“Hicr” surəsi

“Hicr” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. 1. Əlif, Lam, Ra. Bunlar kitabın və açıq-aydın Quranın ayələridir.
  2. Kafirlər bəlkə də arzu edəcəklər ki, kaş müsəlman olaydıq.
  3. Qoy onlar yeyib-içsinlər, ləzzət alsınlar və arzular onların başlarını qatsın. Ancaq tezliklə biləcəklər.
  4. Biz heç bir şəhər və məmləkətin əhalisini müəyyən olunmuş əcəli gəlib çatmamış məhv etmədik.
  5. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
  6. Dedilər: “Ey zikr nazil edilən şəxs! Həqiqətən, sən dəlisən.
  7. Əgər doğru danışır­­sansa, nə üçün mələkləri bizə gətirmirsən?”
  8. Biz mələkləri ancaq haqq üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.
  9. Biz Quranı nazil etdik və Biz onu, mütləq, qoruyacağıq.
  10. Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik.
  11. Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
  12. Beləcə, Biz Quranı günahkarların qəlbinə yeridirik.
  13. Onlar (hələ də) ona inanmırlar. Əvvəlki xalqların da davranışı belə idi.
  14. Əgər onlara göydən bir qapı açsaq və onlar dayanmadan oraya qalxsalar,
  15. yenə də deyərlər: “Gözlərimizi bağlayıblar, bəlkə də biz sehrlənmişik”

————————————————————————————-

“Hicr” surəsinin ümumi məzmunu: Bu surədə Peyğəmbərə (s) dəli deyən, Quranı dəlilərin boş-boş danışıqları hesab edən kafirlərin Allah rəsulunu (s) məsxərəyə qoymasından bəhs edilir. Allah bu surədə peyğəmbərinə təsəlli və təskinlik verir, onu səbirli, dözümlü olmağa çağırır, insanlara müjdə verir, qorxu təhdid edir[1].

  1. Kaş müsəlman olaydım: Bu ayədə o biri dünyaya işarə edilmişdir. Yəni kafirlər axirətdə öz əməllərinin acı nəticəsinə görə müsəlman olmalarını arzu edəcəklər. Əlbəttə, arzuları əsla gerçəkləşməyəcək. Çünki iman və təslimin axirətdə deyil, dünyada faydası var. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Qiyamət olan kimi carçı Allah tərəfindən car çəkib müsəlmanlardan başqa heç kəsin Cənnətə daxil olmayacağını deyəcək. Məhz həmin gün kafirlər arzu edib deyəcəklər ki, kaş dünyada müsəlman olaydıq.” Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Cəhənnəmliklər bir yerə toplaşdıqları vaxt xəta etmiş müsəlmanlar da onlarla bir yerdə olacaq. Kafirlər müsəlmanlara deyəcəklər: “Məgər siz müsəlman deyildiniz?” Onlar: “Bəli”, – deyə cavab verəcəklər. Kafirlər deyəcəklər: “Deməli, təsdiq və imanınızın da sizə faydası olmadı və siz bizimlə birlikdəsiniz.” Bu vaxt Allahın oddan xilas etmədiyi heç bir tövhid inanclısı qalmayacaq. Bundan sonra Allah rəsulu (s) “Kafirlər bəlkə də arzu edəcəklər ki, kaş müsəlman olaydıq ayəsini oxuyur[2].
  2. Kafirlərin məhvolma istəyi: Bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu təfsirlərin birində, daha doğrusu, digərləri ilə müqayisədə daha ağlabatan görünən təfsirdə deyilir: Mələklərin hiss üzvləri ilə qavranıla bilməməsi Allahın qanunudur. Əgər kafirlərin istəyinə uyğun olaraq Allah möcüzə vasitəsilə mələkləri göndərib onların gözlərinə göstərsəydi, ilahi dəlil tamamlanmış, heç bir şək-şübhəyə yer qalmamış olacaqdı. Həmin vaxt kafirlərin iman gətirməyəcəkləri təqdirdə əzabın nazil olub onları məhv etməsi qaçılmaz olacaqdı. Sözügedən kafirlər təkəbbür və inadkarlığın son həddində olduqları üçün yenə də iman gətirməyəcəkdilər. Belə olduğu təqdirdə onların bu istəyi məhvolma istəyi hesab edilir[3].
  3. Quranın toxunulmazlığı: Bu ayə Quranın təhrif olunmadığını sübuta yetirən dəlillərdən biridir. Ayə Quranın bütün növ təhrif və dəyişmədən qorunduğunu, eynilə Peyğəmbərə (s) nazil olan həmin Quran olduğunu göstərir. Allah-taala bu ayədə qətiyyətlə onu qoruduğunu bəyan edir. “Fussilət” surəsinin 41-42-ci ayələrində də bu həqiqət öz əksini tapmışdır. Allah-taala həmin ayələrdə belə buyurmuşdur: “Bu, sarsılmaz bir kitabdır. Batil ona nə öndən, nə də arxadan nüfuz edə bilməz. O, hikmət sahibi, tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.”[4]
  4. Günahkarların Quranı dərk etməyə ləyaqətləri çatmır: Allah-taala nişanələrini müxtəlif yollarla günahkar və müxaliflərə başa salır, sanki onların qəlblərinə daxil edir. Ancaq təəssüflər olsun ki, onların təmiz olmayan qəlbləri həmin nişanələri özlərinə çəkmir, əksinə dəf edir, ruha cəzb olunmasına imkan vermir. Bu, dadlı yeməyi qəbul etməyib geri qaytaran xəstə mədə və həzm sistemin xatırladır[5].
  5. Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
  6. Onu qovulmuş hər bir Şeytandan qoruduq.
  7. Ancaq kim xəlvətcə qulaq assa, onu parlaq bir səma cismi təqib edər.
  8. Biz yeri açıb genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
  9. Orada həm sizin üçün, həm də sizin ruzi verə bilmədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
  10. Hər şeyin xəzinələri Allahın yanındadır. Biz ondan ancaq müəyyən ölçüdə endiririk.
  11. Biz küləkləri mayalandırıcı (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir) vasitə kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Halbuki sizin onu qoruyub saxlamaq qüdrətiniz yox idi.
  12. Dirildən də, öldürən də, varis olan da Bizik.
  13. Sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
  14. Rəbbin (Qiyamətdə) onları, mütləq, toplayacaq. Çünki O, hikmət sahibidir, biləndir.
  15. Biz insanı pis qoxulu palçıqdan götürülmüş quru gildən yaratdıq.
  16. Cinləri isə daha öncə yandırıcı və qızmar oddan yaratmışdıq.
  17. (Xatırla!) Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən pis qoxulu qara palçıqdan götürülmüş quru gildən insan yaradacağam!
  18. Mən onu tamamlayıb Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
  19. Mələklərin hamısı istisnasız olaraq ona səcdə etdi.
  20. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.

—————————————————————————————–

  1. Səma bürcləri: “Büruc” sözü mənaca aşkara çıxmaq, görünmək olan “bürc” sözünün cəmidir. Buna görə də şəhər divarlarının xüsusi hissələri, qoşunların özünü xüsusi şəkildə büruzə verən hissələri bürc adlanır. “Səma bürcləri” deyilərkən günəş və ayın mövqeləri nəzərdə tutulur. Daha dəqiq desək, biz yer kürəsindən aya və günəşə baxdığımız zaman fəsillərdən və ilin ayrı-ayrı vaxtlarından asılı olaraq, onların ulduzlar kompleksinin yaratdığı formalarla qarşı-qarşıya dayandığını görürük. Məsələn, günəşin buğa, oğlaq, tərəzi və ya əqrəb bürcündə olduğunu deyirik. Təbii ki, bu bürclərin mövcudluğu, ay və günəşin mövqeləri, bu bürclərin hərəkət trayektoryası dünyanın təqvim sistemini formalaşdırır. Bu, Allahın elm və qüdrətinin parlaq dəlilidr.

17-18. Səma cismi: Şeytanların xəlvətcə qulaq asması, səma cismi və sair haqqında “Saffat” surəsinin ilk ayələrini təfsiri edərkən məlumat verəcəyik.

  1. Bitkilərin heyrətamiz sistemi: Mənası hər bir şeyin ölçüsünün müəyyən edilməsi olan “vəzn” sözündən düzəlmiş “mozun” sözü ilə bitkilərin bütün hissələrinin dəqiq hesabı, heyrətamiz sistemi və uyğun ölçülərinə işarə edilmişdir. Bu hissələrin hər birinin, yəni gövdə, budaq, yarpaq, çiçək, toxum, meyvənin ayrı-ayrı funksiyaları vardır. Yer kürəsində müxtəlif xüsusiyyətləri, funksiyaları, təsirləri olan bəlkə də yüz minlərlə bitki növü var. Bunların hər birinin öyrənilməsi Allahın tanınmasında ipucu rolunu oynayır. Bitkilərin hər birinin yarpağı Allahı tanımaq üçün bir dəftərdir[6]. Bəzi təfsirçilər hesab edir ki, burada Allahın hər bitkidən insanların ehtiyac duyduğu qədər yaratdığı nəzərdə tutulmuşdur[7].
  2. Hər şeyin xəzinələri Allah yanındadır: Xəzinə insanların mallarını yığdıqları yerə deyilir. Təbii haldır ki, insan yalnız hər zaman əldə etmək imkanına malik olmadığı şeyləri toplayıb qoruyur. Buna görə də imkan düşdüyündə lazım bildiyi şeyi əldə edir və zərurət yaranacağı vaxt istifadə etmək məqsədilə xəzinədə saxlayır. Şübhəsiz ki, bu məna Allah üçün təsəvvürolunmazdır. Buna görə də bir qrup təfsirçi Allahın xəzinələrini Onun qüdrətinin nəticələri kimi təfsir etmişdir. Yəni hər şey Allahın qüdrət xəzinəsində mövcuddur, lazım və məsləhət bildiyi miqdarı meydana gətirir. Habelə “endirmək” sözünü yaratmaq və meydana gətirmək kimi izah etmişlər. Allah tərəfindən bəndəyə bəxş edildiyi üçün bu ifadədən istifadə edilmişdir[8].
  3. Küləklər buludları və bitkiləri mayalandırır: Botanikada bütün bitkilərin erkək və dişilərə bölündüyü, külək əsdiyi zaman erkək bitkinin güllərinin toz zərrəciklərinin dişi bitkiyə köçürüldüyü, nəticədə, onun mayalandığı artıq sübuta yetmiş məsələlərdəndir. Ayə sözügedən həqiqəti bəyan edir[9]. Bəzi təfsirçilər bu ayədə buludların küləklər tərəfindən mayalanmasından danışıldığını qeyd etmişlər. Belə ki, küləklər bulud parçalarını bir-birinə birləşdirir, onları mayalandırır və nəticədə yağış yağmasına zəmin yaradır[10].

26-29. İnsanın iki təzadlı yönü: Bu ayələrdən belə nəticəyə gəlirik ki, insan iki təzadlı yöndən təşkil olunmuşdur. Bu yönlərin biri böyüklük və əzəmətin ən yüksək həddindədir, digəri isə dəyərin ən aşağı həddindədir. Bir tərəfdən ona ilahi ruh üfürülüb, digər tərəfdən pis qoxulu quru palçıqdan təşkil olunub. “Öz ruhum” ifadəsi insan ruhunun çox qymətli və əzəmətli olduğunu, hətta onu mələklərdən də üstün edəcək ucalığa malik olduğunu göstərir. Ramazan ayının əzəmətini göstərən Allahın ayı ifadəsini buna misal göstərə bilərik[11].

  1. (Allah) buyurdu: “Ey İblis! Nə üçün sən səcdə edənlərlə deyilsən?”
  2. (İblis) dedi: “Pis qoxulu palçıqdan götürülmüş quru gildən yaratdığın insana əsla səcdə etmərəm!”
  3. (Allah) buyurdu: “Onların (mələklərin) sırasından çıx! Artıq sən (dərgahımızdan) qovuldun.
  4. Qiyamət gününə qədər sənə lənət olacaqdır”.
  5. (İblis) dedi: “Ey Rəbbim! İnsanların diriləcəyi günə qədər mənə möhlət ver”.
  6. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən.
  7. Ancaq müəyyən edilmiş vaxtın gününə qədər”.
  8. (İblis) dedi: “Ey Rəbbim! Sən məni haqq yoldan azdırdığına görə, mən də (maddi nemətləri) yer üzündə onlara gözəl göstərib hamısını azdıracağam.
  9. Yalnız Sənin ixlaslı bəndələrin istisnadır”.
  10. (Allah) buyurdu: “Bu, Mənim öhdəmdə olan düz yoldur.
  11. Sənə tabe olan azğınlar istisna olmaqla, qullarım üzərində sənin heç bir hökmranlığın olmayacaq”.
  12. Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
  13. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
  14. Şübhəsiz ki, müttəqilər bağlarda və çeşmələrin kənarında olacaqlar.
  15. (Mələklər onlara deyəcək): “Bu bağlara sağ-salamat və arxayınlıqla daxil olun!”
  16. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaşdırlar, taxt üstündə qarşı-qarşıya əyləşərlər.
  17. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
  18. Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhimliyəm.
  19. Əzabım isə üzücü əzabdır.
  20. Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.

—————————————————————————————–

  1. İblisin möhlətinin başa çatacağı vaxt: Təfsirçilərin çoxu hesab edir ki, burada dünyanın sonuncu, İsrafilin birinci surunu çalacağı gün nəzərdə tutulmuşdur. Çünki həmin günə qədər insanlar heç bir vəzifədən azad edilməyəcək, Allaha qarşı çıxmaq və üsyan etmək imkanı davam edəcək. Lakin Quran ayələri, hədislər, hətta əqli dəlillər bu fikrin əksini ifadə edir. Quran ayələri, hədislər, hətta əqli dəlillər insanın xoşbəxtliyə doğru hərəkətdə olduğunu və tezliklə elə bu dünyada xoşbəxtliyin kamillik zirvəsinə yüksələcəyini, insan cəmiyyətinin günah və pisliklərdən xilas olacağını deməyə əsas verir. Elə bir gün gələcək ki, yer üzündə yalnız Allaha ibadət ediləcək, küfr, fitnə-fəsad və günahın kökü tamamilə kəsiləcək, ruhi xəstəliklərə və şeytani vəsvəsələrə son qoyulacaq. Deməli, İblisə verilən möhlətin başa çatacağı gün dünyanın sonu deyil, insan cəmiyyətinin Allahın iradəsi ilə islah olacağı, fitnə-fəsadın kökünün kəsiləcəyi gündür. Bəzi hədislərdə bu gün həzrət Mehdinin (ə) zühur edəcəyi gün kimi izah edilmişdir[12].
  2. Şeytanın gözəl göstərmə davranışı: Allah Şeytanı haqq yoldan əsla azdırmamışdır. Bu, İblisin özünə bəraət qazandırmaq, azğınlığına don geyindirmək üçün istifadə etdiyi mənfur vasitə idi. Bu, ümumiyyətlə, İblis və bütün şeytanların ənənəsidir; birincisi, günahlarını başqalarının boynuna atır, ikincisi, öz çirkin əməllərini yanlış məntiqlərlə izah etməyə çalışırlar. Onlar bunu təkcə Allah bəndələri deyil, hər şeydən xəbərdar olan Allahın Özünə qarşı da etməkdən çəkinmirlər. Şeytanın gözəl göstərməsi deyilərkən Şeytanın çirkini gözəl göstərən və ya müxtəlif amillərdən istifadə edərək, çirkin davranışları gözəl göstərən şeytani vəsvəsələr nəzərdə tutulur. Öldürücü maddələrin şirin və dadlı örtüklərdə verilməsi, böyük azğınlıqların mədəniyyət, intellekt, azad düşüncə və sair kimi örtüklərdə təqdim edilməsini buna misal göstərmək olar[13].

41-42. Şeytan heç kəsi məcbur edə bilməz: Bu iki ayə insan iradəsinin azadlığını sübuta yetirən möhkəm ayələrdir. Belə ki, İblis və ordusu heç kəsi günah və fitnə-fəsada məcbur edə bilməz. Onların işi yalnız günahı gözəl göstərmək, hiyləgərlik, şər və pisliyə dəvətdən ibarətdir, son qərar insanın öz əlindədir. Əslində, Allah-taala bu iki ayədə İblisin insanı tam şəkildə öz hökmranlığı altına alacağı ilə bağlı xam xəyalını onun beynindən çıxarır[14].

  1. Cəhənnəmin qapıları: Quranda Cəhənnəmin qapılarının necə olacağı ilə bağlı heç nə deyilməmişdir. Quran ayələri və məsumların (ə) hədislərini diqqətlə təhlil etdikdə Cəhənnəmin qapıları deyilərkən Cəhənnəmin təbəqələrinin nəzərdə tutulduğu məlum olur. Əzabın növü və şiddətindən asılı olaraq bu təbəqələrin hər biri digərlərindən fərqlənir. Hədislərin birində İmam Əlinin (ə) üzünü bir qrup insana tutaraq belə buyurduğunu görürük: “Bilirsiniz, Cəhənnəmin qapıları necədir?” Onlar: “Yəqin ki, dünya qapıları kimidir”, – deyə cavab verirlər. İmam Əli (ə): “Xeyr, belə deyil”, – deyib bir əlini digər əlinin üzərinə qoyaraq: “Belədir”, – deyə buyurur…”[15] Hədislərdə Cəhənnəmin bəzi qapılarından Firon, Haman, Qarunun, bəzisindən müşriklərin, bəzisindən isə Peyğəmbər (s) nəslinin düşmənlərinin daxil olacağı qeyd edilmişdir. Bu da onu göstərir ki, Cəhənnəmin təbəqlərinin biri digərindən daha ağrılı-acılıdır. Bu təbəqələrə daxil olanlar digərlərindən daha böyük günah edənlər, etdikləri günahlar biri-digərindən pisdir[16]. Nəticədə, Cəhənnəm qapıları əzab və cəzaların da eyni olmadığını və bir-birindən çox fərqləndiyini göstərir[17]. Maraqlıdır ki, İmam Sadiqin (ə) hədislərinin birində “Cənnətin səkkiz qapısı var”, – deyə buyurulmuşdur. Bu ayədə isə Cəhənnəmin yeddi qapısının olduğu buyurulmuşdur. Bu da onu göstərir ki, bədbəxtliyə və əzaba daxil olmaq üçün qapı nə qədər çox olsa da, xoşbəxtliyə aparan yollar onlardan da çoxdur[18]
  2. İbrahimin yanına daxil olub salam verdiklərində (İbrahim) dedi: “Biz sizdən qorxuruq!”
  3. (Mələklər): “Qorxma! Biz səni elmli bir oğulla müjdələyirik!”– dedilər.
  4. Dedi: “Qocalmağıma rəğmən mənə (belə bir) müjdə verirsiniz? Nə ilə müjdələyirsiniz?”
  5. Dedilər: “Biz sənə doğru müjdə verdik. Sən ümidini üzənlərdən olma!”
  6. Dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
  7. Sonra dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
  8. Dedilər: “Biz günahkar adamları məhv etmək üçün göndərilmişik.
  9. Yalnız Lutun ailəsi istisnadır. Biz onların hamısını xilas edəcəyik.
  10. (Lutun) arvadından başqa. Biz onun geridə qalanlardan (və şəhərdə həlak olanlardan) olmasına qərar verdik”.
  11. Elçilər Lut ailəsinin yanına gəldikdə
  12. o dedi: “Siz yad adamlarsınız!”
  13. Onlar dedilər: “Biz sənin yanına onların şübhə etdiyi ilə (əzabla) gəlmişik.
  14. Biz sənə doğru xəbər gətirmişik. Biz doğru danışanlarıq.
  15. Gecənin sonuna yaxın ailəni özünlə götürüb buradan çıx və özün onların arxasınca get. Sizdən heç kəs dönüb arxasına baxmasın. Sizə əmr olunan yerə yollanın”.
  16. Biz Luta sübh çağı onların kökünün kəsiləcəyi xəbərini vəhy etdik.
  17. (O biri tərəfdən) şəhər əhalisi (qonaqların gəldiyindən xəbər tutub) sevinə-sevinə (Lutun evinə tərəf) gəldi.
  18. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin!
  19. Allahdan qorxun və məni hörmətdən salmayın!”
  20. Dedilər: “Məgər biz sənə dünya adamlarını (qonaq saxlamağı) qadağan etməmişik?”

———————————————————————————–

  1. Nə üçün İbrahim (ə) qonaqlardan qorxduğunu deyir? İbrahim (ə) bu sözü qonaqlar oturduqdan, İbrahim (ə) onlara buzov kəsdikdən və onların yemədiyini gördükdən sonra söyləyir. (Hud surəsinin 70-ci ayəsində də bu mövzuya işarə edilmişdir). Yalnız bu qəribə davranışdan sonra İbrahim (ə) qorxu hissi keçirir və onlardan qorxduğunu söyləyir[19]. Bəzi təfsirçilər yazırlar ki, həm o dövrdə, həm ondan sonrakı dövrlərdə, həm də müasir dövrdə bəzi xalqlarda təklif edilmiş duz-çörəyi yeyən adamdan heç bir təhlükə toxunmayacağı, duz-çörəkdən imtina edən şəxsin düşmənçilik, kin-küdurət niyyətində olması inancı olmuş və olmaqda davam edir. İbrahim (ə) də bu səbəbdən qorxu hissi keçirmişdir[20].
  2. İshaq – İbrahimin elmli oğlu: Şübhəsiz ki, elmli oğul deyilərkən həzrət İshaq (ə) nəzərdə tutulmuşdur. Çünki mələklər bu müjdəni İbrahmə (ə) verdiklərində qısır olan və ana ola biləcək yaşı da keçmiş zövcəsi Sara orada olmuş, bu müjdə ona da verilmişdir. Onu da bilirik ki, Sara İshaqın (ə) anasıdır və İbrahimin (ə) daha öncədən Hacərdən İsmail (ə) adlı oğlu var idi[21]. Onu da qeyd etməliyik ki, İshaqın (ə) elm sahibi kimi təqdim edilməsi bəlkə də onun adi elmlərdən daha yüksək elmə malik olacağını xəbər vermək üçün idi. Yəni o, ilahi təlimlərlə təlimatlandırılacaq və ona göydən vəhy endiriləcəkdi. Belə ki, “Saffat” surəsinin təxminən buna bənzəyən 112-ci ayəsində belə buyurulmuşdur: “Biz İbrahimi İshaqla, layiqlilərdən olan peyğəmbərlə müjdələdik”. Bu ayə həzrət İshaqın qeyb aləmi ilə əlaqəsi olduğundan xəbər verir[22].
  3. Lutun (ə) həyat yoldaşının həlak olması: Lutun (ə) həyat yoldaşı kafirlərlə əlbir, evdə daxili düşmən idi. O, kafirlərlə razılığa gəlmişdi ki, peyğəmbərin evinə gizlicə kimsə gəlsə, bacada od yandırıb onları xəbərdar etsin. Buna görə də məhvinə əmr edildi[23].
  4. Nə üçün Luta (ə) qonaq qəbul etməsi qadağan edilmişdi? Lutun (ə) qövmü xəsis və paxıl adamlar idi, əsla evlərinə qonaq çağırmazdılar. Yaşadıqları şəhər isə düz karvan yolunun üzərində yerləşirdi. Onlar kiminsə orada qalmaması üçün bu çirkin davranışı şəhərdə təzə məskunlaşanlara tətbiq etmiş, get-gedə bu davranış onlar üçün adət halını almışdı. Lut (ə) isə orada qərib bir adam görsəydi, çətinliyə düşməməsi üçün onu evinə dəvət edərmiş. Onlar bu hadisədən xəbər tutduqlarında çox qəzəblənir və ona qonaq qəbul etməyi açıq şəkildə qadağan edirlər. Ehtimal ki, ayədə “dünya adamları” deyilərkən də məhz yoldan ötənlər və o şəhərin, o diyarın sakini olmayaıb yolu buradan düşən şəxslər nəzərdə tutulmuşdur[24].
  5. Dedi: “Bunlar mənim qızlarım! Əgər düz iş görmək istəyirsinizsə, (onlarla evlənin, günahdan çəkinin)!”
  6. (Ey Mühəmməd!) And olsun sənin canına, onlar məstlikləri içində başlarını itirmişdilər.
  7. Nəhayət, Günəş doğanda qorxunc səs (ildırım, göy gürültüsü və zəlzələ ilə müşayiət öldürücü olunan bir səs) onları bürüdü.
  8. Oranın altını üstünə çevirdik və onların üzərinə daş yağdırdıq.
  9. Bunda arif adamlar üçün dəlillər vardır.
  10. Onların şəhərləinin xarabalıqları daim istifadə edilən yolun üstündədir.
  11. Bunda möminlər üçün dəlillər vardır.
  12. Əykə əhalisi (Şüeybin qövmü) də zalım idi.
  13. Onlardan da intiqam aldıq. Hər iki viran qalmış şəhər (Lutun qövmünün şəhəri və Əykə) aydın görünən yol üzərində yerləşir.
  14. Hicr əhalisi də peyğəmbərləri yalançı saydı.
  15. Biz ayələrimizi onlara göndərdik, lakin onlar (bu) ayələrdən üz döndərdilər.
  16. Onlar dağların qoynunda möhkəm evlər yonurdular.
  17. Onları sübh çağı qorxunc səs bürüdü.
  18. Əldə etdkləri onları ilahi əzabdan xilas etmədi.
  19. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. Vəd olunmuş saat, mütləq, gələcəkdir. Odur ki, Sən yaxşıca üz döndər! (Onları nadanlıqlarına görə qınama!)
  20. Həqiqətən, Rəbbin yaradandır, biləndir.
  21. Biz sənə “təkrarlanan yeddi”ni (Fatihə surəsini) və əzəmətli Quranı verdik.
  22. Onların bəzi təbəqələrinə verdiyimiz maddi nemətlərə əsla göz dikmə, onların malik olduqlarına görə kədərlənmə, (lütf və mərhəmət) qanadlarını möminlərin üzərinə sal!
  23. Və de: “Mən aşkar bir qorxudanam!”
  24. Biz (Allahın ayələrini) bölənlərə də belə (əzab) göndərmişdik.

———————————————————————————–

  1. Allah Peyğəmbərin (s) canına and içir: Məşhur səhabə İbn Abbasa istinad edilən bir hədisdə belə deyilir: “Allah Özünə Mühəmməddən (s) əziz adam yaratmamışdır. Mən Allahın ondan başqa kiminsə canına and içdiyini eşitməmişəm.”[25]
  2. Daxilə fikir verən arif insanlar: “Mutəvəssim” (arif) ərəb dilində zahiri əlamətləri görüb onun daxilini anlayan, yəni işarədən anlayan insana deyilir. Ayənin mənası belədir: Lutun (ə) qövmünə göndərilmiş əzab və şəhərlərinin viran qoyulması hadisəsində əlamətlər var. Ağıllı və dərrakəli insanlar bu əlamətləri görməklə hadisənin mahiyyətinə varır, iman və təqvaları artır. Bu xüsusiyyət hər kəsin malik olduğu iman gücündən asılıdır. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Möminin zəkasından qorxun. Çünki o, Allahın nuru ilə görür.” Sonra bu ayəni oxumuşdur. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: Elə bir insan yoxdur ki, iki gözünün arasında mömin və ya kafir yazılmamış olsun. Bu yazını siz görməzsiniz. Amma bu Ali-Mühəmmədin (s) imamlarından gizli deyil. Onların hüzuruna kim daxil olarsa, elə ilk baxışda onu tanıyar, kafir və ya mömin olduğunu bilərlər.” Sonra İmam (ə) bu ayəni tilavət etmişdir. Əlbəttə, imamlar dərrakəli insanların ən yüksək nümayəndələridir. Bu ayə onlarla məhdudlaşmır[26].
  3. Lutun (ə) yaşadığı şəhərin xarabalıqları: Bu ayəni izah edərkən təfsirçilər Lut (ə) qövmünün əzab göndərilmiş şəhərlərinin xarabalıqlarının Mədinə-Şam istiqamətindəki karvan yolunun üzərində yerləşdiyini, bu yolla səfərə çıxanların həmin xarabalıqları gördüklərini qeyd etmişlər. Bu surənin 79-cu ayəsində də eyni məsələyə işarə edilmişdir[27].
  4. Peyğəmbərlərdən birini yalançı hesab etmək onların hamısını yalançı hesab etmək deməkdir: Allah-taala bu ayədə Səmud qövmünün bütün peyğəmbərləri yalançı hesab etdiklərini qeyd etmişdir. Halbuki onlar təkcə Salehi (ə) yalançı hesab etmişdilər. Bu isə bütün peyğəmbərlərin dəvətinin mahiyyətcə eyni olması ilə bağlıdır. Bütün peyğəmbərlər din olaraq yalnız İslam gətirmişdir. Fərq isə qanunlarda və bəzi əməli hökmlərdə olmuşdur. Peyğəmbərlərin hər biri özündən əvvəlki peyğəmbərləri təsdiq etmişdir. Deməli, bu peyğəmbərlərdən hər hansı birini qəbul etməyən şəxs peyğəmbərliyi inkar etmiş olur[28].
  5. Təkrarlanan yeddi (Səbül-məsani): Allah-taala bu ayədə Peyğəmbərə düşmənlərin çoxluğu və yaratdıqları çətinliklər qarşısında dəstək vermək üçün ona heç nə ilə müqayisə edilməyəcək bir neməti – əzəmətli Quranı və mübarək “Fatihə” surəsini xatırladır. “Səb’” sözü ərəb dilində yeddiyə, “məsani” isə ikiliklərə deyilir. Təfsirçilərin və hədislərin çoxu “təkrarlanan yeddi” deyilərkən “Fatihə” surəsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Çünki bu surə yeddi ayədən ibarətdir. Bu surə mühüm əhəmiyyət daşıdığı və əzəmtli məzmuna malik olduğu üçün Peyğəmbərə (s) iki dəfə nazil olması və ya bir hissəsi bəndənin təşəkkür və tərifini, ikinci hissəsi isə bəndənin istəyini ehtiva etməklə iki hissədən ibarət olması, ya da namazda iki dəfə təkrarlanması baxımından “təkrarlanan” adlandırılmışdır[29].
  6. Lütfkarlıq və mərhəmətin son həddi: “Qanadını möminlərin üzərinə sal” cümləsi təvazökarlıq və mülayimliyi fadə edir. Çünki quş öz balalarını ağuşuna almaq istədikdə qol-qanadını açaraq balalarının üzərinə sərir. Bu cümlə ilə möminlərlə səbirli, dözümlü və onların səviyyəsinə uyğun davranmaq da nəzərdə tutula bilər. Ümumiyyətlə, “möminləri qanadlarının altına yığır” ifadəsi Peyğəmbərin (s) bütün gücünü, səy və təlaşını möminlərin təlim-tərbiyəsinə sərf etməsinə dəlalət edir. Eynilə quşlar da belədir. Qanadlarını balalarının üzərinə açdıqda uçmur, onlardan ayrılmır[30]. Hər halda bu ayə Quranın möminlərə verdiyi ən gözəl müjdələrdən biridir.
  7. 91. Onlar Quranı böldülər (xeyirlərinə olanı qəbul etdilər, nəfsani istəklərinin əksinə olanı tərk etdilər).
  8. Rəbbinə and olsun ki, (Qiyamətdə) onların hamısından soruşacağıq –
  9. etdikləri əməllər barəsində.
  10. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir (və onlara etina etmə).
  11. Biz iztehza edənlərin şərini səndən uzaq edərik,
  12. Allahla yanaşı məbud seçənlərin. Onlar tezliklə başa düşəcəklər.
  13. Biz onların dediklərindən sıxıldığını (narahat olduğunu) bilirik.
  14. Sən Rəbbinə həmd və tərif de və səcdə edənlərdən ol!
  15. Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et.

[1] Əl-Mizan, c.12, səh.93

[2] Əl-Mizan, c.12, səh.95; Nümunə, c.11, səh.7

[3] Əl-Mizan, c.12, səh.96; Nümunə, c.11, səh.15

[4] Əl-Mizan, c.12, səh.99; Nümunə, c.11, səh.18

[5] Nümunə, c.11, səh.36

[6] Nümunə, c.11, səh.54

[7] Pəyame-Quran, c.2, səh.316

[8] Nümunə, c.11, səh.58

[9] Əl-Mizan, c.12, səh.144

[10] Nümunə, c.11, səh.61

[11] Nümunə, c.11, səh.78

[12] Əl-Mizan, c.12, səh.158

[13] Nümunə, c.11, səh.72

[14] Pəyame-Quran, c.1, səh.416

[15] Nümunə, c.11, səh.73

[16] Əl-Mizan, c.13, səh.169; Pəyame-Quran, c.6, səh.418

[17] Pəyame-Quran, c.1, səh.418

[18] Nümunə, c.11, səh.78

[19] Əl-Mizan, c.12, səh.179

[20] Nümunə, c.11, səh.99

[21] Nümunə, c.11, səh.99

[22] Əl-Mizan, c.12, səh.179

[23] Ətyəbül-bəyan, c.8, səh.54

[24] Nümunə, c.11, səh.110

[25] Məcməül-bəyan, c.6, səh.142

[26] Əl-Mizan, 12, səh.184

[27] Nümunə, c.11, səh.114

[28] Təfsiri-mövzui, c.6, səh.332

[29] Nümunə, c.5, səh.129

[30] Əl-Mizan, c.12, səh.191

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir