruhu ilə ona yaxınlaşan insanlar onun vasitəsilə haqq yola yönəlmişlər. Deməli, insanın təmizliyi və təqvası nə qədər artarsa, Quranın dərinliklərinə daha çox vara bilər. Ümumiyyətlə, ayə həm ruhani, həm də fiziki yönlərin hər ikisinə şamil olur.[3]

“Hədid” surəsinin ümumi məzmunu: Surə yeddi hissədən ibarətdir: 1. Allahın təkliyi və sifətləri ilə bağlı əhatəli məlumat. 2. Quranın əzəməti və böyüklüyü. 3. Qiyamətdə mömin və münafiqlərin vəziyyətinin necə olmasına qısa işarə. 4. İmana və şirkin tərk edilməsinə çağırış, keçmişdə yaşamış bir qrup kafirin əhvalatı. 5. Allah yolunda xərcləmək. 6. Sosial ədalət. 7. Rahiblik və güşənişinliyin tənqidi.[4]

  1. Əvvəl, axır, aşkar, gizli: “Əvvəl” və “axır” ifadələri Allahın əzəli və əbədi olmasını bildirən çox incə ifadələrdir. Çünki O, sonsuz və varlığı vacib olan varlıqdır. Yəni varlığı kənardan deyil, Özündəndir, başlanğıcı yoxdur, sonu da olmayacaq, əzəldən olub, əbədi də olacaq. O, varlıq aləminin başlanğıcıdır, dünya məhv olduqdan sonra da olacaq. “Aşkar” və “gizli” ifadələri Onun bütün varlığı əhatə etməsini göstərir. Hər şeydən aşkardır, çünki hər şey Onun yaratdıqlarıdır. Hər kəsdən gizlidir, çünki zatı heç kəsə aydın deyil.[5] İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “O, əşyaların varlığından əvvəl, başlanğıcı olmadan, hər zaman əvvəl olub. Sonu olmayan axırdır.”[6] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Ey Rəbbim! Sən hər şeydən əvvəl olmusan və Səndən əvvəl heç nə olmayıb. Sən hər şeydən sonrasan, Səndən sonra heç nə olmayacaq.”[7]

 

  1. Göyləri və yeri altı gündə yaradan, sonra da qüdrət taxtında qərarlaşan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
  2. Göylərin və yerin mülkiyyəti (hökmranlığıl) Ona məxsusdur. Bütün işlər ancaq Ona doğru qaytarılacaqdır.
  3. O, gecəni gündüzə, gündüzü də gecəyə daxil edir. O, kökslərdə olanları bilir.
  4. Allaha və Onun elçisinə iman gətirin! Sizi Özünün canişini və nümayəndəsi etdiyi maldan (xeyirxah işlərə) sərf edin! Sizdən iman gətirib xərcləyənləri böyük bir mükafat gözləyir.
  5. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, nə üçün Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən (fitrətiniz və şüurunuzda) əhd almışdır.
  6. Sizi zülmətlərdən nura çıxartmaq üçün öz quluna açıq-aydın ayələri nazil edən Odur. Allah sizə qarşı şəfqətlidir, rəhmlidir.
  7. Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, nə üçün Allah yolunda xərcləmirsiniz? Fəthdən əvvəl Allah yolunda xərcləyib döyüşənləriniz (fəthdən sonra xərcləyənlərlə) eyni deyil. Onların dərəcəsi fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Allah onların hər ikisinə ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
  8. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat vardır.

————————————————————————————

  1. Harada olsanız, O, sizinlədir: Bu cümlə Allahın məkansız, zaman və məkanın fövqündə olduğunu göstərir. Buna görə də Allah hər yerdədir, hər şeyi əhatə edir.[8] Onun hər yerdə olmasını hiss etmək bir tərəfdən bizə böyüklük, digər tərəfdən isə əminlik, özünə güvən, şücaət və cəsarət bəxş edir, üçüncü bir tərəfdən isə insanda məsuliyyət hissini yüksəldir. Çünki insan Allahın hər yerdə olduğunu, insanı hər zaman gördüyünü hiss edir. Bu isə əslində, çox böyük tərbiyəvi əhəmiyyət daşıyır. Allah rəsulu (s) bir hədisində belə buyurmuşdur: “İnsanın imanının ən yüksək mərhələsi olduğu hər bir yerdə Allahın olduğunu hiss etməkdir.” Bir gün Musa (ə) Allaha “Səni harada tapım, Ey Rəbbim?” – deyə müraciət etdikdə Allaha belə buyurmuşdur: “Ey Musa! Nə zaman Məni istəsən, Mənə qovuşarsan”. Allahın hər zaman bəndə ilə bir yerdə olması o qədər incə və dəqiq məsələdir ki, hər bir düşünən mömin Onu öz düşüncə və imanı qədərində dərk edər.[9]
  2. İman, cihad və xərcləməkdə öndə gedənlər: “Fəth” deyilərkən Məkkənin fəthi və ya Hüdeybiyyə sülhü nəzərdə tutulur. “Fəthdən əvvəl Allah yolunda xərcləyib döyüşənləriniz” cümləsi göstərir ki, burada “Allah yolunda xərcləmək” deyilərkən cihad yolunda xərcləmək nəzərdə tutulur. Ayədən belə məlum olur ki, Allah yolunda xərcləməyə tələsmək Allah dərgahında daha sevimli və qiymətli bir əməldir.[10] Şübhəsiz ki, iman və xeyir əməllərdə başqalarını qabaqlayanların həm şücaəti və ayıqlığı çoxdur, həm də fədakarlıqları yüksəkdir. Buna görə də Allah qarşısında hamısı eyni deyil. Ayədə məhz buna, yəni fəthdən (Məkkənin fəthi, Hüdeybiyyə və ya bütün islami fəthlərdən) əvvəl xərcləyib döyüşənlərin Allah dərgahında başqaları ilə eyni olmamasına işarə edilmişdir. Əbu Səid Xudriyə istinad edilən bir məlumatda deyilir: Hüdeybiyyə sülhü imzalanan vaxt biz Allah rəsulu (s) ilə bir yerdə idik. Əsqələ (Məkkə yaxınlığında yer adı) çatanda buyurdu: “Gələcəkdə bir qrup insan gələ bilər ki, sizin əməllərinizi öz əməlləri ilə müqayisə edib sizin əməllərinizi kiçik görər.” Əbu Səid: “Onlar kimlərdir, ey Allahın rəsulu? Qüreyşlidirlərmi?” – deyə soruşduqda Allah rəsulu (s): “Xeyr, onlar Yəmən əhlidir. Onların qəlbi sizinkindən daha incə, daha yumşaqdır.” – deyə cavab vermişdir. Əbu Səid: “Onlar bizdən yaxşıdırlarmı, Ey Allahın rəsulu?” – deyə soruşduqda Allah rəsulu (s): belə cavab vermişdir: “Əgər onların hər birinin qızıldan bir dağı olsa və onu Allah yolunda xərcləsə, mükafatı sizin xərclədiyinizin mükafatının bir müddü (750 qramı) və ya onun yarısı qədər də etməz. Bilin ki, bu, bizimlə başqa insanlar arasında olan fərqdir. Allah kəlamı da bunu təsdiq edir: “Fəthdən əvvəl Allah yolunda xərcləyib döyüşənləriniz (fəthdən sonra xərcləyənlərlə) eyni deyil…[11]
  3. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin? Bu ayədə də insanları Allah yolunda xərcləməyə həvəsləndirmək üçün maraqlı bir cümlə işlədilmişdir. Bütün nemətlərin sahibi Allahdır, varlığımızın bütün zərrələri hər an Onun sonsuz mərhəmət dənizindən faydalanır. Ancaq bununla belə, Allah bizi malların sahibi saymış, bizdən borc almaq istədiyini buyurmuş, adi borclardan fərqli olaraq əvəzini bir neçə qat, hətta yüzlərlə, bəzən minlərlə dəfə artıq qaytaracağını buyurmuş, bundan əlavə, yalnız Allaha məlum olan böyük mükafat verəcəyini vəd etmişdir.[12] Qeyd etməliyik ki, “Allaha borc vermək” deyilərkən Onun yolunda edilən bütün yardımlar nəzərdə tutulur. Bunun ən böyük nümunələrindən biri İslam hökumətinin idarəçiliyə sərf etməsi üçün Peyğəmbər və müsəlmanların imamlarına verilən köməklərdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Allahın bəndələrdən borc istəməsinin səbəbi ehtiyac deyil. Əslində, Allahın Özünə aid olan hüquqlar Onun vəli və nümayəndəsinə də aiddir.” İmam Kazim (ə) belə buyurmuşdur: “Bu ayə imama hədiyyə və yardım etməklə bağlı nazil olmuşdur.”[13]

 

  1. O gün sən mömin kişi və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən sürətlə hərəkət etdiyini görəcəksən. (Onlara deyəcəklər:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur.
  2. O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “Bizə nəzər salın ki, nurunuzdan işıq alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq qazanın!” Bu vaxt onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.
  3. Onları çağırıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü məhv etdiniz, (Peyğəmbərin ölməsini) gözlədiniz, (hər şeyə) şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Kələkbaz şeytan sizi Allah (Allahın fərmanı) qarşısında aldatdı.
  4. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Yeriniz oddur. Haminiz də elə odur. Ora nə pis yerdir!”
  5. Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan qarşısında müti olmasının, daha öncə səmavi kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxu da günahkar olmuş kimsələr kimi olmamasının vaxtı gəlib çatmayıbmı?
  6. Bilin ki, Allah, torpağı öldükdən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə düşünəsiniz.
  7. Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar və (bu yolla) Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox qiymətli mükafat da vardır.

——————————————————————————–

  1. Mömin kişi və qadınların nuru onların önlərindən və sağ tərəflərindən sürətlə hərəkət edəcək: Təfsirçilər “nur” sözü ilə bağlı müxtəlif fikirlər irəli sürsələr də, burada iman nurunun təcəssüm edəcəyi aydın məsələdir. “Nuruhum” (onların nuru) ifadəsi də bunu deməyə əsas verir. Çünki həmin gün insanların inancları, etiqadları, əməlləri təcəssüm edəcək, başdan-başa nur olan iman aşkar işıq və parlaqlıq kimi təcəssüm edəcək, mütləq qaranlıq olan küfr isə qaranlıq formasında təcəssüm edəcək. “Yəs’a” (sürətlə hərəkət edəcək) ifadəsi onu göstərir ki, möminlər özləri də sürətlə məhşərdən Cənnətə, əbədi səadət mərkəzinə doğru hərəkət edəcəklər. Çünki möminlərin nurlarının sürətli hərəkəti onların özlərindən ayrı hərəkət olmayacaq. Diqqət çəkən cəhət budur ki, burada iki – möminlərin önündə və sağ tərəfində hərəkət edən nurdan söhbət açılmışdır. Bəlkə də bununla möminlərin iki qrupa, yəni nurları özlərindən irəlidə hərəkət edən yaxın möminlərə və nurları sağ tərəflərində hərəkət edən sağ tərəf yoldaşlarına bölünəcəyinə işarə edilmişdir. Bildiyimiz kimi, əməl dəftərləri sağ tərəf möminlərinin sağ əlinə veriləcək. Bu da onların sağ tərəfinə nur saşacaq və ətraflarını nura boyayacaq. Hər halda bu nur onları Cənnətə doğru aparacaq, onlar bu nurun sayəsində Cənnət yolunu sürətlə qət edəcəklər. Digər tərəfdən, bu nur iman və saleh əməldən qaynaqlandığı üçün iman və əməlin dərəcəsindən asılı olaraq fərqli olacaq. İmanları daha güclü olanların nurları daha böyük ərazini işıqlandıracaq, imanları zəif olanların nuru da zəif olacaq. Qumminin təfsirində belə yazılmışdır: “Qiyamət günü nur insanlar arasında imanların ölçüsündən asılı olaraq paylanacaq.”[14]
  2. Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcək: “Sur” keçmişdə şəhərləri qorumaq üçün onların ətrafına çəkilən, müəyyən məsafələrdən bir gözətçi bürcləri olan divara deyilir. Ayədə qeyd edilir ki, bu divarın içi rəhmət, çölü əzabdır. Yəni möminlər bu bağın içində olan şəhər sakinləri, münafiqlər isə həmin hasardan kənarda qalan yadlar kimidir. Onlar vahid cəmiyyət daxilində bir yerdə yaşasalar da, onları bir-birindən etiqad və əməllərdən ibarət böyük bir divar ayırır.[15] İman neməti möminlər üçün zövq aldıqları böyük bir nemətdir. Bu böyük nemət münafiqlər üçün böyük bir əzabdır. Çünki onlar özlərini bu vasitə ilə sevdirməyə çalışdıqları halda, bundan əziyyət çəkirdilər. Qiyamətdə də bu məna təcəssüm edəcək.[16] Bəs görəsən həmin divardakı qapı nə üçündür? Bəlkə də ona görədir ki, münafiqlər həmin qapıdan Cənnət nemətlərini görüb həsrət çəksinlər, ya da günahı çox olmayan insanların islah olduqdan sonra həmin qapıdan keçib möminlərə qovuşması üçündür.[17]
  3. Qəflət və xəbərsizlik nə vaxta qədər olacaq? “Təxşa” sözünün kökü “xüşu”, mənası böyük həqiqət və ya böyük şəxsiyyət qarşısında insanın ruhunda və cismində yaranan təvazökarlıq vəziyyətidir. Məlumdur ki, Allahı xatırlamaq insanın ruhunun dərinliklərinə nüfuz etsə və ya insan Peyğəmbərə (s) nazil edilmiş ayələr haqqında dərindən düşünsə, təvazökar olar. Ancaq Quranın bu ayəsində Allah bu cür məsələlərdə təvazökar olmadıqları, keçmiş ümmətlər kimi, nəticəsi qəlblərin sərtləşməsi və günah olan qəflətə qapıldıqları üçün bir mömini məzəmmət edir. İman iddiası ilə kifayətlənmək, bu cür mühüm məsələlərin kənarından asanlıqla keçmək, özünü dəbdəbəli həyat qoynuna atmaq, naz-nemət içində yaşamaq, davamlı olaraq kef-damaq içində ömür sürmək imanla uyğun gəlirmi?[18]
  4. Allaha və Onun elçilərinə iman gətirənlər siddiqlər (əməli ilə sözləri düz gələn, düzgünlüyün kamil nümunəsi olanlar) və öz Rəbləri yanında olan şəhidlərdir. Əməllərinin mükafatı və imanlarının nuru onlar üçündür. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir.
  5. Bilin ki, dünya həyatı təkcə oyun və əyləncə, dəbdəbə, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun saralıb solduğunu, sonra isə samana çevrildiyini görürsən. Axirətdə ya şiddətli əzab var, ya da bağışlanma və razılıq. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
  6. Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
  7. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz yer kürəsini yaratmamışdan əvvəl lövhi-məhfuzda yazılmasın. Bu, Allah üçün çox asandır.
  8. Bu, ona görədir ki (bunu ona görə belə izah edirik ki), itirdiyinizə kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz. Allah özünü öyən heç bir təkəbbürlünü sevmir.
  9. O kəsləri ki, özləri xəsislik edir, insanları da xəsislik etməyə çağırırlar. Kim (bu əmrdən) üz çevirsə, (Allaha deyil, özünə ziyan vermiş olur.) Allah ehtiyacsızdır, tərifəlayiqdir.

————————————————————————————-

  1. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir: Bu ayədə dünya həyatı, onun müxtəlif mərhələləri və bu mərhələlərə hakim motivasiyaların obrazlı təsviri verilmişdir. Ayədə insan ömrünün beş mərhələyə bölündüyü qeyd edilmişdir: 1. Xəbərsizlik, oyun və qayğısızlıq içində keçən uşaqlıq dövrü. 2. Oyunu əyləncənin əvəz etdiyi yeniyetməlik dövrü. Yeniyetmə onu məşğul edə biləcək, başını qatacaq vasitələr axtarışında olur, ciddi məsələlərdən uzaq olur. 3. İnsanın eşq, həvəs və dəbdəbə axtarışında olduğu gənclik dövrü. 4. Vəzifə, mövqe və qürurverici hisslərin insanı özünə cəlb etdiyi dövr. 5. İnsanın mal, sərvət, var-dövlət yığmaq həvəsində olduğu, adamlarının sayının çox olmasını istədiyi dövr. Ömrün ilk mərhələlərinin zamanı təxminən bəllidir. Ancaq sonrakı mərhələlərin hansı yaşlarda başladığı ayrı-ayrı adamlarda fərqli olur. Məsələn, var-dövlət, sərvət toplamaq ömrün sonuna qədər davam edir. Bəzilərinin fikrincə bu beş dövrün hər birinin müddəti səkkiz il çəkir. Deməli, üst-üstə qırx il edir. İnsan qırx yaşına çatanda onun şəxsiyyəti formalaşır. Bəzi insanların şəxsiyyəti birinci və ikinci mərhələdə dayanır, qocalana qədər yalnız əyləncə, kef-damaq fikrində olur və yaxud dəbdəbə xəyalı ilə yaşayır, ömrünün sonuna qədər bütün fikri, xəyalı ev, minik, gözəl geyim və sair olur. Bunlar ixtiyar yaşında olan uşaqlar və ya uşaq ruhiyyəsində olan qocalardır. Daha sonra ayədə dünyanın əvvəli və sonunun necə olacağı sadə bir misalla insanın gözləri önündə təcəssüm etdirilir. İnsanın yetmiş il və ya daha uzun illər qət etdiyi bu mərhələlər bir neçə aylıq ömrü olan bitki həyatında təzahür edir. İnsan tarla kənarında oturub müxtəsər müşahidə ilə ömrün əvvəl və sonunun necə olduğunu və necə keçdiyini müşahidə edə bilər.[19]

22-23. Nə təəssüf, nə sevinc: Quran ayələrinə əsasən belə qənaətə gəlmək olar ki, insanın başına gələn müsibətlər iki qrupa bölünür: 1. İnsanın günahlarının cəzası olan müsibətlər. Zülm, haqsızlıq, ədalətsilik, xəyanətlər, azğınlıq və sair günahlar müsibətlərin çoxunun mənşəyidir (Şura-30). 2. Bizdən asılı olmayan, baş verməsi qəti olan qaçılmaz müsibətlər. Peyğəmbərlər və övliyaların çoxunun başına bu cür müsibətlər gəlir. Ayədə bu müsibətlərdən bəhs edilir, onların lövhi-məhfuzda qeyd edildiyi deyilir. Buna görə də insan bu dünyanın bəzək-düzəyinə bağlanmamalıdır. Çünki bu bağlılıq insan xöşbəxtliyinin ən böyük düşmənidir, ona Allahı unutdurur, kamillik hərəkətindən saxlayır. Bu müsibətlər qafillərin oyanış zəngi, dünyanın əbədi olmaması və ömrün qısa olmasının rəmzidir. İmanlı insanlar bu ayəni rəhbər tutaraq Allah tərəfindən bəxş edilmiş nemətin onlara əmanət verildiyini düşünür, onun getməsinə görə kədərlənmir, ona malik olduqları üçün sevinmir, onun çoxluğu içində məst olub özlərindən getmirlər. Onlar özlərini Allahın malının əmanətçiləri hesab edirlər. Bir gün külli miqdarda sərvət əldə edir, ertəsi gün onu minlərlə, milyonlarla xərcləyir. Nə onu əldə etdikləri üçün sevinir, nə də onu əldən verdiklərinə görə kədərlənirlər. İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Bütün zahidlik iki söz arasındadır. Allah-taala belə buyurur: “İtirdiyinizə kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz.” Deməli, keçmişinə təəssüflənməyən, gələcəyə sevinməyən şəxs zahidliyi bu ikisindən əxz etmişdir.”[20]

  1. Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitab və (haqqı batildən ayıran, ədalətli qanunları təyin edən) tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Allah qüvvətlidir, qüdrətlidir.
  2. Biz Nuhu və İbrahimi göndərdik, bu ikisinin nəslinə peyğəmbərliyi və kitabı nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə günahkarlardır.
  3. Sonra onların ardınca digər elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Onların özlərindən icad etdikləri rahibliyi onlara biz göstəriş verməmişdik. Baxmayaraq ki, məqsədləri Allahın razılığını qazanmaq idi, lakin ona lazımi qaydada riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.
  4. Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin ki, sizə öz mərhəmətindən iki pay bəxş etsin: sizə (insanlar arasında və öz həyat yolunuzda) getməyiniz üçün nur versin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir.
  5. Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Bütün lütfkarlıq (və mərhəmət) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.

—————————————————————————————–

  1. Peyğəmbərlərin göndərilməsinin əsas məqsədi: Bu ayədə üç prinsip ədalətin bərqərar edilməsinin giriş şərtləri kimi təqdim edilmişdir: aydın dəlillər, kitab və tərəzi.[21] “Aydın dəlillər” ifadəsinin məna yükü çox əhatəlidir, peyğəmbərlərin gətirdikləri möcüzələrə və əqli dəlillərə şamil olur. “Kitab” deyilərkən səmavi kitablar nəzərdə tutulur. Səmavi kitabların hamısının ruhu və həqiqəti eyni olduğu üçün “kitab” sözü tək halda işlədilmişdir. Sadəcə, zaman keçdikcə və insanların idrakı dərinləşdikcə onların məzmunları daha da təkmilləşdirilmişdir. Mizan ölçmək və miqyas təyin etmək üçün olan vasitədir. Bu ölçü vasitəsinin hiss olunan nümunələrindən biri də tərəzidir. Ancaq şübhəsiz ki, burada mənəvi ölçü vasitəsi nəzərdə tutulmuşdur. Yəni insanların bütün əməllərinin ölçülə biləcəyi bir vasitədir. Ümumi mənada bu vasitə Allahın hökmləri və qanunları və ya Allahın dinidir. Allahın dini yaxşı və pis əməllərin, dəyərlərin və dəyərə zidd davranışların meyarıdır.[22] Bəzi təfsirçilər bu ayəni şərh edərkən cəmiyyətdə ədalətin bərqərar olmasında üç faktorun əsaslı rol oynadığını qeyd etmişlər: 1. Ədalət və zülmün sərhədlərini aydınlaşdıran qanun. Bu qanun sayəsində haqq və ədalət təcavüzdən fərqləndirlir. 2. Cəmiyyətdə qanunun mətnini icra edən ədalətli icraçı. 3. Mühakimə zamanı ədalətli qərar qəbul edən ədalətli hakim. Buna görə də peyğəmbərlər bəzən mühakimə və icra zamanı mövcud ixtilaflara son qoyur, bəzən də öz əmrləri ilə ixtilafların qarşısını alırlar.[23] Maraqlıdır ki, ədalətin bərqərar edilməsi vəzifəsi peyğəmbərlərə aid edilmir. Ayədə buyurulur ki, insanlar özləri ədaləti bərqərar etsinlər. Ən doğrusu da elə məhz budur, ədalət cəmiyyətə məcbur edilməli deyil, cəmiyyət özü ədaləti istəməlidir, ədalət cəmiyyətin öz arasından yüksəlməlidir.[24] Diqqət çəkən məqamlardan biri də odur ki, kitab və tərəzinin endirilməsi məsələsi qeyd edildikdən sonra dəmirin göndərilməsindən və onun heyrətamiz qüvvəyə malik olduğundan danışılır. Bəlkə də burada dəmirdən danışılması iki cəhətlə bağlıdır, başqa sözlə, ədaləti bərqərar etmənin yolu iki vasitədən keçir: 1. Qəlbləri pak olan insanlar üçün faydalı ola biləcək təlim və təbliğ yolu; 2. Məntiqə boyun əyməyən və itaətsizlik göstərən qruplar üçün zor və məcburiyyət yolu.[25]
  2. Rahilbik qondarma metoddur: “Rəhbaniyyət” (rahiblik) qorxu deməkdir. Onunla daha çox Allahdan qorxmaq nəzərdə tutulur. Bu ayədən belə başa düşülür ki, xristianlıqda rahiblik vacib deyil, müəyyən mənada mövcud olmuş bir ayin olmuşdur. Ancaq xristianlar onu təhrif etmişlər. Buna görə də İslamda sözügedən rahiblik kəskin şəkildə tənqid edilir. Məşhur hədislərin birində belə deyilir: “İslamda rahiblik yoxdur”. Xristianların rahiblik məsələsində özlərindən icad etdikləri qanunlardan biri tərki-dünya kişi və qadınlara ailə qurmağın qadağan edilməsi, cəmiyyətdən kənarlaşma adətinin təbliğ edilməsi, insanın cəmiyyət qarşısındakı vəzifələrinin pozulması, ibadət etmək üçün ucqar ibadətxanaların seçilməsi, cəmiyyətdən uzaq bir mühitdə yaşamaqdır.

İnsan cəmiyyətdə yaşamaq üçün yaradılmış bir varlıqdır, onun maddi və mənəvi təkamülü də ictimai həyatla şərtlənir. Buna görə də səmavi dinlərdən heç biri insana aid olan bu cəhəti ona qadağan etməmiş, əksinə, onun əsaslarını daha da möhkəmləndirmişdir. Allah-taala insanda nəsil artırmaq üçün cinsi istək yaratmışdır. Bu xüsusiyyəti qadağan edən hər bir hökm yanlışdır. Bir gün Peyğəmbər (s) İbn Məsuda belə buyurur: “Bilirsən rahiblik haradan yaranıb?” O belə cavab verir: “Allah və peyğəmbəri daha yaxşı bilir.” Peyğəmbər (s) buyurur: “İsadan (ə) sonra bir dəstə zülmkar peyda oldu. Möminlər onlara qarşı üç dəfə mübarizəyə qalxdılar, ancaq hər üçündə məğlub oldular. Bundan sonra çöllərə düşdülər və İsanın (ə) vəd verdiyi Peyğəmbərin (s) gəlməsi ümidi ilə mağaralarda ibadətlə məşğul olmağa başladılar. Onların bəzisi öz dinlərində qalsa da, bəzisi kafir oldu.” Sonra Peyğəmbər (s) belə buyurur: “Bilirsən ümmətin rahilbiyi nədir?” İbn Məsud: “Allah və rəsulu daha yaxşı bilir”, – deyə cavab verir. Peyğəmbər (s) buyurur: “Hicrət, cihad, namaz, oruc, həcc, ümrə”. Yaddan çıxarmaq olmaz ki, İslamda sadə həyat tərzi, dəbdəbədən uzaq olmaq, mal və vəzifənin əsarət boyunduruğuna boyun əyməmək mənasında olan zahidliyin rahibliklə heç bir əlaqəsi yoxdur. Çünki rahiblik cəmiyyətdən təcrid olmaq, zahidlik isə sosial yaşamaq üçün azadlıq və təvazökarlıqdır. [26]

 

[1] Nümunə, c.23, səh.268

[2] Təfsiri-mövzui, c.1, səh.371

[3] Nümunə, c.23, səh.272

[4] Nümunə, c.23, səh.291

[5] Nümunə, c.23, səh.298

[6] Nəhcül-bəlağə, 31-ci məktub

[7] Pəyame-Quran, c.4, səh.189

[8] Pəyame-Quran, c.4 ,səh.260

[9] Nümunə, c.23, səh.307

[10] Əl-Mizan, c.19, səh.160

[11] Nümunə, c.23, səh.325

[12] Nümunə, c.23, səh.321

[13] Nümunə, c.23, səh.326

[14] Nümunə, c.23, səh.329

[15] Nümunə, c.23, səh.332

[16] Əl-Mizan, c.19, səh.163

[17] Nümunə, c.23, səh.332

[18] Nümunə, c.23, səh.341

[19] Nümunə, c.23, səh.351

[20] Nümunə, c.23, səh.362

[21] Pəyame-Quran, c.7, səh.23

[22] Nümunə, c.23, səh.371

[23] Mənşuri-cavid,c.10, səh.45

[24] Pəyame-Quran, c.7, səh.23

[25] Mənşuri-cavid, c.10, səh.44

[26] Nümunə, c.23, səh.384